XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində meyillər, dilin saflığı uğrunda mübarizə - Nadir MƏMMƏDLİ

 

(Əvvəli burada)

 

XX əsrin  əvvəllərində Azərbaycan ədəbi dilində üç meyil aparıcıdır:

1. Ədəbi dili xalq dili ilə eyniləşdirmək. Bu meyil "Molla Nəsrəddin" jurnalı, C.Məmmədquluzadə, Ə.Haqverdiyevin yazılarında özünü bariz şəkildə  göstərir.

Mollanəsrəddinçilər ədəbiyyatın ideyalılığını onun xəlqiliyindən ayırmırdılar. Onların bu məsələdə fikirləri yekdildir: xalqın ədəbiyyatı onun xarakterini, ruhunu əks etdirməlidir. Xalq ruhundan məhrum olan əsər sənət aləmində özünə yer tuta bilməz. Məsələn, Ə.Haqverdiyev də ədəbiyyatda realizmin tərəfdarı idi və ona həyatı, canlı danışığı köçürən, naturalist təsvir üsulu kimi baxırdı. Ədibin yaratdığı hər tipdə fərdi, cəmiyyətin müəyyən ictimai əhval-ruhiyyəsini ifadə edən ümumi keyfiyyətlər vardır. Məsələn, Ə.Haqverdiyev "Marallarım" haqqında yazırdı: "Mən gələn məqalələrimdə heç maralımın adını yazmayacağam, çünki hər maralım özü-özünü tanıyacaq. Qarelər (oxucular - N.M.) üçün də bu adların bir elə əhəmiyyəti yoxdur; maralın adı istəyir Rəmazan, istəyir Şəban, istəyir Səfər, istəyir Rəcəb olsun, qare üçün bir təfavüt etməz. Ancaq maral olsun.  Bu maralın adı, hərçənd Qasım əmidir, amma Qasım əmi bu maral deyil, neçə yüz, bəlkə neçə min maralı yığıb bir yerdə yoğurub içindən bir maral çıxarıb adını Qasım əmi qoymuşam" ("Molla Nəsrəddin" jurnalı, 1 avqust 1910, №30).  Ədəbi dilin xəlqiliyi məhz bu estetik prinsiplə müəyyən edilirdi.

XX əsrin əvvəllərində dil sahəsindəki inqilabi-demokratik cəbhəyə C.Məmmədquluzadə başçılıq edirdi. C.Məmmədquluzadə və onun "Molla Nəsrəddin" jurnalının dil məsələsinə xüsusi diqqət verməsi onun məramı ilə səsləşirdi. Yazıçı və jurnalist kimi məqsədi həmvətənlərini, iranlı fəhlələri, məzlum əməkçi xalqı ayıltmaq olmuşdur. Ona görə də deyirdi: elə yazmaq lazımdır ki, müraciət etdiyin avam kütlə səni başa düşə, anlaya, düşünüb nəticə çıxara bilsin. Bunun üçün ən məqbul yol asan dildə - ana dilində yazmaqdır. Onun fikrincə, ədəbi dil ilə yazıçının, mətbuatın, "avam camaatın" dili arasında uçurum olmamalıdır; ədəbi dil cilalanmış, işlənmiş xalq dili əsasında inkişaf etməlidir. Ədib göstərirdi ki, Ə.Hüseynzadə və onun dil siyasətini müdafiə edən jurnalistlər, yazıçılar  ədəbi dil məsələlərinin həllində mürtəce mövqe tuturlar.  Belə olduqda, bu müəlliflər özlərini xalqdan ayırır, şəxsi mənafelərinə xidmət edən, bir ovuc ziyalının oxuyub başa düşdüyü məhdud bir vasitəyə çevirməyə çalışırlar. Onlar asan yazmağı eyib hesab edir, savadlarını göstərmək üçün  yazılarını ərəb, fars, osmanlı söz və ibarələrlə doldurur, özlərinə belə bəraət qazandırırlar: "Avamın və kəndlinin canı cəhənnəmə! Mənə çox lazımdır ki, o mənim yazdığımı başa düşəcək, ya düşməyəcək. Mənə ancaq bu lazımdır ki, mənim yazdığımı oxuyanda desinlər: "Pəh, pəh, gör ərəb dilini nə yaxşı bilir" ("Molla Nəsrəddin" jurnalı, 9 avqust 1900, №32). Təsadüfi deyildir ki, demokratik hərəkatın ardıcıl etirazı və tənqidlərin nəticəsi olaraq Ə.Hüseynzadə Azərbaycanda fəaliyyətini davam etdirə bilmədi, 1910-cu ildə Türkiyəyə mühacirət etməli oldu.

