İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

   Əvvəli burada

Burhan Özedar

1925-dən

1934-ə kimi

800 kilometr uzunluğunda

dəmiryol xətti

            inşa etdirdi.

1935-də

film çəkmək

            keçdi ağlından,

                     sivaslı Əhməd paşaya dair.

1936-da

dəmir soba

            fabrikası qurdu.

Elə

            həmin ildə

                      sivaslı Əhməd paşanın

həyatından bəhs edən kitabın

ilk nüsxələrini nəşr etdirdi.

1937-də

            mədən açdı

Ərzurum dağlarında,

1938-də vaqon zavodu...

1939-da

            oğlu Berlindən qayıtdı,

                        mühəndis kimi.

1940-da

arvadını,

qızını

            Sivasa -

gözdən-könüldən uzaq,

eyni zamanda,

            təhlükəsiz yerə göndərdi.

Burhan Özedar içki içməzdi,

amma

haram şeylərə meyilli idi -

əyləncə yerlərinə,

            məsələn, bala gedərdi,

arvad-uşağı getməsə belə...

Qızı

            amerikan kollecində oxuyurdu,

başına

            beretdən başqa

bir şey qoymurdu.

Burhan Özedar da

qızı kimi,

            amerikan mallarına

həvəsli idi -

məsələn,

yalnız dollar yığırdı...

            bu il

                        yazdığı vəsiyyətnamədə

sərvətinin

            yarısını ailəsinə,

yarısını xeyriyyə işlərinə

                                   ayırmışdı.

Halbuki

            1951-ci ildə

yazdığı vəsiyyətnamədə

sərvətinin

            dörddə birini ailəsinə,

dörddə üçünü isə

            xeyriyyə işləri üçün

                        nəzərdə tutmuşdu...

Bəzən onun

        ən yaxınlarını belə

              təəccübləndirəcək qədər

                    yalan demədiyi anlar olurdu.

Belə anlarda              

            sol gözünü

                        daha tez-tez qırpırdı,

ağlamağını

gizlətməyə çalışan

            adamlar kimi...

Bir səhər

Baş mühəndisinin

            otağına girib,

başladı söhbətə:

- Mən

            vəsiyyətnaməmi dəyişdirdim.

kiməsə

hesab verməyə

            borclu deyiləm.

Bu mənim şəxsi işimdir.

Bu işdə

            heç kim

                        məndən hesab

                                   sora bilməz,

cənabi-haqdan savayı.

Amma

            insanlar qəribədir,

ya da

            mən qəribəyəm,

bir şey tıxandı boğazıma,

deməsəm,

            boğacaq məni:

böyük pulu

            alnının təri ilə

                        qazana bilməzsən.

Başqalarını bilmirəm,

amma,

            mənim pulumun özülündə

alın təri

            deyilən şey yoxdu.

İlk vaxtdan

            bu, ayan-bəyan,

                        məlum idi mənə,

sonra unutmağa başladım,

            elə bil, yavaş-yavaş,

daha doğrusu,

            sərf elədi unutmaq -

dünya budur:

insan

ayaqları üstə qalxır,

yeriyir,

çıxır yoxuşu,

sonra elə olur ki,

çıxdığı qına

            bir daha dönüb baxmır.

Bizi

            qanadlarına alıb,

                        yeddi qat yerin

                                   dərinliyindən

çıxaran,

            budumuzdan kəsdiyimiz

                        əti belə yeməyən,

saxlayıb,

            axırda özümüzə qaytaran

Zümrüd quşunu

Qaf dağına

            yetişər-yetişməz

                        unuduruq,

sanki

            elə bu cür də olmalı imiş...

Belə-belə işlər, bəyim...

Zülmətdən

            işıqlığa çıxdıqmı...

Hə,

            nə deyəcəkdim,

dünən

            iki usta

                        qəlibçi gəlmişdi,

yanına göndərdim,

bir

            yaxşı-yaxşı

                        imtahan elə,

yarasalar,

            işə al.

Hə,

            bir də

                        atelyedə iş saatını

hər gün 

            beş dəqiqə uzat.

Haydı,

            hələlik,

                        xoşca qal...

            o gün axşama qədər

sol gözü

            açılıb-yumuldu

                        Burhan Özedarın,

islaq-islaq

            ara vermədən...

 

Anadolu

            sürət qatarına mindilər:

yola salınan böyük adam,

minbaşı,

millət vəkili

            və həkim Təhsin,

bir də

Burhan Özedar.

Böyük adamı

            yola salanlar

başlarını bir az da əydilər.

            Əhməd onbaşı hələ də

                        farağat vəziyyətində -

dimdik dayanmışdı.

