Türkiyə Cümhuriyyətini siyasi və hərbi tənhalıqdan qurtaran ədəbiyyat professoru - Fuad Köprülü - Azər TURAN

Azər TURAN

Türkiyənin NATO-ya daxil olması üçün beynəlxalq miqyasda ən həlledici işləri görən diplomat və bu münasibətlə ABŞ ilə Türkiyə dövləti arasındakı müqaviləni Türkiyə adından imzalayan (və Türkiyəni siyasi və hərbi tənhalıqdan qurtaran) ədəbiyyat professoru Fuad Köprülü.

Modern türk ədəbiyyatşünaslığının, eyni zamanda Strohmeirə görə, modern türk tarix elminin də qurucusu olan Köprülü, həm də müasir Türkiyəni öz universal elmi zəkasıyla hasilə gətirənlərdən biriydi.

Mən Fuad Köprülü barədə ayrı-ayrı vaxtlarda bir neçə məqalə yazmışam. Hətta yazılardan birini bilərəkdən, həm də bir az ibrət olsun deyə, "Professor" adlandırmışdım. Çünki Azərbaycanda artdıqca-artan "professor" diplomlarının kölgəsində ömür sürən "intellektual" barsızları gördükcə, adi bir rüşdiyyə - orta məktəb məzununun dünya elminin patriarxlarından birinə necə çevrilə bilməsinin sehrli cazibəsi adama ayrıca bir zövq yaşadır. Professor idi, amma necə professor? Əsilzadəliyini elmi mühitin davranış qaydalarına tətbiq etmiş, elmdə aristokratik zehniyyət yaratmışdı. Nihat Sami Banarlı yazır ki, Fuad Köprülünün "hələ 29-30 yaşlarındaykən, elmini, sənətini, xidmətlərini və əsərlərini öymək yolunda Avropada yarış başlamışdı". 1939-cu ildə Sorbon (Paris) Universitetinin fəxri doktoru seçildiyi günlərdə Köprülünün şərəfinə Sorbon Universitetinin çatısında Türk bayrağı dalğalanırdı... "Bu mənim elmi həyatımın ən dəyərli mükafatı oldu. Sarbonna üstündə Türk bayrağı dalğalanırkən, universitetə Fransız Rəisicümhuru (Fransa prezidenti Alber Lebren) girmişdi. Kəndilərinə məni Türk alimi, - deyə təqdim etdilər. Əlimi sıxdı, nazikanə təbrik etdi".

Universitetin rektoru Sebastian Karlety "Osmanlı imperatorluğunun quruluşu" əsərinin fransızca nəşrinə yazdığı Ön sözdə etiraf edirdi ki: "Köprülünün Sorbonnada verdiyi dərslər getdikcə artan bir şöhrət və müvəffəqiyyətə məzhər olmuşdur. Fuad Köprülü çətin bir mövzunu təzələmişdir".

"Millətinin parlaq timsalı olan bu adam Şərq zehniyyətinin bağlarından qurtularaq, fəqət qüvvətli kültürlərlə dolu bir qüvvət qaynağı olan milliyyəti tərk etmədən yeni və hürr avropai zehniyyətə qovuşma vəzifəsini öz qüdrətiylə və tamamən həll etmişdir".

Brüssel Universitetinin professoru Paul Vittek bu sözləri bir az sonra, Fuad Köprülü Almaniyanın Heydelberq Universitetinin fəxri doktoru seçilərkən söyləyəcəkdi.

Fuad Köprülü orta məktəbi bitirdikdən sonra üç il hüquq fakültəsində təhsil alıb və sonra da: "Mənim ixtisas almaq istədiyim elm sahəsinin məktəbi yoxdur ki, mən oradan məzun ola bilim... İdadiyədən sonra hüquq fakültəsində böyük bir xəyal qırıqlığına uğradım. Tədris son dərəcə fəna idi. Şərq dillərini, fransızcanı bəzi müəllimlərimdən daha yaxşı bilirdim. Hətta bəzi dərsləri, bəzi bəhsləri onlardan çox əvvəl və daha yaxşı öyrənmişdim. Hüquqda qalmaq vaxt itirməkdən başqa bir şey deyildi".