Dili kəsərli silah hesab edən dramaturq ədəbi dilimizi osmanlılaşdıranlara, osmanlı ədəbi dilini təqlid edənlərə qarşı çıxırdı. Bu işdə mühərriri olduğu "Molla Nəsrəddin" jurnalının rolu böyükdür. Təsadüfi deyildir ki, o, hələ "Molla Nəsrəddin" jurnalının ilk sayından başlayaraq: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! Mən sizin ilə türkün açıq ana dili ilə danışıram.

Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi... Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!" - deyən yazıçı-publisist özünün və  mətbu orqan olaraq jurnalın məramını açıqlayır.

"Molla Nəsrəddin" jurnalında çap olunan "Dil", "Əlifba", "Dərs kitablarımız", "Ana dili" və bu qəbildən olan bir sıra məqalələrini məhz ana dili problemlərinə həsr etmişdir. Jurnalın 1917-ci il 27 noyabr 24-cü sayında çap olunan və Cəlil Məmmədquluzadənin azərbaycançılıq konsepsiyasının bəyannaməsi "Azərbaycan" məqaləsində dilimizin necə adlandırılması haqqında mövcud dolaşıq fikirlərə öz mövqeyini açıqlayır:

- Mənim anam kimdir?

Öz-özümə cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni vətənim haradır?

- Azərbaycan vilayətidir.

Demək, çünki dilimin adı türk - Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir".

Lakin "Molla Nəsrəddin"in dil sadəliyini dövrün bir sıra ziyalıları savadsızlıq kimi qəbul edirdilər. C.Məmmədquluzadə "Xatiratım"da yazır ki, əlbəttə, bu dil ki, biz onunla "Molla Nəsrəddin"i yazırdıq, o dili biz türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil. Bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan dil ilə Azərbaycan türklərinə və bəlkə də sair türklərə yetirmək idi və zənn edirəm  ki, yetirdik də.

Jurnalın 1907-ci il 4-cü sayında çap olunan "Ana dili" adlı məqaləsini qazının timsalında ana dilinə xor baxan, bu dildə danışmağı  özünə yaraşdırmayan ədabazlara ünvanlayır:             

"Mən universitet, yəni darülfünundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizinqazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazi ilə biz başladıq söhbəti.

Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.

Qazi içəri girən kimi mən qabağa yeridim və dedim: salam­məleyk. Cənab qazi mənə cavab verdi: ay əssəlamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri lətif, maşallah, maşallah, Əxəvizadə neçə müddətdi müntəziri-vücudi zicudunuz və müştaqi didarınız idim, inşallah zati­alinizin məzacı mübarəkləri salimdir.

Mən bir şey başa düşməyib dedim: da.

Cənab  qazi  bir  qədər  baxdı  mənim üzümə və genə başladı: Əxəvizadə, təhsili-fünunuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?

Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund, yaxçı panimat eləmirəm ki, nə ərz­edirsiniz.

Axund soruşdu: necə?

Mən dedim: çto?

Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyinib çıxdı getdi. Anam  girdi içəri və mənə dedi:

- Balam, mollaynan nə dil danışırdız, ki, mən heç nə başa düşmədim?

Dedim:?

- Ana, mollaynan biz ana dilində danışırdıq.

Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: yazıq ana dili!"

Cəlil Məmmədquluzadə ərəb əlifbasını  mətbuat və milli ədəbiyyatın inkişafı yolunda ən böyük maneələrdən biri hesab edirdi. Yazılarının birində ərəb əlifbası ilə yazmağın, oxumağın, savad almağın çox müşkül bir iş olduğunu nəzərə çatdırır: "Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ki, biz yazırıq, onu oxumaq  çətin bir məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım "danışmışıq" kəlməsinin on beş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq, vay bizim halımıza, vay  mürəttiblərin gününə, heyif oxucularımızın gözlərinin işığına" (C.Məmmədquluzadə. Seçilmiş əsərləri. II c., Bakı, 2004, s.300). 

Onun çoxşaxəli fəaliyyətinin arxasında vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır. "Cəlil Məmmədquluzadə cəsarətlə danışıq dilini, canlı dili, azərbaycanlıların şirin, əlvan, ahəngdar, məzəli, səlis, sərbəst danışığını yazıya, kitaba, hətta bədii əsərə gətirmişdir... XIX əsrin II yarısında ana dilimizin saflığı uğrunda M.F.Axundzadə və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu "Molla Nəsrəddin" jurnalı davam etdirirdi. Və sənətkarın ömrünün sonunadək davam etdirdiyi xalqın səadəti, azadlığı və tərəqqisi naminə apardığı mücadilənin əsasını ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə təşkil edirdi" (Mir Cəlal Paşayev. Cəlil Məmmədquluzadə. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, II cild, Bakı, 1960, s.605).

