Qərbin qorxulu yuxusu - uşaqların səlib yürüşü - Azər TURAN

Azər TURAN

 

1212-ci ildə Uşaqların Səlib Yürüşü adlı bir hadisə baş verib: "XII əsrin əvvəllərində Almaniya və Fransadan iki dəstə uşaq yola çıxdı. Onlar dənizi keçib gedəcəklərinə inanırdılar. Bəlkə də "İncil"dəki bu sözlər onları yönləndirir və qoruyurdu: "Amma İsa çocuqları yanına çağıraraq, "buraxın, çocuqlar mənə gəlsin, onlara əngəl olmayın!" (Lukanın İncili 18:16). Axı Tanrı demişdi ki, xardal toxumu qədər iman olsa, bu, dağları hərəkətə gətirər (Mattanın İncili 17:20). Onlar ümid, avamlıq və sevinc içində cənub sahillərinə yollandılar. Amma möcüzə baş vermədi. Tanrının icazəsiylə Fransadan gələn dəstə qul alverçilərinin əlinə düşdü və Misirə satıldı; Almaniyadan gələn dəstə isə çox güman, vəhşi təbiətin və bəlkə də, vəbanın ucbatından yolda itib-batdı. Bəzi ehtimallara görə, bu hadisənin əks-sədası Hameln fleytaçısı haqda nağılda əksini tapıb".

Bu fikirlər Borxesə məxsusdur. Yəhudi əsilli fransız simvolisti Marsel Şvobun 1896-cı ildə qələmə aldığı "Uşaqların səlib yürüşü" əsəri barədə məqaləsindən. Şvobun əsəri 1212-ci ildə baş vermiş həmin hadisəni təsvir edir və əsər Fransadan 7 min (başqa qaynaqlarda Fransadan 30 min, Almaniyadan 20 min) uşağın qatıldığı səlib yürüşü barədədir. Bu uşaqlar Hz. Musanın əsası ilə dənizi yarması möcüzəsinə inanmışdılar, inanırdılar ki, eyni möcüzə onlar üçün də baş verəcək, dəniz yarılacaq və Qüdsə yol açılacaq. Amma olmadı. Ümidləri, sevincləri, inam və avamlıqları onları məyus etdi. Uşaqların iştirakı ilə gerçəkləşən bu səlib yürüşündən geriyə heç kəs qayıtmadı. Aralıq dənizi quldurlarının əlinə keçən bu uşaqların bir qismi venesiyalı tacirlər tərəfindən Əlcəzairdə kölə olaraq satıldılar, ya da uzun səfər yolunda həyatlarını itirdilər. Vəbadan ölənlər də oldu, batan gəmilərin göyərtəsində Aralıq dənizinə qərq olanlar da.

"Uşaqların səlib yürüşü" əsəri Folknerin "Ölüm yatağında" romanına ilham qaynağı olub.

Borxes isə əsər barədə ayrıca məqalə yazıb.

Yuxarıda bəzi epizodlarını xatırlatdığım həmin məqaləsində Borxes İndusların müqəddəs kitablarını yada salır və bildirirdi ki, "dünya hər kəsin içində eyni dərəcədə əriyən Tanrının yuxusudur" və "XIX əsrin axırında həmin yuxunun yaradıcısı, oyunçusu və tamaşaçısı Marsel Şvob bir neçə əsr qabaq Afrika və Asiya səhralarında görünən yuxunu - Tanrı türbəsini qorumaq istəyən uşaqların əhvalatını canlandırmaq fikrinə" düşmüşdü.

Hər nədirsə, Şvobun canlandırdığı bu yuxu ədəbiyyat baxımından xeyli cazibədar idi. Folknerdən Rilkeyə qədər çoxlarını əfsunlayan, heyrətləndirən "Uşaqların səlib yürüşü" dünyada elə də populyar əsər deyil. Azərbaycanda isə ilk dəfədir ki, çap olunur.

1926-cı ildə Əli bəy Hüseynzadə Avropanı daha dərindən tanımağımız, avropalıların islam dünyasına, türk aləminə münasibətinin kökündə hansı cərəyanların bərqərar olduğunu bilməmiz üçün belə əsərləri öyrənməyin vacibliyindən yazır və Bakıda keçirilən Birinci Türkoloji qurultayda nümunə üçün Avropa ədəbiyyatının iki ünlü əsərini - Tassonun Birinci səlib müharibəsini tərənnüm edən "Qurtarılmış Qüds" poeması ilə Kamoensin Portəgiz tarixini vəsf edən "Luziadlar" epopeyasının müqayisəli təhlilini verirdi.