Hədsiz dərəcədə geniş və parlaq zəkasıyla o, Türkiyənin heç bir məktəbinə sığa bilmədi. Hamının sığdığına "ağ üzlü, qara saçlı, uzun kirpikli, yaşıl gözlü" Köprülü sığmadı. Sığmadı, amma ali təhsil almamasına rəğmən, orta məktəb vəsiqəsilə 23 yaşında İstanbul Universitetinin türk ədəbiyyatı tarixi üzrə ilk professoru oldu. Cavan bir alimin elmdəki qəfil şahlanışını istəməyənlər də, onun bu şahanə uçuşuna gözləri qamaşanlar da var. Nə üçün Köprülü? Elmdə bəlli-başlı imzalar varkən, nə üçün Ziya Gökalp professorluq vəzifəsini Fuad Köprülüyə müsaidə edir? Köprülü sinəsini qabağa verib müxaliflərinə səslənir:

- Türkoloji sahəsində kim özünə güvənirsə, buyurub gəlsin.

Köprülü onu istəməyənlərin varlığına məhəl qoymadan türk və dünya ictimai fikir tarixinə 23 yaşında qədəm qoyur.

Ardıyca ədəbiyyat fakültəsinin dekanı seçilir. İlahiyyat fakültəsində türk tarixindən, Mülkiyyə məktəbində siyasi tarixdən, Gözəl Sənətlər məktəbində mədəniyyət tarixi fənlərindən mühazirələr oxuyur. Sonralar Türkiyədə ilk türkoloji İnstitutu qurur, Türk Tarix Cəmiyyətinin başqanı seçilir. 1935-43-cü illərdə millət vəkili, 1946-cı ildə Adnan Menderes və Rəfiq Koraltanla bir yerdə Demokrat Partiyanın qurucusu, 1950-56-cı illər Türkiyənin Xarici İşlər naziri, 1956-57-ci illərdə Dövlət naziri, Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini...

Sinəsini dünya dövlətlərinin ordenləri bəzəyən, Avropanın bir sıra Elmi Araşdırma institutlarında, o cümlədən, ABŞ-ın Con Hopkins Universitetində haqqında doktorluq dissertasiyaları yazılan... Fuad Köprülü türkolojiyə dəxli olan dünya elmi təsisatlarının, demək olar ki, əksəriyyətinin fəxri doktoru, yaxud akademiki oldu... Saymaqla qurtarmaz:

İstanbul Universitetinin professoru, Heydelberq Universitetinin fəxri doktoru, Sorbon Universitetinin doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Harvard Universitetinin professoru, London Şərq və Afrika Dilləri Məktəbinin fəxri üzvü, Macar Şərq Tədqiqləri Elm Cəmiyyətinin müxbir üzvü, Alman Arxeoloji İnstitutunun professoru, Çexoslovakiya Şərq Cəmiyyətinin müxbir üzvü, Macarıstan Elmlər Akademiyasının akademiki, Amerika Şərqşünaslar Cəmiyyətinin fəxri üzvü, Amerika Tarix Qurumunun fəxri üzvü, Afina Universitetinin fəxri doktoru, Kəraçi Universitetinin fəxri hüquq doktoru, Ukrayna Universitetinin fəxri doktoru...

Bütün bunlara o, necə nail oldu? Müasirlərindən Haqqı Süha Gezginin anlatdığı kimi: "Türkolojini özünə ana məslək olaraq seçdikdən sonra, Fuad köşəsinə çəkildi. Artıq dostları arasında zövq və əyləncə yerlərində ona rast gəlinmirdi. Soruşanların bir-birlərindən aldıqları cavab: - Özünü elmə verdi! - olurdu".

