Nadir MƏMMƏDLİ
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sənədlərinin dili həmin dövrün nitq mədəniyyəti barədə tam təsəvvür yaradır. Qeyd etdiyimiz kimi, XX əsrin əvvəllərində dil məsələsi Azərbaycan ictimai-siyasi və mədəni həyatında vacib bir göstərici idi, həm də siyasi səciyyə daşıyırdı. Müxtəlif siyasi təmayüllü və ya əqidəli ziyalılar Azərbaycan dilini osmanlılaşdırmağa, ruslaşdırmağa, yaxud farslaşdırmağa meyil göstərirdilər. Azərbaycan xalqını müstəqil bir xalq, dilini müstəqil Azərbaycan dili hesab etməyənlər osmanlı türklərinin dilində danışıb-yazmağı təklif edirlər. İkinci qisim islam dinindən uzaqlaşmamaq üçün ərəb və fars dillərinin təsirindən qopa bilmirdilər. Rus təhsilli ziyalılar ədəbi dili ruslaşdırmağa çalışır, hətta mətbuatı, ədəbiyyatı yuxarı siniflərə məxsus bir "nemət" hesab edirdilər. Demokratik qüvvələr vahid bir cəbhədə - xalq dilinə əsaslanan ədəbi dil uğrunda mübarizədə birləşirdilər. Azərbaycan parlamentinin dilində də bu üç cəhət özünü aydın göstərir. Lakin bir tərəfdən, Azərbaycan ümumxalq dili üzərində yüksələn, o biri tərəfdən, daha çox osmanlı dilinə meyillənən dil daha aparıcı olsa da, ədəbi dilimizin parlament üslubunda onun tam bu şəkildə qəliblənmiş formaları əvəzinə, vəziyyətlə, mövzu ilə, şəraitlə bağlı daha çevik milli ifadə tərzləri vardı. Parlament üzvlərinin çıxışlarından gətirilən aşağıdakı nümunələrə diqqət edək.
Maliyyə naziri Əliağa Həsənov: "Dövlət bankı barəsində olmuş və olacaq bil-cümlə etirazlara cavab verməyə hazıram. Əvvəla, etiraz böylə olur ki, açılacaq bankın qıraq sözləri var. Namə'ölum əhvalatları, intriqaları var. Halbuki bu xüsusda qaranlıq və qapalı bir şey yoxdur. Bank təşkili xüsusunda qəbul etdiyimiz nizamnamə sənədlərdən biri böyük Rusiya daxilindəki, banklarda işlənən nizamnamələrdən alınmışdır. Biz bunu qəbul edirik. Bank bir müəssisədir ki, onda qaranlıq olmaz, doğrudur, ticarət işlərində bir çox təsadüfü ziyanlar olur. Fəqət, bu məsələlər banklara məxsus deyildir. Şimdiyə qədər Rusiyada minlərcə bank olduğu halda böylə bir şey olmamışdır. Ya xüsusi bizim açmaq istədiyimiz bank hökumət bankıdır ki, böylə intriqalara qətiyyən meydan verilməz. Bəli, xüsusi banklarda münafiqlər ola bilər və yəni bizim açdığımız banka şəxsi bir mənfəət üçün deyil, ümum cəmaətə xeyir və mənfəəti üçün açılır. Cəmaətimizin əksəriyyəti demokratiya sinfinə mənsubdur" (yenə orada, s.41).
Məmməd Əmin Rəsulzadə: "Burada mətbuat qanununun əleyhinə türkcə söylənilən sözləri rusca, bəlkə daha məntiqə müvafiq bir tərzdə müdafiə etdilər. Hamı söylədilər ki, hürriyyəti-mətbuat lazımdır, fəqət buna bir əndazə, qanun təyin etmək də icab edər. İştə mətbuat qanununu müdafiə edənlər ilə əleyhdarları arasında başlıca fərq bundan ibarətdir. Burada bir adam bulunmaz ki, hürriyyəti-mətbuata zidd olsun. Dedilər ki, bir adam da bulunmaz ki, bir əndazə istəməsin. Burada Qarayevin müdafiə etdiyi hürriyyəti-mətbuat deyil, anarşiye-mətbuatdır. Mətbuata bir əndazə və nizam lazımdır. Bunu istəməyənlər hürriyyəti-mətbuatı deyil, anarşiye-mətbuatı müdafiə edirlər. Hər kəs bu cür hürriyyəti-mətbuat tərəfdarı isə, onlar mətbuat mənsəbləri deyillər. Burada danışanlar hürriyyəti-mətbuata zidd maddələr tapdıqlarından qanunun əleyhinə səs verəcəklərini və qanunu rədd edəcəklərini söylədilər. Madam ki, anarşı mətbuat tərəfdarı deyillər, o vaxt məntiq icab edir ki, əsasən qanunu qəbul edib, sonra maddə-maddə müzakirə olunarkən təshih eyləsin. Fəqət bunu da etmək istəmirlər. Görünür, burada məntiqsizlik vardır. Təbiidir, müzakirə açılarkən təshih üstündə hər kəs kəndi nöqteyi-nəzərini söyləyəcəkdi" (yenə orada, s.247).
