Uşaqların səlib yürüşü - Marsel ŞVOB

Marsel Şvob (1867 – 1905)

 

Sərsərinin hekayəsi

Mən rahibliyə hazırlaşan yoxsul sərsərinin biriyəm, meşələrdə, yollarda dolaşıb Tanrı xatirinə çörək dilənirəm, mən elə bir mənzərə görmüşəm ki, ona baxmaq da savabdır və balaca uşaqların səsini eşitmişəm. Müqəddəs adam olmadığımı bilirəm və yol üstündəki cökə ağaclarının altında yoldan çıxdığım da olub. Mənə şərab verən qardaşlar onu içməyə çox da öyrəşmədiyimi görür. Amma mən uşaqları şikəst edənlərdən deyiləm. Sonra diləndirib pul yığmaq üçün uşaqların gözlərini ovan, ayaqlarını kəsən, əllərini bağlayan zalım adamlar da var. Məhz buna görə o uşaqları görəndə dəhşətə qapıldım. Tanrımız onları qoruyacaq, buna şübhə yoxdur. Rabitəsiz və məntiqsiz danışıram, çünki sevinclə doluyam. Mən bahara və gördüyüm mənzərəyə görə gülürəm. Ağlım elə də iti deyil. On yaşım olanda dini təhsil almışdım, amma latın sözlərinin hamısı yaddaşımdan uçub gedib. Mən çəyirtkəyə oxşayıram: gah ora, gah da bura tullanıram, cırıldayıram, hərdən də rənbərəng qanadlarımı açıram; balaca başım isə şəffaf və boşdur. Deyilənlərə görə müqəddəs İoann səhrada çəyirtkə yeyirmiş. Doymaq üçün çoxlu çəyirtkə yemək lazımdır. Amma müqəddəs İoann bizim kimi deyildi, bizdən fərqlənirdi.

Müqəddəs İoanna dərin hörmətim var, çünki o da sərgərdan idi və rabitəsiz sözlər danışırdı. Məncə, onun sözləri yumşaq və incə idi. Bu il bahar da yumşaq və incədir. İndiyəcən heç vaxt bu qədər ağ və çəhrayı rəng olmamışdı. Çəmənlər təzə yağış suyuyla yuyunub. Çəpərlərin üstündə Tanrımızın qanı parıldayır. Tanrımız Məsihdir, O, zanbaq rəngindədir, amma qanı qırmızıdır. Nə üçün? Bilmirəm. Bu haqda hansısa perqamentdə yazılmamış olmaz. Əgər yazmaq işində məharətli olsaydım, onda mənim də perqamentim olardı və mən yazardım. Onda hər axşam yaxşı yemək yeyərdim. Kilsəyə gedib ölən qardaşlarımız üçün dua edərdim, adlarını kağıza yazardım. Siyahımı bir kilsədən başqa kilsəyə aparardım. Bu, qardaşlarımızın xoşuna gəlir. Amma mən mərhum qardaşlarımın adını bilmirəm. Bəlkə heç Tanrımız da onların adını bilmək istəmir. Məncə, bu uşaqların da adı yoxdur. Tanrımız Məsih onları sevir, buna şübhə etmirəm. Onlar ağ arı dəstəsi kimi yolu doldurmuşdu. Onların hardan gəldiyini bilmirəm. Onlar balaca zəvvarlar idi. Əllərində fındıq və qayın budaqlarından düzəldilmiş əsalar vardı. Hər birinin çiynində xaç çəkilmişdi. Bu xaçlar müxtəlif rənglərdəydi. Bəzilərinin xaçı yaşıl rəngdəydi, bəlkə də yarpaqdan tikilmişdi. Bu uşaqlar qaba və avamdı. Məqsədsiz şəkildə yola düşüblər. Yerusəlimə gedirlər. Zənnimcə, Yerusəlim uzaqdadır, amma Tanrımız bizə yaxın olmalıdır. Onlar Yerusəlimə gedib çata bilməyəcəklər. Amma Yerusəlim onlara gələcək. Mənə gəldiyi kimi. Bütün müqəddəs işlərin məqsədi sevinc və şənlikdir. Tanrımız burdadır - tünd-qırmızı tikanda, mənim dodaqlarımda və miskin sözlərimdə. Çünki mən Onu fikirləşirəm və Onun türbəsi mənim fikirlərimdədir. Amin.

Mən burda, günəşin altında yatmağa uzanıram. Bura müqəddəs yerdir. Tanrımızın qədəmləri hər yeri aydınladır. Mən yatacağam. Qoy Məsih xaç gəzdirən bütün uşaqlara yuxu bəxş etsin. Mən bunu Ona deyirəm. Yuxum gəlir. Mən bunu Ona ürəkdən deyirəm, çünki bəlkə də, O, həmin uşaqları heç görməyib, amma O, balaca uşaqların qeydinə qalmalıdır. Günorta yuxusu üstümə tökülür. Hər şey ağ rəngdədir. Qoy belə olsun. Amin.

 

Cüzamlının hekayəsi

Əgər sizə dediklərimi başa düşmək istəyirsinizsə, onda bilin ki, başım ağ örtüklə örtülüb. Artıq üzümün nə vəziyyətdə olduğunu bilmirəm, amma əllərimdən qorxuram. Əllərim xallı, bozumtul-göyümtül heyvan kimi qabağımca qaçır. Onları kəsmək istəyərdim. Əllərimin toxunduğu əşyalardan utanıram. Mənə belə gəlir ki, əllərim dərdiyi qırmızı meyvələri ağarmağa, yerdən qopartdığım göyərtiləri solmağa məcbur edir.

