Beşpərdəli dramın dördüncü pərdəsi
Şah və Nəsiminin münazirəsi
Şahın sarayı:
Nəsimi şahın sarayındadır. Şah, zahid və zahidin bir neçə məsləkdaşı da oradadırlar. Zahid Nəsimini görən kimi deyir:
- Bax, budur ol kafiri-bidin, şahım!
Sonra da əllərini göyə qaldırıb:
- Azad eylə xəlqi bundan, Allahım! - deyir.
Şah əli ilə işarə edir ki, zahid və mollalar sussunlar. Sonra da Nəsiminin nimdaş geyiminə və kəmərindəki taxta qılınca baxıb deyir:
- Ey qılıncı taxta, ey miskin adam,
Ey gəda, bu dünyada, bidin adam,
Sənmisən dəviyi-Allahlıq edən?
Xəlqimin ruhuna padşahlıq edən?
Nəsimi bir addım irəli gedib deyir:
- Mən ənəlhəqq söylədim, çünki həqqəm,
Nə şaham, nə Allaham, mən mütləqəm.
Mütləq ol kəsdir ki, o, pərvanədir,
Qudrətə, qəhharlığa biganədir.
Mütləq ol kəsdir ki, o, Allah deyil,
Bəndəvü, mollavü, nə padşah deyil.
Mütləq ol kəsdir ki, dünya ondadır,
Təkdir, amma mində, o, milyondadır.
Mütləq ol kəsdir ki, hakimdir "mən"ə,
"Mən"di məndən yol açır, ey şah, sənə.
Hər "mən" oxşar bir suyun damlasına,
Birləşərsə qovuşar dəryasına.
Mən varam ki, vardır O bu dünyada,
Olmasam olmaz nə O, nə dünya da.
"Və nəfəxtü fihi min ruhi" mənəm,
İnsanın həm cismü, həm ruhu mənəm.
Olmasa, gər, dünyada insan, şahım,
Nə din olmaz, nə də ki, iman, şahım.
Torpağın, ya dağların Allahı yox,
Tülkünün nə ölkəsi, nə şahı yox.
Biz yaratdıq, biz yaratdıq həqqi, biz,
Biz yaratdıq, həm də qırdıq xəlqi, biz.
Şah:
- Ey Nəsimi, biz yaratdıq dünyanı,
Bəli, amma biz də qatdıq dünyanı.
Doğru bildi hər kəs öz əfkarını,
Öz qılıncın, öz mənin, öz yarını.
Parçalandı dünya, paylandı cahan,
Hər kəs öz səhmin götürdü dünyadan.
Qurdu hər kəs öz evin, öz dövlətin,
Olmasaydı din, yeyərdik dost ətin.
Zahid davam edir:
- Doymadı kimsə özünün payına,
Özgəni qoydu özünün yayına.
Nəsimi:
- Kimsə tapsa gər özündə həqqini,
Gər, yaratsa öz içində xəlqini.
Dikməz o göz kimsənin də həqqinə,
Allah olar öz ruhunun xəlqinə.
Məndəki həqq, ya da ki, mollada həqq,
Eynidir, amma misali həqlü xəlq.
Biri nayü ney kimi həqdən deyər,
Vəhdətü, insani mütləqdən deyər.
Digəri xəlqdən deyər xaliq kimi,
Xəlqin üstündə qılınc eylər dini.
Din nədir ki, mehribanlıq, mərifət,
Şahıdır dünyanın eşqü mərhəmət.
Dəxli yoxdur dövlətə dinin, vəli,
Aşiqi molla edir şah düşməni.
Şah əlilə dininə dövlət qurur,
Xəlqi həm Allahdan, həm şahdan yorur.
Allahı molladan almaqdır işim,
Xəlqimi Allahla qurmaqdır işim.
Xəlqin Allahı onun əndişəsi,
Mollanın, amma riyadır pişəsi.
Şah:
- Ey Nəsimi, haqlısan, hər kəs bilir,
Amma həqqin bir ucu nahəqdədir.
