Niyazi MEHDİ
Əvvəli: http://edebiyyatqazeti.az/news/diger/4175-men-olmagimin-tarixcesi
60-cı illər. Bakı
***
İndi yadıma salıram ki, Bakıya gəlməmişdən qabaq Ağdamda ürəyim sıxılırdı. Hər gün dayım evdə iyrənc səslə "Segah" oxumağı məşq edirdi. Mənim gündə saat 4-də radio ilə verilən muğam verilişinin səsindən zəhləm gedirdi. O vaxt Ağdamda Xan əminin bir mahnısı vardı, hər yerdə ləzzətlə qulaq asırdılar. Misrasında "həbibim" sözü vardı (sonradan tapdım ki, "Həbibim gəl" mahnısıdır). Deyirdilər ki, ölmüş oğul haqqındadır mahnı. Bax, onu eşidəndə ürəyim darıxırdı. Bir yandan da dayımın bu axmaq səsi - "Segah"ı. Ancaq insafən oxuya-oxuya o, normal segah səsini qazandı. Elçin səsini dəyişə-dəyişə normal oğlan səsini qazandığı kimi.
İndi də bu sualın cavabını tapa bilmirəm. Gərək adam Levi-Stross demişkən, marginal nöqtədə dursun, yəni ayrı-ayrı dünyaların arasındakı sınırda dursun ki, o tay-bu tayda olan etnik dünyaları, ya da şəhər-kənd dünyalarını tutuşdurub harada yaşamaq istədiyini tapsın. Mən Ağdamda yaşayanda başqa dünyanı haradan bilərdim ki?! Bəs onda niyə orada darıxırdım? Oradan iki sarı oğlan yadıma düşür, onlara kurnos gədələr, sarı murquz deyirdilər. Onlar rus idi, ağdamlı ləhcəsində danışsalar da. Onlardan da başqa dünya görünmürdü ki, tutuşdurum. Çinliləri demişəm. Bir də Sarcalıda nənəmgilin evində iki erməni usta işləyirdi. Bir dəfə həyətdəki parçı götürüb su içmək istəyəndə nənəm "ədə-ədə" qışqıra-qışqıra cumub əlimdən aldı ki, murdardır (yəni erməni içib). Bu duyğu yalnız Moskvada məndən getdi. Orada tanışım ermənilərin stəkanından iyrənmədən su içə bilərdim. Nənəmə qalsaydı, erməni qızının dodaqları da murdar idi. Buna mən razı ola bilərdimmi?!
Yenə özümdən soruşuram, Ağdamda başqa və daha yaxşı dünyaları bilməyə-bilməyə necə olurdu ki, onu sevmirdim? Axı sevməmək üçün bilməliydim ki, ondan yaxşısı var. Yalnız Bakıya gəlib hər yay Ağdama gedəndə Sarcalıya olan Russoist sevgi Ağdama da oldu. Oradakı yaşlı qohumlarım soruşmağı sevirdilər: Bakı yaxşıdır, yoxsa bura. Mən "bura" deyirdim, onların da kefi kökəlirdi.
Bakıda 158 saylı məktəbdə oxuyanda məndə Avropalaşma ona görə başladı ki, bu, pop-musiqi və gözəl qızlar demək idi. Avropalaşmanı mənə bir də Bakının rusdilli slavyan, erməni, yəhudi qızları ağ baldırları, bədənlərı, qısa donları ilə çəkimli edirdi (guya özümüzünkülərin ağ baldırı yox idi). Bu "ağbəniz", "ağ bədən" sözlərinin mənim yazılarımdan belə çox keçməsi ondan gəlmir ki, qarayanızlıqla bağlı nəsə kompleksim vardı. Hətta kompleksim vardısa da Moskvada qarayanızlığım sarı rusların arasında mənə uğur gətirdiyi üçün, yox olmalıydı. Görünür, sadəcə, bütün azərilər kimi mən də adamda ağbənizliyi qarayanızlıqdan üstün sayıram.
