Niyazi MEHDİ
Linkə daxil olun: http://edebiyyatqazeti.az/news/diger/4230-men-olmagimin-tarixcesi
60-cı illər. Bakı
Sinifdə bir əsas dostum vardı, - Nazim (Məmmədov), yaraşıqlı, centlmen-bəyzadə qırımında oğlan idi. Saçı kremsiz-filansız parıldayardı. Sonralar belə saçı vyetnamlılarda gördüm. Bizi boksa, döyüşkənliyə sevgi birləşdirmişdi, daha doğrusu, heç bilmirəm məndə nələr Nazimi çəkmişdi ki, o qədər uşaqdan məhz mənimlə yaxınlıq etmişdi. Nazimin binasında Olqa adında qız yaşayırdı, yan binada isə Tanya. İkisi də o çağkı dilimizlə desək, yaxşı şeylər idi. Mən Tanyaya vurulmuşdum, ona "Lastoçka" ayamasını vermişdim, Nazim isə Olqaya "Çayka" deyirdi. Biz onlarla heç vaxt söz-söhbət etməmişdik. Ancaq binanın altında durub "Çayka", "Lastoçka" deyərək mırt vurub onların pəncərəsinə baxırdıq. Məncə, Nazimə pəncərəyə baxmaq elə də maraqlı deyildi, mənimlə olmaq üçün bu "məşəqqətə" razı olurdu.
Bilmirəm, bu qızlar pəncərədən bizə baxırdılar, ya yox? Öz aralarında azsektorun bu "çuşka" oğlanlarından danışıb ələ salırdılar, ya yox? Nazimlə nədən danışırdıq, dəqiq bilmirəm. Bəlkə filan yerdə mənə belə baxdı, orada elə baxdı və s. Bəlkə də atamdan qalma analiz etmək çərənçiliyi burada da özünü göstərirdi - mimikaları, olayları araşdırıb Lastoçkanın mənimlə ilgiləndiyini dostuma deyirdim. Bəlkə də.
Bir dəfə Lastoçkanın binası yanından keçəndə gördüm ki, onun sinif yoldaşı hündür bir rus gədəsi əlindən tutub şitlik edir. Özümü göstərmək üçün fürsət buldum. Yazığın üstünə cumub boksdan öyrəndiyim yumruqlarla sağdan-soldan onu əzişdirdim. Sonra isə neyçünsə dabanıma tüpürüb aradan çıxdım. Oğlan qorxmuşdu, ondan qorxub qaçmağımdan söz gedə bilməzdi. Həm də rus sektorunun erməni-rus-azəri uşaqları azsektordan qorxurdular. Güman ki, bina blokunun qabağına yığışmış rus arvadlarının hiddətini, söyüşünü eşitmək istəməmişdim. Ancaq heç ağlıma da gəlməmişdi ki, bu, Tanyaya dızqahlıq kimi görünə bilər. Bakılılar "dızqah" demirlər, - onu dilimdə mən Ağdamdan gətirmişdim.
Bu yaxınlarda Nazim mənə bir gizlini açdı. Demə, Tanya onu istəyirmiş və xəbər də göndəribmiş. Nazim isə mənə görə ona cavab verməyibmiş. Bu olayda romantik ədəbiyyatda dostuna görə sevdiyi qızdan imtina edən qəhrəmanın alicənablığı var. Nazimə romantik ədəbiyyatmı təsir etmişdi, yoxsa kişiliyi elə idi? O illər bunu mənə deməmişdisə, görünür, xasiyyəti elə idi. Hər halda Nazimdə mən həmişə centlmenlik, bəyzadəlik görmüşəm.
