Raymond Karverin hekayəsi: “Kilsə” - Tərcümə

 

Arvadımın köhnə tanışı olan kor kişi gecəni bizdə qalmaq istəyirdi. O, mərhum arvadının Konnektikutdakı qohumlarına baş çəkməyə gəlmişdi. Elə ordan zəng edib bizə də gələcəyini dedi. Qatarla gəlirdi, arvadım onu stansiyada qarşılamalıydı. Arvadım Sietldə onun yanında işləmişdi, o vaxtdan - hardasa on il olardı ki, görüşməmişdilər. Amma əlaqəni kəsməmişdilər. Yazmaq istədiklərini maqnitofon kasetlərinə danışıb, lentləri poçtla göndərirdilər. Onun gəlişinə çox da sevinmədim. Axı onu heç vaxt görməmişdim. Üstəlik, kor olması məni çaşdırmışdı. Korları ancaq kinolarda görmüşəm. Bütün filmlərdə korlar çox asta hərəkət edir və heç vaxt gülmürdülər. Hərdən yanlarında it olurdu. Qısası, evimdə kor adam qəbul etmək üçün əldən getmirdim.

Həmin yay Sietldə olan arvadıma təcili iş lazım olmuşdu. Onun pulu yox idi, heç yox idi. Nişanlısı hərbi akademiyada oxuyurdu. Onun da pulu yox idi. Amma bir-birini çox sevirdilər. Bir dəfə o, qəzetdə elan görür: "İş elanı. Kor adam üçün yazışmaları oxumağa adam axtarılır". Arvadım göstərilən nömrəyə zəng edir, ona ünvan deyirlər və o saat işə qəbul edirlər. Arvadım bütün yayı o korun yanında işləyir. Kor kişi sosial təminat bürosunda işləyirdi, arvadımsa ona kömək edirdi. Onlar çox möhkəm dostlaşıblar. Bunları mənə arvadım danışıb, ordan bilirəm. Bir şey də var. Axırıncı gün kor kişi arvadımdan üzünə toxunmağa icazə istəyib, arvadım da icazə verib. Kor onun bütün sifətinə, burnuna, hətta boynuna əl vurub. Arvadım hələ də o anı xatırlayır. Hətta bu barədə şeir də yazıb. O, şeir yazmağı həmişə arzulayıb. İldə bir-iki dəfə şeir yazır, xüsusən həyatında vacib nəsə baş verəndə.

Biz görüşməyə başlayanda o şeiri mənə göstərmişdi. Arvadım şeirdə korun barmaqlarını sifətinə toxundurmasını, dodaqlarına və burnuna toxunanda nə hiss etdiyini, nə fikirləşdiyini təsvir edirdi. Şeirə daha çox nəzakət xətrinə qulaq asmışdım. Əlbəttə, bunu onun özünə demədim. Bəlkə də poeziyadan başım çıxmır. Boynuma alım ki, əgər haçansa nəsə oxumaq istəsəm, dəqiq şeir oxumayacağam.

Hər necə olsa da, arvadımın birinci sevgilisi, gələcək zabit onun uşaqlıq dostu idi. Hə, belə idi. Amma mən başqa şeydən danışırdım, on il qabaq, yayın axırında arvadım kora icazə verib ki, sifətinə toxunsun, sonra onunla sağollaşıb, həmin bu uşaqlıq dostuyla evlənib və Sietldən köçüb. Amma əlaqə saxlamağa davam ediblər - arvadımla koru nəzərdə tuturam. Arvadım onunla birinci dəfə, təxminən bir ildən sonra əlaqə saxlayıb. Bir axşam Alabamadakı hərbi hava bazasından ona zəng edib. Danışmaq istəyirmiş. Danışıblar. Kor ondan xahiş edib ki, arvadım ona həyatından danışsın, amma telefonda yox, maqnitofon kasetinə diktə edib poçtla göndərsin. Arvadım elə də edib. Öz "məktub"unda ərindən və ordudakı həyatlarından danışıb. Kora ərini sevdiyini, amma yaşadıqları yerin xoşuna gəlmədiyini, ərinin hərbi industriyanın bir parçası olduğunu danışıb. Bundan başqa, onun haqqında şeir yazdığını da deyib, o, yəni kor kişi haqqında. Deyib ki, indi də hərbi hava qüvvələri zabitinin arvadı olmasının çətinliyindən yazır, amma o şeiri heç cür yekunlaşdıra bilmir, yazmağa davam edir. Kor da ona öz hekayəsini danışdığı lent yazısı göndərib. Arvadım təzədən ona cavab lenti diktə edib. Və bu illərlə davam edib. Zabiti, yəni arvadımın ərini tez-tez bir bazadan o biri bazaya göndərirmişlər. Arvadım hər getdiyi yerdən lent yazısı göndərirmiş, gah Mudidən, gah Makqvayerdən, gah Makkonelladan, nəhayət, Sakramentonun yaxınlığındakı Trevisdən. Orda bir gecə özünü olduqca tənha, hamıdan uzaqlaşmış hiss edib, hiss edib ki, sonsuz köçmələr ucbatından bütün tanıdıqlarıyla əlaqəsi itib. Bir də bunu hiss edib ki, daha belə yaşaya bilməz. Apteçkadakı bütün həbləri udub, üstündən bir şüşə cin içib, sonra qaynar vannaya girib və huşunu itirib.