Domine ceterorum, libera me!1

Xilaskar mənim günahlarımı bağışlamadı. Mən qiyamətə qədər unudulmuşam. Başqaları öz aydın və təmiz bədənləri ilə diriləndə, mən qara daşın üstündə oturub soyuq Ay işığına bürünmüş qurbağa kimi iyrənc dərimə məhkum qalacağam. Domine ceterorum, fac me liberum: leprosus sum.2 Tənhayam, dəhşət içindəyəm. Bircə dişlərim təbii bəyazlığını qoruyub saxlaya bilib. Heyvanlar məndən hürkür, ruhumsa qaçmaq istəyərdi.

Günlər məndən üz döndərir. Artıq min iki yüz on iki ildir ki, Xilaskar onları xilas edib, amma Onun mənə yazığı gəlmədi. Onu deşən qanlı nizə mənə dəymədi. Bəlkə də Tanrının qanı məni sağaldardı. Tez-tez qan arzulayıram: dişlərimlə kimisə parçalaya bilərəm; dişlərim qüsursuzdur. Əgər O özünə məxsus olanı mənə vermək istəmədisə, onda mən Ona məxsus olanı götürmək istəyirəm. Buna görə Vandom diyarından gəlib Luar çayının yanındakı meşədən keçən uşaqları güdürdüm. Hamısının xaçı var idi və hamısı Ona sadiq idi. Onların bədəni Onun bədəni idi, O isə öz bədənindən mənə bir tikə də vermədi. Mən torpaq üstündə lənətlənmişəm. Onun uşaqlarından birinin boğazından məsum qanı sovurmaq üçün onları güdürdüm. Qiyamət günü mənim bədənim təzələnəcək. Təzə-tər, kürən saçlı uşaq başqalarıdan bir az dala qalmışdı. Onu nişanladım; gözlənilmədən üstünə tullandım; iyrənc əllərimlə onun dodaqlarını tutdum. Onun əynində bircə kobud parçadan tikilmiş köynək vardı. Ayaqları yalın idi, gözləri isə aydın və sakit. O, sakit-sakit mənə baxırdı, heyrətlənmirdi. İnsan səsi eşitmək istədim və onun qışqırmayacağını bildiyim üçün əlimi ağzından çəkdim - o, dodaqlarını silmədi. Elə bil ki, onun baxışları başqa dünyaya dikilmişdi.

- Sən kimsən? - soruşdum.

- İohannes Tevton, - deyə cavab verdi, danışığı da büllur kimi saf idi.

- Hara gedirsən? - soruşdum.

Və o cavab verdi:

- Yerusəlimə, Müqəddəs Torpağı azad etməyə.

Gülüb soruşdum:

- Yerusəlim harda yerləşir?

O cavab verdi:

- Bilmirəm.

Yenə soruşdum:

- Yerusəlim nədir?

O cavab verdi:

- Yerusəlim - bizim Tanrımızdır.

Yenə gülüb soruşdum:

- Sənin Tanrın nədir?

O dedi:

- Bilmirəm, o ağ rəngdədir.

Bu sözlər məni hirsləndirdi, ağzımı açıb dişlərimi qıcadım və onun təzə-tər boynuna tərəf əyildim. O qorxub dala çəkilmədi.

- Nə üçün məndən qorxmursan? - soruşdum.

O dedi:

- Nə üçün səndən qorxum, ağ adam?

Bu vaxt iri gözlərimdən iri yaşlar süzüldü və yerə diz çökdüm. İyrənc dodaqlarımla torpağı öpüb qışqırdım:

- Çünki mən cüzamlıyam!

Uşaq mənə baxdı və aydın səslə dedi:

- Mən bilmirəm.

O məndən qorxmur! O məndən qorxmur! Mənim vəhşi ağlığım onun üçün Tanrısının ağlığı kimi bir şeydir. Bir qom ot qırıb onun dodaqlarını, əllərini sildim. Və dedim:

- Əmin-amanlıq içində bəyaz Tanrının yanına get və de ki, O məni unudub.

Uşaq səssizcə mənə baxırdı. Onu meşədən çıxartdım. Sakitcə yoluna davam etdi. Kürən saçlarının günəş şüaları altında necə yoxa çıxdığını gördüm. Domine infantium, libera me! Qoy mənim səsim zəng səsi kimi qulaqlarında cingildəsin! Gizlinlərin Tanrısı, məni xilas et!

