Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Siracəddin HACI

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

Siracəddin HACI

(Əvvəli burada)

 

 

Qırx birinci beytin şərhi:

qılınc satırdı

 

Hamı şərab alır, qılınc satırdı,

Dəmir zirehi cırır: zərxara (paltar) tikirdi.

 

Nizami mərhəmət adlı dəyəri dövlət idarəçiliyinin əsasına yerləşdirir, deyir ki, güclü dövlət, güclü dövlət başçısı zülm edən, qorxudan, insanları bir tikə çörəyə möhtac qoyan dövlət, lider deyil, mərhəmətli dövlətdir, başçıdır. Şair mərhəmətin xilaskarlıq vəzifəsini, yol açdığı bolluğu, bərəkəti, zənginliyi, güvəni, inkişafı, bayramı, ümidi addım-addım açıqladı. Sıra toplumun iç hüzuruna gəldi, Nizaminin ölçüsü budur: mərhəmət iç savaşı, didişməni, bölünməni, yası bitirər, barışa, birliyə, hüzura, bayrama yol açar. Şair bu anlayışı tanıdan vasitələr seçir:

- Beytin ideyasını bədii təzadla açıqlayır, yada salaq: quraqlıq qıtlığa, o da yoxsulluğa, aclığa yol açmışdı, "insanlar adamyeyən canavar kimi gah adam, gah da leş yeyirdilər...";

- İki misrada da bədii təzad var, bir-birinə zidd anlayışlar bunlardır: "mey" - "qılınc", "almaq" - "satmaq", "dəmir zireh" - "qızıl sapla tikilmiş paltar", "parçalamaq" - "tikmək";

- Bu zidd sözlər savaş, barış anlayışlarını tanıdır, deyir ki, qıtlıq ölkəni siyasi, iqtisadi, sosial, mənəvi-əxlaqi pozulmaya, çöküşə, savaşa - sürüklədi, hər kəsə mərhəmət hərəkatı, mərhəmətli şah, sosial (mərhəmətli) dövlət gəldi, toplumu o qaranlıq ölüm quyusundan çıxartdı, nura, hüzura, barışa, ümidə qovuşdurdu;

- Nizami savaşdan barışa doğru dəyişimi göstərmək üçün "hər bir kəs" deyir, istisnaya yer qoymur, bu, hər kəs varlı idi anlamını daşımır - bir ölkədə hər kəs varlı olmaz - bildirir ki, ölkədə hər insanın rahat yaşamaq imkanı var idi;

- Hər bir kəs nə etdi? Mey aldı, burada mey sevinci, barışı, hüzuru, bayramı təmsil edir;

- Hər bir kəs qılıncı satdı, misrada qılınc qorxunun, nifrətin, didişmənin, zorakılığın, əxlaqi çöküşün simvoludur - qıtlıq zamanı ancaq güclünün yaşamaq imkanı var idi;

- Mərhəmət gəldi, düşmənliyi, savaşı, kədəri, şiddəti, kini, didişməni, yası bitirdi, barışa, sevincə, qardaşlığa, hüzura, bayrama yol açdı;

- Hər bir kəs - bu qəlib beytdə bir dəfə işlənsə də, bütün feillər ona aiddir;

- Hər bir kəs dəmir zirehi parçaladı, feil hamıya aiddir, mərhəmətin əhatə dairəsini göstərir - Nizami mərhəmətin yol açdığı hüzurun dərəcəsini göstərmək üçün məhz "parçaladı" feilini seçir, o, hər bir kəs dəmir zirehi çıxartdı, evinə qoydu, satdı deyə bilərdi, demir, mərhəmət elə bir hüzura, güvənə yol açdı ki, insanlar bir daha iç savaşın olmayacağına inandılar - dəmir zirehi parçaladılar;

- "Dəmir zireh" ("dəre ahən") - ağırlığı, sıxıntını, qorxunu, savaşı, ölümü, qorunma ehtiyacını ifadə edir, deyir ki, kimsə kimsəyə güvənmirdi, hər kəsin əlində qılınc, bədənində dəmir zireh var idi;

- Nizami sadəcə "zireh" demir (zirehin fərqli növləri var), "dəmir zireh" deyir, qorxunun, güvənsizliyin, qarşıqlığın şiddətini göstərir;

