1
Yaxına gəlsin görək,
Kim istəyir eşitmək
Okassen və Nikolett
Haqqında hekayəni.
Nağıl edim, diqqətlə
Dinləsinlər qoy məni.
Ki, həmin cavan oğlan
Necə olub müztərib?
Bir cüt aydın göz üçün
Qəhrəmanlıq göstərib?
Maraqlıdır hekayəm,
Dilimsə baldan şirin.
Qüvvət verər qoluna
Çarəsiz xəstələrin
Məni dinləyənlərə
Sevinclər bəxş edərəm
Qüssə tamam qeyb olar
Bilməzsiniz nədir qəm.
2
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Valensiya qrafı Buqar Boker qrafı Qarenlə qanlı və qəddar müharibə aparırdı və elə bir gün olmurdu ki, o, yüzlərlə cəngavər, on minlərlə süvari və piyada əsgərdən ibarət ordusu ilə şəhərin qala divarlarının, qapısının və istehkamlarının müdafiəsində dayanmasın. Bununla bərabər o, qraf Qarenin ölkəsini yandırır, torpaqlarını yararsız hala salır və adamlarını öldürürdü.
Boker qrafı Qaren qoca və zəif idi, onun dövranı keçmişdi. Onun bircə oğlundan başqa varisi yox idi, nə başqa oğlanları vardı, nə də qızları. İndi onun oğlunu təsvir edəcəyəm.
Qrafın oğlunun adı Okassen idi. O yaraşıqlı, hündür boylu oğlan idi; əlləri, ayaqları və bədəni mütənasib idi. Açıq sarı və qıvrım saçları, aydın və şən gözləri, mehriban siması, düz və nazik burnu vardı. Elə yaxşı oğlan idi ki, bircə dənə də pis xasiyyəti yox idi, ancaq yaxşı xüsusiyyətlərə malik idi.
Amma o, hər şeyə qalib gələn sevgi hissinə mübtəla olmuşdu, cəngavərlik etmək, silah götürüb turnirlərə getmək, xoşuna gəlməyən işlərlə məşğul olmaq istəmirdi. Atası və anası ona dedi:
– Oğul, yaraq-yasaq götür, ata min, torpaqlarını qoru və tabeliyində olanlara kömək et. Onlar səni yanlarında görsələr, onda öz canlarını, mallarını və bizim torpaqlarımızı daha yaxşı qoruyacaqlar.
– Ata, – Okassen cavab verdi, – siz nə danışırsınız? Əgər cəngavər olsam, ata minib döyüşlərə girsəm, düşmənləri öldürsəm və onların zərbələrindən yayınsam, qoy onda tanrı mənim arzuladıqlarımı mənə verməsin, siz də mənim bu qədər sevdiyim incə rəfiqəm Nikoletti mənə verməyəsiniz.
– Oğlum, – atası dedi, – bəsdir Nikolett haqqında fikirləşdin. O axı yad ölkədən gətirilmiş əsirdir, onu bizim şəhərin vikontu bədəvilərdən alıb gətirib. Burada onu xaç suyuna saldırıb və övladı kimi tərbiyə edib. İndi onu halal çörəyini qazanan birinə verəcək. Ondan əlini çək. Sənin üçünsə kral və ya qraf qızı alım. Fransada elə vacib adam yoxdur ki, sən onun qızını istəyəsən, o da verməsin.
– Yox, ata! Dünyanın hansı şərəfidir ki, mənim incə rəfiqəm Nikolett ona layiq olmasın? Əgər o Konstantinopolun və ya Almaniyanın imperatriçası da olsaydı, bu onun yüksək keyfiyyətləri üçün əskik qalardı.
3
Burada oxunur:
Okassen mənsəblidir,
Boker qəsridir evi.
Amma bu əngəl deyil,
O, Nikoletti sevir.
Nikolettsiz bu dünya
Yaman gəlir dar ona,
Başına ağl qoyur
Çarəsiz ata-ana:
“Oğlum, o qız əsirdir,
Kölə kimi alınıb.
Sənə tay olanı tap,
Əsir qız sənə qalıb?
Gərək mənsəbli olsun
Arvadın da sənin tək”.
“Yox, ana, ürəyimdə
Təkcə onadır istək.
Ürəyim tapmaz aram
Eşitməsə səsini.
Nikoletti sevirəm,
Neynirəm özgəsini?”
4
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Boker qrafı Qaren Nikolettin sevgisini Okassenin ürəyindən çıxara bilmədiyini görəndə şəhərə, vassalı olan vikontun yanına gedib ona belə dedi:
– Cənab vikont, xaç qızınız Nikoletti buradan aparın. Görüm elə onu bizim ölkəmizə gətirdiyiniz torpaqlar lənətə gəlsin! Axı mən ona görə oğlum Okasseni itirirəm; o cəngavərlik etmək, borcunu yerinə yetirmək istəmir. Bilin ki, o qız mənim əlimdə olsaydı, onu ocaqda yandırardım, elə siz özünüz də məndən ehtiyatınızı saxlamalısınız.
– Cənab, – vikont dedi, – oğlunuzun gəlib qızla söhbət etməyi heç mənim də xoşuma gəlmir. Mən axı onu öz pulumla almışam, xaç suyuna saldırmışam, xaç qızım kimi böyüdüb tərbiyə vermişəm. İndi də onu halal çörəyini qazanan bir oğlana vermək niyyətindəyəm. Burada oğlunuz Okassenlik heç nə yoxdur. Amma əgər sizin istəyiniz belədirsə, onda qızı elə bir ölkəyə göndərərəm ki, oğlunuz bir də heç vaxt onu görməz.
– Mən sözümü dedim! – Qraf Qaren dedi. – Yoxsa sizinçün pis olacaq!
Onlar ayrıldılar.
Bu vikont çox vacib adam idi, onun görkəmli sarayı, sarayın arxasında isə bağı var idi.
O, Nikoletti ən üst mərtəbədəki otağa salmağı, tək qalmasın deyə yanına bir qarı göndərməyi, çörək, ət, şərab və başqa vacib şeyləri verməyi əmr etdi.
Sonra qapını möhürlətdirdi ki, heç kim nə içəri girsin, nə də bayıra çıxsın. Otaqda bircə dənə balaca nəfəslik vardı ki, oradan təmiz hava gəlirdi.
5
Burada oxuyurlar:
Əsir qalıb Nikolett
Bapbalaca hücrədə.
Darıxır, qüssə çəkir
Həm gündüz, həm gecə də.
Dalğa-dalğa saçları,
Qələm kimi qaşları,
Mütənasib bədəni
Heyran edir görəni.
Nəfəslikdə dayanır,
Bağa tərəf boylanır.
Görür açıb qızılgül,
Onu vəsf edir bülbül.
Dərindən ah çəkir qız,
Deyir: “Qalmışam yalqız...
Okassenin həsrəti
Ürəyimi göynədir.
Onu sevmişəm deyə
Salınmışam türməyə.
Qəlbim sıxılır yaman
Qaçım gərək buradan”.
6
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Bildiyiniz kimi, Nikoletti sarayın ən yuxarıdakı hücrəsinə salıb bağlamışdılar. Hər yerə xəbər yayıldı ki, o yoxa çıxıb. Bəziləri fikirləşdi ki, o başqa ölkələrə qaçıb, bəziləri isə deyirdi ki, onu qraf Qarenin əmriylə öldürüblər.
Ola bilər bu xəbər kimisə sevindirmişdi, ancaq Okassen dərd içindəydi.
O şəhərə gedib vikontdan soruşdu:
– Cənab vikont, dünyada hamıdan çox sevdiyim əziz rəfiqəm Nikolettin başına nə oyun açmısınız? Siz onu məndən almısınız, oğurlamısınız! Bilin ki, əgər mən qüssədən ölsəm, sizdən qisas alacaqlar və bu çox ədalətli olacaq. Axı mənim ölümümə dünyada hamıdan çox sevdiyim insandan ayırmaqla məhz siz səbəb olmusunuz.