O çağlar Bakıda, elə Yasamalın özündə də ruslar sayca azərilər qədər görünürdü. Hamı onlarla rusca danışdığı üçün azəricəni öyrənməyə gərəkləri olmurdu. Ruslar, məntiqlə yanaşsaq, Bakıda özlərini rahat duymalıydılar, bəs nədən köçüb getdilər? Məktəbdən sonra mən Tanyanı görmədim, hərçənd universitetdə oxuyanda da Yasamalda yaşayırdım. Niyə ondan soyudum? - bu da yadımda deyil. Hər halda gedib eyvanlarına baxmağı tərgitdim. Onlar 90-cı illərdəmi Bakıdan getdilər, yoxsa Sovet dönəmindəmi? - bilmirəm. Bakıdan getsələr də, Bakıya sevgilərini saxlamış çoxlu rus, erməni var. Hətta 80-ci illərdə mən Tbilisiyə Esteika üzrə olimpiadaya iki gözəl rus qızını - tələbələrimizi aparanda yolda demişdilər ki, özlərini Rusiyada yad yerdə duyurlar. Qızlar hərbiçi balaları idi, ancaq belə çıxırdı ki, onlarda bizə yaxın davranış tipi formalaşıb və bu tip onlara daha doğmadır. Tanya hansılardan idi? İndi sağdırsa, qoca qadındır, yadına düşürmü ki, pəncərəsinin altında bir oğlan dururdu? Bakı haqqında nə xatirələri qalıb? Adamlar yaşlananda ömürlərində rastlaşdıqları, sonra itirdikləri kəslər haqqında belənçi sorularla düşünürlər və həmin sorular qrammatikasına görə adi olsa da, özlərində nisgilli, kədərli məqamlar daşıyır. "Görəsən, nooldu onlar?" - bu sualda uzaqlara zillənmiş azəri gözləri var. İndi mən də xatirələrimi yaza-yaza tez-tez ürəyimdən bu sual keçir: Görəsən, noldu onlar?
Nazimdə centlmenlik konspiroloji düşüncə şakəri ilə birləşmişdi: onun təşəbbüsü ilə "Kolt" adlı gizli dərnək yaratmışdıq. Nazim başda dururdu. Mən üzvü idim, daha kimsə vardı-yoxdu, yadımda deyil. Dərnək ideya kimi qaldı. Nə terrorist qrup idi, nə inqilabçı. Bəs nə idi, onu da blmirəm.
Ya doqquz, ya onuncu sinifdə Nazimlə mən "Dinamo"da boksa getməyə başladıq. İlk vaxtlar hər rinqə çıxanda bərk döyülmək qorxusu keçirirdim. Ancaq bir dəfə özümü silkələdim: nədən qorxursan? Ölməyəcəksən, olsa-olsa bir az əziləcəksən. Bundan sonra boksqabağı mondraj məndən getdi.
Boksda ilk və axırıncı nokdaunu yaşadım. Məşqdə məndən hündür və enli olan erməni ilə döyüşürdüm. Hər yumruğu sinəmə, çiynimə dəyəndə, top kimi atırdı məni. İlk dəfə qat-qat güclü kəslə mücərrəd ideya kmi yox, gerçək insan kimi rastlaşmışdım. Bir yumruqdan sonra suya çırpılan adam təkin yerə yıxıldım. Yerə dəyən kimi də ayılıb sıçradım - başımda dəhşətli aydınlıq duydum və bundan şaşırdım. Belə bir aydınlığı daha bir kərə 90-cı illərdə yaşadım: içki məclisindən sonra dərin kresloda oturub qəhvə içirdim. Birdən hansı zarafatdansa qəhvə boğazımda qaldı. Boğula-boğula ayağa sıçradım. Sonrakı an yadımda deyil. Ayılanda gördüm ki, hamı qorxub, xanımım Dilarə isə gözləri böyümüş məni silkələyir. Demə, boğulduğumdan qapqara qaralmışdım. Paradoks onda idi ki, onları belə qorxudan qara sifətimin arxasında mən gül-çiçəkli gözəl bir yerə uçurdum və ayılanda sevincək xanımıma dedim: bilirsən nə gördüm?! Bu, klinik ölümdə Cənnəti görməyə oxşar bir hal idi. İndi yadıma düşdü ki, oxşar duruma Moskvada, aspirantura yataqxanasında da düşmüşdüm. Ayaq üstə çay içirdim ki, kiminsə sözü məni bərk güldürdü və qənd boğazımda qaldığından boğulub yerə yıxıldım. Döşəməyə dəyən kimi də ayılıb qalxdım və başımda dəhşətli aydınlıq duydum. O hadisədən sonra gülməli söhbətlər olanda çalışırdım ağzıma heç nə almayım. Bu qaydanı 90-cı illərdə pozdum və bir daha boğulub "aydınlığa çıxdım".
