Nadir MƏMMƏDLİ
Abbas Səhhətin "Vətən" şeiri milli-mənəvi düşüncəni, tarixi-etik ənənələri, vicdan və əxlaq kodeksini özündə təcəssüm etdirən həm ədəbi-bədii nümunə, həm də sevgi-məhəbbət simvolu, milli şüurun inkişafına təkan verən, vətən sevgisini himnə çevirən müdrik bir sənət nümunəsidir:
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim.
...Vətənin sevməyən insan olmaz,
Olsa da, ol şəxsdə vicdan olmaz.
C.Cabbarlının "Ana" şeiri Azərbaycan klassik poeziya zəminində yetişmiş, milli ədəbiyyatımızın və dilimizin ən gözəl nümunələrindən biridir:
Ana! Ana!.. O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Bu dövrün xarakterik xüsusiyyətləri budur ki, ədəbi dil danışıq dilinin gözəlliklərinə meyil edir, hətta qrammatik qanun pozulsa belə, ədəbi dil onu qəlibləşdirir.
Dövrün tanınmış maarifçilərindən biri M.Mahmudbəyov "İmlamız" adlı əsərində həm ümumnəzəri məsələlərdən, həm də söz köklərinin və şəkilçilərin yazılma tərzindən bəhs edir, N.Nərimanov kimi se, sad, zod, za, zam və s. qrafemlərin əlifbadan çıxarılmasının tərəfdarı idi. O, orfoqrafiyamız üçün fonetik yox, morfoloji prinsipi əsas götürürdü. Maraqlıdır ki, müxtəlif dialektlərdə işlənən şəkilçi variantlarını da məqbul hesab edirdi.
S.M.Qənizadənin "Rusca-tatarca lüğət"i təkcə leksikoqrafik cəhətdən yox, həmçinin nitqimizdə alınma sözlərə, terminlərə münasibət baxımından da qiymətlidir. O da M.F.Axundov kimi, xüsusən, terminoloji mahiyyətli sözlərin Azərbaycan dilinə tərcüməsini məqbul hesab etmir, sözün özünü işlətməyi məsləhət bilir. Məsələn, alınma sözü milli qrafika ilə (məsələn: baykot - baykot, dinamit - dinamit), tərcüməsini feil formasında verir (məsələn: baykotirovat - etiraz etmək). Lüğətdə bəzi alınma sözlər azərbaycanca saxlansa da, onun milli, anlaşıqlı sinonimləri də verilir və tələffüz ənənəsinə uyğun müəyyən dəyişikliyə məruz qalır:
Anarxiə - başsızlıq, iğtişaş, anarşia
Qimnastika, qimnastiçeskie uprajneniə - gimnastika məşqləri (T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1991, s.186).
T.Hacıyevin fikrincə, lüğətdə sözlərin hər necə olursa, tərcüməsinə meyil vardır. Hətta tərcümə zamanı anlaşıqlı olmayan ərəb və fars sözlərindən belə istifadə olunur:
akter - şəbihə
qidravlik - cuar
admiral - dəryabəgi
delğfin - dəryadonuzu
Müəllif lüğətdən istifadə edənlərin savad dərəcələrini nəzərə alaraq kütləviləşmiş şərq mənşəli alınmalarla qarşılıqlarını verir (aqronomiə - elmi-ziraət, alğbom - qətədən, amnistiə - əfvi-ümumi, anatomiə - təşrihül-bədən, dezinfeküiə - üfunətbərdar, demokratiə - aminulnas, idareyi-əma, diametr - qətrüddairə, diplomat - nüktədan, siyasi), sözün ictimai məzmunu, terminoloji anlayışını aydınlaşdırmaq üçün bəzən sözün qarşılığında qəliz terminoloji vahidlə yanaşı, şərhçi söz-termin də işlədir (demokrat - avampərəst, amiyun), qeyri-terminoloji leksikanı əsl Azərbaycan sözləri ilə tərcümə edir (velikiy - böyük, kura - toyuq, kutatğ - bürümək, loxmatıy - tüklü) (yenə orada, s.186-187).
