Ü.Hacıbəyov dil məsələləri ilə ardıcıl məşğul olmuş, onun incəliyini, estetik təsir gücünü, fikri aydın ifadə etmək bacarığını və yüksək xəlqi mahiyyətini əsaslandıra bilmişdir. Məramı belədir ki, xalqı başa salmaq üçün ona danışdığı dildə təsir etmək lazımdır. Doğma dilini yad təsirlərdən, yersiz hücumlardan qorumağı özünə borc və şərəf bilmiş, saxta millətçiliyə qarşı olmuşdur. Məsələn, "Çı" imzası ilə dərc etdirdiyi "Zurna" adlı felyetonunda dövrün yetkin dil mənzərəsini dərindən əsaslandıra bilir:
"Anama dedim ki, gəl səni aparım parlamana.
Dedi: - Parlaman nədir?
Dedim: - Parlaman, yəni məclisi-məbusan.
Dedi: - Məclisi-məbusan nədir?
Dedim: - O bir məclisdir ki, orada məmləkətimiz üçün qanunlar düzəldirlər və ondan başqa hər nə böyük və kiçik qulluqçularımız var, hamısının əməllərinə baxırlar.
Dedi: - Ona bizdə divanxana deyirlər.
Dedim: - Sən deyən olsun, getdik və arvadlara məxsus olan lojalardan tamaşaya başladıq.
Anam soruşdu ki, bu başda oturanlar kimlərdir?
Dedim: - Məbus əfəndilər.
Dedi: - Məbus nədir?
Dedim: - Məbus, yəni deputat.
Dedi: - Deputat nədir?
Dedim: - Deputat o adamlara deyirlər ki, camaət onu öz tərəfindən seçib və ixtiyar veribdir ki, öz tərəfindən danışsın.
Dedi: - Bizdə onlara vəkil deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs o başda oturanlar kimlərdir?
Dedim ki, nazir əfəndilər.
Dedi: - Nazir nədir?
Dedim: - Nazir, yəni ministr.
Dedi: - Ministr nədir?
Dedim: - Ministr məmləkətin ən böyük qulluqçularıdır ki, bütün işlərin hamısı onların əlindədir.
Dedi: - Bizlərdə onlara vəzir deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs o ortada oturan kimdir?
Dedim ki, sədr cənablarıdır.
Dedi: - Sədr nədir?
Dedim: - Sədr, yəni predsidatel.
Dedi: - Predsidatel nədir?
Dedim: - O adamdır ki, məclis onu özünə başçı seçibdir.
Dedi: - Ona bizdə ağsaqqal deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs onun sağında və solundakılar kimlərdir?
Dedim: - Katib əfəndilərdir.
Dedi: - Katib nədir?
Dedim: - Katib, yəni sekretar.
Dedi: - Sekretar nədir?
Dedim: - Sekretar o adama deyirlər ki, kağız oxuya, kağız yaza, dəftər saxlaya.
Dedi: - Ona bizdə mirzə deyirlər.
Dedim: - Sən deyən olsun.
Dedi: - Bəs bu oğlanlar kimdir?
Dedim: - Kosyorlar.
Dedi: - Nə?
Anamın dili tutmadı. Dedi mənasını anlat.
Dedim: - Onlar burda qulluq edirlər və qulluqları da bundan ibarətdir ki, adamları sayırlar, qaydaya baxırlar.
Dedi: - Onlara bizdə xəlifə deyirlər.
Gördüm ki, anam çox bilicidir, dedim, ay ana, kaş ki, sən mənimlə bütün idarələrimizin hamısını gəzib, hər kəsə özünə görə ad qoyaydın və bizə ana dili öyrədə idin..." ("Azərbaycan" qəzeti, 25 aprel 1920).
Sözün qiyməti heç də onun böyük və kiçikliyi, zahiri gözəlliyi ilə ölçülmür, özündən çox, onun yaratdığı məna, aləm böyük, gücü dərin olmalıdır. Əgər bədii əsər bu cəhətdən xalqı razı salırsa, demək, əsərin dilindəki xəlqilik bədii əsər üçün tələb olunan səviyyədədir. Ü.Hacıbəyov komediyalarına əbədi həyat hüququ qazandıran məhz onların son dərəcə xəlqi dildə yazılması, hamının danışdığı, tez-tez işlətdiyi sözlərdən, ifadə və birləşmələrdən istifadə etməsidir. Heç bir əsərində süni yenilik arxasınca qaçmaq, dildə zahiri gözəllik, təmtəraq yaratmaq hiss olunmur (Abdulla Abasov. Yazıçı Üzeyir bəy Hacıbəyov. Bakı, 2013, s.279-280).
