İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

Əvvəli burada

Perron tünlükdü.

Nuri Cəmil

        baxdı lüks vaqonun

pəncərəsindən:

bir nəfər

       dayanmışdı aşağıda,

Əhməd onbaşı.

    birdən-birə

         bir mövzu gəldi

                          ağlına:

"Bir dəmirçi kürəsidir

                       hərb meydanı,

millətlər

    polada dönmək üçün

bişməlidirlər orada..."

Belə yazacaqdı,

halbuki

       özü bu kürədə

                        bişməmişdi

və bişməyəcəkdi,

çünki - güldü - topaldı,

         çox şükür.

Qabaqdakı

vaqondan

endi Təhsin -

ala gözlərin

ən rənglisinin sahibi

   millət vəkili.

Nuri Cəmil

      balkan və yunan

           müharibəsinə gedən

Əhməd onbaşının

   başı üstündən

      gördü onu.

Yox oldu

       birdən-birə

  üzündəki təbəssüm:

"Görəsən,

niyə güldüyümü

bildimi Təhsin?  

Bildisə,

bütün dünya biləcək."

    düşünməklə

        düşünməmək arasında,

məntiqli-məntiqsiz

bir yuxu...

Bir ildırım sürətilə

     içinə sızdı qorxu,

bir

     suç dəliliymiş kimi

  baxdı topal ayağına,

   sanki

       onu gizləmək istəyi

        keçdi ürəyindən...

 

Sonra

      hirslə

         ağırlığını üstünə salıb,

dikəldi bir az da,

elə bil,

    özünü Təhsinə

        və bütün dünyaya

    göstərmək istəyirdi.

Birdən

    nə düşündüsə,

        əyilib Əhməd onbaşının

çiyninə toxundu yüngülcə:

- Əsgər,

     bir siqaret verim, çək...

Əhməd onbaşı

Nuri Cəmilin

     bu təklifinə təəccüblənmədi.

Yorğun idi.

Baxdı

        pəncərədən əyilən adama.

Aldı siqareti:

- Sağ ol, bəyim, - dedi.

Nuri Cəmil dinmədi.

Birdən-birə bezmiş,

usanmış halda

yumdu gözlərini...

 

Heydərpaşa vağzalının bufeti...

Həsən Şövkət...

Eyni masa...

Eyni bəyaz pendir...

Rakı - altıncı qədəh.

Adam

dunyaya

  bir dəfə gəlir...

Bir yol ola,

dümdüz,

bir yol ola,

        ucsuz-bucaqsız,

bir yol ola,

      hər iki yanında qovaqlar,

gənc olasan,

       amma, bir vaxtlar,

     olduğun kimi yox,

xəyal etdiyin,

düşüyün kimi,

gedəsən bu yolu,

gedəsən bu yolu,

axıra qədər,

Dünya da

başının üstündən üça,

uça bəzəkli

bir quş kimi...

Eh...

Yeddinci qədəh...

    həp eyni

         bir dilim bəyaz pendir...

"Bu səslər hardan gəlir?

Bu səslər hara gedir?

Sevdiyim

bir Ay işığıydı,

       getdi hədər,

Gözləmə,

            bir  daha gəlməz"

Həsən Şövkət

 yeddinci qədəhini

o bir dilim bəyaz pendirinə

əl vurmadan içirdi

və vağzal saatı

on səkkizi qırx səkkiz

                     dəqiqə keçirdi...

Bir tanışı

     yaxınlaşdı masasına

       Həsən Şövkətin,

                           xəyal-məyal,

harda

tanış olmuşdular,

nə danışmışdılar?

Adını belə xatırlamırdı.

Tək bir şey

qalmışdı ağlında -

baş barmağındakı fır...

Həsən Şövkətin

tanışı dedi:

- Mən

Allah deyirəm,

  siz təbiət deyin,

bir

    fövqəl güc var, bəyim,

 ah-nalə ilə

     quruldu Avropa,

ah-nalə ilə dağılır.

Palçığı

      göz yaşı ilə

            yoğrulan evdən

  xeyir gəlməz.

Zalım atanın övladı

        dərd çəkər.

Məsələn,

       bizim İzmir dərəbəylərinin

        pərişan görünür

bu gün uşaqları.

Allah

       pulu ilə bərabər

ağlını da aldı

       başından,

Eybi yoxdu,

         siz yenə  təbiət deyin.

Əli paşanın

bir əkin yeri vardı, bəyim,

bir ucundan bir ucuna

               atla on saata gedilirdi,

hələ

        Bursadakı hamamları...

Əli paşa

              səksən para

                            kəndə baxırdı,

deyilənə görə,

     paşalığı zorla alıbmış

             sultan Əbdülhəmiddən .