2) Osmanlı və Azərbaycan dilinin ənənələrinə söykənən ədəbi dil yaratmaq. Bu özünü daha çox "Füyuzat", "Həyat" kimi jurnal və qəzetlərin, Ə.Hüseynzadə kimi milli, türkçü ideoloqların dilində əksini tapır. Ə.Hüseynzadənin rəhbərlik etdiyi "Füyuzat" Azərbaycanda milli şüurun oyanmasında, özünəqayıdışda, mədəni-mənəvi yüksəlişdə, ictimai fikrin dirçəlişində, maarifçilik ideyalarının, pedaqoji düşüncənin müəyyən istiqamətə yönəlməsində, hərəkatın milli məcraya yönəlməsində, ziyalı elitasının, qələm və istedad sahiblərinin, fikir mücahidlərinin formalaşmasında və bütün problemlərə ümumtürk müstəvisində baxmaqda mühüm rol oynamışdır.

Ötən əsrin əvvəlində dil məsələsi siyasi səciyyə daşıyırdı. Bəzən Azərbaycan xalqının müstəqil xalq olması, dilinin də müstəqil bir dil olması inkar olunurdu. Azərbaycan dilini Qafqaz şivəsi adlandırır, müxtəlif siyasi təmayül və əqidələrə mənsub olanları osmanlı dili ilə eyniləşdirirdilər. Ona görə də osmanlılarla birləşməyi, vahid bir dildə - osmanlı dilində danışmağı təklif edirdilər. Təəssüf, Ə.Hüseynzadə də beləcə yazırdı: "...bizim ana dilimiz çox dar və kasıb dildir. Bəzi mətləbi onda yetirmək mümkün deyil" ("Həyat" qəzeti. 28 iyul 1905, № 38). Türkiyədə təhsil alan milli ziyalılarımız da xalq dili ilə ədəbi dil arasında uçurum yaradır, ədəbiyyatı, hətta mətbuatı yuxarı siniflər üçün nəzərdə tuturdular. Məsələn, "Füyuzat" yazırdı: "...lisani-əvam heç bir vaxtda lisani-ədəblə bir olmaz" ("Füyuzat" jurnalı, 1906, №1 ). Yaxud: "Heç bir zaman heç bir millətin ədəbiyyatı, lisani-ədəbisi tamamilə çoban, əkinçi lisanı olmamışdır" ("Füyuzat" jurnalı, 1907, №21). Elə buna görədir ki, Ə.Hüseynzadə M.Ə.Sabirin, A.Səhhətin, Ə.Haqverdiyevin, A.Şaiqin əsərlərinin dilini, onlardakı xəlqiliyi bəyənmirdi. "Yazımız, dilimiz, ikinci ilimiz" adlı məqaləsində Azərbaycan əlifbasının  və dilinin demokratikləşməsinin, xalq danışıq dilinin qanunları əsasında sadələşdirilməsinin əleyhinə çıxırdı ("Tərəqqi" qəzeti, 9, 10 fevral 1909, №8). Hətta "İkinci il" dərsliyində çap olunan milli, xəlqi müəlliflərin əsərlərinə istehza edərək, onları "türk dilinin qanunlarını pozan əsərlər" adlandırır, əvəzində oraya osmanlı, cığatay ədəbiyyatı nümunələrini daxil etməyi təklif edir: "Anlamıram ki, bizim bura müəllimlərində, müəlliflərində cığatay və osmanlı ədəbiyyatına qarşı bu inad nə üçündür?! Canım, osmanlı əşar və ədəbiyyatında elə nümunələr vardır ki, sizin bu kimi şeirlərinizdən daha türkcə, daha azərbaycanca və qafqazcadır" (yenə orada).

Lakin bu proses həm də Azərbaycanda xalq dilinə əsaslanan ədəbi dil uğrunda mübarizəyə səbəb oldu. Bura qabaqcıl ziyalılar, tanınmış simalar - yazıçılar, şairlər, tənqidçilər qoşuldular. Silsilə dərsliklər, müntəxəbatlar, məcmuələr, məqalələr çap olunur. Onlardan biri də Rəşid bəy Əfəndiyevin "Bəsirətül-ətval" əsəridir. İlk Azərbaycan dərsliyi hesab olunan "Bəsirətül-ətval"ın müqəddiməsində müəllif yazır: "Türki Azərbaycan dilində məkatibi-ibtidaidə qiraət üçün münasib kitabəmiz olmadığından neçə sənələrdən bəri rastıma gəldikcə zəmanəmizə uyğun və məişətimizə münasib bildigim bir parə hekayə və rəvayətləri sadə türki dili ilə təqrir və təhrir eləmişəm. Hala bu minval cəm elədigim əsəri-mütəfərriqədən bir məcmuə tərtib edüb ətfali-müsəlmanın bəsirət gözünü açmaq mənzurilə bu məcmuəyə "Bəsirətül-ətval" adı verdim" (Rəşid bəy Əfəndiyev. Bəsirətül-ətval. Bakı, 2019, s.7).

