“Kitabi-Dədə Qorqud”da informasiya mübadiləsi, yaxud xəbərləşmə vasitələri - Xalq yazıçısı Kamal Abdullanın "Gizli Dədə Qorqud" silsiləsindən

(Əvvəli burada)

Dastanda xəbərləşmənin (informasiya mübadiləsinin) ümumi və konkret formaları özünü büruzə verir. Dastan mətni ilə bağlı ən ümumi və ən düşündürücü informasiya mübadiləsi Müəllif və Dastan arasındakı münasibətlə səciyyələndirilə bilər. Bizim fikrimizcə, Dastan bütövlükdə Müəllifin öz dinləyicisinə ötürdüyü didaktik-bədii, daha çox didaktik informasiyadan ibarətdir. Dinləyici bu şəkildə yeni biliklə təmin edilir. Ona müəyyən yaşam tərzi təlqin edilir. Sual oluna bilər: bu yeni bilik təcrübəsinə Dədə Qorqud bir müəllif kimi necə və harada yiyələnmişdi?!

Platonun mağarasındakı azadlığa qaçıb qovuşan və sonra da geri qayıdıb azadlığın  necə gözəl bir nemət olduğunu əsirlərə tərif edən biri kimi, deyə bilərik ki, Dədə Qorqud da özü-özünü yaratmışdı. C.Viko yazan kimi, ilk şairlər özləri özlərini yaradan kimi.

İnformasiya ötürmənin bu genişmiqyaslı mənzərəsindən sonra dastandaxili müxtəlif vəziyyətlərdə biz informasiya mübadiləsinin mövcudluğunu müşahidə edirik. Ən adi, bəsit təsvirdən başlayaraq metaforalaşmış, personifikasiya əlamətlərini özündə saxlayan təsvirə qədər burada diqqətimizi cəlb edən məqamlarla qarşılaşırıq. İnformasiya mübadiləsinin belə təsviri dastanın dərin qatlarının daha aydın şəkildə görünməsinə (yozulmasına) imkan verir.

İnformasiya mübadiləsinin dastandaxili başqa bir ümumi təzahürü mətndə dialoqların mövcud olmasıdır. Dialoq öz-özlüyündə informasiya mübadiləsinin bir vacib xəttidir - deyə bilərik. Hər hansı dialoq onda iştirak edənlərin bilik səviyyəsinin kamilləşdirilməsi üzərində qurulur. Belə bir hal isə informasiyanın əsas missiyası olan yeni biliyin ortaya çıxmasına formal şərait yaradır. Dastan mətnində yeni biliyə ehtiyac (əslində onun olmaması) məhz dialoqda üzə çıxır. Məsələn, bu məqamla bağlı Uruzun atası Salur Qazandan "yağı nə derlər, baba?!" sualını xatırlamaq olar.

"Sadəlövh" suallar kimi vaxtilə ayırdığımız bu tipli suallara verilən cavablar o zaman üçün təmiz informatik mahiyyət daşıyır. Salur Qazan səbirlə, əsl riyazi dəqiqliklə yağı statusunun nədən ibarət olduğunu təcrübəsiz oğluna açıb deyir. Bu məlumat, yəni, yağının kim olması qədim keçmişdə Uruzun bilmədiyi və yeni öyrəndiyi bir bilik idi. Və elə buna görə də Salur Qazanın yağı ilə bağlı ona verdiyi cavab əsl informativ bilik üzərində qurulur. İndiki müasir kontekstdə bu cavabın heç bir informatik mahiyyəti yoxdur.

Xəbərləşmənin başqa bir növü olan konkret informasiya ötürmə Dastanda iki cür ortaya çıxır. Bunları xəbərləşmə və xəbərötürmə kimi ayıraq. Onu da qeyd edək ki, xəbərləşmə əgər ikitərəfli münasibətə əsaslanırsa, xəbərötürmə birtərəfli münasibət üzərində qurulur.

Xəbərötürmə (birtərəfli münasibətə əsaslanan informasiya) Dastanda öz əksini tapan belə konkret məqamları ehtiva edir.