Şəfi bəy Rüstəmbəyov: "Məruzəçiyə bir söz qalmadı. Bu ustavda heç elə bir şey yoxdur ki, hürriyyəti-mətbuata sədd çəksin. Rusiya mətbəə açanda böyük zaloqlar alınardı. Buna görə də kasıblar mətbəə aça bilməzdi. Bizdə ancaq izn alırlar. Bir də administrasiya ona bir politiçeski blaqonadejnost barəsində vəsiqə verər idi. Görək bu da bizdə varmı? Və yoxmı? ...Əcəba, göstərilən şeylərin hangisi mətbuatı boğur, oqraniçeniye edir. Burada deyilir, bu məlumatlarda yeddi gün əvvəl gərək xəbər verilsin, görək naşir qramotnıdır, savadı var, ya yoxdur. Bir maddədə deyilir ki, uşaq olmasın. Deməli, bu maddələrdə hürriyyəti-mətbuat əleyhinə gedən bir şey yoxdur. Sonra, ayrıca deyilir, hər qəzetə çıxaran qəzetçilik qanunundan xəbərdar olmalıdır. Qəzetin bir texnikası mövcibincə müdir borcludur, doğru vermədiyi məlumatı dərhal təkzib etsin, etməyənləri hətta suda çəkirlər. Bu maddələrin heç birində bir oqraniçeniye yoxdur. Heç qanun yoxdur ki, onun qeydi olmasın. Siz də bu qanunların redaksiyasına öz tərəfinizdən qeyd qoya bilərsiniz. Sonra 16-cı maddəyə böyük məna verirlər. Onda da ətraf məsələsi vardır. 6 maddəyə isə bir fakt gətirə bilmədilər. Bunların heç birisinin hürriyyəti-mətbuata bir zərəri yoxdur. Axırıncı natiq nəzarətdən bəhs elədi, bunda da bir böyük cəhət görmədik. 3-cü maliyyəyə etiraz olundu ki, qanun ixtiyarı inspektora, yaxud qubernatora tapşırmaq lazım deyil. Səmədağa burada çastnı pravovoydan bəhs eylədi. Hər kəsin ixtiyarı var ki, şikayət eyləsin və o adamı suda çağırsın. Hökumətin də dediyi budur. Burada məmləkət interesi var. Bu gün elə qəzetlər var ki, vətənimiz və hökumətimiz əleyhinə gedir" (yenə orada, s.258).
