Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti və parlamentin nitq mədəniyyəti - Nadir MƏMMƏDLİ

Nadir MƏMMƏDLİ

(Əvvəli burada)

 

Akademik Ağamusa Axundov parlament dilində terminlərin işlənməsində maraqlı cəhətləri ortaya çıxarır. Bildirir ki, terminologiya sahəsində çox böyük sərbəstlik olmuşdur, belə ki, parlamentin adı, vəzifə bildirən terminlərin hələ formalaşmadığı aydın görünür: parlament - parlaman, məclis - məclisi məbusan, rəisi-vükəla-hükumət, rəisi-vükəla rəisi-baş, nazir-nazirlər sovetinin sədri, məbusan - parlament üzvləri, parlament əzası, parlament nümayəndəsi. Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan ədəbi dili tarixində ayrıca bir dövr adlandırır: AXC-nın dövlət dili, başqa sözlə, sənədlərin və parlamentin dili XX əsrin birinci rübündə Azərbaycan ədəbi dilinin hakim sinifyönlü mətbuatın dili və rəsmi - dəftərxana üslubu fonetik, leksik və qrammatik xüsusiyyətləri ilə seçilən bir dildir, əksər cəhətlərdən osmanlı dilinə olduqca yaxındır, bəlkə də həmin dilin eynidir.

Fonetik cəhətdən AXC-nin dövlət dilini iki xüsusiyyəti ilə fərqləndirir: sait və samit əvəzlənmələri və fonetik hadisələr. Müşahidələri bunu deməyə əsas verir ki, ə//e müvaziliyi o dövrün parlament dili üçün sanki norma olmuşdur. Bəzi natiqlərin nitqində ə, bəzilərininkində isə e saiti işlənmişdir: "Halbuki xaricə gedən tələbəmiz üçün bu mümkün dəgil" (M.Ə.Rəsulzadə); "Mən o qədər xəbərdar dəgiləm" (Ağa Axundov). Fonem müvaziliyi nəzərdən keçirilən mətnlərdə samitlərə, n//m, m//b dodaq samit paralelliyinə daha çox təsadüf olunduğunu qeyd edir: "...imdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarar" (S.Ağamalıoğlu); "...bən çox bir şey əlavə etməyəcəyəm" (R.Kaplanov); "...bən də iştirak edirəm" (Ə.Pepinov). M.Ə.Rəsulzadənin nitqindəki bən sözünün çox işlənməsini osmanlı dilinin təsiri ilə əlaqələndirir. Eyni sözləri x//q, q//k, k//s, y//g, y//n samit müvazilikləri haqqında da söyləyir: "Məsələni sədr cənabları çox düz qoydu" (M.Məmmədov); "Yaşasın Kafkaz millətlərinin dostluğu" (Ə. Pepinov); "Kafkaziya millətləri içində milli şovinizm baş qaldırır" (Ə.Şeyxülislamov); "Hansı sinfi nə qədər artırmaq - onu  bən türkcə başa düşməmişəm" (Ağa Aşurov); "Hər iki tərəfin gətirdigi məvadları mülahizə edəndə..." (A.Əfəndiyev); "Hanki dildə olmuş ola elmdir", "...ana dilindən başqa bir dildə ögrətmək olmaz" (M.Əfəndizadə); "...bir çox pullar buraxdıq denildi" (Hacı Hüseyn Əfəndiyev). Fonetik xüsusiyyətlərdən biri də alınma sözlərdə ahəng qanununun pozulmasıdır: dəvam, cəmaət, cəvab kimi sözlər dilimizdə artıq tamamilə azərbaycancalaşmışdır. İsmin yönlük və çıxışlıq hallarının iki şəkilçisindən yalnız birindən istifadə edilməsi də (ittifaqa gəlmək, ittihada dəvət, namindən danışmaq və s.) dilin ahəng qanununun pozulmasına səbəbdir. AXC-nin dövlət dilinin qrammatik cəhətdən özünəməxsusluğunu qrammatik ifadə vasitələrinin sinonimliyi və osmanlı dilinin güclü təsiri ilə bağlayır. Bu xüsusiyyəti nitq hissələrindən isim və əvəzliklərdə daha çox müşahidə etdiyini bildirir; isimlərdə qrammatik sinonimlik özünü daha çox ismin təsirlik hal şəkilçisində göstərir, ismin təsirlik halının qrammatik mənası həm -yi, həm də -ni şəkilçisi ilə ifadə olunur: "Qara bəy: Mən təklif edirəm birinci məsələyi sonraya qoyaq", "Mustafa Mahmudov: Məsələni sədr cənabları çox düz qoydu". AXC-nin dövlət dilində fərqli əvəzliklərə də rast gəldiyini qeyd edir: "Bu, böylə deyil" (M. Rəfiyev); "...o öylə səhvdir ki, ...", "Mən öylə bilirəm ki,..." (M.Vəkilov); "Öylə başa düşürəm..." (A.Aşurov); "...şu surətdə bəyan ediriz" (Ə.Pepinov); "Darülfünunun tarixi böylədir" (M.Hacınski); "...Xalqın dili dilimdən, dini dinimdən" deyə kəndinə məxsus sağlam hiss ilə dərk etdiyi düsturda görüyoruz" (M.Ə.Rəsulzadə). Bu misallardakı öylə, böylə, şu, kəndi əvəzlikləri o zamanlar hələ osmanlı dili adlanan türk dilindən alınmışdı və parlamentdə çıxış edənlərin dilində öz paralelləri olan elə, belə, bu, mən, öz əvəzlikləri ilə müvazi surətdə işlənmişdir. Məlumdur ki, Azərbaycan və türk dilinin feil sistemindəki əsas fərq dilimizdəki əmr formasının birinci şəxsinin cəmi -aq//-ək, türk dilində isə -alım//-əlim şəkilçisi ilə yaranmasıdır. AXC-nin dövlət dilində bəzi deputatların türk formasından istifadə etməsi tədqiqatçının diqqətini çəkmişdir: "...baş müavini, intixab edəlim" (M.Ə.Rəsulzadə). Feilin indiki zaman şəkilçisindən istifadədə də eyni vəziyyətdir: "...şəhərli-kəndli denilmiyor" (R.Ağabəyov); "...məsələdən sui-tənhim olacığını görüyor və bundan qorxuyoram" (R.Kaplanov); "Güman ediyoram ki, hər bir təsisat öz dilimizdə ola" (Y.Əhmədov). Lakin feilin indiki zamanında milli (-ir//-ır//-ür//-ur) şəkilçisinin parlament dilində qat-qat çox işlənməsi də diqqətindən yayınmır.

Tədqiqatçının fikrincə, parlament çıxış və nitqlər, müzakirələr, sual və cavablar, münasibətlər dili olduğundan cümlələrin intonasiya baxımından çeşidli növləri işlənmişdir. Müasir nida cümlələrinə, başqa sözlə, siyasi nidalara dilimizin tarixində legitim surətdə ilk dəfə məhz AXC-dən başlayaraq rast gəlir. Parlamentdə səslənən şüarlardan: "Yaşasın Azərbaycan Demokratik Cümhuriyyəti! Yaşasın cəmiyyəti-əqvam!" (Ə.Pepinov); "Yaşasın Azərbaycan Cümhuriyyəti! Yaşasın demokratiya! Yaşasın... millətlərin qardaşlığı!" (A.Səfikürdski). Sual cümlələrindən alternativ ritorik sual cümlələri: "Xalq yeni işlərə razı olacaqmı, yoxmu? Təzə yolla getmək istəyəcəkmi?" (F.Xoyski); "Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu?.." (H.Ağayev).

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!