II yazı
...getmək. Əvvəlcə çuxana bir xeyli hekayə yığmaq (xoş, ağrılı, kədərli və bəlkə də faciəvi) və bütün o keçmişdən möhkəmcə yapışıb gələcəyə doğru şaquli addım atmaqdır. Desələr ki, "Gedirəm. Keçmişi geridə buraxdım", inanmayın. Keçmiş insanın bütün varlığına hopur. Qəlbinin və ruhunun çox dərin bir qatında xəlvətə çəkilir. Və qətiyyən yox olmur. Hər zaman orada, qeyri-müəyyən bir yerdə, şəffaf bir qəfəsin içərisində gizlənir. O qədər şəffaflaşır ki, əslində orada var olduğu halda orada olmadığını zənn edirsən. Bəzən də metamorfoz olur. Bəzən bir külək, bəzən də öz cildini dəyişmiş, mahiyyətindən arınmış bir duyğu.
İndi bu dərin ormanın ortasında tənhalığı dost bilib yanından heç yerə tərpənmədiyim halda eşitdiyim bayquş səsləri, meşənin qaranlığının ürpərdici səssizliyindən qorxuram. Oysa ki, sükunət, səssizlik əlimdəki bu kitabları anlamağıma daha çox kömək edərdi...
Üzərində hansı mədəniyyətin yüzillik təcrübəsinin nəticəsi olduğunu bilmədiyim buta təsvirli bir kitab var. Ancaq butalar haqqında bildiyim yeganə inandırıcı həqiqət hamilə bir qadının simvolik təmsilidir. Əslində deyəsən həqiqətdir. Eyni hamilə qadın da bu buta kimi ətrafindakı qıvrımlarla ikiləşən, üçləşən insandan çox hansısa mistik canlını xatırladır.
Kitab belə adlanır. "Xəyal qurmağın sirləri - hekayəçinin texnikası!" Xəyal qurmağı öyrənmək üçün ilk səhifəni ehmalca açıram. Başımın üzərində bir simurq quşu dayanıb. Və "Hekayəçilər nə deyir?" deyə bir qapı ilk səhifənin üzərində təsvir edilib. Qapının o ağır əlcəyindən yapışıb açıram. Əvvəlcə üzümə kəskin parlaq bir işıq vurur sonra gözlərim xoşbəxtliyə vərdişkar olan kimi, bu işıq axınını da qaranlıq öz içində əridib bəsit bir işartıya çevirir. "Alis möcuzələr diyarında"kı Alis kimi hiss edirəm özümü, bu dəfə başımın üzərindəki simurq xırıltılı, yaşlı və yorğun bir ahılın səsini xatırladan tonda dillənir.
"Sarı yolu izlə!"
"Sarı yolu izlə!"
Kitabın ilk səhifəsindəki qapının hər iki tayını açıram və sarı yola ilk addımımı atıram. Bir neçə addm atdıqdan sonra səndərləyirəm və yıxılıram. "Bir qış günü əgər bir yolçu"nun hekayəsini bizə pıçıldayan İtalio Kalvino ehmalca qolumdan yapışıb qaldırır.
"Burada nə axtarırsan? Bu yolun qapısını kim açdı?" deyə mənə qarşı sərt bir şəkildə münasibət göstərir və az qalır elə oradaca sarı yolun ortasını qazıb məni əbədi olaraq oradaca basdırsın.
"Xəyal qurmağın sirlərini axtarıram" deyə qorxa-qorxa dillənirəm. "Mən yazıçıyam" deyə ürəksiz, özündən şübhəli bir qorxaqlıqla əlavə edirəm.