- Mərhəmət gəldi, əllərdəki qılıncı aldı, bədənlərdəki dəmir zirehi çıxartdı - savaşın, ölüm qorxusunun, didişmənin, aclığın yol açdığı mənəvi ağırlığı - ümidsizliyi, nifrəti, kini, əxlaqi çöküşü, güvənsizliyi yox etdi;

- Mərhəmət ölümün simvolu olan dəmir zirehin yerinə nə qoydu? Hər bir kəs qızıl sapla tikilmiş paltar geyindi, zərxara tikdi;

- "Zərxara" / "zərkeş" - bahalı paltardır. Nizaminin insanlara niyə məhz "zərkeş" geyindirməsinin səbəblərini sıralayaq: a) mərhəmətin dəyərini vurğulayır; b) mərhəmətin yol açdığı dəyişimi ifadə edir - savaş getdi, barış gəldi; c) mərhəmət yoxsulluğa, aclığa son qoydu, zənginliyə yol açdı; d) dəmir zireh ağırlığı - qorxunu, güvənsizliyi, ümidsizliyi, ölümü, zərkeş/zərxara yüngülüyü - mənəvi hüzuru, əxlaqi gözəlliyi, ruhi dincliyi, sevinci ifadə edir, deyir ki, yas getdi, bayram gəldi - zülm/qıtlıq mənəvi ağırlıq - yasdır, ədalət, mərhəmət mənəvi yüngüllük - bayramdır;

- Nizami mərhəmətin yol açdığı hüzurun, güvənliyin, bayram havasının, maddi, mənəvi inkişafın ifadəsi üçün bu vasitələrə də yer verir: Birincisi, beytdə feil çoxdur, dörd feil var, hərəkəti, bərəkəti, diriliyi göstərir - mərhəmət söz deyil, hərəkət, bərəkət, həyatdır, zülm öldürür, mərhəmət dirildir, zülmün öldürdüyünü mərhəmətlə diriltmək ilahi ölçüdür; İkincisi, iki misrada da iç/daxili qafiyə var: xərid - foruxt, dərid-duxt, bu, mərhəmətin yol açdığı, hüzürü, ahəngi, tarazlığı ifadə edir; Üçüncüsü, beytdə iki "və" bağlayıcısı var, sıralayır, savaş getdi, barış gəldi; Dördüncüsü, feillər şühudi keçmiş zamandadır, şahidlik, qətilik, əminlik bildirir - buna yüzdə yüz inanın ki, mərhəmət olsa, bolluq, bərəkət, barış, hüzur, ümid, birlik, güvən olacaq;

 

Qırx ikinci beytin şərhi:

yaddan çıxdı

 

Əhali silahı biryolluq atdı,

Qılınc, ox hamının yadından çıxdı.

 

Beyt mərhəmət savaşı bitirər, barışı, güvəni, ümidi gətirər ölçüsünü açıqlayır, mesajı uyğun vasitələrə yükləyir:

- Nizami ölçünü böyüdür, hər kəsə aid edir, istisnaya yer qoymur, mərhəmət hər insanı qucaqlayan dəyərdir deyir, bu məqsədlə iki söz seçir, "xalq", "hamı", onları misraların başına yerləşdirir, mərhəmətin gücünün, dəyərinin, imkanının bilinməsini istəyir;

 

- "Biryolluq" - geriyə dönüşü olmayacaq biçimdə, mərhəmət o dərəcədə bərəkətli imkanlara yol açdı ki...;

- Nəticədə, xalq nə etdi? Silahı yerə qoydu (tərcümədə "atdı" kimi verilib, doğru deyil), mərhəmətin ortaya çıxardığı bolluq, bərəkət, güvənlik, zənginlik, ümid xalqı savaşın bitdiyinə inandırdı, xalq əmin oldu ki, artıq silaha ehtiyac yoxdur - savaş bitdi, qorxu getdi, kin öldü, nifrət atəşi söndü;

- "Silahı yerə qoymaq" bir məcazdır, inamı, barışı, ümidi, güvənliyi ifadə edir;

- Nizami "yaddan çıxarmaq" məcazına yer verir, mərhəmətin bərəkət, təsir, dəyişim gücünü göstərir: dünənədək hər kəsin silahla, dəmir zirehlə gəzdiyi, bir-birindən qorxduğu, öldürmək üçün fürsət axtardığı, yalnız güclünün yaşamaq imkanının olduğu ölkədə mərhəmət elə bir güvən ortaya çıxardı ki, hamı - istisna yoxdur - qılıncı, oxu unutdu, sadəcə yerə qoymadı, məhz yaddan çıxartdı, mərhəmət güvənə, barışa yol açdı, savaşı, silahı (qılıncı, oxu) dəyərsizləşdirdi, dəyərsiz olan, ehtiyac qalmayan unudular;

