"Kitabi-Dədə Qorqud"da oyun və onun blef elementi - Xalq yazıçısı Kamal Abdullanın "Gizli Dədə Qorqud" silsiləsindən

 

(Əvvəli burada 1 2 )

Bir qədər yuxarıda (birinci yazıda) qeyd etdiyimiz kimi, oyun konsepsiyasının baza elementi olan blef məqamının canında müəllif tərəfindən nəzərdə tutulan əsas məqsədi (niyyəti) gizlətmək cəhdi durur. Oxucu, yəqin, bunu bilməmiş deyil ki, bəzi idman oyunlarında qələbə, bəlkə də bütövlükdə blef üzərində qurulur.

Basketbolda qarşısında duranı blef vasitəsilə (səhv, yanlış informasiya göndərməklə) aldatmaq istəyi, futbolda ünlü futbolçuların adı ilə bağlı müxtəlif aldadıcı fintlər (məsələn, Qarrinça finti, Mesxi finti), voleybolda bir neçə idmançının tor üstünə sıçramaları və topun əsas hücum zərbəsinin aldadıcı şəkildə sağ tərəfə deyil (bunu rəqib tərəf belə gözləyirdi), sol tərəfə ötürülməsi, güləşdə rəqibin diqqətini bir başqa səmtə yönəldib əsl məqsədin üstünün örtülməsi, boksda sol və sağ əllərin ardıcıl şəkildə rəqib diqqətini çaşdırmaq niyyəti və başqa idman növlərilə bağlı məqamlar, mənzərələr  hər hansı bir idmansevərin gözü önündən asanlıqla çəkilib getmir. Hətta belə deyək: Blef nə qədər güclüdürsə, o idman oyununa simpatiya da bir o qədər güclü olur. Amma bir məqamı unutmayaq. Məqamın qranulası ondan ibarətdir ki, bütün hallarda tamaşaçı (dinləyici) yalanla üzləşir. Yalana (gizlinə) gələn yol məhz blefdən keçən yoldur.

Dastanda özünü sıx-sıx göstərən blef məqamlarını sistemli bir hala gətirməyə çalışaq. Bu bizə nə verəcək?! Əvvəla, biz oyun mədəniyyətinin dastan müstəvisində tətbiqinin nəticəsində mətnin dərin qatlarında gizli şəkildə qalmağa davam edən bir sıra filoloji, üslubi, ideoloji məqamların üzə çıxmasını müşahidə edəcəyik. Dastanın qarşıya qoyduğu suallara bəzən cavab vermək çətin, yaxud belə deyək, indiki təhlil atmosferində mümkün deyil. Əhəmiyyətli bir məqam kimi Dəli Qarcarın Dədə Qorquda oğuz mənəvi dünyasının qəbul edə bilmədiyi bir münasibət sərgiləməsini göstərmək olar. Bunlardan çıxış edərək, bizə belə gəlir ki, oyun mədəniyyətinin blef elementi onun dərin, gizli potensialına bir daha yeni baxış atmağa kömək edəcəkdir.

Dastandakı bleflər sisteminə bu məqamları daxil etmək mümkündür:

- Qazana dost, yaxud düşmən olduğunu öyrənmək məqsədilə, Qılbaş məlum boyda Aruz Qocanın ağzını aramaq üçün onun yanına gedir. Belə bir blef ortaya qoyur. İç Oğuza düşmən hücum etmişdir və Aruz Qoca Qazana kömək üçün  özünü yetirəcəkmi?! Cavab mənfi olur. Beləliklə, Aruz Qocanın düşmən siması Qazan xana tərəddüdsüz bəlli olur. O, öyrənmək istədiyi bir məsələni blef vasitəsilə asan şəkildə öyrənir. Konkret blefin semantikasını Qılbaş özü Aruz Qocaya açır.

- Qazan müvafiq boyda yağmalanmış evini, oğlu Uruzu, halalı Burla xatunu əsirlikdən qurtarmağa, malını-dövlətini geri qaytarmağa getdiyində savaşdan əvvəl düşmənə belə deyir: "Anamı ver mənə, savaşmadan geri dönüm. Nə gətirmisənsə sənin olsun". Düşmən buna razılıq vermir. Blefin mənasını Salur Qazan özü Qaraca Çobana belə açır: Savaşdan əvvəl anamı istəyim ki, at ayağı altında qalmasın.

Bu sözlərlə Salur Qazan açıq bir şəkildə blef etdiyini (yalan söylədiyini) və anasını istəməsi ilə bağlı alacağı cavabdan asılı olmayaraq düşmənlə döyüşəcəyini bildirmiş olur. Bu məqamda işlənən blef, əslində Salur Qazanın gizlindəki hərbi hiyləsi idi.