Papa III İnnokentinin hekayəsi

Sarayımın bu hücrəsində, buxurdanlardan və cübbələrdən uzaqda Tanrıyla danışmaq mənə daha rahatdır. Bura, adətən qocalığım haqda fikirləşməyə gəlirəm. Messa vaxtı ruhum pərvazlanır, qamətim dikləşir; müqəddəs şərabın parlaq işıltısı gözlərimi doldurur və beynim bahalı yağlarla qidalanır; amma bazilikamın bu tənha guşəsində dünya əzablarından dincələ bilirəm. Ecce homo! Çünki Tanrı, çox güman ki, o qədər səs-küyün və duaların əlindən rahiblərinin səsini lazım olduğu qədər yaxşı eşidə bilmir və şübhəsiz ki, nə zinət, nə sərvət, nə də rəsmlər ona lazım deyil; amma bəlkə də bu ibadətxanamda o mənim məsum yalvarışlarıma diqqət yetirər. Tanrım, mən çox qocayam və bəyaz paltar geyinmişəm, adım Günahsız İnnokentidir və Sən mənim heç nə bilmədiyimi bilirsən. Papalığı mənə bağışla, çünki o təsis edilib və mən üstümdə onun məsuliyyətini daşıyıram. Bu qanun-qaydanı mən qoymamışam. Mən Sənin günəşinə sarayımın rəngbərəng mozaikalı pəncərələrindənsə, bu otaqdakı dairəvi pəncərədən baxmağı daha üstün tuturam. İcazə ver zarıyım və əbədi gecənin dalğalarında güclə saxlaya bildiyim ağımtıl və qırışlı üzümü sənə tutum. Həyatımın axırıncı günləri kimi üzüklərim də arıqlamış barmaqlarımdan sürüşüb düşür.

Tanrım! Mən burda Sənin əvəzedicinəm və Sənin inamının şərabıyla dolu əlimi Sənə uzadıram. Böyük cinayətlər var. Dəhşətli cinayətlər var. Biz onları bağışlaya bilərik. Böyük küfrlər var. Dəhşətli küfrlər var. Biz onları rəhmsizcə cəzalandırmalıyıq. Zinətsiz bəyaz hücrəmdə, bəyaz paltarımda diz çökmüşəm, dərin üzüntülər ürəyimi sıxır, Tanrım, çünki cinayətlərlə küfrün mənim papalığımın əzəmətli hökmranlığına, yoxsa qoca adamın sadəcə əllərini qoyduğu bu dairəvi günəş şüasına tabe olduğunu bilmirəm. Bir də Sənin türbənlə bağlı məsələ məni narahat edir. Sənin türbən hələ də inancsızların əhatəsindədir. Hələ heç kim türbəni onlardan ala bilməyib. Heç kim Sənin xaçını Müqəddəs Torpağa sanca bilməyib. Biz quruyub qalmışıq. Cəngavərlər silahını atıb və krallar artıq hökmranlıq edə bilmir. Mənsə, Tanrı, mən özümü günahlandırıram, sinəmə döyürəm; mən çox zəif və çox qocayam.

İndi, Tanrım, bazilikamın balaca hücrəsindən sənə yönələn titrək pıçıltıya qulaq as və mənə məsləhət ver. Qulluqçularım Flandriyadan Germanlaracan, Marseldən Genuyayacan müxtəlif yerlərdən qəribə xəbərlər gətirir. İndiyəcən məlum olmayan sektalar fəaliyyətə başlayıb. Şəhərlərdə, kəndlərdə qaçan və bircə söz də danışmayan çılpaq qadınlar görüblər. Bu çılpaq utanmazlar göy üzünə işarə edirmiş. Meydanlarda bir çox ağılsızlar dünyanın axırı çatdığını deyir. Zəvvarların arasında həyəcan və şayiələr dolaşmaqdadır.

Və bilmirəm, hansısa sehrin gücüylə on mindən çox uşağı evindən çıxardıblar. Onlardan yeddi mini yoldadır və hər birinin xaçı, əsası var. Yeməyə heç nələri yoxdur; silahları yoxdur; köməksizdirlər, heç nə bacarmırlar və biz onlara görə utanırıq. Onlar avamdır və həqiqi dinin nə olduğunu bilmirlər. Mənim qulluqçularım onları sorğu-sual edib. Deyirlər ki, Müqəddəs Torpağı əldə etmək üçün Yerusəlimə gedirlər. Qulluqçularım onlara deyib ki, siz dənizi keçə bilməyəcəksiniz. Onlar deyiblər ki, dəniz onlara yol vermək üçün çəkilib quruyacaq. Ağıllı, dərrakəli, mehriban valideynlər onları saxlamağa çalışır.

Onlar gecələr qıfılları sındırır və heç bir divar onların qabağını kəsə bilməz. Aralarında xeyli zadəgan və kurtizan uşaqları da var. Ən çox onlara təəccüblənirəm. Tanrım, bu məsum körpələrin hamısı dənizdəki tufanların və Məhəmmədə inananların qurbanı olacaq. Bağdad sultanının onları sarayında necə gözlədiyini açıq-aydın görürəm. Dənizçilərin onları əsir götürüb satacağı ehtimalı məni titrədir.

Tanrım, icazə ver Səninlə dini əsaslarla danışım. Uşaqların səlib yürüşü qətiyyən savab hərəkət deyil. Bu, sadəcə, avaraların sayını artırır. Bizim rahiblər o uşaqlara kömək edə bilmir. Fikrimizcə, bu bədbəxt uşaqlar İblisin toruna düşüb.