Nazimin burnu möhkəm olduğundan boksda yumruq dəyən kimi qanayırdı. Mənim burnumsa elə yumşaq idi ki, heç əzilmirdi də. "Dinamo"da mən Nazimlə əməlli-başlı yumruqda döyüşməyi öyrəndik. Beləcə, mənim brutallaşmaq "proyektim" gerçək cizgilər qazanmağa başladı. Bədənim doğrudan da buz baltasına çevrilmişdi, xəstəlik və zəiflik nədir bilmirdim. 9-cu sinifdə kubik daşını bir əlimdə qaldırırdım.
Uşaqlığımda iki vuruş olayı həmişəlik yadımda qalıb. Bir dəfə yağışlı-palçıqlı havada Elçin ağlaya-ağlaya gəldi ki, məni dağlılar döyüblər. Getdim məktəbin yanına, gördüm ki, 3-4 cayıl tipində oğlanlardır. Yaxınlaşan kimi onların başçısını yumruğumla yerə yıxdım. Durub məni qucaqlayanda palçığı vecimə almayıb güləş fəndi ilə üstümdən fırladıb yenə yerə yıxdım. O altda mən üstdə palçığa düşdük. O çağlar Yasamalda çox oğlanlar brutallaşmaq istəyirdilər, ancaq maraqlıdır ki, heç birisinin boks-güləş fəndlərini öyrənmək ağlına gəlmirdi. Onun üçün də mənim boks və güləş "savadım" bu gədələrin gözünün odunu aldı. Onlar suyu süzülə-süzülə getdilər. Elçin, deyəsən, böyük qardaşının bu "qəhrəmanlığından" xeyli etgilənmişdi. Hətta Riqadan gəlib Orxanla, Toto ilə mənim haqqımda danışanda həmin vuruşu danışmışdı. Bu günlərdə mənim xatirəmi oxuyanda söylədi ki, sən bilmirsən, o hadisə məni necə dəyişdirmişdi. Demə, həmin dağlı uşaqları onu incidəndə siniflərindəki bir uşaq onu qınamışdı ki, niyə cavablarnı vermirsən? Qayıtmışdı ki, əlim qalxmır. Elçin əlinin qalxmamasını humanizmi ilə izah etdi, ancaq, məncə, bu, elementar uşaq qorxusu, stresi idi. Sonra qardaşımda nə baş verməsindən, doğrudan da xəbərim olmayıb. O, demə, əlaçılığı buraxıb dalaşqan oğlana çevrilib. Kim xoşuna gəlməyən söz desə, gücü çatdı-çatmadı dalaşmağa girişib. Onun söylədiyi bir söz də məni şaşırtdı. Demə, Elçin məni uşaqlıqdan həm ağıl, həm igidlik baxımından örnək sayırmış və yamsılayırmış. Özü də bunu deyəndə əlavə etdi: bil ki, bütün ömrüm boyu mən heç kimi özümdən ağıllı saymamışam.
Elçinin üstündə döydüyüm dağlı oğlanın gözünün odunu elə almışdım ki, məni hər görəndə çəkinirdi. Bir çox dalaşqanlar savadlı "yumruq" davasını görəndən sonra quzuya dönürlər - bunu ilk dəfə bu gədədə gördüm. Bir neçə gün sonra 158 saylı məktəbin meydançasında futbol oynayanda o, dostları ilə peyda olub məni səslədi. Hava sazaq olduğundan əlcək geyinib ona sarı getdim ki, vuruşsam, yumruqlarım çatlamasın. Oğlan çox istəyirdi ki, döyülməsinin əvəzini çıxıb dostlarının yanında biabırçılıqdan qurtulsun. Ancaq mənim əlcəklə gəldiyimi görüb qorxdu və yüngülcə qınaq yapmaqla yetərləndi. Düzü, bu dəfə ona sarı gələndə həyəcanlı deyildim və vuruşa hazır idim.
