İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

 

Əvvəli burada

- Maraqlı adamdı.

- Hə, maraqlı adamdı.

Konserv zavodundan

            danışdımı sizə?

- Xeyr.

- Beş-altı il

            bundan əvvəl

                        bir bolqarla

                        bir konserv zavodu açdı.

- Nə olsun?

- Heç...

Fəqət,

            bu gecə

                        yenə ölülər aldı başına

                                    bu lüks vaqonu...

- Siz Allah, başlamayın...

- Sözümü kəsməyin...

            Onu sizə göstərimmi?

- Hikmət Alpərsoyun

            yanında dayanıb,

                        eləmi?

- Bəli,

            amma

                        masada özünə

                                   yer eləyə bilmir.

- Budamı

            özü-özünü öldürdü?

- Xeyr,

            həkimə görə

                        məsələ intihardısa da,

məncə,

            açıq-aşkar, öldürülmış...

- Xoş,

            ürəyəyatan adamsınız.

- Təşəkkür edirəm.

- Bu

            özünü öldürən,

                        yaxud öldürülən,

gəncdimi,

            qocadımı?

- Gəncdi.

Fəqət,

            haqqınız var -

                        bunu anlamaq

                                   bir az zor.

Ölənin

            çox zaman

                        bəlli olmur yaşı,

ayaqları qırılmışsa hələ,

            qabırğaları bir-birinə

                        keçmişsə hələ,

başı dağılmışsa hələ!..

- Hündür

            bir yerdən

                        yıxıldı demək?

- Elə oldu.

Hikmət Alpərsoyla

            bolqarın konserv zavodunda

işləyirdi ölən.

Gündəlik alacağı

            iyirmi beş

                        quruş idi,

iş vaxtı - on dörd saat.

- Rəzalət.

- Yox,

            canım,

                        məsələyi-fəzləyi qiymət.

- Anlamadım.

- Bunu

            öztürkcədə desəm də

                        anlamayacaqsınız,

Gələk

            söhbətimizin ardına:

Səlim -

            ölən adam

                        iyirmi beş quruşa

on dörd saat

            işləmək istəmədi.

"Əlli quruş

            və on saat" - dedi.

O biri işçilər də

            bu fikirdəydilər.

Dərin,

            fəlsəfi bir fikir deyil

                        əlbət,

fəqət

            təhlükəlidir...

            buna görə

                        bolqarla Hikmət Alpərsoy

dərhal

            polisə xəbər verdilər.

Dərhal gəldi polis.

On nəfəri

            ədliyyə idarəsinə apardılar -

dördü - qadın

altısı - kişi...

doqquzu - dəstə başı,

            biri - Səlim kommunistdi.

Halbuki

            kommunist deyildi Səlim.

Ağlından keçirməmişdi

            kommunizmin nə olduğunu belə.

O,

            sadəcə,

                        on səkkiz yaşında idi

            iyirmi beş quruş yerinə

                        əlli quruş istəyirdi

            on dörd saat yerinə

                        on saat.

Polis

            bu qənaətdə deyildi fəqət.

Yıxdılar Səlimi yerə,

ayağa qalxanda

            önünü görmürdü artıq.

Bir də

            yıxdılar Səlimi yerə,

ayağa qalxanda

            ayağını yerə

                        basa bilirdi artıq.

Bir də

            yıxdılar Səlimi yerə

ayağa qalxanda

            səntirləyib yıxıldı,

qoluna girib,

            bir qaranlıq

                        otağa apardılar.

Asdılar saçından

            divara çalınmış bir mıxdan,

döşəməyə

            yalnız ayaq barmaqlarının

                        ucu çatırdı.

Bir

            tramvay keçdi küçədən

                        takka-tuq,

axşam əzanı oxunanda

açdılar

            Səlimin saçlarını mıxdan.

Yenə

            yıxdılar zavallını yerə,

ayağa qalxanda

            bir pəncərə gördü uzaqda,

                        çox uzaqda,

pərdəsiz,

            qaranlıq bir pəncərə...