- Beytdəki "biryolluq", "yaddan çıxmaq" qəlibləri qətilik, əminlik bildirir, təminat verir: yüzdə yüz inanın ki, mərhəmət olsa, savaş olmayacaq - savaşların səbəbi mərhəmətsizlikdir, mərhəmət güvənə, bolluğa, onlar da barışa, hüzura yol açacaq;

- Mərhəmətin mayaladığı, onunla qohum olan anlayışlar - dəyərlər bunlardır: güvən, ədalət, bolluq, bərəkət, zənginlik, genişlik, ruzi, ümid, barış, sevgi, hüzur, sevinc, bayram, bağışlama, birlik, qardaşlıq, maddi, mənəvi paylaşma, fədakarlıq, təvazökarlıq, səmimiyyət, səxavət;

- Mərhəmət olmasa, bu anlayışlar ortaya çıxacaq: qorxu, zülm, köləlik, qıtlıq, yoxsulluq, darlıq, savaş, kin, nifrət, qarışıqlıq, kədər, yas, təkəbbür, parçalanma, didişmə, xəsislik, ikiüzlülük, ümidsizlik;

- Silahlanmanın səbəbi mərhəmətsizlikdir;

Qırx üçüncü beytin şərhi:

kef çəkirdi

 

Hər kimin eyş-işrət etməyə imkanı var idi,

Rifah və nazla kef çəkirdi.

 

Nizami mərhəmətin, mərhəmətli şahın, sosial (mərhəmətli) dövlətin xeyrini göstərmək üçün bu dəyərlərin ortaya çıxardığı nəticələri tanıtmağa davam edir, ölkə əhalisini iki yerə ayırır, öncə zənginlərə, sıradakı beytdə də maddi imkanı nisbətən az olanlara (bir ölkədə hər kəs zəngin olmaz) yer verir - yada salıram ki, şah (dövlət) qıtlıq zamanı da hər kəsə imkanına görə münasibət göstərmiş, dəni varlılara uyğun qiymətə satmış, yoxsullara isə pulsuz vermişdi.

Varlıların halı belə idi:

- "Hər kimin ki", "o şəxslər ki varlı idilər", eyş-işrət etməyə, kef çəkməyə, şadlıq, ləzzət məclisləri qurmağa imkanları var idi - Nizami zənginliyin ifadəsi üçün "bərg" sözünü seçmişdir, bu sözün çox mənası var: "yarpaq", "vərəq", "silah", "ləvazimat", "məqsəd", "qərar", "qeyd", misrada maddi imkan mənasını yüklənmişdir;

- Beytdə birbaşa, ya da dolayı yolla var-dövləti göstərən bu sözlər də var: "eşrət" ("kef", "şadlıq", "ləzzət"), "eyş" ("eyş-işrət", "kef"), "tənəom" ("rifah", "firavanlıq", "bolluq"), "naz" ("naz", "işvə", "qəmzə", "zənginliyin səbəb olduğu sevinc halı"), "eşrət (məclisi) düzəltmək", "eyş etmək" ("kef çəkmək"), "rifah və nazla - zəngin məclislərlə istirahət etmək";

- Yəni Bəhramın mərhəmət hərəkatı bolluğa, zənginliyə yol açmışdı, varlılar rifah, eyş-işrət içində yaşayırdılar;

 

Qırx dördüncü beytin şərhi:

xoşhal idi

 

İmkanı olmayanlara isə şah (imkan) yaradırdı,

O bəxtdən, dünya isə ondan xoşhal idi.

 

Nizami məsnəvinin sonuna doğru birbaşa Bəhramı önə çıxarır. O niyə mərhəmətlidir, niyə hər kəsin yaxşılığını istəyir, niyə sosial (mərhəmətli) dövlət qurmuşdur, niyə hər kəsə ədalət, hər kəsə mərhəmət, hər kəsə rifah, hər kəsə güvənlik hərəkatını gerçəkləşdirir?