Həqqə xaliq, həqqə xəlq lazimdi, bil,
Amma xəlqə sirri-həqq lazım deyil.
Mən çörək verdim bu xəlqə, həqq mənəm,
Mən qılıncı icad etmiş həqdənəm.
Xəlq içində fəhlə çoxdur, alim az,
Öz ruhuna özgə çoxdur, hakim az.
Sirri açma, sən "ənəlhəqq" söyləmə,
Cahilə sən həqqü nahəqdən demə.
Cəhldir insan içinin Allahı,
Mən şaham, amma ki, cahillər şahı.
Olmasa gər məndəki qamçı, qılınc,
Ləşgəri cəhlə gələnməz kimsə güc.
Ta əzəldən şah yaratdı mollanı,
Necə ki, Allah yaratdı dünyanı.
Mən yaratdım, mollanı çaşdırmağa,
Din ilə şaha cığır açdırmağa.
Mollanın Allahı şahın surəti,
Şahdan alır mollalar bu cürəti.
Nəsimi:
- Səndəki həqq yox, qılıncın həqqidir,
Xəlqi də qamçı, qılıncın xəlqidir.
Səndəki həqq qətlə fərman söyləyər,
Məndəki həqq, külli-insan söyləyər.
O can almaz, can verər insanlara,
Öz içində çevrilər insan yara.
Kütləni cahil edən də dindi, din,
Aqil olmaz dinlə əsla insü-cin.
Aqil insan güzgüdən şah axtarar,
Kamil insan kamil Allah axtarar.
Sirrimi mən açmadım cahillərə,
Söylədim mən sirrimi aqillərə.
Eşq ilə aqil olanlar mənlədir,
Din ilə cahil olanlar sənlədir.
Saxladın sən xəlqi qorxaq, xəlqi kor,
At qılıncı, get həqiqi xəlqi gör.
Qorxmasa xəlq, şahı eylərmi qəbul?
Qorxmasa, Allahı eylərmi qəbul?
Mən qılıncım taxtadır, amma şaham,
Mollasız, əmmaməsiz bir Allaham.
Mən həqiqətçün açılan pəncərə,
Xəlqə "həqsən" - söyləyən bir həncərə.
Kimsə, gər ki, təlim etsə xəlq üçün,
Hər bir insan bir məsciddir həqq üçün.
Şah:
- Cahilindir, ey Nəsimi, din əgər,
Bəs nədəndir din də həqdən söyləyər?
Olmasa, gər, dini qanunlar axı,
Kimsə saymaz nə şahı, nə Allahı.
Üsyan eylər xəlq xəlqə, həqq həqqə,
Kimsə çatmaz sən dediyin mütləqə.
Nəsimi:
- Küfrü də insan yaratdı, dini də,
Cəbraili, Əzraili, cinni də.
İnsanın zəfi yaratdı Allahı,
İnsanın ruhundadır insan şahı.
"Quran" Allahın kəlamı olsa da,
İnsan ilə həm var oldu dünyada.
Hər bir insan bir məsciddir, pirdir,
Aşiq insan Allaha təfsirdir.
Quran insanın sözüdür insana,
Bu baxışdan beyət et sən "Quran"a.
Gördüyün o dağ, o daş, ey şah, bil,
Allaha, peyğəmbərə möhtac deyil.
Sağlam olsa - danəni əksən, bitər,
Fasid olsa - bağbanın həqqi itər.
Danə dərman eyləyə bilməz özün,
Oxusan da danəyə "Quran" sözün.
Ya ki, Allahdan danışsan danəyə,
Çevrilərmi zairi-meyxanəyə?
Hansı ağac Məkkənin fərqindədir?
Hansı heyvan hacılıq dərdindədir?
Hansı daşın möhrü var, təsbehi var?
Gündə beş yol hansı quş namaz qılar?
Məqsədi həm Allahın, həm "Quran"ın,
İnsanındır, insanındır, insanın.
Allahı məhbus ediblər Məkkədə,
Məscid insanın içində, Məkkə də.