Ü.Hacıbəyov ana dilini, xüsusilə, ədəbi dili bilməyi xalqın mənəvi ehtiyacı sayır, nümunə olaraq Avropanın mədəni xalqlarının dillərini misal gətirir. Əvvəlcə öz dilini, sonra isə başqa dilləri də yüksək səviyyədə mənimsəməyi, ədəbi dilin xalq danışığı səviyyəsində olmamasını tövsiyə edir, dövrün sayılan molla və "intiligent"lərinin nitqinə təəssüf edir: "Mollalarımızdan türkcə biləni, yəni türk sərf və nəhvinə mütabiq yazıb danışmaq bacaranı yox dərəcəsində azdır. Mollalarımızın müridlərindən "savadlı" olanları varsa, onlar da yazı-pozularını, məktub filanlarını farsca yazarlar, o da min cür qələt ilə. ...Təsadüfən əllərinə düşmüş türkcə bir kitabı açıb farsca oxuyarlar. İntiligentlərimizin də türkcə bilməmələri və onların müridlərinin də türkcə bilmək istəməmələri aşkar bir əmrdir" (Ü.Hacıbəyov. Əsərləri. 10 cilddə, IV c., 1968, s.216). Təsadüfi deyildir ki, Ü.Hacıbəyov xalqının istedadlı, qabiliyyətli "oxumuşları"nı, dilinin təəssübünü çəkən ziyalıların "millət üçün və hətta ümumi insaniyyət üçün mənfəətli olduğunu" söyləyir, onları "meyvəli ağaclara və ətirli güllərə" bənzədir (yenə orada, s.246).
Hələ gənc ikən, əsrin əvvəllərində (1907-ci il) Ü.Hacıbəyov mətbuatda və ədəbi dilimizdə söz və terminlərin mənasının izahında hərc-mərcliyi nəzərə alaraq, "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rusi-türk lüğəti"ni tərtib edib çap etdirir. Tərtibçi lüğətin təyinatını "Qəzetdə və qəraidlə məşğul olanlardan ötrü pək lüzumlu bir dəstur ul-əməl" kimi təqdim edir. Rafael Hüseynov qeyd edir ki, bu kitab vahid lüğət kimi təqdim edilsə də, əslində bir-birindən fərqli 3 lüğətdən ibarətdir. O, birincini söz tərkibi baxımından siyasi, ikincini kitabın sərlövhəsində göstərildiyi "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin" rusca-azərbaycanca normal, üçüncünü Azərbaycan mətbuat dilində işlək olan ərəb və fars sözlərinin lüğəti kimi fərqləndirir" (R.Hüseynov. Millət "Əlifba"sının köhnəlmiş sözlüyü // Ü.Hacıbəyov. "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rusi-türk lüğəti", Bakı, 2013, s.11). "Üzeyir bəyin ayrı-ayrı kəlmələrə verdiyi izahlarda bir çalar da diqqəti çəkir ki, o, yalnız sözün mənasını açmır, həm də vacib kəlmələrdə onların fəlsəfəsini xırdalayır, milli təfəkkürdə yer almasını, istədiyi mənaları oxucuya təqdim etməyə, aşılamağa can atır. Başqa sözlə, bu izahlar bir izahlı lüğətin tələb etdiyi minimumdan - fəqət, dürüst mənanı bildirmək çərçivəsindən xeyli kənara çıxır" (yenə orada, s.17). Kitabın naşiri Məhəmməd Əmin Rəsulzadə bu qamusun həm rusca bilən, həm də bilməyib, fəqət, türkcə oxuyan qarelərə yardımçı olacağına əmindir; hər halda, bu qamus qəzet oxuyub-yazanlara yaxşıca bir dəsturüləməldir (Məhəmməd Əmin Rəsulzadə. Naşir tərəfindən // Ü.Hacıbəyov. "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rusi-türk lüğəti", s.37).