Amma ölməyib. Sadəcə, halı pisləşib, ürəyi bulanıb. Onun zabiti - adını bilmirəm, bir də ki, adının nə fərqi var? - evə qayıdıb, onu belə görüb və təcili yardım çağırıb. Arvadım sağalan kimi bütün bunları lentə yazıb kora göndərib. Bütün bu illər ərzində nəsə olan kimi tez lentə yazıb, qaça-qaça poçta gedib ki, bacardıqca tez kora göndərsin. Şeir yazmaq kimi, lent göndərmək də ildə iki dəfə elədiyi şeydir, bunu, ruhi tarazlığını saxlamaq üçün edir. Lentlərdən birində zabitdən ayrılıb tək yaşamaq istədiyini deyib. O biri lentdə boşandığını xəbər verib. Biz görüşməyə başlayanda, arvadım, əlbəttə ki, o saat bunu kora çatdırıb. Arvadım hər şeyi ona danışır, ən azından, mənə belə gəlir. Bir dəfə arvadım soruşdu ki, korun göndərdiyi axırıncı lentə qulaq asmaq istəmirsən? Bu, hardasa bir il qabaq olub. Arvadım dedi ki, kor məndən danışır. Mənim haqqımda? Yaxşı, gəl qulaq asaq. Özümüz üçün içki süzdüm, qonaq otağındakı divanda oturub qulaq asmağa başladıq. Arvadım maqnitofonu qoşdu, lentdən korun gur səsi eşidildi. Bir neçə dəqiqəlik ümumi danışıqdan sonra, o mənim adımı çəkdi. Ömrümdə görmədiyim adam mənim adımı çəkdi! Sonra dedi ki: "Sənin onun haqda danışdıqlarından bu nəticəyə gəldim ki…". Daha qulaq asa bilmədik, kimsə qapını döydü. Sonralar bir də bu lent məsələsinə qayıtmadıq. Bəlkə də, beləsi daha yaxşıdı. Eşitmək istədiyimi eşitmişdim artıq.

İndi həmin bu kor mənim evimdə gecələmək istəyirdi.

- Bəlkə gedim onunla boulinq oynayım? - deyə arvadımdan soruşdum. O, əlüzyuyanın yanında dayanıb kartof soyurdu. Bıçağı qoyub mənə baxdı.

- Məni sevirsənsə, - dedi, - bunu mənim xətrimə elə. Sevmirsənsə, onda özün bil. Amma yadında saxla ki, hansısa dostun bizə gəlsəydi, onun özünü rahat hiss etməsi üçün əlimdən gələni edərdim. - Bunu deyib əllərini çay dəsmalıyla sildi.

- Mənim kor dostum yoxdu, - dedim.

- Sənin ümumiyyətlə dostun yoxdu, - arvadım dəqiqləşdirdi. - Yaxşı, bəsdi. Bundan başqa, onun arvadı təzə ölüb! Bunu başa düşürsən? Adam təzəlikcə arvadını itirib!

Cavab vermədim. Arvadım korun arvadı haqda çox danışmadı. Bircə bunu dedi ki, onun adı Byula idi. Byula! Ancaq bir qaradərili qadının belə adı ola bilər.

- Onun arvadı zənci idi?

- Nə sarsaqlayırsan? - arvadım soruşdu. - Ağlın çaşıb? - O, soyulmuş kartofu götürüb döşəməyə çırpdı, kartof tullanıb plitənin altına girdi. - Sənə nə olub? İçmisən?

- Mən elə-belə soruşdum.

Arvadım o saat hər şeyi xırdalıqlarına qədər danışmağa başladı. Bu təfərrüatlar məni maraqlandırmırdı. Özüm üçün içki süzdüm, stolun dalında oturub qulaq asmağa başladım. Əhvalat hissə-hissə böyüyüb bütövləşirdi.

Byula arvadımdan bir il sonra korun yanında işləməyə başlayıb. Tezliklə kilsədə nikaha giriblər. Nikahda adam az olub - axı kim belə toyda iştirak etmək istəyər? - onlar ikisi, bir də rahiblə rahibin arvadı. Amma nikahı kilsədə bağlayıblar. Korun dediyinə görə, Byula belə istəyib. Çox güman, elə o vaxtlar Byulanın badamcıqlarında xərçəngin izləri görünməyə başlayıb. Səkkiz ayrılmaz ildən sonra - arvadım elə belə də dedi, "ayrılmaz il", - Byulanın səhhəti pisləşməyə başlayıb. O, orda, Sietldə, xəstəxana palatasında ölüb, kor yanında imiş o öləndə, əlindən tutubmuş. Evləniblər, bir yerdə yaşayıblar,  bir yerdə işləyiblər, bir yerdə yatıblar - yəqin, sekslə də məşğul olublar, - sonra kor onu basdırmalı olub. Axı kor onun necə göründüyünü də bilmirdi! Deməliyəm ki, bunu təsəvvür edə bilmirdim, bu mənim təxəyyülümdən daha yuxarı idi. Arvadım bunları danışanda, kora bir az yazığım gəldi. Sonra isə Byulanı fikirləşməyə başladım, gör onun həyatı nə qədər çətin olub! Təsəvvür edin - sevgilinin səni necə təsəvvür etdiyini bilmirsən. Bütün evliliyi boyu ərindən bircə dənə də olsun kompliment eşitməyən qadın təsəvvür edin, təsəvvür edin ki, əri onun simasından nə hisslər keçirtdiyini heç vaxt duya bilməyib. Makiyaj edib-etməməsinin də fərqi yox idi. Gözünün birinə yaşıl ton çəkə bilərdi, sırğasının bir tayını taxa bilərdi, bənövşəyi ayaqqabıyla sarı şalvar geyinə bilərdi - qətiyyən fərqi yoxdu. Sonra da yıxıl öl, kor da yanında oturub əlindən tutsun, görməyən gözlərindən yaş axsın - bu mənzərəni təsəvvür edirəm. Yəqin ki, Byula ölüm ayağında, ərinin onun necə göründüyünü bilmədiyini fikirləşib, sonra da birbaşa tabuta. Robertə qalan isə iyirmi pesoluq Meksika qəpiyinin  yarısı oldu. O biri yarısını arvadının tabutuna qoymuşdu. Çox təsirlidi.

