Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Siracəddin HACI

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

Siracəddin HACI

 (Əvvəli burada)

 

Qırx beşinci beytin şərhi:

gün ayırdı

 

O hər kəsə bir iş tapşırıb,

Ona eyş üçün gün ayırdı.

 

Dedik ki, Nizami məsnəvinin sonuna doğru mərhəmətli Bəhramı önə çıxarır, öncəki beytdə "şah" dedi, iki "o" əvəzliyinə yer verdi, dövlət başçısını hər kəsə mərhəmət hərəkatının mərkəzinə qoydu, o, hakimiyyət nemətinin şükrünü yerinə yetirdi...

- Bu beytdə şəxs sonluğu və bitişən əvəzlik Bəhram deyir, şahın mərhəmətinin yeni əlamətləri açıqlanır, ölçü qoyur: mərhəmət də, mərhəmətli şah da, sosial dövlət də dəyərdir, dövlət idarəçiliyinin əsasları sırasında yer tuturlar;

- "Hər kəsi" - hər bir kəs, bu qəlib deyir ki, şahın mərhəməti hər insanı qucaqladı;

- Bir işə təyin etdi, bir iş tapşırdı, hər kəsə uyğun bir iş verdi, hər kəsin işi qabiliyyətinə görə oldu - şah bu yolla bir neçə məsələni yoluna qoydu: a) dövlət idarəçiliyinin əsaslarından olan əhliyyət və ləyaqət ölçüsünü yerinə yetirdi; b) bildi ki, əmanət (iş) əhlinə verilməsə, siyasi nizam çökər, zülm ortaya çıxar; c) insanları işlə təmin etdi, əməyin, halallığın dəyərini öyrətdi - işsizlik pislik qaynağıdır; d) ölkənin inkişafının yolunu açdı; e) dövlətin yükünü azaltdı, sosial gərginliyin, üsyanın, qarışıqlığın yolunu bağladı;

- Nizami məhz "təyin etdi" feilini seçir, yəni Bəhram hər kəsə iş, hər kəsə aş ölçüsünü dövlət siyasətinə çevirdi;

- Bəhram hər kəsə iş verdi, ancaq məsələ burada bitmədi, o, mərhəmət anlayışına uyğun olaraq iş nizamını da açıqladı: a) iş saatı az olacaq - sıradakı beyt bu ölçünü açıqlayacaq; b) işçi iş üçün deyil, iş işçi üçündür; c) işçi istismar olunmayacaq; d) işçinin əməyinə, ehtiyacına uyğun qazancı olacaq; e) işçiyə istirahət günü veriləcək;

- Elə bu ölçülərə uyğun olaraq Bəhram hər işçiyə bir bazar günü / boş gün - istirahət günü verdi, eyş (eyş-işrət, kef, şadlıq, ləzzət) üçün;

 

Qırx altıncı beytin şərhi:

günü iki yerə bölsünlər

 

O buyurdu ki, günü iki yerə bölsünlər,

Birinci yarısını iş üçün,

            ikinci yarısını şərab içmək üçün.

 

Bu, öncəki beytin davamıdır, Nizami deyir ki, mərhəmət söz deyil, işdir, saleh əməldir, ölkənin bütün məsələləri mərhəmət, ədalət, dövlət, hakimiyyət insan üşündür ölçüləri ilə həll olunmalıdır. Şair yenə Bəhramı önə çıxarır, hər kəsə mərhəmət hərəkatını onun adına bağlayır, mərhəmətli şah obrazını onun işləri ilə inşa edir:

- Bəhram imkanı az olanlara yardım etdi, onlara dövlət xəzinəsindən pay ayırdı, çalışmaq qabiliyyəti olan hər kəsə iş verdi, indi də iş nizamını mərhəmət anlayışına uyğunlaşdırır (beş ölçünü öncəki beytin şərhində açıqladıq);

- Nizami "fərmud" feilini seçir, feili şahın dərəcəsinə uyğunlaşdırır ("əmr etdi", "buyurdu", "fərman verdi"), bu, qanundur, hökmdür, dövlət siyasətidir, icrası məcburidir, şahın sözü, göstərişidir;

- "Fərmud" sözünə bağlı feillər də əmr məzmunu yüklənmişdir: ayrılsın / bölünsün, içmək/istirahət üçün olsun;

- Şair "ta" deyir, şahın buyruğunun məqsədini açıqlayır: "o məqsədlə", "buyruğunun məqsədi o idi ki";

- Mərhəmət anlayışı işə düşür, şah əmr edir ki, gün, bir gün, hər iş günü iki hissə olsun, ikiyə ayrılsın - bu, az işlə, çox qazan, iş, dövlət, hakimiyyət, sərvət insan üçündür ölçüsüdür, Bəhram deyir ki, siyasətimin mərkəzində insan var, kimsə insanı istismar edə bilməz;