Ağdamda muğama olan nifrətim Bakıda birdən-birə məni estrada mahnılarını sevən etdi. Rəşidin mahnıları mənə elə bil Qərbi, Avropanı təmsil edirdi. Bir akkordeonçu vardı, Kazaryan, həmişə qara saçları biryalin parıltısında olurdu. Bir az dolu bədənli, yaraşıqlı oğlan idi. Orkestrin çalğısının ortasında qabağa çıxırdı və onun solo partiyası çalğının naxışı olurdu. Mən isə hər dəfə bu anı ləzzətlə gözləyirdim. Deyirlər, Dağlıq Qarabağda erməni qiyamı başlayanda bu Kazaryanda, - o vaxt çox qoca olmalıydı, - millətçilik aşıb-daşdı və Stepanakertə getdi, hətta Dağlıq Qarabağın Mədəniyyət naziri oldu.
60-ın axırlarında məndə Avropapərəstliyi Bitlzlar alovlandırdı. Bu, artıq, Azərbaycan estradası deyildi, əsl Qərb fenomeni idi, geyimi, saçı ilə birlikdə.
Təkrar edirəm. Məndə Ağdam sevgisi sonra yaranmışdı, ancaq yenə muğamla aram yox idi. Bakıda da "Həbibim" mahnısını eşidəndə ürəyim qısılırdı.
158 saylı məktəbdə oxuyanda içimdə olan hansı potensialları nələr dindirib məni mən etmişdi? Buna baxım. Bakıya gələndə mən artıq kitab oxumağı sevirdim. Bəlkə də ona görə Ağdamda əlaçılar sırasına düşmüşdüm, çünki elə də dərs hazırlayan deyildim. Çox qəribədir, anam orta məktəb müəlliməsi olsa da, dərsləri necə hazırlamağımla onun maraqlanması yadımda deyil. Heç Bakıda da mənim dərslərim onun diqqətində deyildi. Niyə, bilmirəm.
Bakıda 158 saylı məktəbdə mənim kitab həvəsim lap çiçəkləndi. Tənbəlliyimə görə çox vaxt romanları uzanılı oxuyurdum. Dördüncü, beşinci sinifdə nəinki "Robinzon Kruzo" tipində kitabları, hətta sosialist realizmində rusca yazılmış kitabların pis tərcümələrini də oxuyurdum və xülyalarımda oradakı qızları öz sevgilim, baş qəhrəmanı isə özüm edirdim. Sözsüz, improvizələr də olurdu. Deyəsən, Markuzenin fəlsəfəsində insan xülyaları insan yaşamının önəmli vektoru kimi verilmişdir. Froyd isə bu xülyalarla ilgili elə nəsnələr demişdi ki, lap sarı simimə toxunmuşdu. O söyləmişdi ki, insan soyunub yatağa girəndə ana bətnindəki bükülü vəziyyəti alır, yəni ilkinliyinə qayıdır. Uyğun olaraq onun xülyaları da infantilləşir, yəni primitiv, nağılsayağı xəyallara çevrilir. Bax, bunları oxuyanda anladım ki, hər dəfə yatmamışdan qabaq necə atla gedib ən gözəl qızı almağım, necə təkbaşına yüz adamla vuruşub gözəl qızı onların əlindən qurtarmağım uşaqlıq üçün təbii nağıllar, xülyalar idi. Ancaq iş burasındadır ki, yaşım artdı, 30 yaşında da (elə sonralar da) mən yatmamışdan qabaq pul qazanmaq, gözəl qız əldə etməklə ilgili xülyalardan doymadım. Rusların "qryozı" dedikləri bu fantaziyalara görə mən yatağa məmnuniyyətlə gedirdim ki, indi fantastik filmlər dünyasına girəcəm. Bu filmlərin ssenarisi, məzmunu yenə infantil idi, uşaq xülyalarından azca fərqlənsə də, infantil idi. Məktəbdə oxuyanda sinifdə dərs zamanı bu "filmlərin" davamı olurdu.