– Cənab, – vikont dedi, – bəsdirin görək. Nikolett əsir idi, öz pulumla bədəvilərdən alıb yad ölkədən gətirmişdim. Onu böyütmüşəm, yedizdirmişəm, tərbiyə vermişəm, xaç suyuna saldırmışam, indi də halal yolla onun üçün çörəkpulu qazanan birinə verəcəyəm. Burada sizlik heç nə yoxdur. Sizsə gedin kral, ya da qraf qızı alın. Həm də ki, Nikoletti oynaşınız eləsəniz, nə qazanacaqsınız? Həm bu dünyada biabır olacaqsınız, həm də o dünyada cəhənnəmə düşəcəksiniz. Çünki bu əməldən sonra çətin ki, cənnət üzü görəsiniz.
– Cənnətdə nə işim var? Mən heç ora getmək istəmirəm. Mənə ancaq sevgilim, əziz, incə Nikolettim lazımdır. Axı cənnətə ancaq sizə deyəcəyim adamlar gedir. Ora ancaq qoca keşişlər, bütün günü kilsə qapılarında sülənən dilənçilər, ayağı yalın, əyni cırıq sərsərilər, aclıqdan, susuzluqdan, soyuqdan və başqa məhrumiyyətdən ölənlər gedir. Onların hamısı cənnətə gedir, mən onlarla neyləyəcəyəm? Mən cəhənnəmə getmək istəyirəm, çünki ora alimlər və turnirlədə ölən cəngavərlər düşür. Mən də onlarla bir yerdə olmaq istəyirəm. Ərindən başqa iki-üç oynaşı olan xanımlar da ora gedir; qızıl, gümüş və məxmər parçalar da ora gedir; musiqiçilər, janqlyorlar və krallar da ora gedir. Mən də onlarla olmaq istəyirəm, ancaq Nikolett də mənim yanımda olsun.
– Nahaq yerə özünüzü yorursunuz, – vikont dedi. – Bir də heç vaxt onu görməyəcəksiniz. Əgər siz onunla danışsaydınız və atanız bundan xəbər tutsaydı, onu da yandırardı, məni də. Elə sizinçün də yaxşı olmazdı.
– Mənim üçün ağırdır! – Okassen kədərlə vikontdan ayrıldı.
7
Burada oxunur:
Fikirli və kədərli
Okassen döndü geri.
Nikolettin həsrəti
Onun qəlbini didir.
Əzab verir bərk ona,
Kim edər kömək ona?
Birbaş saraya gəldi,
Otağına çəkildi.
Gözlərini yaş aldı,
Ağlamağa başladı.
“Nikolett, bircəciyim,
Hamıdan çox sevdiyim.
Gözümün qabağından
Çəkilmir hüsnün bir an.
Sənsiz qalmaq zülümdür,
Tək çarəsi ölümdür”.
8
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen otağında oturub Nikolett üçün ağladığı vaxt Valensiya qrafı Buqar müharibəyə davam edirdi. O, süvari və piyada qüvvələrini yığıb qəsri mühasirəyə aldı. Böyük hay-küy qopdu, əsgərlər silahlanıb qəsrin müdafiəsinə qaçdılar, sadə camaat isə qala divarlarına çıxıb yuxarıdan daş atmağa başladı.
Mühasirənin ən qızğın çağında qraf Qaren çox sevdiyi Nikoletti fikirləşib ağlayan oğlunun otağına fgəldi.
– Yazıq və bədbəxt oğlum, – dedi. – Bütün qəsrlərdən yaxşı və möhkəm olan qəsrimizin düşmənlər tərəfindən müharisəyə alınmasına necə sakit baxa bilirsən? Əgər qəsri itirsən, hər şey əlindən çıxacaq. Oğlum, yaraq-yasağını götür, atına min, torpaqlarını qoru, əsgərlərə kömək et, döyüşə gir. Lap əgər döyüşə girməsən də, düşmənlərini öldürməsən də, zərbələrini dəf etməsən də, əsgərlər səni yanlarında görsələr, onda onlar həvəslənib öz canlarını, var-dövlətlərini və bizim torpaqlarımızı daha yaxşı qoruyacaq. Sən elə böyük və güclüsən ki, bunu edə bilərsən, həm də ki, bu, sənin borcundur.
– Ata, – Okassen dedi, – siz nə danışırsınız? Əgər mən cəngavər olsam, ata minib döyüşə girsəm, düşmənləri öldürüb onların zərbələrini dəf etsəm, qoy tanrı ondan istədiyimi mənə verməsin və siz də bu qədər çox sevdiyim Nikolettə məni həsrət qoyasınız.
– Oğlum, – ata dedi, – bu ola bilməz. Onu sənin arvadın və rəfiqən kimi görməkdənsə, məğlub olub hər şeyimi itirməyim daha yaxşıdır.
O, üzünü çevirib getməyə başladı. Amma Okassen onu səslədi:
– Ata, – dedi, – gözləyin, mən sizə yaxşı bir razılaşma təklif edirəm.
– Nədir o, oğlum?
– Bu şərtlə döyüşə girərəm ki, tanrı mənim canıma dəyməyib sağ buraxdığı təqdirdə mənə Nikolettlə görüşməyə, ona bir-iki kəlmə ürək sözümü deməyə və heç olmasa, bircə öpüşünü almağa icazə verəsiniz.
– Buna razıyam, – qraf dedi.
O andını təsdiqlədi və Okasseni sevinc çulğadı.
9
Burada oxunur:
Okassen xoşbəxt oldu,
Qəlbi ümidlə doldu
Bir öpüşün həsrəti
Ona ümidlər verdi.
Geydi cəng əlbisəsi,
Başında dəbilqəsi.
Qılıncını qurşandı,
Hazırlaşıb atlandı.
Ayağı üzəngidə,
Bir görən baxdı bir də.
Xatırladı yarını
Ürkək baxışlarını.
Yubanmayıb bircə an
Meydana çapdı oğlan.
10
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Bildiyimiz kimi, Okassen yaraq-yasağını qurşanıb atına mindi. İlahi! Dəbilqəsi, qalxanı, sol tərəfindəki qılıncı ona necə yaraşırdı! Necə də hündür, mütənasib, yaraşıqlı oğlandır, necə də güclüdür! Altındakı at isə güclü və sürətlidir. Cəngavər atını qala qapılarına səyirtdi. Elə bilməyin ki, o, öküzləri, inəkləri, keçiləri otarmağa və ya düşmənləri öldürüb zərbələrini dəf etməyə gedirdi. Qətiyyən! Bunlar heç onun yadına da düşmürdü. Nikolettə qovuşmaq arzusu varlığına elə hakim kəsilmişdi ki, başqa hər şey yadından çıxmışdı. Atı isə mühasirəni yarıb onu düşmənlərin çox olduğu yerə apardı. Düşmənlər onu üstünə tökülüşüb qalxanı ilə nizəsini əlindən aldılar, özünü isə əsir apardılar. Gedə-gedə onu necə öldürəcəklərini müzakirə edirdilər. Okassen bunu eşidəndə qışqırdı:
– Rəhmdil tanrı! Düşmənlər məni əsir götürüb? Boynumu vurmaq istəyirlər? Əgər başımı kəssələr, onda mən daha özümdən çox sevdiyim Nikolettlə danışa bilməyəcəyəm. Qılıncım ki hələ məndədir, elə altımdakı at da pis deyil! Görüm əllərindən necə çıxa bilirəm. Əgər tanrı məni sevirsə, o da mənə kömək edər.
