Hekayə yazmağın texnikasına dair essevari silsilə. I yazı
"Bir qığılcım bir uçqun meydana gətirər".
Aleksandr Soljenitsın
Bu yola çıxarkən istədim ki, çuxamda gizlədiyim köhnə bir hekayənin bələdçim olduğuna inanasan. Çünki bir yola çıxmaq, bir məkanı, bir düşüncəni tərk etmək deyil. Daha çox, bütünlüklə yox olub, yenidən yaranmaqdır. Çuxamdakı bu kiçik hekayə həyatımın bütün dolanbaclarında mənə həqiqətə bəsirət gözümlə baxmağa kömək edib. Mən hər şeyə məhz Zen şagirdinin ustasından aldığı yüzillik təcrübəni alovlandırdığı məqamda hiss etdiyi duyğularla baxmışam. Əhvalat belədir:
"Bir dəfə Zen şagirdi ustadına baş çəkməyə gəlmişdi. Ustad yaşlı və çəlimsiz bir qoca idi. Şagird əmin idi ki, ustadı uzunömürlü deyil və ən qısa zamanda bu dünya ilə vidalaşacaq. O, ustadının qarşısında saatlarla səssizcə əyləşdi. Sükutu dinlədi. Alov dillərinin yaladığı taxta parçalarının çıxardığı qığılcımlara baxdı. Sonra ustad qəribə bir rahatçılıq bəxş edən inamla əlini cübbəsinin cibinə saldı və içindən dəriüzlü, yıpranmış kitab çıxartdı.
-Bunu sənə verirəm,- dedi. - İçərisində uzun illərdir icra etdiyim rituallar və həyatın mənə bəxş etdiyi bilgəlik var. Onun qiymətini bil və qoru!
Şagird böyük bir sayqı ilə əyildi və kitabı aldı. Sonra kitabın heç bircə səhifəsini də vərəqləmədən alov dillərinin üzərinə atdı. Kitab yandı. Artıq bundan sonra ustad yoxdur. Yeni ustad onun özüdür."
Lap əvvəllər xəyal quranların, nağıl danışanların, simurq lələyi yandıranların kimliyini xeyli düşünürdüm. Fikirləşirdim ki, olmayan sehrli xalçaların o butavari naxışları üzərində sonsuzluğa uçanlar görəsən kimlərdir? Hansı xoşbəxt varlıqlardır ki, taleyin və ömür adlı bu ötəri zamanın içində əbədiyyət qazana bilirlər. Həyatın o gizlin, heç kimə bələd olmayan səhifələrini aralayır, sehrli kitabxanalardakı kitabları rahatca ələ keçirə bilirlər. Ona görə də qərara gəldim. Mən də o xəyalquranların dolanbac yollarını izləyəcəyəm, mən də onların gizlin həqiqətini kəşf edəcəyəm. Əgər mənimlə bu səfərə çıxmağa ürəklisinizsə, Alis Möcüzələr Diyarındakı qotazlı masanın üstündəki "Məni ye! Məni ye!" deyən kökəni ehmalca dişləyin! Siz oradakı kimi fiziki cəhətdən dəyişməyəcəksiniz. Bunun əvəzinə kürəyinizdə simurq qanadları, alnınızda bəsirət gözü açılacaq.
Birlikdə qara çərçivəli eynəyimizi taxacaq, gizlincə kilidli qapıların arxasında saxlanmış, üstündə "Toxunmaq qadağandır" yazılmış kitabların qorunduğu kitabxanaya girəcək və həqiqəti öyrənəcəyik... Ancaq sizdən bir xahişim var. Diqqətli olun! Əvvəlcə qapıdakı gözətçiyə görünməməyə çalışmaq, hər yeri işğal etmiş kamera gözlərindən xəlvəti qaranlıqlarda itməyimiz lazımdır. Biz xəyalquranların, nağıldanışanların gizli həqiqətini öyrənməliyik.
Kilidləri qırdıq və bir neçə kitabı götürdük. Kameralar bizi görə bilməz. Görünməzlik iksiri içmişik. Qapıdakı yöndəmsiz, kədərli gözətçi çoxdan mürgüləyir. Arxaya baxmadan qaçırıq. Elə sürətlə qaçmışıq ki, azca nəfəs dərmək üçün ayaq saxladığımız yerin qaranlıq bir meşənin dərinliyi olduğunu görürük. Hardasa bir bayquş səsi eşidilir, bir də yarasa iniltisi... Və səmanın qeyri-müəyyən bir yerində Ay asılıb...
Əlimdəki sehrli kitabda başqa bir əhvalatla qarşılaşıram. Xəyal quranın, nağıl danışanın necə olmağına dair bir qəribə pasaj...
"Liza səyahətləri zamanı oynamağı sevdiyi bir oyunu var idi. Deyək ki, bir qatarla gedərkən kiçik bir qəsəbədən, Bentondan keçir. Liza qatarın pəncərəsindən çölə baxır və qəsəbədəki reklam lövhələrini, müəssisə və dükan adlarını oxuyurdu. Deyəlim ki, "Dərzi Henri Smit" yazılmış bir lövhəni gördü. Liza həmin dəqiqə bu adamın və qəsəbənin adını qeyd edir və mənzil başına çatanda Bentondakı Henri Smitə bir kartpostal göndərirdi. Anonim olaraq göndərdiyi bu kartda belə bir qeyd olurdu. "Arvadından soruş görək, keçən həftə günortadan sonra görüşdüyü kitab ajansı kimdir?" və ya "Şəhərə sonuncu səfəri zamanı onu tənhalığın qorxunc zillətindən kim xilas edib?" O, kartın imza yerinə isə " Bir dost" deyə qeyd edərdi.
Belə ki, Liza etdiyi bu zarafatların nəticəsinin nə olduğunu öyrənə bilmirdi. Ancaq şübhəsiz, baş verənləri xəyalında canlandıra bilirdi və zənnimcə bu da ona kifayət edirdi.
Hekayələri nəql etmək, nağıldanışan olmaq belə bir şeydir. Göndərdiyiniz məktubların alıcısından bixəbər, onu alanın kim, necə bir insan olduğunu bilmədən edilən həmlələrdir. Bəlkə ötəri bir zarafat, bəlkə də ciddi bir həmlə..."
Yenə ormanın dərinliyindən eşitdiyim bayquş səsi mənim qəlbimdə qorxu toxumları səpir. Bəzən xəyal qurmaq belə məni qorxudur. Eyni ilə indi olduğu kimi... Ancaq əlimdə üzərində "Qasımuşağı" təsvirli bir kitab... Qalın, qabaritli şriftlərlə bunlar yazılıb ki, "Xəyal Qurmağın Sirləri- Hekayəçinin Texnikası." Ehmalca kitabın qapağını qaldırıram və ilk səhifədə əlimə bir xeyli Simurq lələyi keçir. "Bu kitab sizə sehrli dünyalara səyahət etməyin, uydurulmuş həqiqətlər haqqında rəvayətlər danışmağın sirrini öyrədəcək," deyə ilk cümlə başlayır.
Ardı var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!