İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

əvvəli burada

 

Təhsinin üzü bürüşdü.

Göbələkli balığın

                        bir sümüyü

girmişdi dişlərinin arasına.

Burhan Özedar

                minbaşıdan soruşdu:

- Sivaslı

  Əhməd paşa haqqındakı

kitabımızı oxumusunuzmu, paşam?

- Xeyr, oxumamışam.

- Bir nüsxəsini verərəm sizə.

Amma,

            oxumasanız da,

                      Əhməd paşanı tanıyırsınız,

deyilmi, paşam?

Minbaşı

       pivəsinin köpüyü

                        ilə məşğul idi,

sözgəlişi dedi:

- Xeyr, tanımıram,

                        bu hansı Əhməd paşadı?

Bizim sinifdə

                        bir Əhməd Sivas var idi,

yüzbaşı ikən

            şəhid oldu

                        Balkan müharibəsində.

 

Burhan Özedar çaşdı.

Nəhəng gövdəsi balacalaşdı,

                        büzüşdü.

Böyük adam

            yupyumru burnunu

                                   qaşıdı.

O,

   uşaqlığından bəri

                        belə edirdi,

başqasına görə

                        utandığı zaman.

Təhsin bığaltı güldü:

- Bu

     sivaslı paşa

                        əski osmanlılardan

                                       olacaq, - dedi.

Yavuz dövründə-filan…

Birdən-birə

                              dikəldi Burhan:

- Nə Yavuz dövrü,

                Təhsin bəy?

Qanuni

     Sultan Süleymanın

                         ən igid əsgərlərindəndir.

Yeniçəri deyil,

                                   özbəöz türk,

eynən mənim kimi

                xalis sivaslı,

                            aslan kimi komandan. 

Minbaşı

                          bu dəfə

                                  qəti şəkildə

incə-mincə səsini

qalınlaşdırmağa lüzum görmədən

dedi:

- Tanımıram.

Hərb tariximizdə

                        belə bir komandanın

                                   adı yoxdur.

Minbaşıya baxıb,

                         düşündü Təhsin:

"Niyə

       zarafat eləyirəm deyib,

                               geri çəkilmir?

Cəsarəti

         əsgər olmağındanmı

                                   irəli gəlir?"

Dodaqları

           qanayırmış kimi

                       danışırdı Burhan:

- Bu gün

          uşaqlara oxudulan

                          tarix kimiymiş

hərb tariximiz də, paşam.

Fatehləri,

    Səlimləri,

         Süleymanları belə

                           inkar edəcəyik.

Çocuqların

    xəbəri yoxdu qocaman

        Osmanlı imperatorluğundan -

padşah dedinmi,

                  xortdan gəlir ağıllarına.

Mənə

      elə gəlir ki,

              yıxa biləcəyimiz

                                qədər yıxdıq,

burda dayanmalıyıq,

                             yetər artıq.

Demokratiyada

        ingilislərdən irəliyə

                 getməyə lüzum yoxdur,

ənənənin

           gücünə baxın həriflərdə.

Biz mövlud oxumağı unutduq.

İnqilabdısa etdik,

                         kifayətdir,

bir az da

           keçmişimizə köklənək.

Çocuqlarımızın röyasına

şahanə duruşuyla girməli

              Yavuz Sultan Səlim.

Həyəcanlandı minbaşı:

- Bu fikirlərinizə şərikəm,

                            haqlısınız...

Nəhayət,

          böyük adam dedi:

- Məsələ qalmadı demək...

 

Təhsin düşündü:

"Tamam başqa

              bir eraya giririk...

Yorulduq..."

Yenə

      içinə bayaqkı

             məhzunluq çökdü.

Qaşıqladı yeməyini

  gözlərini qırpa-qırpa

     qabaqdakı masaya baxdı -

üç kişiydilər,

           oturmuşdular üzbəüz:

Mösyü Düval,

Cazibə xanım,

Osman Nəcib.

Təhsinin ahbabı idi üçü də.

Osman Nəcib

      böyük ziyalılardan idi -

Təhsinin

         ona baxdığını gördü,

üstüörtülü gülümsədi,

əsnəyirmiş kimi

                        gərnəşdi.

Sonra

     mədən suyu süzdü

          Cazibənin bakalına,

kübarla yaraşan

                  bir nəzakətlə...

Osman Nəcib

         qolları və ayaqları

              çox uzun bir adamdı.

Hər yerdə

hər zaman

insan

sanki

  dumduru, dəpdərin

       bir suyun içində

          görür Osman Nəcibi -

orda

    təmbəl bir dəniz məxluqu kimi

rəhavətlə

               və ağır-ağır qımıldanır,

o qədər uzanır

    o qədər yumşalır ki,

seyr edərkən onu

qansız,

      soyuq,

           iyrənc bir şeyin

ətinizə sarıldığını

                duyursunuz.