Hər kəsin məbudu öz qəlbindədir,
Aşiq insanlar bunun fərqindədir.
Eşq zəfi məhv edir insanda, şah,
Yazılıb bu dediyim "Quran"da, şah.
Zahid söhbətə müdaxilə edir:
- Vay-aman, ey şah, susubsan nədən?
Getdi dinü, getdi iman ölkədən.
Allahı insan yaratdı - söyləyir,
"Quran" insanın sözüdür, o deyir.
Bunu xəlqə təlim etsə, əlhəzər!
Minbərü əmmamələr əldən gedər.
Allahın ordusuyuq biz mollalar,
Dünyanın hər bir yerində molla var.
Həm müsəlman, həm məsihi, həm cuhud
Arxasında mollanın eylər sücud.
Mollasız xalq yolun azar dünyada,
O, çobansız bir sürüdür səhrada.
Olmasa dinin ağacı, gər, şahım,
Saxlamaq olmaz toxu, acı, şahım.
Həqqi versək gər çörək tək məllətə,
Həqq əlilə məhkum olluq zillətə.
Şah:
- Ey Nəsimi, sən də həqsən, mən də həqq,
Səndə həqdir, onda həqdir, məndə həqq.
Hamı həqdir, yaxşı, bildik, amma ki,
Bu qədər bəs xəlqdə fəhşa nədi?
Bəs bu qatillər, bu canilər necə?
Həqdilərmi? Yox, deyillər sadəcə.
Şah həqdir, xəlq həqqin pərvanəsi,
Şah bütdür, ölkə də bütxanəsi.
Necə ki, şəm bir olar, pərvanə çox,
Həqq də birdir, ol həqqə divanə çox.
Hər kəs həqqin aşiqidir dünyada,
Həm müridi, həm piridir dünyada.
Amma həqqə çatmaq olmaz, mütləqən,
Yağı suya qatmaq olmaz, mütləqən.
Qan axar çaydan, cahan batar yasa,
Şah qılıncı, din ağacı olmasa.
Nəsimi:
- Eşq ilə gər təlim etsək xəlqi biz,
Eşq ilə gər təbliğ etsək həqqi biz,
Qalmaz əsla dünyada cəngü cədəl,
Eşq olar bu dünyada dinə bədəl.
Nə cinayət, nə yalan, nə kin qalar,
Kafirü, dindarü, nə bidin qalar.
Aşiqanə, gər, baxarsan insana,
Çöhrəsində bəslənərsən irfana.
Sözləri zər, gözləri dərya bizik,
Həm bu dünya, həm də mafiha bizik.
İnsana, gər, aşiq olsan, şahsan.
"Quran"ı təlim edən Allahsan.
Həm nəbin var, həm imanın, həm pərin,
Sirri saxlar, sirri söylər ləblərin.
İnsanı kafir görən, nahəqq görən,
Dərki olmaz qilü-qali xəlqdən.
İnsanın Allahlığı eşq ilədir,
Yoxsa fərqi bir himar ilə nədir?
Hər ikisi boy atar, hündürlənər,
Yükü eşşək, eşqi də insan çəkər.
Ay gecəni eşq ilə nurlandırır,
Dünyanı eşq ilə şəms canlandırır.
Eşq olsa xəlq içində, xəlq var.
Olmasa gər xəlq olar ibni-himar.
Şahü molla xəlqi cahil istəyər,
Eşqü irfan xəlqi aqil istəyər.
Mənsə xəlqə söylərəm bi kafü nun
Öz itin ol, öz çobanın, ey qoyun!
Aşiq ol ki, mənadır eşqin sənə,
Məşuq ol ki, dünya dönsün eşqinə.
Aşiqü, məşuqə, ey Allah adam!
Ey əmirü, bəndəvü, padşah adam.
Gündə min yol merac eylə eşq ilə,
Ki, gətirsin dünyanı eşqin dilə.
Tap bu dünyanın dilin, Allahı ol,
Şahı ol öz təqdirinin, şahı ol.
