"Tess üçün" şeiri və o şeir haqda məqalə - Reymond KARVER

 

"Tess üçün"

 

Buralarda deyildiyi kimi,

körfəzdə köpüklənir sular. Qasırğadır, şadam ki,

orada deyiləm. Şadam ki, bütün günü

Mons-Krikdə balıq ovuna çıxmışam, qırmızı tilovu

o tərəf-bu tərəfə ata-ata. Heç nə tuta bilmədim.

Qarmağa bircə balıq da keçmədi, bircəsi də.

Amma eybi yoxdur. Hər şey yaxşı idi!

Atanın cib bıçağı məndəydi, yiyəsinin Diksi çağırdığı it də

dalımca düşmüşdü bir az.

Vaxtaşırı elə xoşbəxt olurdum ki, balıq tutmağı da

saxlayırdım. Bir dəfə gözüyumulu sahildə uzanıb

suyun səsinə və

küləyin ağacların ucunu oynatmasına qulaq asdım.

Körfəzdə əsən küləkdən, amma başqa külək.

Hətta bir müddət öldüyümü də təsəvvür etdim -

və bu normal idi, ən azı, bir neçə dəqiqə, mənə çatanacan ki: ölmüşəm.

Gözüyumulu uzandığım vaxt bir də heç vaxt

durmayacağımı, bunun necə bir şey olduğunu

təsəvvür edən kimi səni fikirləşdim.

Gözlərimi açıb ayağa durdum

və yenə özümü xoşbəxt hiss etdim.

Sənə minnətdaram, başa düşürsən? Sadəcə bunu demək istədim.

 

 

 

"Tess üçün" şeiri haqda

 

Bu şeir öz-özlüyündə arvadım, şair və hekayəçi Tess Qallaherə yazdığım sevgi şeiridir. Şeiri 1984-cü ilin martında yazmışdım, o vaxt Vaşinqtonun Port Anceles şəhərindəki evimizdə tək qalırdım. Martdan əvvəl Nyu-Yorkun Sirakyuz şəhərində idim, çox vaxt orada oluruq, Tess universitetdə dərs deyir. 1983-cü ilin sentyabrında naşirim qısa hekayələrimdən ibarət "Kilsə" kitabımı çap etmişdi. Kitab çıxandan sonra bir müddət - Yeni ilə qədər - elə geniş bir təntənə qopdu ki, diqqətim dağıldı və heç cür fikrimi cəmləyib işlərimə qayıda bilmədim. Bu ədəbi keşməkeş Sirakyuzdakı normal sosial həyatımızın - dostlarla şam yeməkləri, kinolar, konsertlər, universitetdə ədəbiyyat mühazirələri və şeir axşamları - üstünə gəldi.

Bir çox cəhətdən "tam" vaxtıydı, yaxşı vaxt idi, burası dəqiqdir, amma mənim əsəblərimi pozurdu: heç cür fikrimi işlərimə cəmləşdirə bilmirdim. Tess bu vəziyyətimi görəndə məsləhət gördü ki, Port Ancelesdəki evimizə gedib bir müddət tək qalım, dincəlim, yəqin, orada lazım olan sakitliyi və rahatlığı tapa bilərəm. Çatan kimi hekayə yazmaq niyyətilə yola düşdüm. Amma evə çatıb bir müddət sakitləşəndən sonra məni təəccübləndirsə də, şeirlər yazmağa başladım. ("Təəccübləndirdi" deyirəm, çünki iki ildən çox idi şeir yazmırdım və bir də yazıb-yazmayacağımı bilmirdim.)

Düzünə qalsa, "Tess üçün" "avtobioqrafik" deyil - illərdir balıq tutmaq üçün qırmızı tilov işlətməmişdim və Tessin atasının bıçağını özümlə gəzdirmirəm; heç yiyəsinin Diksi çağırdığı it də dalımca düşməyib - amma şeirdəki məqamların hamısı bu və ya digər zamanlarda həqiqətən, olmuşdu, hamısını yadıma salıb yazdım. Amma burası çox vacibdir - şeirdəki hissiyyat (həssaslıqla qarışdırmaq olmaz) hər sətirdə həqiqidir, bu da açıq və birbaşa verilir. Üstəlik, şeirdəki detallar canlı və aydındır. Təhkiyəyə qalanda isə, məncə, şeir özünəxas və inandırıcıdır. (davam etdirmək üçün söz sənəti və ya sərbəst, mücərrəd və ya saxta-poetik dil işlədən şairlərə dözə bilmirəm. Həyatda olduğu kimi, ədəbiyyatda da mücərrəd olandan və söz sənətindən mümkün qədər qaçmağa çalışıram).

"Tess üçün" qısa bir hekayə danışır və bir anı yaxalayır. Unutmayın, bir şeir sadəcə özünü ifadə etməyə çalışmaq deyil. Şeir və ya hekayə - özünə sənət deməyə cəsarəti çatan bütün ədəbi əsərlər - yazıçı ilə oxucu arasında bir rabitə vasitəsidir. Hamı özünü ifadə edə bilər, amma yazıçıların və şairlərin əsərlərində etmək istədikləri şey özlərini ifadə etməkdən çox əlaqə qurmaqdır, elə deyil? Hiss edilən ehtiyac həmişə düşüncələri və ən dərin əndişələri sözə çevirməkdir, dil isə bu düşüncə və əndişələri bir formaya salır - uydurma və ya poetik - bunu edəndə də bir oxucunun bu duyğu və əndişələri anlamasına və hiss etməsinə ümid bəsləyir. Oxucunun öz tərəfindən təqdim etdiyi digər anlamalar və hiss etmələr həmişə yazını müşayiət edir. Bu, mütləqdir, hətta arzuolunandır. Amma yazıçının verməli olduğu əsl yük anbarda qalsa, onda o yazı, mənə görə, alınmayıb. Məncə, başa düşülməyin hər yaxşı yazıçının təməl niyyəti və tutmağa çalışdığı hədəf olduğunu fikirləşməkdə haqlıyam.

Son bir qeyd: Müəyyən məqamları izləməklə müəyyən bir anı tutmağa və saxlamağa çalışmaqla qalmadım; şeirin yarısına çatanda yazdığımın sevgi şeirindən fərqlənmədiyini başa düşdüm (yeri gəlmişkən, yazdığım bir neçə sevgi şeirindən biridir). Çünki şeiri Tessə, həyatımın son on ilini paylaşdığım qadına ithaf etməklə, ona Port Ancelesdəki həyatımdan "xəbərlər" verməklə kifayətlənmir - burada Ezra Paundun "ədəbiyyat xəbər olaraq qalan xəbərdir" sözünü fikirləşirəm - bu vəsiləylə ona 1977-ci ildən həyatıma girdiyinə görə minnətdar olduğumu da deyirdim. O, gözgörəsi bir fərq yaratdı və həyatımı düz istiqamətə dəyişdirməyimə kömək etdi.

Şeirdə "demək istədiyim" şeylərdən biri budur. Tessə çatdımsa və başqa oxuculara da toxundumsa - şeiri yazanda duyduğum hisslərin bir hissəsini onlara da ötürə bildimsə - nə xoş halıma!

 

 

Tərcümə etdi: Həmid PİRİYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!