Onlar donuz sürüsü kimi uçurumun dibinə gedir. Bilirsən, Tanrım, İblis ehtirasla uşaqları yoldan çıxardır. Haçansa o, fleytasının səsiylə Qamelinanın uşaqlarını dalınca aparmaq üçün siçovul ovçusu cildinə girmişdi. Bəzilərinin dediyinə görə, o, həmin bədbəxtlərin hamısını Vezere çayında batırıb, bəzilərisə deyir ki, onları dağın mağarasına həbs edib. Qorxuram İblis bu uşaqların hamısını bizim inancımızdan olmayanları gözləyən aqibətə sövq eləsin. Tanrım, inancın təzələnməsi yaxşı şey deyil, bunu Sən də bilirsən. O, yanan kolda peyda olan kimi onu vəsiyyətinə əlavə etdin. Və bu sözlər Qolqofada Sənin dodaqlarından qopdu. Bu balaca peyğəmbərlər Sənin Kilsənin əsasını zədələyəcək. Bunu onlara qadağan etmək lazımdır. Özünü Sənə həsr etmiş, Səni qazanmaq üçün olmazın əzablara sinə gərmiş qulların qala-qala, nə etdiyini bilməyənləri qəbul edəcəksən? Biz o uşaqları Sənə yönəltməliyik, amma yalnız Sənə inam yoluyla. Tanrım, mən Səninlə sırf Sənin qaydalarına əsasən danışıram. Bu uşaqlar məhv olacaq. Günahsız İnnokentinin dövründə balaca uşaqların bir daha məhv edilməsinə imkan vermə.

Tanrım, bağışla ki, başımda tiara ola-ola Səndən məsləhət istəyirəm. Qocalıq əsməcəsi bədənimə hakim kəsilib. Mənim yazıq əllərimə bax. Mən artıq çox qocayam. Artıq mənim inancım uşaq inancı deyil. Bu hücrənin divarlarındakı qızıl suyu zamanla uçub gedib. İndi bu divarlar ağdır. Cübbəm də ağ rəngdədir və qurumuş ürəyim təmizdir. Mən Sənin qaydalarına əsasən danışırdım. Böyük cinayətlər var. Dəhşətli cinayətlər var. Böyük küfrlər var. Dəhşətli küfrlər var. Zəiflikdən başım gicəllənir: bəlkə də nə lənətləmək lazımdır, nə də bağışlamaq? Keçib gedən həyatımızın qərarlarımızı sorğulamağa başlayır. Heç vaxt möcüzə görməmişəm. Bu sirri aç mənə. Bu, möcüzədir? Onlara hansı bayrağı vermisən? Böyük zamanlar gəlib çatıb? Mənim kimi qoca adamın o məsum uşaqlar kimi ağappaq olmasını istəyirsən? Yeddi min! Onların inamı cahil olsa da, Sən yeddi min uşağı cəzalandıracaqsan? Mən də, mən də Günahsız İnnokentiyəm. Tanrım, mən də onlar kimi günahsızam. Məni bu qoca yaşımda xar eləmə. Uzun illərin təcrübəsi mənə öyrədib ki, bu uşaq sürüsü uğur qazana bilməz. Amma hər halda, Tanrım, bu bəyəm möcüzə deyil? Mənim hücrəm düşüncələrə daldığım vaxtlardakı kimi sakit və hüzurludur. Bilirəm ki, Sənin eşitməyin üçün Sənə yalvarmaq vacib deyil; amma mən qocalığımın zirvəsindən, Sənin papalığının zirvəsindən sənə yalvarıram. Məni öyrət, çünki mən bilmirəm. Tanrım, onlar sənin günahsız uşaqlarındır. Və mən, Günahsız İnnokenti - bilmirəm, heç nə bilmirəm.

 

Üç balaca oğlanın hekayəsi

Biz üçümüz - ümumiyyətlə danışa bilməyən Nikolay, Alen və Deni Yerusəlimə getmək üçün yola düşmüşük. Çoxdandır ki, gedirik. O bəyaz səslər bizi çağıranda gecəydi. O səslər bütün balaca uşaqları çağırırdı. O səslər qışda ölən quşların səsinə oxşayırdı. Əvvəlcə biz çoxlu quş gördük, donmuş torpağın üstündə düşüb qalmış, qırmızı boyunlu çoxlu quş. Sonra biz ilk yarpaqları və ilk çiçəkləri gördük və onlardan xaç hördük. Biz Milad bayramlarında oxuduğumuz kimi kəndlərdə oxuyurduq. Və bütün uşaqlar yanımıza qaçırdı. Və biz ordu kimi irəli gedirdik. Tanrını tanımadıqları üçün bizi lənətləyən adamlar da vardı. Əlimizdən tutub bizi sorğu-suala tutan və üzümüzü öpüşlərə qərq edən qadınlar da vardı. Bir də bizə taxta qablarda yemək, süd və meyvə verən mehriban adamlar da vardı. Hamısının bizə yazığı gəlirdi. Çünki hara getdiyimizi bilmirdilər və o səsləri eşitmirdilər.

