Tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov həm nəsr, həm dram, həm də publisistik əsərlərin müəllifi kimi geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun publisistikasında müxtəlif ölkələrə səyahətlərlə bağlı təəssüratları özünəməxsus yer tutur. "Çində möhtəşəm on gün" və 2015-ci ildə rus dilində işıq üzü görmüş "Çin - dünyanın səkkizinci möcüzəsi" əsərləri ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanıb. Müəllifin Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, qonşu Gürcüstan və s. ölkələrdən bəhs edən yol qeydləri də bu qəbildəndir. Yazıçı son dəfə Azərbaycan nümayəndə heyətinin tərkibində Yaponiyada olmuş və öz təəssüratlarını əhatəli şəkildə qələmə almışdır. H.Mirələmovun "Yaponiya - Günəşlə oyanıb yüksələn ölkə" adlı publisistik qeydlərini qəzetimizin oxucularına təqdim edirik.
Dostluq telləri uzaq yolları yaxınlaşdırır
Səfərimizin proqramına uyğun olaraq, Razim Məmmədov başda olmaqla nümayəndə heyətimiz Yaponiya hökumətinin Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşərək işgüzar müzakirələr apardı.
Yaponiya xarici işlər nazirinin müavini Motome Takizava ilə görüşümüz bir çox cəhətən yaddaqalan oldu. Nazir müavini bizi öz ölkəsində qəbul etməkdən məmnun olduğunu bildirərək qeyd etdi ki, o, 2016-cı ilin avqustunda Azərbaycana səfərindən böyük təəssüratlarla qayıtmışdır. Ölkəmizdə gördüyü diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Motome Takizava Prezident İlham Əliyevlə keçirilən görüşün əhəmiyyətini xüsusi qeyd etdi: "Azərbaycanın dövlət başçısının Xətai rayonundakı Heydər Parkında "Yapon bağı"nın salınmasına razılıq verilməsi isə məni çox məmnun etdi. Bu onu göstərir ki, Azərbaycanda Yaponiyanın mədəniyyətinə, tarixinə, iqtisadiyyatına çox böyük maraq var. Bu gün məhz Xətai rayonunun nümayəndə heyətinin bizim ölkəyə səfəri iki ölkə arasında regionlararası əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir və Yaponiya XİN bu əlaqələrin inkişafı üçün lazım olan bütün dəstəyi göstərəcəkdir".
Yaponiya parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo ilə görüşümüz də çox səmimi və maraqlı oldu. Bu gün iki ölkə arasında dostluq münasibətlərinin rəmzinə çevrilmiş Bakının Xətai rayonundakı "Yapon bağı"ndan söz açan xanım Akiko Santo vurğuladı ki, bizi yaxınlaşdıran tarixi, mədəni və mənəvi dəyərlər çoxdur.
Tokio prefekturasının qubernatorunun xarici əlaqələr üzrə müşaviri Hideaki Mizukoşi, Nazirlər Kabinetinin iqtisadi siyasət üzrə müşaviri Nideaki Okamoto və Yaponiya hökumətinin Asiya, Cənubi Qafqaz və GUAM ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Toşihiko Aiki Yaponiya dövlətinin Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu, səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə və Yaponiyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqinə yardım göstərmək üçün hazır olduqlarını qeyd etdilər.
Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, LDP-nin Xarici Əlaqələr Bürosunun baş direktorunun müavini Yasumasa Naqasaka, Xarici İşlər Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Seikiro Takahaşi, "Kosugi Zohen Co.LTD" şirkətinin rəhbəri Saki Kosugi və digər şəxslər ilə səmərəli görüşlər hər iki tərəfdən böyük maraqla qarşılandı.
İndisə Xətai rayonu ilə qardaşlaşmış Setaqaya şəhəri haqqında: Setaqaya eynən Bakının Xətai rayonu kimi Tokionun 23 xüsusi rayonundan ən böyüyü, necə deyərlər, Tokiyoya pəncərədir. Ərazisi 58,08 kvadratkilometr, əhalisi 898 min nəfərdir. Tokionun cənub-şərqində yerləşən bu rayonu Kanaqava prefekturasından Tama çayının su xətti ayırır.
Setaqaya bizim Xətai rayonu kimi, əsasən, kütləvi yaşayış məhəllələrindən ibarətdir və 5 yerə ayrılır: Setaqaya, Tamaqava, Kitadzava, Kinuta və Karasuyama. Onların hər birinin öz administrasiyası var, baxmayaraq ki, Setaqaya inzibati ərazi dairəsinə daxildirlər.
