Azər TURAN
Fuad Köprülü barədə ötən həftə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş yazımda belə bir fikir var idi: "Türküstan piri Əhməd Yəsəvini unutqanlıq tozanağından xilas edib türk düşüncəsinin təməl qaynaqlarından biri kimi ilk dəfə tədqiqata o cəlb etdi. Əhməd Yəsəvinin türk mədəniyyətinə irfan və Turan müstəvisindən cəlb olunması Köprülünün simasında bütün türklərin milli və elmi zəfəri oldu".
Bu dəfə fikirlərimi Yəsəvi mövzusunda davam etdirmək istəyirəm. Bəllidir ki, Əhməd Yəsəviyə qədər türk dünyasının və türk ədəbiyyatının sistemli bir irfanı və təsəvvüfü olmayıb.
Annemarie Schimmelin "İslamın mistik boyutları" əsərində yazdığı kimi "təsəvvüfi türk ədəbiyyatının ilk böyük təmsilçisi Əhməd Yəsəvidir".
Yəsəvi Hacı Bəktaş Vəlinin, Bayrami Vəlinin, Yunus Əmrənin, Mövlana Cəlaləddin Ruminin... Anadoluya, oradan da İstanbula uzanan yollarını açıb.
Bir insan böyük bir coğrafiyanın pirinə, qədim bir millətin mürşidinə necə çevrilib? Yəsəvi kim idi ki, Əmir Teymur onun məzarını ziyarət edir, ustündə bu günəcən əzəmətini qoruyan "ali bir imarət yapılmasını əmr edir"di?
O, min ilə yaxındır ki, belə davam edib, min il boyunca türklərin və Turan düşüncəsinin istinad nöqtəsi olub.
Əhməd Yəsəvi müridlərinin, dərvişlərinin səmtini Türküstandan Anadoluya və Qafqazlara yönəldirdi. Niyazi Yıldırım Gəncosmanoğlu demişkən: "Dilədi Ulu Yaradan/ Dağlar çəkildi aradan.../ Və yürüdü Mavəradan / Neçə Əhməd Yəsəvi". Bu mənada, onun nəfəslərinin məcmusu olan "Divani-Hikmət" siyasi məntiqi və gücüylə Anadolunu özlərinə vətən qılanları özünün məfkurəvi varisinə çevirməyi bacarmışdı.
Yəsəviyyə təriqətinin qoynunda türk mənəviyyatının qaynaqları fəvvarələnirdi. Səlcuqluların da, Osmanlının da məhvərində, mayasında Yəsəvi görüşləri dayanır. Səlcuqlular tarixinin böyük araşdırıcısı Osman Turanın yazdığı kimi, "Səlcuqlu dövrü də, XII əsrdə artıq türkcə məhsullarını verməyə başlayır.... Hoca Əhməd Yəsəvinin "Divani-hikmət" adını alan şeirləri təsəvvüfü türklər arasında geniş bir şəkildə yayır". Deməli, Əhməd Yəsəvi təkcə təkyə ədəbiyyatını yaratmış ilk türk mütəsəvvüfü deyil, o həm də türkcənin təəssübünü çəkən böyük bir türk şairidir. Sufiyanə nəfəslərini, ilahilərini türkcə söyləyib, irfan işıqlarını Türküstanda, türk dünyasında türk dilində alışdırıb. XI-XII yüzilliklərdə bundan da böyük türkçülük dalğası təsəvvürə gətirmək mümkün deyil. Məhz Yəsəvi mövzusu ətrafında müzakirələrdən hasil olan qənaətlərdən biri də budur ki, ərəblər vasitəsilə geniş bir areala yayılmaqda olan mədəniyyət ərəb mədəniyyəti deyil, islam mədəniyyətidir. İslam üslubunu türkcələşdirən, köçəbə və oturaq türklərin ruh və təfəkkür aləmini Quranın və Hz. Məhəmmədin ilahi işıqlarıyla donatan da Əhməd Yəsəvidir.
Yəsəviyyə təriqəti gəlib keçmiş islam təriqətləri arasında daha çox türk təriqəti adı ilə tanınır. Köprülü bildirir ki, Yəsəvi qüvvətli şəxsiyyəti ilə türklər arasında əsrlərcə yaşayan böyük bir təriqət qurdu ki, bu, bir türk tərəfindən və türklər arasında qurulmuş olan ilk təriqətdir... Əsrlər boyunca təşəkkül etmiş olan çeşidli təriqətlər arasında türk xüsusiyyətinə ən çox malik təriqət Yəsəvilikdir". Beləliklə, Yəsəvilik türk təsəvvüfünün ilk şəklidir.