1925-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçiləndə Fuad Köprülünün 35 yaşı vardı və rus elminin məşhurları - Bartold, Oldenburq, Kraçkovski etiraf edirdilər ki: "...Köprülüzadənin tədqiqləri sayəsində türkoloji elm sahəsi istər tarix, istərsə də, linqvistika baxımından keçmiş vəziyyəti ilə ölçülməyəcək dərəcədə yüksəlmişdir". Akademik Qordlevskiyə görə, "Köprülüzadə Məhməd Fuad bəy, şübhəsiz ki, yeni Türkiyənin ən mühüm simalarından biridir... Onun incə və parlaq bir üslubda yazılan əsərləri mövzularının yeniliyi ilə diqqəti cəlb etməsindən başqa, yalnız Türkiyə üçün deyil, bütün avropalı araşdırıcılar üçün də böyük dəyər daşıyır..."

Qordlevski elə həmin il Rusiya Elmlər Akademiyasının 200-cü ildönümü ilə bağlı tədbirlərdə Köprülünün iştirakını yada salıb deyirdi ki, rus şərqşünasları XVII əsr Türkiyəsinin böyük vəzirlərinin nəvəsi ilə o zaman tanış oldu. Bəli, Fuad Köprülünün nəsil əsaləti vardı.

1948-ci ildə Stalinin qərarı ilə Köprülü SSRİ Elmlər Akademiyasının üzvlüyündən xaric edildi. Gün doğmadan nələr doğur. 1950-ci illərdə Türkiyənin Xarici İşlər Naziri vəzifəsinə gətiriləndən sonra oğlu Orxan Fuad Köprülünün bildirdiyinə görə, "ruslar Ankaradakı səfirləri vasitəsilə onu yenidən eyni Akademiyaya seçmək istədiklərini bir neçə dəfə bildirmişlərsə də, Köprülü nazikanə bir şəkildə bu istəklərin hamısını rədd etmişdir".

1948-ci ildə Stalin Köprülünü niyə hədəfə aldı? Bunu indi çoxları unudub. O zaman Gürcüstan Elmlər Akademiyasının alimləri sovet mətbuatında Türkiyə torpaqlarının bir qisminin sovet Gürcüstanına aid olması iddiası ilə çıxış edirdilər... Fuad Köprülü gürcü alimlərinə cavab olaraq "Vətən" qəzetində "Gürcü alimlərinə cavab", "Tarix yalançı şahid olamaz", "Tarix deyil, əfsanə", "Əfsanə deyil, tarix" sərlövhəli silsilə məqalələrini yazmış, dünya ictimai fikrini Türkiyənin xeyrinə yönəldə bilmişdi. Tarix elmləri doktoru Anatoli Milier elə həmin il Moskvada nəşr olunmuş "Kratkaə istoriə Turüii" kitabında yazırdı ki, 1948-ci ilin 12 noyabrında SSRİ Elmlər Akademiyasının ümumi yığıncağında Sovet İttifaqına qarşı "düşmənçilik və böhtan ruhlu" çıxışlarına görə türk professoru Fuad Köprülü Akademiyanın əcnəbi müxbir üzvləri sırasından xaric edilmişdi.

Digər tərəfdən, Fuad Köprülü həm də II Dünya müharibəsində Türkiyənin Almaniyaya qarşı müharibəyə qatılmasına əngəl olan siyasətçilərin sırasında əsas simalardan biri kimi çıxış etmişdi.

Köprülünün siyasi həyatı da elmi həyatının ayrılmaz tərkib hissəsiydi. O, Türkiyəni mənəvi və siyasi uçuruma aparan təkpartiyalı sistemə "Yox!" - demək üçün elmdən siyasətə adlamağı vaxtında bacardı. Yəni Türkiyədə təkpartiyalı sistemə qarşı çıxanların da ilk sırasında Köprülü dayanırdı... Bir ədəbiyyat professorunun nə üçün siyasətə qatıldığını çətin anlayanlara, yaxud heç anlamayanlara Köprülü belə səslənmişdi: "Övladı dənizə düşən bir insanın, onu qurtarmaq üçün, başqa bir adamı gözləməyə səbri çatmaz, suya özü atılar".

