İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

Əvvəli burada

Ankarada

            ən böyük otel

                        Mösyü Düvalındı.

Bir də

            sement var əlində,

                        sement!

İnanılmaz pul qazanır.

Müharibə qapımızdadır.

Müdafiə sənayesində

                        sementin,

diplomatiyada

            otelin rolu böyükdür…

 

Bayırda Ay var,

                        dəniz var,

dənizin üstündə

            yelkənli yuxudan bir gəmi,

insana

            yalnız böyük,

                        şəfqətli

            gözəl şeylər düşündürən…

Bayırda Ay var,

                        dəniz var,

bir də

            dənizin sahilində

            çöllərin və ağacların

bəxtəvərliyi…

- Bu

            Mösyü Düval

                        Osman Nəcibin

                                   dostudurmu?

- Dostu yoxdur

            Osman Nəcibin,

sadəcə,

            pul alır onun şirkətindən.

- Təhsinlə

            Mösyü Düval

                        tanış-bilişdilərmi?

- Yox,

            Təhsin Bəbəkdəki

                        villasının

                                sementini alıb ondan,

bir quruş da vermədən…

 

Bayırda

            Ayın altında,

            dənizin sahilində

yarpaqlardan

            və quşlardan

                        yükünü tutmuş bir ağac…

 

- Bir az

            məhzun görünür

                        sizin Mösyü Düval.

- Yenə

            heç cür

                        dünyaya gətirə bilmədiyi

                                   çocuğunu düşünür.

Arvadı qısırdı.

Hərif

            dəhşətli dərəcədə

                        katolikdir -

boşaya bilmir arvadını

                        qorxur.

Hər halda,

            kədərli şeydir,

bu dünyadan gedərkən

            yurdunda milyonların qala,

tək bir çocuğun isə yox…

 

Bəmbəyaz

            bir gecə keçir

                        mavi şüşələrin arxasından,

amma

            bunun fərqində deyil

lüks vaqonun içindəkilər…

Bir

            qəribə tərzdə güldü

                        siyah əlbisələrin əsməri,

sivri burnu

            dartıldı yuxarıya doğru,

sordu arkadaşından:

- Mösyü Duvalın

            masasında neçə adam var?

- Üç.

- Xeyr, dörd.

Düval, bir,

            Cazibə, iki,

                        Osman Nəcib, üç,

            Şinasi bəy, dörd.

Fəqət

            siz Şinasi bəyi

                        görə bilməzsiniz,

çünki intihar etdi zavallı -

özü

            öz əli ilə

                        bəmbəyaz alnına

                                   bir güllə sıxdı.

Altmış yaşındaydı hənuz.

İxtiyar bir insanın intiharı

ixtiyar bir insanın

                        ağlamasına bənzər,

ikisi də rəzalət,

ikisi də gülünc,

ikisi də

            ümidsizlikdən doğan

                        bir bədbinlik…

Əski

            Dövlət Şurasının

                        üzvü idi Şinasi bəy.

Onu

barıt işinə nəzarət edən

idarə heyətinin tərkibinə saldı

Mösyü Düval -

səhv elədi,

            çünki bizdə

                        yeni insanlar

                                   gəlmişdi iş başına.

Sonra

            barıt

                        dövlətin nəzarətinə keçdi,

Şinasi bəyi

            işdən çıxartdı

                        Mösyü Düval -

düz elədi,

            çünki bizdə

                        yeni insanlar

                                   gəlmişdi iş başına.

Fəqət

            bu düz iş

                        bir balaca

                                   yanlış göründü

Şinasi bəyə.

            bir səhər

                        sübh çağı -

                                   "Bumm!" -

Şinasi bəy

            sizə bağışladı ömrünü.

Deyirlər ki,

            otağına qapılıb,

                        o gecə səhərə qədər

"Aida" operasını

            dinləmiş qramofonda.

Ay işığından

            qapqara bir qatar keçir,

qapqara bir qatar,

yalnız

            ara-sıra

                        təkərlərindən qığılcımlar

                                   çıxır…

Siyah əlbisələrin sarışını

            siyah əlbisələrin əsmərindən

soruşdu:

- Bu tösmərək,

            şişman,

                        qıllı adam kimdi?

Gözləri

            yağlı zeytun dənələrinə

                        bənzəyir,

necə də

            həyəcanla danışır.

- Gördüm.

Qasım Əhmədov.

Mühacirdi.

Sovetlər Birliyindən qaçıb.

Berlindən gəlmiş

            bir turançı da olsam,

qardaş deyə bilmərəm

                                   belə adama…

- Yəni,

            hərif o qədərmi

                        rəzildi?