Xalqının məişətinə, tarixinə, mədəniyyətinə, folklor yaddaşına, əxlaq tərzinə, adət-ənənəsinə, şüur səviyyəsinə, zəngin və müdrik dilinin bütün incəliklərinə bələd olan Ü.Hacıbəyovun komediyalarında işlətdiyi kəlamlar dillər əzbəridir, bir çoxu aforizmə, zərb-məsələ çevrilmişdir: "Heç hənanın yeridir?", "Tarixi-Nadiri yarıya qədər oxumuşam", "O olmasın, bu olsun", "Bir nəfər molla, üç manat pul, bir kəllə qənd", " Pulun var? Var, var!", "Pulun var, gələrəm", "Bəs mənim bir abbasım?", "Əşi, siz gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa, arvaddır?", "Mən dul, sən dul", "Mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana", "Məşədi İbad, sən bizə xoş gəlib, bizi şad elədin", "Sən qızı mənə vergilən, gör necə səni şad edərəm", "Bəs elə isə, ver əlini", "Axı, bunun bir anbar da toy xərci var", "Kişiyə yox, kişinin puluna", "Pul dağarcığı", "Mənə meymun deyib, sonra da əl verirsən?", "Vaxsey!... Bəs mənim pullarım...", "Baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi?", "Zərər yoxdur, arvad kişidən qorxsa, yaxşıdır", "Qurban olasan ayağımın altındakı hambala", "O qədər qəliz danışırsan ki, bilmək olmur nə deyirsən", "Qızın iki namizədi var", "Babalın Sərvərin boynuna", "Çadramı sallam başıma, üz-gözümü bəzərəm", "Evlənmək su içmək kimi asan bir şeydir", "Bu başqa məsələ", "Deyirlər ki, toy olacaq", "Dedim, ada dayan, dayanmadı", "Nədir sənin dərdin, bu nə ahu-zardır?", "Arşın mal alan, mal alan?", "Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan", "Ay qız, Telli!", "Xanım, Allahın altında Sultan bəyin on iki nəfər sən kimi qızı olaydı", "Yoxsa, bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitel...", "Arvad olmasına arvaddır", "Sən dul, mən dul, gəl mənə bənd ol", "Gəl, ikibaşlı qohum olaq", "Bax, ata, həm sən deyən oldu, həm də mən deyən". Hətta xalq arasında bu ifadələrin təsiri ilə "Qulaq asmaq da şərtdəndir", "Allaha şükür ki, quş kimiyəm", "Ədə, atamın adını hardan bilir?", "Məşədi İbad kimi özündən çıxma", "Arşınmalçı kimi nə düşmüsən çöllərə" və s. aforizmlər yaranmışdır.
Ü.Hacıbəyovun surətlərinin nitqi yaratdığı obraza uyğun qarğış, söyüş, qisas, hədə-qorxu, tərif və s. hissi-psixoloji vəziyyətləri bildirən söz və ifadələrlə zəngindir. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini tədqiq edən C.Xəndan yazırdı ki, qarğış insanın dünyagörüşünü, psixoloji həyəcanlarını və s. daxili portretini açır. Bədii ədəbiyyatda bundan geniş istifadə edən sənətkarlar xalqla daha çox bağlı olanlardır. Çünki, demək olar ki, bütün qarğışlar xalqdan gəlir (C.Xəndan. Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Bakı, 1962, s.388.). Ədib sözün bütün imkanlarından - nominativ, məcazi mənalar, ritorik sual, nida, təkrarlar, idiom, ibarə, hikmətli sözlər, bənzətmə və təşbehlərdən məharətlə istifadə edir. Məmməd Arif onun zəngin dilini, sözə qənaətini, fikir yığcamlığını kamala yetmiş müdrikliyi ilə qiymətləndirir: "…Yığcamlıq tələbi dramaturqu məcbur edir ki, on söz əvəzinə bir söz işlətsin, amma elə söz işlətsin ki, o söz on sözün işini görə bilsin" (M.Arif. Seçilmiş əsərləri. I c., Bakı, 1967, s.242). Ü.Hacıbəyov canlı nitq ustasıdır, onun dili xalqdan gələn dərin mənalı söz və ifadələrlə zəngindir, məhz bu keyfiyyətləri ilə zəngin publisist yaradıcılığı, məqalə, məruzə və çıxışları, elmi-nəzəri yazıları milli-əxlaqi ruhu, aydın, konkret mətləb və məzmunu, şəffaf üslubu, qüdrətli dili, yazı tərzi ilə o, müasirlərindən fərqlənir.