Dostum Əsgər Əhməd boynuna almışdı ki, "Çeşmə" qəzeti üstündə MTN-də yatanda hər gün xəyalən Qarabağda erməni ordusunun əsgərlərini yeni fantastik silahla necə darmadağın etməsini xəyal edirdi və bu, dustaqlıqda onun yaşamını az da olsa ilginc edirdi.
Əsgərin xəyallarından sonra bir məqaləmdə mən yazdım ki, bir düşünün, ermənilərlə azərilər arasında gerçək dünyadan başqa, xəyallar dünyası da var və bu dünyada hər birimiz o birisini necə darmadağın etməyin "filmini" yaşayırıq. Söylədiyim, məncə, Markuze fəlsəfəsinə yaxşı əlavədir.
5-6 yaşımda seksuallığımın gücləndiyini indi yadıma salıram. Ağdamda bir dəfə nənəm məni hamama aparmışdı, orada lüt qadınları görmüşdüm, hətta deyəsən, kimsə deyinmişdi ki, bu, yekə uşaqdır, onu arvad hamamına niyə gətirmisiniz?! Deyə bilmərəm ki, orada gözlərimi zilləyib ağ budlara, iri məmələrə baxırdım. Ancaq o səhnə yadımda qalıbsa, güman hamamda seksuallığımın ilk mərhələsi baş vermişdi. Sonrakı mərhələni fransız post-modernist filosofu Derridasayağı "fallosentrik dünyam" adlandırardım. Yaxşı yadımdadır ki, bu filosof dövlətin kişisəlliyini bildirmək üçün "fallokratiya" terminini ixtira etmişdi. Mənimsə yadımda deyil, "fallosentrizm" sözünü haradasa oxumuşam, yoxsa indicə icad etdim. Ancaq bunu belə desəm, lap postmodernist diskurs alınar: uzun sürə mənim dünyam fallosentrik olub.
Bəlkə də bilincsiz olaraq Ağdam mənim üçün belə darıxdırıcı idi ona görə ki, qadınsız dünya idi, küçələrdə gözəl qız ayaqlarını, qollarını görməzdin (qohum qızlar kov deyildi). Bakıda isə 158 saylı məktəbdə rus bölməsi vardı, orada rus, yəhudi, erməni qızları çoxluqda idilər. Pilləkənlə onlar yuxarı qalxanda budları axıracan görünürdü. Mənim kimi yanıqlar xəlvət-xəlvət necə baxmayaydılar bu ayaqlara. Bir də qucaqlaşıb step rəqsini edəndə bəyəm rus sektorunun qızları bilmirdilər niyə onları belə sıxırıq?! Bilirdilər, elə bunun üçün də rəqslərə gəlirdilər. Rus sektoru ki rus sektoru! Mən bədənli qızları çağırıb onları həyasızcasına sıxmaqdan, əlimlə qoltuqlarından tutanda, döşlərinə toxunmaqdan ləzzət almağın qabağında abırımı itirmişdim. Deməli, Avropa, Batı mədəniyyəti mənə nə saqqızla, nə Bitlz musiqisi ilə gəlmişdi. Avropa mənə gəlmişdi rusca oxuyan qızların bədəni, ayaqları ilə. Avropa mənə gəlmişdi sekslə. Bəlkə də bu rusca oxuyanların ayaqları, məmələri mənə Marçello Mastroyaninin kremlə parıldayan saçını, sonra isə Bitlz bakenbordlarını gətirdi, çünki bu qızların dünyasına yad oğlan kimi girməməkdən ötrü bakenbordlarım olmalıydı. Bir də rus dilini bilməliydim, - əsgərlikdə öyrənilmiş "çuşka" aksentli rus dilini yox, bakılıların rus dilini. Bunun üçün mən başladım rus dilində Balzakı, Qoqolu, Dostoyevskini, Dikkensi və başqalarını oxumağa, özü də hər gün 1-2 saat bərkdən oxuyurdum ki, tələffüzüm təmiz olsun. Bu məsləhəti kimdənsə eşitmişdim və 2 il ona əməl etdim. Hövsələyə bax, iki il! Mənim kimi tənbəl adam seksə görə 2 il rusca romanları bərkdən oxuyub evdə anamı, bacımı bezdirmişdim.