Anadolunun türklərə vətən olmasında Yəsəvinin irfani təlqinləri başlıca səbəbdir. Fuad Köprülüyə görə nəqşbəndilik ilə bəktaşilik kimi bir-birinə zidd təriqətlərin, hələ üstəlik, Bayramiliyin, Heydəriliyin də mayası Yəsəvilikdən qaynaqlanır. Türk dünyasında bütün təsəvvüf təriqətlərinin yaranmasında Yəsəvi kultu həlledici amil olub. Annemarie Schimmelin bildirdiyi kimi, Nəqşbəndilik Yəsəviyyə ilə eyni kökdəndir. Təriqətin əsas prinsipləri Xoca Əhməd Yəsəvi müridlərindən Hakim Atanın vasitəsi ilə Bahəddin Nəqşbəndiyə keçib. Yaxud, yayğın bir inanca görə, Hacı Bəktaşi Vəli Əhməd Yəsəvinin müridlərindəndir. Aralarında zaman fərqi olsa da, ümumi qənaət belədir. Hər halda, onu Anadoluya göndərən Yəsəvinin xəlifələri olub. Bu isə, "Bilinməyən Osmanlı" kitabında yazılıb: "Xorasanda Xoca Əhməd Yəsəvinin xəlifəsi olduğu söylənən Şeyx Loğmandan zahiri və batini elmləri təhsil edən və xəlifəlik məqamına qədər gələn Hacı Bəktaşi Vəli Osmanlı dövlətinin nüvəsinin atıldığı günlərdə Anadoluya gəlmiş"dir.
Nəqşbəndilikdən söz düşmüşkən, "Herman Vamberi. Yəhudi əsilli macar professoru, "Nəqşbəndi şeyxi", yaxud panturanizmin qurucusu" adlı məqaləmdə Vamberinin Türküstana Nəqşbəndi şeyxi kimi daxil olduğunu yazmışdım. Əhməd Yəsəvinin Avropada tanınması da Vamberinin adı ilə bağlıdır. Yəsəvi divanını Avropaya aparan "saxta dərviş" adlandırdıqları həmin bu Vamberi olmuşdu. Amma Fuad Köprülü başqadır. Az qala, 900 ildən sonra Əhməd Yəsəvinin həm mənqəbəvi, əfsanəvi, həm də tarixi həyatına istinadən onun bioqrafiyasını bərpa edib. Yəsəvi haqqında kim nə yazırsa, Köprülünün "Türk ədəbiyyatında ilk mütəsəvvüflər" kitabında yazdıqlarını təkrar etmiş olur. Köprülü onun təkcə ədəbi şəxsiyyətini deyil, Yəsəviyyə təriqətinin bütün aspektərini təhlil edib. Yəsəvinin ədəbi çəkisi nədirsə, təsəvvüfi miqyası da odur. Məsələn, o, ilk türk təriqətini qurub, türkcə irfani şeirlər yazıb, özü də heca vəznində yazıb, eyni zamanda, bütün Şərq aləmində təsəvvüf zikrləri arasında ən çox maraq dairəsinə qatılan zikri-ərrə (zikri-hərrə), yaxud zikri-minşari (zikri-mişar) deyilən zikrin də yaradıcısı odur. Zikri-ərrədə zikr zamanı sözlər dayanır, yaxud sözlər hərrə, yaxid mişar səsi çıxaran xüsusi səsə çevrilib davam edir və s. Bu, 1929-cu ildə də davam edirmiş. Qordlevski 1929-cu ildə Yəsəvi dərgahında gördüklərini belə təsvir edir: "Cümə namazından və zikrxanədəki təkbirlərdən sonra mehrabın yanına zakirlər toplaşır və iki-üç saat boyunca "hərrə zikr" icra olunur. Şövqlə və bəlli məqamla oxunan dua və hikmətlərlə nəfəslərini çıxardıqca zakirlər tamamən özlərindən gedir və titrəməyə başlayırlar. Sanki hərrə ağacı kəsmək üçün irəli-geri hərəkət edərkən çıxan səslər gəlir. Yəsəvi hikmətlərindən təsirlənən zakirlər ağlayır və başlarını yanındakının sinəsnə qoyub bir-birlərini qucaqlayırlar. Zikr Fatihə surəsini oxumaqla tamamlanır." Qaynaqlar 1929-cu ildə də davam edən bu zikr növünün Yəsəvi ilə Hz. Zəkəriyyənin ruhsal irtibatları zamanında yarandığını qeyd edir.
