NƏSİMİ... - Sayman Aruz - Beşpərdəli dramın üçüncü pərdəsi

Linkə keçid edin: http://edebiyyatqazeti.az/news/poeziya/3529-gunde-min-yol-merac-eyle-esq-ile-i-getirsin-dunyani-esqin-dile

Nəsimi Nəimi və müridlərin həbsindən xəbər tutur və şahın yanına getmək istəyir ki, onun müqabilində Nəimi və müridləri azad etsinlər. Şəms buna mane olmaq istəyir.

Şəms:

- Getmə, ey ruhum rəvanım, getmə, dur,

Aşiqi zarını nalan etmə, dur.

 

Zahidin zöhdü riyası, fitnəsi,

Dininin bətnində aşiq kinəsi,

 

Səni də bizdən alar mütləq, yəqin,

Aşiqə qarşı çıxarlar əqlü din.

 

Qoyma kim bu bağü bostanım sola,

Getmə, o sonu  ölüm dolu yola.

 

Eşqdir gər sən üçün məqsəd, Nəsim,

Məni seç sən özünə məbəd, Nəsim.

 

Get aman istə ki, sənsiz ey pirim,

Məbədəm mən, amma yoxdur zairim.

 

Ol dağam ki, yoxdu başında duman,

Əl-aman, ey dərdə dərman, əl-aman!

Nəsimi:

- Mən ki, həqqəm, mən ki, aşiqlər şahı,

Mən ki, Tanrı sirrinin üstürlabı.

 

Ölməzəm, həm laməkanam, lazaman,

İstəməm haşa ki, mən şahdan aman.

 

Həqqi, gər, kəssəydi şahın hökmü, kim,

İndiyə nə həqq qalardı, nə Nəsim.

 

Ol həqqəm ki, cariyəm bir su kimi,

Sariyəm cənnət qoxan ol bu kimi.

 

Alsalar gər cismimi sən qəm yemə,

Sənlədir ruhum, sən hicrandan demə.

 

Ey mənə məbdə, yəqin et məqsədə,

Zair axtarsan dönərsən mərqədə.

 

Aşiqin nə piri var, nə məbədi,

Aşiqin olmaz nə dinü mərqədi.

 

Din sevər mərqədləri, eşq, məqsədi,

Din sevər zairləri, eşq, məstlədi.

Şəms:

- Ey Nəsimi, həqq səninlə başlamır,

Getsən, amma həqq səninlə daşlanır.

 

Gər ənəlhəqsən o nahəqdən qorun,

Gər ki, mütləqsən o "mütləqdən" qorun.

 

Aşiqi zaram ki, sənsən mərhəmim,

Bircə sənsən bu cahanda həmdəmim.

 

Ey evim, ey aşiyanım, ey özüm,

Güzgüdən mənə baxan qəmli gözüm.

 

Ey ki, sirrim sözlərinlə çözülür,

Ey ki, dünyam gözlərinlə ölçülür.

 

Ey mənim mülküm, mənim şahım, Nəsim,

Alnımı qoymağa dərgahım Nəsim.

 

Ey ayağın basdığın yer səcdəgah,

Ey hamıya sən Nəsimi, mənə şah.

 

Rəhm elə, qıyma mənə bu hicranı,

Getmə, ey şəms, tarik etmə dünyanı.

 

Ey mənim çöhrəmdə "illa"nı görən,

Ey mənim gözümdə sən "la"nı görən.

 

Surətimdə sirətimin hərfi var,

Hansı ki, "kon"dan qalıbdır yadigar.

 

Surətimi çözginən, çoxdur hələ,

Sirlərimi surətimlə bir elə.

 

Ey qaşım qoy qurşağı, sən də yağış,

Yağmasan mən doğmaram, susma, danış!

 

Dodağınla nöqtə qoy sən sirlərə,

Yanağımı etmə məkan gövhərə.

Nəsimi:

- Ey canımın afəti, ey nuri-can,

Sirri həqsən, məndə olmuşsan nihan.

 

Cismi zarü, cismi bimarım mənim,

Mən qəmü, sən isə qəmxarım mənim.

 

Mən ki, külli kainata sığmazam,

Yoxdu bir gün kim namazın qılmazam.

 

Mən ki, həm həqqəm və həm həqqin piri,

Səndə buldum öz həqqimi, ey pəri.

 

Ruhumu ruhuna sən mehman elə,

Cismimi mən borcluyam, amma elə.

 

Mən deməzsəm, sən deməzsən, kim deyər,

Kim bu xalqın həqqini bəs söyləyər?

 

Gah molla, gah zahid, gah-gah

Gah mömin, gah da məmuri şah.

 

Dinü dövlət birləşibdir, ey pəri,

Xəlqin üstünə yeriyir ləşgəri.

