(Əvvəli ötən sayımızda)
Birinci hissəni buradan oxuya bilərsiniz.
7
Burada oxunur:
Fikirli və kədərli
Okassen döndü geri.
Nikolettin həsrəti
Onun qəlbini didir.
Əzab verir bərk ona,
Kim edər kömək ona?
Birbaş saraya gəldi,
Otağına çəkildi.
Gözlərini yaş aldı,
Ağlamağa başladı:
"Nikolett, bircəciyim,
Hamıdan çox sevdiyim,
Gözümün qabağından
Çəkilmir hüsnün bir an.
Sənsiz qalmaq zülümdür,
Tək çarəsi ölümdür".
8
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen otağında oturub Nikolett üçün ağladığı vaxt Valensiya qrafı Buqar müharibəyə davam edirdi. O, süvari və piyada qüvvələrini yığıb qəsri mühasirəyə aldı. Böyük hay-küy qopdu, əsgərlər silahlanıb qəsrin müdafiəsinə qaçdılar, sadə camaat isə qala, divarlarına çıxıb yuxarıdan daş atmağa başladı.
Mühasirənin ən qızğın çağında qraf Qaren çox sevdiyi Nikoletti fikirləşib ağlayan oğlunun otağına gəldi.
- Yazıq və bədbəxt oğlum, - dedi, - bütün qəsrlərdən yaxşı və möhkəm olan qəsrimizin düşmənlər tərəfindən mühasirəyə alınmasına necə sakit baxa bilirsən? Əgər qəsri itirsən, hər şey əlindən çıxacaq. Oğlum, yaraq-yasağını götür, atına min, torpaqlarını qoru, əsgərlərə kömək et, döyüşə gir. Lap əgər döyüşə girməsən də, düşmənlərini öldürməsən də, zərbələrini dəf etməsən də, əsgərlər səni yanlarında görsələr, onda onlar həvəslənib öz canlarını, var-dövlətlərini və bizim torpaqlarımızı daha yaxşı qoruyacaq. Sən elə böyük və güclüsən ki, bunu edə bilərsən, həm də ki, bu sənin borcundur.
- Ata, - Okassen dedi, - siz nə danışırsınız? Əgər mən cəngavər olsam, ata minib döyüşə girsəm, düşmənləri öldürüb onların zərbələrini dəf etsəm, qoy Tanrı ondan istədiyimi mənə verməsin və siz də bu qədər çox sevdiyim Nikolettə məni həsrət qoyasınız.
- Oğlum, - ata dedi, - bu ola bilməz. Onu sənin arvadın və rəfiqən kimi görməkdənsə, məğlub olub hər şeyimi itirməyim daha yaxşıdır.
O, üzünü çevirib getməyə başladı. Amma Okassen onu səslədi:
- Ata, - dedi, - gözləyin, mən sizə yaxşı bir razılaşma təklif edirəm.
- Nədir o, oğlum?
- Bu şərtlə döyüşə girərəm ki, Tanrı mənim canıma dəyməyib sağ buraxdığı təqdirdə, mənə Nikolettlə görüşməyə, ona bir-iki kəlmə ürək sözümü deməyə və heç olmasa, bircə öpüşünü almağa icazə verəsiniz.
- Buna razıyam, - qraf dedi.
O andını təsdiqlədi və Okasseni sevinc çulğadı.
9
Burada oxunur:
Okassen xoşbəxt oldu,
Qəlbi ümidlə doldu.
Bir öpüşün həsrəti
Ona ümidlər verdi.
Geydi cəng əlbisəsi,
Başında dəbilqəsi.
Qılıncını qurşandı,
Hazırlaşıb atlandı.
Ayağı üzəngidə,
Bir görən baxdı bir də.
Xatırladı yarını,
Ürkək baxışlarını.
Yubanmayıb bircə an
Meydana çapdı oğlan.
10
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Bildiyimiz kimi, Okassen yaraq-yasağını qurşanıb atına mindi. İlahi! Dəbilqəsi, qalxanı, sol tərəfindəki qılıncı ona necə yaraşırdı! Necə də hündür, mütənasib, yaraşıqlı oğlandır, necə də güclüdür! Altındakı at isə güclü və sürətlidir. Cəngavər atını qala qapılarına səyirtdi. Elə bilməyin ki, o, öküzləri, inəkləri, keçiləri otarmağa və ya düşmənləri öldürüb zərbələrini dəf etməyə gedirdi. Qətiyyən! Bunlar heç onun yadına da düşmürdü. Nikolettə qovuşmaq arzusu varlığına elə hakim kəsilmişdi ki, başqa hər şey yadından çıxmışdı. Atı isə mühasirəni yarıb onu düşmənlərin çox olduğu yerə apardı. Düşmənlər onun üstünə tökülüşüb qalxanı ilə nizəsini əlindən aldılar, özünü isə əsir apardılar. Gedə-gedə onu necə öldürəcəklərini müzakirə edirdilər. Okassen bunu eşidəndə qışqırdı:
- Rəhmdil Tanrı! Düşmənlər məni əsir götürüb? Boynumu vurmaq istəyirlər? Əgər başımı kəssələr, onda mən daha özümdən çox sevdiyim Nikolettlə danışa bilməyəcəyəm. Qılıncım ki hələ məndədir, elə altımdakı at da pis deyil! Görüm, əllərindən necə çıxa bilirəm. Əgər Tanrı məni sevirsə, o da mənə kömək edər.