M.Nağısoylu doğru olaraq qeyd edir ki, XX əsrin əvvəllərində nəşr edilmiş qəzet və jurnalların dili nəinki müasir oxucu, hətta bəzən mütəxəssislər üçün belə müəyyən çətinliklər törədir. Ərəb və fars dillərini mükəmməl bilən şəxslər üçün belə, bəzən o dövrdə istilah kimi işlədilmiş ayrı-ayrı mürəkkəb söz və söz birləşmələrinin mənasını anlamaq müəyyən çətinliklər doğurur. Ona görə də o, yüz ildən artıq bir müddət keçməsinə baxmayaraq, lüğətin XXI yüzillikdə o zamanınkından daha gərəkli və faydalı olduğunu vurğulayır (M.Nağısoylu. Redaktordan // Ü.Hacıbəyov. "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rusi-türk lüğəti" s.34). M.Ə.Rəsulzadənin kitabın "Naşir tərəfindən" adlı təqdimatında "Qəzetəçi və jurnalçılarımız müxtəlif məsələlərdən, iqtisadi, siyasi, ictimai və qeyri məqalələrdən bəhs açıb da cəmaətin anlayamayacağı yeni istilahat və ibarat istemalına məcbur oluyorlar" fikrinə rəğmən, lüğəti Azərbaycan ziyalı təbəqəsinin ədəbi-mədəni həyatında bayram sovqatı adlandıran R.Hüseynov təsadüfi olaraq qeyd etmir ki, XX əsrin ikinci yarısında formalaşan azərbaycanlı ziyalı nəsillərinin rusdilli kəsiminin əksəri öz ana dilində adam içərisinə çıxarıla biləcək abırlı səviyyədə nə danışa, nə yaza bildi (R.Hüseynov. Millət "Əlifba"sının köhnəlmiş sözlüyü // Ü.Hacıbəyov. "Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türk-rusi və rusi-türk lüğəti", Bakı, 2013, s.11).
Ömrü boyu ana dili məsələlərinə xüsusi diqqət yetirən, yorulmadan mübarizə aparan ədibin amalı budur ki, millətin varlığının əsas amili onun dilidir; xalq və ilk növbədə, ziyalılar öz doğma dilinin saflığını qorumalı, onu yad ünsürlərdən hifz etməli, inkişafına nail olmalıdırlar, bu onların müqəddəs borcudur: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir" ("Həqiqət" qəzeti, 24-25 yanvar 1910).
Üzeyir bəy çox dil bilməyin əleyhinə olmamışdır, məqalələrinin birində yazır ki, Avropa dillərinə vaqif olan zat öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər. Lakin öz doğma dilini bilməyib ərəb, fars, rus, ingilis, fransız dillərində "bülbül kimi ötənlərə" istehza edir, onları "zavallı" adlandırır. Məsələn, "Dilimizi korlayanlar" adlı məqaləsində ana dilinin qəsdinə duranlardan - artistlə axundu üzbəüz qoyur:
"Axund belə danışır: - Zamani ki, mən burada əklətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dögül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!
Axund belə demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...
Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: "Bu gün Tağıyevin teatrında oynanılacaqdır suznaq bir faciə "Gaveyi-ahəngər". Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist..." Uşaq bazara gedib qoz alır və evə qayıdıb anasına deyir ki, "Ana, bazardan qoz aldım".
Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər:
- Ana, bazardan aldım qoz" ("İqbal" qəzeti, 16 oktyabr 1912).
Ü.Hacıbəyov rus dilində təhsil almasına baxmayaraq, dilimizin bütün incəliklərinə qədər bilməklə yanaşı, ərəb, fars, türk, tatar, gürcü, ləzgi, fransız dillərinə də bələd olmuş, bu dillərdə sərbəst danışmışdır. O, Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına xeyli faydalı məsləhətlər verir. Məsələn, "Üsuli-təbii (Müəllim Əli bəy Hüseynzadə cənablarına müxtəsər cavab)" yazısında qeyd edir: "Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində "hansı ki", "hansılar ki" sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun "kotorıy" kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır" ("Tərəqqi" qəzeti, 1 aprel 1909).
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!