Arvadım təyin olunmuş vaxtda koru qarşılamaq üçün stansiyaya getdi. Mən oturub gözləməli idim. Onlar gələndə, daha doğrusu, maşının səsini eşidəndə televizorun qabağında oturub içki içirdim. Səs eşidən kimi durub pəncərədən baxdım.

Arvadım gülə-gülə maşını saxladı. Qapını açıb düşdü, amma hələ də gülürdü. İnanılmazdı. Maşının qabağından fırlanıb o biri qapıya yaxınlaşdı, amma kor özü düşməyə başlamışdı. Təsəvvür edirsiniz? Onun uzun saqqalı var idi! Kor, üstəlik də saqqallı. Məncə, bu çox oldu. Kor arxa oturacaqdan çamadanını götürdü. Arvadım onun əlindən tutdu, maşını bağladı, sonra korun qoluna girib evə tərəf gətirməyə başladı. Qeyd edim ki, arvadım hələ də gülürdü. Televizoru söndürdüm. Qalan pivəni içdim, stəkanı yaxalayıb əllərimi sildim. Sonra giriş qapısına yaxınlaşdım.

- Tanış ol, bu Robertdi, - arvadım dedi. - Robert, bu mənim ərimdi. Sənə onun haqda çox danışmışam.

Arvadım sanki işıq saçırdı.

Kor çamadanı yerə qoyub əlini uzatdı.

Mən də əlimi uzatdım. Görüşdük, kor əlimi möhkəm-möhkəm silkələdi, bir az tutandan sonra buraxdı.

- İçimdə elə hiss var ki, elə bil çoxdan tanışıq, - kor dedi.

- Ola bilər, - dedim, başqa nə deyə bilərdim ki?

Sonra əlavə etdim:

- Xoş gəlmisiniz. Haqqınızda çox eşitmişəm.

Biz qonaq otağına getdik. Arvadım hələ də onun əlindən tutmuşdu, o biri əlində çamadanını saxlamışdı. Arvadım onu idarə edirdi:

- Belə, Robert, sola dön. Yaxşı. Ehtiyatlı ol, Robert, burda stul var. Belə. Otur. Divanımız burdadı. Onu bir-iki həftə qabaq almışıq.

Köhnə divanımız haqda danışmaq istədim, o çox xoşuma gəlirdi, amma belə baxanda xüsusi şey deyil, ona görə də heç nə demədim. Sonra başqa nələrsə danışmaq istədim, elə-belə, söz olsun deyə, misalçün, qatarın pəncərəsindən Qudzonun necə göründüyünü danışmaq olardı. Ya da deyə bilərdim ki, Nyu-Yorka gedəndə, gərək bileti vaqonun sağ tərəfinə alasan, qayıdanda isə, təbii ki, sol tərəfinə.

- Rahat gələ bildiniz? - Axırda soruşdum. - Vaqonda hansı tərəfdə oturmuşdunuz, sağda, ya solda?

- Bu nə deməkdir? - Arvadım hirsləndi. - Onun nə fərqi var ki?

- Elə-belə soruşdum.

- Sağda oturmuşdum, - kor cavab verdi. - Axırıncı dəfə qatarda qırx il qabaq getmişəm. Onda uşaq idim. Valideynlərimlə harasa gedirdik. Bu lap çoxdan olub. Qatarda getməyin necə olduğu da yadımdan çıxmışdı. Görürsən, saqqalım qırov bağlayıb, - kor arvadıma müraciət etdi. - Mənə belə dedilər. Saqqalda yaxşı görünürəm, günəşim?

- Olduqca yaraşıqlı görünürsən, Robert. - Arvadım dedi. - Robert, Robert, səni görməyimə elə şadam ki.

Arvadım nəhayət, kora baxmaqdan əl çəkib nəzərini üzümə dikdi. Deyəsən, gördüyü çox da xoşuna gəlmədi. Çiyinlərimi çəkdim.

Heç vaxt kor adamla tanışlığım olmamışdı, heç görməmişdim də. Qonağımızın yaşı qırxdan çox olardı, saçı çallaşmağa başlamışdı, üstəlik, həmişə belini əyirdi, elə bil daim nəsə ağır yük çəkirdi. Əynində qəhvəyi şalvar, qəhvəyi çəkmə, açıq qəhvəyi köynək, qalstuk və idman gödəkçəsi vardı. Çox uyğunsuz görünürdü. Bir də uzun saqqal. Amma əsası yox idi, qara eynək də taxmamışdı. Həmişə elə bilmişəm ki, bütün korlar qara eynək taxmağa məcburdu. Belə baxanda, eynək taxsaydı daha yaxşı olardı. İlk baxışdan gözləri adi adamın gözləri kimi görünürdü. Amma diqqətlə baxanda, nəyinsə düz olmadığına fikir verirdin. Birincisi, gözləri çox parıltılıydı, ikincisi, göz bəbəkləri çox oynayırdı, elə bil, o, onları idarə edə bilmirdi. Darıxdırıcıdı. Ona baxanda gördüm ki, bəbəklərindən biri burnuna tərəf hərəkət etməyə başladı, o birisi isə bir anlıq tərpənmədi, elə bil yerində qalmaq istəyirdi, amma cəhdi uğursuz alındı, bir saniyə sonra o da hərəkətə gəldi. Korun özünün, deyəsən, bundan heç xəbəri də yox idi.