Yəsəviyyə təriqəti qadınlara da açıq idi. Zikr edən zümrədə qadınlar da vardı. "Darülmöminin" kitabımda (2012) bu barədə geniş yazmışdım: "Tarixdə Yəsəvi təriqətinə mənsub olan qadınlar zümrəsi bəllidir. Qadın dərvişlər. Onlara "təriqətə girən qadınlar" mənasında bacı deyirdilər. Yəsəvinin təkkələrindəki zikrlərdə qadınlar da iştirak edirdi".
Azərbaycan kökənli, Yəsəvi dərvişi Əxi Evrənin bacısı Fatimənin qurduğu təsisat - Cəm və savaş meydanına kişilərlə bir yerdə girən Baciyani-Rumlar, zənən dərvişlər olmuşdu.
Bacı-zənənlər, "Baciyani-Rumlar" barədə Nihat Sami Banarlı "Rəsmli türk ədəbiyyatı tarixi" kitabında bildirir ki, "Yəsəvidən bəri, türk təriqət və təkkələrində qadınların da bulunduğu bilinməkdədir. Bu təkkələrdə qadınların zikrə qarışdıqları söylənməkdədir... Bacı sözüylə təriqətlər, təkkələrdəki qadınlara bacı gözüylə baxdıqlarını ifadə etmişlər.
Yəsəvini araşdırmaq Fuad Köprülüyə Yəhya Kamal Bayatlının tövsiyəsidir. "Yahya Kemalın hatıraları" kitabında onun belə xatirəsi var: "Fuad Köprülü bütün dil və ədəbiyyatların müqayisəsi mövzulu bir əsər yazmaq müddəasında idi. Mən ona demişdim ki: - Bu böyük mövzuya girməyin. Bizim daha mühüm mövzularımız vardır. Məsələn, bu Əhməd Yəsəvi nədir, kimdir? Bir araşdırınız. Baxınız, bizim millətimizi əsl orda tapacaqsınız".
Doğrudan da, kim idi bu adam? Bir adam niyə bu qədər vüsətlidir? Onun toxuduğu mənəvi tor bütün türk dünyasını bir-birinə bağlayıb. Türk dünyasının hansı səmtinə baxırsan bax, orda Əhməd Yəsəvi görünür.
Hətta Qordlevski Yəsəvi kultunun izlərinə 1923-cü ildə Krımda - Qaspıralının şəhərində - Baxçasarayın Aziziyə səmtində zikr halında olan dərvişlərin simasında rast gəldiyini deyirdi.
Söz Krımdan düşmüşkən, krımlı İsmayıl bəy Qaspıralı da Yəsəvi heyranlarından idi.
1911-ci ilin martında Rusiya Dövlət Dumasının Türküstan məktəblərində dərslərin yalnız rusca keçiriləcəyinə dair qəbul etdiyi qərara qarşı İsmayıl bəy Qaspıralı "Əhməd Yəsəviləri vücuda gətirmiş Türküstan necə dilsiz, ədəbiyyatsız hesab olunur?" - deyə bu qərara səs verən deputatlara etirazını bildirmişdi.
1937-ci ildə güllələnən özbək şairi Abdurauf Fitrətin burjua millətçi görüşləri 1934-cü ildə Moskvada keçirilən SSRİ Yazıçılarının I qurultayında xüsusi müzakirə mövzusuna çevriləndə Fitrətin tarixilik pərdəsi altında Əhməd Yəsəvi dünyasına yönəlməsi sovet yazıçıları tərəfindən kəskin tənqid olunurdu.
Fitrət isə 1928-ci ildə dərc olunmuş "Özbək ədəbiyyatı nümunələri" əsərində "Yazdığı ruhoxşayıcı hikmətlərin cazibədarlığı səbəbilə Yəsəvi Orta Asiya köçəbələri arasında yeni bir məktəb qurmağa müvəffəq olmuşdur" - demişdi.
