İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

Əvvəli burada

Pərixan

            cavab vermək istəyərkən,

nazik,

mavi atlas kimi incə səsi ilə

Şadiyə qarışdı söhbətə:

- İndi

     qadınlar da

            əsgərliyə gedirlər,

yəni,

      müharibə

                təkcə kişilər üçün

deyil.

Sonra,

      azmı uşaq öldü

            təyyarə bombardmanında?..

Şadiyə,

          Şahəndə xanımla

                           üzbəüz oturmuşdu.

Köhnə

            bir İstanbul mahnısında

qəlbindən

            qara qanlar axan

                             bir sevgili vardı:

fəsi bir az qara,

fəsi bir az uzuntəhər

   qəlbinin ah-naləsi, ah...

   altun eynəkli,

                        sarışın bığlı,

xəyalı-biqərarında

                    keçib susuz səhranı

gözlər böyük intizarla

          Adalarda seyrə çıxan

                                       Şadiyəni.

    deyər ki:

         hardadır mis qoxulu leyləklər,

deyər ki:

            məskənim olanacan torpaqlar,

            məni şad et, Şadiyə,

            məni şad et, Şadiyə...

Qəribə şeydi:

510 nömrəli qatarın

            ümumi vaqonundakı Şadiyə

uşaqları öldürən

      bombardman təyyarələrindən

                            danışmasına rəğmən,

uzunşüllə papağı

bir qədər

            hüznlə xatırladırdı insana

Adalarda seyrə çıxan Şadiyəni -

elə ədalı

            və nazənin

  üzündə kölgəsi

            varmış kimi

                        bəzəkli bir çətirin...

 

İzmitə yaxınlaşırdı qatar.

Sağda

            bostan ləkləri,

                                   su çənləri.

Gözləri bağlı-bağlı

                             gəzdirilən atlar

sanki cansızdılar,

sanki yayları var,

qurursan,

            uşaq oyuncağı kimi

                                   fırlanırlar...

Sonra dəniz göründü.

Qarşıda,

Gölcüklə

            Dəyirmandərə arasında -

dənizin üstündə

                        Yavuz gəmisi.

Möhtəşəm,

         tərtəmiz -

                   bəlkə də

                          təzəcə rənglənib.

Onu

     belə uzaqdan

            ilk dəfə görən adamı

heyrətə salacaq qədər əzəmətli -

sanki

      dar ağacından tutub,

ehmalca oturdublar

                             suyun üstündə.

Heç bir yeri -

              hətta bacaları da -

bənzəmir

       yeməkxana divarlarına

basmanaxış üsuluyla

            işlənmiş rəngli rəsmlərə.

Solda kağız fabrikası var.

Çox yüksəkdə

bir təyyarə uçur.

Ayaqyalın

                 bir uşaq

                            yüyürür yolda.

Bir dənizçi görünür,

ardından çarşaflı bir qadın,

sonra

     yaşıl bayraqlı bir adam,

sonra

         semafor,

sonra

        su anbarı,

sonra

         dənizçi maskaları,

sonra

    harasa, nəsə

       aparmaq üçün gözləyən

                           yük vaqonları.

Xüsusi emblemlərilə

            İzmit stansiyası başlayır.

Qatar yavaşıyır.

Qartallı Kazım

   tatarsifət adam

                          dəhlizə çıxdılar.

Qatar dayandı.

Qartallı Kazım

  tatarsifət adam

                        endilər vaqondan.

Stansiyadan

bir az irəlidə -

            üzbəüzdə körpü göründü -

üstündə adamlar,

əyilib,

     stansiyadakı qatara baxırdılar,

                                   yuxarıdan.

Maraqla gözləyirdilər

qatarın

            altlarından keçib getməsini...

Qartallı Kazım

körpünün yanındakı

                                   bir ağacı

göstərdi tatarsifət adama:

- Bax, - dedi,

     görürsənmi,

ayaqları üstə qalxmış

                        ayıya bənzəyir,

Bu sol tərəfdəki,

                        böyük ağacı -

budaqları

            körpünün üstünə

                        qalxanı deyirəm.