- Bəlkə nəsə içmək istəyirsiniz? - deyə təklif etdim. - Nə istəyirsiniz? Bizdə hər şeydən bir az var. Cürbəcür içkilər alırıq - bu bizim balaca çatışmazlığımızdı.

- Qoca, mən viski xoşlayıram, - kor bas səsi ilə dedi.

- Yaxşı, - dedim. Qoca! Canayaxın adammış! - Bu saat gətirərəm.

Kor barmaqlarını divanın yanındakı çamadanına toxundurdu. Təzə məkan ilə tanış olmağa çalışırdı. Qoy tanış olsun, mən incimirəm.

- Gəl çamadanı otağına çıxardım, - arvadım dedi.

- Yox, narahat olma. Özüm çıxanda apararam.

- Viskiyə soda əlavə edim? - deyə soruşdum.

- Lap az.

- Məlum məsələdi.

Kor dedi:

- Lap bir damcı tökün. İrland aktyor Barri Fitsceraldı tanıyırsınız? Mən bu məsələdə onun fanatıyam. O deyir ki, əgər su içirəmsə, onda su içirəm, yox, əgər viski içirəmsə, onda ancaq viski içirəm.

Arvadım güldü. Kor çənəsini qabağa verib saqqalın altından buxağını sığalladı.

Üçümüz üçün də içki hazırladım, üç böyük stəkana şotland viskisi süzüb, hərəsinə bir damcı soda əlavə etdim. Sonra yerimizi rahatlayıb, Robertin bura gəlmək üçün keçdiyi marşrut xətlərini müzakirə etməyə başladıq. Əvvəlcə Qərb sahilindən Konnektikuta gələn uzun yoldan danışdıq, sonra isə Konnektikutdan bizə qədər olan qatar yolundan. Yolun bu hissəsini müzakirə edəndə hərəyə bir stəkan da gillətdik.

Hardasa oxumuşdum ki, korlar siqaret çəkmir, bu birdən yadıma düşdü. Orda yazmışdılar ki, korlar siqaretin tüstüsünü görə bilmədikləri üçün çəkmir. O vaxt bunu sarsılmaz həqiqət kimi qəbul eləmişdim, amma bizim kor siqareti az qala filtrinə qədər sümürürdü, sonra təzəsini yandırırdı. Tezliklə külqabını doldurdu, arvadım aparıb boşaltmalı oldu.

Şam yeməyi vaxtı yenə içdik. Arvadım Robert üçün ən böyük steyki qoydu, az qala bir vedrə də kartof çəkdi. İki dilim çörək kəsib üstünə yağ çəkdim.

- İki dilim yağlı çörək, buyurun, götürün, - dedim, sonra viskidən bir qurtum içib təklif etdim, - Gəlin dua eləyək.

Kor başını aşağı saldı. Arvadım ağzı açıq halda mənə baxdı.

- Gəlin dua eləyək ki, telefon bu gün bizə mane olmasın və yeməyimiz soyumasın, - dedim.

Yeməyə girişdik, süfrədə nə varsa silib-süpürdük. Elə yeyirdik ki, elə bil sabah dünyanın axırı idi, daha yemək yeyə bilməyəcəkdik. Danışmırdıq. Sadəcə yeyirdik. Kor özünü rahat hiss edirdi, nimçəsində nəyin harda olduğunu da yaxşı bilirdi. Əvvəlcə çəngəllə steyki tutub bıçaqla iki tikə kəsirdi, tikələri ağzına təpib kartofa keçirdi, lap axırda yağ çəkdiyim çörəkdən bir tikə kəsib hamısını bir yerdə çeynəyirdi. Yemək vaxtı süd içirdi, onun üçün böyük stəkana süd süzmüşdük. Arada barmaqlarıyla nəyisə yoxlayıb hiss eləməyi də unutmurdu.

Çiyələkli piroqun yarısı da daxil olmaqla, hər şeyi yedik. Sonra bir neçə saniyə sakit oturduq. Üzmüzdə tər damcıları görünürdü. Sonra üst-üstə qalaqlanmış boş qab-qacağı olduğu kimi qoyub ayağa durduq. Qonaq otağına qayıdıb, bayaqkı yerlərimizdə oturduq. Arvadımla Robert divanda oturdu, mən də kresloya keçdim. Arvadımla Robert, bu on il içində həyatlarında baş verən köklü dəyişikliklər haqda söhbət etdikləri vaxt, hərəyə iki stəkan da içdik. Mən daha çox qulaq asırdım. Arada nəsə deyirdim. İstəmirdim kor mənim burda olmadığımı, arvadımsa söhbətin mənə maraqlı olmadığını fikirləşsin. Onlar bu on il içində onların - bunu xüsusi vurğulayıram, onların! - həyatında baş verənlərdən danışırdılar. Səbirsizliklə gözləyirdim ki, haçan arvadımın bal daman dodaqlarından: "Sonra əziz ərimlə rastlaşdıq" və ya buna oxşar nəsə bir cümlə çıxacaq. Amma heç nə eşitmədim. Daha çox Robertdən danışırdılar. Robert, deyəsən, dünyadakı bütün işlərin qulpundan yapışmağa macal tapmışdı, bu kor yaman usta imiş. Amma arvadıyla onun əsas işi "Emvey" firmasının kosmetika məhsullarını satmaq imiş, bunun hesabına yaşayırmışlar. Həm də kor radio həvəskarı imiş. Dediyinə görə, Quam və Filippin adalarında, Alyaskada, hətta Taitidə radio həvəskarı olan adamlarla əlaqə saxlayırmış. Dedi ki, oralarda dostları çoxdu və istədiyi vaxt onlara qonaq gedə bilər. Vaxtaşırı görməyən gözləriylə mənə baxıb, saqqalını sığallaya-sığallaya suallar verirdi. Çoxdan bu işdə işləyirəm? (Üç ildi.) İşimi sevirəm? (Yox, qətiyyən.) Haçansa işdən çıxmaq haqda fikirləşmişəm? (Bəs sonra nə edim?) Nəhayət, korun əldən düşdüyünü hiss edəndə durub televizoru yandırdım.

