Yaponiya - Günəşlə oyanıb yüksələn ölkə - Hüseynbala Mirələmov

Tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmov həm nəsr,  həm  dram, həm də publisistik  əsərlərin müəllifi kimi geniş oxucu kütləsinə yaxşı tanışdır. Onun publisistikasında müxtəlif ölkələrə səyahətlərlə bağlı təəssüratları özünəməxsus yer tutur. "Çində möhtəşəm on gün" və 2015-ci ildə rus dilində işıq üzü görmüş "Çin - dünyanın səkkizinci möcüzəsi" əsərləri ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanıb. Müəllifin Yunanıstan, Birləşmiş   Ərəb  Əmirlikləri,  Küveyt, qonşu Gürcüstan və s. ölkələrdən bəhs edən  yol qeydləri də bu qəbildəndir.  Yazıçı son dəfə Azərbaycan nümayəndə heyətinin  tərkibində Yaponiyada  olmuş və öz təəssüratlarını əhatəli şəkildə qələmə almışdır. H.Mirələmovun "Yaponiya - Günəşlə oyanıb yüksələn ölkə" adlı publisistik qeydlərini oxuculara təqdim edirik.

Əvvəli burada

* * *

İrəlidə samuraylar və onların əxlaq kodeksi barədə oxuculara daha ətraflı məlumat verməyə çalışacağam. Hələlik isə Yaponiyaya nümayəndə heyətimizin səfərindən bəhs etmək istəyirəm. Əvvəla, onu qeyd edim  ki, Cənub-Şərqi Asiyanın ən əsrarəngiz ölkəsi olan Yaponiya dünyanın ən çox həsəd aparılası ölkələrindən biridir. Hələ 4-5 il bundan əvvəl Çin Xalq Respublikasında 10 günlük səfərdə olanda diqqətimi Yaponiya haqqında eşitdiyim bir fikir cəlb etmişdi. Çinlilərə görə dünyaya günəş qonşu Yaponiyada doğur. Buna görə də Yaponiya, adətən, "Gündoğar ölkə" adlandırılır.

Yaponlar isə öz ölkələrinə "Günəşin yüksəldiyi yer" mənasında işlənən "Nihon" və ya "Nippon" deyirlər. Bu sözlərin bir anlamı da "günəşin mənşəyi" və ya "günəşin doğması" deməkdir.

Yaponiyanın qədim adı "Yamata"  olmuşdur. Bu ifadə  "Dağlılar ölkəsi" anlamını verir. Tokio şəhəri 1868-ci ildə ölkənin paytaxtı elan edilmişdir.  Bizim qaldığımız beşulduzlu "New Otani" oteli şəhərin 400 il bundan əvvəl  salınmış gözoxşayan füsunkar bir  bağında yerləşir. Burada 5 xətli metronun  Akasaka-Mitsuke  stansiyasına qədər olan məsafəni  piyada  səkkiz-doqquz dəqiqəyə  qət etmək olar...

Hər gün otelin  yerləşdiyi bu qədim bağı gəzər, nədənsə, Bakının Xətai rayonunda salınmış  "Yapon bağı"nı  xatırlayırdım.

 

Bakıda "Yapon bağı"

Nümayəndə heyətimizin, həm də Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2014-cü ilin iyun ayında Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları ilə birlikdə  Yaponiyada  olduğundan  söz açdı:

- İki il öncə biz burada  on günlük səfərdə olarkən Yaponiyanın yerli idarəetmə sistemi və şəhər təsərrüfatı ilə yaxından tanış olduq. Elə  o zaman Yaponiyada mövcud olan təcrübədən faydalanmaq və təbii ki, ikitərəfli əməkdaşlığı davam etdirmək məqsədilə iki ölkənin şəhərləri arasında qarşılıqlı dostluq münasibətlərinin yaradılmasını  müzakirə  etdik. Özümlə gətirdiyim  "Ağ şəhər" layihəsi, "Ana harayı" və  Xətai rayonu barədə nəşrləri yapon dostlarımıza təqdim etdim.