- Yox,

            canım, rəzil nədi,

                        bicdi, çox bicdi.

Maliyyə

            və sənaye məsələlərindən

                        anlayacaq qədər ağıllıdır

            kələkbazdı bir az.

Bundan

            iyirmi iki il öncə -

pulemyot səsləri ilə

            dolu bir gecədə

Batumda

kapitan Vasilyevin

            yük gəmisinə minib,

                        qaçır bolşeviklərdən.

Qara dənizin

            ortasında ikən

                        ölür haçasaqqal kapitan,

zatən çox qoca idi…

            gəmi İstanbula

                        çatdığı zaman

Batumun

çamadansız,

narahat və həyəcanlı yolçusu

                                   Əhmədov

cibində sənədi-sübutu

gəminin sahibi kimi

            Qalata limanına ayaq basır.

İstanbul

            işğal altında idi

                        o zaman.

Amma

            ingilislərin komendantı

                        təsdiq edir sənədi

            iki ay sonra

                        italyanlara satılır gəmi -

            qəlyanlı bir kişi ilə

                        Əhmədovun arasında

                                bölüşdürülür pulu…

- Rəzalət.

- Yox,

            canım,

                        bir transfer məsələsi.

Sizə

            bir şey də deyim…

- Yox,

            deməyin,

                        anladım.

Orda neçə adam var?

Dörd.

Deyəcəksiniz yox, beş.

Yəni,

            biri də

                        ölmüş kapitan.

- Çox arifsiniz,

Amma

            gözünüz uzağı

                        o qədər də

                                   yaxşı seçmir.

Doğrudur,

            orda bir ölü də var -

Əhmədovun

            viski bakalına

                        sarı əyilib,

Fəqət,

            yaxşı baxın,

                        haçasaqqal qoca kapitana

bənzəyirmi?

Bənzəmir.

Gənc,

            uzunboylu,

                        üzü qırxılmış

                                   bir ölüdür bu.

Ölə bilmək üçün

gizlicə

            bir okeanı,

                        iki dənizi aşması

                                   lazım gəldi.

Amerikan

            neft şirkətlərindən

                        birində mühəndis idi,

Çikaqoda işləyirdi -

            büro işlərində.

Qanqster olmağı belə

            bəlkə düşünmüşdü,

amma

            ölməyi düşünməmişdi

                        Boğaziçindəki otelə

                                   gələnə qədər.

            bir traş maşını kimi

                        uzunsov üzündə

                                   iz qoymadan

keçib gedəcəkdi illər

            Geliboluda neft

                        kəşf edilməsəydi əgər.

            rəsmən

                        möhürlü vəsiqələrlə,

şüşələrə doldurulmuş

            nümunələrlə bərabər

neft şirkəti

            bu kəşfdən tutunca xəbər

İstanbula göndərdi onu.

Qasım Əhmədov

            kəşf etmişdi nefti.

Avtomobillə

            gizlicə Geliboluya getdilər.

Neft - dövlət sirri sayılırdı.

Elə o axşam

            quyu qazıldı -

yerdən

            bol və təmiz

                        neft çıxdı.

Neft işlərində

            vaxt itirmək

                        məqbul sayılmır -

mühəndis

            teleqraf yolladı dərhal:

"Üç yüz min dollar göndərin. Nöqtə."

Bəlkə

            bir az sərxoş idi

                        göndərərkən teleqrafı,

hətta quyu qazılarkən də…

Fəqət o illərdə

            içki yasaq idi Amerikada,

amma

            Əhmədov Coni Valkerlə

doldurmuşdu

            avtomobilin arxasını viski ilə.

Sonu bəllidi hekayəmin.

Alındı

            üç yüz min dollar

                  və bölüşüldü lazım gələnlərlə,

yarıbayarı.

Mühəndis

            səkkiz yüz litr

                        neft çıxardı ordan,

çünki

            Əhmədov yeri qazdırıb

                        min litr neft

                                   tökdürmüşdü ora,

yəqin

            iki yüz litri

                        torpağa hopmuşdu…

- Bəs mühəndis?

- Dedim axı:

Boğaziçində bir otel…

Sübh çağı…

Əlvida, Amerika!..

Bummmmmm….

Nə qorxunc şeydi

sübh çağı

rənglərlə

və pırıltılarla oyanan

                        aydınlığın

dünyadan

            gedəcək insanları

ölümə sarı

            belə asan çəkməsi.

- İyrənc adamdı

            bu Əhmədov.

- Bəli,

            amma daz başı

                        əvvəlki kimi işləmir artıq.