Dili milləti yaşadan əsas əlamətlərdən biri hesab edən F.Köçərli məşhur rus pedaqoqu Uşinskinin sözlərinə əsaslanaraq yazırdı: "Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, fot olar və ondan bir nişanə qalmaz" (F.Köçərli. Seçilmiş əsərləri. Bakı, 1963, s.292). Ö.F.Nemanzadə fikrini ümumiləşdirərək, yazıçılarımızın "əvam" üçün ayrı, "xas" üçün fərqli dil yaratmaq təşəbbüslərinin ziyanlı olduğunu qeyd edir, hamının, heç olmasa, çoxunun anlayacağı dildə yazmağı təklif edir: "...Açıq türkcə yazılmış yazılara "əvam" dili deyib gülməməli! Daha vaxtdır ki, "xas" dilini əvam dilinə yaxınlaşdıraq. Daha vaxtdır ki, mümkün mərtəbə açıb yazıq camaatı oxumağa həvəsləndirək. Əgər açıq bura türkcəsilə yazarsaq, İstanbula gedən beş-on qəzetimiz anlaşılmayacaqmış! ...Bizə beş-on istanbullunun anlaması lazım deyil, üç-dörd milyon qafqazlının anlaması lazımdır" ("Tərəqqi" qəzeti, 1909, №47).

Y.V.Çəmənzəminli də xalqın anlamadığı, başa düşmədiyi dildə yazanların xalqın tərəqqisinə böyük ziyan vurduğunu, mənafelərini ümumin mənafelərindən üstün tutduqlarını göstərir. Dilimizin belə bir vəziyyətə düşməsində Ə.Hüseynzadəni qınayan ədib yazırdı ki, "Həyat" və "Füyuzat" kimi orqanların dili bizim ədəbi dilimizi "ərəbləşmiş osmanlı dilinə" yaxınlaşdırmaqdan başqa heç bir iş görmədi: "Həyat" elə dildə yazılırdı ki, onu ancaq pürsavad adamlar oxuyub feyz ala bilərdilər. Xalq isə az savad ilə belə qəzetləri oxuya bilməzdi. "Həyat" bağlandısa da, onun böyük təsiri mətbuatımızda dərin izlər buraxdı, qəzetlərimiz xalq malı olmayıb, bir ovuc ibarəbazlara qulluq etməyə başladı. Əlibəy Hüseynzadənin istedadı, məlumatı və tərcümeyi-halı gözübağlıca kimi oxucuların və ələlxüsus, mühərrirliyə həvəslənənlərin ağıl və məsləklərinə qalib gəldi. Hamı bir ağız ilə onun dahiyi-əzim olmağını söyləyib inandılar, mətbuatımızda təqlidçilik meydanı açıldı, qəliz ibarələr ortalığa çıxdı... Hüseynzadənin dövlətindən ərəbləşmiş osmanlı dili "ədəbi"lik iddiasına düşdü" ("Açıq söz" qəzeti, 15 aprel 1916, №160). Y.V.Çəmənzəminli yeganə doğru yolu mühafizəkar ənənələrin dağılmasında, ata-baba dilinə qayıtmaqda görürdü.

S.Hüseyn məqalələrində tez-tez ədəbi dil məsələlərinə toxunur, canlı danışıq dilindən uzaqlaşan yazıçıları tənqid edirdi; "Şəlalə"ni ziyanlı, yanlış istiqamətdə olan, xalq dilinə yabançı bir jurnal adlandırırdı ("İqbal" qəzeti, 13 noyabr 1913, №504). Jurnalın öz dilindən misal gətirərək göstərirdi ki, bu nə Azərbaycan, nə fars, nə də ərəb dilidir. Üç dildən düzələn və konkret qrammatikası olmayan bu dili necə ədəbi dil qəbul etmək olar? "Şairin, ya müəllifin yazdığı əsər o vaxt da fayda verə bilər ki, o əsər  "el malı" ola bilə. Bir əsər də "el malı" olmaq üçün  elin dilində, elin anladığı tərzdə yazılmalıdır. ...Belə qurma dil ədəbi dil ola bilməz! Hər bir qövmün ədibləri və ürəfası tərəfindən  o qövmün dilinin ruhuna və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərvətləndirilmiş dil o qövmün "ədəbi dilidir" ("Şəlalə" jurnalı, 20, 27 aprel 1913, №11, 12).