Tərkibinə Bakının Səbail, Suraxanı, Yasamal, eləcə də Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətləri  başçılarının daxil olduğu  nümayəndə heyətimiz turizm və mədəniyyət obyektləri ilə tanış oldu,  Yaponiyada  bir neçə şəhərin tarixi və görməli yerlərini ziyarət etdi. O vaxt nümayəndə heyətimizə  Azərbaycan Respublikası Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov  rəhbərlik edirdi.

Razim müəllim sözünə davam edərək dedi:

- Bakının Yasamal və Suraxanı rayonlarının rəhbərləri Tokio şəhərinin yaxınlığında yerləşən Yokohama şəhəri ilə dostluq etməyə hazır olduqlarını bildirdilər. Biz  isə  o zaman  rayonumuzun Kitakyuşu şəhəri ilə  dostluq və tərəfdaşlıq etmək haqqında yapon tərəfinə niyyət protokolunun layihəsini təqdim etdik.

...Az sonra yapon bağları və parklarının salınması ilə məşğul olan məşhur "Kosugi Zohen" şirkətinin  rəhbərliyi  Bakıya gəldi. Biz  birlikdə Ukrayna  meydanı yaxınlığında yerləşən, ulu öndərin adını daşıyan Heydər parkında Azərbaycan-Yaponiya dostluq  münasibətlərinin rəmzi  kimi "Yapon bağı"nın salınmasını  qərara  aldıq. 2015-ci ilin oktyabr ayında Azərbaycan Pespublikası Prezident Administrasiyasının nümayəndəsinin,  Yaponiyanın   ölkəmizdəki səfiri cənab  Tsuquo Takahaşinin və "Kosugi Zohen Co.LTD" şirkətinin  rəhbəri Saki  Kosuginin iştirakı  ilə  bu bağın təntənəli açılış  mərasimi  oldu...  Bax,  beləcə Azərbaycan-Yaponiya dostluq münasibətlərinin və regionlararası əməkdaşlığın davamı olaraq  biz Yaponiya Parlamentinin Müşavirlər  Palatasının üzvü xanım  Akiko Santodan bu ölkəyə  növbəti dəfə dəvət aldıq.

... 2016-cı il noyabrın 29-dur və  biz artıq Yaponiyadayıq. Nümayəndə heyətimizin Tokioda işgüzar səfərdə olması  elə ilk gündən  yaddaşımda  bir çox məqamlarla dərin  iz  buraxdı. Bu məramlardan  biri iki dost ölkə arasındakı əlaqələrin tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması  idi. Bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio Prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşmış  şəhər layihəsinin  müzakirəsində və əlaqələrin qurulmasında iştirakım  mənim səfər tarixçəmdə deyil, ictimai-siyasi fəaliyyətimdə də unudulmaz tarixi hadisələrdən birinə çevrildi.

Onu da qeyd edim ki,  Setaqaya Tokionun 23 Xüsusi rayonundan  ən  böyüyüdür, necə deyərələr, Tokioya pəncərədir. Ərazisi  58,08 kv.km, əhalisi 898 min  nəfərdir.

Səfərimizin  proqramına  uyğun olaraq, Razim Məmmədov başda olmaqla, nümayəndə heyətimiz Yaponiya hökumətinin, Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşərək işgüzar müzakirələr apardıq.

Yaddaqalan maraqlı görüşlərdən biri də nümayəndə heyətimizin Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı fəaliyyəti ilə tanışlıq oldu.

Demək olar ki, Razim Məmmədov bütün işgüzar görüşlərdə nümayəndə heyətimizin rəhbəri kimi ölkəmizin müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin rəhbərliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib-hazırlanması barədə  iştirakçılara ətraflı  məlumat verirdi.

Və belə ikitərəfli söhbətlərdə Razim müəllim vurğulayırdı ki, ulu öndər tərəfindən  bünövrəsi qoyulan strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirib.