- İş gününün bir yarısı "kəsb" ("qazanc") üçündür (tərcümədə "kəsb" sözü "iş" kimi verilib, məna pozuntusudur, belə ki, Nizami işi deyil, qazancı önə çıxarır), yarım gün işlə, ehtiyacın qədər qazan, az işlə, çox gəlirin olsun, kimsəyə möhtac olma - mərhəmətli dövlət vətəndaşını kimsəyə möhtac etməyən dövlətdir;

- "Və" bağlayıcısı sıralayır, bir günü iki yerə ayırır, günün ikinci yarısı mey içmək üçün olacaq/olsun, burada "mey içmək" anlayışı istirahətin bütün növlərini əhatə edir: özünə, ailənə vaxt ayır, ye, iç, gəz, yat, oxu, yaz, musiqiyə qulaq as, məclislər qur, bədəninə, ağlına, ruhuna maya qoy, əmək, zaman, qaynaq ayır - günün yarısını işləyərək qazandığın sayılanları etməyə yetsin, yetəcək qədər olsun - mərhəmətli dövlət, mərhəmətli şah bunu istəyir, edir;

- Mərhəmətli olmaq hər şey insan üçündür anlayışına inanmaq, ona uyğun hərəkət etmək, saleh əməlləri olmaqdır;

 

Qırx yeddinci beytin şərhi:

xərac almadı

 

Ölkədən yeddi il xərac almadı,

Yetmiş illik qəmin kökünü kəsdi.   

 

Yenə mərkəzdə Bəhram var, hər kəsə mərhəmət hərəkatının başçısı odur. Nizami mərhəmətli şah obrazının inşası üçün uyğun vasitələr seçir:

- Feilləri (iki feil var) üçüncü şəxsin təkində işlədir, birbaşa Bəhrama bağlayır, o, kiməsə göstəriş vermir, özü edir, qərarlılıq, cəsarət, ciddi əmək, hərəkət bildirən feillər seçir: atdı/ləğv etdi, qopardı/çıxardı - kökünü kəsdi, feilləri qətilik, əminlik, şahidlik bildirən şuhidi keçmiş zamanda işlədir - mərhəmət iş, hərəkət, saleh əməldir, şair hərəkət feillərini qafiyə mövqeyinə - beytin ağırlıq mərkəzinə yerləşdirir (orijinalda feillər təsdiqdə, tərcümədə inkardadır);

- Nizami Bəhramın mərhəmətinin böyüklüyünü göstərmək üçün məkanı böyüdür, "dünyadan" deyir - tərcümədə bu söz "ölkədən" qəlibi ilə əvəz edilmiş, məkanın mərhəmətin dəyərini ifadə imkanı azaldılmışdır. Nizami "dünyadan" deyərkən İran imperatorluğunu nəzərdə tutur;

- Bəhramın yeddi ili və dünyanı əhatə edən qərarı nə ilə bağlıdır? O, vergini atdı, vergi qanununu qüvvədən saldı - Nizami vergi/xərac almadı demir, vergini atdı, verginin hər növündən yerli-dibli imtina etdi, vergi yükünü xalqın üzərindən qaldırdı deyir. Xalq vergidən azad olsa, nə baş verər? Əkməyə, becərməyə, istehsala yönələr, iş yerləri çoxalar, inkişafın yolu açılar, bolluq, ucuzluq olar, insanlar varlanarlar, əxlaq düzələr, barış, hüzur gələr - mərhəmətli şah/dövlət vergiləri azaldar, yeri gəlsə, bir müddət ləğv edər;

- Nizami Bəhramın mərhəmətinin dərəcəsini göstərmək üçün yeni üç vasitə seçir: a) "kökünü qopardı/kəsdi/kökündən çıxardı" - "kökündən söküb atdı" deyir - bir şeyin kökü qalsa, o, yenidən bitər, ortaya çıxar, Bəhram zülmün, geriliyin, yoxsulluğun, nifrətin, didişmənin əsl səbəbini/kökünü tapdı - ağır vergilər. Onu bir daha ortaya çıxmayacaq biçimdə yox etdi, kökünü qazdı, səbəbi/kökü yox etdi ki, nəticə (zülm) yox olsun; b) "qəmin kökünü qopardı/kəsdi" - bu, bir məcazdır, şair təsirli danışmaq, təsir etmək üçün seçmişdir, mesaj budur: qəmin kökünü kəsməyin yolu mərhəmətdir, Bəhramın mərhəməti ağır vergilərin, o da qəmin kökünü kəsdi; c) bu, sıradan bir qəm deyil, şair Bəhramın mərhəmətinin böyüklüyünü tanıtmaq üçün bu qəmə iki özəllik bağlayır: milli qəmdir - hər kəsi əhatə etmişdi, yetmiş illik qəmdir - say, zaman çoxluğu (hamı, yetmiş il) deyir ki, mərhəmət, mərhəmətli şah, sosial dövlət böyük nemətlərdir. Bəhram İran xalqını sömürən, kölələşdirən, onu yoxsulluğa, nifrətə, didişməyə, əxlaqsızlığa sürükləyən, zülmün iqtisadi qaynağı olan ağır vergilərin, onun ortaya çıxardığı yetmiş illik qəmin kökünü kəsdi - İran xalqının Bəhramın atasına nifrətinin əsas səbəbi də iqtisadi zülm, onun qaynağı olan ağır vergilər, bu vergilərin ortaya çıxardığı yoxsulluq idi;