Osman Nəcib

         işlədiyi yerə

                  az-az gələrdi,

gələndə də,

          qapanardı otağına.

    kreslosuna yayxanıb,

masanın üstünə

              qoyardı ayaqlarını,

baxardı divardakı

             imzalı fotoqraflara:

Ziya Göyalp,

Tələt paşa,

Mustafa Kamal Atatürk

    İsmət İnönü.

Osman Nəcib

kreslosuna yayxanmış halda

saatlarca qımıldanmadan

gözləri yarıaçıq,

yarıyumulu,

             divarları seyr edərdi.

Müəllimi idi Ziya Göyalp.

Dürkhaymın

             adını ilk dəfə

                    ondan eşitmişdi.

Tələt paşanın

    əmri ilə almışdı

         təhsisati-məsturədən

                           ilk yardımı,

Mustafa Kamal idi onu yüksəldən

   İsmət İnönü idi əlindən tutan.

Osman Nəcibin

       bunların dördünə də

               sonsuz hörməti vardı,

amma,

   qəlbinin dərinliyində

       hər birinə bir qüsur tapmışdı:

Ziya Göyalp

         lazım olduğundan çox

                                 iddialı imiş,

Tələt paşa

      lazım olduğundan çox

              qaba və sadəlövh imiş,

Mustafa Kamal

      lazım olduğundan çox

                   cəld və çevik imiş,

İnönü

   lazım olduğundan çox

        inadkar və pəhrizbaz imiş...

   dördü də -

      Osman Nəcib belə düşünürdü -

böyük bir ciddiyyətlə

        bir şeylərə həqiqətən inanmış

   əqidələri uğrunda

                            döyüşmüşlər.

Halbuki bu dünyada

          heç bir şey yoxdu -

                 Osman Nəcib üçün -

ciddiyyətlə inanılmağa dəyər.

Qızmaq,

         qısqanmaq,

                  inad etmək,

                         döyüşmək,

gülmək - qəhqəhələrlə,

ağlamaq - hıçqıra-hıçqıra -

Osman Nəcibə görə -

boş və gülünc şeydi.

Müftə əldə edilən pul,

müftə əldə edilən qadın,

müftə əldə edilən avtomobil

  istehza etdiyini

    bəlli etmədən gülən gözlər…

Osman Nəcibə görə

bunlar

      altmış illik

             bir ömür üçün

                            bəs edər.

Gəlişi gözəl sözlər -

Osman Nəcib

              belə düşünürdü -

dünyaya bir kərə gəlirik,

madam ki,

     istəsək də - istəməsək də,

                                 öləcəyik,

onda,

      ölüm haqqında

                         niyə düşünək?

Osman Nəcibin arvadı

Osman Nəcibi

      Allahın hər verən günü

                                aldadırdı.

    Osman Nəcib

                       bunu bilirdi.

Osman Nəcib

       axşam yeməyindən sonra

rahat-rahat kompotunu içərkən,

aşiq-məşuqlar

      yan otaqda görüşürdülər...

Artıq

       əvvəlki deyildi,

                  qocalmışdı arvadı,

buna rəğmən,

hələ də

fövqəladə gözəl idi baldırları

   nədənsə,

         tez-tez qovğa edərdi

                    aşiqi ilə yataqda.

   istehza ilə gülərdi

                      Osman Nəcib,

gülərdi,

   güldüyünü hiss etdirmədən.

Osman Nəcibin də

              məşuqələri vardı.

Hər il

     köhnəsi gedər,

           təzəsi gələrdi Avropadan.

Bu işdə

    xüsusilə

        İsveçrə mallarından

                        istifadə edərdi

                             Osman Nəcib.

Onlar

      gözəl,

             sağlam

                     və ehtiraslı olurlar,

asan qurulan

           saat kimi

                  işləməyi bacarırlar...

 

Restoran-vaqonun

         pəncərələri açılmadığından,

şüşələri tərləmişdi

içərisi qızmışdı

    havasında

               spirt,

                     pudra,

                           kömür

    Qərb xörəklərinin

                   qoxusu vardı.

Operetta

     dekorasiyasını xatırladırdı

kiçik,

qırmızı abajurlar,

nəşəli,

        saxta,

              lirik...

Fransızca danışırdı

            Mösyü Düvalla

                     Cazibə xanım.

On dəqiqədən bəri

          kiçicik bir portağalı

soyub,

   dilimləməklə məşğul idi

                       Osman Nəcib…

Zəngin osmanlılar

fil dişindən düzəldilmiş

                ləvazimatlardan

                         istifadə edirdilər

kürəklərini qaşımaq üçün,

bunlar -

          uclarında əl kimi

                               bir şey olan,

incə,

      uzun sapları nəfis işlənmiş

                                 qaşıqlardı.