İtalio Kalvino sarı yolun ortasından keçən bir fincan qəhvəni tutub içir və aramla danışmağa başlayır. "Əslində mən də yazıçıyam. Ancaq bilirsən, indiyə kimi yazdıqlarımın heç birindən məmnun deyiləm. Hər dəfə elə, ya belə bir tərzdə yazdıqlarımın üzərinə qayıtmaq, onları düzəltmək və ya əlavələr etmək istəyirəm. (...) Yəni məndə heç vaxt "bircə dəfə" deyə bir şey yoxdur. Yazmaq ehtiyacı mənim üçün həmişə üstündən xətt çəkməklə, yazılmış bir cümləni, başqası ilə əvəzləməklə eyni şey olub. Çünki "X" şəxsi oxuyanda (klassik və ya müasir "X") onun kimi yazmağı çox istəyərdim deyə düşünmüşəm. "Təəssüf ki, bunu etmək mümkün deyil!" Belə məqamda da mən onun kimi yazmağın xəyalını qurmağa çalışıram. Heç bir zaman yaza bilməyəcəyim, ancaq oxuya bildiyim və mənim üçün əziz olan digər kitabların yanına yerləşdirməyi çox istədiyim kitabların xəyalını qururam. Elə həmin anda bir neçə söz, bir neçə kəsik cümlə yadıma düşür... Elə bu məqamda "X" yazıçını və ya hər hansı bir başqasını unuduram. Təkcə, həmin kitabı fikirləşirəm. Hələ heç kimin yazmadığı və mənim kitabım ola biləcək həmin o kitabı. Əslində bilmədiklərimi öyrənmək üçün yazıram. Yəni yazmaq sənəti ilə əlaqdar yox, onun fövqündə, ondan kənarda olan nəsnələri, düşüncələri, reallıqları nəzərdə tuturam; bir cığır və ya daha spesifik məqamları... mənə yazmaq həvəsi verən şey öyrəndiyimi hesab etdiyim şeyləri başqalarına öyrətmək istəyi deyil. Buna səbəb özümü yetərsiz, qənaətbəxş, tamamlanmış kimi hiss etməməyimin fərqində olmağımdır. Görəsən, ilk cümlələrimi çox yetkinləşmiş, kamilləşmiş, tamamlanmış kimi olduğum qənaətinə gəldiyim üçün yazdım? Ancaq insan əslində olmadığı bir şey kimi görünməyi üçün faktları, mənbələri, müşahidələrini, bildiklərini bir yerə yığmalıdır. Bu məqamda həyat təcrübəsinin, bilgilərin tədricən bir yerə yığışdığını da unutmamaq lazımdır. Bunu yalnız yazılmış, hazır olan bir səhifənin üzərində edə bilərəm. Mənim yazmaq həvəsim, xəyal qurmaq texnikam bildiyim xulyasına aldandığım bir neçə cümlənin, dərk etmişliyin qırıntılarına təsəlli tapdığım gümanıdır," deyə yoldan tutduğu qəhvəsini içə-içə danışdı. Qəhvənin kardon kağızını əzdi və içindən bir neçə səhifə çıxarıb mənə uzatdı. "Al!" - dedi və qanadlanıb uçdu.
Səhifənin üzərində qəhvənin tünd qoxusu burnuma dolurdu. Köhnə, saralmış vərəqlərin kənarları çürümüşdü və tökülürdü. Sanki bir kəpənək qanadıydı və əllərim toz qarışıq, qadın kirşanı xatırladan bir maddəyə batmışdı. Ancaq parıldayırdı. Yoldan keçən bir çırağı tutdum və səhifəyə yaxınlaşdırdım.
İtalio Kalvino mənə Tomris Uyarın hekayəsini hədiyyə etmişdi. Başqa bir xəyal quranın, hekayə danışanın. Yolun kənarında oturdum, oxudum. Hekayənin adı belə idi. "Mənə Danış!"
"Hərdən olur. Siqaret tüstüsü ilə dolu, xəfə, qələbəlik bir otaqda, bir-birinə yadlaşmış şəxslərin axına qarışıb veyilləndiyi bir otaqda, hansısa bir axşamçağı, hər şeyin hərəkətsizləşdiyi məqamda bıçağın, çəngəlin ürpərdici səsindən başqa bir səs eşidilməz olur. Hər kəs qəribə bir tərzdə, qəlblərindən günah işləmiş adamlar kimi sükunəti bacardığı qədər qorumağa çalışır.
Ev sahibi hərəkətə keçər və son həmləsini edərək bu sükunəti pozmağa çalışar. Belə məqamda buz kəsmiş bir zarafat edər, adi, gündəlik bir hadisəni nəql edər, ya da hamının bildiyi bir lətifəni ilk dəfə danışırmış kimi təkrarlayar. Di gəl ki, elə bu məqamda, nə isə baş verir və hamı bir nəfər kimi bu mənasız, ucuz zarafata gülümsəyər. Elə bu məqamda əvvələr heç bir zaman qaşılaşmamış iki şəxs izahagəlməz bir cazibənin təsirindən başlarını qaldırar və baxışları bir-birinə sataşar. Hər ikisinin də boğazına kilidlənmiş eyni söz səsə çevrilmək üzərə gözləyər, ancaq heç biri dillənməz baxışlarını gizlədərlər. Halbuki elə bu məqamda nə isə bir şey dəyişmiş olur və bir çay, boş bir çöllük kimi təbii sərhəd xətti onları otaqdakı digər şəxslərdən ayırar. Artıq, onlar bir-birlərini tanıyırlar. "
İlk hekayə beləcə bir baxışı, qəfil toqquşan nəzərləri və insanın bilmədiyim, izahı tapılmaz bir duyğusunun oyanmağını təsvir edirdi. Mən gözlərimi sarı yolun davamına zillədim. Yol üfüqə doğru dolanbanc bir labirint kimi uzanırdı. Elə həmin anda ayağa qalxdım və geri çevrilib işıq sürəti ilə qapıya yaxınlaşmaq, kitabın ilk səhifəsindəki iki taylı qapıdan özümü çölə atmaq istədim. Ancaq ayaqlarım geriyə qayıtmırdı, yalnız irəliyə doğru addım ata bilirdim. Hər geriyə atdığım addım məni sarı yolun dərinliyinə daha çox çəkirdi. Yorulmuşdum və əlimdəki saralmış səhifələrə gözümü dikəndə sətirlərin sürətlər silindiyini gördüm. Oxuduğum sətirlərin hamısı silindi. Yalnız digər səhifələrdəki sətirlər əvvəlki kimi kəskin görünürdü. Sonra hekayənin davamını oxudum.