O, Cümhur başqanı İsmət İnönüyə daha çox dil məsələsində müxalif oldu. Türk dilinə İsmət İnönünün aşkar biganəliklə həyata keçirdiyi və böyük qarğaşaya səbəb olmuş qondarma dil siyasətinə qarşı müqavimətini ləyaqətlə sürdürdü. Milli tarixin və elmin mərdanəlik səhifəsinə öz möhtəşəm imzasını qoydu. Bütün ümummilli məsələlərdə olduğu kimi, bu dəfə də susmadı, danışdı. İsmət İnönünün təkəbbürlü davranışına "Yox!" - dedi: "Müstəbid və çılğın bir hökmdarın, yaxud din və məzhəb təəssübünün, yaxud da milli təəssüb və təhəkkümlərin və ya sinif diktatorluğunun yapdığı bu hərəkətlər asan izah oluna bilər. Lakin bizim bugünkü rəsmi arqonu yaradan zorakı hərəkatın bir bənzərinə rast gəlinməz. Bir hökumət, öz məktəblərində uşaqlara zorla uydurma bir dil öyrətsin, bir millət məclisi, həyata keçirməli minlərcə vacib iş dururkən bir akademiya vəzifəsi icra edərək uydurduğu arqonu bütün millətə qəbul etdirməyə qalxsın... İnsanlıq tarixində bu qədər mənasız, zərərli bir işin bənzərini tapmağa imkan yoxdur".

Milli tədqiqlərin çağdaş modelini yaratdı. Türk tarix və ədəbiyyatşünaslıq elmini orta əsr təzkirəçiliyindən, özü demişkən, "orta çağ qalıntılarından" təmizlədi. Türkiyə humanitariyasına XX əsrin müasir üslubunu qazandırdı.

"Şəxsiyyətin tamamilə ictimai bir məhsul olması" düşüncəsinə inanan Fuad Köprülü şəxsiyyətlərə ictimai və milli rakursdan baxdığı üçün İstanbulda bir Bethovenin, Qanuni Süleymanın sarayında bir Şekspirin, Hotantolar arasında bir Füzulinin yetişə bilməyəcəyi qənaətində israr etdi.

Fuad Köprülü yazırdı ki, hər hansı bir millətin müəyyən bir zamandakı müəyyən bir zümrəsinin ədəbi ehtiyaclarını ilk dəfə hiss edərək onları uğurla təbliğə müvəffəq olan sənətkara ədəbi şəxsiyyət deyə bilərik. Bu mənada, Məhməd Fuad Köprülünün özü ədəbi şəxsiyyətin parlaq və bənzərsiz timsallarından biridir. Dünyanı daha geniş görmək və dəyərləndirə bilmək ehtirasından məhrum zümrə Köprülünü sözdə dəyərləndirə bilər, etiraf edə bilər, amma köprülüzadəlik edə bilməz. Əhməd Yəsəvini, Yunus Əmrəni türk ədəbiyyatına qazandıran da, elmi tədqiqlərə Avropa tərzini gətirən də, Anadolu səlcuqluları tarixinin yerli qaynaqlarını ilk dəfə tədqiqata cəlb edən də, Bartoldun kiçikhəcmli "İslam mədəniyyəti" əsərinə 290 səhifəlik izahlar və təshihlər yazaraq onu daha bitkin bir əsər halına gətirib "İslam mədəniyyəti tarixi" adı ilə nəşr etdirən də, öz elmi şəxsiyyətini XX yüzil türk mədəni fikir tarixinin patriarxı səviyyəsinə yüksəldən də odur. Ondakı fikir zənginliyinə, onun erudit zəkasına, zehniyyətində iki dünyanı birləşdirə bilmək bacarığına yalnız heyrətlənmək olur.

"Türk ədəbiyyatında ilk mütəsəvviflər" əsərində yazırdı: "Tənzimatdan bəri ədəbiyyat tariximiz haqqında heç bir elmi qiyməti haiz olmayaraq yazılan xırda-para şeylər arasında, xalq mütəsəvvüflərinin mövcudiyyətini bildirən bir sətir belə bulunamaz".

