XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda ədəbi dil məsələləri - Nadir MƏMMƏDLİ

(Əvvəli burada)

 

M.F.Axundov terminləri "lüğəvi" və "istilahi" mənalarına ayırır; lüğəvi dedikdə, müstəqim, nominativ, istilahi isə məcazi mənanı nəzərdə tutur. Məsələn, yüksək İranın "Millət" qəzeti münşisinə ünvanladığı "Kritika" adlı məqaləsində qeyd edir: "Əgər "millət" sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məscid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər" (yenə orada, s.320). Yaxud həşərat sözünün lüğəvi və istilahi mənalarını belə açıqlayır: "- Həşərat kəlməsi lüğətcə qamus sahibinin yazdığına görə, xırda heyvan və cücülərdən ibarətdir... İstilahda isə ağılsız, vəhşi sifətli, bərbəri xasiyyət, şüursuz, mərifətsiz və kövdən adamlara işarədir" (yenə orada, s.330). "Mirzə Ağanın pyesləri haqqında kritika" məqaləsində ümumiyyətlə drama fənni haqqında tam bir mənzərə yaradır və alınma sözlərin izahını belə verir: "... vaxtınızı fransızların istilahınca drama fənni adlanan bu şərəfli fənnə sərf edərək çox tərəqqi edəcəksiniz... Teatr uca və geniş bir salondan ibarətdir ki, içərisi üç tərəfdən divarlarla bitişmiş olur, altlı-üstlü lojaların üzü salonun dördüncü tərəfinə baxır... O vaxt drama sənətinin ustadları ki, fransızca onlara aktyor deyirlər... (yenə orada, s.335).

M.F.Axundov, xüsusilə, Avropa dilləri alınmalarını dilimizin qrammatik qaydalarına uyğunlaşdıraraq işlətmişdir; bu terminlərin əksəriyyəti bədii və canlı danışıq dilinə keçmişdir. Bununla belə, əcnəbi terminləri "özününküləşdirməsi" bəzən dostlarının iradına səbəb olmuşdur. Məsələn, Cəlaləddin Mirzə M.F.Axundova məktubunda yazır: "Mənim heç kəsə, xüsusilə, sizə irad tutmaq qüdrətim yoxdur. Lakin bu kiçik məsələni dostluq xətirinə sizə yazıram: bilmirəm, necə olmuşdur ki, bəzi fransız sözlərini ədəbi dilə  gətirmişsiniz. Məsələn, teleqraf - teleqrafiya, joğrafi - coğrafiya, politik - politika, kolonel - qolonel, qramer - gramer olmuşdur...". (yenə orada, s.221, s.449). Müəllif xahiş edir ki, fransız və rus adlarını həmin dillərdə olduğu kimi yazasınız. M.F.Axundovun Kristof Kolumbu Xristofor Qolumb, kritiki qritika, matematiki matematika, korespondensi qorespondis kimi yazması dostunu narahat edir. "Akademik Dorna cavab" məqaləsində işlətdiyi akademiya sözünü digər məqaləsində milli ekvivalentlə əvəz edir: "Əgər akademiya xeyirxahlıq üzündən mənim layihəmi qəbul edərsə, mən özümü tamamilə xoşbəxt hesab edərək, bütün ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması uğrunda yorulmadan çalışaram" (III c., s.102.). "Əgər Elmlər Evinin məşvərət sahibləri istəsələr, nəzərdən keçirə bilərlər" (yenə orada, s.105, s.128).