Alovlu publisist, obyektiv tənqidçi, teatrşünas, nasir Nəriman Nərimanov Mirzə Fətəli Axundzadə realist ədəbi məktəbinin ləyaqətli davamçılarından biri kimi, milli ədəbi irsimizin möhtəşəm, bəşəri, mütərəqqi ideyalarının təbliği və zənginləşməsində böyük işlər görüb. N.Nərimanovun fəaliyyətində ana dili bir problem kimi daim ön planda olmuş, Azərbaycan dilinə qayğı başlıca yer tutmuşdur. Hələ 1899-cu ildə "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" əsərini çap etdirəndə yazırdı ki, "millətçilər" o vaxt hələ türk (Azərbaycan) dilinin sərf və nəhvi olduğunu bilmirdilər". Hakimiyyətdə olarkən, N.Nərimanovun ana dilinə sədaqəti qüvvədə qalmışdır, məhz N.Nərimanovun fərmanı ilə Azərbaycan dili dövlət dili statusu almışdır. O, idarələrdə rəsmi üslubda yazışmaların rus dili ilə yanaşı, Azərbaycan dilində də aparılması haqqında sərəncam vermiş, 1921-ci ilin avqustunda məhz onun təşəbbüsü ilə İnqilab Komitəsi kargüzarlığın Azərbaycan dilində aparılması haqqında qərar qəbul etmişdir. 1922-ci ildə dövlət idarələrində məmurların ixtisarı zamanı bütün maneələrə baxmayaraq, Azərbaycan dilini bilənlərə xüsusi qayğı göstərilməsinə tapşırıq vermişdi. Bu o zaman idi ki, N.Nərimanov Genuya konfransına gedərkən, Bakıda milli dərslərinin sayını ixtisar etmək, Azərbaycandilli teatr truppası tamaşalarının sayının azaldılaraq, rusdilli teatr tamaşalarının sayını artırmaq haqqında açıq fitnəkar məqalələr və fikirlər irəli sürülürdü. N.Nərimanov qayıdan kimi bu məsələyə dərhal müdaxilə edir. "Bakinski raboçiy" qəzetində "Bəzi yoldaşlara cavab" sərlövhəsi ilə ana dilimizin Azərbaycanda mövqeyi haqqında sərt bir məqalə ilə çıxış edir. Məqalədə yazır: "Türk (Azərbaycan) dili Azərbaycanda dövlət dili elan edilmişdir və Azərbaycanda bu dilin hüquqlarından və üstünlüklərindən tam şəkildə istifadə olunmalıdır. Heç kim bunu ləğv edə bilməz. Azərbaycan öz ana dilindən imtina edə bilməz və heç kimə də imkan verməz ki, Azərbaycanda bu dilin mənasını, rolunu azaltsın. ...Biz gərək dövlət vəsaitinin 2/3 hissəsini türklərin (azərbaycanlıların) savadlanmasına və maariflənməsinə xərcləyək, partiyanın diqqətinin 2/3 hissəsini və ümumiyyətlə, bütün enerjimizin 2/3 hissəsini gərək türklərə (azərbaycanlılara) sərf edək. Rus dili mənim xoşuma gəlir, rus dilində mənə hər şey asan və aydın gəlir. Puşkinin gözəl şeirləri rus dilində yazılıb. Mən istəyirəm ki, türk (azərbaycanlı) uşaqları bunları bilsinlər. ...Türk (azərbaycanlı) uşaqları tək Puşkini deyil, həm də Şekspiri, Şilleri bilməlidir. Ancaq türk (azərbaycanlı) uşağı özünə doğma olan əsl proletar şairi Sabirin odlu-alovlu şeirlərini, xalq şairləri Vaqifin, Zakirin, Vidadinin şeirlərini biləndən sonra bunları bilməlidir" (H.Həsənov. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı, 2005).
N.Nərimanov Azərbaycan dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. O dövrdə bütün sosialist respublikalarında rus dilindən söz alma dəb halını almışdı. 1924-cü ilin mayında "Elmləri yeni tamam etmiş müəllimlərə açıq məktub"unda yazırdı: "Dilimizi lüzumsuz, qeyrisinin dilinin təsiri altına salmaq işimizi təxirə salar. Bu səbəblərə görə biz dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox müəllimlərə ümid bağlayırıq". Və ya: "Bu vaxtadək hamı üləmalar rus dilində oxunur idi. İndidən sonra isə türkü öz ana dilimizdə oxunacaqdır. Bu vaxtadək təlim kitabları rus dilində idi. İndi haman kitablar gərəkdir türk dilində olsun (…). Bu məsələlərin hamısını müəllimlər ictimai nəzərdən keçirib yeni proqram düzəldəcəklər, yeni təlim kitabları seçib çap edəcəklər" (N.Nərimanov. Seçilmiş əsərləri. Bakı, 2004, s. 317).