Həmən gədə ilə sonralar bir olay da baş verdi. Nazimgilin binasının yanından keçəndə gördüm ki, əlində zəncir, ağac olan dağlı uşaqlarına Nazimin anası hirslə nəsə deyir. Yaxınlaşdım ki, nolub? Anası dedi ki, bunlar gəliblər Nazimi döyməyə. Bu gədələrin başçısı isə mənim döydüyüm oğlan idi. Onunla bu dəfə köhnə tanış kimi mırt vurduq və konflikt sovuşdu.
Üçüncü davam futbol meydançasında qonşu "b" sinfindən olan başqa bir Əzizağa ilə oldu, - o, ünlü gitarist Cimmi Hendriksə oxşayırdı, belə zəncivari azərilər də olur. Onunla sonralar Moskvada eyni vaxtda oxuduq, mən Bakıya qayıtdım, o isə qalıb hansı akademikinsə qızını aldı. İndi Cahangirlə yaxındır, deyirlər özü də haradasa akademik seçilib.
Bax, bu Əzizağa mənimlə nəsə qabalıq edəndə birinci yumruq vurub məsələni bitirmişdim. Boy-buxunda məndən hündür olan oğlan üçün bu, böyük pərtlik idi. Sabahısı futbol oynayanda gördüm Əzizağa üstümə gəlir. Anladım ki, yenə vuruşsam, bunun axırı olmayacaq, heç bir qorxu-həyəcan keçirmədən gözlədim ki, məni vursun və heç-heçə ilə qurtaraq. Vurdu və qurtardıq. Sonralar dost olmasaq da, yoldaşlıq etdik, elə bil heç yumruqlaşmamışdıq.
Beləcə, mənim məktəbdə dalaşqanlıq tarixçəm üç-dörd vuruşdan o yana getməyib. Bəlkə də məktəbdə kiçik oğlum Toto məndən çox savaşıb. Niyə belə olub? Bəlkə də xasiyyətim başqalarını savaşa şitəndirən olmayıb, ancaq bu o demək deyil ki, maymaq olmuşam.
Elçin mənim onu incidəni döydüyümdən qürrələnsə də, sonralar onda mənə qarşı tənqidi şüur formalaşdı. Bu tənqidi ilk dəfə nədə gördüyümü deyim. Bir dəfə dərsə cavab verəndə o, yarıaçıq qapıdan mənə baxırmış. Dərsdən sonra qayıtdı ki, Niyazi, sən nə eybəcərsən!
Mənim baş formam braxikefal yox, dolixokefal idi. Sözsüz, o çağ bu terminləri bilmirdim, ancaq görmüşdüm ki, qafamın arxası yastıdır, çənəm isə zəncilərdəki kimi azca qabağa çıxır. Sonralar Şahbazdan eşitdim ki, talışlar qonşu türkləri çəkicbaş adlandırırlar, çünki peysərləri çəkicin dalı kimidir. Mən isə Ağdamda və sonra Bakıda görmüşdüm ki, ermənilərin başı arxadan yastı olur. Elçin profildən mənim yastı başımı, qabağa çıxmış çənəmi görüb eymənmişdi, üstəgəl, keçid yaşına görə sallanan dodaqlarım (onlar onsuz da böyük idi), qara sifətim və s. Onun mənim eybəcərliyim haqqında dediyi sözlər ömürlük yadımda qaldı. Erməni kəlləsinə və ya zənci çənəsinə, dodaqlarına oxşayan başım onsuz da məni narazı salmışdı, onun üçün də çalışırdım ki, qızlar məni profildən görməsinlər (bir dəfə Tramp jurnalistlərə demişdi ki, məni kameraya bu rakursdan götürün, çünki onda yaxşı görünürəm, bax belə analogiya).
Dediklərimin üstünə onu gəlin ki, mənimlə bu yaşda heç kimdə görmədiyim proses başlamışdı, saçım elə tökülürdü ki, 8-ci sinifdə gün düşən kimi seyrəklik arasından kəlləm görünürdü. Keçəlləşmənin dərdini çəkmək mənə çox erkən gəlmişdi. Atam köklüyünə görə universitet üçün unikal idi, mən isə seyrək saçıma görə məktəbdə unikal idim. Seyrək saçı heç bir uşaqda görməmişdim, sonralar Toto məktəbin axırında mənim taleyimi təkrar etdi. İkimiz də saçımızı saxlamaq üçün kastorka və daha nələrsə başımıza sürtürdük, ancaq xeyiri olmadı. İkimiz də illər keçəndən sonra daha "keçəlliyimizi" dərd etmədik, ən azı ona görə ki, tay-tuşlarımız arasında da "keçəllər" peyda olmağa başladı...