Atdı özünü

            pəncərəyə sarı,

şüşələr çilikləndi -

öncə

            başı qeyb oldu,

sonra iki ayağı...

- Nə müdhiş şey...

            qorxulu röya kimi...

- Şükür etdin ki,

o röyanı görən siz deyilsiniz.

- Bəs,

            bütün bunları

                        necə öyrənə bildiniz,

                                   Faiq bəy?

Adınız Faiqdi, deyilmi?

Siyah əlbisəlilərin əsməri güldü:

- Bəli,

            bəndənizin adı Faiqdi.

Bunları

            necə öyrəndiyimə gəlincə,

bir az maraq,

            bir az dedi-qodu,

                        bir az da işimlə bağlı...

Polislərə baxan

            klinikada həkim

                        idim o vaxt,

indi işləmirəm.

Bir müddət

            bir səhra xəstəxanasında

                        Baş həkim də olmuşdum.

            bununla əlaqədar

                      sizə bir şey daha söyləsəm,

bir peşə sirrini

            faş etmiş olmaram artıq.

Bu bizim sıradakı

            masaya baxın.

Gördünüzmü?

Bir kişi, bir qadın.

Bəyaz, mavi, sarı.

Ancaq

            gənc şimal tanrıları

                        bu qədər yaraşıqlı

                                   ola bilər.

- Doğrudan da elədir.

Bunlar türk deyillər?

- Yox,

            almandılar.

- Səfirlikdəndilərmi?

- Yox.

- Kişi komissiyonçu-filanmı?

- Yox.

- Artist olmasınlar?

- Yox, canım.

- Səyyah?

- Səyyah da deyillər.

- Yaxşı,

            burda nə iş görürlər?

- Masalarına

            diqqətlə baxsanız,

                        anlayacaqsınız.

- Orda

            bir ölünümü

                        görəcəyik yenə?

- Bir deyil,

            min,

                        iki min,

                                   üç min ölünü...

Fəqət

            sayı çoxaldıqca ölülərin

faciənin təsiri azalır.

Hələ

            bir təyyarə bombardmanında

məhv olmuşlarsa əgər.

- Anlamadım.

- Halbuki məsələ

            çox aydındı:

bu ölü çocuq,

            bu ölü qadın,

                        bu ölü qoca:

əl-ələ verib,

            iki şimal tanrısının

                        ətrafını saranlar

Roterdam bombardmanının

            bəhrələrindəndir.

            o mavigözlü

                        iki bəyaz tanrı

işarə verdilər

            "ölüm quşlarına"

ovlarını

            daha yaxşı seçmələri üçün.

- Şairanə danışırsınız.

- Təəssüf ki,

hə.

            belə işə şeiriyyət qarışanda

                        gülünc olur,

üstəlik də,

            bu cür şeiriyyət.

Amma

            nə edə bilərik?

İnsan

            dəhşətli şeylərlə dolur,

müdhiş iyrənir bir şeylərdən,

müdhiş hirslənir bir şeylərə.

gəl

            gör ki,

            ayağınızdan bağlanmısınız

                        durduğunuz yerə.

Qımıldana da bilmirsiniz.

O zaman

            bitir laqqırtı,

            bitir şairanəlik,

            bitir lirik,

                        romantik duyğular.

Bizim də

            masamızda bir ölü var,

                        bəyim,

            intihar etmiş,

            qətlə yetirilmiş,

            bombardmanda öldürülmüş...

Durmadan danışır

            yerə qoymur əlindən

                        bal kimi şərabı -

hər şeyə rəğmən

            məmnundu özü-özündən...

- Mənmi?

- Yox, mən…

Ay işığında

qaranlıq bir vağzala girdi

qapqara bir qatar.

Siyah əlbisəlilərin sarışını

baxdı pəncərədən -

insanlar

            ümidsiz və təlaşlı idilər,

sanki

            bir şeylər danışırdılar

                        fısıldaya-fısıldaya -

ölümə dair,

ayrılığa dair,

sabahsız gecələrə dair...

            səmada şıkır-şıkır

                        Ay olmasına rəğmən,

yerdə

            relslər parıldamırdı.