Fəqət

            belə düşünmürdü artıq:

"Hə,

            dayan, həmşərim,

                        axırına çıxdıq..."

 

Vağzal saatında

            on səkkizə

                        iki dəqiqə qalır.

Bir az aralıda

            bir qadın dayanıb -

nə elə gözəl,

            nə elə çirkin,

amma gözəlləşməyə meyilli,

nə elə gənc,

            nə elə qoca,

                     amma gəncləşməyə meyilli,

gözləri dalğın,

fəqət

            bu dalğınlıqda

                        qəlbin müqəddəs

                                   istəyi var.

Aralandı

            sımsıx sıxılmış

                        dodaqları,

müdhiş

            bir şeyə

                        qərar vermişə

                                   bənzəyir.

Dünəndən bəri

            furqona şey-şüy yükləyən,

ara-sıra dayanıb

            tərini silən

gənc hambala baxmaqdadır.

Dəliqanlının

beldən yuxarısı çılpaq,

bir az əvvəl

            çıxarıb atmışdı köynəyini,

qolları əsmər,

            əzələli, yoğun,

geniş köşkü tük içində,

dodaqları ətli,

qartalburun,

ağır kisələri

            qucaqlarkən,

qaldırarkən havaya,

bədəni

            yay kimi gərilirdi...

Bu hamballa

            bir kərə yatmaq

            bağıra-bağıra,

bir, on,

            yüz,

                        min çocuq

                                   doğmaq ondan:

əsmər,

qumral,

qızıl,

sarı...

 

Vağzal saatı

            on doqquzu göstərirdi.

Tərpəndi Anadolu sürət qatarı...

 

Ərzincanda bir quş var,

Qanadında gümüş var.

Yarım getdi, gəlmədi,

Görən bunda nə iş var?

Axşam oldu, uca dağlar,

Uzaqlar seçilmir,

Könüldür, keçilmir.

Axşam oldu,

            yandıra bilmədim şamımı.

Göy dağlar qaraldı, gəl.

Axşam düşdü, gün batdı.

Axşam düşdü

            yenə qərib olana.

Axşam oldu, neyləyim?

Axşam oldu,

            basdı məni qaramat,

Axşam oldu,

            sevinməyin  vaxtı keçdi.

 

Anadolu sürət qatarı

            şütüyüb keçdi...

 

Ay doğar, aşmaq istər,

Qurd qızı yaşmaq istər,

Bu mənim qərib könlüm

Yara qovuşmaq istər.

Ay doğar ayan-ayan,

Ay doğar çini-mini.

Ay doğar, ayazlanar,

Ortalıq bəyazlanar.

 

Bəyazlandı ortalıq .

Şütüyür

            Ayın altında

                        Anadolu sürət qatarı,

işıqların önünə

            pərdələr çəkilib.

çöldən baxanda

mavi

            bir şüşə kimi

                        görünür qaranlıq.

Halbuki

            bir turunç şərbəti

rəngindədir içərisi

            restoran-vaqonun.

Birinci masada

            böyük adam əyləşib,

yanında minbaşı,

üzbəüzündə

            Təhsinlə Burhan Özedar.

Burhan Özedar dedi:

- Kəndlilərə də,

            fəhlələr kimi,

bir cür paltar

            geyindirmək lazımdır,

ucuz,

saya,

möhkəm qumaşdan -

həm seçilsinlər,

həm də,

            lütdülər həriflər...

Mən

            bir layihə hazırladım,

sizin,

            yəni, dövlətin

                        qumaş fabrikalarına.

Müşavirlərinizin

            ağlına batmaya bilər,

siz bir ihalə açın,

xərcini boynuma götürərəm,

amma

            qanun istəyirəm,

                        sərt qanun,

yoxsa,

            bizim danqanaq lütlər

o paltarları geyinməyəcəklər -

qanun istəyirəm,

            sərt qanun,

                        boyunduruq kimi,

                                   tabe etsin

danqanaqları...

 

Millət vəkili,

            həkim Təhsin

içki şüşəsinə uzatdı əlini.

Uzun,

            incə qabda Qovaqlıdərə

                        şərabı.

Ankarada

            bir macar

                        istehsal edir bunu.

Reyn şərablarına bənzəyir,

rəngi

            açıq sarı,

                        yəni, altun sarısı -

ərimiş almaz kimi bir şey,

təsiri

            yungül, incə,

                        seklə dömi sek arası...