Səmədağa Ağamalıoğlu: "Mətləbdən kənara çıxmıram. Qanun gözləyər ki, yer rəiyyətin əlindən çıxmasın. Mülkədarlar həmişə çalışırlar ki, rəiyyətin yerini əlinə keçirsin. Bu sporlara xəzinə yerinin üstündə oturan rəiyyətlər qarışmırdı. Əgər suda getsələrdi otvod olunurdu. Xozeyinlər bu yerlərdən ixtiyarlarını itirməyirdilər. Yerlər rəiyyət əlindən çıxmayırdı. Mülkədarlar o yerlərdən ancaq mənfəətə çatırdı. Necə yerlərdə ustavnaya qramota vardı. Haman bu rəiyyətlər şikayət eylədi ki, yerlər demstrovay olunmuş yerlərdir ki, nə Sultan bəy aparıb. Metrovay köhnə qanun idi. Bu gərək Sultan bəy bəhrə verə idi. Amma çünki 1913-cü ildə vıkup zakonı onu puç elədi. Ona görə krepostnoye pravo deyilirdi. O, pis qanun idi ki, götürüldü. Belə daha heç kəsin bəhrə almağa ixtiyarı qalmadı. Bizim rəiyyətlər də azad oldular. Azad olanda o nadel olacaq yerlər də gərək bu cəmaətə qala idi. Yəni bəyliklər kənd cəmaətinə qalaydı. Əgər ustavnaya qramota bağlanmayıb, bundan o çıxır ki, bunlar ixtiyarlarını itiriblər. Bəs nəyin üstündə bizim müavini-nazir öz qətnaməsini tikibdir və olunmuş qərarı dəyişibdir. Burada göstərir ki, Süleyman bəy bir çox doqovor götürüb. O doqovorlardan görünürdü ki, Süleyman bəy bu yerləri verib, əkdirib, biçdiribdir, bununla da onillik qanun davnost düzəldibdir və bu yeri özü üçün mülkədar yeri edibdir, tainki əli yerdən çıxmasın" (yenə orada, s.327).
Əliheydər Qarayev: "Mən hərçəndi sorğunu imza etmişdim, amma sorğu verəndə gərək biləsən ki, sorğunu kimə verirsən və ondan nə gözləməlisən. Mən bilirəm ki, bu saat hər bir adam öz mənfəətini gözləyir, hər kəs istəyir [odu] öz tərəfinə çəksin. Bir adam görməzsiniz ki, beş şahı mənfəətini başqasına vermək istəsin. Biz Hidayət bəyə sorğu veririk ki, Süleyman bəyin işi necə olmuş, amma bunu bilməliyik. Süleyman bəy onun qohumu olmasa da, o onun gərək tərəfini saxlasın. Çünki bəydir, bəy bəyin mənfəətini, rəiyyət-rəiyyətin mənfəətini həmişə gözlər. Hidayət bəy Sultanov bu saat köhnə Nikolay qanunlarını öz qabağına qoyubdur. Yeni qanunları Zaqafqaziya seymi vremenni pravitelstvo qanunlarını nəzərə almaq istəməyib. Yoldaşlarımıza təəccüb edirəm, böylə adamlar mejavoy sözləri danışırlar" (yenə orada, s.331).
Sultan Məcid Qənizadə: "Parlament nakazına görə rusları milli şura tərəfindən dəvət etdirdik. Hala da milli şuraya istinad etdikdə, Parlament qeyri obşestvolardan çağırmaq məcburiyyətində qaldı. Nakazımız yoxdur ki, hər bir uyezdən bir nəfər gəlsin. O uyezdən hər kəs gələcək gəlsin, hər kəs olacaqsa olsun, bir nəfəri biz qəbul etməliyik. Burada milliyyət gözləyibdə rus, müsəlman, ya erməni olması nahaqdır. Bir yerdə hər kəs seçilirsə, gələr. Mənim xatirimə gəldi ki, Şamaxıda ermənilər də Naçarov nam mühəndisin Şamaxıdan göndərilməsini istəyirdilər, fəqət biz onları otkaz eylədik. Zira qərar böylədir ki, nə millət olursa-olsun, ancaq bir nəfər gəlsin" (yenə orada, s.338).
Əhməd Cövdət: "Bu üzvlərdən etimadnamələrinə baxanda mərkəzi milli şura zamanında qanuna riayət edirdik. Milli şura bir sənə əqdəm Parlament və hökumət təşkili üçün bir qanunu qəbul etdi. Bu xəyalla ki, məclis müəssisan bir azdan sonra əmələ gələr, məəttəssüf tabehal yaman yaxşı işləyibki də, məclis müəssisanımız əmələ gəlməmişdir" (yenə orada, s.341).
Mustafa Mahmudov: "Mən bir şey anlaya bilmirəm, büdcə komisyonunun vəzifəsi nədir? Parlamentin vəzifəsi nədir? Büdcə komisyonunun vəzifəsi odur ki, hökumət tərəfindən gəlmə layihələrə baxır, düzəldir, Parlamentə göndərir. O da bir kiçik Parlamentdir ki, hər firqədən orada nümayəndə var. Əgər bir şey lazım olsa idi, o kiçik Parlament təqyir və təbdil edər idi. Madam ki, o qəbul edib göndərib, bir böyük Parlamentdə aradan bir şey çıxarmağınız, bu məbləğ yetər-yetməz bu bizim işimiz deyil (yenə orada, s.356).