Bəlkə də indiki "Me too", hərəkatı, Hollivudun, elə siyasət və biznes elitasının "harrasment" skandalları olmasaydı, bu seks söhbətini salmağa ürək eləməzdim. Ancaq o skandallar göstərdi ki, qızbazlıq, seksual yanıqlıq hər yerdə var. İndi bu harrasment olaylarına baxanda qışqırmağım gəlir: "Alə, bunlar da yanıqdırlar ki?!". Elədirsə, Ağdamdan gəlib qısa donlu qızlar dünyasına düşmüş mənim kimiləri niyə olmasın?! Mənim uşaq seksuallığımı təmizə çıxarmaq üçün Fellininin "Şirin həyat" filmini də yada sala bilərsiniz!
Sekslə bağlı "yanıq" sözünün işlədilməsi şəhvət dolu istəklərin kimyasını sezdirən kəlmədir ("insan ilişgilərinin kimyası" bu günün terminoloji dəbidir, - onu birinci dəfə Trampdan eşitmişəm). Nəsnə qızanda onun molekullarının bir-biri ilə bağları boşalır və bu üzdən bir-birini çəkmə gücü azalır. Ona görə də istidə iy artır, çünki molekullar bir-birindən qopub burunlara uçurlar. Ərimə də, mayeyə, buxara çevrilmə də molekulların bağlarının zəifləməsindəndir. Klassik poeziyada, - bunu kitabımda yazmışdım, - sevginin şiddəti, istiliyi artanda Məcnunun davranışları xaotikləşir, - bu da sevgidən yanıb-yaxılmağa öz semantik çalarını verir. Bakılıların (bəlkə başqalarının da) "yanıq" sözünün arxasında o durur ki, adam istəkdən yanıb-yaxılır, ona görə də nə etdiyini bilmir, çünki içində "molekulların" xaotikləşməsi baş verir.
Yeri gəlmişkən, "yanmaq"la bağlı başqa linqvistik situasiyanı da açım. Cayıllığı yamsılayan Bakı məktəbli dünyasında "yaxbala" və ya birinə onu sancmaq üçün "yaxma!" demək geniş yayılmışdı - ancaq çoxdandır bu deyimləri Bakıda daha eşitmirəm. Söylədiyim linqvistik situasiyada o çağlar anlamadığım bir qayda vardı. Kimsə acıqla, qınaqla başqasına "yaxma!" deyəndə, o qayıdanda ki, "yaxmaq da pulnandı?!" mübahisə kəsilirdi. Sanki oyun qaydası vardı, qarşı tərəf belə deyəndə uzatma, qurtar!
Uzun sürə "yaxmaq" felini mən "yağ yaxmaq" deyimindəki kimi başa düşüb çaş qalırdım, yaxmağın yaxbalalığa nə dəxli var?! Yalnız 2000-ci ildən bir az sonra bir məqaləni yazanda anladım ki, yaxbala yaxanda yağ çəkmir, yandırıb yaxır. Deməli, yaxbala başqalarını yandırıb-yaxmaq istəyəndir.
Kitab oxuyan uşaq olmağım sinifdə məni ilk seçdirən özəllik oldu. Belə çıxır ki, başqalarının dərslikdən ayrı kitab oxuması bizim sinifdə, bəlkə də bütün azsektorda nadir hadisə idi. Bunu onun üçün vurğulayıram ki, indiyənəcən məndə yaşayan bir düşüncə var, həndəvərimdəkilərdən mən çoxlu kitab oxumağımla ayrılırdım. Onların heç birində mənim qədər söz ehtiyatı olan, mənim kimi dərsdə bədahətən cümlə quran yox idi. Nədən ki kitablar dilimi sözlərlə, ifadələrlə xeyli zənginləşdirmişdi.