O budaqlardan asdılar

                 ölüsünü Əli Kamalın.

İstanbulun

            Bəyoğlu səmtində

günün günorta çağı

       üzünü qırxdırdığı yerdə

                     xırpalayıblar hərifi...

- Kimdi bu Əli Kamal?

- Bir qəzet müxbiri.

İngilislərdən pul alırmış.

Xəlifənin də adamı imiş.

Eynəkli,

                        şişman...

Qan damardı qələmindən,

həm də,

                  murdar,

                               pis qan.

Bəzən

       qələmin düşmənliyi

daha dərin,

daha geniş yara açır

mauzerin düşmənliyindən...

- O vaxt

İzmit bizdə idimi?

- Yenicə girmişdik...

İngilislərsə İstanbulda...

Əli Kamalı

            onların göy gözlərindən

                         oğurlayıb gətirdilər.

"Gəlir" deyə

                bir şaiyə yayıldı,

                        altı-yeddi saat öncə.

Limana axışdı millət -

az qala,

            İzmit əhalisinin

                                   dörddə üçü -

arvad, uşaq...

Mən

     Ulu camidən baxırdım,

                               gözümdə durbin.

Nəhayət,

          matorlu qayıq göründü,

enə-enə, qalxa-qalxa gəlirdi.

Aşağıya yüyürdüm.

Mən

      limana enənə qədər

çıxartmışdılar

                        Əli Kamalı qayıqdan.

Burada,

      təpədə

                  saray meydanında

                        Hökumət binası -

                        yəni ordu qərərgahı var,

ora apardılar.

Binanın qabağı,

                        küçələr,

                              meydan

                                   adamla dolu.

Qarışqa kimi qaynayırdı

                                   İzmitin əhalisi,

hamısı da acıqlı,

hamısı da mərhəmətsiz.

Çoxu gülürdü.

İzmit şəhəri

                        sanki bayram edirdi.

Hava da isti.

Göy də buludsuz.

Əli Kamal

            ordu qərargahında

                  yarım saat qaldı-qalmadı,

                        eşiyə çıxartdılar.

Bir addım atdı.

Dörd yanını

zabitlər,

polislər kəsdirib.

Üzü əhəng kimi ağappaq.

Amma

         tutulmamışdan sarışın idi.

Birdən əhali başladı bağırmağa:

                        "Asılsın Əli Kamal!

  Asılsın Əli Kamal!

  Asılsın Əli Kamal!"

Əli Kamal

            birdən dayandı,

                        geri döndü -

ordu qərargahının

                        qapısına tərəf baxdı -

bəlkə də,

                qayıdıb

                        içəri girmək istəyirdi.

Lakin

               qapını ağır-ağır

                        üzünə bağlamışdılar.

Səntirləyə-səntirliyə

                        on addım ata bildi.

Əhali durmadan bağırırdı:

                        "Asılsın Əli Kamal!

  Asılsın Əli Kamal!

  Asılsın Əli Kamal!"

Bir daş gəldi arxadan -

                        başına dəydi.

Bir daş daha -

                        üzünü tutdu,

                                   qırıldı eynəyi.

Bığının qana bulaşdığını gördüm.

Kimsə:

- Vurun! - deyə bağırdı.

Daş,

ağac,

çürük meyvə

                        yağdırdılar üstünə.

Keşikçilər

                   ayrıldılar yanından

                                        Əli Kamalın.

Əhali

       qara bulud kimi

                        axdı üstünə -

sürütləyən kim,

ayaqlayan kim...

Sonra

              adamlar aralandılar -

ara səngidi.

Baxdım,

                 uzanıb yerdə,

                                     üzüqoylu.

Əynində

        bir alt tumanı qalmışdı,

                                   qısaca.

Çılpaq,

            ağappaq bədəni

                        sucuq kimi olmuşdu.

Mənə

                hələ nəfəs alır kimi gəldi.

Bir ip bağladılar

                                   sol ayağına.

Heç yadımdan çıxmaz -

sol ayağında

            ayaqqabı, corab-filan

                        yox idi,

amma

            sağ ayağında

                        corabbağısı qalmışdı.

