İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

Əvvəli burada

Güldən daha gözəl,

                 daha rayihəli

                        Arnavutköy çiyələyinin

   tənək yarpağına bükülü

                    barbunya lülə-kababının

ətri ilə gəlir

Heydərpaşa vağzalının

                                      büfetinə bahar.

Buna rəğmən,

Həsən Şövkət

rakını

       bir tək dilim

                        bəyaz pendirlə içirdi

  saat

      on səkkizi

            otuz səkkiz dəqiqə keçirdi.

Dama-dama

      süfrənin üstündə

                əlləri titrəyirdi

                             Həsən Şövkətin,

amma

            yenə də

                        gözü qədəhində idi,

ağlında isə

     Anatol Fransın

              əsərlərindən birinin adı:

"Lö krim dö Silvestr Bonar".

Düşündü:

"Türkcəyə tərcümə etməli."

Düşündü:

"Tərcümə olunmuşmu,

görəsən?

Olunmuşsa,

       onda,

     nə zaman?"

Bilmir,

            dəqiq bilmir:

məmləkətin

       tanınmış ədiblərindən

                                     oldu-olalı,

türkcə

     öz yazılarından başqa

            bir şey oxumadığı üçün.

"Lö krim dö Silvestr Bonar".

"Silvestr Bonarın suçu".

Adı gözəldir.

Suçu nə imiş,

                        əcəba?

Kimdir

            Silvestr Bonar?

Deyəsən,

    o kitabda

       baş barmaq boyunda

                            bir adam var,

hətta

      baş barmaqdan da kiçik...

   baş barmaq boyundakı

                                   bu adam

Silvestr Bonarla

                           danışır:

Deyəsən,

            şam işığında

  deyəsən,

            əlyazısı

                        latınca olan,

qırmızı,

            meşin cildli

                                   bir kitabın

üstünə çıxıb.

Bəlkə

    bunda yox,

            başqa bir romandadı

                                   bu macəra?..

Həsən Şövkət düşünür,

                         gözləri qədəhində:

"Baş barmaq

boyundakı adam -

      yəni, vicdanımız,

yəni,

     qədəhimizlə

  təkbaşımıza

            qaldığımız zaman

şam işığında

       bizimlə söhbət edən...

Budur,

    mənim də

baş barmaq

       boyundakı adamım -

eynən

      mənim kimi qumral,

eynən

       mənim kimi tıknaz -

hoppanıb oturub

      qədəhimin dodaq yerində,

ayaqlarını da sallayıb,

        kefi istədiyi kimi...

Əllərim belə titrəməsə,

Çəngəlin ucuyla

                        balaca toxunsam,

düşüb

       qədəhin içində

                                   boğular..."

Dişləri

    görünməmiş qədər çürük,

səsi

     görünməmiş qədər qalın

   yuxuda anasını

                ölmüş görən

                        bir uşaq kimi

içini çəkə-çəkə:

-           Həsən Şövkət, - deyir -

                 Həsən Şövkət,

sən məhv olmuş bir insansan.

Bu kökə necə düşdün?

Kim səni bu hala saldı?

Nə vaxtdan bəri

                        bu vəziyyətdəsən?

Halbuki

         bəziləri hardaydılar,

                           hara yüksəldilər?

İndi

    onlar

            əski bir xatirə kimi

                        əlini sıxırlar sənin,

amansız

            bir mərhəmətlə

                             baxırlar üzünə.

Əlbət

      onlar çoxdan unutdular,

                                   Həsən Şövkət,

Belarus

            və erməni pansionlarının

yanmış

      zeytun yağı ilə

                          sidik qoxusunu,

indi

    necə küstahlıqla

               toxunurlar qadınlara,

indi

     bütün nemətlərilə

                  dünya onlarındı artıq

və əbədiyyən

            təfriqə yazmağa

                            məcbur deyillər

qəzetlərdə

            lisə tələbləri ilə

                        gənc zabitlər üçün,

cəmi-cümlətanı

                        iki lirəyə,

üstəlik də,

            əlli yaşlarında...

Amma

      nəyə görə,

                  nəyə görə,

                            Həsən Şövkət?

Səndən ağıllı idilərmi?

Xeyr.

Savadlı idilərmi?

Xeyr.

Səndən

            daha azmı xəbərçi,

səndən

daha azmı aravuran,

səndən

     daha azmı

özlərinə məftun idilər?

Yox,

     əsla yox!

Rəssam Mahmud belə

                beş min lirə aldı

                    çəkdiyi bir portret

                                                   üçün.

Halbuki

      səndən daha tənbəl,

                səndən daha əyyaş idi.

Paxıllıq eləyirsənmi?

Bəlkə də.

Etiraf et.

Bəli,

      paxıllıq edirsən,

hamısının

     gəbərməsini istəyəcək qədər,

bir gündə

            qəflətən,

                        məsələn,

bir qrip epidemiyasından...

Paxıllıq-filan

                        öz yerində,

amma

      sən onlardan

                əvvəl öləcəksən:

bilirsən,

     bir böyrəyin çürüyüb...