Yalnız iki dirəkdə -

arxa yola çəkilmiş

            açıq yük vaqonlarının üstündə

elektrik lampası yanırdı.

(Üzərinə

            brezent çəkilmiş

                        yük vaqonlarında

silah-sursat olduğu bəlli idi.)

Vağzal

            elə qaranlıq,

                        elə qarmaqarışıq idi ki,

yolcular

            vaqonlarını və bir-birlərini

itirməkdən qorxaraq,

            yüyürürdülər perronda.

Bir

            qadın çığırtısı gəldi

                        restoran-vaqona qədər:

- Ay qız,

            Xədicə, hardasan?

Siyah əlbisəlilərin sarışını

siyah əlbisəlilərin

            əsmərindən soruşdu:

- Faiq bəy,

            hara gedirsiniz?

- Mən

            bir çöllüyə gedirəm,

sən də,

            deyəsən, Əskişəhərə.

- Yer mənasında soruşmadım.

- Məlumdu.

Kovadis Domino?

- Bir roman adıdı,

            eləmi, doktor Faiq bəy?

- Bəli.

- Zarafat eləyirsiniz?

- Yox canım.

- Mənim demək istədiyim,

            doktor Faiq bəy,

dünən

            sizin dediklərinizdi elə:

bu qaranlıq vağzal,

bu ümidsiz xəyal,

bu tuhaf məhzunluq,

içimdə

            qəflətən qırılan bir şey -

sanki

            bu gecə

                        hamımız öləcəyik,

mən,

siz,

bütün insanlar

            bu qaranlıq vağzal.

Yəni,

            bir tərəfdən

                        öz acım

                                   doldu içimə,

bir tərəfdən də

            bütün insanların…

Yəni,

            belə bir şey

                        ilk dəfə gəlir başıma,

yəni,

            ilk dəfə düşünürəm,

yəni,

            gerçəkdən də

                        ilk dəfə düşünürəm:

bu dünyada

            məndən başqa da

                        insanların yaşadığını.

Yəni,

            laf olsun deyə deyil,

yəni,

            həqiqət olsun deyə deyil,

birdən-birə

            dərimin üstündə

                        hiss edirmiş kimi,

                               əlimlə tuturmuş kimi

düşünürəm.

Buna nə deyirsiniz?

- Duydunuz: doğrudur,

düşündünüz: bəlkə də,

anladınız:

            düzü, zənn etmirəm.

Həm də

            nə olacaq

                        anlasanız belə -

unudacaqsınız -

bir andı,

            gəldi keçdi,

                        yaxud keçmək üzrədir.

Keçməsə də

            keçdiyinə alışacaqsınız.

alışdınızmı, məsələ bitdi.

Alışqanlıq

            qaytarır əski yerinə

heç bir şey duymamış,

            düşünməmiş,

                        anlamamış

olmanın rahatlığını.

Əvvəlkinə görə

            bəlkə miskin bir rahatlıqdı,

amma

            yenə də rahatlıqdı…

- Haqlısınız, Faiq bəy.

Lakin…

- Lakin haraya gedirik, eləmi?

- Bəli, haraya gedirik?

Dünya haraya gedir belə?

- Məncə,

            bunu anlamaq üçün

Bay…

- Şekib Aytuna…

            Bay Şekib Aytuna…

- Məncə,

            bunu anlamaq üçün

Bay Şekib Aytuna…

Soyadınızı özünüzmü seçdiniz?

- Xeyr, müdirim.

- Gözəl seçmiş.

Məncə,

            bunu anlamaq üçün

hardan gəlib

            harda olduğumuzu

                        anlamamız lazımdır.

- Çox doğrudur…

- Çox doğrudur,

siz,

mən

            anlayıb da

                        nə edəcəyik?

- Bəli.

- Bəli.