Tədqiqlərini Türküstan arealına, Türküstan dərvişliyinin mahiyyətinə yönəldən Köprülü nə etdiyini, məşğul olduğu sahələrin milli, siyasi və dövləti proseslərə zəmin hazırlamış olduğunu bilirdi (düşündürücü, maraqlı və həzindir ki, 1919-cu ildən başlayaraq Köprülüyə dünyada elmi etibar və nüfuz qazandıran ilk əsəri "Türk ədəbiyyatında ilk mütəsəvviflər" olduğu kimi, 1964-cü ildə yazdığı son araşdırması da "Orta Asiya türk dərvişliyi haqqında bəzi notlar" adlanırdı).

Türküstan piri Əhməd Yəsəvini unutqanlıq tozanağından xilas edib türk düşüncəsinin təməl qaynaqlarından biri kimi ilk dəfə tədqiqata o cəlb etdi. Əhməd Yəsəvinin türk mədəniyyətinə irfan və Turan müstəvisindən cəlb olunması Köprülünün simasında bütün türklərin milli və elmi zəfəri oldu. Yəsəvi mövzusunda rus alimi Qordlevski ilə mübahisəsinin aspektini nəzərdən keçirərkən milliyyətçi hədəfləri aşkar sezilən Fuad Köprülü Əhməd Yəsəvinin məzarı ətrafında yaranmış Yəsəvi kultunu İran təmayülünə bağlamaq istəyən opponentini öz sərrast və məntiqli elmi üslubuyla tərksilah edirdi: "Timur zamanında - hətta daha əvvəl və daha sonra - zəngin vəqflərə malik olan bu müqəddəs məzar civarında gömülmək özbək-qazaxlar üçün bir idealdır. Bilhassə böyük və orta ordalara mənsub özbək-qazax zənginləri, hələ sağlıqlarında, türbə yaxınlığında bir parça torpaq alır; qışda ölsələr belə cəsədləri bir keçəyə salınaraq bir ağaca asılır və ilk baharda Yəsiyə aparılaraq öz təbirləriycə Qara Əhmədin, yəni Əhməd Yəsəvinin məzarı civarına dəfn olunurlar. Rus alimi Qordlevski buradakı Yəsəvi kultunda şəhərin türkləşməsindən əvvəlki irani bir kultun davamını görmək istəyirsə də, bu iddia heç bir dəlilə söykənməməkdədir".

Anatoli Millerin yuxarıda xatırlatdığım kitabında "türk professurasının ifrat sağçı qanadına mənsub" Fuad Köprülüzadənin adı SSRİ-nin siyasi rəqibləri sırasında hallanırdı. Milliyyətçiydi. Amma özünün də dediyi kimi, hər cür irqçilikdən uzaq, insanpərvər bir milliyyətçiydi. Bu mühüm amil onun elminə də, şəxsiyyətinə də sirayət etmişdi. Burda Köprülünün görüşləri ilə bağlı həssas bir məqama toxunmaq istəyirəm. Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqlərinə Füzulinin iraqlı bir kürd olmasını iddia edən Vladimir Krımskinin, Gelman Huartın və Vladimir Minorskinin görüşlərini təkzib etməklə başlamasını nəzərdə tuturam. "Füzuli ədəbi təsirinin davamı və genişliyi etibarı ilə olduğu qədər, şeirlərinin bədii qiyməti baxımından da, hətta ən böyük türk şairi sayıla biləcək müstəsna bir şəxsiyyətdir... Cağatay ədəbiyyatı da daxil olmaqla, türk ədəbiyyatının bir çox sahələrində qüvvətli təsir və nüfuzu mövcud olmaqla bərabər, onu azəri və osmanlı ədəbiyyatlarının müştərək bir şəxsiyyəti ədd etmək, ədəbiyyat tarixi baxımından zəruridir" deyirdi. Münazirə poetik formasının ərəb və İran ədəbiyyatına türk xalq ədəbiyyatının təsiri ilə və əslən türk olan İran şairləri tərəfindən keçdiyini, türk şeirindəki qitə şəklinin fars ədəbiyyatındakı rübai şəklinin sələfi olduğunu, ermənilərin, gürcülərin, ukraynalıların, macarların, serblərin qədim xalq ədəbiyyatları üzərində türk xalq ədəbiyyatının danılmaz nüfuzunu ilk dəfə o irəli sürür və dünya elmi ictimaiyyətini buna inandırmağı bacarırdı.