Bursada

            bəzi kitabxanalarda-filan

şəkilləri var hələ:

yaxasız mintan,

içi qurd dərisindən

                        qısa gödəkcə,

çəkmələr,

yerli qumaşdan arxalıq,

div kimi

               söykənib ov tüfənginə

gözlərini

       elə bərəldib,

              deyirsən ki, indicə

        səni udacaq.

Fəqət

      o bu bədheybət

    şəkillərdə qaldı yalnız,

var-dövləti

     şan-şöhrəti kimi,

inşallah,

        onlar da

             yox olanlar ortadan.

Kiçik qızı

atəşkəs zamanı

        fahişə oldu,

bir axşam

zabitlərlə endi

        Bəyoğluna.

Bir də

      bir oğlu var,

              indi sonuncu

mülklərində qalır,

Mülk,

    bəlkə də,

          qırxgözlüdür,

                  amma, dörd tərəfi

          uçuq-sökük,

bu xarabazarda

           bayquş kimi

                təkbaşına yaşayır

                                          hərif.

Bədəni əsməcə tutub,

bütün günü

            bir qoyun dərisinin

                          üstündə dayanıb

gözləyir,

qonum-qonşu

qabağına bir tikə

             çörək qoymasa,

acından ölər.

Bir mənəviyyat var,

      mən Allah deyirəm, bəyim,

                                 siz təbiət deyin.

Həsən Şövkət

                  tanışının sözünü kəsdi:

- Nə mənəviyyat,

nə təbiət?

Mən də Allah deyirəm.

Bu boşqabda

              bir dilim

                      bəyaz pendir var,

mən onu belə yemirəm,

                     yəni, yeyə bilmirəm,

ikinci dilimə yetmir pulum.

Nə zalım,

nə də dərəbəyi idi atam.

Avropanın dağılması da

                             umrumda deyil.

Biz də

       onlarla bərabər dağılaq,

                             onlarla bərabər,

həp bir yerdə,

həp bir yerdə...

Söylənəcək

             nə qədər

                     sözüm vardı

                                     insanlara,

Söylətmədilər,

Söylətmədilər...

Pisiniz də, yaxşınız da

                               bir zibilsiniz...

Tək

     bir dilim

                   bəyaz pendirim var,

sizin olsun,

                   buyurun, yeyin!

   Həsən Şövkət

            itələdi boşqabını

     tanışına tərəf...

 

Perron.

Uniformalı

       bir Baş komissar

              mərkəzi qapıya sarı

yüyürdü,

amma qəddini bükmədən,

                                     dimdik.

Nə vaxt

          bir yerdə

                  bir polis yüyürsə,

ən uzaq

            ehtimallar belə

                                 gəlir ağıla

yüyürmək

      şey-şüyün

              üstündən tullanmaq

polisin

       məmurluq şərəfinə

                         ləkə gətirməz.

Bir leytenant

bir minbaşının qulağına

nəsə dedi

   minbaşı qaçdı

          mərkəzi qapının yanına,

Leytenant qaldı öz yerində,

amma

     yeni yağlanmış

          bir naqan gülləsi kimi

                          hər şeyə hazır...

Perronda

        çoxaldı birdən-birə

                 mülki geyimli polislər,

özlərini

      nə qədər

           bəlli etmək istəməsələr də,

kim olduqları

dərhal bəlli olurdu.

Vağzal müdiri

        müfəttişlə danışır,

                hər ikisi təlaş içindədi.

Mərkəzi qapının

        yanında dayanan adam

                        soldan sağa keçdi.

Qısa boylu və şişmandı.

Papağını çıxardı.

Gödəkcəsinin

                   düymələrini açdı.

Əllərini

           göbəyinin üstünə

                                   qoydu.

Boynunu bükdü.

Gözlədi,

Əhməd onbaşı

       (Balkan və yunan

              müharibəsindən gələn

   "Dayan ha, həmşərim,

                         sonuna çatdıq"

sözüylə məşhur olan)

yanındaydı

                 şəhərlərarası qatarın

  Nuri Cəmilin

      verdiyi siqareti

            çəkib qurtarmamışdı hələ...

yorğunluğunu,

            bir ixtiyar dostu kimi,

                                yola verə-verə,

şabalıd rəngli gözlərini

                        əyləndirə-əyləndirə

baxırdı olub-bitənlərə.

   Əhməd onbaşı ki,

                                   görə bilirdi

tikanlı məftillərin

      arxasındakı qaranlığın

                              qımıldadığını,

istər-istəməz,

sezirdi ortalıqda

            nələrinsə baş verdiyini...

Birdən-birə

            bir çaxnaşma oldu

                        camaatın arasında

Mərkəzi qapıdan başlayaraq,

insanlar

            papaqlarını çıxarıb,

                             ikiqat əyildilər.