Təbii ki,  bu gün  xalqımızı ən çox narahat edən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də erməni işğalçılarının Xocalıda törətdiyi soyqırımı faktı barədə yapon həmkarlarımıza ətraflı məlumat verdik və bu faciəyə həsr edilmiş abidənin məhz Xətai rayonu ərazisində yerləşdiyini xüsusi qeyd etdik. Xətai rayonunun beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirən Razim müəllim rayonun Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərində olduğunu  rəsmi tədbirlərdə iştirak edən yapon dostlarımızın diqqətinə çatdırdı.

Tarsus şəhərində Heydər Əliyevin adını daşıyan parkın və körpünün inşa edildiyini, abidəsinin ucaldıldığını qeyd edən Razim Məmmədov gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını  bildirdi.

Görüşlər zamanı Xətai rayonunda 2015-ci ildə "Kosugi Zohen Co.LTD" şirkəti tərəfindən salınmış "Yapon bağı"nın Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrildiyi də dilə gətirildi.

Milli Məclisin deputatı  və YAP Xətai rayon təşkilatının sədri  olaraq  mən də 2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyindən söbət açdım və  iki dövlət arasındakı dostluq əlaqələrinin xalqlarımız arasında da geniş vüsət tapmasının əhəmiyyətini qeyd etdim. Eyni zamanda bu əməkdaşlığın yeni imkanlar yaradacağına əminliyimi bildirərək, Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın  hakim partiyası - Liberal Demokratik Partiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılmasının vacibliyinə diqqət çəkdim. LDP-nin Xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü Kazunori Tanaka da 2015-ci ilin mayında ölkəmizə səfər etməsindən məmnunluğunu bildirərək, hakim partiyalar arasında yaranmış dostluq münasibətlərinin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd etdi. 

Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, LDP-nin  Xarici əlaqələr bürosunun baş direktorunun müavini Yasumasa  Naqasaka,  Xarici İşlər  Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya  və Qafqaz üzrə direktoru Seiikiro Takahaşi, "Kosugi Zohen Co. LTD" şirkətinin rəhbəri Saki Kosugi  və digər  şəxslər  ilə səmərəli  görüşlər keçirdik.

Oxucular  üçün maraqlı  olsun deyə qeyd edim  ki, dünyanın ən qədim şirkəti Konqo Gumi e.ə. 578-ci ildə Yaponiyada qurulmuşdur.

Nümayəndə  heyətimiz Yaponiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını nəzərə alaraq, yapon nümayəndələrinı, xüsusilə Setaqaya şəhərinin meri Nobuto Hosakanı Azərbaycana dəvət etdi.

Setaqaya şəhərinin meri Nobuto Hosaka Azərbaycanın ədalətsiz müharibəyə cəlb edilməsinə və ərazilərinin işğal olunmasına baxmayaraq, son illərdəki uğurlu inkişafından xəbərdar olduğunu bildirdi. O, Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğati işlərin aparılmasının əhəmiyyətini vurğuladı. Setaqaya şəhərində ekologiya məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd edən N.Hosaka Xətai rayonundakı "Ağ şəhər" layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını söylədi.

Yaponiya xarici işlər nazirinin müavini Motome Takizava ilə görüşdə o,  cari ilin, yəni 2016-cı ilin avqustunda Azərbaycana olan səfərindən böyük təəssüratlarla qayıtdığını qeyd etdi, ölkəmizdə ona göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirdi. Xüsusilə Prezident İlham Əliyevlə keçirilən görüşün əhəmiyyətini vurğulayan nazir müavini ölkəmizdəki inkişafın onda böyük heyrət doğurduğunu bildirdi.