- Oğuzda casus var. Casus Oğuzda baş verənlər barədə yer-yer  düşmənə xəbər ötürür. Və bu xəbər düşmən üçün informasiya səviyyəsindədir. Yeni məlumatdır. Bu xəbərdən istifadə edildikdə, Oğuzun başına müsibətlər gəlir. Məsələn, Qazanın ova çıxması xəbəri, Bəkilin xəstə olub yatağa düşməsi xəbəri və başqa xəbərlər. Amma digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Oğuzun da düşmən arasında öz casusu var. Bu casus Bəkilin üstünə düşmən gələrkən Bəkili xəbərdar edən, başqa sözlə, ona yeni bilik göndərən adamdır.

- Oğuzdan Dədə Qorquda yer-yer xəbərlər göndərilir. Xəbər hara gedir, Dədə Qorquda necə çatdırılır - bu barədə Dastanda heç bir  məlumat verilmir. Amma Dədə Qorqud hər hansı dəvət - xəbəri mətndəki təsvirdən kənarda olsa da, alır və anındaca Oğuza  gəlir.  Gəlib Oğuz bəylərinin, Oğuz gənclərinin vacib günlərində şəxsən iştirak edir. Gənclərə ad qoyur, elçiliyə gedir, məsləhətlər verir, müdrik fikirlər (didaktik öyüd-nəsihət) söyləyir. Dastanın dili ilə desək, "boy boylayır, söz söyləyir".

- Beyrək ölüm ayağında Qazana xəbər göndərir. İntiqamının alınmasını vəsiyyət edir. Qazanın bu xəbəri necə alması barədə konkret məlumat yoxdur. Amma Qazanın Beyrək öləndən sonrakı hərəkətləri bu xəbərə - Beyrəyin ölüm xəbərinə uyğun olaraq formalaşır. Mikromətndəki informasiya axarı qırılsa da, nəzərdə tutulan bilik bütövlükdə itmir və bu bilik Umberto Eko demişkən, özünü göstərməyən struktur kimi mətnin müəyyən qatında yaşamağına davam edir.

- Qazanın qurdla, su ilə xəbərləşməsi, əslində xəbərləşməyə yox, birtərəfli xəbərötürməyə aiddir. Qazan qurddan, sudan hansısa informasiya almaq istəsə də, buna nail ola bilmir. Təbiətə göndərilən informasiya havadaca əriyir.

Dastanda digər informasiya mübadiləsi xəbərləşmə kimi qiymətləndirilə bilər. Xəbərləşmə ikitərəfli münasibətə əsaslanır. Bu zaman informasiya mübadiləsində iki tərəf iştirak edir.

- Əsirlikdəki Beyrəyin onun axtarışına çıxmış bəzirganlarla uzaqdan-uzağa (qala başından) xəbərləşməsi ikitərəfli informasiya mübadiləsi üzərində qurulur. İnformasiya hər iki tərəf üçün keçərlidir. Beyrək bəzirganlardan nişanlısı Banuçiçəyin ərə verildiyini, bəzirganlar da Beyrəyin sağ olduğunu və Bayburad qalasında saxlandığını öyrənirlər. Hər iki hal onlar üçün yeni bilikdir. Əsirlkdə olan ingilis kralı şirürəkli Riçardın səlib yürüşündən sonra alman torpaqlarında əsirliyi və onun ailəsi (anası) tərəfindən axtarışlarını bu məqamla bağlı xatırlamaq yerinə düşərdi. Beyrəklə Riçard arasında eyni tipoloji uyğunluqları müşahidə etmək mümkündür.

- Bayındır Xanın, Salur Qazanın yer-yer Oğuz bəylərinə xəbər göndərməsi və bu xəbərdən çıxış edərək düşmən üzərinə hücumun labüdlüyü barədə bəylərdə fikir formalaşması və onların bu göndərilən xəbərə uyğun hərəkət etməsi dastanda geniş təsvir edilir.

- Aruz Qocanın Qılbaş vasitəsilə Qazana xəbər göndərməsi və buna uyğun olaraq Qazanın Dış Oğuz üsyanına münasibətinin formalaşması da ikitərəfli xəbərləşmə kimi qəbul edilə bilər.