Əhməd Yəsəvinin böyük sufiliyi onun böyük siyasiliyinin bir qolu, bir istiqaməti olub. Kim idi bu adam? Sirri nədir? Yazdıqları XI yüzildən başlayaraq dillərdə, ağızlarda, yaddaşlarda dolaşıb. Yazıya köçürülüncə haldan-hala düşüb, əsli hansıdır, bilinməz hala gəlib. Türkcənin hansı qolunda yazıb, bu barədə fərqli hipotezlər irəli sürülüb. Vamberi bunu Hokant, Baskakov karluk-xarəzm ədəbi şivəsinə, Fyodr Korş Cağatay ədəbi dilinə, Menzel "Qutadqu Bilik" və Orhun yazıları çevrəsinə, Fuad Köprülü isə Yəsəvinin Argu boyundan olduğunu irəli sürərək, "Divani-Hikmət" dilini "Qutadqu Bilik" dairəsinə aid edir. Ehtimallar çoxdur və bu barədə Əhməd Cəfəroğlu "Türk dili tarixi" əsərinin "Əhməd Yəsəvi və hikmətləri" qismində geniş məlumat verir.
Amma bütün bu hipotezlərə rəğmən, Yəsəvi ümumi türk dilinin böyük xadimidir. Yəsəvi şeirlərində "türk dili yapısı içərisində, böyük bir külfət təşkil edən yabançı ünsürlərin və kəlimə bolluğunun əriməsi və türk qrameri qəliblərinə tökülməsi ən mühüm nöqtələrdən biridir". (Ə.Cəfəroğlu)
Yəsəvinin həyatı mifə çevrilib. İndi o, yalnız Türküstan piri deyil, həm də bir Türküstan mifidir. Həyatı mənqəbələrdən öyrənilir...
Əsrlər boyu mifləşdirilsə də, sükuta qərq olmuş türbəsi də milli kimlik simvoluna çevrilib. Osman Turan bildirir ki, "Hoca Əhməd Yəsəvinin türbəsi tam milli bir məna qazanmışdır". Çünki bu türbədə "bütün türklərin vəlisi, türk təsəvvüfü və ədəbiyyatının başı" olan Əhməd Yəsəvi uyuyur. Yəsəvinin məzarı barədə Köprülü haqqındakı yazımda xatırlatdığım bir fikri burda yenidən təkrar edirəm: "Timur zamanında - hətta daha əvvəl və daha sonra bu müqəddəs məzar civarında gömülmək özbək-qazaxlar üçün bir idealdır. Bilhassə böyük və orta ordalara mənsub özbək-qazax zənginləri, hələ sağlıqlarında, türbə yaxınlığında bir parça torpaq alır; qışda ölsələr belə, cəsədləri bir keçəyə salınaraq bir ağaca asılır və ilk baharda Yəsiyə aparılaraq Əhməd Yəsəvinin məzarı civarına dəfn olunurlar"
Rus alimi Qordlevski 1929-cu ildə Türküstana səfər edib "Xoca Əhməd Yəsəvi" adlı məqalə yazır. Fuad Köprülüzadənin əsərindəki boşluqları doldurmaq niyyətində olduğunu bildirir. Yəsəvi kultunu heç bir elmi arqumentə və fakta söykənmədən, İslamdan əvvəlki bir İran kultunun davamı kimi təqdim edir və "Xoca Əhməd kultu özündə İslam öncəsi İran inanclarını yaşadır" deyirdi. Köprülü isə dərhal Qordlevskinin fikrini təkzib etdi: "Rus alimi Qordlevski buradakı Yəsəvi kultunda şəhərin türkləşməsindən əvvəlki irani bir kultun davamını görmək istəyirsə də, bu iddia heç bir dəlilə söykənməməkdədir".
Əhməd Yəsəvi Türküstanda Hz. Məhəmmədin zəfər bayrağını dalğalandıran türk mənşəli ilk mənəvi islam xəlifəsi kimi davrandı. Türküstandakı ümməti türkcə söylədiyi nəfəslərlə, şeirlərlə yetişdirdi. Türk dilində yazdığı şeirləriylə Quranı şərh etdi.
Milləti öz irfanına yönəltdi. Türk dili üzərində gəlmə ünsürləri zərərsizləşdirdi, fars və ərəb təsirinin qarşısını əhəmiyyətli dərəcədə aldı və azaltdı.