- "Xahiş edirəm, danış. Mən çox danışan insan deyiləm. Sən mənə fikir vermə, danış.
-Nə danışım? Nə?
-Bura necə gəldin? Məsələn, bu gün səhər nə etdin?
-Hava çox gözəl idi. Mən də çıxıb bir az gəzdim. Deyəsən, tək qalmağı, tənhalığı sevirəm. Ancaq sonra ürəyim sıxıldı. Evdən çıxanda sənə zəng etməyi fikirləşmirdim. Sonra... Birdən ürəyim istədi. O gecə bir-birimizə söz vermişdik, bir yerdə içərik, dedim.
-Mənə izah etməyinə ehtiyac yoxdur. Danış.
-Dolmabağçada ağaclı yol var, bilirsən. Bax, həmin yolu gəzə-gəzə gəldim. Dənizdən əsən meh üzümə vururdu. Bunu izah etmək mümkün deyil. Bütün ağaclar, yolun kənarındakı daşlar, avtomobillər, hər şey ilıq bir şeh təbəqəsi ilə örtülmüşdü. İnsanın gözlərini dolduracaq qədər gözəl bir hava var idi. Gözlərim yaşardı. Əgər çox gözəl şeylər eşitmək istəyirsənsə, sənə gözəl bir həqiqəti deyim. Fikirləşdim ki, gərək hər yaşıllığın bir çiçəyi olsun. Qaraçı qadınları səkilərə çiçək düzmüşdülər. Bəzi bitkiləri məhz buna görə xoşlamıram. Görəsən, "gül yaşıllığın, yaşılın çiçəyidir" ifadəsi hansı ədəbi janra aiddir?
-Onu bilmirəm. Ancaq mən demədim ki, gözəl şeylər eşitmək istəyirəm. Dedim ki, sadəcə, səsini eşitmək istəyirəm.
-Elə isə mən də deyirəm. Həyatımızda gül bəzi yoxsul, yalançı çiçəklərin üzərinə zorla su səpib diriltdikləri metadır. Belə gözəl havalarda burjaziya qadınlarının naxışlı əlcəklərini taxıb, boğucu ətirlərini vurub satın aldıqları bir zəriflik olduğunu da bilirəm. "Tək gül" sifətini ehtiva etdiyi zaman ucuz əldə edilən bir dılğırçılıq ənənəsi olduğunu da... Əlində bir qızıl gül olanda, bir küçənin adını, bir bağın divarını və ya bir qadının satın aldığı zibil qabını daha yaxşı qiymətləndirə bilirəm.
-Bunu səndən istəmək haqqına sahib olub-olmadığımı bilmirəm, ancaq səni ciddi şəkildə maraqlandıran, başqalarına danışmaq istəmədiyin məhrəmlərin haqqında danışmaq istəyirəm. Mənə danış...
-Çiçəklərə baxanda fikirləşdim ki, insanın gözlərini yaşardan belə gözəl havalar "fövqəladə vəziyyət elanları"na uyğun deyil. Belə havalar axtarışlara, xəlvəti gecə basqınlarına, kütləvi həbslərə uyğundur. Qəfildən, sən yadıma düşdün... Bəlkə də bir də heç vaxt görüşməyəcəyik...
-Məni bir də axtaracağını güman etmirdim. Demək olar ki, bir ay ötüb. Fikirləşirdim ki, daha axtarmaz. Düzü, gizlin bir sevinc də hiss edirdim...
-Mən də ona görə bir az tərəddüd etdim. Bilirsən... Əslində, kənardan baxanda gərək səni heç axtarmayaydım. Səninlə bağlı heç nə bilmirəm axı...
-Bir də gördün fikirləşərəm ki, yəqin qarşısına çıxan bütün kişilərə zəng vurur, onları axtarır. Ya da ki, təkcə mənə zəng vurur, demək məni seçdi, deyə fikiləşərəm. Elədir?
Ardı var...
Ziyad QULUZADƏ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!