- Oğuzun Təpəgözə və Təpəgözün Oğuza xəbər göndərib yeyiləcək adamların sayı barədə razılaşmağa gəlmələrini də belə bir informasiya mübadiləsi kimi qəbul edə bilərik.

- Qazanın cəng meydanında özünü tanıtmaq istəməyib oğuz cəngavərləri vasitəsilə oğlu Uruza xəbər göndərməsi (yendiyi cəngavərlərə "get, bəyinə de, o gəlsin" sözləri) və Uruzu cəng meydanına dəvət etməsi, Uruzun bunu qəbul edib meydana atılması xəbərləşmə nümunəsi kimi özünü göstərir.

- Yalançının Beyrəyin ölüm xəbərini Oğuza gətirməsi və Oğuz əhlinin buna inanması da xəbərləşmənin bir variantıdır.

İnformasiyanın, sadəcə, ötürülməsi xəbərləşmənin baş tutması üçün hələ kifayət qədər yetərli deyil. Gərəkdir ki, qarşı tərəf - informasiyanı qəbul edən tərəf də bu informasiyadan doğan, ona uyğun  bəzi hərəkətlər etsin. Məsələn, Salur Qazanın Beyrəyin ölüm xəbərini alınca buna uyğun hərəkətlər etməsi kimi. Məhz belə adekvat hərəkətlər olarsa, biz informasiyanın adekvat çatdırılmasına tam arxayın ola bilərik.

İnformasiyanın bu iki şəkildə ötürülməsi əsası oğuz mədəniyyətində qoyulan ən qədim xəbərləşmə variantlarıdır. Bu cür rəngarəng xəbərləşmə variantları onu göstərir ki, qədim dastanımızın yaradıcıları müxtəlif informasiya ötürmə imkanlarının mətnə gətirə biləcəyi nüansları, çalarları yaxşı bilirdilər, hətta onlardan məqamına uyğun istifadə etməklə artıq yaxın gələcəkdəki üslubi məqamları cilalamağı düşünürdülər.

Bəzən xəbərin persona kimi hərəkət etməsinin şahidi oluruq. Daha dəqiq desək, belə bir iddia ilə qarşılaşırıq. Məsələn, Dirsə xanın xain yoldaşları onunla oğlu arasında münasibətlərin kəskinləşməsi üçün və Dirsə xanı oğul qatili olmağa təhrik etdikləri üçün Buğacın olmayan hərəkətlərini sadalayır və Dirsə xanı qorxutmağa çalışırlar ki, Buğacın bu hərəkətləri barədə xəbər "Axan turı sulardan keçə bilər, ərqurı yatan Ala Dağdan aşa (keçə) bilər, xanlar xanı Bayındıra vara" bilər. Deməli, xəbər insan kimi sulardan keçə bilərmiş, dağlardan aşa bilərmiş, Xanlar xanı Bayındıra vara bilərmiş. Xəbər, az qala, ayaq tutub yeriyirmiş. Xəbərin bu cür yetişə biləcəyinə inam həm də ondan doğur ki, qədim insan xəbərə insanda olan keyfiyyətləri aşılayır, onun real olaraq adresata çatacağı tərzi müəyyənləşdirir.

Personifikasiyanın bu dərəcəsi dastan yaradıcısının şüurunda müxtəlif münasibətlərə daxilolma intensiyasından və nəticə etibarilə, bu şüur daşıyıcısının kifayət qədər öz hərəkət imkanlarında azad olmasından xəbər verir.

Konkret olaraq xəbərləşmə ilə bağlı təsvirlərə əsaslanaraq biz Dastanda metaforlaşmanın dərəcələrini, "yaşını", eyni zamanda ötürülən informasiyanın qəbuledilmə şərtlərini, bu informasiyanın yerləşdirilmə prinsiplərini öyrənə bilirik və müvafiq təhlil bizi, təbii ki, Dastanın ilkin yaranma mərhələlərinin təsvirinə gətirib çıxara biləcəyinə inanırıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!