Azər TURAN
2014-cü ilin 17 oktyabrında "Ədəbiyyat qəzeti"ndə Bakı Dövlət Universitetinin fəxri doktorları siyahısında alman alimi Əhməd Şmidenin adının olmaması ilə bağlı məsələ qaldırdıq. Hətta Şmidenin Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunu və döş nişanını qəbul edərkən söylədiyi məruzəsindən bəzi parçaları Azərbaycan türkcəsinə uyğunlaşdırıb "Könüldən könülə yollar görünür" başlığı ilıə dərc etdik. Yazıçıların XII qurultayı yenicə tamamlanmışdı və qurultaya Almaniyadan qatılmış dostumuz Orhan Aras məsələ ilə bağlı nigaranlığını dilə gətirir, heç kəsdən aydınlaşdırıcı bir cavab ala bilmirdi. Hələ o zaman biz Bakı Dövlət Universitetinə müraciət etdik. Universitetin Həmkarlar Komitəsindən bildirdilər ki, narahatlığa əsas yoxdur, Şmideyə aid sənədlər universitetin muzeyində saxlanır. Biz də bu cavabı qəzetdə dərc etdik və məsələ bununla sanki qapanmış kimi oldu...
Üstündən 9 il ötdü. Bu illər ərzində Universitetin rəsmi saytının fəxri doktorlar səhifəsində Şmidenin adı görünmədi. Hamının adı göründü, təkcə Şmidenin sənədləri (adı) Universitetin muzeyində "saxlanıldı".
9 ildən sonra mövzuya yenidən qayıtdıq. "Ədəbiyyat qəzeti"ndə Hans Piter Əhməd Şmidenin Heydər Əliyev uğrunda mücadiləsi və Azərbaycanşünaslıq sahəsindəki xidmətləri barədə iki yazı yazdım. Bu il yanvarın 14-də dərc olunmuş "Böyük alman alimi Hans Piter Əhməd Şmidenin Heydər Əliyev uğrunda mücadiləsi" yazımdan sonra Almaniyadan Orhan Aras "Vəfa və Əhməd Şmide" adlı bir yazı qələmə alıb bizə göndərdi. Orhan bəyin yazısını da "Ədəbiyyat qəzeti"ndə dərc etdik və yazı böyük maraqla qarşılandı.
Beləcə altı həftə keçdi. Martın 4-də "Ədəbiyyat qəzeti"ndə "Ötən yazıya sözardı: Əhməd Şmidenin itirilən haqqını bərpa edə biləcəyikmi" adlı başqa bir yazı yazdım.
Qəzet çıxandan sonra Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş, ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev mənə zəng vuraraq, rektorun göstərişi ilə problemin araşdırıldığını, arxivə baxıldığını, ilkin sənədlərin tədqiq olunduğunu və Azərbaycanın dostu olan bu böyük alman aliminin adının universitetin fəxri doktorları siyahısında bərpa edildiyini söylədi.
Şmide barədə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş yazılara "Xalq qəzeti" də həssas yanaşdı. İttifaq Mirzəbəylinin ""Alman türkü" Əhməd Şmideni unutmaq olarmı" adlı yazısı bu baxımdan çox önəmlidir, Şmide ilə bağlı hamımızın bilməli olduğu yeni faktlarla zəngindir.
Bizə isə bir məsələni məmnuniyyətlə xatırlatmaq qalır ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Şmidenin adını fəxri doktorlar sırasında bərpa etməklə Azərbaycan elmi-ədəbi mühitinə xoş duyğular yaşatdı.
İnanıram ki, məsələnin müsbət həlli Əhməd Şmidenin ruhunu şad etmişdir.
Ən böyük sevinc isə şübhəsiz, Şmidenin oğlu Hasanın payına düşür. Çünki o, bu xəbəri neçə illər idi ki gözləyirdi. Ötən həftə dəyərli fikir adamı, bir zamanlar Əhməd Şmide ilə yaxın yaradıcılıq əlaqələri saxlamış dostumuz Orhan Aras Almaniyanın Köln şəhərində Hasan Şmide ilə görüşüb. Orhan Arasın təəssüratlarını təqdim edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!