Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti və parlamentin nitq mədəniyyəti - Nadir MƏMMƏDLİ

Nadir MƏMMƏDLİ

Şərq tarixinə daxil olmuş ilk demokratik respublika və parlamentli dövlət, 23 aylıq hakimiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk islahatlarından birincisi dövlət dili ilə bağlı olmuşdur. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə türk dilini (Azərbaycan dili - red. N.M.) Azərbaycan tarixində ilk dəfə dövlət dili elan  etdi.

 "Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı (27 iyun 1918):

Dövləti lisan türk dili qəbul edilərək, iləridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin".

Həmin tarixdən sonra bu məsələ parlamentdə bir daha  qaldırılmır; qanun səviyyəsində dil haqqında qərar və fərmanlar qəbul edilməsə də, parlament üzvləri ana dilimizə  vaxtaşırı münasibət bildiriblər. Azərbaycan parlamentinin ömrü böyük olmayıb -1918-ci ilin 7 dekabrında başlamış, 1920-ci ilin 27 aprelində başa çatmışdır.

Məlumdur ki, hələ Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili kimi işlənmişdir. XV-XVI əsrlər Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrü Azərbaycan tarixində dövlətçilik ənənələrinin bərpası, inkişafı və möhkəmlənməsi kimi xarakterizə etmək olar. Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətlərinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi və rolu güclənmiş, Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir. Lakin Azərbaycan dövlətçilik tarixi və bu tarixin ən parlaq dövrlərindən biri olan Səfəvilər hakimiyyətinin dilimizə münasibəti birmənalı izah olunmur. Məsələn, Ə.Dəmirçizadə yazır: "XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənilən rəsmi dillər sırasında yer tutdu, o zaman islamiyyətin dini dili sayılan ərəb dili və bədii ifadə vasitəsi kimi modalaşmış fars dili ilə yanaşı işlənən bir dil hüququ qazanmış oldu. Lakin bütün bunlara baxmayaraq, demək lazımdır ki, bu dövrdə Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır. Çünki tam rəsmi dövlət dili hüququ yeganə rəsmi dövlət dili olmaq deməkdir. Madam ki, Səfəvilər dövləti sarayında, idarələrində, rəsmi yazışma işlərində ərəb və fars dilləri də eyni dərəcədə işlənilmişdir, deməli, burada tamhüquqlu Azərbaycan dövlət dilindən danışmaq olmaz. Bundan başqa, belə bir əlaməti nəzərə almalıyıq ki, hər hansı bir dilin rəsmi dövlət dili hüququnda olması həmin dilin əsas təlim-təhsil vasitəsi və tədris fənni olması deməkdir. Məlum olduğu üzrə, XVI əsrdə Azərbaycan dili hələ belə bir dil hüququna malik deyildi" (Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, "Maarif", 1979, s.167.).

Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Lakin bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilikdə, ümumiyyətlə hökumət müəssisələrində vəzifəli şəxslərin dövlət dilini lazımi səviyyədə öyrənənədək rus dilini də işlətməsinə yol verilirdi; parlament bu siyahıya daxil deyildi. Ona görə də parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin -parlamentin üzvlərinin öhdəsinə buraxılmışdı. Lakin rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi, əks halda, təsdiq üçün verilən sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: "Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır". Qərar real şəraitdən doğan müvəqqəti tədbir kimi yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu. Cəmi bir il sonra F.Xoyski yazır: "İmdi şükürlər olsun, bir çox ədliyyə idarələrinə turk dili bilən adamlar təyin edilmişlər".

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında icbari qərar qəbul edir, bu, təhsil müəssisələrinin milliləşdirilməsi üçün ən vacib məsələlərdən idi:

"Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı (28 avqust 1918):

 1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil, dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın.

2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-1919-cu illərdə, lazım gələrsə, ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər.

 3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin.

 4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda, həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmdə tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər.

5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək tədris rus dilində aparılsın; bununla yanaşı, xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin.

6. Bütün orta məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini dərslərin tədrisinə imkan yaradılsın".

Bu islahatları əlifbaya da şamil etmək olar, təəssüf ki, AXC hökuməti latın qrafikasına keçidə hazırlıq mərhələsində süqut etdi.

Cümhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarovun 1918-ci il 27 dekabr əmri ilə Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edilir. Parlamentdə digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilsə də, yalnız Azərbaycan dili dövlət dili statusuna malik idi. Şifahi nitqdə sərbəstliyə imkan verilirdi, lakin sənədlərin, təkliflərin dilinin Azərbaycan dilində olması məcburi bir prinsipə əsaslanırdı. Azərbaycan dilinin öyrənilməsi üçün hökumət xeyli vəsait ayırır, kurslar təşkil edir. Maarif nazirinin müavini Həmid ağa Şahtaxtinskinin  qubernatorlara göndərdiyi müraciətdə deyilir: "Nazirlik bütün səyləri ilə qısa zamanda yeni məktəblər, müəllim kursları və s. açmaqla ölkədə maarifi lazımi səviyyəyə qaldırmaq istəyir, belə ki, müasir dövrdə yalnız maariflənmiş xalq müstəqil mövcud olmaq imkanına ...malikdir. Xalqda təhsilə maraq və vətənə məhəbbət oyatmaq lazımdır, yalnız bu halda biz digər xalqlar arasında müstəqil yaşamaq imkanları əldə edə bilərik".

Bir çox maneələrə baxmayaraq, AXC hökuməti BDU-nun təsis edilməsi haqqında 1 sentyabr 1919-cu il tarixdə (67-ci iclas) qanun imzalayır. İlk dövrlərdə universitetdə dörd fakültənin - şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibbin açılması qərara alınır. Bütün fakültələrdə mütləq Azərbaycan dilinin tədrisi nəzərdə tutulurdu. Həmin ilin 21 avqustunda keçirilən iclasda açılması nəzərdə tutulan Bakı Universitetində təhsilin hansı dildə aparılması məsələsi qızğın müzakirələrə səbəb olur. Bu da səbəbsiz deyildi. Əhrar partiyasının üzvü, deputat Muxtar Əfəndizadə məsələni bir qədər kəskin qoyur: "Məmməd Əmin əfəndi əyi təsvir etdi ki, ülum bitərəfdir. Hanki dildə olmuş ola, elmdir. Lakin onu bilməlidir ki, tarixi-ədibə bir elmdir ki, onu ana dilindən başqa bir dildə öyrətmək olmaz. Və yenə Məmməd Əmin əfəndi qayət qəvi bir misal gətirdi ki, bizim Moskov darülfünunlarında oxumuşlarımız dillərini və milliyyətini unutmamışlar. Bu söz balaca qəbihdir. Mən də deyə bilərəm ki, öylədir. Çünkü bizimkilər Moskva misyonerlərinin ruslaşdırmaq təzyiqi siyasəti altında gözləri açılıb, onun əvvəl gündən ziddinə qalxırdılar. Amma deyə bilərəm ki, təmamən ruhlarını itirməyiblər. Öylələri var ki, türk lisanı var deyəndə istixfaf ilə baxır, öylə bilir ki, ədəbiyyat rus dilindədir, bəlkə, bir qədər alman, firəng ədəbiyyatına darülfünunda bələd olurlar. Bundan səmərəli odur ki, hökumət dairələrində bu vaxta qədər hər iş rus dilində gedir. Qonşularımız erməni və gürcülər bizə gülürlər ki, bizim məmləkətdə ana dili işləndiyi halda, Azərbaycanda hənuz rus dili işlənir" (Azərbaycan Cümhuriyyəti (1918-1920). Parlament. Stenoqrafik hesabatlar. II c., Bakı, "Azərbaycan", 1998, s.14). Tədrisdə ana dili məsələsinə böyük əhəmiyyət verən məclis üzvü Abdulla bəy Əfəndizadə: "O müəllimlər ki, rus darülfünunu qurtarıb rus dilində dərs deyəcəklərsə, lazım deyildir. Biz gərək hamı məktəbləri milliləşdirək, sonra az müddət içərisində edadiləri də milliləşdirin. İndiki darülfünun yetişdirən müəllimlər, gərək türk dilinə aşina olsunlar. Ona görə də lazımdır ki, darülfünuna öylə müəllimlər dəvət edək ki, türk dilini yaxşı bilsin. Türk ədəbiyyatına dara olsun. Böylə professoru çox aramalıyıq. Hər şöbədə necə ki, qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək bunun proqramı olsun. Bir şəxs ki, darülfünun icmal etdi, edadi də tədris edəndə darülfünundan özülə götürdüyü 12 elmləri lazımdır ki, gözəl, ədəbi türk dilində tədrisə müqtədir