Əhməd Yəsəvi Qaraxanlı dövlətinin ərazisində yerləşən Sayram (Yəsi, Türküstan) şəhərində dünyaya gəlib. Bu dövlət tarixdə islam dinini qəbul etmiş ilk türk dövlətdir. Bu mənada, Əhməd Yəsəvinin tarixdəki yeri qaraxanlıların ilk müsəlman hökmdarı Satuq Buğra xan qədər müstəsnadır.
Xalq yazıçısı Anar yazır ki, "Bu gün kiçik istisnalarla türklər müsəlmandırlarsa, bunun əsas səbəbi İslamın türk xalqlarının İslamdan öncəki gələnəksəl, ənənəvi inanclarına - Tək Tanrı zehniyyətinə uyğun olmasıdır. Və bu inancları bir-birinə bağlayan, üzvi şəkildə birləşdirən böyük fikir adamlarının sırasında ilk öncə Əhməd Yəsəvinin adını çəkmək lazımdır". Anar, "Min beş yüz ilin Oğuz şeiri" antologiyasında Orhon-Yenisey yazılarını, "Kitabi-Dədəm Qorqud"u, Mahmud Kaşğarinin "Divani Luğat it türk", Balasaqunlu Yusifin "Qutadğu bilig" və Yəsəvinin "Divani-hikmət"ini ümumtürk ədəbiyyatının ortaq təməl kitabları kimi dəyərləndirir və fərqləndirir...
Mavəraünnəhr, Xarəzm, Xorasan, Azərbaycan, Anadolu, ta ki, qıpçaqlara, noğaylara, Krıma, Kazana, bulqarlara qədər insanların daxili, mənəvi halını dəyişən, böyük bir ulus üçün torpağı Vətən qılan, özü demişkən, "Allah, Allah yer astıda vətən qıldı" deyən Əhməd Yəsəvidir.
Bu məqamda Yəsəvi çevrəsində olan başqa bir abidəni də xatırlatmaq yerinə düşür. Bu gün Xarəzmdən Azərbaycana, Kazana qədər, tatarların, çuvaşların, başqırdların, özbəklərin, azərbaycanlıların, bir sözlə, türk olan hər kəsin sahiblənmək istədiyi Qul Əli Tatarıstanın da böyük şairi hesab olunur, eyni zamanda onun xarəzmli bir Oğuz türkü olduğu qənaətinə gələnlər də var. 1233-cü ildə yazdığı "Qisseyi-Yusif" əsəri 1839-cu ildə Kazanda tatar şairinin, 1995-ci ildə Bakıda Azərbaycan şairinin əsəri kimi nəşr olunur. Kazanda da, Ulyanovskda da (Simbirsk) əzəmətli heykəlləri var. Bütün hallarda isə əksər qaynaqlar "Qisseyi-Yusif"in struktur baxımından "Divani-Hikmət" tərzində yazıldığını, Qul Əlinin isə türk ədəbiyyatında Yəsəvi təsirinin davamı olduğunu birmənalı şəkildə etiraf edir.
Yəni Əhməd Yəsəvi ümumtürk düşüncəsinə bu miqyasda sirayət edib.
Bəzən Həzrəti Türküstan adlandırılan Əhməd Yəsəvi yaşadığı və əbədi uyuduğu şəhəri qutsal qıldı. Yəsi, ümumiyyətlə, ümumtürk zehniyyəti üçün hər zaman qutsal olub. Mənqəbələrdə Yəsəvinin şəhəri həm də Oğuz xanın şəhəridir. "Yəsi bugünkü adı ilə Türküstan şəhəri Oğuz xanın hökumət mərkəzi olması dolayısıyla, türk mənqəbələrinə qarışmış məşhur bir yerdir" (F.Köprülü). Və o da maraqlıdır ki, Oğuz xanın şəcərəsini yazan "Oğuznamə"lərdən birinin müəllifi XV-XVI əsrlərdə yaşamış Yəsəvi şeyxlərindən, türkmən övliyalarından Dana Ata İhsan Şeyx olub.
Osman Turanın qənaətinə görə, Yəsinin sonralar Türküstan adlanması da Əhməd Yəsəviyə ehtiramın ifadəsiydi və bu, "Yəsəvinin türklər arasında nə dərəcə milli və dini bir qüdsiyyətlə yaşadığını göstərir" (Osman Turan).