- Beyrəyin Bayburd bəyinin qızına evlənməklə bağlı verdiyi vəd də blef sayıla bilər. Çünki məhz bu blefinə görə o əsas istəyinə nail olur, ona aşiq olan kafir bəyinin qızının köməyilə Bayburd qalasından qaçıb Oğuza dönə bilir.

- Qazan xan dustaq ikən onun oğlu Uruza da blef gəlirlər ki, sənin atan Bayındır xandır. Yəni, əslində bununla ona yalan deyirlər. Bunu ona görə belə edirlər ki, gənc özünü atasız hiss etməsin. Eyni zamanda hansısa gizli dövlətçilik təsəvvürlərinin də belə bir məqamda var olması istisna deyil.

- Qanturalı və Selcan xatun münasibətləri də, əslində blef üzərində qurulur. Burada hər iki tərəf blef işlədir. Düşmənlə vuruşub ona qalib gələn qəhrəmanlar bu qələbəni aralarında bölüşə bilmirlər. Nəhayət, ox ataraq kimin haqlı, kimin haqsız olduğunu üzə çıxarma qərarını verirlər. Bəlkə də sonda özlərinin də etirafına görə bu şəkildə iki sevgili bir-birini sınaqdan keçirirmiş?! Əgər bu, həqiqətən də, belə idisə, o zaman hər ikisi öz gizli məqsədlərinə çatırlar. Qanturalı arxayın olur ki, Selcan xatun onunla bir yerdə düşmənə qalib gəlməsini Oğuzda heç kimə danışmayacaq.  Bəs o zaman haman boyun əvvəlində atasına necə bir qız almaq istəyini Qanturalı hardan və nəyə əsasən götürmüşdü?! "Baba, mənə bir qız al ver ki, mən yerimdən durmadan ol durmuş ola..." və s. və i.a.

- Bəkilin xəstə ikən yatağa düşməsi onu məcbur edir ki, düşmənə blef qursun. Oğlu İmrana öz hərbi libasını geyindirir, onu öz atına mindirir. Uzaqdan baxan düşmən bu blefə az qalır inansın. Və dastanın komik üslublu gözəl cümlələrindən biri elə bu zaman yaranır. Yanındakıların qaçmaq istədiklərini duyan kafir bəyi onlara deyir: "Tələsməyin. Əgər bu gələn, həqiqətən, Bəkildirsə, sizdən qabaqda mən qaçaram".

- Bəzən qəhrəmanlar döyüşdükləri vəhşi heyvanlara da blef tətbiq edirlər. Dastan deyir ki, Buğac buğa ilə döyüşərkən bir müddət "nə o yenər, nə buğa yenər". Buğac düşünür ki, "ərənlər bu dünyanı əql ilə bulmuşlar. Mən niyə buna sipər oluram?!" Belə düşünüb Buğac buğanın qarşısından çəkilir, əslində buğanın beyninə özünün yanlış hərəkət etməsi barədə aldadıcı kod göndərir. Buğa buğadır, aldanır və blefi qəbul edir. Buğacın qalib gəlməsi məhz blef hesabına olur.

- Dirsə xana düşmən kəsilmiş qırx yoldaşı ona oğlu ilə bağlı yalan informasiya ötürürlər. Dirsə xan bu blefə uyur və ov zamanı oğlunu öldürmək məqsədilə onu oxla vurur, amma öldürmür, yaralayır. Onun xain yoldaşları gizli məqsədlərinin bir hissəsini həyata keçirirlər. Onlar Buğac kimi bir oğulun dəstəyini itirmiş Dirsə xanı asanlıqla əsir edib yad ellərə aparırlar.

- Salur Qazan düşmən əsirliyində ikən onun haqqında təriflər eşidən kafir bəyinin arvadı onu həbsxanada görmək istəyir. Qazan söhbət əsnasında  bu arvadı inandıra bilir ki, o dünyada mindiyi atlardan biri onun təzəcə ölmüş qızıdır. Bu blef kafirlərin Qazanı dustaqlıqdan azad etmək fikrinə gəlmələri üçün kifayət edir.

Gördüyümüz kimi, blef ünsürü Dastanın semantik-struktur qatında özünü göstərən ciddi oyun elementidir. Bleflər, əlbəttə ki, sadəcə, bu saydıqlarımızla bitmir. Bu istiqamətdən aparılan yanaşmalar başqa incəlikləri də önə çıxarır. Və blefin tədqiqi bizə bir sıra görüb çözə bilmədiyimiz, ümumiyyətlə,  görmədiyimiz  məqamlarla bağlı maraqlı perspektiv enerji verməkdədir.

 

(Ardı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!