Başladılar meyidi sürüməyə,

yoxuş aşağı,

                        başı daşlara

                                   dəyə-dəyə,

adamlar da arxasınca.

Birdən ip qırıldı,

təzə ip bağladılar.

İbrət götürməli

                        bir mənzərə idi.

Xalqı qəzəbləndirmək olmaz,

bir dözər,

iki dözər,

hər nə isə...

Beləcə dolaşdı

                        İzmit şəhərini

                                   Əli Kamal.

Axırda,

dediyim kimi,

bu körpünün

             üstündəki budaqlardan

asdılar ölüsünü.

Sonra meyiti endirdilər aşağı.

Köynəyindənmi,

ya alt paltarındanmı

nəsə bir şey ilişib,

iki aya yaxın

                    budaqda qaldı,

                                yellənə-yellənə.

Sonra,

            çox sonra

                        saatı-filanı,

                                   nəyi vardısa,

satlığa qoyuldu.

Mən bir adam tanıyıram,

tək corabını

              beş lirəyə aldı,

                        xatirə olsun deyə...

Tatarsifət adam soruşdu:

- Saatı qızıl idi?

- Qızıl idi.

- Corabı alan da,

                    saat alan da

    yaxşı iş görməyib.

Asılmış adamın

                 şey-şüyü xeyir gətirməz.

Əslinə baxsan,

              izmitlilər də

                   düz hərəkət etməyiblər,

günahı olsa,

                        dövlət cəzasını verər...

Adamı

            daş-qalaq eləmək

dövlətin əleyhinə

                               çıxmaq deməkdir.

Mən

Çanaqqalada yaralanıb,

Heydərpaşa xəstəxanasında

                                            yatanda...

Qartallı Kazım güldü:

- Yaxşı,

     sən bayaq

        dövləti təhqir etdin axı...

- Mən?

- Sən!

- Yalandı.

Mən

        heç vaxt

                    dövlətə qarşı çıxmaram.

- Dövlətin

            məmuruna qarşı çıxdın.

- Mən nəzarətçi ilə höcətləşdim.

- Dəmiryolu dövlətindir,

    nəzarətçi də dövlətin məmurudu.

- Elə olanda

            mən də məmuram,

çünki

       yun fabrikində qaravulçuyam.

- Əlbəttə, məmursan.

- Əsla.

Nə mən məmuram,

                                   nə nəzarətçi.

Mən

     hətta polisi də

                           məmur saymıram.

Komissar, bu başqa məsələ -

məmurdur,

               özü də lap yekəsindən!

Bu söhbət

               uzandıqca uzanacaqdı.

Birdən

         qatar

                  xəbərdarlıq fitini çaldı.

Qartallı Kazımla

         tatarsifət adam

                   vaqonlarına tərəf

                      yüyürdülər.

Qatar hərəkətə gəldi

   lap tramvay kimi

yavaş-yavaş

            keçdi İzmit bazarının

                tən ortasından:

insanlar

        üzlərini çevirib

                        baxmadılar belə,

nəriltisinə,

                  gurultusuna rəğmən,

kirpiyini də qırmadı

                        mürgü döyən

                                        fayton atları.

Amma

            elə ki,

                   İzmit səhəri arxada qaldı,

elə ki,

səssiz,

kimsəsiz

     çöllərin qoynuna girdi qatar,

qovuşdu əvvəlki ciddiyyətinə,

qovuşdu əvvəlki sürətinə.

510 nömrəli xüsusi vaqonda

alnını

       pəncərə şüşəsinə dayamış

bir insanın ürəyindən

            indi yox olmuş bir dünya keçirdi.

Köhnə Yunanıstandan idi

                        Kiryos Trastellis.

Korent kanalı üstündəki

Patris şəhərinin

            Mesolonk limanından idi.

Fidiyas,

            Omirus,

                        Aristotel

                                   vecinə deyildi,

dənizi

            və izdihamı

                        sevən bir insandı.