Yer üstündə qaranlıq meşələr, dağlar və tikanlı düzənliklər var. Torpaqdan sonra isə dəniz var, tezliklə biz o dənizdən keçəcəyik. Dənizdən o tərəfdə isə Yerusəlim yerləşir. Bizim nə rəsimiz var, nə də yolgöstərənimiz. Amma bütün yollar bizim üçün yaxşıdır. Nikolay danışa bilməsə də, bizim kimi - Alen və Deni kimi gedir və bütün torpaqlar təhlükəlidir, bütün torpaqlar uşaqlar üçün eyni dərəcədə təhlükəlidir. Hər yerdə qaranlıq meşələr, çaylar, dağlar, dərələr var. Amma səslər hər yerdə bizimlədir. Bizim aramızda bir uşaq var, adı Yevstaxiyadır və bağlı gözlərlə doğulub. O, həmişə əllərini qabağa uzadır və gülümsəyir. Biz onun gördüklərindən daha çox görmürük. Bir qız onu və onun xaçını aparır. Onun adı Allisdir. Allis heç vaxt danışmır və heç vaxt ağlamır; onun gözləri həmişə Yevstaxiyanın ayaqlarına baxır ki, işdir birdən harasa ilişsə, ona dəstək olsun. Biz ikisini də sevirik. Yevstaxiy türbənin üstündəki müqəddəs çıraqları görə bilməyəcək. Amma Allis onun əllərini götürüb türbənin plitələrinə sürtəcək.

O dünyadakı əşyalar nə qədər möcüzəvidir! Biz heç nə xatırlamırıq, çünki heç vaxt heç nə öyrənməmişik. Amma hər halda qoca ağacları və qırmızı qayaları görmüşük. Hərdən uzun müddət qaranlıqda yol gedirik. Hərdən gecəyə qədər çəmənliklərdə gəzirik. Biz Nikolayın qulağına Məsihin adını qışqırmışıq və Nikolay Onu yaxşı tanıyır. Amma onun adını deyə bilmir. O da gördüklərimizə bizimlə bir yerdə sevinir. Çünki sevinəndə dodaqlarını aralayıb çiynimizi sığallayır. Belə çıxır ki, onlar heç də bədbəxt deyil: Allis Yevstaxiylə bizim, Alenlə Deninin qeydinə qalır, biz də Nikolayın qeydinə qalırıq.

Bizə deyirdilər ki, meşələrdə qulyabanılara rast gələcəyik. Bu yalandır. Heç kim bizi qorxutmayıb; heç kim bizə pislik etməyib. Zəvvarlar və xəstələr bizə baxmağa gəlir və qoca qarılar komalarda bizimçün şam yandırır. Kilsələrdə bizimçün zəng çalırlar. Kəndlilər bizə baxmaq üçün yol qırağına çıxır. Heyvanlar da bizə baxır və bizdən hürkmürlər. Biz yola çıxandan bu yana günəş də daha yaxşı qızdırır və biz artıq başqa gülləri toplayırıq. Ümidimiz böyükdür və yəqin ki, tezliklə dənizi görəcəyik. Dənizdən sonra isə Yerusəlimi. Və Tanrı bütün uşaqlara onun türbəsinə yaxınlaşmağa icazə verəcək. Və gecələr bəyaz səslər sevinəcək.

 

Mirzə Fransua Lonqjunun hekayəsi

Bu gün, Tanrının mövludunun min iki yüz on ikinci ilinin sentyabr ayının on beşi tarixində ağam maqistr Quqo Ferrenin kontoruna çoxlu uşaq gəlib tələb etdi ki, onları dənizdən keçirtsinlər, çünki onlar MüqəddəsTorpağa gedir. Yuxarıda adını çəkdiyim Ferrenin Marsel limanında kifayət qədər ticarət gəmisi olmadığı üçün mənə əmr etdi ki, çatışmayan gəmiləri verməsi üçün maqistr Qiyom Porka müraciət edim. Maqistr Quqo Ferreylə maqistr Qiyom Pork sırf Tanrımız İsa Məsih xatirinə gəmiləri Müqəddəs Torpağa üzdürəcək. Hazırda Marsel limanında yeddi min uşaq düzülüb, çoxusu başqa dillərdə danışır. Və haqlı olaraq ərzaq çatışmazlığından ehtiyat edən cənab başçılar şəhər bələdiyyəsində yığışıb məsələni müzakirə etdilər və yuxarıda adıçəkilən maqistrları çağırtdırıb dedilər ki, gəmiləri mümkün qədər tez göndərmək lazımdır. Dəniz hazırda yola çıxmaq üçün çox əlverişli olmasa da, uşaqlar uzun yoldan sonra acdırlar və nə etdiklərini bilmirlər. Dənizçilərə gəmiləri hazırlamağı əmr etdim. Axşam gəmilər dənizə çıxmağa hazır olacaq. Uşaqlar şəhərdə deyillər, sahildə qaçışırlar və səfər xatirəsi kimi balıqqulağı yığırlar, dəniz ulduzlarını görəndə yaman təəccübləniblər və elə biliblər ki, bunlar Tanrı yolunu onlara göstərmək üçün göydən tökülən canlı ulduzlardır. Bu qeyri-adi əhvalat haqda bunları deyə bilərəm.

Birincisi, maqistr Quqo Ferre ilə Qiyom Pork bu yadelli uşaqlar ordusunu tezliklə bizim şəhərdən aparsaydı, yaxşı olardı; ikincisi, bu il qış çox sərt keçib və tacirlərin bildiyi kimi, məhsulumuz çox deyil; üçüncüsü, şimaldan gələn uşaq ordusu haqda Kilsəyə xəbərdarlıq edilməyib və Kilsə onlarla maraqlanmayacaq. Və maqistr Quqo Ferre ilə maqistr Qiyom Porka həm şəhərimizi bu qədər sevdikləri, həm də Tanrımıza qəlbən bağlı olduqları üçün təşəkkür etmək lazımdır ki, onlar dəniz tufanlarından və Əlcəzair quldurlarından qorxmayıb gəmilərini dənizə buraxmağa razı oldular.