M.F.Axundovun ələlxüsus, dram əsərlərində işlətdiyi terminlərin əksəriyyəti ümumxalq xarakteri daşıyan sözlərdir. Məsələn, "Hekayəti-Müsyo Jordan" komediyasında ümumxalq xarakterli sözlər və bitkiçiliyə aid spesifik alınma terminlər çarpazlaşır; termin kimi funksiyaları kontekstdə müəyyənləşir. Müsyo Jordanın nitqinə diqqət edək: "...Məsələn, bu ot ki, görürsünüz, latınca bunun adı aqantusdur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var..., bu otun adı latınca serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var.., bu otun adı latınca qamlina afriqanadır ki, diş ağrısının əlacı münhəsirdir buna... Bu otun adı latınca qombretumdur ki, bu zamana qədər Yevropada hərgiz məşhur deyildi... Və hamı tapdığım nəbatatın və ələfiyyatın mahiyyətini, xasiyyətini  bu qərar ilə yazıb aləmə bildirəcəyəm" (Bədii və fəlsəfi əsərləri, s.33). M.F.Axundov bu kimi alınma terminlərin ümumxalq dilində yayılması və onları məhdudluqdan çıxarıb kütləviləşməsində xeyli iş görmüşdür.

Azərbaycan dilində qarşılığı olsa da, tipin dil xüsusiyyətini nəzərə alıb rus dilindən alınan söz və terminlərdən - mənbə dildən istifadə etmişdir. Bu hər hansı tip, yaxud surətin nitqinin asanlıqla seçilə bilən səciyyəvi cizgisidir. Xüsusilə, dram əsərlərində surətlər xarakterləri ilə yanaşı, özünəməxsus danışıq xüsusiyyətləri ilə də tipikləşirlər. Məsələn, "Tarverdi: Heç bilmirəm, nə qayırırlar; orda arabanın atını əyləyiblər; kuçer qaçıb özünü kolluğa saldı" (yenə orada, s.60). Kuçer əvəzinə arabaçı da işlədə bilərdi. Yaxud "Hekayəti-xırsi-quldurbasan" əsərində: "Kazak... iyirmi birinci nomerin fövcündən kazak Sotnikov türkcə öyrənmək istəyir" (yenə orada, s.67).

Yazıçı daha çox vəzifə adı bildirən rus sözlərindən istifadə etmişdir: naçalnik, poçotnik, pristav, qaradavoy. Məsələn: "Heydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə" (yenə orada, s. 122).

"Söz veribdir sizə Qruzenştern,

Poçotniklik işi möhkəm olubdur" (yenə orada, s.163).

Bu sıraya Avropa sözlərini də əlavə etmək olar:

"Söz müxtəsər, dünən yetişdi xəbər:

İmperator yəni edib müqərrər" (yenə orada, s.161).

Qeyd edək ki, o dövrdə onun işlətdiyi rus sözləri və terminləri, məsələn, teleqraf (yenə orada, s.333), kritika (yenə orada, s.333), matematika (yenə orada, s.334), pasport (III c., s.108), titulyarni sovetnik (yenə orada, s.124), kavaler (yenə orada, s.127) geniş ictimai kütləyə, xalqa tanış deyildi. Qarşıya qoyduğu məqsəddən asılı olaraq, belə sözləri orijinaldakı kimi işlətmiş və onlardan yaradıcı şəkildə istifadə etmişdir.

Elə bu kimi sözlərin mənzərəsi sübut edir ki, ədib dövrünün həm ictimai-siyasi, həm də mədəni-maarif məsələləri ilə yaxından tanış olmuşdur. M.F.Axundovun əsərlərinin dili çox zəngindir; işlətdiyi terminlər adi məişətdən tutmuş ictimai-siyasi hərəkata qədər geniş bir sahəni əks etdirir.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin zəngin irsi, ictimai-maarifçilik sahəsindəki xidmətləri dövrünün və gələcək nəsillərin azərbaycançılıq məfkurəsi ruhunda formalaşmasında mühüm rol oynamışdır. "Dil və din", "İttihadi-lisan", "Dil davası" və s. kimi məqalələri keçmişimizin, dilimizin, dinimizin tarixini öyrənmək üçün misilsiz nümunələrdir. H.Zərdabi ana dilini xalqın mənəvi inkişafında mühüm amil hesab edir və yazır ki, istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin... məktəblər bina edib, öz dillərində elm təhsil etsin. 1906-cı ildə Zərdabi Azərbaycan müəllimlərinə müraciətlə yazdığı "Açıq məktub"unda müxbirlərin öz ana dilində deyil, başqa dillərdə yazmaları ilə bağlı narahatlığını bildirir. "Dil davası" adlı məqaləsində mühərrirlərə yazılarında ərəb və fars tərkiblərinə həddindən artıq geniş yer verildiyinə görə sadə xalqın bunu anlamaq iqtidarında olmadığını bildirir, ona görə də sadə xalq dilində yazmağı tövsiyə edir. Ana dilini xalqın mənəvi siması hesab edən Həsən bəy Zərdabi M.F.Axundov kimi, həyatının sonunadək Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparmışdır.

