Nizami Gəncəvinin mərhəmət - sosial dövlət anlayışı - Siracəddin HACI

"Yeddi gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri və Bəhramın şəfqəti" adlı bölməsinin şərhi

Siracəddin HACI

 

(Əvvəli burada)

 

Otuz səkkizinci beytin şərhi:

eyş-işrət edirdilər

 

Əhali çöllərdə, dağlarda asudələnib,

Dəstə-dəstə eyş-işrət edirdi.

 

Beyt hər kəsə mərhəmət hərəkatının ortaya çıxardığı nəticələri tanıtmaq üçün yeni bədii vasitələr seçir, mərhəmətin xilas etmək, qorumaq, xeyrə doğru yönəltmək gücünə zənginlik, çoxluq, barış, ümid, sevinc, bayram, təhlükəsizlik, genişlik, həyat ölçüsünün dəyişməsi kimi anlayışlar yükləyir:

- Nizami "mərdom" ("xalq", "camaat") deyir, çoxluğu ifadə edir - mərhəmət hərəkatı, mərhəmətli şah, sosial dövlət bir insanın, bir qrupun deyil, xalqın həyatını dəyişdi;

- "İmən şode" - xalq özünü güvəndə, əminlikdə hiss etdi. Şair mərhəmətin yol açdığı əminlik halının ifadəsi üçün məhz ərəbcə olan "imən" sözünü seçir, "imən" sözü "əlif-mim-nun" kökündəndir, eyni kökdən olan sözlərin bu mənaları var: "iman etmək", "güvənmək", "əmanət etmək", "məsuliyyət"... "Əmin olmaq" qorxudan qurtulmaqdır: mərhəmət zənginliyə yol açdı, insanlar varlandılar, kimsənin bir başqasının sərvətində gözü qalmadı, oğurluq, quldurluq, talan bitdi, insanlar arasında güvən, etibar bağı quruldu, xalq rahat, hüzurlu təhlükəsiz yaşadı;

- Bu güvənli həyat nəyə yol açdı? Nizami iki söz seçir: "dəşt", "kuh" (düzənlik/çöl/səhra, dağ), bu sözlər genişliyi ifadə edir, düzənliyə, dağa, arada "və" bağlayıcı var, sıralayır, bağlayır, bir də çoxaldır - insanlar özlərini o dərəcədə güvəndə hiss etdilər ki, istirahət üçün düzənliyə, dağa getdilər: a) evi tərk etmək güvənlik əlamətidir - kimsə evimə toxunmayacaq; b) çölə, dağa getmək də güvənlikdən xəbər verir - orada kimsə bizə dəyməyəcək; c) burada bir də maddi imkanın əlaməti var - zənginlik olmasa, hər kəs (xalq) istirahətə gedə bilməz;

- Ölkədə hər kəsə aid güvənlik, zənginlik var, hər kəs istirahət imkanı qazanmışdır. Nizami mərhəmətin bərəkətini göstərmək üçün zənginliyin dərəcəsini də ifadə edir, bu məqsədlə istirahət ölçüsünü / standartını tanıdır, iki söz seçir, çoxluğu, bolluğu göstərmək üçün onları "və" qəlibi ilə bağlayır: "naz" və "işrət/eşrət" - "eyş-işrət", "şadlıq", "ləzzət" - hər nemətin olduğu istirahət, bu hal hamıya aiddir, xalq düzənlikdə, dağda nemətlərdən yeyərək istirahət imkanı qazandı;

- Nizami mərhəmətin bərəkətini ifadə etmək üçün bir vasitəyə də yer verir, "qoruh-qoruh" ("dəstə-dəstə"), bu söz say çoxluğunu, maddi imkanı, nemət bolluğunu, genişliyi göstərir: insanlar dəstə-dəstə istirahət edir, kef məclisləri düzəldir, nemətləri, sevinci paylaşırdılar;

- Toplayaq: səbəb mərhəmət, mərhəmətli şah, sosial dövlətdir, nəticəsi hər kəsə aid güvənlik, bolluq, çoxluq, zənginlikdir, əlamətləri məkan genişliyidir, düzənlik, dağdır, hər nemətin olduğu məclislərdir, çoxluqdur - insanların ziyafət vermək imkanı var, ölkə bayram havasındadır;

 

Otuz doqquzuncu beytin şərhi:

sıraya düzülmüşdülər

 

Bərbət, rübab, çəng çalanlar,

İki fərsənglik sıraya düzülmüşdülər.

 

Nizami hər kəsə mərhəmət hərəkatının nəticələrini göstərmək üçün Bəhramın ölkəsindəki bayram havasını təsvir edir, əlamətlərini sayır: hər kəsin istirahət imkanı var, istirahət edənlərin sayı-hesabı yoxdur, insanlar özlərini güvəndə hiss edir, qorxmadan evlərindən çıxır, istirahət məkanlarına gedirlər, güvənliyi təmin edən sadəcə dövlət deyil, bir də xalqın rifah səviyyəsidir, istirahət məkanları dağlar, düzlərdir, bolluqdur, süfrələrdə hər nemət var, insanlar dəstə-dəstə, bir yerdə yeyir, içir, deyir, gülürlər...