O, sağlam və güclü idi, atı isə sürətli. Okassen qılıncını çəkib sağa-sola endirməyə başladı. Bir sağa, bir sola, birinin dəbilqəsi başından getdi, o birinin qolu çiynindən qopdu. Tezliklə düşmənlərin meyitləri Okassenin ətrafında elə qalaqlandı ki, elə bil qaban meşədə üstünə hücum çəkən it sürüsünün leşini salmışdı. O, on cəngavər öldürdü, yeddisini yaraladı, düşmənlərin mühasirəsindən çıxıb qılınc əlində öz şəhərinə tərəf götürüldü.
Valensiya qrafı Buqar cəngavərlərinin Okasseni asmaq istədiyini eşidəndə onların pişvazına çıxmışdı. Okassen onu tanıdı, qılıncı qrafın dəbilqəsinə endirdi, qraf huşunu itirib yerə yıxıldı. Okassen onu özüylə götürüb atasının yanına gətirdi.
– Ata, – dedi, – budur çoxdandır sizinlə müharibə edən və sizə zərər vuran düşməniniz. Bu müharibə iyirmi ildir davam edirdi və heç kim ona son qoya bilmirdi.
– Oğlum, əzizim, – qraf Qaren dedi, – bax, sən belə igidliklər göstərməlisən, daha boş-boş xəyallar qurmamalısan.
– Ata, – Okassen dedi, – yaxşısı, məsləhətinizdən əl çəkib vədinizi yerinə yetirəsiniz.
– Nə? Hansı vəd, oğlum?
– Ata, yoxsa yadınızdan çıxıb? Başıma and olsun, kimin yadından çıxsa da, mənim yaxşı yadımdadır. Axı mən döyüşə gedəndə söz verdiniz ki, əgər tanrı canıma dəyməyib məni sağ qoysa, onda mənə əziz rəfiqəm Nikolettlə görüşməyə, ona bir-iki kəlmə söz deməyə və heç olmasa bircə öpüşünü almağa icazə verəcəksiniz. Buna görə and içmişdiniz və andınızı yerinə yetirməyinizi istəyirəm.
– Mən? – Atası dedi. – Əgər belə bir şeyə icazə versəm, qoy tanrı da məni tərk etsin. Əgər o qız burada olsaydı, onu ocaqda yandırardım, elə sizin də başınız salamat qalmazdı.
– Bundan başqa heç nə demək istəmirsiniz?
– Tanrı şahiddir ki, yox.
– Sizin yaşda adamın yalan danışmağına təəssüflənirəm. Valensiya qrafı, – Okassen qraf Buqara dedi, – sizi əsir götürmüşəm. Elədir?
– Elədir, cənab, – qraf dedi.
– Əlinizi mənə verin.
– Məmnuniyyətlə, cənab.
Qraf əlini Okassenə verdi.
– Mənə söz verin ki, – Okassen dedi, – nə qədər ömrünüz varsa, nə qədər gücünüz çatırsa, atama ziyan verəcəksiniz, onu biabır edəcəksiniz və var-dövlətini dağıdacaqsınız.
– Cənab, tanrı xatirinə, zarafat etməyin, yaxşısı, əvəzimdə nə qədər istədiyinizi deyin. Məndən nə qədər qızıl və gümüş, döyüş və yük atları, rəngli parçalar, it və quş istəsəniz, hamısını verərəm.
– Necə? – Okassen dedi. – Siz axı mənim əsirimsiniz, yadınızdan çıxıb?
– Bilirəm, cənab, – qraf dedi.
– Tanrı şahiddir ki, dediklərimi edəcəyinizə and içməsəniz, boynunuzu vuracağam!
– İlahi, özün kömək ol! Nəyə istəsəniz, and içməyə hazıram.
Qraf Buqar and içdi, Okassen onu ata mindirdi, özü də atına minib qrafı təhlükəsiz yerə qədər müşayiət etdi.
11
Burada oxunur:
Gördü ki, qraf Qaren,
Yola gəlmir Okassen.
O sevdiyi gözəli
Unuda bilmir, bəli.
Həbs etdirib oğlunu
Türməyə saldı onu.
Okassen dərd içində,
Zirzəmi hücrəsində
Ağlamağa başladı,
Gözlərindən yaş axdı.
“Nikolett, əziz yarım,
Gül-çiçəkli baharım.
Bir məlahət var səndə,
Səni görsə, ölən də
Dirilib sağlam olar,
Dərdinə əncam olar.
Sənsən bircə pənahım,
Sevməkdir tək günahım.
O qədər arzuladım,
Sənin vəslinə çatım,
Sənin hüsnünə yetim.
Əfsus, mənim qismətim
Səndən uzaq qalmaqmış,
Bu hücrədə ölməkmiş”.
12
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Artıq bildiyiniz kimi, Okassen türməyə salınmışdı, Nikolett isə otaqda həbs edilmişdi. May ayı idi, ilin elə vaxtı idi ki, günlər uzun, isti və işıqlı, gecələr isə sakit və şəffaf keçirdi.
Bir gecə Nikolett yerində uzanmışdı, birdən nəfəslikdən Ayın necə nur saçdığını gördü, bülbülün bağda ötməsini eşitdi. Çox sevdiyi, ruhuna həmdəm saydığı Okasseni xatırladı. Və ona ölüncə nifrət edən Boker qrafı Qareni fikirləşdi, qərara gəldi ki, nə olur-olsun, daha burada qala bilməz. Axı əgər kimsə onun yerini qrafa desəydi, qraf onun harada olduğunu öyrənsəydi, qızı dəhşətli işgəncələrlə öldürərdi.
Onunla bir otaqda qalan qarının yatdığını eşidəndə durub gözəl ipək paltarını geyindi, döşəkağı və dəsmalları götürüb bir-birinə bağladı, bacardığı qədər uzun kəndir düzəltdi. Kəndirin ucunu nəfəsliyə bağlayıb aşağı düşdü.
Paltarının ətəyini əlinə yığıb bağdakı şehli otların üstüylə getməyə başladı. Açıq rəngli saçları qıvrım idi, aydın gözləri şən-şən gülümsəyirdi, incə və düz burnu uzunsov simasına əlavə yaraşıq verirdi, dodaqları albalı və ya yayda açmış qızılgül kimi qırmızı idi, dodaqlarının arasında xırda dişləri parıldayırdı, balaca döşləri isə paltarıın altından qabarmışdı. Beli o qədər incə idi ki, əllərinlə tutanda barmaqların bir-birinə dəyərdi.
Ayaqlarının altında qalıb əzilən qırmızı qızçiçəkləri onun dərisiylə müqayisədə qapqara görünürdü.
Bağın çəpərindən aşıb Bokerin küçələri ilə getməyə başladı, Ay küçələri gündüz kimi aydınlatdığı üçün kölgə ilə gedirdi. Dostunun saxlanıldığı qəsrə çatana qədər getdi. Qəsrin divarları bəzi yerlərdən çatlamışdı, Nikolett plaşına bərk-bərk bürünüb bu yarıqlardan birinə girdi və Okassenin canından çox sevdiyi rəfiqəsindən ayrı düşdüyü üçün necə ah-nalə çəkdiyini eşitdi. Okassen danışıb qurtarandan sonra qız dedi.
13
Burada oxunur:
Nikolett inildədi,
Axıracan dinlədi
Okassenin səsini,
Qəmli ah-naləsini.
Ürəyi etmədi tab,
Yarına verdi cavab:
“Yaraşıqlı igidim,
İndi məni eşidin.
Vüsal bizdən uzaqdır,
Dərd çəkməyin, nahaqdır.
Axı atanız məni
İstəmir gəlin kimi.
Etsək də daim fəğan,
Qovuşmarıq heç zaman.
Çarəsi budur gedim,
Buraları tərk edim.
Yollanım gəmi ilə,
Çıxım başqa sahilə”.
Nikolett öz saçından
Tutub kəsdi bir tutam.
Atdı onu hücrəyə,
Okassenə hədiyyə.
Okassen saçı aldı,
Qoxuladı, ağladı.
