Pirayə xanıma
Jandarma Həsən
söhbət əsnasında
Xəlildən soruşdu:
- Yəni,
deyirsiniz
hökumət çörəyi
talonla verəcək?
- Elə görünür...
Jandarma Həsən
fikrə getdi,
sonra
burnunu çəkib,
dedi:
- Elə
talonla versə yaxşıdır.
- Niyə?
- Lazımdı.
Camaat
çörəyə hörmət eləməyi
unudub.
Bir dilim özləri yeyirlər,
bir dilim də itlərinə atırlar
şəhərlilər.
Çörək
bədənin həm həkimi,
həm dərmanıdır.
Kaş ki,
kənddə vergiləri azaldalar,
mal-qara ucuzlaşa bir az.
Məndə
torpaq
istədiyin qədər var,
amma
boynunu tumarlamağa
bir pişiyim də yoxdur.
Jandarma Həsən
Höyüklərdə baş verənlərdən
danışırdı Məlahətə:
- Bizim kənddən
bir saatlıq məsafədə
bir ələvi kəndi var,
ondan da o üzdə Höyüklər -
adamları çalışqan,
amma,
di gəl ki, xoruza biət edirlər.
Torpaqlarını qazırsan,
altından
div şəklində daşlar çıxır,
saxsı qablar çıxır,
qızıl cüyürlər çıxır.
Hökumət qarışıb indi bu işə.
Tapdığını Ankaraya -
muzeyə göndərir.
Sən
muzeyə heç getdinmi, bacı?
- Getmədim.
- Mən getdim,
İstanbulda,
bir dəfə...
- Hərbi muzeyəmi?
- Yox...
O birinə.
Görməli yerdir.
Sağa baxırsan,
sola baxırsan -
həp gavur padşahlarının
daşdan hazırlanmış heykəlləri.
Görünür,
o vaxtlar dəmir yox imiş,
olsaydı,
onlar da Atatürkünkü kimi
dəmirdən tökülərdi.
Çoxu da çır-çılpak.
İçlərində arvadlar da var.
Qəbirləri də ordadır.
Deyirəm,
gün varmış,
sağ imişlər,
indi quruca daşdılar...
Dustaq Fuadla
çavuş müharibədən
danışırdılar.
Pəncərədən
eşiyə baxırdı
dustaq Süleyman
və
dodaqaltı
Tofiq Fikrətin
bir şeirini oxuyurdu:
"Yeyin,
əfəndilər, yeyin,
bu xani - iştaha sizin..."
İzmit ovasından
keçir qatar.
510 nömrəli vaqonun
beşinci kupesində
yatır heybə sahibi -
Həlim ağa,
sanki,
ilbiz kimi,
qara saqqalının
ağ yun corablarının
içinə çəkilmişdi
və
rütubətli,
isti pəyəsində yatan
bir heyvanı xatırladırdı...
Birdən-birə durdu qatar.
Həlim ağa
baxdı pəncərədən.
Dışarıda
gecə olmasına rəğmən
vaqonda işıqlar
yandırılmamışdı.
Bir
stansiyada dayanmışdılar ,
Həlim ağanın
indiyə qədər görmədiyi
böyük,
çox böyük bir stansiyada.
Stansiyanın önü də
qaranlıq idi,
yaman da çox adam vardı.
Təbillər döyülürdü.
Alov-alov yanan
məşəllər tutmuşdular
adamlar əllərində.
Bağırıb çığırırdılar.
Birdən-birə
qar yağmağa başladı,
lopa-lopa.
Təbillərin səsi
get-gedə artdı.
Bayraqlar dalğalandı,
al deyil, yamyaşıl.
Bir adam çıxmışdı
stansiya binasının üstünə,
başında kalpaq,
belində
gümüş kəmərə keçirilmiş
əyri qılınc...
Müharibədə
ingilisləri məğlub edən
qəzetçi paşa idi bu -
Həlim ağa o saat tanıdı,
Halbuki
bu gecəyədək
heç görməmişdi onu.
Bir qədər də
diqqətlə baxdı.
Az qala, qışqıracaqdı.
Baqqal Hacı Nuri bəy də
yanındaydı paşanın.
Damın üstündən
əl işarəsiylə
"Gəl bura, gəl, gəl!" -
deyirdi Həlim ağaya.
Həlim ağa gedib,
əlindən öpdü paşanın.
İndi
ikisi də
Çankırı valisinin
avtomobilindən böyük
bir avtomobilin
içində idilər.
Yağış yağırdı.
İslaq,
sürüşkən şosenin üstündə
quş kimi süzürdü maşın.
Həlim ağa
paşanın önündə oturmuşdu,
heybəsi sürücünün yanında idi.
Paşa,
Həlim ağanın
saqqalına tərəf əyilib:
- Çox şükür, oldu, - dedi -
tez oldu bu iş,
almanlarla birləşib,
müharibəyə qoşulduq.
Ağzını möhkəm saxla,
heç kəsə bir söz demə,
hətta Hacı Nuru bəyə də.
Hazırlaş.
Çörəyi talonla verəcəklər,
unun varmı?