Bayramın, sevincin, hüzurun olmazsa olmaz şərtləri sırasında musiqi önəmli yer tutur. Şair də mərhəmət bayrama yol açdı fikrinin ifadəsi üçün musiqidən, musiqi alətlərindən, hüzur verən səslərdən yararlanır:

- Bir sıraya düzülmüş, bir səf tutmuş - Nizami çoxluğu ifadə edir, bayramın bir özəlliyi də hamını qucaqlamasıdır;

- "İki fərsənglik" - bir fərsəng/fərsəx altı-yeddi kilometr məsafədir, atın bir gündə gedəcəyi yoldur, on dörd kilometrlik məsafədə sıraya düzülmüşdülər - şair yenə çoxluğu (uzunluq biçimində) önə çıxarır, deyir ki, mərhəmət, mərhəmətli şah, sosial dövlət bayrama yol açar;

- Sıraya düzülənlər kimlərdir? Şair üç musiqi alətinin adını çəkir: bərbət - simli musiqi alətidir, uda bənzəyir, böyüyü, kiçiyi, ağırı, yüngülü olur, rübab-tar kimidir, simli musiqi alətidir, çəng - simli musiqi alətidir, arfanın ən qədim növüdür, Azərbaycan çənginin otuz bir - otuz iki simi olub;

- Mətndə musiqi alətlərinin hər birinin sonunda müəyyənlik əlaməti var: o məşhur, insana hüzur verən bərbət, rübab, çəng, yəni on dörd kilometr məsafədə bərbət, rübab, çəng çalanlar düzülmüşdülər, aradakı "və" bağlayıcıları da sıralayır, çoxaldır;

- Nizami niyə məhz bu üç musiqi alətinin adını çəkmişdir? İnsanlar bərbətin, rübabın, çəngin səsinə oynamazlar, qulaq asarlar, ruhları dincələr, qəlbləri hüzura qovuşar, duyğularına sığal çəkilər;

- Bəhramın mərhəməti hüzurlu xalq inşa etdi ölçüsünün daşıyıcı anlayışları bunlardır: güvənlik, zənginlik, geniş, uca məkan - düzənlik, dağ, gülər üz, birlik, bolluq - süfrədə hər cür nemət, bayram, ümid, sevinc, bərbət, rübab, çəngin insana hüzur verən səsi, təmiz hava...;

 

Qırxıncı beytin şərhi:

məclislər var

 

Hər arxın qırağında şərab hovuzu,

Hər məhəllədə bir məclis...

 

Mərhəmətin ortaya çıxardığı bayram havasının təsviri davam edir, Nizami mərhəmət güvənlik, zənginlik, genişlik, hüzurdur ölçüsünün təqdimini yeni vasitələrə yükləyir:

- Var-dövlət, gözəl imarətlər, istirahət, geniş, uca məkanlar, təmiz hava, gülər üz, hər növ nemət, musiqi var, mərhəmətin yol açdığı bayramın, sevincin, hüzurun ifadəsi üçün başqa nələrə ehtiyac duyulur?;

- Suya - su ehtiyac, həyat qaynağı, təmizlik, hüzurdur, məkanın gözəlliyinin əlamətləri bunlardır: genişdir, yaşıllıq var, havası təmizdir, ucadır, sakitlikdir, bir də suyu var. Su olmasa, hüzur olmaz, bayram, sevinc yarımçıq qalar;

- Nizami mərhəmətin ortaya çıxardığı hüzur məkanına suyu da artırır, həm də bu, axar sudur, axar su çoxdur, daha təmizdir, səsi ruha dinclik verir;

- Şair hüzuru artırmaq üçün suyu çoxaldır, "hər bir arx" deyir, arx çox, su boldur, suyun şırıltısı bərbətin, rübabın, çəngin səsinə qarışıb;

- "Be gerd" - "ətrafa", "dövrəyə" (ətrafda, dövrədə), bu söz hansı işi yerinə yetirir? Hər bir arxın ətrafı deyir, çoxaldır, mərhəmətin bərəkətini ifadə edir - arx çox, su çox, insan çox, nemət çox, hüzur çox;

- Arxların ətrafında - hər tərəfində çox olan bir şey də var: hovuz(lar);

- Nizami bayramdır, sevinc var, hər kəs hüzur içindədir mesajının tam olması üçün o hovuzları meylə doldurur - hər bir arxın ətrafında mey hovuzu var idi;

- Şair yenə çoxaldır: hovuz da (tutumu böyükdür), içindəki mey də çoxdur, istirahətə - bayrama gələnlərin hər birinə çatacaq qədərdir - çoxluq/böyüklük deyir ki, mərhəmət bu dərəcədə, hamını sevincə boğacaq qədər hüzura yol açar;

Nizami mərhəmətin yol açdığı hüzurun ifadəsi üçün vasitələrin sayını artırır:

- "Məclis" deyir - insan, nemət, imkan çoxdur, sözün sonuna əlamət yazır, "məclisi", hər bir məclis - məclislər var, onlar bayram məclisləridir - mərhəmət imkanları, nemətləri çoxaldır, insanları bir araya gətirir, ünsiyyət qurur, maddi, mənəvi dəyərləri paylaşmağa yol açır;

- Bu məclislər harada idi? Ortada idi - hər kəsə uyğun yerdə idi;

- Nəyin ortasında idi? Hər bir məhəllənin (küçənin) ortasında - məclis yeri olmayan məhəllə yox idi - bayram idi, hər məhəllənin ortasında məclis qurulmuşdu - bayram hamını sevindirmək, mərhəmət hər kəsi qucaqlamaqdır;

- Beytin hər sözü mərhəmətin ortaya çıxardığı bərəkəti, bayramı, bolluğu, var-dövləti, çoxluğu, hüzuru, sevinci ifadə edir: "hovuzlar", "mey", "ətraf", "hər arx", "məclis", "orta", "hər məhəllə";

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!