Yaponiya Parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo Bakıda - Xətai rayonunda salınmış "Yapon bağı"nın qarşılıqlı dostluq münasibətlərinin inkişafına müsbət təsirini önə çəkdi və Azərbaycanda yapon mədəniyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi. Və  o da  öz  növbəsində iki dost ölkənin regionları arasında yeni münasibətlərin qurulması təşəbbüsünü alqışlayaraq bu istiqamətdə daim dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

Tokio prefekturasının qubernatorunun xarici əlaqələr üzrə müşaviri Hideaki Mizukoşi, Nazirlər Kabinetinin iqdisadi siyasət üzrə müşaviri Nideaki Okamoto və Yaponiya hökumətinin  Asiya, Cənubi Qafqaz  və GUAM ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Toşihiko Aiki Yaponiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirdilər. Səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə, Yaponiyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqinə yardım göstərmək üçün hazır olduqlarını qeyd etdilər.

Sonra "Kosugi Zohen Co.LTD" şirkətinin rəhbəri Saki Kosugi iki ölkə arasında dostluq və əməkdaşlığın daha da güclənməsi, uzunmüddətli tərəfdaşlığın qurulması istiqamətində səylərini əsirgəməyəcəyini  bəyan etdi. Şirkət dünyanın çox yerində - Almaniya və Cənubi Kiprdə də bağ salır. Dörd il əvvəl şirkət bağçılıq üzrə dünyada keçirilən müsabiqədə birinici yerə layiq görülüb. Saki Kosugi üçüncü nəsildir ki, bağçılıqla məşğuldur.

Onu da qeyd edim  ki, iki rayonun - Xətai və Setaqayanın qardaşlaşma təşəbbüsü  Yaponiyada görüşdüyümüz  bütün məsul şəxslər tərəfindən  yüksək qarşılandı və   alqışlandı.  Onlar  birmənalı  şəkildə bildirdilər ki, bu layihənin,  eləcə də  digər iqtisadi-mədəni əlaqələrin baş tutması üçün əllərindən gələni əsirgəməyəcəklər!

Yaponiyanın "Azərbaycan məmləkətində"
Bir az əvvələ qayıtmaq istəyirəm… Dohadan on iki saat yarımlıq yorucu yolçuluqdan sonra hava laynerimiz Yaponiyanın paytaxtı Tokionun Beynəlxalq Hava Limanına endi. Haneda köhnə sayılsa da, möhtəşəmliyinə və xidmətin səviyyəsinə görə dünyanın  dördüncü aeroportudur. Bizi qarşılamaq üçün gəlmiş Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadəni və səfirliyin digər əməkdaşlarını görəndə, qərib bir məmləkətdə qonaq olduğumuzu bir anlıq  unutduq. Səmimi görüş və isti münasibət uzun, usandırıcı  yolun yorğunluğunu da elə bil canımızdan çıxarmışdı.

Ətrafdakı yaşıllıqlardan gözümü çəkə bilmədiyimdən,  avtomobillə  yarım saatlıq yolu nə vaxt qət etdiyimizi belə duymadım.  Təyyarə nə qədər rahat olsa da, yol və uzun vaxt öz sözünü deyirdi.  Ona görə də hotelə çatan kimi hamı öz otağına çəkilib, az da olsa, yatmaq istəyirdi...

Səhər tezdən gündoğar ölkənin  paytaxtı  bütün gözəlliyi ilə nəzərlərimi ovsunladı. Elə ilk baxışdan  şəhərin  ideal təmizliyi  məni valeh etdi.  Küçələrdə nə insan səs-küyü, nə də maşınların fit səsləri eşidilirdi.  Hər tərəf, Yaponiyanın fəlsəfi  simvollarından hesab olunan, səliqə ilə əkilmiş sakura (bar verməyən albalı)  ağacları  ilə  süslənmişdi. Gündoğar ölkədə  müqəddəs sayılan  bu  bəzək ağacının  iki yüzdən  çox  növü var. Baharın müjdəçisi olmasına baxmayaraq, yapon ədəbiyyatında  sakura ölümlə  yaşamın vəhdətini  ifadə edir.

