Attila BALAŞ. Sükutda gizlənən sözlər - Səlim Babullaoğlunun Macarıstanda çap olunmuş şeirlər kitabına “son söz”

 

 Səlim Babullaoğlunun Macarıstanda çap olunmuş şeirlər kitabına Attila Balaşın yazdığı "Sükutda gizlənən sözlər" adlı "son söz"ünü oxucularımıza təqdim edirik.

 

Çağdaş Azərbaycan poeziyasının parlaq nümayəndələrindən biri kimi şair Səlim Babullaoğlunu ədəbiyyat tənqidçilərinin bir çoxu yeni ifadə tərzi və dünyaduyumuna görə yüksək qiymətləndirir. O, gündəlik reallığı işarələr və eyhamlar dolu reallığı təxəyyül süzgəcindən keçirərək cilalayır və onları müvafiq səsli-semantik çərçivələrə salır. Şairin əsas mövzuları öz məna koordinatlarına malik yaradıcılıq, həyat və ölüm, tənhalıq kimi nəhayətsiz mövzulardır. O, adi, mütəmadi, çeşidli həyat səhnələrindən dərin mənalar çıxarır, varlığın şifrəsini açmağa cəhd edir. Şair daim hiss edir, etdirir ki, cari gerçəklik ötəridir, poeziya da:

 

"Bu nya r şeyi hv edir,

zdən başqa,

o da daim kutda gizlənir rs kimi...".

 

Onun şeirlərində dəniz, Ay, yol kimi tez-tez görünən obrazlar - obyektlər var, gözəllik və onun əksi, əbədi və ötəri, nitq və sükut, nəhayət, varlıq və yoxluq:

 

"Bircə divarlar dinmir, heç ifadə etmir,

onlar evin və ev yiyəsinin sirlərini

sədaqətlə saxlamaqdadılar.

Amma diqqətlə baxsanız,

siz onların sinəsində parçalanan stəkan yeri,

qan izi, tüpürcək ləkəsi görə bilərsiniz.

Bəs söyüşlər? Divarlar onların əks-sədasını

geriyə qaytarmışdı.

Elə siz də onları lüğətlərdə tapa bilməzsiniz...".

 

Yaxud:

 

"Zürafə qamətli sarışın kranda

                        bir sual görünüşü, təəccüb var.

Binalar yuvadı, adamlar qarışqa - hündürdən baxılsa.

Hündürdən baxılsa - hər bir məhəllə labirint;

                        ya da ki, daşlaşmış cəngəllik.

Təksən.

Qaçışır adamlar yağışdan sonra ya evə, ya evdən.

Hər mənzil dalandı - qapını bağlasan.

Hər otaq çıxışdı - açıqsa nəfəslik.

Təksən".

 

Dünya, insanın varlığı ardıcıl eniş prosesindədir. Bu isə dünyəvi kədərin səbəbidir. Bu kədəri dadmış, tənhalaşmış adamın aqibətini isə fani həyat yüngülləşdirmir.

Gündəlik həyat mövzularına toxunarkən Səlim Babullaoğlu keçmişi və indini bir müstəviyə salır.

"Şəhidlər xiyabanı" adlı şeirdə sovet ordusunun paytaxt Bakıda etiraz edən insanları gülləbaran etdiyi tragik hadisələr nəql edilir, amma bu gün bir başqa cür hiss olunmaqla, məzarlıqdakı gözləri yaxşı görməyən qocanın vasitəsilə:

 

"Şəhidlər xiyabanında

döşəmə daşlarını yağış qaraldıb.

Qoca eynəyinin şüşəsində muncuqlanmış damcıları silir.

Adlar, şəkillər dəyişir, ölüm tarixləri isə eynidir:

iyirmisi, birinci ay, doxsanıncı il.

İrəli əyilir, naməlum şəhid məzarının

adsız və şəkilsiz qara mərmər lövhəsində

öz əksini görüb diksinir...".

 

Öz həyatını təsvir edən, danışan azərbaycanlı şair gələcəyə, gələcək nəsillərə də toxunacaq ağrılı ismarışlar verir.

Babullaoğlunun şeirləri həm də yaradıcı proses barədə olur, şairin mətnə münasibətini faş edir. Şeir həm də ehtimal olunan həyatdır. Uşaq əvvəl danışır, sonra yazır deyə, yaradıcılıq nitqdən plagiat sayıla bilər.

Şair Səlim Babullaoğlu üçün yaradıcılıq - həyatı mənalandırmaq, suallar, axtarış və tapılmış cavablar, kədərdə sanki duza qoyulmuş sevincdir. Onun şeirləri bir çox dillərə çevrilib. Bu kitab şairin macar dilində ilk "söhbəti"dir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!