Başımın forması haqqında bir açıqlama verim. Vitqenşteyn ailə oxşartısı nəzəriyyəsində deyir ki, bəzən bir anlayış altına yığılan nəsnələrin, olayların hamısında bir ümumi, ortaq cəhət olmaya bilər. Onlar bir qrupda ailə oxşartısı prinsipinə əsasən toplaşırlar. Ailə necə olur? Bir oğul əmisinə, o birisi dayısına, üçüncüsü babasına oxşayır. Bizim ailədə nə anam, nə atam, nə də onların bacı-qardaşları yastıbaş deyildilər. Mən, oğlanlarım Ştefan, Orxan, Toğrul - hamımız dolixokefal başlı, çənəsi qabağa çıxmış dodaqlı adamlarıq. Bir də böyük qardaşım Aqil elədir. Deməli, qafamızın antropoloji forması dədə nəslindən gəlir.
İndi ki, çatışmazlıqlarımdan danışdım, gözümü də deyim. Lap uşaqlıqdan süzmə göz olmuşam. Hətta sonradan bir nəfər məndən soruşmuşdu ki, bala, nəşə çəkmisən nədir, gözlərin axır? Bu hal bəlkə də gözlərimin mənə problem olacağı haqqında ilk mesaj idi. Çox erkəndən uzağı görməməyə başladım. Gözlük taxmaq isə ağlıma gəlmirdi. Uzaqdan heç nəyi görməmək günümü zəhərləyəndə həkimə getdim və gözlük taxdım. Aman Allah, nə mutlu oldum. Ağac yarpaqlarını, suyun üzünə düşən şəkilləri, yazı taxtasındakı yazıları görməyən, artıq, onların varlığını unutmuş mən birdən çevrəmi aydın konturlarda gördüm. Bu mənim ilk şokum idi. Kitablardan oxudum ki, uzanılı oxumaq gözləri korlayır. O vaxtdan mən yarıuzanılı oxumağı tərgitdim. Hərçənd indi bilirəm ki, gözlərimin zəifliyi genetik idi, uşaqlarımın hamısının da uzaqdan görməmək problemi var.
Kifirliyimlə bağlı özümdə olan inamı Elçin daha da möhkəmlətdi. Belə olan halda qızları bədən forması, döyüşkənliklə, kitabdan biliklər almaqla fəth etmək yolu qalırdı mənə.
(Sonralar on illər bu situasiyanı yada salmasam da, onu bilməzə bir çıxışımın ana ideyasına çevirdim. Nigar Köçərli və Şahbaz Xuduoğlunun iştirakı ilə hansısa toplantıda kitab oxumaqla bağlı sözü mənə verdilər. Ayağa durub dedim: qızlar kitab oxuyan oğlanlara üstünlük verəndə görəcəksiniz ki, onlar hər yerdə - dayanacaqlarda, avtobuslarda, kafelərdə kitab oxuyurlar. Oxu modaya çevrilsə, dəblə də gələ bilər. Bu ideya Nigar Köçərliyə kitab biznesi ilə məşğul olduğu üçün çox xoş gəlmişdi).