Yaz gəldi,

            Həsən Şövkət, yaz -

budaqların ucuna qədər qalxdı

torpaqdakı su...

Quş belə yuva qurdu,

        quş qədər də olmadın,

                            Həsən Şövkət.

 

Tünlükdü perron.

Düz

saat on doqquzda tərpənəcək

Anadolu sürət qatarı.

 

Həsən Şövkət

              qədəhinin üstündən

                            baxdı perrona,

Nuri Cəmili gördü.

Səyyar

      kitab mağazasının

                önündə dayanıb

                            nəsə oxuyur.

- Bax, - dedi Həsən Şövkət,

baş barmaq boyundakı adama -

Nuri Cəmilə.

Bağ evi tutmuş Suadiyədə,

Qazancı

        yəqin ki,

                beş yüz lirədən

                              aşağı deyil.

Bəlkə

        alman səfirliyindən də

                             bir şey alır.

Yaşa,

      Nuri Cəmil,

                       yaşa!

Sözsüz,

         çoxdan unutmusan

bir avara,

bir ümidsiz,

bir pərişan

                gecə yarısı

başımızın üstündə -

            çox-çox yuxarıda

ulduzlara qarışdırıb

                  yalnızlığımızı,

Qalatadan dönərkən,

orda,

    İş Bankasının qarşısında

                          rastlaşdığımız,

mən rakılı,

sən kokainli...

Sən - qəhr olası,

sən - topal...

 

Nuri Cəmil topal idi.

Nuri Cəmil

Həsən Şövkətin

baş barmaq boyundakı

                        bir adamla

söhbətindən xəbərsiz halda

böyük adamlara

          məxsus bir tərzdə

                   siqaretini yandırdı.

Əlindəki kitabı

                    satıcıya qaytardı

   lüks vaqona

           minməkdə olan

                     Təhsinə baxdı -

birdən-birə

    pis bir şey görmüş

              adamlar kimi

                   bürüşdürdü üz-gözünü,

həm də,

        hiss olunacaq dərəcədə.

Təhsin -

          həkim və millət vəkili -

hələ

      ətli, gilası

              dodaqlarına yaraşan

simsiyah bığlı,

ala gözlərin

               ən rənglisinə sahib,

uzunboylu,

               göbəkli bir adamdı

   Nuri Cəmilin

         üzünü bürüşdürməsindən

                                 xəbərsiz halda

lüks vaqona girdi.

 

Həsən Şövkət

qədəhini yuxarı qaldırdı.

Doğrudan da, yanında

                  onu bir dinləyən

                                    varmış kimi

dedi:

- Bilirsənmi,

baş barmaq boyundakı adamım,

Nuri Cəmil çatlayacaq,

Təhsini qısqanır.

Sümsük topalın

                        gözü var,

bəlkə də, millət vəkilliyində,

həm də

        hansı yollarla

                   bu işi görür,

                               bilirəm -

amma

yazdığı lətifələrdən deyil,

çox şükür,

       onları oxumaqdan uzağam...

Məsələn,

    siqareti nə cür çəkməsindən

                                           bilirəm.

Almanların

           hər zəfərində

qəlbi

      bir Prussiya piyada alayının

davulu kimi vurur.

Mənim

       Hitlerə bağışlamadığım

şey:

   satıla bilmək

        imkanı verməsidi

             Nuri Cəmil kimilərinə

və üstəlik,

        öhdəsindən

              gələ bilməyəcəkləri

                                 qədər müdhiş,

məhz müdhiş

          arzularla doldurmasıdı

                          ürəklərini onların.

Zatən,

      buna görə

                  bəlli edirlər hər şeyi

belə axmaqcasına,

belə həyasızcasına.

Necədi

        öztürkcədə "hayasızca"?

Cağataycadan

              uydururlar yenə

                             necə gəldi...

Bizim türkcəmizdə

             "utanmaz" desək

                                necə olar?

Yox,

"hayasız"da

         çox daha üzsüz,

                çox daha çılpaq

                               şeylər var.

Təəssüf,

çox təəssüf,

dimdik,

      yumşaq

           və ovuclarımı

                   həyasızca dolduran

bir cüt

       qadın məməsini

                     oxşaya bilmədim,

hamısı lırt,

hamısı boş,

hamısı ölü...

Baş barmaq boyundakı adamım,

satıla bilərsənmi?

Xeyr.

Ayda beş yüz lirə versələr?

Mümkün deyil.

Yeddi yüz lirə,

heç bir təhlükə də olmadan,

yəni,

      heysiyyətinə belə

                             toxunmadan:

kiçik,

      müdrik lətifələr,

heç bir tərəfin

        marağını güdməyən

                    məqalələr üçün?

Olar,

mümkündür.

Yox...

        Bu, casusluqdur!

Niyə

      belə qorxunc

              şeylər düşünürsən?

Amma haqqın var.

Pul iyrənc şeydir.

"Mülkiyyət oğurluqdur -

                      demiş Prüdon.

"Sən

      bir kiçik

             burjua anarxistisən" -

dedi mənə

                 bizim şuradan biri.