Kədərli mənzərə idi.

Mərkəzi qapıdan

            lap öndə bir adam

                              girdi vağzala -

yaxından baxanda,

            ədəbli insana bənzəyirdi:

sadə,

      bəlkə cəsur,

                        bəlkə qorxaq...

Burnu yuvarlaq

            və çox içdiyindən

                         qırmızı idi bir az

bürüşmüş yanaqları

                        ətli, bəmbəyaz...

    gözləri

            səbirli, yaşlı

                        şimal qadınlarının

gözləri kimi rəngsiz...

Asta,

      səssiz addımlarla

                        yeriyirdi

   laqeyd-laqeyd dinləyirdi

sağında,

solunda

       ikiqat olmuş insanların

itaətkarcasına

                   dedikləri sözləri...

"Təlaş buna görəymiş" -

            deyə düşündü Əhməd onbaşı.

"Gör nə tünlük oldu,

bu kimdi, görəsən?

Hər halda, böyüklərdəndi."

Güldü öz-özünə -

axmaq bir fikir

                        gəlmişdi ağlına:

"Ey cahil kəndli,

bizim Əli görsə bunu,

bəylərbəyi sanar

bir nahiyədə,

yəni,

      validən böyük...

Bu, millət vəkili olacaq...

Gör ətəyindən nə öpürlər...

Mənə qalsa,

           insanoğlu Allahdan başqa

heç kəsin önündə

                              əyilməməli...

Amma

     görünən budur ki,

           hərif əsgərlik etməmiş,

etmişsə də,

            elə-belə,

               ehtiyatda olan

                           zabit kimi...

 

Yoxsa

       bir komandir

             yoxlama zamanı

                      beləmi yeriyər?

Bu

   ehtiyatda olan

        zabitlərin yumruğu da

                              bir şey deyil..."

 

Əsgərlik deyincə

                    üç şey gəlir ağıla:

bir - şax yeriş,

iki - sərt yumruq,

üç - igidlik...

Müharibə etmədən igidlik?"

Əhməd onbaşı

yenə qəşş eləyib güldü,

fəqət

     birdən-birə

                yüz addım aralıda

bir minbaşı peyda oldu

   indicə

         vağzalın mərkəzi

                    qapısından girən

adama sarı yüyürdü.

Əhməd onbaşının

gülüşü

        içində şüşə kimi

                              çilikləndi.

Dərhal

     vəziyyətin nə yerdə

                    olduğunu anladı.

Salama dayandı,

     heç bir şey düşünmədi artıq.

Yola salınan

    böyük adam

          bir az irəlidə -

                ətrafındakıların ortasında

hər şeyə biganə,

hər şeyə laqeyd

                 bir halda dayanmışdı...

 

Burhan Özedar

böyük adama

                   nə isə izah edirdi...

Burhan Özedar -

tökməbədən,

upuzun,

      dəmir kimi möhkəm ayaqları

çəkisinə uyğun,

tüklü əllərinin hərəkəti

                               rahat və ağır,

sol gözünü

qırpır ara-sıra,

fəqət

       bu gözqırpımının

     heç bir əlaqəsi

         yoxdu hiyləgərliklə,

bir xəstəlikdi bəlkə də...

Burhan Özedar

hicri tarixi ilə

1300-cü ildə

 Sivas şəhərində doğuldu.

Kemankeş kimi tanınırdı

yeni soyadları çıxmadan öncə.

Rəhmətlik atası

  Sarvan Osman ağadır -

Qarahisarda torpaq,

Sivasta iki mağaza

     yüz qatır sahibi...

Burhan

    hicri tarixi ilə

             1320-ci ildə

                  rüstiyəni bitirdi.

Səfərbərlik illərində

qatırlarını

orduya yollamaq üçün aldılar.

Daha

        üç bədəl ödədi

1330-cu ildən 1334-cü ilə qədər.

Atası yetmiş yaşında öldü,

atəşkəs zamanı,

İstanbulda.

O vaxt

Burhanın iyirmi beş

                     qızıl onluğu vardı

   yunanlarda idi

         Anadolunun kağız pulları.

Sağ olsun milliyətçiləri -

Burhan     

       ərzi-hal yazdı

Türkiyə Böyük Millət Məclisinə -

indi

     pullarının üstündə

              Ay-ulduz şəkli var artıq.

Sərmayə yenə yunanlarındı,

amma

ortaqdı Burhan Özedar.

1337-də - ilk sevkiyyat,

1340-da - ilk bina,

1341-də -

Sivaslı Əhməd paşa

                  camisinin təmiri.

1342-də

       Burhan Özedar on yataqlı

 xəstəxana binası tikdirdi,

                      gül-çiçəyin içində....

  Ardı var

Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!