- Var, paşam.
- Anbara şəkər yığmısanmı?
- Yığmışam, paşam.
- Ağ neft necə?
- Onu da tədarük etmişəm, paşam.
Dənə zeytun, yarma, düyü, noxud,
lobya, hər şey nə lazımsa.
- Çox gözəl.
Sən Hacı Nuru bəydən
daha zəngin olacaqsan.
- Sayənizdə, paşam.
- Sabah
hamı bilir, bilsin,
bu gün təkcə sən bil,
ağzını açma!
Şami-şərifdə
bərabər qılarıq
cümə namazını!
- İnşallah, paşam.
- Hacı Nuru bəydən
daha zəngin olacaqsan,
Hacı Nuru bəydən
daha zəngin...
Hacı Nuru bəydən...
Həlim ağa
paşa ilə bərabər
ağappaq və ipək kimi incə
Misir həsirinin
üstündə oturmuşdu,
qəfildən soruşdu:
- Paşam,
bu Hitler deyilən gavur,
doğrudan da, müsəlmandır?
- Müsəlmandır.
Hamamda çiməndə
gözümlə görmüşəm.
Gavurlar fitə bağlamazlar.
Sünnət olunub.
Bir pişik keçdi
Həlim ağanın
qılçalarının arasından,
uzun tükləri
alov-alov yanan
qıpqırmızı bir pişik.
Həlim ağa
pişiyin dalına düşdü,
pişik qaçdı,
o qovdu,
pişik qaçdı,
o qovdu.
Bazar hamamının
qapısına qədər gəldilər.
Birdən pişik içəri girdi.
Qazançının qızı Şərifə
çıxdı çölə,
qoltuğunda hamam boxçası,
yayxana-yayxana,
yanaqları qıpqırmızı, girdə,
örpəyinin altında
qara saçları islaq,
on beş yaşı ola-olmaya.
Həlim ağa doladı qollarını
Şərifənin belinə
və
qızı arxası üstə uzatdı
qənd çuvallarının arasına,
yaxasını açdı,
dişlədi sol yanağından.
Qızın sol yanağından -
dişin yerindən
qan axdı sinəsinə doğru.
Paşa
valinin stolunun
arxasında oturub,
lülə-kabab yeyirdi,
yüngülcə
çiyninə toxundu
Həlim ağanın
və
güldü.
Həlim ağa:
- Paşam, - dedi,
izn ver,
şəriətin qanunu
yerinə yetsin,
Allah-taalanın
buyurduğuna görə
bir kişiyə dörd arvad düşür.
Paşa yenə güldü:
- O da olar,
Həlim ağa,
amma indi vaxtı deyil,
molla
qıza kəbin kəssin,
sonra...
-Atası razı deyil...
- Arvadını boşa.
- Torpaq,
bir də iki dükan
əlimdən çıxar.
- Onda
başqa bir çarə ara.
Mətbəxdə
paltar yuyurdu
Həlim ağanın arvadı,
ərinin içəri girdiyindən
xəbəri olmadı.
Çöməlmişdi,
arxası qapıya tərəf.
Təknədəki
paltarları sıxarkən
qalxıb-enirdi
siyah əlbisəsinin altında
kürəyinin sümükləri...
Həlim ağa
bir arvadına baxdı,
bir mətbəxə.
Mətbəxin damı uçmuşdu -
yuxarı baxanda,
ulduzlar görünürdü.
Həlim ağa
yeridi barmaqlarının
ucunda,
yaxşı ki,
səs çıxarmırdı
rezin ayaqqabıları,
yaxınlaşdı arvadına,
aldı sağ əlinə
paltosunun altında
gizlətdiyi baltanı...
Baltanın ağzı
sınmışdı üç yerdən,
qaldırıb endirdi
arvadının ənsəsinə -
amma
qan çıxmadı,
kəllə yerə düşmədi,
bir dəri ilə
asılı qaldı boynundan
və
Həlim ağanın
üzünə baxa-baxa
dedi:
- Sən neylədin?
Vur, bir də vur!
Amma
Həlim ağa
"Ərəbzəngi" kitabında
oxumuşdu,
bilirdi ki,
bir də vursa, diriləcək.
Vurmadı.
Kəllə narazı halda
çatdı qumral qaşlarını,
sonra
qopub düşdü yerə.
Kəllə
qopub yerə düşərkən
sıyrıldı dərisi boynun,
söyüt budağının
qabığı soyulan kimi...
Məktəb uşaqları
kəllədən top düzəltdilər,
başladılar
hərbi komissarlığın
heyətində oynamağa,
əlində balta
yoldan keçəndə
Həlim ağa
bir şey düşdü qucağına,
baxdı: baş idi,
amma
arvadının yox,
Həzrət Əlinin...
Həlim ağa qorxdu,
başladı ağlamağa.
Paşa soruşdu:
- Nə olub?
- Arvadımı öldürdüm, paşam.
- Zərər yoxdu,
o öldü,
sən çox yaşa.
Təyyarə
bombardmanında öldü
deyərik,
sən
bir İstanbula get,
əylən, könlün açılsın.