Nədən?

Heç də anarxist deyiləm.

Pul?

Pul iyrənc şeydir.

Bəs

     hakimiyyət, vəzifə?

Əmr etmək,

       buyurmaq imkanı?

Həm də

       başqa çarə yoxdursa?

Həm də

    artıq almanların

            qazanacaqları da

                           yəqindirsə…

Həm də

       mənim bəzi insanlarla

              haqq-hesabımın olduğunu

                                      düşünürəmsə.

Bəzi insanlarlamı?

Hamısıyla!

Bir yerdə!

Məsələ

        həll olundu demək?

Tələsmə,

bəs, mənim fikrim?

Sənin fikrin

                dəyişməzmi,

baş barmaq boyundakı adamım?

Dəyişə bilər.

Həsən Şövkət,

         sən siyasətdən anlamazsan.

Yəni,

     anlamaq elə çətindi ki?

Bir rəzil

         yazıçı ikən

                       Nuri Cəmil,

indi...

Doğrudu.

Elə də çətin deyil.

Amma...

 

Beləliklə,

    Həsən Şövkət

            yavaş-yavaş

                  fərqinə varmadan

qaldırarkən

baş barmaq boyundakı adamını,

baş barmaq boyundakı adam

toxundu birdən-birə

           kənarına qədəhin,

                 bağırdı səsi gəldiyi qədər:

- Sən Nuri Cəmildən də

                        betərsən dəyyus".

Həsən Şövkət qıpqırmızı oldu.

Rakıdan bir qurtum içdi.

Titrədi əlində qədəh.

Baş barmaq boyundakı adam

                    düşdü qədəhin içinə.

  dişləri görünməmiş qədər çürük,

   səsi görünməmiş qədər qalın...

Həsən Şövkətin

qabarına toxunubmuşlar kimi

                            sızıldadı canı

   bir damla

           göz yaşı axdı

                    sol yanağından...

 

Perronda tünlükdü.

Nuri Cəmil

                lüks vaqona mindi.

İçəri bomboşdu.

Nuri Cəmilin uşaqlığı

atasız,

kasıb

və xəstəliklərlə keçmişdi.

Özünün olmayan

           hər şeyi qısqanmışdı,

  yalnız uşaqların

                   duya biləcəyi

bir yoxsulluq vardı içində,

nə sönən kimi sönürdü,

nə yanan kimi yanırdı,

korun-korun

            tüstülənirdi eləcə…

Bəlkə

        bir az da bundandı

kasıb olanlara nifrəti

  zəngin olanlara hörməti...

 

Bu lüks vaqona

             minə bilmək üçün

düz on beş il

      əlləşib-vuruşmuşdu Nuri Cəmil,

eynilə özünə

   itə,

      pişiyə, kirpiyə,

            tovuz quşuna,

çöllərdə

               başını dik tutub dolaşan

çaqqal sürüsünə bənzəyən

                           insanların arasında.

Onlar

       ikiüzlü dostluğa da,

                    düşmənçiliyə də

                                      hazır idilər,

hamısı da

     Nuri Cəmil kimi

            yalnız özünü haqlı bilirdi,

yalnız özünü cəsur,

yalnız özünü bəxtsiz sanırdı…

   eynən, onun kimi,

                        gözə görünməyən

şər qüvəllərlə dolu

                                   bir dünyada

istedadlarının

     dönə-dönə inkar edildiyindən

                                   əmin idilər…

   hamısı eynən

            Nuri Cəmil kimi

beyinlərinin

                 şəhdini sataraq keçinir

   bir-birlərinin

            ətini yeyir,

            ürəyini parçalayır,

            heysiyyətini

                              təhqir edirdilər.

İnsanın

     özünə bənzəyən insanlarla

                                       boğuşması

bir günorta istisində

            bir bataqlıq mənzərəsini

seyr etmək qədər

               kədərli və axmaq şeydir.

Nuri Cəmil

            bu hüznü bəlkə duyub,

                      bəlkə heç duymayıb,

fəqət

     boğuşmuşdu düz on beş il,

yuxu nədi bilmədən,

yorğunluq nədi bilmədən,

boğuşmuşdu sərxoş-sərxoş,

boğuşmuşdu təkbaşına -

                        arxadaşsız…

Meyxanəyə getməyə

              pulu da olmurdu bəzən…

bəzən danışırdı öz-özünə,

ələxusus

              əski şərqiləri dinlərkən.

Əski şərqiləri dinlərkən

uşaqlaşırdı

            uşaqlığında olmadığı

                                           qədər:

"Bir xeyli kitab yazdıq,

min beş yüz nüsxə

  satıldı bəziləri,

bunları

      oxuyanların yarısı

         qadındır hər halda,

bu qadınların,

  heç olmasa,

                yarısı gəncdir,

bu gənclərin

   yenə yarısı

    yəqin gözəldir,

bu gözəllərin içində,

əlbəttə,

       bir dənəsi var ki,

                        məni sevə bilərdi.

O hardadır?"

 Ardı var...

Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!