14
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen Nikolettin başqa ölkələrə getmək istədiyini eşidəndə çox hirsləndi.
– Əziz rəfiqəm, – dedi, – siz buradan heç yerə getməyəcəksiniz, yoxsa mən ölərəm. Sizi kim görsə, əgər əlində imkan olsa, o saat sizə sahib olmaq istəyəcək, yatağına çəkib sizi oynaşı edəcək. Əgər siz mənim yatağımdan başqa bir yatağa uzansanız, onda elə bilməyin ki, ürəyimə sancmaq üçün bıçaq axtaracağam. Yox, əslində, qətiyyən gözləməyəcəyəm, gözümə daş və ya daş hasar dəyən kimi başımı ona çırpacağam, qoy gözlərim çıxsın, beynim daşlara yaxılsın. Sizin mənim yatağımdan başqa bir yataqda uzanmağınızı eşitməkdənsə, bu cür qəddarlıqla ölmək daha yaxşıdır.
– Ah, – Nikolett inildədi, – heç bilməzdim ki, siz məni belə çox sevirsiniz, amma bilin ki, mən sizi sizin məni sevdiyinizdən də çox sevirəm.
– Yox, – Okassen dedi, – incə rəfiqəm, ola bilməz ki, siz məni mənim sizi sevdiyim qədər sevəsiniz. Qadın kişini kişinin qadını sevdiyi qədər sevə bilməz. Axı qadın gözləri ilə, bədəni ilə, barmaqlarının ucu ilə sevir, kişinin sevgisi isə ürəyindədir, onu oradan asanlıqla çıxarmaq olmaz.
Okassenlə Nikolett bu cür söhbət etdikləri vaxt qəflətən şəhər gözətçiləri peyda oldu. Onlar plaşlarının altında qılınc gizlətmişdilər, çünki qraf Qaren əmr etmişdi ki, birdən Nikoletti görsələr, görən kimi tutub öldürsünlər.
Qüllədə dayanan gözətçi Nikolettin gəlməyini görmüşdü, indi də gözətçilərin gedə-gedə Nikoletti öldürmək əmri haqda danışdıqlarını eşitdi.
“İlahi, – qüllədəki gözətçi fikirləşdi, – gərək gizlincə Nikolettə xəbər verim. Əgər yazıq qızı tutub öldürsələr, gənc ağam Okassen dərddən ölər. Bu da heç yaxşı olmaz”.
15
Burada oxunur:
Qüllədəki gözətçi,
Çox yaxşı oğlan idi.
Yox idi heç qorxusu,
Heç bir şeydən, doğrusu.
Qıza xəbər verməkçün,
Mahnı oxudu həzin:
“Dalğa-dalğa saçların,
Qələm kimi qaşların,
Canlar alan gözlərin,
Al yanağın var sənin.
Gözəl, cəsarətli qız,
Abırlı, ismətli qız.
Sevgilin də var igid,
İndisə məni eşit.
Əsgərlər silahlanıb,
Küçələrə paylanıb.
Sənin üçün gəzirlər,
Tapıb öldürəcəklər.
Onlara yaxalanma,
Qaç buradan, dayanma”.
16
Deyirlər, danışırlar, nağıl edirlər ki:
– Ah, – Nikolett dedi, – məni təhlükədən xəbərdar etdiyin üçün çox sağ ol, qoy valideynlərinin ruhu hər iki dünyada rahat olsun. Tanrının köməyilə əsgərlərdən qaçıb gizlənərəm.
Nikolett plaşına bürünüb gizləndi, əsgərlərin keçib getməyini gözlədi. Sonra Okassenlə sağollaşıb qəsrin divarına çatana qədər getdi. Divar bir yerdən sökülmüşdü. Nikolett dağıntı yerindən keçdi, bu dəfə də onu şəhərin ətrafında qazınmış dərin xəndək çıxdı. Boylanıb aşağı baxdı, xəndək dərin və böyük idi.
“İlahi, əgər aşağı yıxılsam, boynumu sındıraram, yox əgər burada qalsam, əsgərlər məni tutub ocaqda yandırar. Yaxşısı, elə indi ölüm, sabah bütün şəhər mənim yandırılmağıma baxmasın”.
Qız xaç çəkib xəndəyin içinə düşdü. Xəndəyin dibinə çatanda indiyə qədər yara nə olduğunu bilməyən əlləri on iki yerdən yaralanmışdı, qan sızırdı. Amma qız elə qorxurdu ki, bu yaraların ağrısını hiss etmirdi.
Xəndəkdən çıxmaq daha çətin idi. Amma Nikolett burada qala bilməzdi. Əsgərlərin şəhəri müdafiə edəndə atdığı nizələrdən biri xəndəyin dibində idi, qız onu götürüb torpağa sanca-sanca birtəhər yuxarı çıxmağa başladı.
İki ox məsafəsində otuz millik meşə sahəsi vardı, meşədə isə vəhşi heyvanlar yaşayırdı.
Qız vəhşi heyvanlar onu yeyər deyə meşəyə getməyə qorxurdu, amma sonra ocaqda yandırılmaq yadına düşdü.
17
Burada oxunur:
Xəndək yaman dərindi,
Onu keçmək çətindi.
Amma qız onu keçdi,
Dayanıb fikirləşdi:
“İlahi, mən nə edim?
İndi hayana gedim?
Halım ağlamalıdı,
Bütün yollar bağlıdı.
Əgər getsəm meşəyə,
Heyvanlar məni yeyər.
Parçalar aslan məni,
Canavar, qaban məni.
Burada qalsam əgər,
Gözətçilər görərlər.
Yaxşısı, belə edim,
Elə meşəyə gedim.
Yaxşıdır yanmaqdansa
Heyvanlara yem olsam”.
18
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Nikolett xeyli beləcə dayanıb fikirləşdi. Axırda özünü tanrıya əmanət edib meşəyə yollandı. Amma meşənin dərinliyinə girməyə qorxdu, elə çayın sahilindəki kolluğa girib oturdu. Yuxu onu apardı, səhər açılana, çobanlar şəhərdən çıxıb qoyunları çay sahilində otarmağa gətirənə qədər bərk yatdı.
Çobanlar meşənin yanından axan çayın sahilində oturub çörək yeməyə başladılar. Onlar yedikləri vaxt Nikoletti quşların səsi yuxudan oyatdı. Qız çobanlara yaxınlaşdı:
– Uşaqlar, – dedi, – tanrı köməyiniz olsun!
– Çox sağ olun, – o birilərdən daha cəsarətli olan uşaq dedi.
– Əziz uşaqlar, – Nikolett dedi, – siz qraf Qarenin oğlu Okasseni tanıyırsınız?
– Əlbəttə, çox yaxşı tanıyırıq.
– Əgər ona rast gəlsəniz, deyin ki, bu meşədə vəhşi heyvan var, onu ovlamağa gəlsin. Əgər o heyvanı ovlaya bilsə, onun bircə tikəsini də nəinki yüz marka, heç beş yüz marka da, heç bütün bir sərvətə də verməz.
Çoban uşaqlar ağzıaçıq oturub qıza baxırdılar, Nikolettin gözəlliyi onları heyran etmişdi.
– Okassenə bunları deyək? – O birilərdən cəsarətli olan uşaq dedi. – Bunu ona desək, lənətə gələk! Sizin dedikləriniz hamısı uydurmadır, bu meşədə elə bir heyvan yoxdur ki, onun əti iki, ən çoxu üç markdan baha olsun. Nə şir, nə maral, nə də qaban. Siz isə belə böyük pullardan danışırsınız. Kim sizə inansa, dediklərinizi Okassenə çatdırsa, lənətə gəlsin! Siz pərisiniz, öz yolunuzla gedin, siz bizə lazım deyilsiniz.