Universitetdə oxuyanda bildim ki, Balzakı yaxşı roman yazmağa sürükləyən motiv qadınların xoşuna gəlmək olub. Bundan sonra mən özümdəki seksual motivlərə görə utanmadım, hərçənd ömrümün böyük kəsimi, yəni evlənənəcən qadınları əldə etmək üçün öz imicimi qadınpərəstlik üstündə qurmağım elə də uğurlu proyekt deyildi. Ünlü bir fransız aktyoru deyirdi ki, mən ölkəmdə abırlı adamam. Ancaq bütün dünyada fransız arvadbaz, yelbeyin lotu imicində idi. Ona görə yabançı ölkələrə gedəndə bu imicə girməli olurdum ki, gözləntiləri doğruldum. İndi, mənim də təbii seksuallığımın yanında məktəb yaşlarından belə bir proyektim formalaşırdı ki, brutal-seksual, çoxlu qızları olan oğlan olmalıyam. Bu imicə tam şəkildə Moskvada aspiranturada oxuyanda çatacaqdım. Məktəb və universitetdə isə söylədiyim proyekt yavaş-yavaş formalaşırdı. Sonralar mən "epik iştah" anlayışını formulə edib göstərdim ki, Azərbaycanda Koroğlu görkündən (imicindən) görünür ki, azman ərən qazanlarla yemək yeməli, boynu yoğun olmalıdır. Boynuyoğunluq arzusu və ya Sumo güləşçisi kimi pəzəvəngləşmək istəyi məndə yaranmadı. Qarnımın çıxmasından zəhləm gedirdi. Ancaq qızlarla bağlı epik iştah göstəricilərini bacardıqca kultivasiya edirdim - təkrar edirəm, bunun başlanğıcları məktəbdə və universitetdə yaranmışdı, tam gerçəkləşməsi isə Moskvada baş verdi. İndi yadıma salıram ki, qızlardan savayı heç kimə necə görünməyim məni elə də qayğılandırmırdı.
***
Yasamaldakı məhləmizdə iki dostum vardı, biri Akif (Şaxverdiyev), o birisi Əli (Alik). Akifin atası sonradan bildim ki, ləzgidir. O, ləzgi olsa da Azərbaycansevər idi. Akifin atası Stalin dönəmində prokuror olmuşdu, 60-cı illərdə isə Ədliyyə Nazirliyinin işçisi idi. Hər gün evə gələndə Akif ona dörd-beş şüşə pivə alırdı və o, yatanacan hamısını içirdi. Üzü qırmızı, çopur kişi idi, ağır ləzgi aksentində danışırdı. Çox mehriban adam idi.
Boyca Akif 1m. 90 sm.-dən yuxarı olardı, çox yaraşıqlı idi (bu yaxınlarda Vaxtanq Kikabidzenin "Mimino"dakı fotosuna baxdım, Akif kopya o idi). Azərbaycan bölməsində oxusa da rusca əla bilirdi. Tar çalırdı və tarı sevirdi. Riyaziyyatı, fizikanı yaxşı oxuyurdu. Məktəbin ansamblında Cahangirlə birgə çalırdı. Cahangirin piano çalğısı əla idi. Akif məni, Əlini, Cahangiri yaxtkluba aparıb baydarkaya yazdırmışdı. Mən üzməyi bilməsəm də, uşaqlara "yox" deməyə utandığımdan 5 nəfərlik baydarkada hətta dənizə də çıxmışdım. Canımı isə qorxu bürümüşdü ki, qayıq aşsa, onun qırağından tutmaqla salamat qalacammı?!
Məşqlər zamanı yaxtklubun estakadasında qaçanda ilk dəfə ikinci nəfəsin nə olduğunu bildim.
Akif tardan sonra çox asanca gitaranı öyrənərək öz aramızda bardlıq etməyə başladı. Bundan sonra tez-tez bizdə yığışıb mahnılar oxuyurduq. Mənim musiqi ilə isti ilişgim burda da özünü göstərirdi. Akifin muğam sevgisi və "Küçələrə su səpmişəm..." tipində mahnılar oxuması məni elə də çəkmirdi. Bitlzları isə oxumurduq, çünki Akifi çəkmirdi. Bəs nə oxuyurduq, yadımda deyil. Güman ki, rusların "blatnoy" mahnılarını oxuyurduq. Yadımda o qalıb ki, bir melodik cizgini özüm bəstələmişdim və Akif onu "bizim hava" kimi həvəslə dınqıldadırdı. Bu çağlardan başlayaraq mən özümdə bəstəçi istedadı duymağa başladım. Uzun sürə qırılmaz inamla yaşadım ki, mənimlə bağlı talantdan söhbət getsə, bu, nə ədəbiyyatla, nə elmlə bağlı olmalıdır. Məndə məhz bəstəçi dühası gizlənir. Niyə buna inanırdım? Çünki asanca türlü melodik cizgiləri gap edirdim. Bu inamım son 10-15 ildə qırıldı, çünki düşünürəm ki, melodilərim tanış musiqilərin uzaqdan-uzağa yamsılanması, variasiyaları idi. İndi olsa-olsa özüm haqqında deyə bilərəm ki, musiqi təhsilim olsaydı, güman babat bəstəçi olardım, vəssalam! Ancaq maraqlıdır ki, 9-cu sinifdə pop-musiqi fanatı olan mən Bethovenin "Ay sonatası"nı eşidəndə dəhşətli duyğular keçirdim və maqnitofona yazıb tez-tez qulaq asmağa başladım. On illərdən sonra oxşar hal Totonun başına gəldi. Bir də gördüm ləzzətlə klassik musiqiyə, bəlkə də Bethovenə, ya Vivaldiyə qulaq asır.