Kiryos Trastellisin

bu dünyada

                          heyran olduğu

                                   iki şey vardı:

ilbizlər,

                        bir də qırxayaqlar…

   onun qəlbində Yunanıstan

balıqçı gəmilərindəki yataqdan,

Meselonk limanda

birmərtəbəli evindən,

yoldaşlarından başqa

                        bir şey deyildi…

nə oldu Yunanıstan?

Kiryos Trastellis,

indi - 1941-ci ildə,

                        may ayında

dənizi, məmləkəti

                        və rahatca yaşadığın evi

bir çamadana qoyub,

                        hara gedirsən?

Necə oldu ki,

                   bu dünyada

                          təkbaşına qaldın,

                                darmadağın oldun?

Yoldaşlarını öldürdülər -

Korentdə,

                        suların dibindədir

                                 balıqçı gəmiləri,

sanki

                 şüşə bir sandıqda

                        insan cəsədi kimi

                                hərəkətsiz yatırlar.

Bu il

                 Hitlerin əsgərləri

                        yeyəcəklər ilbizləri.

Atan Afinada,

                  anan Saqqızda,

                        bacın İsgəndəriyyədə,

sən

    510 nömrəli

                        xüsusi vaqondasan.

İzmit çöllərindən keçir qatar.

Düzlərdə

                        belə baharda,

                               belə günorta çağı

göy üzünün aydınlığı

bir məhəbbət şərqisi kimi

                                   yumşalarkən,

ağacların kölgələri

                    rahat və sərin torpaqda

                        başlarkən uzanmağa,

daha gənc,

                   daha şəhvətli,

                        daha gənc görünərkən

quşları,

            buynuzlu heyvanları

                        və böcəkləriylə otlar,

tənbəl və bəxtiyar

            sazan balıqları kimi

            qımıldanarkən su gölməçələri,

bir xoş təəssüfdür

insan ürəyində

                        bügünkü dünyada

                        yaşamağın kədəri.

Baxır pəncərədən

                        Kiryos Trastellis,

fəqət

                  gördüyü torpaq

                        bir şey dəmir ona -

dilini bilmədiyi üçün deyil,

belə baharda,

                        belə günorta çağı

nə rumcadır,

                        nə türkcə,

                                    torpaqcadır

torpağın danışdığı dil.

Fəqət

                   kədərli idi Kiryos,

                           kədərli -

nə torpağı dinləyən,

nə insanları,

nə dünyanı

                           düşünən halı vardı.

Halbuki vaqonda,

                        bu günorta çağı

torpağa,

insanlara

dünyaya aid idi kədəri…

İzmit ovasından keçir qatar.

510 nömrəli xüsusi vaqon.

Birinci kupe.

Jandarmalarla

                              dustaqlar danışırlar.

Jandarma Heydərdən

                        soruşdu Məlahət:

- Uşaqları sevirsənmi?

- Sevməmək olarmı?

Soruşmuşlar:

Allahdan böyük kim var?

Demişlər uşaq.

- Elədir.

- Uşaq,

      Allah qorxusunu

               bilə bilərmi?

- Yox!

Kim kimdən qorxmasa,

                        ondan böyükdür.

Sənin uşağın varmı, bacı?

- Var.

Anamın yanında qoydum.

Üç yaşına yeni girib.

Gələn il gətirəcəyəm.

- Həbsxanayamı?

- Hə.

- Olar.

Çocuq üçün nə fərqi var -

ya həbsxana,

                        ya cənnəti-əla,

pişiklər də

                        belədir…

Atası hardadır?

- O da dustaqdır.

- Nə işlə məşğul olurdu?

- Tütün fabrikində işləyirdi.

Mən də

               elə orda işləyirdim.

- Anbardamı?

- Bəli.

- Anbarlar haqqında eşitmişəm.

Bizim kənddə

            İbrahim adında

                        bir adam vardı.

Samsuna getdi,

                            tütün fabrikində

                                   işə girdi.

Üç ildən sonra

                        vərəm oldu,

                                   öldü…

Sən

    ərinin dustaqlıq çəkdiyi

                        yerəmi gedirsən?

- Yox…

O başqa cəza evindədir.

- Allah kömək olsun, bacı.

Özünü üzmə.

Ardı var...

Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!