Şvobun "Uşaqların səlib yürüşü" isə estetik içəriyinə görə hər iki əsərdən fərqlənir. İndiki halda isə onun ədəbiyyat tərəfi daha önəmlidir. Orda Camoesin "Luziadlar"ında olduğu kimi, islam aləminə, Hz. Məhəmmədə, türklərə, sarasin, yaxud mavr adlandırılan müsəlmanlara qarşı kin və nifrət təlqin olunmur. Şvob Camoes kimi, "bütpərəst katolik şairi" (Ə.B.Hüseynzadə) deyil, simvolist bir fransız şairidir, bir az da sürrealistlərin sələfidir. Görünən də odur ki, yazıçı səlib amilindən bəhs etsə də, səlib ideologiyasının, fanatizmin Avropanın gələcəyi üçün nə qədər təhlükəli bir düşüncə olduğunu aşılayan əsər yaradıb. Bir qövmün yuxusunu, özü də qorxulu yuxusunu ədəbiyyatlaşdırıb. Və bu əsərdə Hz. İsadan daha çox, ədəbiyyatın sayrışan Ağ İşığı, məsum uşaqların tələf olmasından doğan böyük hüzn və kədər vardır. Burda, dediyim kimi, din düşmənçiliyi yoxdur, əsər heç bir halda islamofobiya aşılamır, burda heç yerli-dibli səlib düşüncəsi də yoxdur, məna örtüyünə bürünmüş rəmzlər var. Turaq ki, "Qələndərin hekayəsi" Marsel Şvobu səlib məfkurəli yazıçılardan fərqləndirir. Məhəmmədin dinində olan və paklaşdırıcı bir dində olduğuna görə dönə-dönə şükr edən Qələndər səlib yürüşünə çıxan bu uşaqlar barədə "Onlar tamamilə məsumdur" - deyir. Mən "Qələndərin hekayəsi"ni əbəs yerə fərqləndirmədim. Borxesə görə, Şvob "özünü Roma papası, sərsəri, üç uşaq, mirzə kimi təqdim etmişdi". Borxesin təsbitindən belə çıxır ki, Şvob özünü həm də Qələndər kimi təqdim etmişdir. Və səlib yürüşünə qatılmış uşaqlar barədə məhz Qələndərin dili ilə "Onlar İblisin təsirinə düşmüşdülər və dənizi keçib Yerusəlimə getmək istəyirdilər. Şükür Allaha! Bu qəddar fikir baş tutmadı. Çünki bu uşaqlar köməksiz, yeməksiz elə yollarda ölüb qalardılar" - deyir. Yaxud "Papa III İnnokentinin hekayəsi"ndə Papa da təxminən elə qələndər kimi düşünür: "Uşaqların səlib yürüşü qətiyyən savab hərəkət deyil... Bu bədbəxt uşaqlar İblisin toruna düşüb". (Və mən inanmıram ki, Şvoba qədər və Şvobdan sonra hansısa fransız yazıçısı tarixdə məşhur olan uşaqların səlib yürüşünə qoşulanların İblisin təhriki ilə hərəkət etdiklərini yazsın). Əgər bütün personajlar Borxesin dediyi kimi, Şvobun özüdürsə, demək ki, İohannes Tevtonun, yaxud Sərsərinin timsalında Şvob bir xristian sufisidir: "Bu uşaqlar məqsədsiz şəkildə yola düşüblər. Yerusəlimə gedirlər. Zənnimcə, Yerusəlim uzaqdadır, amma... Tanrımız burdadır - tünd-qırmızı tikanda, mənim dodaqlarımda və miskin sözlərimdə. Çünki mən Onu fikirləşirəm və Onun türbəsi mənim fikirlərimdədir". Bunu Cüzamlı deyir. Deməli, səlib yürüşlərinə ehtiyac yoxdur. Sən öz Tanrını tünd-qırmızı tikanda da görə və sevə bilərsən. Sərsərinin də, Qələndərin də dedikləri artıq vəhdəti-vücuddur. Və qəribə də olsa, "Uşaqların səlib yürüşü" istər quruluşuna, istərsə də mistik içəriyinə görə mənə Fəridəddin Əttarın "Məntiqüt-teyr" ("Quşların dili") əsərini və "Quş dili"nin başqa bir fransız müəllifini, islam dinini qəbul etmiş metafizik Rene Genonu xatırlatdı. Belə ki, Şvobda da uşaqları öz Tanrılarına quşlar səsləyir: "Çoxdandır ki, gedirik. O bəyaz səslər bizi çağıranda gecəydi. O səslər bütün balaca uşaqları çağırırdı. O səslər qışda ölən quşların səsinə oxşayırdı. Əvvəlcə biz çoxlu quş gördük, donmuş torpağın üstündə düşüb qalmış, qırmızı boyunlu çoxlu quş." Üstəlik, bu uşaqların Yerusəlimə (əsərdə göründüyü kimi, Yerusəlim onların Tanrısıydı) qovuşmaq üçün səfərə çıxmaları və Tanrılarına hələ ora çatmamış, qırmızı boyunlu quşlar kimi, yolun əvvəlində qovuşmaları Əttarda Şeyx Sənanın xristian qızına qovuşmasını assosiasiya edir. Bu uşaqlar, əslində, hal əhli, təmkin sahibidirlər. Lal və kar Nikolay, həmişə əllərini qabağa uzadaraq yeriyən anadangəlmə kor Yevstaxiya... Onları heyrətləndirən heç nə yoxdur. Tutaq ki, Yevstaxiya Tanrını heç vaxt görməyəcək (çünki kordur), amma Onu sevir. Nikolayın qulağına Tanrının adını qışqırıblar (çünki kardır) və Tanrısını yaxşı tanısa da, Onunla danışa bilməyəcək (çünki laldır)... Yaxud İohannes Tevtonla cüzamlının söhbəti Füzulinin "Hədiqətüs Süəda"sında səhrada yüyürən uşaqla Abdullah Mübarəkin söhbətini yansıdır.

