M.F.Axundovun dilində bəzi ərəb mənşəli terminlər xüsusiləşmiş, yəni yalnız terminoloji mənası sabitləşmiş, ümumişlək mənası passivləşmişdir. Məsələn, hökm sözü buna nümunədir; bu sözün terminoloji mənası ümumişlək mənasını üstələyir: "Hakimi-şər`. Mükərrər, mən belə işlərdə müvafiqi-vaqe hökm etmişəm" (Bədii və fəlsəfi əsərləri, s.149). Və ya: "Məsələn, dövlət tərəfindən hökm verilər ki, yeni xətti məktəblərdə öyrənsinlər, qazetlərdə də çap olunar..." yenə orada, s.117). Burada hökm sərəncam mənasını daşıyır. Canlı danışıqda isə hökm sözünü buyruq, əmr sözləri əvəzləyir.
M.F.Axundovun dilində xüsusilə, ərəb və fars mənşəli ədəbiyyatşünaslıq terminləri rus və Avropa qarşılıqları ilə paralel işlənir: zirvə (ərəb) - kuliminasiya (latın), faciə (ərəb), - tragediya (yunan), münaqişə (ərəb) - konflikt (latın), surət (ərəb) - obraz (rus).
Bir tərəfdən, tarixi ənənədən qaynaqlanan nəfsi-əmmarə, kümeyti-bənan, məxarici-kəsirə, rüsumi-siyasət, məvaddi-nəbatiyyə, duvəli-müəzzəm və s. bu kimi ərəb və fars izafətləri, digər tərəfdən, paroxod, drama, kritika, naçalnik kimi rus alınmaları və nəhayət, yer qatı, yer qabığı və s. kimi Azərbaycan sözləri. XIX əsrin II yarısı Azərbaycan dili terminologiyasında ərəb və fars mənşəli sözlərin milli və rus, Avropa dilləri terminləri ilə əvəz edilməsi meyli çox güclənir. Əlbəttə, bu nisbətin dəyişməsi zamanın, dövrün tələblərindən irəli gəlirdi. Həmin dövrdə Azərbaycan dilinin terminoloji mənbə olması prosesinə dövrün mütərəqqi ziyalıları təsir göstərməyə çalışırlar. Şübhəsiz ki, bu ziyalılar sırasında ilk yeri yeni düşüncəli, əqidəli M.F.Axundov tuturdu. O, terminologiya ilə bağlı ardıcıl məşğul olur, sələflərinə nümunə göstərirdi.
M.F.Axundov dilin daxili qanunlarına əsasən, söz köklərinə sözdüzəldici şəkilçi artıraraq, yaxud söz birləşmələri vasitəsilə yeni terminlərin yaradılmasının tərəfdarı olmuşdur. Onun fikrincə, bəzən süni görünən bu terminlər elmi dildə işləndikcə əcnəbi sözlərə ehtiyac qalmır. M.F.Axundov alınma terminlərə də münasibət bildirir. Əvvəla o, zəruri əcnəbi elmi-texniki terminlərin tərcüməsini doğru saymır; onlar tərcümə olunduqda məna təhrif olunur, izah əvəzinə dolaşıqlıq yaranır. Yazır: "Müxtəlif bilikləri öyrənmək üçün bu gün biz məcburuq ki, Avropa xalqlarının dillərindən istənilən mənanı verən saysız-hesabsız sözlər alaq və öz dilimizdə işlədək: çünki bu kimi sözlərin qarşılığı bəhs edilən üç dilimizdən (ərəb, fars və Azərbaycan dillərini nəzərdə tutur - red. N.M.) heç birində yoxdur. Bundan başqa bəzi yerlərin, ölkələrin və şəhərlərin adını, şöhrətini bildirən sözlər də bizim indiki əlifba ilə əsla düzgün yazılıb oxuna bilməz" (III c., s.166). Mirzə Yusif xana ikinci məktubunda bu məsələyə aydınlıq gətirir: "Biz tibb, fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri və sənətləri necə öyrənə bilərik? Bir halda ki, belə elmlər əvvəllərdə bizim aramızda məlum olmamışdır, bizim əlifba ilə avropalıların işlətdikləri yeni istilahları oxumaq çətindir. Bizim işlətdiyimiz üç dildən birində olan kitablarda bu elmi istilahlar yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və ya türk dilinə tərcümə edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları necə düzgün yazıb-oxuya bilərik? Nəhayət, biz öz dilimizdə bu məsələlərə dair necə əsərlər yaza bilərik?" (III c., s.166). Ədibin fikrincə, alınma terminlər yeni məfhumların təhrif olunmasının qarşısını alır, elmi dəqiqliyə riayət olunur, həmçinin xalqımızın mütərəqqi xalqların yaratdıqları qabaqcıl elm və mədəniyyətdən istifadə etməsinə imkan verir.