- Bəli,

bir sonu olmayan yol,

bir…

Fikir verdinizmi,

            Bay Şekib Aytuna,

mən

            dünən

                        sizi dinlərkən

                                   anladım ki,

biz ziyalılar

həp

            bir-birimiz kimi danışırıq -

eyni rəngli cümlələrlə,

eyni ədalarla -

qəribə deyilmi?

- Bilmirəm…

- Sıxıntınız keçdimi,

            Bay Şekib Aytuna?

- Keçmək üzrədir?

- Çox gözəl.

Evlisinizmi?

- Subayam.

- Subaylıq sultanlıqdır.

- Nişanlıyam,

            doktor Faiq bəy.

- Təbrik edirəm.

Bir şərab?

- Sağ olsun, mən…

- İçkiylə aranız yoxdu…

- Bəli,

            içəndə, pis təsir eləyir.

- Zatən,

            qədərindən çox olan

                        hər şey zərərdir…

Ay işığında

            lokomotivi buxarlana-buxarlana

qaranlıq vağzaldan

            çıxdı Anadolu sürət qatarı.

Restoran-vaqon.

Mətbəx.

Baş aşpaz Mahmud Aşər

            qarson Mustafa ilə danışır:

- Ankarapalasa,

            yavrum, Ankarapalasa

Kaliforniyadan alma gəlirdi,

yavrum,

            Kaliforniyadan

                        alma gəlirdi,

təyyarə ilə Parisə,

            Parisdən bizə.

Sən

            Kaliforniya alması

                        gördünmü heç?

- Yox.

Kaliforniya almaları,

            yavrum, iri, qırmızı olurlar,

həm də

            hamısı bir boyda,

dəzgahdan çıxmış

            kürə kimi,

məsələn.

- Bizim almaları

            bəyənməzdiniz demək?

- Qətiyyən,

            bəyənməzdik!

Yaxına qoymazdı

ən seçmə

            Amasya almalarını

Mösyü Fernan.

- O nəçi idi ki?

- Necə nəçi idi ki?

- Adını da olsa,

            eşitməmisən?

- Eşitməmişəm.

- Vayy… Yazıq sənin gününə.

Hələ özünə

            qarson da deyirsən?

- Yaxşı da…

Sən bir başa sal:

            kimdi bu Mösyü Fernan?

- Mösyü Fernan, ustadımızdı.

Gavur olmasaydı,

            pirimizdi deyərdim.

Parisdən gətirtdilər onu,

aşpazların

            Baş məsləhətçisi idi,

həm də

            ərkani-hərb,

                        yüksək rütbəli zabit.

Ayda

            səkkiz yüz dollar alırdı

                        Ankarapalazdan,

yavrum, səkkiz yüz dollar.

Amma

            halal olsun,

kişi

            həm dərin bilikli idi,

                        həm də sənətkar.

Həftədəbir

            fransız səfir -

                        Kont di Şanıbürün

gələrdi yanına,

            mətbəxə qədər…

- Nədən danışardılar?

- Anladığım qədər -

            turşulardan.

Bildiyin kimi,

firəng tərzində

hazırlanmış yemək:

turşu demək.

Biz Ankarapalasda,

yavrum,

bir turşular hazırladıq… -

sos qran di vünür -

Türkiyədə

            bir başqa yerdə

                        rast gələ bilməzsən.

Amma

            turuf deyilən

                        bir cür qara göbələk

                                   lazımdır buna,

torpağın altında yetişirmiş,

fransızlar

            donuzlara, sırf bu iş üçün

təlim görmüş tərbiyəli

donuzlara tapdırıb,

            çıxarırlarmış bunu.

Bizə

            turuf göbələyi

                        Parisdən gəlirdi, yavrum,

                                   qutuların içində.

- Burda yetişmir demək…

- Qətiyyən!

            həmin növ yetişmir.

Eşitdik ki,

            Konyada becərmək istəyiblər,

hətta,

            donuzların əvəzinə

                     köpəklərdən istifadə ediblər.

Amma

            çəkdikləri zəhmət

                        hədər gedib -

turuf dediyin

            qara göbələk

                Konyada yerdən ağappaq çıxıb...

Ardı var...

    Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!