Muxtar Əfəndizadə: "Möhtərəm məbuslar! Biz yəqin ki, əmir vaqiə qarşısındayıq. Bu saat dokladdan məlum oldu ki, pullar kəsilib qurtarıb, biz ancaq təsdiq etməliyik. Gərək təsdiq edək. Qarayevin dediyi sözlərin bəzisi bir onun deyil, bunlar cəmaətin fikridir. Bu sözlər yalan deyil. Pulumuzun qiyməti düşmüş. Buna çarə lazımdır. Əhalinin halı təmin edilməlidir (yenə orada, s.377).
Mehdi bəy Hacınski: "Burada xalq məktəbləri müəllimlərindən bəhs edilir. Və müəllimlər ikiyə ayrılırlar. Bu fəsildə senzavik, yəni darülmüəllimin və rüşdiyyə məzunları qeyd edilmişlərdir. Aşağıda bir maddə dəxi vardır ki, orada senzavik olmayan müəllimlərdən bəhs olunur. ...Ona görə mən təklif edirəm 5 il müəllimlik etmiş xalq müəllimləri də 13-cüyə daxil edilsinlər. Çünki doğrudur, onların məzuniyyət şəhadətnaməsi yoxdur; amma haman 5 il müəllimlik etməklə onlar öylə təcrübə hasil edirlər ki, senzaviklər dərəcəsinə gələ bilərlər".
Baş nazir Fətəli Xan Xoyski: "Möhtərəm Azərbaycan parlamenti əzası! Bugünkü gün Azərbaycan üçün böyük, əziz, mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız, hökumət vəkaləti ilə özümüzü də sizinlə bərabər təbrik edirəm (alqışlar). Hökumətin borcudur, hüzurunuzda olsun, əski fəaliyyəti və hanki övza altında işlədiyini sizə ərz etsin. Mən bu gün hər nəzarət haqqında sizə məlumat verə bilərəm. Mən bu gün hökumətin tarixini və nə kimi övza altında təşkil etdiyini sizə ərz edəcəyəm".
Aslan bəy Səfikürdski: "Gözəl təklif edildi. Şükürlər olsun ki, şimdi biz burada yığılıb danışa biliriz. O qanlar ki, tökülməliydi, bizi bu günə çıxarmışdır və bayrağımızı qaldırmışdır - onları unutmayalım. Hürriyyət və inqilab şühədasının istirahət ruhları üçün təvəqqe edirəm ayağa durasınız (hamı qalxır)" (A.Axundov. Parlamentin dili / Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəni quruculuq) - Azərbaycan Respublikasi Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. Bakı, "Qoliot Qkup" QSC, 2009, s.151-152).
Diqqət etsək, çıxışçıların nitqi ümumi bilik və mədəni, dil və üslub səviyyələri, eləcə də subyektiv amillərlə bağlıdır. Bəzilərinin nitqi dilimizə yad görünən alınma sözlər, izafət tərkibləri ilə zəngindir, bəzilərində Azərbaycan dilinin morfoloji normaları türk dili normaları ilə əvəz edilir. "Sosialistlər"in, "Əhrar" və "İttihad" fraksiyasından olan parlament üzvlərinin nitqi Abdulla Şaiq, Seyid Hüseyn, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminlinin dililə, eləcə də sadəliyi və milliliyi ilə müasir dilimizlə səsləşir, lakin qrammatik cəhətdən çox vaxt onlar da osmanlı dili quruluşundan istifadə edirlər. Parlament iclaslarında müraciət formaları, nitq etiketləri mənsub olduqları fraksiyaların məramına uyğundur: "Həzərat" (Q.Qarabəyov), "Möhtərəm parlament əzası" (A.Əfəndizadə), "Əfəndilər" (M.Ə.Rəsulzadə, H.Sultanov, B.Kiçikxanov), "Möhtərəm məbuslar", "Möhtərəm əzalar", "Möhtərəm məclis əzaları", "Möhtərəm Azərbaycan parlamenti əzası!" (Ə.Şeyxülislamov, F.Xoyski, M.Əfəndizadə, Q.Qarabəyov), "Möhtərəm parlament üzvləri" (H.Ağayev) və s.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!