Digər xüsusi rayonlar kimi Setaqaya da öz statusunu 1947-ci il martın 15-də alıb. Edo erasında bu ərazidə 42 kiçik kənd yerləşmişdir. 1871-ci ildə onlardan bir qismi Tokio prefekturasına, bir qismi isə Kanaqava prefekturasına birləşmişdir. Bir qədər sonra, 1893-cü ildə daha bir neçə kənd də Tokioya birləşdi. 1932-ci ildə Setaqaya şəhər rayonunun yaranması baş verdi. 1936-cı ildə tabeliyinə bir neçə kənd də veriləndən sonra o bugünkü əraziyə sahib oldu. Kanadanın Vinnipeq, Avstraliyanın Benberi şəhərləri, Vyananın Dyoblinq rayonu Setaqeya ilə qardaşlaşmış şəhərlərdir. İndi onların sırasına Xətai rayonu da əlavə olunmuşdur.
Elə buna görə də Setaqaya şəhərinin meri Nobuto Hosaka ilə görüşümüz daha geniş və maraqlı alındı. Mer Nobuto Hosaka bizi çox böyük səmimiyyətlə qarşıladı. Söhbətindən mənə də, yoldaşlarıma da bəlli oldu ki, Azərbaycan haqqında zəngin məlumatı var. Özü qeyd etdi ki, Azərbaycanın Ermənistan tərəfindən ədalətsiz müharibəyə cəlb edilməsinə və ərazilərinin işğal olunmasına baxmayaraq, ölkənizin son illərdəki uğurlu inkişafından xəbərdaram. Güman edirəm ki, bu müharibə olmasaydı Azərbaycan daha böyük uğurlar qazana bilərdi.
Mer, Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğatın aparılmasının əhəmiyyətini də vurğuladı. Setaqaya şəhərinin ekologiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edən N.Hosaka Xətai rayonundakı "Ağ şəhər" layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını söylədi. Nümayəndə heyətimiz Yaponiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını nəzərə alaraq, yapon nümayəndələri, xüsusilə Setaqaya şəhərinin merini Azərbaycana dəvət etdi.
Görüşlər zamanı şahidi olduğumuz başlıca məqam bu idi ki, iki rayonun - Xətai və Setaqayanın qardaşlaşma təşəbbüsü Yaponiyada görüşdüyümüz bütün məsul şəxslər tərəfindən böyük maraqla qarşılandı və alqışlandı. Onlar birmənalı şəkildə bildirdilər ki, bu layihənin, eləcə də, digər iqtisadi-mədəni əlaqələrin baş tutması üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta görüşlərin birində çox maraqlı bir ifadə səsləndi: "Dostluq telləri uzaq yolları yaxınlaşdırır".
Xətai rayonunun sosial-iqtisadi göstəricilərinə gəldikdə isə, icra hakimiyyətinin başçısı qeyd etdi ki, bir vaxtlar neft sənayesi obyektlərinin yerləşdiyi bu yaşayış ərazisi Bakının ən geridə qalmış və ən çox çirklənmiş rayonlarından olduğu üçün el içində "Qara şəhər" adlanırdı. Ancaq ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra "Bir vaxt gələcək "qara şəhər" "ağ şəhərə" çevriləcəkdir" deyib, bu rayona diqqət və qayğısını əsirgəmədi. 10 ildən artıqdır ki, onun sözləri həyatın reallığına çevrilib və indi rayon əsl yüksəliş dövrünü yaşayır.
Yaponiya Xarici İşlər Nazirliyində və bir çox digər dövlət orqanlarındakı görüşlərimizdə əsas mövzulardan biri də, təbii ki, bu gün xalqımızı ən çox narahat edən Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması, təcavüzkarların Xocalıda və bir çox digər yerlərdə törətdikləri soyqırımı faktları idi. Nümayəndə heyətimizin rəhbəri Yaponiyanın dövlət rəsmilərinə, iş adamlarına işğal faktı və faciələr haqqında müfəssəl məlumat verərək bildirdi ki, Xocalı faciəsinə qoyulmuş abidə Xətai rayonu ərazisində yerləşir və dünyanın bir çox dövlətləri artıq bu faciəni Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırım faktı kimi tanıyır. Xətai rayonunun beynəlxalq əməkdaşlığından - Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərindən də geniş bəhs edildi. Qeyd olundu ki, bu əlaqələrdə Yaponiyanın Tokio şəhərinin də xüsusi yeri var.Tarsus şəhərində Heydər Əliyevin adını daşıyan körpünün və parkın inşa edildiyini, həmin parkda mərhum prezidentin abidəsinin ucaldıldığını qeyd edən Razim Məmmədov gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu istiqamətdə layihələrin gerçəkləşdirilməsini və belə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirdi. Yaponiya iş adamları ilə artıq Bakıda belə bir layihə gerçəkləşdirilib və 2015-ci ildə Xətai rayonunda "Kosugi Zohen Co.LTD" şirkəti tərəfindən salınmış "Yapon bağı" buna əyani sübutdur.