Dostlarımdan Əlinin əla akkordeon çalması vardı. Bəzən Akifə qoşulub çalırdılar. İkisi də hündür, yaraşıqlı oğlan idi. Ancaq nədənsə, Akifin daha isti dostluğu mənimlə idi, bizim kampaniyada Əli vardı, di gəl mənimlə Akifin yaxınlığından bir az qıraqda idi. Bir dəfə onun Akifə bu sözlərini eşitdim: ikimiz də qəşəng oğlanıq, əla çalırıq, qızlara daha nə lazımdır? Ancaq Əlinin bu sözləri də Akiflə mənim yaxınlığıma onu qatmadı. Bütün tanışlığımız boyu əsas dost biz ikimiz olduq. Məndə nə vardı ki, yaşda bir-iki il məndən böyük olan Akif məni bu qədər çox istəyirdi?! Dostluğumuz bərabər hüquqlu idi. O, lider, mən bir az aşağıda olan deyildim. Bunun nədənini tapmaq üçün bizi qıraqdan bilənlərin xatirəsi lazımdır. Özüm isə bilmirəmsə, bəyəm bu, insan ilişgilərinin kimyası ilə bağlı dərin sirlərdən xəbər vermirmi?! Bəlkə mən yaxşı həmsöhbət idim və ya söhbətdə yaxşı dinləyici idim? Bəlkə Yasamal uşaqlarının primitiv zarafatlarına baxanda mənim daha ağıllı şakalarım olurdu? İndi söyləyəcəyim zarafat mənim ixtiram idi: avtobusda gedəndə başlayırdım elə danışmağa ki, söhbətimdən bahalı maşınımız, varımız olduğu çıxsın (məsələn, belə: qardaşım yenə QAZ-21-i əzib, ona görə atam onu "Zimbalaya" keçirib). Akif də başlayırdı mənim oyunumu oynamağa. Yanımızdakılar çaş-baş qalıb bizə qulaq asmalı olurdular. Bəlkə də başım qızışanda elə şişirtmələr edirdim ki, eşidənlər ürəklərində deyirdilər, belə varlısınız avtobusda nə işiniz var?! Ancaq oyunbazlıq baxımından Yasamal uşaqlarının belə ixtiralara gücü çatmazdı. Bunu mən heç kimdən götürməmişdim, özüm tapmışdım. 90-cı illərdə oxşar söhbəti bir rus filmində gördüm, - orada bunu ssenaristin istedadlı gedişi kimi qavramaq olardı. Bəlkə məni başqalarına ilginc edən belə bacarıqlarım idi?!
Akif haqqında "kompleksi olan" sözünü işlətməzdim. Heç inanmıram ki, pulsuzluq kompleksi də olsun. O çağlar heç birimiz varlı ailədən deyildik və buna görə əzab çəkdiyim də yadımda deyil. Seksual istəklər Akifdə də vardı. Məktəbdən sonra bizim əsas söhbətimiz onun hansı qadınlasa baş tutmuş yaxınlığından gedirdi.