 

Qələndərin hekayəsi

Şükür Allaha! Mənə yoxsulluğu bəxş edib Allahın adıyla şəhərdən şəhərə dolaşmağıma icazə verən Peyğəmbərə şükür olsun! Məhəmmədin mənsub olduğum məzhəbi yaradan dostlarını Allah özü himayə eləsin! O, daş-qalaq olunub yaşadığı şəhərdən qovulandan sonra üzümlükdə gizləndi, xristian qulun ona yazığı gəldi və ona üzüm verdi. Allah böyükdür! Mən Mosul, Bağdad, Bəsrə şəhərlərində olmuşam, Səlahəddini (Allah onun ruhunu şad etsin) və onun qardaşı sultan Seyfəddini tanımışam. Çox yaxşı yaşayıram, mənə verilən bir az düyü və kəşkülümə tökdükləri suya qaneyəm. Bədənimin təmizliyinin qeydinə qalıram. Amma batini təmizlik daha vacibdir. Yazırlar ki, Peyğəmbərimiz hələ missiyasını yerinə yetirməmişdən qabaq yerdə uzanıb dərin yuxuya getmişdi. İki bəyaz mələk göydən düşüb onun sağ və sol tərəfində dayandılar. Soldakı bəyaz mələk qızıl bıçaqla onun sinəsini yarıb ürəyini çıxartdı və ürəkdəki qara qanları sıxdı. Sağdakı bəyaz mələk isə qızıl bıçaqla onun qarnını yardı və təmizlədi. Sonra təmizlənmiş daxili orqanlarını yerinə qoydular və ondan sonra Peyğəmbərimiz öz dinini yaymaq üçün pak oldu. Bu, ancaq mələklərə xas paklıq idi. Amma uşaqlar da pak olur. Kahin qadın Məhəmmədin atasının başında haləni görəndə həmin paklığı yaratmaq üçün onunla qovuşmaq istədi. Amma Peyğəmbərin atası arvadı Əminəylə birləşdi və başındakı halə yoxa çıxdı. Bu yolla kahin qadın başa düşdü ki, Əminə pak varlığa sahib oldu. Paklaşdıran Allaha şükürlər olsun! Burda, bazarın talvarının altında oturub dincələ və gəlib-gedənləri salamlaya bilirəm. Burda parça və qiymətli daş-qaş alveri edən tacirlər var. Bu kaftan yəqin ki, min dinaradır. Mənə isə pul lazım deyil və mən yiyəsiz it kimi azadam. Şükür Allaha! İndi kölgədə oturmuşam və hekayəmin əvvəlini xatırlayıram. Birincisi, mən Allahdan (Allah təkdir və ondan başqa Allah yoxdur) və bizə inamı aşılayan Müqəddəs Peyğəmbərimizdən danışıram. İkincisi, mən Allahın ancaq müqəddəslərə və mələklərə bəxş etdiyi paklıqdan danışıram. Üçüncüsü, mən uşaqların da paklığı haqqında fikirləşirəm. Doğrudan da, mən İnanclıların Hökmdarı tərəfindən alınmış xeyli xristian uşaq gördüm. Mən onları böyük yolda gördüm. Onlar eynən qoyun sürüsü kimi gedirdi. Deyilənlərə görə frankların gəmisi onları Misir torpaqlarına çıxartıb, onlar da ordan bura gəlib. Onlar İblisin təsirinə düşmüşdülər və dənizi keçib Yerusəlimə getmək istəyirdilər. Şükür Allaha! Bu qəddar fikir baş tutmadı. Çünki bu uşaqlar köməksiz, yeməksiz elə yollarda ölüb qalardılar. Onlar tamamilə məsumdur. Onları görən kimi diz çöküb bərkdən Allaha şükür edə-edə alnımı yerə döyməyə başladım. O uşaqların görünüşü beləydi: ağ paltar geyinmişdilər, paltarlarına xaç şəkli tikilmişdi. Çox güman harda olduqlarını bilmirdilər və bu onları qətiyyən kədərləndirmirdi. Onların nəzəri irəliyə dikilmişdi. Aralarında biri kor idi, bir qız onun əlindən tutub aparırdı. Çoxusunun saçı kürən, gözləri göy idi. Bunlar Roma imperatoruna məxsus franklar idi. Onlar korluqları içində İsa peyğəmbərdən ötrü əldən-ayaqdan gedirlər. Frankların düzgün yolda olmadığı aydın məsələdir. Birincisi, Məhəmmədin elmindən başqa elmin olmadığı kitablar və möcüzələr nəticəsində təsdiq edilib. İkincisi, Allah hər gün ona şükür və çörəyimiz üçün dua etməyi bizə bəxş edib, inanclılara da əmr edib ki, bizim məzhəbimizi qorusunlar. Nəhayət, O, İblisin təsiriylə uzaq diyara yola düşən uşaqlara öncəgörmə bacarığı verməyib və onları bu niyyətdən saxlamaq üçün də özünü göstərməyib. Və əgər bu uşaqlar xoşbəxtlikdən inanclıların əlinə düşməsəydilər, onda atəşpərəstlərin əlinə düşərdilər və onlar da bu uşaqları zirzəmilərdə zəncirləyərdi.