Kitab oxumağım idmanla məşğul olmağıma əngəl olmurdu. Hər gün bəzən 2-3 saat futbol oynayırdım. Uşaqlıqda bu oyunun dəlisi idim. Kulturizmdən və kulturist instruksiyalardan aldığım bacarığı futbolu oynamağa da uyğulamışdım. Bir çox fəndləri alqoritm prinsipində öyrənmişdim. Örnəyin, matçlara baxanda fikir vermişdim ki, oyunçular yıxılanda diyirlənirlər. Mən də başladım məhlə futbolunda elə yıxılmağa. Bu yaxınlarda BBC-nin saytında məsləhətə rast gəldim: yıxılanda diyirlənmək adamı yerə bərk dəyib zədələnməkdən qoruyur. Ən əsası isə o idi ki, mən Braziliya oyunçuları kimi topla ustuflu, yumşaq davranmağı öyrənmişdim. Futbol mənim gizli solaxaylığımı da açdı - sol ayağımla problemsiz vururdum. 40-50 yaşınacan topla yumşaq davranmaq bacarığını saxlaya bilmişdim, indi bilmirəm necədir. Hər halda elmlə belə ciddi məşğul olan mənim futbol texnikam, deyirlər, Hikmət Hacızadəni təəccübləndirmişdi.
O çağlar məndə hündürlükdən qorxu yox idi. Evimiz üçüncü mərtəbədə idi, açar içəridə qalanda qonşu artırmadan asanca öz balkonumuza adlayırdım ki, qapını açım. Hündürlükdən xeyli sonralar qorxmağa başladım.
Məktəb illərində başım futbola qarışdığından çox az hallarda dərslərə hazırlaşırdım. Müəllim jurnalı yoxlayanda coğrafiyadan, botanikadan və s. fənlərdən narrativ bölümə göz gəzdirib elə danışırdım, elə gop edirdim ki, savadı yüksək olmayan müəllimlərin mənə 4 yazmaqdan başqa çarəsi qalmırdı. Sinfimizdə bir oğlan vardı, Nadir Qafarov. Əlaçı idi, yenə zarafatla deyim, ağ oğlan idi, bütün məktəb onunla öyünürdü. Arıq və yaraşıqlı olsa da, qızlar bəlkə də özlərini layiq bilmədiyi üçün ona yapışmırdılar. Ancaq Bakı Universitetində o daha əlaçı olmadı. Uşaq vaxtından Tibb İnstitutunda bir qızı sevirdi. Onu tapıb evləndi və camaşırxana açıb işlətdi. Deyəsən, bu biznesi indi də aparır.
Nə baş verdi ki, o, elm yolunu tutmadı, mənim kimi avara isə tutdu, bundan necə baş çıxarasan?! Bəlkə məndə aşırı seksuallıq idi səbəb? O mənada ki, qızların xoşuna gəlmək məsələsində sir-sifətimin, boy-buxunumun onlar üçün maraqlı olmaması məni elmdə uğur qazanmağa itələmişdi?! Nadirdə isə, yəqin, belə motivlər yox idi. Bir qızı sevirdi, qız da onu sevdiyindən, mədəniyyətdə, toplumda uğur qazanmaq motivi bitib getmişdi.