Millət vəkili,

            həkim Təhsin

büllur bakala süzdü şərabı

          açıq havada

                şəfəqin doğuşunu

                      seyr edirmiş kimi

                            seyr etdi bakalı.

            yumşaq səsində

                        istehzalı bir əda:

- Burhan bəyim, - dedi,

bu geyim işinə

            çoxdan başlandı məncə -

Sümərbank,

            yəni bizim,

                        yəni dövlətimizin

                               bir bankı tərəfindən.

- Sümərbankınkılar

            bir qəpiyə dəyməz.

Kəndli alıb geyinmir.

Amma mənim dediyim...

- Anlayıram,

            Burhan bəyim,

uniforma kimi

            bir şey istəyirsiniz.

- Bəli.

Uniforma kimi möhkəm

            məcburi geyiləcək bir şey.

 

Minbaşı -

altmış yaşlarında,

            qısaboylu

            incəcik səsini

                        qalınlaşdırmaq istəyən

                                   bir insandı -

qarışdı sözə:

- Bir şeyə

            hökmən diqqət edilməlidir,

əfəndilər,

xadimə

            ilə zabiti

                        bir tutmaq olmaz...

Hər ikisi uniformada?

Gülməlidir...

Millət vəkili,

            həkim Təhsin

büllur bakaldakı şərabdan

            bir qurtum içdi:

- Bizim sahibkarlar

            bu keyfiyyətdə

                        şərab istehsal edə

                                   bilmirlər,

amma edəcəklər.

Hətta

            Şato İkəmdən daha ləzzətlisini

                        istehsal edəcəklər.

Burhan Özedara sarı döndü:

- Sümərbankın əlbisələri

            bəlkə mükəmməl deyil hələ,

amma olacaq.

Fəqət

            bütün kəndlilərə

                        zorla bir cür

                                 paltar geyindirmək

olmaz.

Burhan Özedar

            sol gözünü

                        qırpmadan soruşdu:

- Niyə?

Bizə

            şapkanı zorla geyindirmədilərmi?

- Orda zorla - inqilabdır,

burda zorla - irticadır.

            nədənsə,

                        iş adamlarımızda

bir inamsızlıq var

            dövlətə,

Halbuki

            dövlət onlara dəstək olur.

- Biz də ona dəstək oluruq -

millət vəkili,

            həkim Təhsin

                        cavab vermək istəyərkən,

böyük adam

            yavaşdan dedi:

- Bir məsələ qalmadı demək...

Amma,

            elə bil,

                        nədənsə incimiş kimi

                                   söylədi bunu.

Ürəyini

            bir məhzunluq

                        bürüdü Təhsinin:

bir başqa

            insan gəldi ağlına -

                                    ölmüş,

bir başqa

            süfrə gəldi ağlına -

                        dağılmış...

Düşündü Təhsin:

"Müzəffər

            bir insandı ölən,

nəfsindən başqa

            bir kimsəyə güvənməzdi.

Müəzzəm bir qumarbazdı.

Hökmlü,

            dalaşqan

                        və hiyləgər idi,

insanlara yuxarıdan

            aşağı baxardı.

Bu yerə

            onun əli ilə -

                        əli pəncəli və ağır idi -

gəlməyimə rəğmən,

            neçə kərə ölməsini istədim.

Düşündüm:

            süfrəsi dağılınca,

                        üstümdəki zandan da

                                   dağılacaq...

Öldü.

Dağıldı süfrəsi.

Müsafirlərini də

            yanında dəfn etdilər,

dəfn etdilər

            qəlblərində

                        qürur hesab etdikləri

nə vardısa,

            onunla bərabər...

Mən

            nə qədər qoca olduğumu

                      onun öldüyü gün anladım."

Boşqabına

            göbələkli balıq qoydu Təhsin

            qızarmış çörəyin

                        üstündəki əti kəsərkən

böyük adama baxıb düşündü:

"Bu niyə onun kimi deyil?

Yaxın dost idilər.

İşə bir vaxtda

başlamışdılar.

İndi

            necə iztirab çəkir,

                        bilirəm.

Hamımızdan,

            bütün dünyadan küsüb.

Artıq

            bir kimsəyə

                        nə yaxşılığının,

                                   nə pisliyinin

dəyməsini istəmir.

Nə qorxunc şeymiş etinasızlıq.

Qapqara

            bir qurd qımıldanır

bu pəmbə,

            bəyaz,

                        gombul bədənin içində.

            bunun ağrı-acısının

                        yalnız ona dəxli var.

Bizə nə?

Amma,

            yenə də,

                        niyə müzəffər olmadı

bu adam?

Nəyi çatışmır?

Ağlı?

Cəsarəti?

Var-dövləti?

Bəlkə

            lazım olduğu qədər

                        bişərəf deyil?"

Ardı var...

Hazırladı: Dilsuz

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!