Jak de Morqan kimi fransız alimlərinin erməni aşıqlarını Homerlə müqayisə etmələrinə qarşı yüksək elmi və tarixi məntiqlə cavab verən Fuad Köprülünün "Türk ədəbiyyatının erməni ədəbiyyatına təsiri" əsərindən sonra Avropada inanmağa başladılar ki, erməni aşıq ədəbiyyatı türk aşıq ədəbiyyatının təqlidindən başqa bir şey deyilmiş.

Köprülü dünya alimlərinin diqqətini türk ədəbiyyatının üzərinə yönəldə bildi. Banarlı bir məqaləsində qeyd edir ki, başda Harvard və Kolombia universitetləri olmaqla, Amerikanın 15 institutu Amerika hökumətinin dəstəyi ilə türk dili, türk tarixi, türk incəsənəti, türk hüquq və iqtisad tarixi, türk sosial həyatı üzrə elmi tədqiqatlar aparmaq üçün İstanbulda, Fuad Köprülünün evində türkoloji institut açmaq niyyətində olub.

Yazını yazdıqca yazmaq, davam etdirmək istəyirəm. Köprülü bitib-tükənmir... Məsələn, türk ədəbiyyatşünaslığında heca vəzni barədə ilk elmi mülahizələr də Fuad Köprülü tərəfindən irəli sürülüb. 1915-ci ildə yazırdı ki, "...Heca vəzni bizim ruhumuzdan qopmuş, səmimi, milli bir məhsuldur; Mərmərə sahillərindən Tibet hüdudlarına qədər milyonlarca türk nəşə və kədərini bu vəzn ilə tərənnüm edir. Artıq buna qarşı əcəm şairlərinin əski ahənglərini (qəzəl ahəngini - A.T.) yaşatmaq istərsək, türkün ruhuna tamamən yabançı qalmaqdan əbədilik qurtula bilmərik".

Yahya Kamal Bayatlıya görə, Türkiyədə, vəzni Köprülü qədər usta bilən başqa birisi yoxdu. Vəzn məsələsinə milli bir məsələ olaraq baxan Köprülüyə görə isə, "Bozkırların, dağların vəhşi və təsənnüsüz səslərini qaval və qopuzla inlədən ədəbiyyat nasıl doğrudan-doğruya həyatdan doğmuşsa" ... qəzəl və qəsidə ədəbiyyatı da "o qədər həyatdan uzaqdır. Qəzəl və qəsidənin dili xalqın dilindən bambaşqa olduğu kimi, vəzn və mövzu da xalq ilə heç təmas etməyəcək qədər ayrıdır".

Heca vəzni haqqında ilk elmi mülahizələr onun tədqiqat sferasında göründüyü kimi, türk ədəbiyyatşünaslığında əruzla bağlı ilk araşdırmalar da, əruzun türk ədəbiyyatına gəlişi və inkişafı barədə ilk tədqiqlərin də müəllifi odur. Heca və əruz vəznləri barədə Köprülünün mülahizələri məfkurəvi səciyyə daşıyırdı. 1915-ci ildə yazırdı ki, "yabançı təsirlər altında qaldığımız uzun əsrlər əsnasında əruz vəzninin yüksək siniflər arasında heca vəzninə qarşı çox üstünlük saxladığını, böyük sənətkarların əlində əsrlərcə işləndiyini inkar edə bilmərik". Buna rəğmən, hecaya çağırış Köprülünün milli problemi idi. Özü də heca vəznində "Akınçı türküləri" kimi gözəl şeirlər yazırdı:

 

Tuna boylarında sıra sərvilər,

Dan yeli əsdikcə səssiz ağlarmış;

Gül bağçalarında bayquşlar ötər...

Şu viranəliklər əski bağlarmış!

 

Söyüd dallarında xəstə sərçələr

Əski akın dastanını hecalar...