Şah:
- Ey Nəsimi, bir sualım var: de ki,
Xəlq əgər aşiq olarsa sən təki,
Sayları hər gün çoxalsa durmadan,
İstəsə, gər, karvana bir sariban,
Kim olar ol karvanın baş rəhbəri?
Kim şahı, kim Allahı, ya kim piri?
Nəsimi ləhnini dəyişərək deyir:
- Eşq rəhbər, eşq mövla, eşq pir,
Karvanın baş saribanı eşqdir.
Şah:
- Mənadır eşq, adəm oğluysa məcaz,
Bu məcazçün bir məcaz vardır niyaz.
Sən ənəlhəqq söyləyən bir şahsan,
Həm müridü, mürşidü Allahsan.
İşdi, birdən istəsə xəlqin səni,
Səndə qurmaq istəsə həqq ölkəni,
Səndəki taxta qılınc olsa dəmir,
Bəndə olsan ol dəmirə, o əmir,
Şah olarsan xəlqinə?
Nəsimi:
- Yox, olmaram.
Mən nəsiməm, hirsü aza dolmaram.
Olmaram piri təriqət, sonra da,
Bir yeni din tüğyan etsin, dünyada.
Mən nəsiməm, sözü deyib, köçərəm,
Düzü söylər, düzü deyib, keçərəm.
Mən ağacdan ağacan çatan səsəm,
Eşqim ümumi, özümsə bikəsaəm.
Ol səbəbdən taxtadır şəmşirim, ey,
Kibrü kini laxladır təfsirim, ey.
Mən nəsiməm, təxtım eşqdır, tacım eşq,
Məsti eşqəm, dərdim eşq, əlacım eşq.
Varsa gər eşq, mən varam, bu dünya da,
Mən varamsa, eşq də vardır dünyada.
Şah:
- Ey Nəsimi, iki yol var, seç birin,
Özün eylə öz yuxunun təbirin.
Tövbə et, ya at bu eşq əfkarını,
Xəlqə birləş, xəlqə bağla varını.
Çək bu irfanü bu cadudan ayaq,
Get yaşa, fəhlə sayaq, molla sayaq.
Ya da ki, dara çəkil Mənsurtək,
Gura ovlan sən də Bəhram Gurtək.
İndi kəsməzsəm əgər başın sənin,
Başıma fitva verər başın sənin.
Sən də bir gün bir təriqət şahıtək,
Arifü aşiqlərin Allahıtək,
Ölkə qurmaq istəyərsən xəlqinə,
Nöqtə qoymaq istəyərsən həlqinə.
Vay o gündən, ey Nəsimi, əlhəzər,
Bir yeni din doğula, bir yeni şər.
Mən qılıncla eylədim ol işi kim,
Etmədi heç bir nəbi, heç bir həkim.
Min rəsulun dini bir qamçı qədər,
Hökmü yox, eylə sözü müxtəsər.
Nəsimi:
- Eşqdən heç eylərəmmi tövbə mən?
Tövbə etdim bir kərə mən tövbədən.
İnsan özünü necə inkar edər?
İsa iblisi necə iqrar edər?
Ol oxam ki, çıxmışam yaydan yoxa,
Hara dəysəm də hədəfdir mən oxa.
Nə nəbiyəm, nə imamam, nə rəsul,
Aşiqəm mən, et bunu məndən qəbul.
Birləşə, gər, min qılınc, min bir əmir,
Məğlub olmaz eşq həmişə yüksəlir.
Ol şəməm ki, əriyib bitsəm belə,
Kəpənəklər yaşadar dildən-dilə.
Ol dağam ki, ərimir başında qar,
Ol bağam ki, bülbülün könlündə var.
Ol Süleymanam ki, dilim can dili,
Gül həqiqətdir mən onun bülbülü.
Ol suyam ki, abi heyvandır təbim,
Xızr tək dünyayla vardır ülfətim.
Çarmıxa İsa ilə qalxan mənəm.
Nahəqqin şəmşirinə qalxan mənəm.
Məni görmək istəyərsən Qafa gəl,
Bisutunu Fərhadın şövqilə dəl.