Arvadım hirslə mənə baxdı, o, bu saat əsəbindən partlaya bilərdi. Sonra kordan soruşdu:

- Robert, sənin televizorun var?

- Var, günəşim, iki dənə televizorum var. Biri rənglidi, o birisi ağ-qara. Mən ancaq rənglini işlədirəm, maraqlıdır, elə deyil?

Bilmirdim bu suala nə cavab vermək olar. Heç bir fikrim yox idi. Heç təsəvvürüm də yox idi. Buna görə də, fikrimi diktorun dediklərinə cəmləyib xəbərlərə baxmağa başladım.

- Sizin televizorunuz da rənglidi, - kor qeyd etdi. - Bunu necə təxmin etdiyimi soruşmayın, sadəcə bilirəm.

- Elədi, biz onu təzəlikcə almışıq, - dedim.

Kor bir qurtum da içdi. Sonra saqqalının ucunu burnuna yaxınlaşdırıb iylədi. Bir az qabağa əyilib, barmaqlarıyla jurnal stolunun üstündəki külqabını axtarıb tapdı, siqaretini alışqanla yandırdı. Təzədən yerini rahatlayıb ayağını ayağının üstünə aşırtdı. Arvadım əliylə ağzını tutub əsnədi.

- Gedim paltarımı dəyişim, xalat geyinim. Robert, heç nədən çəkinmə, rahat ol.

- Çox rahatam, narahat olma, - kor dedi.

- Özünü evindəki kimi hiss elə, - arvadım dedi.

- Elə hiss edirəm, - kor cavab verdi.

Arvadım getdi, biz sakitcə hava proqnozuna və idman xəbərlərinə qulaq asdıq. Xəbərlər qurtardı, arvadımsa hələ gəlməmişdi, artıq onun qayıtmayacağından şübhələnməyə başladım. Elə bildim artıq uzanıb. Təki gələydi, deyə dua etməyə başladım. Korla tək qalmaq istəmirdim. Yenə içmək istəyib-istəmədiyini soruşdum, istədi. Sonra soruşdum ki, mənimlə hallanarsan? Dedim ki, artıq doldurmuşam, hazırdı. Amma hələ doldurmağa hazırlaşırdım.

- Əlbəttə, gəl çəkək, - dedi.

- Əla. Məndə qəşəng ot var.

Stəkanlarımızı jurnal stoluna qoyub onun yanında, divanda oturdum. İki dənə gombul şey eşdim. Birini yandırıb ona uzatdım ki, şeyi barmaqlarıyla hiss eləyə bilsin. Elədi, sonra da dartmağa başladı.

- Tüstünü ciyərlərinizdə saxlayın, nə qədər bacarırsınızsa, o qədər saxlamağa çalışın, - deyə məsləhət verdim, çünki onun birinci dəfə nəşə çəkdiyinə əmin idim.

Bu vaxt çəhrayı xalatıyla çəhrayı çəkələklərini geyinmiş arvadım gəlib çıxdı.

- Nə iyi gəlir? - deyə soruşdu.

- Dedik bir az marixuana çəkək, - dedim.

Arvadım mənə elə baxdı ki, az qaldı baxışlarının altında əriyim. Sonra kora dedi:

- Robert, sənin ot çəkdiyini bilmirdim.

Kor dedi:

- İndi çəkirəm, günəşim. Hər şey haçansa birinci dəfə baş verir. Amma mən hələlik heç nə hiss eləmirəm.

- Yüngüldü, - izah etməyə çalışdım, - növü belədi. Beyinə işləmir. Çox da təsiri yoxdu.

- Heç nə olmayacaq, qoca, - kor bunu deyib güldü.

Arvadım aramızda oturdu. Şeyi ona ötürdüm, bir tüstü alıb mənə qaytardı. 

- O necə təsir edir?

Arvadım bir az susub əlavə etdi:

- Gərək heç çəkməyəydim. Gözlərim onsuz da axır. Şam yeməyindən sonra ağırlaşmışam. O qədər yemək lazım deyildi.

Kor dedi:

- Hamısı çiyələkli piroqun zibilləridi, o ağırlaşdırıb səni. - Deyən kimi yenə gülməyə başladı. Sonra başını tərpətdi.

- Piroqdan hələ bir az qalıb, - dedim.

- Robert, bir dilim də piroq istəyirsən? - arvadım soruşdu.

- Olar, amma bir azdan.

Televizora baxmağa başladıq. Arvadım yenə zarıdı, sonra Robertə dedi:

- Yerini salmışam, istəsən, gedib uzana bilərsən, Robert. Bu gün çox yorulmusan. Yatmaq istəyəndə, de, - arvadım onun çiyninə toxundu, - Robert.

Kor özünə gəlib dedi:

- Hər şey çox xoşuma gəldi. Bu maqnitofon lentlərindən daha yaxşıdı, elə deyil?