Mən Froydun tələbələrindən olan Adlerin ideyalarını yaxşı mənimsəməmişəm, ancaq ora-burasından oxuduqlarımdan itələnərək düşünürəm ki, insanın əskiklik (natamamlıq) kompleksi, - bəzən qısaca "insanın kompleksi" də deyirlər, - söylədiklərimə arqument ola bilər. Neçə illərdir bir yazı yazmaq istəyirəm: milləti görünüşü yaraşıqlı olmayan, balacaboy, nəsli ilə bağlı kompleksi olan adamlar irəli və ya fəlakətə aparır. Balacaboy Hitler, Stalin, Lenin də milləti fəlakətə aparmışdı, Napoleonun isə Avropa üçün etdikləri onun gətirdiyi fəlakətin doğurduğu hirsi azaltmışdı. Atatürk də balacaboy olub, axı! Balzakın yaraşıqsızlıq kompleksi, Dalinin seksual kompleksi yaradıcılıqlarına təkan vermişdi. Kompleksi olmayanlar çevrələrindən sevgini, sayğını, qadınlara yönəlik uğuru "müftə" alırlar. Yaşlanıb "bu gözəllik onlara qalmayanda" isə əlsiz-ayaqsız adama çevrilirlər. Düşdükləri durumdan ya əyyaş olurlar, ya da elə olurlar ki, adam onlara baxanda yazığı gəlir.
95-97-cı illərdə seksuallıqla ilgili bir məqalə yazdım: "Müsəlman kişisinin seksual aqressivliyi və virtual hicab". Yazının bioqrafik impulslarını, yazılmasına birbaşa nədənini burada deyim. Öncə iki termini açıqlamaqdan başlayım. Alman filosofu Hussadan (Husserldən) sonra onun davamçısı Aleksey Losev tez-tez nəyinsə ifadəli görünüşü anlamında "eydediklik" sözünü işlədirdi. O biri termin estetiklərin sevdiyi "hedonizm"dir, yunanca ləzzət almağa bayğınlığı bildirirdi. İndi isə olayı danışım. ABŞ-dan gəlmiş professor Tovhidi (əslən güneyli qadın) mənimlə apardığı müsahibədən sonra bulunacağı "Dəyirmi masa"ya çağırmışdı. İlk dəfə orada gender məsələlərini eşitdim. "Dəyirmi masa"lar və konfranslar özünü göstərmək (yaxmaq) üçün yaxşı ortam yaradır. Bunu heç kim etiraf etmir, mən isə bir Berlin konfransında effekt yaratmaqdan ötrü etiraf etmişdim: belə yerlərdə bizim ambissiyamız parlamaq stimulu alır. Bax, Bakıdakı "Dəyirmi masa"da ağlıma gələn bir eydedik düşüncəni söylədim: çadra müsəlman kişisinin gözündə arvadını başqalarının girə bilməyəcəyi hedonik dairəyə salır. Çadra, sanki "qara, qrafik cızıqla" bu dairəni cızır.
Sinizmi ilə epataj yaradan o yazım xeyli maraq doğurdu və ruscası yabançı saytlarda yayıldı. Yunan filosofları olan kiniklərdən doğmuş, - biri çəlləkdə yaşayan Dioqen olub, - sinizm heç bir əxlaq normalarını saymamağı bildirir. Mən atamın dini və bəzən əxlaqi sinizmini nə qədər bəyənməsəm də, sonradan anladım ki, özüm də ona yoluxmuşam. Ancaq bu məsələdə, axı, mən tək deyildim. Mirzə Cəlilin, Sabirin, Ağaoğlunun, Məhəmməd Əminin müsəlman aləmi ilə bağlı söylədikləri bir çox narrativlər sinizm paradiqmasında qurulmuş tənqidlər olub. Belə yazdım və terminoloji icadımdan xoşnud oldum. Demək, belə aydırmaq olar, yəni təntənə ilə söyləmək olar: islahatçı ideolojinin xeyli narrativləri sinizm paradiqmasından qaynaqlanır. Əslində, istənilən tənqidin hansısa diskurslarında sinizm və ya skeptisizm çalarlarını tapmaq olar. Bəlkə poststrukturalist dekonstruksiyanın bir hədəfini diskurslarda sinizm laylarını dəbərdib yerindən çevirməyə, çıxarmağa həsr etmək olar? Bunu etsək, bəyəm dekonstruksiyanı daha çox, daha ilginc materiallarla təmin etmiş olmarıq?! 90-cı illərin söz özgürlüyü ortamında peyda olmuş Rafiq Tağı, Əli Ələkbər, Seymur Baycan kimi yazarlar epatajlı sinizmlə bədii effekt yaradırdılar və buna görə də onları, hətta mənim kimi sinikin də həzm etməsi asan olmurdu. Bir məqaləmdə onların həyasızlıq estetikasından istifadə etdiyini yazmışdım. Bu gün yazsaydım, o həyasızlığı sinizmlə cütləşdirərdim.
