Səlim Babullaoğlunun kitabı Macarıstanda çap olunub

 

AYB-nin beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullaoğlunun Macarıstanda şeirlər kitabı çap olunub.

"AB ART Kiado" nəşriyyatında "Lyra Omnis" seriyasında çap olunan və şairin seçilmiş şeirlərinin toplandığı "Avqust" toplusu müəllifin macar dilində çap olunan ilk kitabıdır.

Səlim Babullaoğlu qəzetimizə verdiyi açıqlamada bildirib ki, kitaba toplanmış şeirlər onun rumın dilində nəşr olunmuş eyniadlı kitabından götürülüb və şeirləri rumıncadan macar dilinə Balasz Boroka tərcümə edib: "Xanım Boroka gənc olmasına rəğmən xeyli dərəcədə təcrübəyə və populyarlığa sahib tərcüməçidir, hərçənd daha çox nəsr tərcüməçisi ilə məşğul olub. Mənə yazdığı məktubda ölkəsindən uzaq bir başqa ölkənin mədəniyyəti, orda yaranan bədii təcrübə, təsəvvürlər, oxşarlıqlar, varlıq və qəlb barədə düşüncələrlə tanışlıqdan məmnunluğunu ifadə edib. Bu seriyada dünyanın, o cümlədən Avropanın, xüsusən Şərqi və Cənubi Avropanın, eləcə də ABŞ-ın  müasir və bilinən şairlərinin kitabları dərc olunub. Həmçinin bir neçə il əvvəl Məmməd İsmayılın kitabı da həmin seriyada nəşr olunub. Seriyanın redaktorları: Attila Balaş və Halmosi Sandordur. Attila Balaş kitaba "son söz" də yazıb...".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!