– Uşaqlar, – Nikolett dedi, – sizə dediyimi edin. Bu heyvanın əti şəfalıdır, Okassenin bütün dərdlərinə çarə edəcək. Baxın, məndə beş su var, əgər dediklərimi ona çatdırmağa razısınızsa, bu pulu sizə verəcəyəm. Qoy üç gün gəlib burada ov etsin, əgər üç gün ərzində o heyvanı tapa bilməsə, onda onu bir də heç vaxt tapa bilməyəcək və dərdinə də çarə olmayacaq.
– Yaxşı, – çoban uşaq dedi, – pulu götürürük. Əgər Okassen bura gəlsə, dediklərinizi ona çatdırarıq, amma özümüz gedib onu axtarmayacağıq.
– Elə olsun, – qız dedi.
Çobanlarla sağollaşıb getdi.
19
Burada oxunur:
Nikolett yola düşdü,
Bir talaya yetişdi.
Burada birləşirdi,
Yeddi yol kəsişirdi.
Qız bir an dayanmadan,
Ağac budaqlarından,
Sığınacaq düzəltdi.
Güllər yığıb bəzədi
Komasını Nikolett,
Qəlbində tutdu niyyət:
“Məni sevirsə əgər,
Mənə verirsə dəyər,
Okassen bura gələr,
Bu talada dincələr.
Axtarar, tapar məni,
Burdan aparar məni.
Əgər gəlib çıxmasa,
Heç məni axtarmasa,
Məni sevmirmiş demək,
Onda hər şey bitəcək”.
20
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Artıq bildiyiniz kimi, Nikolett ağac budaqlarından kölgəlik düzəltdi, içini və üstünü gözəl güllərlə bəzədi, özü isə gedib yaxınlıqdakı kolluqda gizləndi, görsün Okassen gələndə nə edəcək.
Nikolettin yoxa çıxma xəbəri hər yerə yayıldı. Bəziləri deyirdi ki, o qaçıb, bəziləri isə qraf Qarenin onu öldürdüyünü deyirdi.
Əgər buna sevinənlər var idisə də, Okassen onlardan deyildi.
Qraf Qaren onu türmədən buraxdırdı, oğlunu şənləndirmək üçün bütün cəngavərləri və gözəl xanımları dəvət edib ziyafət düzəltdi.
Ziyafətin ən qızğın çağında Okassen qəmgin halda sütuna söykənib dayanmışdı. Hamı sevinirdi, amma Okassen burada xoşuna gələn heç nə görmədiyi üçün sevinə bilmirdi. Bir cəngavər onu görüb yanına gəldi.
– Okassen, – dedi, – mən də sizin dərdinizə mübtəla olmuşdum. Əgər qulaq asmaq istəyirsinizsə, sizə məsləhət verə bilərəm.
– Cənab, – Okassen cavab verdi, – sizə minnətdar olaram, yaxşı məsləhətə ehtiyacım var.
– Atınıza minib meşəyə gedin, gül-çiçəyə tamaşa edin, quşların cəh-cəhinə qulaq asın. Bəlkə, elə bir söz eşidəcəksiniz ki, ürəyiniz yüngülləşəcək.
– Cənab, çox sağ olun, dediyiniz kimi edəcəyəm.
Okassen zaldan çıxıb atının bağlandığı tövləyə getdi. Atını yəhərləməyi əmr etdi, minib ayaqlarını üzəngiyə keçirtdi, qəsrdən çıxıb meşəyə yollandı. Gün batmağa az qalmış çay qırağında oturub çörək yeyən çobanların yanına çatdı.
21
Burada oxunur:
Sahildəki çobanlar,
Onu qarşıladılar.
Uşaqlar şənlənirdi,
Kefləri çox kök idi.
Bax, sevinə-sevinə,
Dedilər Okassenə:
“Ey qəhrəman ağamız,
Bizim cavan ağamız.
Canınız sağlam olsun,
Ömrünüz uzun olsun!
Səhər çağında yalqız
Qızılı saçlı bir qız
Yanımızdan keçirdi,
Bizə çoxlu pul verdi.
Ona görə gülürük,
Şənlənib əylənirik.
İstəyirik o pula,
Cürbəcür şeylər alaq:
Bıçaq, buynuz və tütək,
Şipşirin, yağlı çörək”.
22
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Balaca çobanların sözləri Okassenin yadına sevimli rəfiqəsi Nikoletti saldı, fikirləşdi ki, görəsən qız buradan keçməyib? Atını çobanların yanında saxladı:
– Salam, uşaqlar.
– Salam, – o birilərdən cəsarətli olan uşaq dedi.
– İndicə oxuduğunuz nəğməni bir də oxuyun.
– Yox, daha oxumayacağıq, – o birilərdən cəsarətli olan uşaq dedi. – Onu sizə oxusaq, lənətə gələk!
– Əziz uşaqlar, bəyəm məni tanımadınız?
– Lap yaxşı da tanıdıq. Siz Okassensiniz – bizim cavan ağamız. Amma biz atanızın təbəəsiyik, sizin yox.
– Uşaqlar, xahişimi yerə salmayın.
– İşə düşdük də! Əgər ürəyim istəmirsə, onda nə üçün oxumalıyam? Bu ölkədə qraf Qarendən başqa elə bir adam yoxdur ki, bizim otardığımız qoyunlar, keçilər, inəklər bağ-bostanına girib dağıtsa da, onları qovmağa cəsarəti çatsın. Belə olan halda, nə üçün ürəyim istəməyən şeyi eləməli, sizin üçün oxumalıyam?
– Uşaqlar, xahiş edirəm, baxın, məndə on su var, alın bu pulu, oxuyun.
– Ağa, pulu almağına alacağıq, amma oxumayacağıq, çünki buna and içmişik. Amma əgər belə çox istəyirsinizsə, onda sizin üçün bir şey danışa bilərik.
– Danışın, – Okassen dedi, – heç yoxdansa, bu yaxşıdır.
– Ağa, bu gün səhər elə burada oturub çörək yeyirdik. Bura bir qız gəldi, o qədər gözəl idi ki, onu pəri zənn etdik, gözəlliyi ilə meşəyə işıq saçırdı. O bizə çoxlu pul verdi, biz də söz verdik ki, əgər siz bura gəlsəniz, sizə tapşıraq ki, bu meşədə ova çıxasınız. Bu meşədə bir heyvan var ki, onu ovlasanız, ətinin bircə tikəsini də bir qucaq sərvətə dəyişməzsiniz, çünki o heyvanın əti sizin bütün dərdlərinizə çarə edər. Üç gün ərzində o heyvanı ovlamalısınız, yox əgər ovlaya bilməsəniz, onda onu bir də heç vaxt görə bilməyəcəksiniz. İndi əgər ürəyiniz istəyirsə, gedin ova, əgər istəmirsinizsə, onda heç lazım da deyil. Mən söz verdiyim şeyi elədim.
– Əziz uşaqlar, – Okassen dedi, – siz lazım olanı mənə dediniz, indi tanrı köməyim olsun, onu tapa bilim.
23
Burada oxunur:
Okassen uşaq deyil,
Başa düşdü hər şeyi.
Çapdı birbaş meşəyə,
Yarını tapsın deyə.
Düşdü yolun düzünə,
Deyirdi öz-özünə:
“Nikolettim, əzizim,
Sevgilim, iki gözüm.
Mənim ovum sizsiniz,
Sizsiniz mənə əziz.
Rəfiqəm, Nikolettim,
Əgər varsa qismətim
Gəlib sizi taparam,
Özümlə apararam”.
24
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen atını səyirdib dolanbac meşə yoluyla çapırdı. Elə bilməyin ki, budaqlar və tikanlar ona rəhm edirdi. Qətiyyən! Budaqlar və tikanlar onun paltarını cırırdı, əllərini, üzünü, sinəsini və ayaqlarını cızırdı. Otuz, ya da qırx yerindən qan axırdı, yaralarından yerə daman qan damcılarını görmək olurdu. İncə rəfiqəsi Nikolett haqqında fikirlərə o qədər dalmışdı ki, heç nə hiss etmirdi, getdikcə meşənin dərinliklərinə gedirdi, amma ondan hələ də xəbər yox idi.