olsun, islahatifənniyəyə aşina olsun. Doğrudur, gərək bunları edadilər hazırlasın, darülfünuna versin. Bu olmayıb, çünki mümkün deyil idi, yetişdirməyib. Bu indi darülfünun divarları içərisində olmalıdır. Mən deyərdim, o tələbələr ki, orada təhsil edəcəklər, türk dilini də öyrənəcəklər, gərək bir kaç vəzifələr ifa etsinlər. Ruscadan-türkcəyə məqalələr tərcümə etsinlər. Vəzifələri var. Bu da məcburi bir vəzifə olsun. Əgər bu cəhəti nəzərə alırıqsa, bunlara əhəmiyyət veririksə, indidən bu barədə çalışmalıdır. Buna fikir verməlidir. ...Darülfünunu istədiyimizə və rus dilində keçilməsinə söhbət ola bilməz. Çünki başqa bir dildə ola bilməz. Ansaq bu məsələyə ətraflı baxılandan sonra açılsın. Biz bunu deyirik" (yenə orada, s.11-12). M.Ə.Rəsulzadənin münasibəti: "Əlbəttə, yaxşı olardı bu fənn ocağı, bu elm mənbəyi öz lisanımızda ola idi və orada ki, professor və müdərris türkcə tərbiyə verəydilər. Məəttəssüf felən bunu tətbiq etmək böylə bir fənn ocağı açmaq imkanı bizdə hələlik yoxdur. Başqa məmləkətlərdə olduğu kimi heç bir zaman elmin, fənnin başqa lisanlarda illərlə olsa da ehtiyacı lüzumsuz olduğunu təcrübə göstərmişdir. Madam ki, biz hamımız bir nöqteyi-nəzərdəyik ki, ülum, finun bizə lazımdır. Etiraf etməliyik ki, darülfünun da bizə lazımdır. Başqa bir lisana müraciət edirkən bu xüsusda nə üçün yalnız Rus lisana iltizam edilir və buna imkan verilir. Bu nə üçün belə - cavabı aşkardır. Bu öylə bir məsələ deyil ki, onu həll etmək olmasın. İlk dəfə içimizdə bir çox tədrisə hazırlanmış tələbələr vardır ki, yalnız rusca tədris etməyə dərsləri və imkanları vardır. Binaən-ileyh Avropa məmləkətlərindən başqa birinin lisanında mümkün olsa idi, o lisanda götürərdik. Bu olmayacaqdır, çünki tələbələrimiz rus məktəblərində rusca dərs almışlar. Bu nöqteyi-nəzərdən bir dəlalət var. Ülum və finunun darülfünunda rusca tədris edilməsinə gəldikdə, əlbəttə, bizə söyləyə bilərlər ki, vaxtaki darülfünun milli olmayacaq, orada keçirilən dərslər türkcə olmayacaq, bu surətdə tələbələrimizi xarici məmləkətlərə göndərib, bu surətdə təhsil etmələri mümkündür" (yenə orada, s.8. Müxalifətçi Səmədağa Ağamalıoğlunun dil məsələsində fikirləri onlarla  səsləşir: "O kişi (keşiş - red. N.M) bura (tribunaya - red. N.M.) çıxmışdı ki, universitetnən xalqı qorxutsun. O elə bilirdi ki, Azərbaycan milləti ona yaxın durmaz. Vanseviç yaxşı cavab verdi. Onda keşiş deyir ki, çox yaxşı oldu ki, universitet açılır, özü də rus dilində. O elə bilir ki, onun məmləkətində olmuş rus "samoderjaviya"si bu məmləkətdə diriləcək. Böylə çıxır ki, rus professorları 13 elmi qoyub, rus padışahından, samoderjavasından, pravoslavyasından öyrədəcəklər. O keşişin adəti var. ...Burada söylənildi ki, onun özü də böyük dəlildir ki, bizim ibtidai məktəbimiz və öz gimnaziyamız yoxdur ki, universitet üçün yem olub onu saxlasın. Bu bizdə yoxda degil idi, var idi. Əgər indi səs gəlmir isə onda da təqsir hökumətdədir. Biz tələb etdik ki, bu məktəblər açılsın, şkol yoxdur, deyirlər ki, sən də darülfünun açmayasan? Sonra bir vacib məsəl var, deyirlər ki, türkün öylə qüvvətli dili yoxdur ki, onun darülfünunu olsun. Əvvəlcə dili qüvvətləndirib, sonra darülfünun açmaq lazımdır. Darülfünun olmasa, dil də qüvvətlənməyəcəkdir. Darülfünun olan yerdə dil də böyüyür. İnandırıram ki, revolyusiyadan əvvəl dil bilməyənlər şimdi yavaş-yavaş məcbur olub dil öyrənib, öz köçünü sudan çıxarır" (yenə orada, s.13-14).

 

(Davamı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!