Əksliklərin vəhdəti qanunu və ya  fərqləndirici əlaməti kimi - Şimal və Cənub qütbləri,  ağ və qara,  yaxşı və pis,  həyat və  ölüm kimi... sakura  çiçəkləri  həm də yenidən doğuluşun simgəsidir. Samurayların həyat tərzini qəbul etmiş  yapon xalqı üçün  sakura çiçəkləri çox  böyük məna kəsb edir. Fevral ayından etibarən Yaponiyada sakura "fəsli" başlayır və çiçəyə bürünmüş albalı ağacları əsl cənnətməkanı xatırladır. Bu ecazkar ağaclar martın son həftəsi ilə aprelin ilk həftəsi  çiçəkləyir və Yaponiyada  məhz  bu dövr ən müqəddəs zaman sayılir. Yaponlar sakura ağacını ölkənin rəmzi, çiçəklərini isə qeyri-rəsmi gerbi hesab edirlər.

Onu da qeyd edim ki, sakura ağacları Azərbaycanda da gözəl yetişir və çiçək açır. Bakıda fəaliyyət göstərən "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi bu ilin aprelində "Sakura ağaclarının Azərbaycanda çiçəklənməsi" mövzusunda maraqlı tədbir keçirib. 2008-ci ildə Yaponiyadan gətirilən sakura tıngləri Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında əkilmiş və ötən müddət  ərzində bu ağaclara qayğı ilə qulluq olunmuşdur. Qeyd edək ki, bu ağaclar Azərbaycan və Yaponiya xalqları arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rəmzi olaraq körpü rolunu oynayır.

Gündoğan ölkədən gətirilən sakura ağaclarından iyirmisi Yaponiya səfirliyinin təklifi ilə Şirvan şəhərində orta məktəbin həyətində əkilib. Mərkəzi Nəbatat bağında sakura ağaclarından başqa, yapon əzgili, armudu, heyvası və çiçəkləri də var.

Sakuraların  çiçəklənmə  dövrü Gündoğar ölkəyə  turistlərin  ən  çox gəldiyi  dönəmdir. Yaponiyanın 11 şəhərində təşkil olunan  "Sakura zensen", yəni çiçəklərin açılması festivallarını seyr etmək üçün dünyanın hər yerindən bura gəlirlər. Sakura  çiçəklərinin budaqlarda qaldığı zamanın çox qısa olması yapon mədəniyyətində  həyatın gəldi-gedər olduğunu ifadə edir.

Sakura həm də bu ölkədə qadın adıdır. Yaponlar həyatlarındakı əhəmiyyətli başlanğıcları, evlənəcəkləri, yeni bir işə başlayacaqları  və tətilə çıxacaqları günləri sakuraya görə nizamlayırlar. Yəni albalı çiçəyi Yaponiyada tam bir fenomendir.  Mən  Tokioda  olduğumuz  müddətdə hər dəfə sakura ağaclarına rast gələndə düşünürdüm  ki,  kaş Yaponiyaya  növbəti səfərim bu ağacların çiçəklədikləri dövrə təsadüf edəydi.

Bu düşüncələr içində hoteldən  birbaşa Yaponiyadakı Azərbaycan "məmləkətinə", bu gündoğar ölkədə doğma vətənimizin bir parçası, qarşısında müqəddəs bayrağımız dalğalanan ölkəmizin səfirliyinə gəldik. Səmimi görüş zamanı Yaponiya ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirən səfir Gürsel İsmayılzadə xüsusi vurğuladı ki, Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi bir mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağı və buradan respublikamıza gedən turistlərin sayı da sürətlə artmaqdadır. Gürsel müəllimin  səfirliyin fəaliyyəti barədə nümayəndə heyətimizə verdiyi məlumat bir azərbaycanlı kimi bizdə çox xoş təəssürat oyatdı.