M.F.Axundov elmi-nəzəri, fəlsəfi-siyasi, ədəbi-tənqidi əsərlər yazarkən, Avropa və rus dili alınmalarını olduğu kimi saxlayır, lakin həmin anlayışlara aydınlıq gətirmək üçün yerindəcə izahını verir. Məsələn, "Kəmalüddövlə məktubları" traktatında İran hökumətinə müraciətlə yazdıqlarına diqqət edək: "Heyif sənə, ey İran! Hanı o dövlət, hanı o şövkət, hanı o səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir ki, bədbəxt etmişlər. Sənin torpağın indi xarabadır, əhalin nadandır və sivilizasioni-cahandan bixəbərdir və azadlıqdan məhrumdur. Sənin padşahın despotdur və despot zülmünün təsiri və ruhanilərin fanatizminin gücü sənin zəifliyinə və gücsüzlüyünə bais olubdur, sənin qabiliyyətini kütləşdirib, cövhərini - əqlini paslandırıbdır... Sənin padşahın dünyanın proqresindən tamamilə qafil və bixəbər öz paytəxtində əyləşibdir" (Bədii və fəlsəfi əsərləri, s.201). Bu fəlsəfi-siyasi mətndəki sivilizasion, despot, fanatizm və proqres terminlərinin izahını belə verir:
"Sivilizasion - cəhalət və barbarlıqdan qurtarıb məişət işlərində mərifət kəsb edib, elm, sənaye və əxlaqda mümkün qədər kəmala yetməkdən və mədəniyyət yolunda irəliləməkdən ibarətdir.
Despot - elə bir padşaha deyilir ki, öz işlərində və davranışında heç bir qanuna tabe olmasın, xalqın malına və canına həddi-hüdudu olmayan təsəllütü olsun. Belə padşahların hakimiyyəti altında olan xalq kütlələri alçaq və rəzil qullara çevrilib, hər cür azadlıq və insanlıq hüququndan məhrum olurlar. Despotizm sözü ərəb dilində olan "istibdad" kəlməsi ilə çox düzgün ifadə olunur. Ərəblərdə hətta belə bir məsəl də vardır: "Hər kəs öz rəyində müstəbid olarsa, mütləq həlak olar."
Fanatik - ibarətdir o adamdan ki, dinə, məzhəbə və millətinə o dərəcədə təəssübkeş ola ki, öz məzhəbinə və əqidəsinə müxalif və millətinə müğayir olan xalqa nisbət şiddətli ədavəti və nifrəti olub, fürsət tapdıqda onun canına və malına qəsd etməkdən çəkinməz, onun haqqında təmamilə rəhmsiz olar.
Proqres - ibarətdir ondan ki, xalq hər xüsusda - elmdə, sənayedə və görüşlərində daim tərəqqiyə can atsın, cəhalət və barbarlıqdan nicat tapmaq üçün çalışsın" (yenə orada, s.201).
Ümumiyyətlə, onun müxtəlif elm sahələrinə aid terminlərə şərhi olduqca maraqlıdır:
"Literatur - ibarətdir hər növ təsnifdən, xah nəsr ilə ola, xah nəzm ilə;
Poeziya - ibarətdir o növ inşadan ki, şamil ola bir şəxsin, ya bir tayfanın əhvalatının və əxlaqının həqiqətəuyğun bəyanına və ya bir mətləbin həqiqətəuyğun şərhinə və ya elmi-təbiət övzasının həqiqətəuyğun vəsfinə, nəzm ilə fövqəlqayə cövdət və təsirdə" (yenə orada, s.206).