Milli Məclisin deputatı və YAP Xətai rayon təşkilatının sədri kimi mən də 2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyini vurğulayaraq bildirdim ki, iki dövlət arasında diplomatik münasibətlərin möhkəmlənməsinə xalqlar arasında qurulmuş dostluq əlaqələri böyük töhfə verir. Eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın hakim Liberal Demokratik Partiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılmasının vacibliyinə diqqət çəkdim.
LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü Kazunori Tanaka da 2015-ci ilin mayında ölkəmizə uğurlu səfərindən böyük məmnunluq hissi ilə danışdı və hakim partiyalar arasında yaranmış dostluq münasibətlərinin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd etdi.
"Yapon doğulmaq xoşbəxtlikdir"
Yaponlar ünsiyyətdə olduqları əcnəbilərin yaddaşında xoş təəssürat yaradırlar. Onlar öz vətəni və soydaşları haqqında söhbət edəndə, daxili bir coşqu ilə "Yapon doğulmaq xoşbəxtlikdir", - deyir, yapon doğulduqları üçün həqiqətən qürur duyurlar. Dünyanı mat qoyan yapon möcüzəsinin təməlində "Kayzen" deyilən prinsip dayanır. Kayzen - yapon sözü olub, mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir. "Kayzen" həm də keyfiyyət menecment sistemidir. Əsasən, sənayedə, xüsusilə Toyota şirkətində tətbiq edilsə də, Kayzen gündəlik həyatda da istifadə olunur. Bəli, "davamlı olaraq təkmilləşdirmə, mütəmadi irəliyə getmə, hər günü öncəki gündən daha yaxşı" başa vurmağa səbəb olan Kayzen sistemi yaponların, demək olar, bütün uğurlarının əsasını təşkil edir...
Yapon idarəçiliyində Kayzen prinsipinə uyğun olaraq qazanc deyil, keyfiyyət öndədir. Qərbdə əgər hər işdə yenilik və nəticə öndədirsə, Yaponiyada proses və keyfiyyət hər şeydən öndə gəlir. Məsələn, Toyotada işləyənlər il ərzində ortalama 33 təklif verirlər ki, bunun da məqsədəuyğun olanları dərhal icra olunur. Şirkətdə təklif vermək yaponlar üçün vəzifə borcu kimi bir şeydir. Yaponlarda kollektiv ruh inanılmaz dərəcədə yüksəkdir.
Yapon firmalarında idarəetmə müvəffəqiyyətə zəmin yaradır. Texnoloji üstünlüklərini hər sahədə dahicəsinə inkişaf etdirən yapon firmaları mövcud dünyada sarsılması qeyri-mümkün olan bir imperiya qurublar. Bəs yapon firmalarının uğurlarının təməlindəki sirr nədir?
Əslində, kiçik bir araşdırmayla bunu anlamaq heç də çətin deyildir. İşgüzar rəhbərlik üslubu, şəffaflıq, bərabərlik, maddi imkanlar və ən vacibi "daimi məşğulluq" anlayışları bu müvəffəqiyyəti tam izah edir. Yüksək səviyyədə təşkil edilmiş "firma-işçi" münasibətləri və insanların işlədikləri firmaları bir ailə təşkilatı kimi görmələri, davamlı olaraq, yüksək məhsuldarlığın təminatçısıdır. Yapon idarəetməsinin möhtəşəm uğurlarını nəzərə alaraq, bu sistemin bəzi sirlərini sizə açıqlayırıq.