Nümayəndə heyətimizin rəhbəri Razim Məmmədov Yaponiyadakı səfirliyimizin fəaliyyətinin yüksək səviyyədə qurulduğundan məmnun qaldığımızı qeyd etdi və  bu ölkəyə səfərimizin təşkilində göstərdiyi köməyə görə səfirə təşəkkürümüzü bildirdi. Gürsel İsmayılzadə bizimlə söhbətdə  vurğuladı ki, nümayəndə heyətimizin bu səfəri və  qardaşlaşmış şəhərlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Tokioda  rəsmi görüşlərdən sonra şəhərlə tanış olduq. Həqiqətən, nəhəng, möhtəşəm şəhərdir - göydələnlər, yaşıllıqlar içində uyuyan imperator sarayı, "Kinzo" məhəlləsinin izdihamı, ticarət mərkəzləri, "Akixabara"nın zəngin elektronika mağazaları, qədim Budda məbədləri, 3-4 mərtəbəli yollar, yeraltı nəhəng ticarət və iaşə obyektləri, metronun labirint yolları, bir sözlə - şəhər altında şəhər adamda sözün əsl mənasında insan təfəkkürünün gücünə, yapon xalqının fədakarlığına xüsusi bir hörmət oyadırdı.

Tokioda olduğumuz günlərdə,  demək  olar ki, şəhərin görməli yerlərinə, bir qayda olaraq,  səfirliyin  əməkdaşları ilə  gedirdik.  Belə gəzintilərdə və Yaponiyanın hökumət nümayəndələri ilə görüşlərdə səfir Gürsel İsmayılzadə də  bizi  müşayiət edirdi.  Görüşlərdə və şəhərlə tanışlıq zamanı səfirin  və səfirliyin əməkdaşlarının yapon dilini mükəmməl  bilməsi  bizim  çox karımıza gəlirdi.

Açığı, səfirimizin həyat tarixçəsi də bizim üçün çox maraqlı oldu. İngilis, yapon, rus və ərəb dillərini mükəmməl bilən Gürsel Qüdrət oğlu İsmayılzadə 16 avqust 2011-ci ildə Azərbaycan  Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə ölkəmizin  Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qısa arayış: Gürsel İsmayılzadə 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimləri bölməsini fərqlənmə diplomu ilə bitirib. Bir il Azərbaycan Respublikası Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu ərəb ölkələrinin müasir tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi kimi çalışandan sonra 1993-cü il  iyulun 16-dan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsində III katib vəzifəsində çalışıb.

1996-cı ilin oktyabrından XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə gündoğar ölkəyə təhsil almağa ezam edilib. 1996-cı ilin oktyabrından 1997-ci ilin aprelinədək Tsukuba Universitetində  yapon dilini öyrəndikdən sonra tədqiqatçı kimi Tokionun Cyoçi Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub. 1998-2000-ci illərdə Cyoçi Universitetinin beynəlxalq əlaqələr fakültəsinin magistraturasında təhsil alıb, 2004-cü ildə isə Cyoçi Universitetində elmi fəaliyyətini davam etdirərək, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib.

Yaponiyada təhsil aldıqdan sonar o, 2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikinci (Şərq) ərazi idarəsinə birinci katib, 2005-ci ilin sentyabrında ölkəmizin Yaponiyadakı səfirliyinə birinci katib, 2006-cı il oktyabrın 2-də isə səfirliyin müşaviri vəzifələrinə təyin olunub. 2010-cu ilin yanvarından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikinci (Şərq) ərazi idarəsinin müşaviri, 2010-cu ilin mayından 2011-ci ilin avqustunadək nazirin katibliyinin müdiri, nazirin köməkçisi vəzifələrində çalışıb.

Sözün əsl mənasında hələ gənc, amma çox təcrübəli və təşəbbüskar olan səfirimiz Gürsel İsmayılzadənin dövlətimizin etimadını necə şərəflə doğrultduğu bizi sevindirməyə bilməzdi. Həm də tək onun yox, səfirliyin bütün əməkdaşlarının təşkilatçılıqları, ölkəmizi ləyaqətlə təmsil etmələri bizdə çox xoş təəssüratlar yaratdı. Təbii ki, səfərimizin sonunda biz onlara gördüyümüz diqqət və qayğıya, səmimi münasibətə görə minnətdarlıq və təşəkkürümüzü bildirməklə yanaşı, bu yüksək diplomatik xidmətlərini beləcə ləyaqətlə başa vurmaq arzumuzu da söylədik.

Ardı var


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!