XIX əsrin sonları, XX əsrin əvvəllərində ən qızğın mübahisələrdən biri ədəbi dilin təşəkkül normalarında xalq dilinə münasibətdir: 1) ədəbi dillə danışıq dili arasında fərq olmamalı; 2) ədəbi dil xalq dili səviyyəsinə enməməlidir. Başqa bir yol isə İstanbul ləhcəsində osmanlı dilini işlətməkdir. Təsadüfi deyildir ki, həmin dövrdə osmanlı dilinə meyil çox güclü idi. Şübhəsiz ki, bu daha çox türk dünyasının tanınmış ictimai xadimi İ.Qaspıralının əməli fəaliyyətinin, ideologiyasının təsirinin nəticəsidir. Sadə ana dilini təbliğ edən H.Zərdabi üçüncü yolun əleyhinə idi, onun fikrincə, ədəbi dil xalq dilinə yaxın olmalıdır, osmanlı dili ərəb, fars və başqa dillərin sözləri ilə zəngindir, bu isə onların arasında uçurum yaradır: "...Doğrudur, osmanlı dili ilə bizim dil düz gəlmir, amma onların elə təfavütü yoxdur ki, birindən o birinə tərcümə etmək lazım ola. Ancaq osmanlı kitabı oxuyanda diqqət ilə oxumaq gərək. Ona binaən ki, onların dilində ərəb, fars və qeyri millətlərin sözləri çox olduğuna onu birdən dərk etmək çətindir" ("Əkinçi" (tam mətni) - transliterasiya və tərtib edəni: T.Həsənzadə. Bakı, s.14.). Qeyd edir ki, hətta İstanbul hürufatları Azərbaycan və türk dillərində fərqli tələffüz olunur və işlənir: "... bizim dildə bəzi hərflər, məsələn, q, k, r, l artıq işlənir, ona binaən ol hüruflar qəzetdə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtda nə ki, ol mətləbin məzmununu və qeyri-əhvalatları yoxlayırıq, amma məzkur hüruflar az işlənməkdən ötrü bəzi sözləri götürüb onun əvəzinə başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur hərflər olmasın" (yenə orada, s.13).

Həsən bəy Zərdabinin Azərbaycan yazılı nitq mədəniyyətinə gətirdiyi yeniliklərdən biri "Əkinçi" qəzetində - publisistik üslubda dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemi, durğu işarələrinin işlənmə qaydasıdır. Durğu işarələrinin - nöqtə, sual, nida, vergül, nöqtəli vergül, iki nöqtə, tire, çox nöqtə və s. - vəzifəsini yazılı nitq zamanı məna daşıyan parçaların üzvlənməsində, danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməsində görür. Durğu işarələrinin kommunikativ funksiyası, mahiyyəti, vəzifələri, onlardan istifadə məqsədi və işlənmə məqamı, yeri, yazıda mövqeyi, yazılı nitqin formalaşmasında mühüm bir vasitə olması barədə bilgilər verir. Məhz onun səyi nəticəsində durğu işarələrinin istifadəsinə və işlədilməsinə diqqət artmış, bu işarələr tədricən təkmilləşmişdir.