- İndi özünə gələrsən, - deyib, şeyi ona uzatdım. O bir tüstü dartdı, tüstünü içində saxladı, sonra buraxdı. Hər şeyi elə rahatlıqla elədi ki, elə bil doqquz yaşından çəkən idi.

- Çox sağ ol, qoca, - nəhayət dedi, - mənə bəs elər, beynim dumanlanır.

Şeyi arvadıma uzatdı.

- Hə, məncə də bəsdi, - arvadım da təsdiqlədi, - məni də uçurtdu.

Şeyi Robertdən alıb mənə uzatdı.

- Mən bir az gözlərimi yumum oturum, yaxşı? - arvadım dedi. - Mənə fikir verməyin. İkiniz də. Əgər sizə mane oluramsa, deyin. Yoxsa siz yatmağa gedənə qədər burda oturacağam. Robert, sənin yerini salmışam, yatmaq istəyəndə de. Otağın ikinci mərtəbədədi, pilləkənlə çıxan kimi, bizim yataq otağımızın yanında. Dincəlmək istəyəndə de, səni ötürək. Yatsam, məni oyadarsınız. - Arvadım bunları deyən kimi gözlərini yumub yatdı.

Xəbərlər qurtardı. Durub kanalı dəyişdim. Sonra təzədən divanda oturdum. Arvadımın yatması məni darıxdırırdı. Başını divana söykəmişdi, ağzı açılmışdı. Yerində qurcalananda xalatının ətəyi aralandı, ləzzətli budları göründü. Xalatı düzəltmək istəyəndə kora baxdım, lənət şeytana, onsuz da görmür deyə fikirləşib, xalatın ətəyini təzədən araladım.

- Çiyələkli piroq yemək istəsəniz, deyin.

- Mütləq deyərəm.

Sonra soruşdum:

- Çox yorulmamısınız? Bəlkə sizi otağınıza aparım? Uzanan kimi yatasınız yəqin.

- Hələlik istəmirəm, - dedi. - Bir az səninlə oturum, qoca, əgər etiraz eləmirsənsə. Sən yatmağa gedəndə, mən də duraram. Axı hələ səninlə söhbət edə bilməmişik. Nə demək istədiyimi başa düşürsən? Bayaqdan elə biz danışırdıq, sənə söz deməyə macal vermədik. - Yenə saqqalını qaldırıb buxağını sığalladı, sonra siqareti götürmək üçün qabağa əyildi.

- Hər şey yaxşıdı, - dedim, - yaxşı ki, gəldiniz.

Düzünə qalsa, gəldiyi üçün doğrudan da sevinirdim. Hər axşam ot çəkib gecə yarısına qədər otururdum. Arvadımla nadir hallarda eyni vaxtda yatırdıq. Yatan kimi isə qorxulu yuxular görürdüm… Hərdən yuxunun ortasında birdən oyanırdım, ürəyim dəli kimi döyünürdü.

Televizorda kilsə və orta əsrlər haqda veriliş verirdilər. Bu sizin üçün düşük teleşoulardan deyil e. Kanalları dəyişdirdim, fərli bir şey yox idi. Təzədən kilsə haqda verilişə çevirib üzr istədim.

- Narahat olma, qoca, - kor dedi. - Mənimçün fərqi yoxdu, nəyə istəyirsən bax, mən hər şeydən nəsə öyrənməyə çalışıram. Ömür boyu öyrənmək olar. Bu gün də təzə nəsə eşitsəm, pis olmaz. Qulaqlarım var axı, eşidirəm.

Bir müddət susdu. Arada bir az qabağa uzanırdı, başını mənə tərəf çevirib sağ qulağını televizora tərəf tuturdu. Bu məni lap hövsələdən çıxardırdı. Göz qapaqları hərdən kip bağlanırdı, hərdən də geniş açılırdı. Arabir saqqalını sığallayırdı, elə bil televizorda danışılanlar haqda fikirləşirdi.

Ekranda isə belə bir şey göstərirdilər: bir dəstə şeytanla skelet bir dəstə rahib geyimli adamı harasa aparırdı. Şeytanların buynuzları və uzun quyruqları vardı. Bu hansısa tamaşanın ayrılmaz hissəsi idi. Danışan ingilis deyirdi ki, əvvəllər İspaniyada hər il belə maskarad keçirirdilər. Ekranda göstərilənləri kora başa salmağa çalışdım.

- Skelet? - kor soruşdu. - Hə, skeletlər haqda eşitmişəm.

Sonra hansısa kilsəni göstərdilər, daha sonra isə başqa bir kilsəni. Lap axırda Parisdəki kilsəni göstərdilər, o var e, hündür, qüllələri göy üzünə dirənən iri kilsə, onu.

Kamera kilsəni göy üzünün fonunda göstərmək üçün dala çəkildi.

Kadr arxasında danışan ingilis arabir səsini kəsirdi, kamera isə kilsəni müxtəlif hissələrdən çəkirdi. Hərdən isə məkan dəyişirdi, bizə kəndi, kənddə öküzlərlə yer şumlayan kəndliləri göstərirdilər. Uzun müddət susdum və hiss etdim ki, artıq nəsə deməliyəm və dedim:

- İndi kilsənin bayırdan necə göründüyünü göstərirlər. Qarqulyalar. Bunlar balaca vəhşi heykəlləridi. İndi, səhv eləmirəmsə, İtaliyanı göstərirlər. Hə, dəqiq İtaliyadı. Hansısa kilsənin divarındakı rəsmləri göstərirlər.

