Pirayə xanıma
Qaranlıqda
gümüşü gövdəsi
qırmızıya çalan bir
baltabaş düşmən torpedosudu
və
bir də
dalğaların üstündə
yırğalanaq
alov-alov yanan
Şaban Rəisin beş tonluq
yelkənli sahil gəmisi...
Dənizə
pərçimlənmiş qayalığın
lap təpəsində
yanan fənərin
iyirmi mil uzaqlığında,
gecənin qaranlığında
şahə qalxan
dalğaların hər biri
bir minarə boydadı
və
bu minarələr
hər həmlədə
köpük-köpük,
muncuq-muncuq
dağılırlar.
Poyraz küləyi,
bəlkə də,
heç vaxt
bu qədər sərt olmayıb -
soyuq iliyə işləyir.
Əsirləri götürüb,
qeyb oldu
düşmən torpedosu.
Şaban Rəisin
beş tonluq
yelkənli sahil gəmisi
alov almış
qızıl bir dirək kimi
gömüldü suya.
Arxavəli İsmayıl,
bir az əvvəl,
bu batan
gəmidə idi
və
indi
kiçik bir qayıqla
apardığı əmanəti
yerbəyer edirdi.
Yalnız deyildi -
rüzgarla danışırdı,
buludla danışırdı,
dalğalarla danışırdı...
Arxavəli İsmayıl
öz-özündən soruşdu:
- Əmanətimizlə
mənzil başına
vara biləcəyikmi?
Öz-özünə
cavab verdi:
- Varmasaq olmaz.
Gecə
Topxana limanında
silah düzəldən
Bəkir usta ona:
- Övladım, İsmayıl, - dedi,
bu
sənə əmanətdi,
başqa kimsəyə yox...
Və
dənizə
pərçimlənmiş qayalığın
lap təpəsində
yanan fənərin işığı
gəminin yelkəninə
düşəndə,
Arxavəli İsmayıl
Saban Rəisə dedi:
- Bizi gördülər,
nə olur-olsun,
əmanəti sahibinə
çatdırmalıyam.
Və
izn alıb,
atlandı kiçicik
bir qayığa.
Nə demiş yəhudi?
Allah - böyük,
qayıq - kiçikdi.
Arxavəli İsmayılı
qəfildən bir dalğa vurdu,
ardından
bir dalğa daha,
ardından
üç dalğa daha...
Və
dənizi tanımaqda
bıçaq atmaq qədər
usta olmasaydı,
sularda qərq olacaqdı.
Rüzgar
heç vaxt
əsmədiyi kimi əsir,
düz qarşıda
işıq görünür -
qırmızı bir damla kimi:
yəqin,
Sevastopola gedən
bir gəminin
bayrağını işıqladan fənərdir bu.
Arxavəli İsmayıl,
qolları yorulsa da,
inadla çəkir kürəkləri -
içi rahatdır -
ağlında mübarizədən
və
əmanətdən başqa
heç nə yoxdur.
Əmanət -
bir əl pulemyotudur!
Və
Arxavəli İsmayıl
liman polislərinin
gözlərindən yayındıra bilsə,
aparıb,
Ankarada
Mustafa Kamal paşaya
verəcəkdir.
Rüzgar
get-gedə şiddətlənir,
bəlkə də,
qara yelə dönəcək.
Ən azı,
on beş mil uzaqdadır
ən yaxın sahil.
Fəqət
Arxavəli İsmayıl
əllərinin gücünə güvənir -
o əllər
sükanın ən yekəsini,
kürəklərin ən ağırını,
çörəyi
və
Kəməraltında
Fotikanın məmələrini
eyni əminliklə xışmalamışdı.
Rüzgar qara yelə dönmədi.
Bir anda
bütün ipləri
bıçaqla kəsilmiş kimi
səngidi.
Arxavəli İsmayıl
bunu gözləmirdi.
Dalğalar
bir müddət
qayığı yırğaladıqdan
sonra
quzuya döndülər.
Dənizin üstü
şüşə kimi dümdüz
və simsiyah oldu.
Arxavəli İsmayıl
çaşqın halda
buraxdı kürəkləri -
nə qorxunc şey imiş
birdən-birə
mübarizədən qopmaq,
içində
tuhaf bir ürpənti duydu
və
bir balıq kimi ürkdü -
bir qayıq,
iki kürək,
durğun, ölü bir dəniz
şəklində gördü yalnızlığı.
Və
birdən-birə
itirdi səmti...
Özünə küfr etdi.
Sonra
əyilib oxşadı
mübarək əmanəti,
sonra
məlum olmadı
Arxavəli İsmayılın aqibəti..."
Baş aşpaz Mahmud Aşər
iri əllərinin
arxası ilə
ovuşdurub gözlərini
dedi:
- Mən
bu Arxavəli İsmayılı
tanıyıram, yavrum.