Şvobda:

"- Sən kimsən?

- İohannes Tevton.

- Hara gedirsən?

- Yerusəlimə...

- Yerusəlim harda yerləşir?

- Bilmirəm.

- Yerusəlim nədir?

- Yerusəlim - bizim Tanrımızdır.

- Sənin Tanrın nədir?

- Bilmirəm, o, ağ rəngdədir.

- Nə üçün məndən qorxmursan?

- Nə üçün səndən qorxum, ağ adam?".

Füzulidə:

Səhrada tənha yürüyən bir tifil.

Soruşurlar:

- Kimsən?

- Haqq bəndəsi.

- Hara gedirsən?

- Haqqa gedirəm.

- Azuqən nədir?

- Təqvadır.

- Bu qanlı səhrada qorxmursan?

- Ziyarətinə getdiyim məndən xəbərsiz olmaz...

...Məsələ burasındadır ki, Marsel Şvob Şərq dünyasına yaxın bir ailənin övladıydı, "Asiya tarixinə giriş" əsərinin müəllifi türk sevdalısı Leon Kahunun bacısı oğlu olaraq o, ən azından, dayısının xətti ilə Şərq qaynaqlarını bilməmiş olmazdı və əsərləri XX yüzilin əvvəllərində türkçülük düşüncəsinin gəlişməsində böyük rol oynamış Leon Kahun da elə Marsel Şvobun "Uşaqların səlib yürüşü"nü yazdığı 1896-cı ildə "Mavi Bayraq. Səlib yürüşləri və moğol istilası dönəmində bir müsəlman, bir xristian və bir bütpərəstin macəraları" adlı olduqca zəngin içərikli bir roman yazmışdı. Və bu romanda səlib yürüşləri zamanı Yerusəlimdə Səlahəddin Əyyubinin əsgərləri tərəfindən əsir götürülmüş "on altı yaşlarında mələklər kimi şirin, çiçəklər kimi incə, quşlar kimi yosma" fransız qızı Reymonda Buxarada romanın qəhrəmanı (və ideal qəhrəmanı) Çingiz xanın nəslindən olan almatılı Can bəyə aşiq olur...

..."Uşaqların səlib yürüşü"nün din tərəfi deyil, estetik tərəfi daha çarpıcıdır. Məncə, hətta çox gözəldir. Necə olub ki, Şvob bu əsərə bu qədər mistikanı, bu qədər metafizik anlamları sığdıra bilib. Hələ üstəlik, əsərdə görünən simvolizm, surreal işartılar, hətta magik realizmin əlamətləri əsrarəngiz nağıllardan ibarət mətnə özəl bir cazibə aşılamaqdadır. Borxes məqaləsində Sorbon Universitetinin professoru Lalu Renenin "Şvobun "həqiqi əfsanə"ni danışmaq "dəqiqliyi" barədə fikrini xatırladır və dərhal da əlavə edir ki: "bu dəqiqlik mətnin nə əfsanəviliyindən, nə də patetikasından heç nə əskiltmir".

9 iyun 2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!