Tuna ağlayırmış bəzi gecələr:

Köksündə kəfənsiz şəhidlər varmış!

 

Köprülü həm də tarixçiydi. Yazının əvvəlində Strohmeirə istinadən bildirmişdim: modern türk tarix elminin qurucusu o idi. Tarixçi kimi yazdığı əsərlər də dünya üçün xüsusi önəm kəsb edir. O, Avropa alimlərinin çox ciddi səhvlərini təshih etməyi bacardı. Osmanlı dövlətini Bizans imperatorluğunun davamı kimi dəyərləndirən Qərb alimlərinin osmanlı sistemi ilə bağlı yanlış fikirlərini kökündən təkzib etdi. Osmanlı imperatorluğunun qurulması tarixini və imperatorluq sistemini keyfiyyətcə yeni - Avropa modelini tətbiq edərək araşdıran Fuad Köprülü həmin aspektdə elmə əsaslandırılmış yeni düşüncə dalğası gətirdi: "Bizans müəssisələrinin Osmanlı müəssisələrinə təsiri" əsərində gəldiyi qənaət, əslində, dünya elminin inanıb və bir daha bu barədə mübahisə etmədiyi son nəticə oldu: "Osmanlı dövlətinin hakimiyyət tələqqisi və idarə sistemi üzərində Bizansın həmən heç bir təsiri olmamışdır... Osmanlı dövləti, Anadolu səlcuqlu səltənətinin idari ənənələrinə varis olmuş, ilhanlıların və məmlüklərin təsiri altında qalmış bir türk-islam səltənətidir". Yaxud, Köprülüyə qədər beynəlxalq elmi çevrələrdə mövcud olan "Osmanlı dövlətinin hüquq sistemi islam hüquq sisteminin təkrarıdır" hökmünü o, 1937-ci ildə keçirilən İkinci Türk Tarix konqresində əsaslı dəlillərlə təkzib etdi və islam hüququndan əvvəl türklərin öz xalq hüquq sistemi vardır, - deyə məsələni birdəfəlik həll etdi...

O, işıqlı, sevimli bir Köprülüdür. "Səsi ahənglidir. Bu səsdə... elmi bir hakimiyyətin yalçın ədası... sezilməz. Ən dərin... mövzulardan bəhs edərkən də səsində yenə şakıyan ahəng, aydınlıq, su axışını andıran bir xəfiflik duyulur".

Yuxarıda Köprülünün əsalətindən bəhs edərkən, Qordlevskinin fikirlərini xatırlatdım. Rusiya Elmlər Akademiyasının 200-cü ildönümü ilə bağlı tədbirlərdə Köprülünün iştirakı rus alimlərinə XVII əsr Türkiyəsinin sədr-əzəmlərinin nəvəsi ilə tanış olmaq fürsəti vermişdi. Bir neçə kəlmə də bu barədə yazmağa ehtiyac yaranır. Osmanlı sultanlığının 1656-cı ildən, yəni Sultan IV Məhmədin zamanından etibarən sədr-əzəm (baş nazir) vəzifəsində, adətən Köprülüzadələr çalışıb. Bu nəsildən ilk sədr-əzəm Mehmet Paşa Köprülü olmuşdu. Sultan 15 yaşındaydı, ölkəni idarə edəcək gücdə deyildi. Sədr-əzəmin isə 78 yaşı vardı. 15 yaşlı sultanın 78 yaşlı qocanı sultanlığın ən yüksək vəzifəsinə gətirməsi səltənət çevrələrində birmənalı qarşılanmır: "Oxuyub-yazmağı bilməyən 78 yaşlı qocanın özünü idarə etmək gərəkirkən, o özü bu məmləkəti necə idarə edəcək?" Amma hökumətin qoca başçısı, nəinki məmləkəti, hətta gənc sultanın özünü belə idarə edir... Gözlənilməz addımlar atır, asilik edən yeniçəri paşalarını, sipahiləri əzir, hüquqi islahatlar həyata keçirir, osmanlı imperatorluğunu içəridən vurmağa cəhd edən yunan patrikini edam etdirir...