H.Zərdabi müxtəlif dillərlə tarixən təmasda olan Azərbaycan dilinin yeni sözlər, alınmalar hesabına özünün terminologiya sistemlərini zənginləşdirməsinə düzgün baxır. Onun fikrincə, publisistik üslubda alınma terminlər gerçəkliyin inikası, zamanın, informasiyaların reallığıdır, mədəni proses olaraq tarixi səciyyə daşıyır: "Dil bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədəri günü-gündən artacaqdır, belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyri var. Çünki o sözlər tərəqqi etməyə səbəb olurlar" (Həsən bəy Zərdabi. Seçilmiş əsərləri, Bakı, s.243).

O, söz sərrafı idi, xalqının da sözə, sənətə, şeiriyyata meylini yüksək qiymətləndirirdi: "Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz, ələlxüsus, nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir" (yenə orada, s.210).

Tanınmış ictimai xadim Fərhad Ağazadə çıxışlarının birində deyirdi ki, Həsən bəy Bakıya kasıb gəldi, kasıb da getdi. Amma bu kasıblığı ilə birlikdə o, həmişə xalqına xidmət etmiş, xalqının müəllimi olmuşdur. "Əkinçi"də də, publisistikasında da, ictimai görüşlərində də o, müəllim idi.

Milli dilin, xəlqiliyin formalaşmasında mühüm rol oynamış mütəfəkkirlərimizdən biri Firudin bəy Köçərlidir. O, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və başqaları kimi, Azərbaycan ədəbi dilini osmanlılaşdırmaq, mürəkkəbləşdirmək yox, xalqa yaxınlaşdırmağın, geniş xalq kütlələrinin anlaya biləcəyi bir şəklə salmağın tərəfdarı idi. F.Köçərli də H.Zərdabinin məslək davamçısı olaraq milli özünüdərk baxımından türk-osmanlı şivəsini deyil, Azərbaycan-türk ləhcəsinin ədəbi dil kimi qəbul edilməsini vacib hesab edirdi. 1913-cü ildə "Molla Nəsrəddin" jurnalında çap olunan "Ana dili" məqaləsində ədəbi dil məsələsinə münasibət bildirərək yazırdı ki, xeyli vaxtdır dil məsələsi məhəlli müzakirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə tərcih verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib onun tərəfini saxlayır. Bir paraları da İbn-Yasəf kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirlər ki, hər yerdə o dildə danışılıb yazılsın. Firudin bəy Azərbaycan - türk dilini müdafiə edərək, həmin məqalədə yazır: "Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayesi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu, Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur". F.Köçərlinin fikirləri H.Zərdabinin milli ruhu ilə səsləşir, onun da qənaətinə görə, Azərbaycan türkləri osmanlı şivəsini qəbul edə bilməzlər, ona görə ki, İstanbul ədibləri öz dillərini unudub fars və ərəb terminləri ilə doldurublar. Qeyd edir ki, Azərbaycan türkləri də uzun müddət farslarla bir yerdə yaşamağa məcbur olduqları üçün onların dillərinin təsirinə məruz qalıbdır, amma dilimizi o qədər qəliz və dolaşıq etməyibdir ki, onu anlamaq olmasın. "Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edir" ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər: "Və lakin ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda onları ana dilinə qatıb-qatışdırmaq, bizim əqidəmizcə, böyük səhvdir" (Firudin bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Bakı, 1978, s.79). Müəllif qeyd edir ki, ana dilində bu şeyin məxsusi adı var və ya bir mənanı ana dilində bəyan etmək mümkündür, kəlamı qəliz ibarələr, çətin anlaşılan ərəb və fars sözləri ilə doldurub, əsl mənanı dolaşdırmağa ehtiyac yoxdur. Vaizləri nümunə göstərərək yazır: "Ol cəhətdəndir ki, bizim vaizlərin əksəri məscidlərdə vəz və nəsihət etdiyi əsnada ibarəpərdazlıq edib, öz vəz və nəsayihlərini o qədər qəliz və çətin ibarələrlə söyləyirlər ki, onlara qulaq asanların çoxu bir şey anlamayıb, əsl mətləb nədən ibarət olduğunu başa düşmürlər və heyrətdə qalırlar" (yenə orada, s.79).