Müasir dünyada yapon şirkətlərinin müvəffəqiyyəti heyrətamizdir: xüsusilə avtomobil, elektrik və elektronika sahələrində müşahidə olunan inanılmaz artım bütün dünyanın marağına səbəb olmuşdur. Uğurlu yapon idarəetməsinin sirlərini öyrənib tətbiq etmək çox faydalıdır. Hal-hazırda dünyanın bir çox iri şirkətləri Yaponiyadakı şirkətlərin sturukturunu, iş sistemini və qaydalarını dərindən öyrənirlər. Yapon şirkətlərini müvəffəqiyyətə aparan şey, ayrı-ayrılıqda nə insan faktoru, nə də sistemdir. Yapon idarəetməsindəki müvəffəqiyyətin sirri "təşkilat mədəniyyəti" və ya "təşkilat iqlimi"ndə axtarılmalıdır. Təşkilat mədəniyyəti bir təşkilatdakı bütün ünsürləri ehtiva etməkdədir : rəhbərlik, işçilər, iş alətləri və ya texnika, sistem, ətraf mühit və s.
Bu ünsürlərin heç biri bir təşkilatı təkbaşına uğurlara apara bilməz. Yaxşı yetişmiş, səriştəli insan gücü özünə dəyər verməyən, motivasiyanı yüksəltməyən, təqdir etməyən və mükafatlandırmayan bir idarəetmədə yüksək performans göstərə bilməz. Rəhbərliyin vizion və missiya sahibi olması çox vacibdir. Vizion olmadan missiya olmaz, missiya olmadan da reallaşdırılması nəzərdə tutulan hədəfə, yəni viziona çatmaq olmaz.
Yaponlar öz işlədiyi yerə məbəd kimi baxırlar
Səfirliyimizin əməkdaşları Rövşən və Fuadın müşayiətilə Tokioda gəzərkən böyük bir ticarət mərkəzinə daxil olduq. İş gününün sonu idi. Biz qapıdan içəri daxil olanda işçilərdən bir neçəsi iş vaxtları başa çatdığı üçün çalışdıqları mağazanın qapısını bağlayıb evə getməyə hazırlaşırdı. Onların hər biri çıxışa yaxınlaşanda geri dönüb təzim edir, sonra ticarət mərkəzini tərk edirdilər. Rövşəndən soruşdum ki, onlar niyə belə edirlər? Cavab verdi ki, onlar öz işlədikləri yerə ehtiram əlaməti olaraq təzim edirlər.
Bu zəhmətkeş xalqın adəti məni heyrətə saldı. Həqiqətən çox maraqlı, həm də təqdirəlayiq bir adətdir. İşlədiyin hər hansı bir müəssisənin qapısından çıxarkən geri çevrilib ehtiramla o yerə baş əyib, təzim edəsən!.. Niyə də yox!? Axı bu fəhlə və ya hər hansı işçi çalışdığı iş yerində qazandığı pulla ailəsini saxlayır. Elə ona görə də, özünün və ailəsinin gələcəyini düşünərək çalışdığı iş yerinə məbəd kimi baxır.
Bütün bunlara rəğmən, yaponlar çalışdıqları ölkənin, hər hansı yerin qayda-qanunlarına, adət-ənənələrinə çox ehtiramla yanaşırlar.
Sözə qüvvət: Səfərin son günü axşamüstü qaldığımız otelin birinci mərtəbəsindəki restoranda oturub nahar edirdik. Həmişəki kimi, səfir Gursel İsmayılzadə də, səfirliyin əməkdaşları Rövşən və Fuad da bizimlə süfrə başında idilər. Fuad Azərbaycandan sovqat göndərilmiş iri bir narı səliqə ilə doğrayıb masaya qoydu. Bir neçə dəqiqədən sonra inzibatçı üzündə təbəssüm bizim masaya yaxınlaşıb, narı masadan yığışdırmağı xahiş etdi.
Səbəbini soruşanda bildirdi ki, restoranda nar yoxdur, əgər başqa müştərilər görüb sifariş versələr və onların arzusunu yerinə yetirməsək, onda restoranın adına xələl gələr, hətta bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Biz də təbəssümlə ifadə edilən xahişə hörmətlə yanaşıb narı stoldan götürdük...
İkinci belə əhvalat çox xudmani bir qəlyanaltıda baş verdi. Xidmətçi çay süfrəsində özümüzlə alıb gətirdiyimiz limondan istifadə etməyi, xətrimizə dəyməyəcək tərzdə "qadağan" etdi. Amma müştərilərə qadağa olunan təkcə bu deyil. Yaponiyada satıcılara, ofisiantlara çay pulu vermək qəti qadağan olunur. Belə hesab edilir ki, nə qədər müştəri xidmət üçün müəyyən edilmiş məbləği ödəyir, o satıcı ilə bərabərdir. Əgər müştəri artıq pul verməyə çalışırsa, bununla o göstərilən xidməti dəyərdən salır, bərabər mübadiləni dilənçiyə verilən ianəyə çevirir.