Və lənətəgəlmiş atəşpərəstlər onları qarınqulu və mənfur idollarına qurban gətirərdilər. Şükür Allaha, O, nə etsə gözəl edir və hətta ona inanmayanları da lütfündən kənarda buraxmır. Allah böyükdür! Mən indi zərgərin yanına gedib düyü payımı istəyəcəyəm və var-dövlətə bəslədiyim ikrahı bildirəcəyəm. Allah qoysa, bütün o uşaqlar xilas olacaq.

 

Balaca Allisin hekayəsi

Artıq yaxşı gəzə bilmirəm, çünki dəhşətli dərəcədə isti ölkədəyik. Bizi bura Marseldən iki pis adam gətirib. Yolda gəmi bizi atıb-tuturdu. Amma mənim balaca Yevstaxiyam qorxmurdu, çünki o, heç nə görmürdü və mən onun əllərindən tutmuşdum. Onu çox sevirəm və bura ona görə gəlmişəm. Hara getdiyimizi bilmirəm. Çoxdandır yoldayıq. Bizə dənizin o tərəfindəki Yerusəlimdən, bizi orda gözləyən Tanrımızdan danışırdılar. Yevstaxiy Tanrımız Məsihi yaxşı tanıyır, amma o, Yerusəlimin, şəhərin, dənizin nə olduğunu bilmir. O səslərə qulaq asmaq üçün qaçıb gəldi, o səsləri hər gecə eşidirdi. O səsləri gecələr eşidirdi, çünki gecələr sakitlik olur; amma Yevstaxiy gecəni gündüzdən ayıra bilmir. O məndən eşitdiyi səslər haqqında soruşurdu, amma mən cavab verə bilmirdim. Mən heç nə bilmirəm, bircə Yevstaxiyə görə əzab çəkirəm. Biz Nikolay, Alen və Deniylə bir yerdə gedirdik. Amma onlar başqa gəmiyə mindilər və gün çıxan kimi bütün gəmilər yoxa çıxdı. İlahi! Onlara nə oldu? Biz Tanrının yanına gedəndə onları tapacağıq. Ora hələ çox yol var. Yerusəlimi idarə edən və bizim yanına aparılmağımızı əmr edən hansısa kraldan danışırlar. Bu ölkədə hər şey ağ rəngdədir, evlər də, paltarlar da, qadınların üzünü örtən rübəndlər də. Yazıq Yevstaxiy bu ağlığı görə bilmir, amma mən ona gördüklərimi danışıram və o sevinir. O deyir ki, bu sonun bayrağıdır. Tanrı Məsih bəyaz rəngdədir. Balaca Allis çox yorulub, amma o, Yevstaxiyin əlindən tutub ki, o yıxılmasın və Allisin yorğunluğunu fikirləşməyə vaxtı yoxdur. Bu gecə dincələcəyik və Allis həmişəki kimi balaca Yevstaxiyin yanında yatacaq, əgər səslər hələ də bizi tərk etməyibsə, onda Allis o səsləri eşitməyə çalışacaq. Və o bəyaz yolçuluq başa çatana qədər Yevstaxiyin əlindən tutacaq, çünki o, Yevstaxiyə Tanrını göstərməlidir. Yəqin ki, Tanrının Yevstaxiyə yazığı gələcək və ona Özünü görməyə imkan verəcək. Və bəlkə onda Yevstaxiy balaca Allisi də görəcək.

 

Papa IX Qriqorinin hekayəsi

Məsum və mavi görünən dəniz qarşımdadır. Onun ləpələri incə və yumşaqdır və ağ köpüklərlə əhatələnir. Dəniz duru göyüzüdür, ulduzları isə canlıdır. Qayaların üstündə oturub bunu fikirləşirəm, əmr etmişdim ki, məni bura gətirsinlər. Əslində dəniz xristian torpaqlarının mərkəzindədir. Ona müqəddəs su axır. Onun sahillərindən müqəddəs simalar boylanıb və o, onların şəffaf əksini titrədib. Böyük, sirli, seçilmiş, yer üzünə bərkidilmiş qiymətli maye daş, sənə sualım və səndən xahişim var. Ey Aralıq dənizi, mənim uşaqlarımı qaytar! Nə üçün onları məndən aldın?

Mən onları tanımırdım. Onların tər nəfəsləri mənim qocalığımı sığallamamışdı. Onlar incə yarıaçıq dodaqlarıyla yanıma dua etməyə gəlməmişdilər. Eynən balaca sərsərilər kimi təkbaşına Müqəddəs Torpağa üz tutdular və məhv edildilər. Onlar Almaniyadan, Flandriyadan, Fransada, Savoyadan, Lombardiyadan yola çıxıb sənin hiyləgər dalğalarına gəldilər, ey müqəddəs dəniz. Onlar Marsel şəhərinə, Genuya şəhərinə gedib çatdılar. Sən onların mindiyi gəmiləri enli, köpüklü kürəyinə alıb apardın və sən dönüb yaşıl əllərini onlara uzatdın, onları özünə götürdün. Bəzilərinə isə xəyanət etdin, onları Şərqə apardın, indi onlar Məhəmmədə sitayiş edənlərin əllərindədir.