Qasırğa tarixin dibindən əsir. Türk tarixinin şərəf qaynağı olan köprülülər XX yüzilə Məhməd Fuad Köprülü ilə daxil olur.

Aristokratik zehniyyəti, əsilzadəliyi elmdə də öz işini gördü.

Müxtəlif türk soylarının ədəbiyyatını araşdırmalarının vahid predmetinə çevirənlər arasında Fuad Köprülü hələ də birinciliyini (və müstəsnalığını) qoruyub saxlayır. Ortaq türk ədəbiyyatının dövrləşdirmə konsepsiyası onun adı ilə bağlıdır. Bu gün, nəinki ortaq türk ədəbiyyatının varlığı, ümumiyyətlə, türklərin mənəvi geniologiyası barədə Fuad Köprülünü oxumadan, öyrənmədən fikir söyləmək mümkün deyil. Azərbaycan ədəbiyyatına gəlincə, baxmayaraq ki, "Azəri ədəbiyyatına aid tədqiqlər" əsəri 1926 və 1996-cı illərdə Bakıda nəşr olunmuşdur, amma etiraf etməliyik ki, Köprülünün çox geniş bir müstəvidə Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalar (Füzuli ilə bağlı yazdıqları istisna) təəssüf ki, bizim milli ədəbiyyatşünaslığın diqqətindən bu və ya digər dərəcədə kənar qalmış və hələ də qalmaqdadır. Baxmayaraq ki, Köprülü Azərbaycana çox bağlı bir türk alimidir. O da Ziya Gökalp kimi, Əli bəy Hüseynzadəni özünə ustad bilənlərdəndir. 1912-ci ildə "Türk Ocağı"nda, 1913-cü ildə Türk Bilgi Dərnəyinin qurucuları sırasında, 1918-ci ildə Türk Ocaqlarının elm heyətində, yenə həmin il Rusiyadakı əsir türklərin taleyini müzakirə etmək üçün Avropa dövlətlərində bir yerdəydilər. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaya da bir yerdə gəlmişdilər. Köprülü Bakıda olduğu günlərdə "Yeni Avropa" otelində Hüseynzadə ilə eyni otaqda qalmış, vaxtının çoxunu isə Əli bəy Hüseynzadənin ailə üzvləri ilə bir yerdə və onların evində keçirmişdi. O günlərin yadigarı olan çoxlu fotoşəkilləri də var.

Gəncliyində Stalinin qəzəbinə gəldi. 1960-cı ildə Camal Gurselin hərbi çevrilişindən sonra üç ay Yassıadada dustaq həyatı yaşadı, edam olunacağı günü gözlədi. Amma bütün hər şeyə rəğmən, tarixə həkk olunmuş elmi imzasının şərəfini sonacan qorudu. Fuad Köprülünün həbsdən azad olunması üçün Amerika universitetlərinin dünyada tanınan məşhur doqquz professoru əsli Camal Gurselə, surəti Türkiyənin bütün qəzetlərinə məktub göndərdilər. Amerikalı professorlar "dünyalarca ünlü, doğruluğu inkar götürməz, dövlət idarəsində mahir və Türkiyənin Şimali Atlantik Paktı təşkilatına girməsini təmin edən şərəfli arkadaşları professor Fuad Köprülünün" azadlığa buraxılmasını israrla tələb edirdilər...

Dünya alimlərinin güclü təzyiqi qarşısında Gursel geri çəkildi. Baş Nazir Menderes asılsa da, Xarici İşlər naziri Köprülü azad edildi.

Sonra altı il yaşadı. 1966-cı ilin iyununda Ankarada avtomobil qəzasında sümükləri sındı və həyatını itirdi.

 

***

Hər dəfə İstanbula yolum düşəndə Ayasofyanın, Sultan Əhməd Camesinin, Topqapı Sarayının, Gülhanə parkının... civarında yerləşən, az qala, iki minillik dünya tarixinə ağuş açmış Divanyolu caddəsindəki Köprülüzadələr külliyyəsini ziyarət edirəm... Fuad Köprülü burdadır. Köprülüzadələr aşiyanında...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!