İndi düşünürəm ki, müsəlman seksuallığı ilə ilgili sinik və həyasız məqaləmdə guya mən gerçəkliyi analiz edirdim. İşdə isə öz seksuallığımı ona proyeksiya etmişdim və bu yöndən rus bölməsində oxuyan azərilərin qızlara ilişgisini azsektorda oxuyanların ilişgisindən ayırmışdım. Rus bölməsində rus dilinin, yoxsa rusca danışıqların təsirindənmi, nədənmi seksual yanıqlıq və brutallıq az qabarırdı (istisnaları bilirəm). Namus üstündə dalaşmalar da az olurdu. Düzdür, Yasamalda azsektorun uşaqlarında brutallığa (vəhşi igidliyə) Dağlı uşaqları, Sovetskidən köçmüş cayıllar öz etgisini yapmışdılar. 5-ci sinifdə oxuyanda bizdə sarışın bir oğlan vardı, - Nizami (sonralar bildim ki, məndən qabaq Kamal Abdulla ilə bir oxuyub). Bax, bu Nizamini Əzizağa adında qonşusu, bizimlə oxuyan bir gədə bıçaqla vurub öldürdü. Beləcə, mən ilk dəfə tanıdığım tay-tuşumun yasında oldum. İkinci yasa urcah oldum 8-ci sinifdə oxuyanda. Burada bir dostum vardı, Firdovsi, çox yaraşıqlı və yaxşı oğlan idi. Futbolda heç kimin bilmədiyi bir fəndi əla yerinə yetirirdi - qəfildən sağ pəncəsi ilə topu sağ tərəfdən geri ataraq həmin tərəfdən qaçıb onun qabağını kəsmək istəyən oyunçunun arxasına keçirdi. Birdən xəbər gəldi ki, qohumu onu qaldırıb fırladanda bağırsaqları çevrilib. Beləcə, gözəl bir oğlanın ömrü mənasız yerdə yarımçıq qırıldı.
Brutallığa bunun dəxli yoxdur. Ancaq məktəbdə bildiyim ikinci ölüm olayını söyləməyə bilməzdim.
Əzizağa əzəldən kriminal uşaq idi. İri başı vardı və dalaşanda kəllə atıb adamın ağzını qanatmaqla vuruşa xitam verirdi. Bəzi adamlar var ki, qorxu nə olduğunu bilmirlər, örnəyin, ekstrimallar. Mən isə təbiətcə qorxaq idim. Ancaq ağdamlı ərənlik kodeksi, sonra isə bakılılaşmaq sürəcində azsektorun etgiləri və üstəgəl, kinodan Jan Marenin təsiri məni brutallıq imicini qazanmağa itələmişdi. Sözsüz, burada da qızların xoşuna gəlmək stimulu vardı. Ona görə də Əzizağa ilk tanışlıqda mənimlə yekə-yekə danışanda söz altında qalmadım. Məni Yasamal çölündə "gedək danışığa" çağıranda getdim. Görünür, bu rayondan gəlmiş, bir az da pota oğlanın içindəki həyəcanı o sezməmişdi, ona görə də çöldə birinci kəllə, yumruq atmağa heç birimiz ürək etmədik və öcəşib heç-heçə ilə geri qayıtdıq. Yanımızda sinif uşaqları da vardı, yadımda deyil, qızışdırırdılar, yoxsa aralayırdılar. Əzizağa bu olaydan bir neçə ay sonra Nizamini bıçaqlayıb öldürdü. Beləcə, uşaqlıqdan türməyə düşərək, oradan çıxıb ora qayıdaraq alçağın biri oldu. Onun haqqında oğru dünyasının romantizmində heç nə eşitmədim. Bilmirəm, bəlkə də qanuni oğru adını almışdı. Ancaq onun alçaq gədəyə çevrilməsi haqqında eşitdiklərim düz idisə, belə adamı oğrubaşı seçməzdilər. Onu, deyirlər, elə türmədə də öldürdülər.