- Dünyanı yeddi il vergidən azad edən, yetmiş illik qəmin kökünü kəsən Bəhram şah var, onu xalqın xilaskarına çevirən, inkişafın, bolluğun, bərəkətin, güvənin, ümidin, zənginliyin yolunu açan dəyərin adı mərhəmətdir;

 

Qırx səkkizinci beytin şərhi:

bayram havası var

 

Altı min nəğməkar sənətkar -

Çalğıçı, oynayan, löbətbaz (hoqqabaz).

 

Məsnəvinin süjet xətti beş beytlik yeni mərhələyə keçir: Bəhramın hər kəsə mərhəmət hərəkatı ilahi rəhmətə yol açdı, quraqlıq bitdi, ölkəyə bolluq, bərəkət, zənginlik, güvənlik gəldi, şah inkişaf üçün zəruri olan addımlar atdı, nəticədə, dünyaya - imperatorluğa bayram havasının gözəl ətri yayıldı. Nizami bu mərhələdə mərhəmət bayrama yol açar ölçüsünü tanıdır, uyğun vasitələr seçir:

- Bayramın bu özəllikləri var: birləşdirir, hamıya aid olur, insanın/xalqın sevinmə ehtiyacını təmin edir, içində sevinmə, sevindirmə, təmizlik, ləzzətli yeməklər, gözəl geyimlər, təbriklər, gülər üz, məclislər, gəzmək, rənglər, əyləncə, oyun, musiqi, ziyarət, paylaşma ... var;

- Nizami Bəhramı önə çıxarır, o, xalqın bayram etməsini istəyir, sadəcə istəmir, bayramın təşkili üçün addımlar atır, feillər ona bağlanmışdır, ölkə bayramı haqq etmiş, yasdan qurtulub sevincə qovuşmuş, Bəhramın qurtuluş mücadiləsi - mərhəmət hərəkatı hamını sevindirən nəticələr vermişdir - ölkədə hüzur var;

- Bəhramın milli bayramın təşkili üçün gördüyü işlərin bir də siyasi məzmunu var, o, bayram vasitəsi ilə xalqı birləşdirir, dövlətlə/şahla xalqı bir-birinə bağlayır, ümid, cəsarət, güvən duyğusu verir, dostlara, düşmənlərə şahın gücünü göstərir, mərhəmətin dəyərini açıqlayır - mərhəmət bir ölkəni qıtlığın səbəb olduğu maddi, mənəvi ölümün pəncəsindən xilas edən, onun inkişafına yol açan, birləşdirən, zənginləşdirən, hüzura qovuşduran dəyərdir;

- Bəhramın seçimi, qərar və addımları hər kəs, hər bölgə ən yüksək səviyyədə bayram etməlidir ölçüsünə uyğundur: sayı çoxaldır, bölgələri əhatə edir, çeşid var;

- Xalqa bayram havası yaşadacaq sənətkarların sayı altı mindir: a) onlardan bir qisminin gözəl nitqi var, dastan / hekayə danışan ustalar - sənətkarlardır (tərcümədə "nəğməkar sənətkar" kimi verilib, bu yolla dastanların musiqinin iştirakı ilə söylənildiyi bildirilib); b) bir qrup "motreb" / "xanəndə", "çalğıçı"dır - onlar da ustalardır, təsirli səsləri, ifa qabiliyyətləri var; c) bir dəstə mahir rəqqas var; d) bir də kukla oynadanlar, indiki dillə desək, kukla teatrı var (özləri görünmür, pərdə arxasında dayanır, əlləri ilə pərdə önündə kukla oynadır, tamaşa göstərirdilər); e) xalqın bütün təbəqələri, hər zövq nəzərə alınıb - hər şey şahın təşkil etdiyi bayramın səviyyəsinə, mərhəmətin adına-şanına uyğundur; ə) təsirli söz, gözəl səs, ahəngli rəqs/hərəkət, inandırıcılıq imkanı olan göstərmə / teatr birləşdi, bayram havası yaratdı;

- Beytdə iki "və" bağlayıcısı var: birləşdirir, sıralayır, çoxaldır, çeşidi, zənginliyi göstərir, deyir ki, mərhəmətli şahın təşkil etdiyi bayram çox gözəl idi;

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!