***
Bir nəsnə ilgincdir. Həkim bıçağından qorxan bizlər sünnət olmaq üçün bıçağın altına zırıldamadan uzandıq. Sonralar mən dəfələrlə gördüm ki, uşaqlar sünnət olmalarını qaçılmaz saydıqları üçün onu ağlayıb-sızlamadan qarşılayırlar. 90-cı illərdə sünnətdə artıq ətin, əslində, dərinin kəsilməsini mən dialektlərdə müqavilə anlamını verən "kəsmət" sözü ilə açan məqalə yazdım: "mərc kəsmək", "əhd kəsmək" kimi kəlmələr göstərir ki, bağlaşmanı bildirən müqaviləni əski mədəniyyətlər kəsmək aktı ilə qoşalaşdırırdılar. Elə ona görə deyildimi ki, "Tövrat"da Allah-taala İbrahim peyğəmbərlə aralarındakı əhdin simvolu kimi ondan olan oğlanların sünnət olmasını tapşırır?!
Məncə, indi də adamlar uşaqlarını sünnət etdirə-etdirə bilmirlər nəyə görə qanun anlamını verən "sünnə" sözü "artıq dərinin" kəsilməsinə deyilir. Bu haqda da məqaləm var.
***
Mən qardaşımla-bacımla hər yay tətilində Bakıdan Ağdama gedəndə özümü həsrətində olduğum vətənə gedirmiş kimi bilirdim. İndi Ağdamda muğam səsi, isti yay daha məni darıxdırmırdı.
Mişagil Muradbəyliyə köçmüşdülər, kürsülü, həyət-bacalı evdə yaşayırdılar və mən tez-tez onlara oynamağa gedirdim. Ağdamın Muradbəyli tayı Füzuli şəhəri tərəfdə idi. Uzun sürə həmin şəhərin adı "Karyagin" idi. Sonradan bildim ki, şəhərə həmin ad zalım və ermənipərəst çar generalının soyadından götürülmüşdü. Deyəsən, bizim millətçi igidlərimizdən kimsə ona sui-qəsd etmişdi. Veliçko isə azəriləri öymək istəyəndə yazırdı ki, onlar Karyaginə nə qədər nifrət etsələr də, onun zabit kodeksinə sədaqəti üzündən kişi kimi sayğısını tuturdular. "Karyagin"in 60-cı illərdə "Füzuli" adı ilə əvəzlənməsi Sovetlərdəki ideoloji basqı rejimində bizim gizli millətçilərin balaca hiyləsi, balaca "qəhrəmanlığı" idi, hərçənd ora əski adını -"Qarabulaq"ı qaytarsaydılar, daha gözəl olardı (Qafqazı, Qazaxıstanı, hətta Belarusu götürsən, onlarla "Qarabulaq" adında kəndlər, şəhərciklər taparsan. Haradasa oxumuşdum ki, Cövhər Dudayevin nəsli də Qarabulaqla bağıldır). Görünür, kommunist hakimiyyəti bu səviyyədə millətçiliyə yol verib "Karyagin"i əski türk toponimi ilə əvəz etməzdi və Füzulinin bayat tayfasından olması arqumenti ilə razılaşaraq rayona onun adını vermişdi.
Mən məktəbdə oxuduğum ilk illərdə bizim gizli millətçilərin başqa balaca "qəhrəmanlığı"nın da şahidi olmuşdum. Hərçənd şahidi olduğumun qəhrəmanlıq, gizli millətçilik olduğunu o çağ qana bilməzdim. Hansı dilçilərsə (onların adları tapılıb səsləndirilməlidir) dilimizin fonetik özəlliyini bəhanə edərək bəzi kiril hərflərini latın hərfləri ilə əvəz etdilər. Bunu mən əlifba kitabında gördüm - orada bəzi kiril hərflərini qələmlə pozub yerinə yenilərini yazırdıq. Əslində, hərflərin şərti işarə olduğunu götürəndə və yenilərin latın hərfləri olduğunu gözə alanda bu əlifba islahatı mənasız xərc və əziyyət kimi elan oluna bilərdi. Ancaq bizim millətçi dilçilər dilimizin fonetikasına uyğunsuzluq "gopu", blefi ilə Moskvanın başının altına yastıq qoyaraq ruslaşdırma dalğasına qarşı kiçik bir jest etdilər.
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!