 

Biri dinlə, digəri şəmşir ilə,

Zülm çıxıbdır pərdə üstündən zilə.

 

Kimsə gər ki, kökləməzsə pərdəni,

Dinü dövlət bərbad eylər bəndəni.

 

Pərdələr var sirlər üstündə, pəri,

Kökləməzsən aşkar etməz sirləri.

 

Pərdə torpaq, sirr də danə, eşq də su,

Su verərsən danə yırtar torpağı.

 

Şəmsi can ol, suyla birləş, ta ki, can,

Pay verək, dolsun cana külli-cahan.

Şəms:

- Xəlqin ollam, ölkən ollam, ey Nəsim,

Həqqin ollam, bəndən ollam, ey Nəsim.

 

Qal yanımda, etmə nalan Afəti,

Sənlə həqqəm, etmə yalan Afəti.

 

Bülbüləm mən, naləmi zar eyləmə,

Şəmsini zülmət yerə yar eyləmə.

 

Olmasa yer şəms olar ol şəm ki,

Yoxdur onun məst edən pərvanəsi.

 

Başıma dön ki, verim mən can sənə.

Sən də "kon" de, daxilindəki "mən"ə.

 

Yer də bir "mən"dir ki, onun "mən"i var.

O bizi var eyləyib, biz onu var.

 

Biz cahana sığımışıq, cahan bizə,

Sanki güzgü qoyulub önümüzə.

 

Cazibən qoymur uzağından keçəm.

Şəmsi canam, amma sənsiz bir heçəm,

 

Yandırıbdır canımı eşqin, sənəm,

Sənsən ol kəs ki, məni qoymur sönəm.

Nəsimi:

- Eşq, ey afət, böyükdür fərddən,

Kamil insanlar yaranar dərddən.

 

Dərd mülkü, dərd şahü, dərd ilah,

Yusifi dərd eylədi Kənana şah.

 

Qorxma qəmdən, qəmdir insan eyləyən,

İnsanı, "Allah"ü "Quran" eyləyən.

 

Tək sənin yox, cümlə afətlər üçün,

Söylədim əsrari bu dünyayi dun.

 

Xəlq aşiq, dünya məşuq, mən də şəm,

Nura doldurdum cahanı bişü kəm.

 

Üryan etdim eşqi də, məşuqu da,

Xəlqi də, xaliqi də, məxluqu da.

 

Mən ki, qaldırdım cahanın pərdəsin,

Aşkar etdim tanrıların nəsnəsin,

Mən ki, dedim insana "sən tanrısan",

Mən ki, verdim xəlqimə həqdən nişan,

 

De, necə indi geri dönüm, axı?

Ayrı etmə, afət, ətdən dırnağı...

Şəms:

- Xəlq özü öz haqqını yaxşı bilər,

Xəlq həqqi yox, məişət istəyər.

 

Xəlqin Allahı çörəkdir, ey Nəsim,

Kütlənin şahı, çörəkdir, ey Nəsim!

 

Aclıq olsa bu cahanda bircə ay,

Xəlq içində eşq olar iblisə tay.

 

Unudar xəlq aclıq olsa şahı da,

Unudar xəlq, eşqi də, Allahı da,

 

Sən ürək vermə, çörək ver, xəlqinə,

Xəlq inanar onda ənəlhəqqinə.   

Nəsimi:

- Eşq çörək vermir cahana, afətim,

Güc verir o cismü cana, afətim.

 

Su soruşmur dinini, imanını.

Heç təmənnasız dirildir canını,

 

Torpaq eşq ilə ucaldar buğdanı,

Heç çörək gördün soruşsun yar hanı?

 

Həm çörəkdir, həm çörək deyildir, o.

Həm ürəkdir, həm ürək deyildir, o.

 

O sənə təlim edir ki, ol çörək

Sonra da çörək içində ol ürək.

 

Çörək oldunsa soruşma yarını,

Ayrı etmə yarınü əğyarını.

 

Dəniz ol ki, qoy bulud yağsın sənə,

Durnalar geri qayıtsın ölkənə.

 

Daş daşı cəzb eyləyər, su da suyu,

Quyu Yusif idi, Yusif də quyu.

 

Cismin aclığı çəkər bir ay, fəqət,

Ruhun aclığı əzəldən ta əbəd.

 

Mən toxam, amma ki, ruhum acdır, ac,

Eşqdir ruhun yarasına əlac.

 

Aşiq olsa, aclığa sınmaz bu xəlq,

Arif olsa, şaha aldanmaz bu xəlq.

Şəms nə etsə də Nəsimini yolundan saxlaya bilmir. Şəms Nəsiminin ətəyindən yapışaraq getməsinə mane olmağa çalışır:

- Getmə, ey can, rəhm elə cananına,

Ya da ki, doldur məni öz canına.