Gecənin düşdüyünü görəndə kədərlənib Nikoletti tapa bilmədiyi üçün ağlamağa başladı.
Köhnə, ot basmış yolla gedəndə ətrafa boylandı və indi sizin üçün təsvir edəcəyim adamı gördü.
Hündür boylu idi, vəhşiyə oxşayırdı. Başı böyük idi, rəngi kömür qapqara idi, gözlərinin arasında bir qarış məsafə vardı, qalın qaşları gözlərinin üstünə sallanmışdı, nəfəs alanda burnunun böyük deşikləri tərpənirdi, iri dodaqları təzə kəsilmiş ət kimi qıpqırmızı idi, uzun dişləri saralmışdı. Ayaqlarına ayaqqabı yerinə heyvan dərisi bağlamışdı. Qara plaşa bürünmüşdü, dəyənəyə söykənib dayanmışdı.
Okassen onu görəndə qorxdu.
– Tanrı köməyin olsun, qardaş!
– Sizin də!
– Bura bax, burada nə edirsən?
– Nəyinizə lazımdır?
– Heç nəyimə, elə-belə soruşdum.
– Nə üçün ağlayırsınız? – adam soruşdu. – Nədir sizi kədərləndirən? Əgər mən də sizin kimi vacib adam olsaydım, dünyada heç nə məni ağlada bilməzdi.
– Sən bəyəm məni tanıyırsan? – Okassen soruşdu.
– Əlbəttə, siz qrafın oğlu Okassensiniz. Əgər siz mənə nə üçün ağladığınızı desəniz, mən də sizə burada nə elədiyimi deyərəm.
– Nə olar, – Okassen cavab verdi, – deyərəm. Səhər bura ov etməyə gəlmişdim, ov tulam da yanımda idi. Çox gözəl it idi, dünyada onun kimisini tapmazsan. Onu itirmişəm, ona görə ağlayırdım.
– İlahi! – adam qışqırdı. – Bu ağaların da əcəb dərdləri varmış! Hansısa murdar itə görə ağlayırdınız? Atanız hansı mənsəb sahibinə əmr etsə, o cür itdən onunu, on beşini, iyirmisini birdən gətirərlər sizin üçün. Tapşırığı yerinə yetirdiyi üçün də sevinər. Sizə baxanda mən həqiqətən ağlamalı gündəyəm.
– Sənə nə olub, qardaş?
– Cənab, mən də sizə öz başıma gələni danışım. Məni varlı kəndlilərdən biri yer şumlamağa çağırmışdı, dörd camışla işə başladım. Üç gün əvvəl başıma bəla gəldi, camışlardan ən yaxşısını itirdim. İndi onu axtarıram. Üç gündür ac-susuz gəzirəm, şəhərə getməyə isə qorxuram, çünki camışın əvəzində verməyə heç nəyim yoxdur, buna görə məni türməyə salacaqlar. Əynimdə gördüklərinizdən başqa heç nəyim yoxdur. Qoca anamın da bircə döşəyi vardı, onu oğurladılar, indi quru samanın üstündə yatır. Öz dərdimdən çox ona yanıram. Pul gəldi-gedər şeydi, haçansa işləyib camışın pulunu verə bilərəm. Sizdə durub hansısa murdar itə görə ağlayırsınız. Buna görə heç kim sizə əhsən deməz.
– Mənə yaxşı ürək-dirək verdin, qardaş. Çox sağ olasan. Camışın qiyməti nə qədərdir?
– Cənab, məndən iyirmi su istəyirlər, mənimsə bircə qəpiyim də yoxdur.
– Al, burada iyirmi su var, get camışın pulunu ver.
– Cənab, – kəndli dedi, – tanrı köməyiniz olsun! Tezliklə axtardığınızı tapasınız!
Kəndli çıxıb getdi, Okassen isə yoluna davam etdi.
Gecə çox aydınlıq idi, Okassen yeddi yolun ayrıcına çatana qədər xeyli getdi. O, yeddi yol ayrıcında kölgəliyi gördü, bunu Nikolett düzəltmişdi, artıq bilirsiniz. Kölgəlik elə gözəl idi ki, gül-çiçəklə elə qəşəng bəzədilmişdi ki, dünyada ikinci belə kölgəlik tapmaq olmazdı. Okassen kölgəliyi görən kimi dayandı, Ay işığı onu aydınladırdı.
– İlahi, – Okassen dedi, – bunu mənim incə rəfiqəm Nikolett düzəldib. O, bu kölgəliyi öz incə əlləri ilə hazırlayıb. Ona bəslədiyim ülvi hisslərə görə atımdan düşüb gecəni burada dincələcəyəm.
Onun atı hündür idi. Okassenin fikri Nikolettin yanında qalmışdı, buna görə ayağını üzəngidən çıxartıb yerə düşmək istəyəndə sürüşüb yıxıldı, çiyni daşa dəyib çıxdı.
Okassen kəskin ağrı hiss etdi, amma özünü ələ alıb sağlam əli ilə atını itburnu koluna bağladı, kölgəliyə girib uzandı. Budaqların arasından ulduzlar görünürdü. Ulduzlardan biri o birilərdən daha parlaq idi, Okassen ona baxıb belə dedi.
25
Burada oxunur:
“Ey məndən uzaq ulduz,
Səmada çıraq ulduz,
Ay da çox parlaq çıxıb.
Tanrı səni yandırıb
Dünyaya nur saçasan,
Gecəmizi qucasan.
Bilirəm, indi əlbət
Yanındadır Nikolett.
Əlimdə olaydı kaş,
Gələydim ora birbaş.
Yarıma qovuşaydım,
Onunla bir olaydım”.
26
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Nikolett Okassenin səsini eşidən kimi yanına gəldi, çünki çox uzaqda deyildi. Kölgəliyə girib Okasseni qucaqladı, onu öpüb-əzizləməyə başladı.
– Əziz dostum, nəhayət ki, sizi tapdım.
– Mən də sizi, əziz rəfiqəm!
Yenə qucaqlaşıb öpüşdülər, sevinclərinin həddi-hüdudu yox idi.
– Təsəvvür edirsiniz, əziz rəfiqəm, – Okassen dedi, – çiynim çıxıb, amma nə ağrı hiss edirəm, nə də əzab çəkirəm, çünki siz mənim yanımdasınız.
Qız onun çiyninə toxunub gördü ki, doğrudan da çıxıb. Onda Nikolett Okassenin çiynini sığallamağa başladı və sevənləri sevən tanrının köməyilə çiynini yerinə saldı. Sonra gül ləçəkləri, yarpaq və ot yığdı, paltarından kəsdiyi parça ilə Okassenin çiyninə səridi.
– Okassen, əziz və sevimli dostum, indi mənə qulaq asın. Əgər sabah atanız sizi axtarmağa adam göndərsə, onda bizi bu meşədə tapacaqlar. Sizinlə bilmirəm nə edəcəklər, amma məni yəqin, öldürəcəklər.
– Mənim əziz, incə rəfiqəm, elə olsa, dərddən ürəyim partlayar. Əgər gücüm çatsa, sizi heç kimə verməyəcəyəm.
Ata minib qızı da tərkinə aldı, at belində qucaqlaşa-qucaqlaşa, öpüşə-öpüşə meşədən çıxdılar.
27
Burada oxunur:
Okassen çox sevinir,
Şən danışır, şən dinir.
Elə hey öpür qəlbən
Nikolettin üzündən,
Nikolettin gözündən.
Nikolett ona deyir:
“Əziz dostum, deyin bir,
Yolumuz hayanadır?