Latın qrafikasına keçmək, yaxud onu islah etmək məsələsi məhz N.Nərimanovun təşəbbüsü və sədrliyi ilə geniş şəkildə müzakirə olunmuşdur. S.Ağamalıoğlu yazırdı: "1922-ci ilin əvvəllərində Nərimanov yoldaş tərəfindən qurulmuş yığıncaqda məruzə üzərində ikigünlük mübahisədən sonra iki komissiyon seçildi. Bunlardan biri ərəb əlifbası yerinə latın əlifbasının keçirilməsi üçün materiallar hazırlayacaq, digəri ərəb əlifbasını islah edəcəkdi. İkinci komissiyon fəaliyyətsiz göründü və çox yaşamadı. Birinci isə indi də fəaliyyətdə olan Yeni Türk Əlifba Komitəsinə çevrildi".
N.Nərimanovun bu təşəbbüsünü Azərbaycan ziyalıları, xüsusən də, Cəfər Cabbarlı alqışlayır, mətbuatda bu barədə məqalələrlə çıxış edir.
1921-ci il dekabrın 30-da Darülmüəllimin binasında Bakı ziyalıları, mühərrirləri, müəllimləri və nüfuzlu hökumət adamlarının iştirak etdiyi əlifba qrafikasına həsr olunmuş birinci konfransı N.Nərimanov giriş sözü ilə açır və çıxışının sonunda müraciət edir: "İndi ixtiyar özümüzdədir. Hərgah biz indi bu əlifbaya keçməsək, o zaman on ildən sonra bu əlifba özü-özünə itəcək. Odur ki, indi keçməli və elə etməli ki, on ildən sonra olacaq ədəbiyyatı zəhmətkeş balaları oxuya bilsinlər". 1922-ci il dekabrın 3-də Tiflisdə Türk dram teatrının binasında yeni qrafika haqqında məruzə ilə çıxış edərkən, bir daha fikrini qətiləşdirir: "Biz ləngiyə bilmərik, bir ətrafa baxın! Bütün xalqlar irəli gedirlər! Bir dəqiqə də gözləmək olmaz!"
20-ci illərdə N.Nərimanovun təşəbbüsü ilə yaradılan "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"ndə təxminən, 100 çap vərəqi həcmində "Azərbaycan dilinin izahlı lüğəti" hazırlanıb çap olunmalı idi. Nəşrə o dövrün ən tanınmış simaları - Aşmarin, Qubaydulin, Meşşaninov və Samoyloviç və b. alimlər cəlb olunmuşdular. Lakin N.Nərimanovun vəfatından sonra lüğətin nəşri dayandırıldı və taleyi naməlum qaldı.
Onun milli dövlətçilik baxışlarında Azərbaycan xalqının milli-mədəni inkişafı, İslam dini problemləri və Azərbaycan dilinə dövlət dili statusu verilməsi xüsusi yer tutmuşdur (Ətraflı bax: H.Həsənov. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti). Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, N.Nərimanov, hətta Moskvada işləyərkən bəzi rəsmi toplantılarda Azərbaycan dilində çıxış etmişdir.
N.Nərimanov zamanında siyasi natiq kimi şöhrət qazanmış, Azərbaycan natiqlik məktəbinin banilərindən biri olmuşdur. Onun Bakının neft mədənlərində, fabrik və zavodlarında, siyasi mitinq və yığıncaqlarda cəsarətli, aydın və inamlı çıxışları fəhlələri inqilabi mübarizəyə səsləyirdi. "Öz xalqını ürəkdən sevən, onun azadlığı və səadəti üçün çalışan natiq Nərimanov danışdığı hər hansı bir məsələnin daha kəsərli sahələrini qabarıq şəkildə izah etməyə, dinləyiciləri başa salmağa, onları maraqlandırmağa, düşündürməyə, inandırmağa və diqqətini həmin məsələnin həllinə cəmləşdirməyə ciddi səy göstərmişdir. Dinləyicilərə qaynayıb-qarışmaq, onlara həssaslıqla yanaşmaq, fikirlərini bilmək, onları dinləmək məharəti N.Nərimanovun natiqlik sənətinə xas olan xüsusiyyətlərdən idi" (Əhmədov. Nəriman Nərimanov. Bakı, 1982, s.300). Təsadüfi deyildir ki, o, 1918-ci ildə "Natiqlər və mitinqlər kollegiyası"na üzv seçilmişdir.
XX əsrin əvvəllərində məşrutə hərəkatının yetişdirdiyi natiqlər sırasında Cənubi Azərbaycanda fəaliyyət göstərmiş Məlikülmütəkəllimeyn, Şeyx Səlim, Şeyx Məhəmməd Xiyabani, Səttarxan, Seyid Cəfər Pişəvəri, Səid Səlmasi, Məhəmməd Biriya, Rahim Qazi, Cahanbaxş və başqalarının adını çəkmək olar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!