"Füyuzat", "Həyat" və "Şəlalə"çilərin tələbləri bu idi ki, bütün türkdilli xalqlar  "yeni osmanlı şivəsini gözəl üslub nümunəsi"  kimi qəbul edib işlətməlidirlər, çünki "yeni osmanlı türkcəsi digər türk şivələrindən daha ziyada  ərəbcə və farsca lüğətlərin istelası altındadır." Demokratlar isə bu fikirləri qeyri-elmi, əsassız bir mülahizə kimi qəbul edirdilər.

Azərbaycan ədəbiyyatının Ə.Haqverdiyev, M.Ə.Sabir, Ü.Hacıbəyov, Ö.F.Nemanzadə, F.Köçərli, S.M.Qənizadə, R.Əfəndiyev, A.Qayıbov kimi klassikləri bu dili inkişaf etdirmiş, ümumxalq dili səviyyəsinə yüksəltmişlər. C.Məmmədquluzadə Azərbaycan realistlərinin dilini, onların dil mövqeyini təqdir edir və bu yolla getməyə çağırırdı. O, ədəbi dili xalqın, cəmiyyətin ümumi inkişafına, fikri, mənəvi tərəqqisinə xidmət edən qüdrətli bir vasitə kimi qiymətləndirirdi.

Demokratlar həmişə ümumi fikrə qarşı duranlara müxalif olmuş, ədəbi dili sadələşdirmək, onu leksik-qrammatik cəhətdən xalq danışıq dilinə yaxınlaşdırmaq istəmişlər. Azərbaycan ədəbi dilinin sonralar demokratik istiqamətdə sürətlə inkişafını təmin edən əsas amillərdən biri, ötən əsrdə qabaqcıl elmi fikrin dil məsələlərinə xüsusi diqqət yetirməsi və düzgün mövqeyi idi (K.Talıbzadə. XX əsr Azərbaycan ədəbi tənqidi. Bakı,1966, s.300-315).

3) Hamı tərəfindən anlaşılan ədəbi dil yaratmaq. Dialekt təsirlərindən uzaq bu dili N.Nərimanov, A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi yazıçılar yaradırlar. Abdulla Şaiq ədəbi dilimizi doğru istiqamətdə inkişaf etdirmək üçün şifahi xalq ədəbiyyatına müraciət etməyi məqbul sayırdı. "Dilimiz və ədəbiyyatımız" adlı məqaləsində dili zənginləşdirmək yollarında əsas kimi el dilinin zənginliklərinə, onun incəliklərinə müraciət etməyi ən düzgün yol hesab edirdi. Təsadüfi deyildir ki, şifahi xalq ədəbiyyatını "məişətimizin ayinəsi", onun dilini "ən asan və olduqca gözəl lisan" adlandırırdı: "...məişət və təbiətə dair bu qisim şeirlər camaatımızın sağlam bir fikir, ülvi bir hissə malik olduğunu göstərdiyi kimi, dilimizin  dəxi nə qədər gözəl və lətif dil olduğunu sübut edir. Bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil" ("İqbal" qəzeti, 21 oktyabr 1913, №485). Məqalələrində tez-tez ədəbi dil məsələsinə toxunan Seyid Hüseyn ümumxalq dilindən uzaqlaşan yazıçı və şairləri tənqid edirdi. F.Köçərlinin "Balalara hədiyyə" kitabının nəşrinə müsbət hadisə kimi yanaşan ədib bunu "millətinə qarşı istək və məhəbbət duyğusu aşılayan" əsər kimi qiymətləndirirdi ("İqbal" qəzeti, 23 may 1913, №366). Başqa bir məqaləsində yazırdı:  "...Bu kimi hədiyyələr nəşr edilsə idi, millətimizə və dilimizə böyük bir xidmət edilmiş olurdu. Zira, balalarımız arasında söylənən və işlənən  məsəl və tapmacalardan, nəğmə və düzgülərdən  bir çox xatirimizdən fəramuş olmuş türk sözləri öyrənərdik və əvəzinə də qullandığımız əcnəbi sözlərini dilimizdən və yazımızdan kənar edərdik" ("İqbal" qəzeti, 11 iyul 1913, №408).

 

(Davamı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!