Hansı bir diyaradır?”
“Onun fərqi nədir ki?
Ayrılmayaq biz təki.
Ya dağ olsun, ya dərə,
Təki olaq bir yerdə”.
At süzürdü quş kimi,
Yayından qopmuş kimi.
Çox yerlərdən keçdilər,
Dənizə yetişdilər.
28
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Artıq bildiyiniz kimi, Okassenlə Nikolett dəniz sahilində atdan düşdülər. Okassen bir əliylə Nikolettin əlindən tutdu, o biri əliylə atın yüyənindən və sahil boyu getməyə başladılar.
Okassen gördü ki, sahilə yaxın yerdən ticarət gəmisi üzür. O, işarə etdi, gəmi sahilə yaxınlaşıb lövbər saldı. Qiymət danışıb gəmiyə mindilər. Onlar dənizdə olanda möhkəm tufan başladı, uzun müddət davam etdi və gəmini ölkədən ölkəyə apardı, axırda gəlib Torlor adlı ölkəyə çıxılar. Soruşdular ki, bu torpaqlar kimindir? Yerlilər dedilər ki, bura Torlor şahınındır. Sonra Okassen soruşdu ki, o necə adamdır və kiminləsə müharibə aparmır ki?
– Hə, – dedilər, – o hazırda böyük müharibə aparır.
Onda Okassen tacirlərlə sağollaşdı, tacirlər ona xeyir-dua verib yola saldılar. Okassen atına mindi, rəfiqəsini tərkinə aldı, qılıncını siyirib qəsrə getdi.
Qəsrə çatan kimi şahı soruşdu, dedilər ki, şah doğmağa hazırlaşır.
– Bəs onun arvadı hanı?
Dedilər ki, şahın arvadı müharibə edir və qəsrdə kim varsa, hamısını yığıb müharibəyə aparıb. Okassen atdan düşdü, Nikolett də düşüb onun yanında dayandı. Okassen atın yüyənini Nikolettə verib gözləməyi tapşırdı, özü siyrilmiş qılıncla qəsrə girdi və şahın yataq otağına çatana qədər getdi.
29
Burada oxunur:
O cəngavər Okassen,
İgid bir ər Okassen,
Yataq otağına girdi,
Şahı uzanmış gördü.
Soruşdu ki: “Nə olub?”
Şah dedi: “Oğlum olub.
Tanrı sağlam eləsin!
Çıxsın onun çiləsi,
Durum gedim kilsəyə,
Ayin keçirdim deyə.
Sonra da boşalaram,
Orduma qoşularam”.
30
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen bunu eşidən kimi şahın üstündəki adyalı dartıb yerə atdı, çarpayının yanındakı dəyənəyi götürüb şahı elə döydü ki, az qaldı onun canı çıxsın.
– Cənab, – şah qışqırdı, – məndən nə istəyirsiniz? Başınıza hava gəli? Məni öz evimdə döyürsünüz?
– Sizi görüm lənətə gələsiniz! – Okassen dedi. – Əgər and içməsəniz ki, hələ indiyə qədər sizin ölkənizdə heç bir kişi doğmayıb, sizi ölüncə döyəcəyəm!
Şah and içdi, sonra Okassen ona dedi:
– İndi məni arvadınızla ordunuzun yanına aparın.
– Canla-başla, – şah dedi.
Şah öz atına mindi, Okassen öz atına. Nikolett isə şahın arvadının otağında qaldı. Onlar müharibə meydanına çatana qədər getdilər. Okassen gördü ki, əsgərlər qaynadılmış almalarla, yumurtalarla və pendirlə dava edir.
Okassen bunu görəndə çox təəccübləndi.
31
Burada oxunur:
Okassen at belində,
Qılıncı da əlində,
Təəccübdən donmuşdu,
Eləcə oturmuşdu.
Baxırdı ki, əsgərlər
Nə ilə döyüşürlər.
Alma, yumurta, pendir
Düşmənlər imiş, bax bir!
Kim bərkdən qışqırırdı –
O cəsur sayılırdı.
Okassen bu döyüşə,
Çal-çağıra, vuruşa,
Baxıb o qədər güldü,
Gözlərindən yaş gəldi.
32
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen bunu görüb şahın yanına gəldi və ondan soruşdu:
– Cənab, bunlar sizin düşmənlərinizdir?
– Bəli, cənab, – şah cavab verdi.
– İstəyirsiniz, sizin qisasınızı onlardan alım?
– Əlbəttə istəyirəm.
Okassen qılıncını siyirib meydana girdi: bir sağa, bir sola, çoxunu öldürdü. Şah Okassenin onları öldürdüyünü görəndə dedi:
– Cənab, onları öldürməyin.
– Necə, – Okassen soruşdu, – axı siz istəyirdiniz onlardan qisas alım.
– Cənab, – şah dedi, – əziyyət çəkdiniz. Bizdə bir-birini öldürmək ənənəsi yoxdur.
Düşmənlər qaçmağa başladılar. Şah ilə Okassen isə Torlor qəsrinə qayıtdı.
Ölkənin əhalisi şahdan xahiş etdi ki, şah Okasseni ölkədən qovsun, Nikoletti isə saxlayıb öz oğlu üçün alsın, çünki Nikolett onlara yüksək mənsəbli qız kimi görünmüşdü. Nikolett bunu eşidəndə heç də şad olmadı və dedi.
33
Burada oxunur:
Nikolett qəzəbləndi,
Lap cin atına mindi.
Şaha dedi: “Siz məni,
Nə sayırsınız məni?
Okassen sevgilimdir,
Onsuz qalmaq ölümdür.
Mən ondan ayrılmaram,
Ondan ayrı qalmaram”.
34
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen Torlor qəsrində kefi kök yaşayırdı, çünki canından çox sevdiyi incə rəfiqəsi Nikolett yanında idi. Amma o həzz içində üzdüyü vaxt ərəblər dəniz yoluyla gəlib qəsri mühasirəyə aldılar, onu zəbt etdilər, taladılar və çoxlu əsir götürdülər. Okassenlə Nikolett də əsirlərin arasında idi. Okassenin əl-ayağını bağlayıb bir gəmiyə atdılar, Nikoletti isə başqa gəmiyə mindirdilər.
Dənizdə tufan oldu və gəmilər bir-birindən ayrı düşdü. Okassenin olduğu gəmi xeyli vaxt dənizdə üzdü, axırda Boker qəsrinə çatdı.
Şəhər sakinləri qənimət dalınca qaçıb gəldilər, Okasseni tapdılar və onu tanıdılar. Onlar Okasseni görəndə çox sevindilər, çünki Okassen Torlorda düz üç il qalmışdı, bu vaxt ərzində onun valideynləri ölmüşdü. Onu Boker qəsrinə apardılar, qraf elan etdilər, ona itaət göstərdilər və Okassen ölkəni idarə etməyə başladı.
35
Burada oxunur:
Taleyi güldü ona,
Qayıtdı öz yurduna,
Okassen qraf oldu,
Taxt-tacı ələ aldı.
Amma tanrı şahiddir,
Həsrət qəlbini didir.
Nikolettsiz bu dünya
Yaman gəlir dar ona.
“Əzizim, bircəciyim,
Canımdan çox sevdiyim.
Kaş biləydim hardasan,
Sən hansı diyardasan.
Səmalarda süzərdim,
Dənizləri üzərdim.
Gəlib səni tapardım,
Vəslinə qovuşardım”.