O qaşıqlara bənzəyirdi

                          Cazibə xanım:

fil dişi kimi sarı bəyaz,

qaşıq sapı kimi

               incə, uzun və kökssüz

və kiçik başı

                o əl kimi bir şey idi.

Rəssam

    Ömər paşanın

            qızı idi Cazibə xanım.

İstanbulda,

            Boğaziçində doğulmuşdu.

Bir yaşında ikən

     Sultan sarayına götürüldü.

Üç yaşında ikən

                       atası rəsmin çəkdi.

Səkkiz yaşında ikən

               piano çalmağa başladı.

On yaşında ikən

              artıq fransızca

                            danışa bilirdi.

On beş yaşından

                  iyirmi yaşına qədər:

"Qəndilli üzərkən yuxularda,

Sürüklədi mehtabı sularda."

İyirmi bir yaşında ikən

                                 evləndi.

İyirmi iki yaşında ikən

    əri Müfit bəylə Vyanaya

                                 getdilər.

Üç ildən sonra

              İstanbula döndülər.

İyirmi altı yaşında ikən -

Paris.

İki il sonra

          Ankaranı ziyarət

                                  etdilər.

Ziyarətdən sonra - Berlin...

Orada da dörd il...

Sonra da - iki il...

Yenə də

          qısa Ankara ziyarəti...

Sonra Roma.

Ağ dəniz,

Loyd Triyes tiko.

Müfit bəy

yolda ürək çatışmazlığından

öldü.

İstanbula döndülər.

Cənazə mərasimi

                göz yaşları

                        içində keçdi.

Hətta

    ağ əlcəkli

        polislər belə

              kədərlənmişdilər.

Cazibə xanım

          bir müddət

               xatirələrlə ovundu.

Sonra

      bank məmuru

           Şefiq bəylə evləndi.

Təzə əri

      özündən kiçik idi

                               bir az…

Nəhayət,

        portağalı soyub

             dilimlədi Osman Nəcib

   buna görə

       özündən və dünyadan

                             məmnundu,

sümüklü,

dərin ovcunda tutmuşdu

isveçrəli məşuqəsi kimi

sarı,

    qabığı soyulmuş portağalı.

Nədənsə, gülümsündü.

Düşes dö Rohanın

             günorta yeməyindən

necə də maraqla danışırdı

Mösyü Düvala

                     Cazibə xanım.

Tək barmaqla çalınan

piano səsləri kimi gəlirdi

Osman Nəcibə

    xörək adları və kəlimələr:

"... Lanqust ala morney...

Şevröy ala sentüber...

... setün boner...

... delis... koze...

Sos qrand vönör.

                  Şampayn roze..."

Ədəblə

    bir az da

                 məhzun halda

dinləyirdi Mösyü Düval...

 

Bəmbəyaz

   bir gecə keçir

       mavi pəncərələrin arxasından.

Bayırda Ay var,

                    dəniz var,

bayırda

      Ayın gümüş nurunda

                               cilvələnən

bəxtəvərlər bəxtəvəri

                      bir torpaq var...

Amma

        bu gözəlliyin

                        fərqində deyil

lüks-vaqonun

    mavi şüşələrinin içindəkilər...

 

Küncdəki masada

                        iki adam əyləşib,

əlbisələri simsiyah,

                    biri sarışın,

                              biri qaraşın.

Qaraşın adam

     Mösyü Düvalı göstərib dedi:

- Bu fransızı

                tanıyırmısınız?

- Hansı fransızı?

- Osman Nəcibin masasındakı.

Mösyü Düval dö Tor.

Multimilyonerdir.

Luvr çayı üzərində

               nəfis bir villası var -

xalis Orta əsr abidəsi.

- İndi almanlar

                   yaşayırlar orda.

- Bəlkə də...

                Amma, nə olsun?

Hərif teleqrafla

   bir alman alayını

       südlə təmin edəcəyini

                                bildirdi.

- Südü bizdənmi alacaq?

- Yox, canım,

Fransadakı fermalardan.

- Düşmənlərini

      südlə bəsləyir demək...

- Yox, canım,

             pul qazanır, pul...

 

Bayırda Ay var,

                  dəniz var,

dənizin üstündə

    yelkəni yuxudan bir gəmi var,

Bayırda

      Ayın gümüş nurunda

                                 cilvələnən,

dənizin

        masmavi qoynunda

                               yırğalanan

bəxtəvərlər bəxtəvəri

                       bir dünya var...

- Nə vaxtdan bəri

             Türkiyədədi bu hərif?

- On beş ildir gəlib-gedir.

Yaxın

      və Orta Şərqdə

              iş görən bir şirkətin

rəisidir.

Bizdə

  sement, pambıq və barıt

     istehsal etməklə məşğul olur,

merinos qoyun

     yetişdirmək istədi

             Dalaman otlaqlarında,

elektrik alacaqdı

                Sakarya irmağından,

fəqət

      dövlət rüsxət vermədi....

 

Ardı var

 Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!