Bir dəfə Yəsəvini ziyarət etmək üçün Çimkənd - Qızıl Orda yolu ilə Yəsiyə - Türküstana getmişdim. At ilxılarının otladığı düzlərə qar yağırdı. Maşında yanaşı əyləşdiyim tarixçi Şöhrət Barlasa "Yəsəvi, sanki Türküstanın peyğəmbəridir" - dedim. Tarixçi Barlas inanclı bir adamdır. "Əstəğfürullah deyin!" - söylədi. Mən də "əstəğfürullah" dedim. Amma yolboyu min ildir ki, yuxarıda xatırlatdığım türk məmləkətlərində və türk ellərində yaşayan türklər üçün "könül Kəbəsi" düşüncəsini yaradan Əhməd Yəsəvi peyğəmbər olmasa da, Türküstanın Piridir və tarixdə də elə bu adla tanınır. Hətta "Mantikut-tayr" (Quş dili) əsərində Fəridəddin Əttar da quşların diliylə onu bu adla xatırlayır: "Türküstan Piri öz halından xəbər verdi..."
("Divani-hikmət"də Yəsəvi bildirir ki, on doqquz yaşında o, təsəvvüfün yetmiş sirrini və Quş dilini öyrənib).
Əhməd Yəsəvi ortaq türk mədəniyyətinin - bütün Turanın övliyasıdır.
Hətta Əmir Teymur da Yəsəvi təriqətindəndir. Yəsəviyyə təriqətində olan Xoca Bəyazidin müridlərindən biridir. Elə bu səbəbdən də, yuxarıda xatırlatdığım fikri yenidən təkrarlamaq istəyirəm. Fuad Köprülü "Türk ədəbiyyatında ilk mütəsəvviflər" kitabında "Zəfərnamə"yə istinadən yazır ki, "Teymurləng, H. 700 (1396) tarixində Dilguşə bağını yapdırdıqdan sonra Daşkənd tərəfinə doğru getdi. Seyhun nəhrini keçib o civardakı qəsəbələrdə ordunun qışlamasını əmr etdi və kəndisi də Türküstanda və Qırğız bozkırlarında böyük şöhrəti olan Əhməd Yəsəvi məzarını ziyarət üçün Yəsiyə gəldi. "Zəfərnamə" müəllifi Şərafəddin Yəzdinin rəvayətinə görə, "Məhəmməd Hanəfi evladından bu din ulusuna hörmətən məzarı üzərində ali bir imarət yapılmasını əmr və fərman etdi. Hüseyn Şirazi adlı bir memar mərifətiylə işə başlandı".
Türküstan Pirindən iki yüz il sonra pərvəriş tapan Hacı Bayrami Vəlinin müridi Ağşəmsəddin vasitəsi ilə Fatehə sirayət edən də Yəsəvidir.
"Xətai biçarə quldur şahına, / Hünkar Hacı Bəktaş nəzərgahına". Şah İsmayıl özünü Bəktaşi Vəlinin silsiləsində görürdü. Sultan Səlim isə qulağının birinə "Bəktaşi mənkuşu" adlandırılan sırğa-küpə taxırdı.
Əhməd Yəsəvi üsulunda şeirlər yazan Xətai kimi, onun rəqibi, əslən Batı xanın nəslindən olan və özünü Şah Bəxt adlandıran Bəktaşi Şeybani xan (Şibək xan) da incə zövqlü şair idi, şeirlərində Yəsəvinin ruhuna və şəhərinə ehtiramını bu şəkildə izhar edirdi:
Övliyalar sərvəri ol şəhri-Türkistan imiş,
Yer üzünün nuru türkan mahi-Türkistan imiş, -
İbn Bəzzazın 1350-ci ildə yazdığı "Səfvətüs-Səfa" əsərində Şeyx Səfi də Türk Piri adlandırılır: "Bir gün həzrət Şeyx oturur ikən gördi kim, mehrabun divarı yarılub bir kimsə çıxub, həzrət Şeyxə xitab etdi kim, ey türk piri və ol çağ Şeyxə "türk piri" derlərdi..."