Əzizağa mənim brutallaşma yolunda ilk addımıma nədən oldu, çünki məni "duelə" çağıranda üzdə göstərməsəm də, qorxmuşdum və bu zəifliyimdən utanmışdım. Bax, güclü, bacarıqlı döyüşçü olub qızları heyran qoymaq (oğlanların arasında isə ataman olmağı heç düşünmürdüm də) məni idmana itələdi. Bəlkə də Bakıda kulturizmlə (bodibildinqlə) ilk məşğul olanlardan oldum - bunda rus dilini öyrənməyim də dadıma çatdı, çünki kulturistliyi rusca kitablarda oxumaq olardı. Sağlamlıq və soyuğa davamlılıq üçün mən hər gün bədənimi yaş dəsmalla qızaranacan silərdim. Hətta qışda da evdə qurşağacan lüt gəzərdim. Anam isə elə hey deyərdi: bir şey gey, sənə baxanda adam üşüyür. Beləcə, brutallıq üçün bədənimi daş baltası etmək istəyirdim və etdim də.
Deməli, evdə anamı, bacımı bərkdən rusca oxumaqla, yarılüt gəzməklə bezdirmişdim. 9-cu sinifdə qarın əzələlərim bodibildinqdən azca kubikləşmiş, döşlərim əzələli kontur almışdı. Bizim bir idman müəlliməsi vardı, - Tamara, deyəsən, erməni idi, incə beli, yekə yanbızı vardı. Bir dəfə idman dərsində qurşaqdan lüt olanda onun necə şəhvətlə sinəmə baxdığı yadımdadır. Beləcə, yenə seksual motivlər, yəni qızların xoşuna gələn bədən formasını almaq istəyi məni hər gün bir saat ağır daşlarla məşq etməyə zorunlamışdı. Bir də deyim, haradasa kimlərsə oğlanlar arasında ataman, sayılan olmaq istəyindən kulturizm üçün stimul alardı, mən isə yox. Bəlkə də sinifdə oğlanlar arasında mən yazıq bir uşaq olsaydım, bir saat usanmadan daşlarla oynamaq stimulunu bu əskiklik kompleksindən alardım. Bəs niyə mən lider olmasam da, düşdüyüm hər yerdə arxa sırada yox, ön sırada olmuşam? Bu sorunun cavabını tapmaq mənim üçün çətindir, bəlkə memuar boyu tapacam?
"Papaq" filminin rejissoru Cahangir Mehdiyev qabaqlar Kamal Abdulla, 5-ci sinifdən sonra isə Yasamala köçdüklərindən sonra mənimlə oxumuşdu. O vaxtlar Bondarçukun "Hərb və sülh" filmi gedirdi, Nataşa Rostovanın aşağı düşən gözəl lüt çiyinləri hamının gözünün qabağında idi. Mən Cahangirə sataşmaq üçün deyərdim: alə, sənin çiyinlərin lap Nataşa Rostovanın çiyinləri kimidir ki! Bir dəfə yalvardı ki, de nə edim, bədənim səninki kimi olsun? Kulturizmdən danışdım, kitabları verdim. Zaman keçdi mən kulturizmi atdım, Cahangir isə indiyənəcən bodibildinqə sadiqdir. Əzələlərini, bədənini filmlərində göstərməyi sevirdi. İndi qocaldığı üçün bir az lalıxlayıb, hərçənd mən ondan da betər lalıxlamışam.
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!