- Dostum, freskaları nəzərdə tutursan? - kor bunu soruşub stəkandakı içkidən qurtumladı.

Mən də öz stəkanımı götürdüm, amma o artıq boş idi. Haçansa divar naxışları haqda nəsə eşidib-eşitmədiyimi yadıma salmağa çalışdım.

- Bunun freska olub-olmadığını soruşursan? Yaxşı sualdı. Amma mən bilmirəm.

Ekranda isə artıq Lissabon yaxınlığındakı bir kilsəni göstərirdilər. Portuqaliya kilsəsi Fransa və İtaliya kilsələrindən az fərqlənirdi, amma nə qədər olmasa da, fərq vardı. Birdən ağlıma gəldi ki… kordan soruşdum:

- Bilirsən, ağlıma bir şey gəldi. Sən ümumiyyətlə kilsəni təsəvvür edə bilirsən? O necə görünür? Bilirsən, nə demək istəyirəm? Yəni kimsə "kilsə" deyəndə, söhbətin nədən getdiyini başa düşürsən? Belə deyək, kilsəylə baptist ibadətgahının fərqini hiss edirsən?

O, ağzından tüstü halqaları buraxdı.

- Kilsəni yüzlərlə fəhlənin tikdiyini bilirəm, həmçinin tikintiyə əlli il, hərdən də lap yüz il vaxt lazım olduğunu da bilirəm, diktor elə indicə dedi. Burasını da bilirəm ki, bir ailənin bir neçə nəsli bir kilsəni tikməklə məşğul olub və o ailələrin bir çox nümayəndələri, ömürlərini həsr etdikləri işin nəticəsini görə bilməyib. Bu mənada, onlar bizdən çox da fərqlənmir, elə deyil, qoca? - Bunu deyib güldü. Sonra göz qapaqları yumuldu, başı yavaş-yavaş tərpənməyə başladı. Elə bildim o yatır. Bəlkə də indi Portuqaliyadakı kilsənin yanında olduğunu təsəvvür edirdi. Televizorda isə indi başqasını göstərirdilər, Almaniyadakı kilsəni. İngilis diktor yenə danışmağa başladı.

- Kilsələr… - kor dedi. Başını yellətdi. - Düzünü bilmək istəsən, dostum, başqa heç nə bilmirəm. Ancaq sözü bilirəm. Əlbəttə, diktorun dediklərini eşitdim. Sən hansısa kilsəni mənə təsvir eləyə bilərsən? Bu əntiqə olardı. Düzünü deyim ki, bu haqda qətiyyən təsəvvürüm yoxdu.

Hazırda ekranda göstərilən kilsəyə baxmağa başladım. Heç bilmirdim hardan başlayım. Həyatım bu təsvirdən asılı olsaydı necə olardı? Ola bilər də, tutaq ki, hansısa manyak yaxandan yapışıb ki, ya kilsəni təsvir edəcəksən, ya da öləcəksən.

Yenə televizora baxdım, amma indi kəndi göstərirdilər. Nəyimə lazımdı kənd? Danışmağa başladım:

- Birincisi, kilsələr çox hündür olur. - Kələf ucu tapmaq ümidiylə otağı süzdüm. - Hündürdən də hündür. Göy üzünə dirənir. Elə nəhəng kilsələr var ki, əlavə dayaqsız dayana bilmir. Bu dayaqlara kontrfors deyirlər. Bu bilirsən nədi? Bir növ viaduka oxşayır, o dərələrdən, çay üstündən körpü çəkirlər e, tağlı, onlara. Sən yəqin, onu da təsəvvür eləyə bilmirsən. Hərdən kilsələrdə daşdan yonulmuş şeytan, iblis heykəlləri olur. Hərdən də kralla kraliçanın heykəlləri. Amma nə üçün olduğunu soruşma…

O, başını tərpətdi, amma qurşaqdan yuxarı bütün bədəni tərpəndi.

- Deyəsən, məndə çox da yaxşı alınmır, hə? - soruşdum.

O, başını tərpətməyi saxlayıb divana dirsəkləndi. Saqqalını sığallayırdı. Çox güman, mənim danışdıqlarımla kilsəni təsəvvür edə bilmirdi. Amma o danışmağımı istəyirdi, elə bil başını tərpətməklə mənə ürək-dirək verməyə çalışırdı. Daha nə demək mümkün olduğunu fikirləşirdim.

- Kilsələr, doğrudan da, çox böyük olur. Nəhəngdən də nəhəng. Onları daşdan tikirlər, hərdən mərmərdən tikdikləri də olur. Qədim zamanlarda, kilsələri tikməyə başlayanda insan Tanrıya yaxın olmaq istəyirdi. O vaxtlar Tanrı insan həyatının ayrılmaz parçası idi. Əks halda, bu boyda kilsələr tikməzdilər… Bağışla, amma məndə daha yaxşısı alınmır.

- Hər şey yaxşıdı, dostum, - dedi. - Qulaq as, olar sənə bir sual verim, hə? Sadə sualdı, ya "hə" deyəcəksən, ya da "yox". Mənə sadəcə maraqlıdı, xətrinə dəymək istəmirəm. Mən axı sənin qonağınam. Amma icazə ver soruşum: sən necə, Tanrıya inanırsan? Bağışla ki, bunu soruşdum.

Başımı tərpətdim. Əlbəttə, o bunu görmədi. İstəyirsən başını tərpət, istəyirsən göz vur - kor üçün bunun nə fərqi? Onsuz da görmür. Dedim:

- Çox güman inanmıram. Heç nəyə. Hərdən bu çox ağır olur. Başa düşürsən?