Leyla ol, divanə et məcnunları.
Nöqtədir həqq, mən də onun pərgarı.
Ölməzəm mən, cavidanam, cavidan,
Ölsə də cism, ruh getməz dünyadan.
Gər, sınarsam daş əlilə güzgü var,
Hər tikəmdən bir yeni güzgü doğar.
Zahid:
- Dünyada bircə odur ki, ölməyir,
Ağlamayır, sızlamayır, gülməyir.
Doğmayıb o, doğmayır heç kimsəni,
Həqq deyilsən, çün doğur güzgü səni.
Şah:
- Bir zamanda, bir qazanda, ey naşı,
Qaynamaz biz tək iki qoçun başı.
Tövbə et, ya öl ki, bitsin bu əzab,
Olginan rəflərdə bir qəmli kitab.
Nəsimi:
- Həqq doğuldu bu cahanda eşq ilən,
Tövbə etməm, tövbə etməm eşqdən.
Onsuz hər kəs öləcək bu dünyada,
İndi, ya da bir neçə ildən sora.
Azad ölmək, aşiq ölməkdir deyə,
Layiq olmur hər kəs azad ölməyə.
Cəllada de, parçalasın cismimi,
Doğrasın cismimdəki ol tilsimi.
Hissə-hissə, damla-damla, çox, ya az,
Pay aparsın məndən hər aşiq bir az.
Surəti cananda "la"yam, "illa"yam,
Mən cəhalət zülmətində bir Ayam.
Dərimi soy, üstünə çəksin cahan,
Qolumu kəs, əlin üzsün dünyadan.
Canımım əli canın əlindədir.
Cismim, amma dünyanın əlindədir.
Kəs qıçımı, bilsin aşiqlər bunu,
Qalmaq ilə olmaz eşqin oyunu.
Məqsədin yoldur, ey aşiq, durma get,
Məscidü meyxanələr uydurma, get.
Sonra yandır ver nəsimə külümü,
Torpağa tapşırmaginan ölümü.
Çünki mən canam, məzarı neylərəm?
Mən özüm yaram, nigarı neylərəm?
Qoy Nəsimi eşqini yaysın nəsim,
Bikəsəm, qoy hər nə var olsun kəsim.
Buğda əksən torpağa buğda verər,
Nəsimə əksən, sənə dünya verər.
Şah Nəsimiyə deyir:
- Son vəsiyyət, son sözünü dinlədim,
Amma, ancaq məqsədini bilmədim.
Kim verər öz qətlinə fərman, axı,
Eyləməz öz dərdinə dərman, axı?
Sonra da mirzəyə deyir:
- Hökm verdim, yazgınan, bi-bişü kəm,
Ki, Nəsimi edam olsun sübhdən.
Zahid şaha deyir:
- Bəs müridlər?
Şah:
- Onların da növbəsi əlbət gələr,
Danə meyvə olmayınca kim dərər?
Zahid:
- Damdan ataq, yoxsa ki, dara çəkək?
Söylə, şahım, de, necə edam edək?
Şah deyir:
- Çəksin üç gün edamı, birinci gün,
Dərisin soysun de ki, cəllad onun.
Zahid başı ilə mirzəyə işarə edir ki, yazsın:
- Dərisin soysun de, cəllad...
Sonra da şaha deyir:
- Bəs ikinci?
Şah:
- Kafirin bir-bir çəkilsin dırnağı,
Sonra da kəsilsin əli-ayağı.
Zahid mirzəyə:
- Sonra da kəsilsin əli, ayağı
Sonra da şaha deyir:
- Bəs üçüncü?
Şah:
- Yandırın bu kafiri, üçüncü gün,
Sonra da tüm ölkəyə səpin külün.
Zahid mirzəyə:
- Yandırın bu kafiri...
Şah:
- Qoy şaha qarşı çıxan,
Zahid mirzəyə:
- Allaha qarşı çıxan,
Şah:
- Varsa əgər,
Dərs alsın, varsa əqli müxtəsər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!