Ey Aralıq dənizi! Kim səni bağışlayacaq? Sən günahkarsan. Mən səni günahlandırıram, təkcə səni, ey aydın və təmiz görünən, əslindəsə pis dəniz, göy üzünün kobud güzgüsü, səni Yaradan qabağında sorğu-suala çağırıram, çünki dünyadakı hər şey Ondan asılıdır. Müqəddəs dəniz, bizim uşaqlarımızı nə etdin? Mavi üzünü Ona tərəf qaldır; titrək köpüklü barmaqlarını Ona uzat; intəhasız gülü?ünlə gül; Ona cavab ver.

Ayaqlarımın altındakı quma ruhunu bağışlayan bəyaz dodaqların laldır - sən heç nə demirsən. Mənim Romadakı sarayımda hücrə var, zamanla divarlarındakı qızıl suyu uçub gedib, zaman onu ağardıb. İnnokenti ata o hücrədə oturmağı xoşlayırdı. Deyilənlərə görə, o, həmin hücrədə uşaqlar və uşaqların inancı haqda çox fikirləşib, Tanrıdan onlara bayraq göndərməsini istəyib. Burdan, hündür qayalardan ibarət taxtdan elan edirəm ki, İnnokenti atanın özü elə uşaq inanclı idi və nahaq yerə yorğun başındakı ağ saçlarını yolurdu. Mən İnnokentidən də qocayam, mən Tanrının yer üzündə qoyduğu əvəzedicilərinin ən qocasıyam və indi-indi başa düşməyə başlayıram. Bəyəm O, Yeleon dağında, öz oğlunun yanında idi? Bəyəm O, oğlunu ölümə tərk etməmişdi? Eh, Onu köməyə çağırmaq nə qədər də sadəlövhlükdür! Bütün pisliklər və bədbəxtliklər bizdən, bizim özümüzdən törəyir. O, əliylə yaratdığı yaradılışa etibar edir. Sən onun inamını sarsıtdın. İlahi dəniz, qoy mənim sözlərim səni heyrətləndirməsin. Tanrı qabağında hər kəs və hər şey bərabərdir. Əbədiyyətdə insanın hüdudsuz dərrakəsi heç də səndə yaşayan canlılardan birinin gözündən daha dəyərli deyil. Tanrı qum dənəsiylə imperatora eyni dərəcədə diqqət yetirir. Qızıl yerin altında nə qədər parıldayırsa, rahib də kilsədə o qədər fikirləşir. Dünyada xeyirxahlıq yoluyla getməyən hamı eyni dərəcədə günahkardır, çünki hamı Ondan gəlir. Onun gözündə nə insan var, nə heyvan, nə daş, nə də bitki - ancaq yaradılış var. Sənin dalğalarında ağaran başları görürəm, onlar ancaq bir saniyəliyə görünüb təzədən yox olur; onlar həm günahlandırılanlar ola bilər, həm də seçilənlər. Qocalıq qüruru sındırır və inamı aydınladır. Özümə yazığım gəldiyi qədər bu balaca balıqqulağına da yazığım gəlir.

Buna görə də səni günahlandırıram, mənim uşaqlarımı udan dəniz. Səni cəzalandıran Asiya hökmdarını yadına sal. Amma o, yüzillik hökmdar idi. Kifayət qədər yaşamamışdı. O, dünyəvi işləri başa düşmək iqtidarında deyildi hələ. Mən səni cəzalandırmayacağam. Çünki dalğalarının səsi ayaqlarımın altında itib getdiyi kimi, mənim şikayətimlə sənin iniltin də bir anda Yaradanın qabağında itib gedəcək. Ey Aralıq dənizi! Mən səni bağışlayıram, mən sənin günahlarını bağışlayıram. Mən sənə müqəddəs azadlıq verirəm. Get və bir də günah iş görmə. Mən də sənin kimi bilmədiyim hərəkətlərimə görə günahkaram. Sən sahilə çırpılan minlərlə inildəyən dalğalarınla günahlarını etiraf edirsən, mən də quru dodaqlarımla sənin qabağında etiraf edirəm. Biz bir-birimizə günahlarımızı etiraf edirik. Günahlarımı bağışla, mən də sənin günahlarını bağışlayıram. Yenə özümüzə saflığı və avamlığı qaytaraq. Qoy belə olsun.

Mən yer üzündə nə edəcəyəm? Hələ indiyəcən misli görünməmiş abidə ucaltdıracağam. Gələn əsrlər bizim dindarlığımızı görməli və ümidsizliyə qapılmamalıdır. Tanrı balaca xaçlı uşaqları özünə aparırdı, amma məsum körpələr məhv edildi, məsum körpələrin meyitləri sığınacaq tapacaq. Yeddi gəmi İtiburun adasının yanında batıb. Mən həmin adada o uşaqların adına kilsə tikdirəcəyəm. Və sən, məsum və müqəddəs dəniz, uşaqlarımın meyitini mənə verəcəksən; sən onları adanın qumlu sahillərinə gətirəcəksən, rahiblər o meyitləri sərdabəyə qoyacaq və üstlərində müqəddəs yağla yanan, heç vaxt sönməyən çıraqlar asacaqlar, o çıraqlar saf niyyətli zəvvarlara gecənin qaranlığında uyuyan balaca ağ sümükləri göstərəcək.

 

Tərcümə etdi: Həmid Piriyev


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!