- Nə danışırsan, usta!
Həqiqətdə
Arxavəli İsmayıl adında
bir adam olmayıb,
bu oxuduğum nağıldır.
Baş aşpaz
Mahmud Aşər qızdı:
- Haşa de, yavrum,
nağıl nədi,
bu dastandı, dastan!
Koroğlu da yaşamayıb?
Tahirlə Zöhrə də yalandı?
Həm də
mən tanıyıram
Arxavəli İsmayılı
dedim.
Amma
iyirmi ildir görməmişəm,
bəlkə də, ölüb,
kişi adam idi.
Baş aşbaz
Mahmud Aşər susdu.
Vaqon-restorandakılara -
şüşəli bölmənin
arxasındakılara baxırdı
qarson Mustafa
və
hirsindən
dişi bağırsağını kəsirdi.
Baş aşbaz
Mahmud Aşər
təkrar dedi:
- Amma
haqlısan, yavrum,
nağıl oldu Arxavəli İsmayıl.
Əski zamanlar
nağıl oldu daha.
O günlər ayrı,
bu günlər ayrı.
O günün adamları,
yavrum,
bir başqa cürdü,
bir başqa cürdü
yavrum,
bu günün adamları.
Mənə bax,
müharibədən də
heç yazırmı bu?
- Yazır.
- Eləsə,
İnönü savaşından da
bəhs edirmi?
- Edir.
- Mən oldum orda.
Sonradan
o savaşa
Birinci İnönü
savaşı dedilər.
Qarson Mustafa
heyrətlə soruşdu:
- Sən də
müharibədə
olmusan demək.
- Olmuşam, əlbəttə.
Özü də
İnönü meydan savaşında,
yavrum.
Soyuq külək
insanı arı kimi sancırdı.
Deyək ki,
qara qış bitdi,
yaz başladı,
ya başlayacaq.
Müharibə
beş gün, beş gecə sürdü.
Qan gölündə üzdük.
Və
axırda gavurlar
top arabalarını,
konyak dolu sandıqlarını
qarın üstündə qoyub qaçdılar.
Sonra
qaçarkən, yavrum...
Bizmi qaçdıq,
onlarmı,
çox da bəlli olmadı heç...
Fəqət
onlar qaçarkən
kəndləri və körpüləri
yandırdılar.
Baş aşpaz
Mahmud Aşər -
inqilabçı,
yeni mətbəximizin "neo-klassik" tipi
birdən-birə
qarson Mustafanın gözünə
tamam başqa
bir adam kimi göründü,
burnunun formasına qədər hətta.
Və
bəyaz qalpağı da
sanki
birdən-birə qeyb oldu.
Baş aşpaz
Mahmud Aşər
Qarson Mustafadan soruşdu:
- Kimdən aldın bu yazını?
- Qardaşımdan.
- Bu dastanı yazan dustağı
qardaşın tanıyırmı?
- Dostdular.
Bir gün
mən də getdim ziyarətinə.
- Kimin?
Həbsdəki şairinmi?
- Bəli.
- Sənin qardaşın nə iş görür?
- Heç nə... Fəhləlik edir...
Çovğunda
qapqara bir qatar
aparır insanları,
qaranlıq qarışıq.
Yağış qamçılayır
mavi şüşələri,
damlalar
ip kimi enir
göy üzündən.
Qarson Mustafa
başladı dastanın
ardını oxumağa:
- 1923-cü ilin
iyirmi üç may günü
birinci,
sonra ikinci
İnönü savaşı zamanı
düşmənin
Bursa və Uşaqdakı dəstələri
üstümüzə gəldi.
Onların
topçu və piyada qoşunları
bizimkindən üç dəfə artıq,
bizim də atımız çox,
ta nəyimiz vardı -
yalın qılıncımız,
ucuz dəmirdən,
tüfəng,
güllə üzü görmədik...
Martın iyirmi altısı.
Axşamçağı
onların
sağ cinahdakı əsgərləri
yavaş-yavaş
üstümüzə gəlməyə başladılar.
Martın iyirmi yeddisi -
bütün cəbhə boyu
doyüş başladı.
Martın iyirmi səkkizi,
iyirmi doqquzu,
otuzu -
qırğın
bir an da səngimədi.
Və
martın otuz birində,
gecə -
Ay işığı var idimi,
yox idimi,
bilmirəm -
İnönü də
qaranlıq hava
səs-küy və qığılcamlarla
dolu idi.
Və
ertəsi gün
aprelin birində
Metristəpə işıqlandı.
Saat
yeddinin yarısı olardı.
Bozöyük yanırdı.
Düşmən
müharibə meydanını
tərk etmişdi.
Sonra
aprelin səkkizindən
on birinə kimi -
üç günə
Dumlupınara girdik,
yalın qılıncla.
