Preverin "Bir quşun rəsmini çəkmək üçün" şeiri uşaq şeiri deyil, amma o həm də uşaqlar üçündür...
Azər TURAN
1985-in yayı. Hərbi xidmət illəridir. Rəssam Ucal Haqverdiyevlə əlimizdə avtomat Tayqa meşəsində gecə növbəsindəyik. Meşənin bütün quşları qəfil və bir ağızdan ötməyə başlayır. Mən bu polifonik quş musiqisinin, əslində, işıqla, günəşlə ilgili olduğunu bilirdim. Amma hardan bilirdim? - Bunu bir neçə dəqiqədən sonra Ucalla söhbətim zamanı xatırlayacam. Ucal öz məxməri səsiylə "Qalx, Fransua, quşlar artıq çoxdan Allahı salamlayıb", - deyə Fransua Millenin anasının hər səhər oğlunu yuxudan oyadarkən söylədiyi sözləri yada salacaq. Ucalın bu xatırlatması yaddaşımda Vaqif Səmədoğlunun misralarını oyandıracaq: "Quşlar saatla yox, işıqla başlayır oxumağa..."
Quşlar Tayqa meşəsinin dərinliyində gecənin bitdiyini, səhərin açılacağını, dan yerinin söküləcəyini mikroskopik dəqiqliklə işığı və günəşi qabaqlayaraq xəbər verirmiş...
***
Fransız sürrealisti Preverin "Bir quşun rəsmini çəkmək üçün" şeiri "aralarında məntiqi əlaqə olmayan iki gerçəyin yaxınlaşması"ndan, Bretonun və Reverdinin ortaq təbirincə, iki işığın toqquşmasından yaranıb. Bu, sürrealizmin ədəbiyyata nəzəri yanaşmasıdır. Bəs onun uşaq dünyasına nə dəxli?
"Bir quşun rəsmini çəkmək üçün" sürrealist şeirdir. Şeirin rus interpretasiyasına görə, həyat gözəldir, amma rəssam onu daha da gözəlləşdirə bilər. Türk interpretasiyasına görə, tablo dünyadır, quş fiquru insanın özüdür... İnsan bir kənara çəkilib özünün gəlməsini gözləyir".
***
Bu şeirdə hüzurun melodiyası misradan-misraya uçur, sözdən-sözə qonur... Uşaqlar üçün ədəbiyyat həm də budur. Preverin "Bir quşun rəsmini çəkmək üçün" şeirinin Rusiyanın da, Türkiyənin də orta məktəblərinin 5-ci sinfində öyrənilməsi tövsiyə edilib... O, uşaq şeiri deyil. Amma uşaqlar üçündür. Zövqü, təfəkkürü uşaq yaşlarından etibarən bu kimi ciddi estetik dalğaya kökləməyin faydasını kim etiraf etməz?! Məncə, bizim dərslik müəlliflərimiz də belə şeirlərə biganə qalmamalıdırlar. Uşaqlar üçün bu səviyyədə intellektual poeziya örnəkləri, milli ədəbiyyatımızda yox dərəcəsindədir... Belinskinin sadaladığı və uşaq yazıçısına gərək olan bütün xüsusiyyətlər, sanki bu şeirin yaradılışında iştirak etmişdir: "Nəcib, sevən, riqqətli, sakit, körpəcə, sadədil bir qəlb, yüksək məlumatlı bir ağıl, şeylərə aydın bir baxış, yalnız canlı təsəvvür deyil, həm də canlı, şairanə bir xəyal, hər şeyi canlı, rəngin surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır". Bütün bu xüsusiyyətlər də Preverin "Bir quşun rəsmini çəkmək üçün" şeirində yetərincədir.
Prever şüurardından, fəhmdən, röyadan, instinktiv, sövq-təbii düşüncədən yola çıxaraq, "sənət əsərinin yaradılışında əqlin və məntiqin nəzarəti"ni rədd edib. Məntiq "məhbəslərin ən iyrənci"dir (A.Breton). Ona görə də sürrealist Prever bu şeirdə ənənəvi məntiqin sədlərini dağıdır. Bəlkə də real məntiqdən imtina edərək, sürreal məntiqsizlikdən metafizik məntiq törədir. Həm bu, həm də bunun əksi. Yəni bu şeir bir fransız şairinin irfanıdır.
(Uşaq ədəbiyyatında irfan olurmu? Azərbaycan uşaq ədəbiyyatında bunu müşahidə etməsək də, Avropa, xüsusən, fransız uşaq ədəbiyyatında bu, təsadüf olunan hadisədir. Marsel Şvobun "Uşaqların səlib yürüşü" də bu qəbildəndir. Bu barədə "Qərbin qorxulu yuxusu - uşaqların səlib yürüşü" məqaləmdə ətraflı yazmışam).
Prever quşu azadlıqdan qəfəsə salır və qəfəsin içində estetik iqlim qurşağı yaradır. Bu iqlim qurşağında sənət azad və rahat nəfəs alır. Belçika əsilli sürrealist rəssam Rene Maqritin tablolarında olduğu kimi...
***
Yuxarıda qeyd etdiyim kimi, "Bir quşun rəsmini çəkmək üçün" şeirinin Rusiyanın da, Türkiyənin də orta məktəblərinin 5-ci sinfində öyrənilməsi tövsiyə edilir... Uşaq xəyalının sənət üfüqlərinə pərvazlanması, estetik dünyagörüşünün formalaşdırılması baxımından şeirin doğurduğu intibalar çoxdur... Görünür, sabahlı ədəbiyyat yaratmağın yolu zövqü, təfəkkürü uşaq yaşlarından etibarən bu kimi ciddi estetik dalğaya kökləməkdən keçir.

Jak Prever
Bir quşun rəsmini çəkmək üçün
Öncə bir qəfəs rəsmi çəkərsən, -
Qapısı açıq bir qəfəs.
Sonra quş üçün
Bir şey çəkərsən içinə;
sevimli bir şey,
Yalın bir şey,
Gözəl bir şey,
Yararlı bir şey.
Sonra götürüb bir ağaca
Asarsan bu rəsmi.
Bir baxçada,
Bir qoruqda,
Ya da bir ormanda
Gizlənib gözləyərsən ağacın arxasında;
səs çıxarmaz,
Qımıldamazsan,
Quş bəzən tez gələr,
Amma uzun illər gözləyə də bilər.
Qərar verməzdən öncə
Usanmayacaqsan,
Gözləyəcəksən,
İllərlə gözləyəcəksən gərəkirsə,
Rəsmin başarısıyla heç bağlılığı yoxdur çünki
Quşun tez, ya da gec gəlməsinin.
Gələcəyi olub da gəldimi quş,
Səs çıxarmaq yox,
Qəfəsə girməsini gözlərsən,
Girdimi qəfəsə, fırçanla
Üsulluca qapısını qapayarsan.
Sonra quşun bir tükünə toxunmadan
Bütün qəfəs tellərini bir-bir silərsən,
Yerinə bir ağac rəsmi çəkərsən;
budaqlarının ən gözəlinə qondurarsan quşu.
Təbii, nə yapraqlarının yaşılını unudacaqsan,
Nə yellərin sərinliyini,
Nə də yay sıcağındakı böcək səslərini
Otlar arasında.
Sonra gözləyərsən, ötsün deyə quş,
Ötməzsə, çox pis.
Rəsm çox pisdir, deməli,
Ötərsə, gözəl olduğunun rəsmidir,
İmzanı ata bilərsən artıq,
Bir tük qopararsan üsulca
Quşun qanadından
Və yazarsan adını rəsmin bir köşəsinə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