Artıq
sən, Hacı Nuru bəydən
etibarlısan.
Mənim
qəzetimə də gəl,
qəhvə içərik.
Həlim ağa
xüsusi bir
vaqon kirələdi,
təkbaşına,
nəfsi üçün...
Kilimlə döşətdi içini
və
corablarını çıxarıb,
alt paltarı ilə
vaqonun
tən ortasında uzandı.
Manqalı yandırdı.
Qəhvədanı
odun üstünə qoydu,
köpükləndi qəhvə.
Qapançı qızı Şərifə,
elə bil, qeybdən gəldi -
baldırları dümağ, dopdolu,
məmələri turunc kimi...
Həlim ağa
Şərifənin belindən
qucaqlamaq istəyəndə,
qatar birdən-birə dayandı.
Həlim ağa
uçdu havada,
qalxdı buludlardan
yuxarı.
Qəflətən
başı bir ulduza dəydi,
qurğuşun parçası tək
düşdü dənizə -
getdi suyun dibinə...
Sonra
silkinərək yuxudan oyandı.
Doğrudan da,
dayanmışdı qatar,
pəncərənin
önünə yığılmışdı
vaqondakılar.
Həyəcan içində idilər.
Hardansa fit səsi gəlirdi.
Həlim ağa
ağrıyan başını
tutub soruşdu:
- Nə var,
nə olub?
Yer eləyin,
biz də baxaq.
Pəncərənin
önündən çəkilən olmadı,
tatarsifət adam dedi:
- Sən yatmışdın,
qəfildən
zınq eləyib durdu qatar,
bir-birimizin
üstünə yıxıldıq,
stansiya-filan yox -
çölün düzü...
Nəzarətçiər yerə düşdülər,
çığırtı-bağırtı aləmi bürüdü...
Həlim ağa daha qulaq asmadı.
Eləcə
ayağındakı yun corabla
çıxdı dəhlizə:
- Mənə ayan oldu,
mənə ayan oldu,
yuxusunu gördüm, - dedi.
Maşinist Əlaəddin
yerdə,
lakomativin yanında
dayanmışdı.
Kömürçü İsmayıl
soruşdu yuxarıdan:
- Usta,
hansı vaqonda
çəkiblər imdad ipini?
- Nə bilim,
indi öyrənərik.
Baş nəzarətçi
vaqonların önünə gəldi:
- Bəylər, narahat olmayın!
Xanımlar,
vaqonlardan düşməyin!
Əlaəddin
Baş nəzarətçiyə yaxınlaşdı,
nəsə soruşdu,
sonra geri döndü.
keçib gəldikləri
yolun üstündə,
beş-altı adam göründü,
əllərində xərək.
Ocaqçı İsmayıl soruşdu:
- Ölübmü, usta.
- Bəlli deyil.
- Niyə atıb özünü?
- Bilmirəm.
- Necə bilirsən, usta,
eşqə görədirmi?
Yəqin
bir qızı istəyib,
verməyiblər,
ya da
arvadı dığ-dığ olub,
bezdirib...
- Zənn etmirəm.
- Eşqdən deyilsə, pulsuzluqdandı,
baxıb görüb ki,
başqa çarə yoxdur.
- Bəlkə də...
- Ya da
yaxın bildiyi bir adam badalaq gəlib.
- Kim bilir...
- Daha doğrusu, usta,
görünür, yazığın
bileti yox imiş.
- Bu da mümkündü...
- Ağlıma
bir şey də gəlir:
xaricdə
oğlu, qardaşı varmış,
bombardmanda ölüb...
- İsmayıl, vallah, bilmirəm.
- Yaxşı,
mən belə olub deyirəm,
bəs, sən necə olub deyirsən?
- Mənim fikrimə görə
bəlkə
vaqonun qapısı açıq qalıb,
adam görməyib,
ayağı gedib, yıxılıb yerə...
- Yox, usta, bu olmadı...
- Niyə?
- Niyəsini bilmirəm,
amma olmadı.
Maşinist Əlaəddin
qəribə bir kədərlə
gülümsədi:
- Haqlısan, İsmayıl, - dedi,
doğrudur, belə şey olmaz.
Ölüm istəmək üçün
bu gün
bu dünyada
o qədər səbəb var ki...
Adamları
elə asan məhv eləyirlər ki,
vaqonda
qapının açıq qala
bilməsinə,
bunun,
sadəcə,
bir qəza olmasına
heç kəs inanmır.
Ocaqçı İsmayıl,
bu uzun cümlənin
ancaq axırını anladı
və təsdiq etdi:
- Adam anlaya bilmir...
Ölən
əlli yaşlarında
bir adamdı,
qaldırıb arabaya qoydular.
Maşinist Əlaəddin
qalxdı lokomotivə,
Baş nəzarətçi işarə verdi.
Qatar hərəkət etdiyi zaman
510 nömrəli vaqonun
beşinci kupesində
heybə sahibi - Həlim ağa
çin çıxmayan yuxusundan
dilxor halda
qara saqqalını tumarlayırdı:
damağında papiros,
saat düz on səkkiz otuz...
(Birinci hissənin sonu)
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!