O, ədəbiyyatı iki qismə bölür: el ədəbiyyatı adlanan ağızda söylənən nağıl, hekayət, cürbəcür milli nəğmələr, aşıq sözləri, məsəllər, tapmacalar, yanıltmaclar, ağıçı sözləri, bayatılara və nəsr və ya nəzm ilə yazılmış, şeir və qəzəliyyatdan bəhs edən "üdəma və şüəranın, üləma və hükəmanın asari-qələmiyyələrindən vücuda gələn təhrirat və təsnifat". Lakin onları birləşdirən ümumi cəhət sözdür: "Hər iki qisim ədəbiyyatın bünövrəsi və təkyəgahı sözdür ki, qüdrəti-ilahi ilə insanın ağzında xəlq olunubdur və onun vasitəsilə insanın batini aləmi məlum və zahir olur, dəqaiqi-məani onunla bir-birindən təmiz qılınır və bundan əlavə yer üzündə insanın sair məxluqat ilə mabeynində vüqua gələn müamilatı və rəftarı və mədarisi şərh və bəyan eyləyən sözdür. Söz olmasaydı, əlbəttə, ədəbiyyat dəxi olmazdı " (yenə orada, s.71). Dil və nitqə böyük önəm verən ədib qeyd edir ki, "hər bir millətin danışdığı dil onun hal və şənini, ümuri-məaşda dərəceyi-miknət və qüvvətini şərh və bəyan eyləyir. Millətin getdikcə, zəruri ehtiyacları təhsil olunduqca, ...şan və şövkəti artdıqca, onun dili dəxi haman qərar üzrə tərəqqi və vüsət tapır, bir məqama çatır ki, millət hər növ fikir və xəyalatını, hər qisim hissiyyat və təsəvvüratını, ətrafında görüb eşitdiyini, müşahidə qıldığı əlamət və əhvalatı və əxlaqü ətvara dair çox nazik mənaları şərh və bəyan etməyə qadir olur. ...Ancaq bilmək gərəkdir ki, hər bir millət öz lisanında istemal etdiyi sözlərin icad və ixtirası üçün uzun ömürlər sərf edibdir" (yenə orada, s.74).

Azərbaycan xalq dilini ədəbi dilə yaxınlaşdırmaq kimi nəcib mübarizədə o, mütərəqqi ziyalılarla həmfikir idi. Lakin onu artıq başqa bir məsələ narahat edirdi: "İndiyədək mənəvi tərəqqimizə mane olan illət bir isə, indi iki olur. Bir tərəfdən hürufat qüsuru, digər tərəfdən dil qüsuru əlimizi və ayağımızı bağlayıb qoymur ki, irəli gedək" (yenə orada, s.294). Firudin bəy Köçərli M.F.Axundov, M.Şahtaxtinski kimi əlifba islahatı aparılmasının tərəfdarlarından biri idi. Əsərlərində ərəb əlifbasının mətbuatda, təhsildə törətdiyi çətinliklərdən bəhs edir, çox çəkməz ki, bu məsələnin həll olunacağına və əlifbanın dəyişdirilib, asanlaşdırılacağına və bunun da maarifin "intişarı"na təkan verəcəyinə inanırdı.

Tərəqqi və səadət fikrində olmaq üçün əvvəlcə öz ana dilinin vüsət və qüvvət tapmağına səy etməyi tövsiyə edirdi. Kamil şair, ağıllı ədib odur ki, "öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağlı ilə fikir edə, çünki milləti haqq və savaba irşad edən, şöhrət və hörmətə yetirən onlardır. Öz asarü əşarı ilə onlar millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və təmami mənəvi qüvvələrinə balü pər verib uca məqama qaldırırlar" (yenə orada, s.63-64).

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!