Yaponiyada olduğumuz yeddi gün ərzində paytaxtda nə tıxac gördük, nə də maşınların siqnal səsini eşitdik. Bunun bir səbəbi də ondadır ki, gündoğar ölkədə dəmiryol xətləri dəniz nəqliyyatı ilə birlikdə ölkənin əsas nəqliyyat arteriyasıdır. Müasir sürət qatarları ölkənin əksər şəhərlərini birləşdirdiyi kimi, meqapolisin demək olar bütün daxili marşrutlarına da xidmət göstərir. Yerli və uzaq xətlərə xidmət göstərən qatarlar özləri də sadə ekspresslərə, "limited-ekspresslərə" və sadə elektrik qatarlarına bölünürlər. Məsafəsindən asılı olmayaraq, bütün yapon qatarları yumşaq kreslolar, kofe və soyuq içki avtomatları, şəhər telefonu, yapon və ingilis dilində tablolarla təmin edilmişdir.
Bu ölkədə dəmir yollarının yarıdan çoxu şəxsi mülkiyyət hesab olunur. Sərnişin daşıyan sahibkarlar ölkənin dəmir yollarının 70 faizinə nəzarət edirlər. Bəlkə elə buna görədir ki, ölkədə nəqliyyat xidməti çox bahadır. Məsələn, metroya ən ucuz bilet 140 yen, yəni 1 dollar civarındadır. Əslində buna dəyər də. Çünki maqnit üzərində hərəkət edən qatarların sürəti saatda 500 kilometrə çata bilir və qatarlar çox dəqiq işləyirlər. Orta gecikmə müddəti yalnız 18 saniyə ola bilər. Buna baxmayaraq, qatarlarda həddən artıq sıxlıq olur ki, buna görə dünyanın heç bir ölkəsində olmayan bir peşə bu ölkədə "kəşf edilmişdir". Stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Xüsusi təlim keçmiş bu adamlar dolmuş vaqonların qapılarında qalmış adamları içəri itələyirlər ki, vaqonun qapısı bağlansın və gecikməsin.
Maraqlı müşahidələrimdən biri də ondan ibarət oldu ki, sürət qatarının bir vaqonundan o birinə keçən nəzarətçi dərhal papağını çıxarıb sərnişinlərə təzim edir, yalnız bundan sonra biletləri yoxlamağa başlayır.
Yaponlar danışarkən heç vaxt səslərini qaldırmaz və kimsə də bunu edəndə özlərinə qarşı təhqir hesab edərlər. Onların səbri və bir-birinə ehtiramla yanaşmaları qibtə olunası qədər gözəl bir haldir.
Bayaq qeyd etdiyim kimi, yaponlarda şərəf və ləyaqət qədim zamanlarda olduğu kimi indi də çox mühüm keyfiyyət sayılır. Xatırlayırsınızsa, keçmiş baş nazir Yukio Hatoyama seçkiqabağı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün özü könüllü surətdə istefaya getdi.
Yaponiyanın avtomobil yolları həqiqətən adamı heyrətə gətirir. Ancaq onların bəzi özəlliklərini bizə danışanda bu millətin əzminə və insanlara qayğısına daha çox heyrət etdik. Bizi müşayiət edən dostlarımız məlumat verdilər ki, Yaponiyanın şimal şəhərlərinə qar çox yağır. Ona görə də bu şəhərlərdə səkilər və küçələr qızdırılır ki, donmasın və bədbəxt hadisələr baş verməsin. Bu səbəbdən qarı təmizləməyə də ehtiyac qalmır.
Bilirsiniz ki, Yaponiya aktiv seysmik ərazidə yerləşir. Elə bir gün olmur ki, bu ölkədə hardasa zəlzələ baş verməsin. Ona görə də Yaponiyada insanların istifadə etdikləri bütün telefonlarda ekstrimal hallarda millətə xəbərdarlıq edən sistemlər quraşdırılıb. Elə ki hər hansı kataklizm baş verdi, bütün telefonlarda güclü səs siqnalı işə düşür, hətta telefon söndürülmüş vəziyyətdə olsa belə. Və dərhal telefona hadisə barədə məlumat gəlir və insanlara özlərini necə aparmağın qaydaları xatırladılır. Bax belə-belə işlər, əziz oxucular...
Ardı var
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!