Bəllidir ki, Əmir Teymur 1402-ci ildə Ankara savaşına yola düşərkən Yəsiyə gəlib Əhməd Yəsəvinin məzarını ziyarət etmişdi. Bu, tarixdə bilinən məsələdir. Amma bu sualın cavabı hələlik verilməyib ki, Teymur zəfər çaldığı savaşdan dönərkən, hansı səbəbdən Şeyx Səfi türbəsini ziyarət etmək üçün yolunu Ərdəbildən salıb Şeyx Səfiəddinin nəvəsi Şeyx Xoca Əlini ziyarət etmişdi? Professor Mehmet Sarayın bildirdiyinə görə, bu görüşdən sonra Teymur Ankara müharibəsində əsir götürdüyü türkmənləri - əsasən, Təkə və Qaraman boylarından oluşan osmanlı əsgərlərini kəramətli Xoca Əlinin istəyinə uyğun olaraq azad etmiş və onları Ərdəbil təkkəsinin müridliyinə vermişdi.
Bu faktları, sadəcə, assosiasiya etdi deyə xatırlatdım. Türkün və Turanın ilk Piri Əhməd Yəsəvidir. Sultanlar da, şahlar da, əmirlər də, şeyxlər də, yüzillər boyu Yəsəvi irfanına, mərifətinə və ədəbinə təzim ediblər.
Yəsəvinin "Divani-hikmət"indəki həsb-hallar, əslində, sufizmin, təsəvvüfün təmkin və təlvin məqamı, Kamil İnsan, İlahi Eşq barədə ilk türkdilli izharlardır. Yəsəvi "Divani-hikmət"də təlvin və təmkin məqamları arasında çırpınıb, nəhayət, Kamil İnsana çevrilənlərin psixoloji halını dünyanın, bəlkə də heç bir kitabında görə bilməyəcəyimiz bir gərginlikdə və dərinlikdə təqdim edib. Gah fanidir, gah sevdalıdır, gah ibadətsizdir, gah Hz. Xızırla həmrahdır. Gah günahkardır, gah tövbəkardır. Gah ərşdədir, gah yerdədir.
Yəsəvinin mistik tərəfləri bitib-tükənmir. Gerçək həyatı metafizik pərdənin arxasında əriyib, əbədiləşib. Karaçuk dağını yerindən qaldıran sel onun kəramətlərindəndir. Yaxud tutaq ki, bu yazıda Aslan Baba mənqəbəsinə toxunmadım. Əhməd Yəsəvinin Hz. Peyğəmbərlə mənəvi irtibatını yaradan bu Aslan Baba örnəyi, yəni peyğəmbərin Əhmədə çatdırmaq üçün neçə yüz il əvvəl ona verdiyi xurmanı Əhməd Yəsəviyə təqdim etməsi mənqəbələrdə yazılıb. Əhməd Yəsəvinin "Divani-Hikmət"ində də Aslan Baba xatırlanır. Qaradərili Aslan Babanın tarixi obrazında məvali cizgiləri də sezilir. Yaxud, Əhməd Yəsəvi peyğəmbərdən çox yaşadığı üçün 63 yaşında hatifdən gələn "Qul, yerə gir", canınam, cananınam, canını ver" nidasıyla özünə məzar qismində bir hücrə qazdırıb və ömrünün sonunacan orda zikr halında yaşayıb. "Divani-hikmət"i də həmin çiləxanada (bəlkə çəkildiyi xəlvətdə) yazıb. Elə buna görə də, "Divani-hikmət" o dünyadan, Əhməd Yəsəvinin bu dünyaya göndərdiyi xəbərlərə bənzəyir. Özü barədə, mistik aləmlər barədə gerçəkləri o biri dünyadan söyləyir. Yaxud onları da yazmadım ki, Türküstan rus işğalına məruz qalmazdan öncə adamların gözünə Yəsəvinin qeybi surəti məqbərəsinin çatısında sarığını açmış, yəni başıaçıq vəziyyətdə görünüb. Oğlu İbrahimin qatilinə qızını ərə verib, alaca rəngli atını bağışlayıb. Və bu ağılalmaz sorağı onu ilk dəfə "Türküstan Piri" adlandıran Fəridəddin Əttar "Mantikut-tayr" əsərində quşların dilindən - "Quşların bəhanə gətirmələri" hissəsində yazıb: "Türküstan Piri öz halından xəbər verdi və dedi: Mən iki şeyi çox sevirəm. Birisi alaca rəngli atımdır. Digəri də, oğlumdan başqası deyildir. Əgər biri oğlumun ölüm xəbərini gətirərsə, bu xəbərin müjdəsi olaraq ona atımı bağışlaram". Bu təsəvvüfdə zöhdün ən yüksək pilləsidir. Haqqa yönəlmək üçün dünyanın bütün gözəlliklərindən imtina etməkdir. Yaxud sufi onun üçün ən əziz olanın yoxluğunu xəbər verənə ikinci əziz olanı müjdə olaraq verir, necə ki oğlunun qatilinə qızını verib onu dünyaya bağlayan hər şeylə əlaqəsini kəsib. Dünya tamamlanıb. Əttar isə Türküstan Pirinin hikmətindəki sirri izah edərkən təsəvvüfün ənginliklərində qanad çalır: "Şam kimi yanıb yaxılmadıqca heç kimsənin yanında təmizlikdən bəhs etmə".