Sonra iyunda,
bir yaz gecəsində
sallarla keçdik
Sakarya irmağını,
yenə yalın qılıncla.
Sonra
Adabazarını aldıq.
Və
dolaşıb Sapanca gölünün
meşəliklərini,
yaxınlaşdıq
İzmitin şərqindəki
qumaş fabrikinə,
düşmən
qismən dənizdən,
qismən də
Qaramürsəl üzərindən
Bursaya çəkilib,
boşaltdı şəhəri gecə yarısı.
Sonra
avqust ayının iyirmi üçü
gəldi -
Sakarya
meihamei-kübrasının da
davamı
sentyabr ayının
on üçünə qədərdir.
Bizim
qırx min piyada qoşunumuz,
dörd min beş yüz atlımız,
düşmənin
səksən səkkiz min
piyada qoşunu,
üç yüz də topu vardır.
Döyüş meydanının
üst yanı Sakarya irmağı
və dağlardır,
sərt
və dik yamaclarıyla
kirəcli torpaqları
və
qayalarında
bir-birindən aralı bitən
tək-tənha şam ağaclarıyla
Abdüssəlam dağı -
göylər dağı dağlar.
Və
bu tərəflərdə
qayalıqlar arasından keçən
Sakarya irmağından
yalnız
haçadırnaq
əliklər su içə bilirlər.
Sonra
insana
ölümdən savayı
heç nəyi xatırlatmayan
Cahan bəyli ovası...
Bu dağların,
bu irmaqların,
bu ovaların
və
ordumuzun önündə
düşmən
geri çəkilməyə
məcbur oldu.
Buna rəğmən,
sənə: 1922,
on beş vilayətimiz
və doqquz
böyük şəhərimiz
hələ onların əlində idi...
Yenə sayımmı?
On bir irmaq,
yeddi göl,
gövdəsində baltalarımızın yarası
və
çatdığımız ocaqların
yanığı olan,
yüz dəfə
yüz min hektar orman,
bir gəmi tərsanəsi,
iki silah zavodu
və
on doqquz körfəz,
liman,
bəlkə
bir çoxunun
qırmızı-yaşıl fənəri,
sularını işıqladacaq
mayağı yoxdur,
fəqət,
onlar
taxta qayıqları
və
qəm-qüssəli balıqçıları ilə
bizimdir!
Sonra üç dəniz,
altı da dəmiryol xətti,
sonra
göz işlədikcə
uzanan yol:
qürbətə getdiyimiz,
qürbətdən gəldiyimiz
və
zərrə qədər də
tərəddüd etmədən
Çanaqqalaya yollandığımız...
Və
sonra torpaq
və
sonra
o torpağın insanları:
Uşaqda
dəzgahda
xalı toxuyanları,
gümüş işləməli
yəhərləri ilə
məşhur Manisalı saraçlar,
yol kənarlarındakı
və
vağzallardakı aclar
və
ağıllı,
cəsur,
ağırbaşlı kütlələrilə
dəliqanlı İstanbul,
dəliqanlı İzmir,
taxıl tacirləri ilə əşrəf və əyan,
qəzil çadırlı
tərəkəmələri Aydının
və
sonra muzdur
və ya avral,
davarlı,
davarsız
gödək meşin çəkməli
kəndlilər,
on beş vilayət
və qoqquz böyük şəhər
düşmən əlindədir...
Anadolu sürət qatarı
Sapancaya yaxınlaşır.
Siyah əlbisəlilərin
sarışını
siyah əlbisəlilərin
əsmərinə dedi ki:
- Faiq bəy,
bayaqdan bəri baxıram:
Baş aşpaz,
aşpaz və qarson
orda,
şüşənin arxasında
nəsə oxuyurlar.
- Hə,
qarson oxuyur,
o birilər də qulaq asırlar,
- Bəli,
Əcəba,
nə oxuyurlar, görəsən?
- O qarson
nə oxuya bilər, - deyə
düşünürsünüz.
Qarsonun oxuması,
Baş aşpazın
oxunan bir şeyi dinləməsi
sizə qəribə gəlir.
- Doğrudur,
Qaragözə bənzəmir
oxuduqları şey.
- Niyə Qaragöz gəldi ağlınıza?
- Bilmirəm.
Siz demişkən,
bir başqa şey də
ola bilər.
- Məsələn,
Əhməd Haşimin şeirləri.
- Mümkün deyil.
Yox.
Baş aşpaz anlamaz
Əhməd Haşimi.
Haklısınız, Şekib bəy.
Baş aşpazın anlayacağı
açıq,
cəsur,
haklı
və ümidli
bir tək sözü yoxdur
Əhməd Haşimin.
- Şeir
yalnız bu dediklərimizdənmi
ibarətdir, doktor bəy?
- Şeir dünyadan ibarətdir.
Və
bugünkü dünyada
yalnız bu dediklərim
anladılmağa dəyər...
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!