O, sağlam və güclü idi, atı isə sürətli. Okassen qılıncını çəkib sağa-sola endirməyə başladı. Bir sağa, bir sola, birinin dəbilqəsi başından getdi, o birinin qolu çiynindən qopdu. Tezliklə düşmənlərin meyitləri Okassenin ətrafında elə qalaqlandı ki, elə bil qaban meşədə üstünə hücum çəkən it sürüsünün leşini salmışdı. O, on cəngavər öldürdü, yeddisini yaraladı, düşmənlərin mühasirəsindən çıxıb qılınc əlində öz şəhərinə tərəf götürüldü.
Valensiya qrafı Buqar cəngavərlərinin Okasseni asmaq istədiyini eşidəndə onların pişvazına çıxmışdı. Okassen onu tanıdı, qılıncı qrafın dəbilqəsinə endirdi, qraf huşunu itirib yerə yıxıldı. Okassen onu özüylə götürüb atasının yanına gətirdi.
- Ata, - dedi, - budur, çoxdandır sizinlə müharibə edən və sizə zərər vuran düşməniniz. Bu müharibə iyirmi ildir davam edirdi və heç kim ona son qoya bilmirdi.
- Oğlum, əzizim, - qraf Qaren dedi, - bax, sən belə igidliklər göstərməlisən, daha boş-boş xəyallar qurmamalısan.
- Ata, - Okassen dedi, - yaxşısı, məsləhətinizdən əl çəkib vədinizi yerinə yetirəsiniz.
- Nə? Hansı vəd, oğlum?
- Ata, yoxsa yadınızdan çıxıb? Başıma and olsun, kimin yadından çıxsa da, mənim yaxşı yadımdadır. Axı mən döyüşə gedəndə söz verdiniz ki, əgər Tanrı canıma dəyməyib məni sağ qoysa, onda mənə əziz rəfiqəm Nikolettlə görüşməyə, ona bir-iki kəlmə söz deməyə və heç olmasa, bircə öpüşünü almağa icazə verəcəksiniz. Buna görə and içmişdiniz və andınızı yerinə yetirməyinizi istəyirəm.
- Mən? - Atası dedi. - Əgər belə bir şeyə icazə versəm, qoy Tanrı da məni tərk etsin. Əgər o qız burada olsaydı, onu ocaqda yandırardım, elə sizin də başınız salamat qalmazdı.
- Bundan başqa heç nə demək istəmirsiniz?
- Tanrı şahiddir ki, yox.
- Sizin yaşda adamın yalan danışmağına təəssüflənirəm. Valensiya qrafı, - Okassen qraf Buqara dedi, - sizi əsir götürmüşəm. Elədir?
- Elədir, cənab, - qraf dedi.
- Əlinizi mənə verin.
- Məmnuniyyətlə, cənab.
Qraf əlini Okassenə verdi.
- Mənə söz verin ki, - Okassen dedi, - nə qədər ömrünüz varsa, nə qədər gücünüz çatırsa, atama ziyan verəcəksiniz, onu biabır edəcəksiniz və var-dövlətini dağıdacaqsınız.
- Cənab, Tanrı xatirinə, zarafat etməyin, yaxşısı, əvəzimdə nə qədər istədiyinizi deyin. Məndən nə qədər qızıl və gümüş, döyüş və yük atları, rəngli parçalar, it və quş istəsəniz, hamısını verərəm.
- Necə? - Okassen dedi. - Siz axı mənim əsirimsiniz, yadınızdan çıxıb?
- Bilirəm, cənab, - qraf dedi.
- Tanrı şahiddir ki, dediklərimi edəcəyinizə and içməsəniz, boynunuzu vuracağam!
- İlahi, özün kömək ol! Nəyə istəsəniz, and içməyə hazıram.
Qraf Buqar and içdi, Okassen onu ata mindirdi, özü də atına minib qrafı təhlükəsiz yerə qədər müşayiət etdi.
11
Burada oxunur:
Gördü ki, qraf Qaren,
Yola gəlmir Okassen,
O sevdiyi gözəli
Unuda bilmir, bəli.
Həbs etdirib oğlunu
Türməyə saldı onu.
Okassen dərd içində,
Zirzəmi hücrəsində
Ağlamağa başladı,
Gözlərindən yaş axdı.
"Nikolett, əziz yarım,
Gül-çiçəkli baharım.
Bir məlahət var səndə,
Səni görsə, ölən də
Dirilib sağlam olar,
Dərdinə əncam olar.
Sənsən bircə pənahım,
Sevməkdir tək günahım.
O qədər arzuladım,
Sənin vəslinə çatım,
Sənin hüsnünə yetim.
Əfsus, mənim qismətim
Səndən uzaq qalmaqmış,
Bu hücrədə ölməkmiş".
(Davamı olacaq)
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