Yəsəvinin hikmətləri aləmə yayıldıqca onun Kamil İnsan anlayışına Bəktaşi Vəlinin ilahi eşq təlimləri, daha sonra, Bayrami Vəlinin könül arxetipi əlavə olundu. Annemarie Schimmelin təbirincə, "Əhməd Yəsəvi ənənəsini yaşadan sufilərin arasında yetişmiş Yunus Əmrə, Orta Asiyadakı Yəsəviyyənin etkilədiyi Bəktaşi Vəli, Mövlana, Bayrami Vəli" türk ədəbiyyatının və cəmiyyətinin mənəvi ahəngini yaratdılar.
Hansı tərəfdən baxsan, Yəsəvi bütün türklərin ortaq dəyəridir. Türküstanın Piri olduğu kimi, Azərbaycanın da Piridir. Türkiyənin də Piridir. Yəsəvinin mürşidi Yusif Həmədani azərbaycanlıdır. Yəsəvi dərvişləri zaman keçdikcə, Azərbaycana da sirayət edib... Həm ədəbiyyatımıza, həm cəmiyyət həyatına, həm də düşüncə dünyamıza. Bursanın fəthində Orxan Qazinin yanında olan Yəsəvi dərvişlərindən Geyikli Baba azərbaycanlıdır. Əxi təriqətini qurmuş Yəsəvi müridi Əxi Evrənin uşaqlığı Azərbaycanda keçmişdir.
Azərbaycan türkcəsində yazılmış ilk şeirlərin müəllifi Həsənoğlu da Əhməd Yəsəvi müridlərinin silsiləsindəndir. "Azərbaycan ədəbiyyatı tarixi" əsərində İsmayıl Hikmət yazır ki, Həsənoğlunun məşhur türk mütəsəvvifi Əhməd Yəsəvinin təsiri altında yetişdiyi, onun "Hikmət"lərini oxuyaraq ilham aldığı mühəqqəqdir". Həsənoğlu sonralar Yəsəvi müridlərindən Əli Lalanın müridi olmuş Şeyx Cəmaləddin Zakirin mürididir. Fuad Köprülü isə bildirirdi ki, "Bizim osmanlı təzkirəçilərinin XVI yüzildə - mütləqa xalq ədəbiyyatını təqlidlə heca vəzniylə yazıldığı üçün olacaq - biraz küçümsəyərək söz etdikləri ünlü Həsənoğlu türküləri əgər bu zata aidsə... o zaman onlarda Yəsəvi təsirinin bulunduğuna kəsinliklə hökm edə biləriz".
"Əbədi Turan" (2001) kitabımın "Böyük çöl və mavi röyalar" hissəsində yazmışdım: "Fəthlərdən, müharibələrdən yorulmayan Əmir Teymur da yol üstündə, ani dinclik və nəfəs dərimi üçün ağacların deyil, Əhməd Yəsəvinin kölgəsinə çəkilirdi".
İndi isə Türküstanın mərkəzində Əhməd Yəsəvi türbəsi Əmir Teymur küçəsindədir.
"Dünyaya gələr-gəlməz göylər aləminə uçub getmiş, ərşi qucaqlayıb, fənafillah məqamına çatmış" Əhməd Yəsəvinin məzarının başucunda dayanmışdıq. Şöhrət Barlas Yəsəvinin ruhu üçün Quran oxuyurdu...
25 iyun 2024
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!