- Hə, başa düşürəm - dedi.

- Bax, mən də onu deyirəm.

İngilis diktor bir ucdan üyüdüb tökürdü. Arvadım iki dəfə dərindən nəfəs aldı, amma ayılmadı.

- Bağışla, - dedim, - kilsəni təsvir eləyə bilmədim. Bacarığım yox imiş. Amma çox istəyərdim edim.

Kor sakitcə oturub başını aşağı salmışdı, diqqətlə mənə qulaq asırdı. Ümumiyyətlə, bu kilsələr filan çox da vecimə deyildi, mənim üçün adi veriliş mövzusudu, belə də, yatmamışdan qabaq baxmaq olar.

Kor öskürməyə başladı, elə bil boğazında nəsə qalmışdı. Şalvarının dal cibindən yaylıq çıxartdı. Sonra dedi:

- Səni başa düşdüm, qoca. Hər şey qaydasındadı. Olur belə. Sən narahat olma.

Bir az susub əlavə etdi:

- Qulaq as, gör ağlıma nə gəldi. Bəlkə belə bir şey eləyək? Kağızla qələm gətirə bilərsən? Bəlkə bir yerdə kilsə şəkli çəkək? Kağızla qələm lazımdı. Hə, dostum, gətir görüm.

Yuxarı çıxdım. Ayaqlarım elə bil pambıqdan idi. Adətən qaçandan sonra ayaqlarım belə olurdu. Yataq otağına girib ora-bura baxmağa başladım. Stolun üstündəki balaca səbətin içindən iki dənə qələm tapdım. Sonra kağızı hardan tapa biləcəyimi fikirləşməyə başladım.

Aşağıda, mətbəxdə kağız torba tapdım. Marketdə vermişdilər. Dibində soğan qabığı vardı. İçini təmizləyib çırpdım. Qonaq otağına gəldim, kağız torbanı jurnal stolunun üstünə sərib qırışlarını əlimlə sığalladım.

Kor divandan durub yanımda, xalçanın üstündə oturdu. Sonra ehtiyatla kağız torbanı sığallamağa başladı, qıraqlarını əlləməyi də unutmadı.

- Belə, - dedi. - Başlayaq.

O, qələm tutan əlimdən yapışdı.

- Hə, dostum, çəkməyə başla. Çək. Mən səni izləyəcəyəm. Görəcəksən. Sadəcə çəkməyə başla. Özün görəcəksən.

Çəkməyə başladım. Əvvəlcə evə oxşayan kvadrat çəkdim. Deyəsən, elə az-çox bizim evimizə oxşayırdı. Sonra damı çəkdim. Damın iki tərəfində də hündür şpil çəkdim. Bu lap ağ oldu.

- Əla, - kor dedi. - Səndə əla alınır. Yəqin ki, haçansa belə bir şey eləməli olacağın ağlına da gəlməmişdi, hə? Həə, həyat qəribə şeydi, bunu hamı bilir. Dayanma, dalını çək.

Pəncərələri çəkdim. Kontrfors dayaqları çəkdim, iri qapılar çəkdim. Dayana bilmirdim. Veriliş isə artıq qurtarmışdı.

Qələmi qoyub barmaqlarımı ovuşdurdum. Kor barmaqlarını şəklin üstündə gəzdirməyə başladı. Barmağının ucuyla qələmin gəzdiyi bütün yerləri hiss etdi.

- Əla alınıb. - Nəhayət dedi.

Təzədən qələmi götürdüm, kor yenə əlini əlimin üstünə qoydu. Yenə çəkməyə başladım. Rəssam deyiləm, amma çəkməyə davam edirdim.

Arvadım gözlərini açıb bizə baxmağa başladı. Başını qaldırmışdı, xalatının ətəyi bayaqkı kimi aralı idi.

- Nəynən məşğulsunuz? Deyin görüm.

Cavab vermədim. Kor dedi:

- Kilsə şəkli çəkirik. Bir yerdə çəkməyə çalışırıq. Qələmi bərk bas, bax, belə yaxşıdı. Dəqiq deyirəm, dostum, səndə əla alındı. Amma deyirdin alınmayacaq. Gördün, alındı ki? İndi hər şeyi aydın təsəvvür edirəm. İndi isə başqa şeylərə keçək. Əlin ağrımır ki? İndi də adamları çək. Adamsız da kilsə olar?

- Robert, nə baş verir? Robert, siz nə edirsiniz? Burda nə baş verir? - Arvadım çaşıb qalmışdı.

- Hər şey qaydasındadı, - kor arvadımı sakitləşdirdi. - İndi gözlərini bağla. - Kor bunu mənə dedi.

Gözlərimi yumdum. O nə deyirdisə, eləyirdim.

- Bağladın? Amma baxma.

- Bağladım.

- Yaxşı. Gözlərini açma. Dayanma, ardını çək.

Çəkməyə davam etdim. Onun əli mənim əlimin üstündəydi, elə bil o da mənimlə bir yerdə çəkirdi. İndiyəcən heç belə şey başıma gəlməmişdi.

- Yəqin ki, bəsdi. Məncə, alındı. Bax. Səncə, necə alındı?

Gözlərimi açmadım. Hələ gözlərimi açmaq istəmirdim.

- Nə oldu? Baxdın? Necə alınıb?

Gözlərimi açmadım. Öz evimdə idim. Bunu bilirdim. Amma mənə elə gəlirdi ki, açıq havada süzürəm.

  • Bu nəsə inanılmaz şeydi, - dedim.

 

Tərcümə etdi: Həmid PİRİYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!