"Liberal - ibarətdir o kəsdən ki, xəyalatda bilkülliyə azad olub heç vaxt din və məzhəbin hədə-qorxusuna müqəyyəd olmaya və əqlə sığışmayan işlərə və qanuni-təbiətin dairəsindən kənar işlərə heç vaxt etibar etməyə, əgərçi dünya tayfaları o xüsusda şahidlik verələr. Səltənət övzası haqqında da hikmətli fikirlərə sahibi ola, azad düşüncəyə malik ola.
Şarlatan - ibarətdir riyakar, əvamaldadan və aravuruşduran adamdan" (yenə orada, s.217).
"Politika - ibarətdir küllü-ümüz və ülumdan ki, səltənətə və məmləkətə təəllüqü və şümulu ola və səltənətin və məmləkətin səlahi onda mənzur oluna" (yenə orada, s.218).
Ədib "Kəmalüddövlə məktubları" əsərində padşahları xalq ilə əlbir olmağa, ürəkbir müttəfiq olmağa çağırarkən xalqın iştirakı ilə qanunlar yaratmağı və parlament təsis etməyi məsləhət görür. Və dərhal dövrün oxucusuna tanış olmayan parlament sözünə izah verir: "Parlament ibarətdir ki, iki palatadan ki, birincisində xalq, ikincisində nücəba vəkilləri əyləşirlər və bütün qanunlar birinci məclisdə tərtib olunub ikinci palatanın müzakirəsinə verilir, qəbul olunduqda padşahın təsdiqinə çatır və imza edilir. Və padşah əslən qadir deyil ki, bu qanunların xilafına iqdam etsin" (yenə orada, s.221). Xalq da, onun fikrincə, "belə padşahı əmin-amanlıq, ədalət və səadətin dayağı hesab edər. Onun sayəsində patriot olar" (yenə orada, s.221). Yazıçı, əlbəttə, patriot sözünü vətənpərvər kəlməsi ilə əvəz edə bilərdi. Sanki onu istilah kimi vurğulayır və daha geniş mətləb aydınlığı gətirir: patriot - ibarətdir o kimsədən ki, vətən təəssübü və millətin məhəbbəti üçün can və malına müzayiqə etməyə və öz vətəninin və millətinin mənfəəti və azadlığı üçün çalışa və cəfalara düşə (yenə orada, s.221). Protestant termininin izahını verməzdən öncə onun mahiyyətini islam dini ilə müqayisədə aydınlaşdırır. Onun fikrincə, islam dini yalnız o zaman yaşaya bilər ki, insanlar onu şüur və mərifət əsasında dərk etsinlər. Yolunu da göstərir: "onun (islamın - N.M.) əhkamını dəyişdirməli; artıq şeyləri atmalı, Allah hüququ sayılan bütün məşəqqətli təklifləri tamamilə rədd edərək, onlardan azad olmaq lazımdır" (yenə orada, s.247). Bu xüsusda Avropa xalqlarını müqayisə edərək bildirir ki, onlar xristian olsalar da, həqiqətən, protestantdırlar. Protestantlığa xalq anlamında və dilində səlist bir izah verir: protestantlıq - ibarətdir o məzhəbdən ki, ondan Allaha sitayiş etmək və bəndələrin ibadət etmək təklifləri götürülüb, ancaq insanların hüququ saxlanılmalı... (yenə orada, s.247).
Revolyusiya termininin həqiqi mənasını izah edir: revolyusiya - ibarətdir ondan ki, xalq zalim və despot padşahın qanunsuz rəftarından təngə gəlib, üsyan qaldırmaq üçün dilbir olub onu devirsin, öz asayiş və səadəti üçün qanun qəbul etsin. Lakin onun, həmçinin yeni məzhəblərin qəbulunda rolunu vurğulayır; bu, ədibin öz mülahizəsidir, beləliklə, revolyusiya termininin məna əhatəsini daha da genişləndirir: revolyusiya və ya məzhəb əqidələrinin puç olmasını anlayıb, ruhanilərin əleyhinə birləşib üsyan qaldıralar və özlərinə filosofların məsləhəti ilə bir yeni məzhəb seçələr (yenə orada, s.258).
(Davamı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!