 

Məni də apar özünlə, ey Nəsim,

Ey bu nakəs dünyada mənim kəsim.

 

Ək mənə öz eşqini, torpağ olum,

Dirçəlim qoy eşqin ilə dağ olum.

 

Ol mənə övlad, anan olum sənin,

Ol vətəndaş məndəki eşq ölkənin.

 

Ver mənə övlad, quraq evimizi,

Qoy ki, xoşbəxtlik də qısqansın bizi.

Nəsimi:

- Mən əsiri eşqəm, ey afət, burax,

Eşqi öyrən, eşqi dərk et, eşqə bax.

 

Mən təriqi eşqə düşdüm, bir kərə,

Çatmışam indi geri dönməzlərə...

 

Mənsur üçün dar mükafatdır, bəli,

Zahid üçün dar mücazatdır vəli.

 

Mən o Mənsuram ki, eşqin darına,

Gər çəkilsə çatar o dildarına.

 

Gər ki, əksəz torpağa bir danə siz,

Heç nə əksilməz ki, torpaqdan, əziz.

 

Can verər o danəyə ki, can olar,

Can dolar o danəyə, canan olar.

Canını verdikcə torpaq, çoxalar,

Verməsə küləklə birgə yox olar.

 

Mən də canı verməsəm, can olmaram,

Sud yolunda keçməsəm, qan olmaram.

 

Anadır eşqim mənə, xəlq övladım,

Dünyadır evim mənim, həqqdir adım.

Şəms:

- Ey Nəsimi, eşq bilirdim mən səni,

Mən gəmiydim, sən gəminin yelkəni.

 

Aşiq idim mən sənə, sənsə həqqə,

Mən sənə qail, sən isə mütləqə.

 

Yelkən olmazsa, gəmi yolun azar,

Yusif ancaq yuxunu doğru yozar.

 

Mən ki, simurğam, Qaf ol sən də mənə,

Vəhdətim bağlıdır ey Nəsim, sənə.

 

Etmə saçımı pərişan, ey Nəsim,

Vəhdətimi eylə dərman, ey həkim!

Nəsimi:

- Eşq dünyada nə var mənasıdır,

Can deyil, amma canın məvasıdır.

 

Nuri həqdir, o, vücudun sirridir,

Hamı azadlar onun əsiridir.

 

Xəlq olur "insani mütləq", eşqdə

İsmi əzəmdir "ənəlhəqq", eşqdə.

 

Biz yoxuq, yox, eşq vardır, eşq, var,

Eşq ilə Allah olur insana yar.

 

Mərifət sahibi ol eşq ilə sən,

Qaçmaq olmaz, qaçmaq olmaz  eşqdən.

 

Nadan olsan bərbad eylər eşq də,

Agah ol ki, azad ol sən eşqdə.         

Şəms:

- Ey Nəsimi, hicr ağırdır, dözüm  az,

Qəm dərindir, kaseyi-səbrim dayaz.

Nəsimi:

- Hicr yoxdur bu cahanda, afətim.

Birdir indi ayrılıqla vəslətim.

 

Vəsldir dünya sərasər, vəsldir.

Ta əzəldən vasil olmaq əsldir.

 

Darü dünya qiblədir aşiqlərə.

Dar nədir ki, pillədir aşiqlərə

 

Pillə-pillə böyüyür cismində can,

Cisminə sığmır olur külli cahan.

 

Ruhumuzla, canımızla, dünyamız,

Güzgütək, sanki qoyulmuş üzbəüz.

 

Hər cahanın daxilində bir cahan,

Vardı ki, onu çoxaldır bigüman.

 

Mən o canın güzgüsündə bir həqəm,

Mən də güzgü vardı ki, mən mütləqəm.

 

Mütləq ol kəsdir ki, ruhu güzgüdür,

Aşiqin cismindəki su güzgüdür.

 

Gər çoxalsa güzgülər bu dünyada,

Cism olar ruh dəryasında bir ada.

 

Güzgülər dünyasıdır dünya, əziz,

Yoxsa qalmaz kimsədən dünyada iz.

 

Çeşmətək dəryaya sarı qoy gedim,

Getməyimlə qalmağı təbliğ edim. 

 

Su durarsa iylənər, məsmum olar,

Su gedərsə çeşməvü dərya dolar.

 

Dünya gəldir, dünya getdir, dünya can,

İylənər, gər, canı alsan dünyadan.

 

Getməsəm, gər, arifu aşiqlərə,

Zülm edərlər, bigüman, nahəq yerə.

Nəsimi Şəmsi tərk edib, özünü şaha təslim etməyə gedir…

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!