Şairin önə çıxardığı cavabları sıralayaq: Bəhram hakimiyyətin çox böyük nemət olduğunu bilir, ona bu neməti Allahın verdiyinə inanır, o çalışdı, Allah da onu seçdi, siyasi iqtidar adlı ilahi nemətə şükür etmək istəyir, sözü, əməli ilə deyir ki, hakimiyyət nemətinin şükrü bunlardır: sosial dövlət, hər kəsə mərhəmət, hər kəsə ədalət, hər kəsə rifah, hər kəsə güvənlik...

Nizami mərhəmətli Bəhramı mərkəzə yerləşdirmək üçün bu addımları atır:

- Öncəki beytdə mərhəmət hərəkatının ortaya çıxardığı zənginliyi, zənginlərin halını təsvir etdi - ədalətli, mərhəmətli dövlət və şah nemətdir, zənginlik qaynağıdır;

- Ancaq ölkədə hamı varlı deyil, onların halı necə olacaq? Şair "və an ke" deyir, öncəki beytlə bağ qurur, ən önəmlisi isə imkansızların sayını azaldır, "və o ki" deyir (tərcümədə say çoxaldılmış, "imkanı olmayanlar" deyilmiş, məna pozulmuşdur). Say azlığı iki məsələni önə çıxarır: a) mərhəmət hərəkatının gücünü göstərir; b) mərhəmətli Bəhram obrazının inşasına yoç açır;

- "Onun ki, o insanın ki imkanı ("bərg") yox idi" - burada yaşamaq imkanından söhbət getmir (hamının dolanışıq imkanı var), istirahət imkanından danışılır, yəni bir sıra insanlar varlı deyildilər, yaxşı istirahət, həyat imkanları da yox idi;

- Ancaq şah, Nizami məhz "şah" sözünü seçir, ən uca siyasi məqamı göstərir, Bəhramı önə çıxarır, birbaşa şah özü o istirahət imkanı olmayanları himayə etdi;

- Hansı addımı atdı? Şair bu anda "fərmud" sözünə yer verir: "əmr etdi", "buyurdu", "göstəriş verdi", feil şahlıq dərəcəsinə uyğundur, fərman vermək şahın haqqıdır, hökmüdür, dövlət siyasətidir, icrası məcburidir, bütün sosial haqları əhatə edir, şah/dövlət imkanı az olan insanlara yardım edəcək/etdi, feil şühudi keçmiş zamandadır, qətilik, şahidlik, əminlik bildirir, şah əmr verər, verəcək biçimində deyil, əmr etdi biçimindədir - Bəhramın əsas işi ehtiyacı olanlara yardım etməkdir;

- "O", ikinci misra şəxs əvəzliyi ilə başlayır, Bəhram deyir - imkansızları qoruyan, mərhəmətli Bəhram;

- O - Bəhram bəxtindən ("ze bəxt") xoşnud idi - şair Bəhram bəxtindən razı idi deyərkən iki şeyi nəzərdə tutur: a) Allah məni seçdi, hakimiyyət adlı böyük nemətini mənə verdi; b) hakimiyyət nemətinin şükrünü yerinə yetirdim - sosial dövlət qurdum, xalqı qıtlığın - ölümün pəncəsindən qurtardım, ölkə inkişaf etdi, varlandı, mərhəmət, ədalət hər kəsi qucaqladı, güvənlik təsis olundu, imkansızları qorumaq dövlət siyasətinin əsasına çevrildi...;

- Nizami Bəhramı - mərhəməti bir az da böyüdür, yenə "o" deyir (beytdə üç Bəhram vurğusu var: "o", "o", "şah"), çox böyüdür, "cahan" sözünü seçir, məkanı geniş tutur, Bəhramın şah olduğu imperatorluğa işarə edir, məkan böyüklüyü Bəhramın dəyərini, ona olan sevgini göstərir, o şahlara örnəkdir deyir, "dünya ondan xoşnud / razı oldu / idi" - bir şah üçün xalqın ondan razı olmasından böyük xoşbəxtlik varmı? Xalqın rizası ilahi rizaya yol açmazmı? Xalqın rizasının səbəbi nədir? Mərhəmət, ədalət, sosial dövlət, rifah, güvənlikdir - Allahın hakimiyyət nemətinin şükrünün yerinə yetirilməsidir;

- Mesaj budur: Allahın rizası xalqın rizasına bağlıdır, bu nemətə qovuşmağın yolu da mərhəmətdir;

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!