36
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen burada qalsın, indi də Nikolettdən danışaq. Onun mindiyi gəmi Karfagen kralının gəmisi idi, Nikolett isə Karfagen şahının doğma qızı idi, onun on iki qardaşı var idi, hamısı şahzadə və şah idi. Onlar Nikoletti görəndə gözəlliyinə heyran oldular, ona hörmət göstərdilər və soruşdular ki, kimdir, kimlərdəndir, çünki Nikolettin yüksək mənsəbli qız olduğunu hesab edirdilər. Amma Nikolett kim olduğunu onlara deyə bilmirdi, çünki onu uşaq vaxtı oğurlamışdılar. Gəmi Karfagenə çatanda Nikolett qəsri və ölkəni gördü, yadına düşdü ki, o burada doğulub, həyatının ilk illərini burada keçirdib, sonra onu oğurlayıblar. Hər halda, oğurlananda lap o qədər də balaca deyildi ki, bu ölkənin şahının qızı olduğunu xatırlamasın.
37
Burada oxunur:
Bax bu qızın bəxtinə,
Gəldi öz ölkəsinə.
Amma üzü gülmürdü,
Ürəyi sevinmirdi.
“Şah qızıyam, nə olsun?
Siz yoxsunuz, Okassen...
Bütün bu var, bu dövlət,
Sizsiz heç nədir, əlbət.
Sizi bir də görsəydim,
Qalmazdı dərdim-sərim”.
38
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Karfagen şahı Nikolettin sözlərini eşidəndə onu qucaqlayıb dedi:
– Əziz balam, deyin görüm, siz kimsiniz? Məndən qorxmayın.
– Cənab, mən Karfagen şahının qızıyam, məni on beş il qabaq, hələ lap balaca uşaq olanda oğurlayıblar.
Şah bu sözləri eşidəndə qızın düz dediyini başa düşdü.
Onda onu hörmət-izzətlə şah sarayına apardılar. Üç-dörd il bolluq və bərəkət içində yaşayandan sonra onu hansısa kafir şaha ərə vermək qərarına gəldilər. Amma qız ər sözünü eşitmək belə istəmirdi. Okasseni tapmaq üçün yol axtarmağa başladı.
Nikolett violada çalmağı öyrəndi. Bir gecə saraydan qaçıb sahilə gəldi, kasıb bir qadının yanında yaşamağa başladı. Ot-ələflə üzünü-gözünü batırdı, ona görə rəngi tutqunlaşdı. Özünə şalvar, köynək, plaş tikdirdi, janqlyor kimi geyindi. Bir dənizçinin yanına gəlib onunla danışdı, onun gəmisinə mindi.
Gəmi yelkənlərini açıb yola düşdü və üzə-üzə gəlib Provans torpaqlarına çatdı. Nikolett gəmidən düşüb violasını götürdü, çala-çala ölkəni gəzməyə başladı. Axırda gəlib Okassenin yaşadığı Boker qəsrinə çatdı.
39
Burada oxunur:
Xoş günlərdən birində,
Gözəl Boker qəsrində,
Okassen qəmli idi,
Dərdli, ələmli idi.
Sərin çökən zamanda,
Oturmuşdu eyvanda.
Nə quşların cəh-cəhi,
Nə yüngül bahar mehi
Onu sevindirmirdi,
Qəlbinə nur vermirdi.
Uzaqlara baxırdı,
Yar üçün darıxırdı.
Elə bu vaxt hardansa,
Viola çala-çala
Janqlyor gəldi, çıxdı,
Oxumağa başladı:
“Dinləmək həvəsiniz
Vardısa, dinləyin siz.
Nəğmə deyim sizə mən,
Saf, təmiz məhəbbətdən.
Okassen igid idi,
Nikoletti sevirdi.
Onu tapıb meşədən,
Bir gizlicə guşədən,
Bu ölkədən qaçdılar,
Torlora yetişdilər.
Bilmədilər nədir qəm,
Yaşayırdılar xürrəm.
Sonra ərəblər gəldi,
Onları əsir etdi.
Okassen necə oldu,
Hayana düşdü yolu?
Bunu bilmirəm, əlbət.
Bilirəm ki, Nikolett,
İndi Karfagendədir,
Öz doğma evindədir.
O qız kölə deyilmiş,
O, şahın qızı imiş.
Ömür sürür bəxtiyar,
Amma ki, bir dərdi var.
Qohumlar istəyirlər,
Onu ərə verələr
Sevmədiyi birinə,
Amma Nikolett yenə
Ümidini üzməyir,
Okasseni gözləyir.
Okasseni sevir tək,
Başqası deyil gərək”.
40
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Okassen Nikolettin nəğməsini eşidəndə çox şad oldu və onu bir qırağa çəkib dedi:
– Əziz dostum, siz indicə haqqında oxuduğunuz Nikolett haqqında başqa nəsə bilmirsiniz?
– Cənab, bilirəm ki, o qız dünyadakı ən nəcib, ən ağıllı və ən gözəl qızdır. O Karfagen şahının uşaq vaxtı oğurlanan qızıdır. Okasseni əsir götürəndə Nikoletti də əsir götürüb Karfagenə aparıblar. Şah qızını tanıyıb və buna çox sevinib. İndi onu İspaniyanın ən qüdrətli hökmdarına ərə vermək istəyirlər. Amma Nikolett ona ərə getməkdənsə, ölməyə və ya diri-diri yandırılmağa razı olar.
– Ah, əziz dostum, – Okassen dedi, – əgər siz onun ölkəsinə gedib Nikoletti tapsaydınız, ona gəlib mənimlə danışmağı desəydiniz, sizə istədiyiniz qədər var-dövlət verərdim. Bilin ki, onu sevdiyim üçün başqası ilə evlənməmişəm. Mən onu gözləyirəm, ondan başqa heç kim arvadım olmayacaq. Əgər onun yerini bilsəydim, çoxdan gedib tapardım.
– Cənab, – Nikolett dedi, – əgər belədirsə, onda sizin üçün gedib onu axtararam.
Okassen öz sözlərini təkrarladı və ona iyirmi livr pul verdi.
Nikolett getmək istəyəndə Okassenin ağlamağa başladığını görüb dayandı. Ona dedi:
– Cənab, ağlamayın. Ən qısa vaxtda onu sizin yanınıza gətirəcəyəm, özünüz də görəcəksiniz.
Okassen bunu eşidəndə çox sevindi.
Nikolett şəhərə, keçmiş ağası vikontun evinə gəldi. Vikont artıq ölmüşdü.
Nikolett başına gələn hər şeyi vikontun arvadına danışdı, qadın da əmin oldu ki, bu elə uşaqlıqdan yedizdirib böyütdüyü qızdır.
Nikolett yuyunub paltarını dəyişdi və düz səkkiz gün orada qaldı. Çiməndən sonra yenə əvvəlki gözəlliyi ona qayıtdı.
Nikolett vikontun arvadının ipək paltarlarından birini geyinib ipək pərdənin dalında oturdu, vikontun arvadından xahiş etdi ki, gedib Okasseni gətirsin. Qadın onun dediyini elədi. Vikontun arvadı qəsrə girəndə dərd əlindən üzülmüş Okassen oturub Nikolett üçün ağlayırdı.
– Bəsdir ağladınız, Okassen, yaxşısı, mənimlə gəlin, mən sizi sizin üçün dünyada hamıdan qiymətli olan adamın yanına aparım. Nikoletti deyirəm, o, sizi görmək üçün uzaq diyardan gəlib.
Okassen hədsiz sevindi.
41
Burada oxunur:
Okassen çox şad oldu,
Qəlbi sevinclə doldu.
O vikontun evinə,
Çox sevinə-sevinə,
Qaça-qaça yetişdi,
Nikolettə qovuşdu.
Qucaqladı yarını,
Gözəl vəfadarını.
Bütün gün, bütün gecə,
Oturdular beləcə.
Səhər açılan kimi,
Günorta olan kimi,
Yollandılar kilsəyə,
Nikah kəsilsin deyə.
Nəhayət, evləndilər,
Buna çox sevindilər,
Okassen və Nikolett,
Qalib gəldi məhəbbət.
İki bədəndə bir can
Yaşayırlar o vaxtdan.
Siz də sevin, sevilin,
Yarın qədrini bilin.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