Yanındakı gənc qıza baxın:

İncə-mincə şeydir,

hər halda,

            bir mandarin

                        dilimi kimi dadlıdır.

Amma

            Ankaraya

                        nahaq aparır onu

                                   Əhmədov,

Ankara qocaldı,

            çox qocaldı…

Gümrah

            bir kişi gülüşü

                       qopdu masaların birindən,

siyah əlbisəlilər

            gülüş gələn səmtə baxdılar.

Hikmət Alpərsoy idi gülən.

Yaraşıqlı,

şux,

əlli beş yaşında

            bir adamdı.

Qəhqəhəsindən

enli çiyinləri titrədi,

            yaşıl gözləri qıyıldı.

Siyah əlbisəlilərin sarışını

siyah əlbisəlilərin əsmərinə

dedi:

- Nə sağlam adamdı…

Görünür,

            bir xəstəlik də

                        keçirməyib.

- Yox, canım,

            xroniki bel soyuqluğu vardır.

Amma bu

            bəlkə də

                        xəstəlik sayılmır...

- Nə pis adamsınız...

- Sizə

            yaxşı adamam dedimmi?

- Hirslənməyin.

- Niyə hirslənməyim ki?

Arada

            Hikmət Alpərsoy

                        bir dəfə də güldü.

Siyah əlbisəlilərin sarışını

siyah əlbisəlilərin əsmərinə

dedi:

- Gülməyi

            xoşuma gəlir

                        bu adamın,

ürəkdən,

            özünü qısmadan,

                        rahat,

hər halda,

            işıqlı bir qəlbi var.

- Hə,

            elə də qaranlıq deyil.

Elektrik lampası kimidir

            insan ürəyi,

cərəyan alırsa,

            işıq verir.

Cərəyansız lampa

            yaxşı olsun

                        istədiyi qədər,

nə işıl-işıl yanar,

            nə özünü göstərə bilər.

- Zarafatı buraxın.

- Tutmuşam ki, buraxım?

- Bu adam kimdi?

- Bəy Hikmət Alpərsoy.

Dəllal.

Fabrik sahibi.

Dəhşətli dərəcədə şorgöz.

Fransızların

            dediyi kimi:

"Bon enfan bon vivör".

Səfərbərlik illərində

            hərbi qulluqda idi,

fəqət

            bacısı alman zabitləri ilə

çox yaxınlıq edir deyə

            işindən atıldı -

Ənvər paşa tərəfindən.

(Ənvər paşa

            sufi idi bir az,

hələ muhadderatı -

            islamiyyə məsələsində...)

Fəqət

            atəşkəs

                        yetişdi imdadına

                                 Hikmət Alpərsoyun.

            ardından

            Anadolu Qurtuluş Savaşı

iki ildə

            milyoner etdi hərifi.

- Necə?

- Silah

            və əsgər çəkmələri

                        qaçaqmalçılığı ilə.

Malları

            Anadolu hökumətinə

                        göndərirdi Hikmət,

adı da olurdu

            vətənə xidmət...

Ucuz alıb,

            baha satırdı -

bu imiş ticarət...

- Nə çirkin şeylər danışırsınız.

- Taxta

            adının dəyişməsi ilə

                        gözəlləşməz.

- Xeyr,

            birtərəfli danışırsınız.

- Demək,

            bir çox tərəf varmış,

mən hansındanam?

- Şey...

Hikmət Alpərsoydan

                        danışırdınız.

- Bəli.

Danışılası bir şey

            qalmadı fəqət.

Sonra

            Fransa və İtaliya ilə

                        iş gördü Hikmət

            nəhayət,

                        Almaniyada qərar tutdu.

Yenə Ankaraya

                        silah satdı.

Fəqət,

            artıq nə milli qaçaqmalçılıq,

                        nə vətənə xidmət,

qanun çərçivəsində

            düpbədüz ticarət.

Hikmət

            qayət

                        gözəl avtomobil sürür.

Bir çiçi apartmanı var Berlində,

                        Parisdə kazinosu...

Hətta

            öz şevrolyesi ilə

                        Avropanı gəzdirdi

İstanbul valilərindən birini.

Hikmət Alpərsoy

            zaman-zaman

bədbinliyə qapılmasına rəğmən

eyni comərdliklə

            xərclədi sevincini və pulunu.

Fəqət,

            heyif ki,

                        iki ildir bir yəhudi qızı

ələ keçirdi bu çılğın arvadbazı,

yaşıl gözləri

            ondan başqa

                        bir qadın görmür artıq...

Ardı var...

      Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!