Pirayə xanıma
510 nömrəli xüsusi vaqon.
Qadınların kupesi.
İçəridə yeddi yolçu var.
Ən qocaları
pəncərənin
solunda əyləşib.
Qara
paltarının altında
iri sümükləri
bəlli olur dərhal.
Hündürboy,
bəmbəyaz
və qaşsızdı.
Yanaqları ətsizdi.
Ağzı iri və bürüşükdü.
Ağzını
elə yumub ki,
sanki
heç zaman açmayacaq...
Rəhmətlik
Şərif ağanın
bu qaxaca dönmüş arvadı
Ratibi,
bir də Yaqubu düşünürdü.
Ulduzsuz gecədə
nəmli qamış
xışıltısını xatırladan
və
ağır-ağır,
qara-qara qımıldayan
bir düşüncəydi bu...
Ratib - doğma,
Yaqub - ögey oğlu idi.
Biri məzarda yatırdı,
biri həbsxanada.
Yaqub öldürmüşdü Ratibi.
Rəhmətlik
Şərif ağanın arvadı
Şahəndə xanım düşünürdü...
Ölən oğluna acımırdı.
Zatən,
ömründə
bir şeyə acımamışdı,
mahmıslı xoruzunun
tumov olmasından başqa.
Və
bu dünyada
heç kəsi sevməmişdi,
bəmbəyaz,
qanı qaçmış bədəni
ömründə,
bir gecə də olsa,
hiss etməmişdi eşqi,
batan
insansız bir gəmi kimi
qorxunc yalnızlığını
hər gün
bir az daha
sürükləyirdi dibsiz dərinlərə...
Düşmən idi Ratibə.
Düşmən idi Yaquba.
Ratibə düşmən idi:
çiyinləri ensiz
və sallaq olduğun üçün,
bir də,
naxırçıları qamçı ilə
döyə bilmədiyi üçün,
bir də,
insanları sevdiyi üçün,
bir də,
əlləri qadın əllərinə
bənzədiyi üçün,
bir də,
Şərif ağanın
bəyliyi Yaquba verməsinə
razı olduğu,
etiraz etmədiyi üçün.
Yaquba düşmən idi:
mauzeri,
qamçısı,
çəkmələri
və bağları
Şərif ağanın
mauzerinə,
qamçısına,
çəkmələrinə
və bığlarına
bənzədiyi üçün,
bir də,
onu başqası doğduğu üçün,
bir də,
bölgüdə
dəyirman ona düşdüyü üçün...
Ratib qorxaq idi,
Yaqub isə cəsur...
Yaqub öldürdü Ratibi,
yeməkxananın həyətində,
çinar ağacının altında,
bircə güllə ilə
vurub alnımın ortasından...
Ratibin ölüsünü
günorta çağı gətirdilər,
uzatdılar taxtın üstünə.
Sol qolu taxtdan düşdü,
sallandı yerə -
atasındanqalma
qızıl üzüyü
bərq vurdu
gün işığında.
İri sümüklü,
bəmbəyaz,
qaşı tüksüz Şahəndə xanım
dimdik dayandı
oğlunun meyiti başında
və
"Yaqubu asarlarmı?" -
deyə soruşdu.
Əslində,
özü qurmuşdu
bu qurğunu -
salmışı Ratibi
Yaqubun
altun saçlı
arvadının yatağına,
biri ölər,
birini də asarlar deyə -
ona qalar
əkin-biçin yeri,
sürü, dəyirman,
bəylik...
Amma Yaqubu asmadılar.
Yatdı yeddi il.
Noyabrda çıxacaq.
Rəhmətlik
Şərif ağanın
bu qaxac olmuş arvadı -
Şahəndə xanım
yeddi il
əlvan ipəklərə
zərif naxışlar
salırmış kimi,
səbirlə,
inadla
çalışdı ki,
həbsxanada öldürtsün Yaqubu.
Yaqubu
üç dəfə vurdurdu,
bir dəfə zəhərlətdi.
Bir qətli
hazırlamağa
yeddi ilin
səbri,
hiyləsi,
inadı,
ümidi getdi
və
nəhayət,
Şahəndə xanım
bu ədavətə
nə üçün başladığını unutdu.
O qədər unutdu ki,
Yaqubun
ölüm xəbəri
gəldiyi zaman
hörməsinin
mili düşdü
barmaqlarının arasından
və
ömründə ilk dəfə
çöməlib hönkürə-hönkürə
ağladı -
sevindiyindən dedilər.
Halbuki elə deyildi.
Ağladı,
çünki bu dünyada
Yaqubun ölümündən başqa
gözləməli bir şeyi yox idi.
Gözləyirdi ki,
noyabrda çıxacaq,
mübarizə davam edəcək.
Amma
qədər bu:
ölünü
bir də öldürmək olmur -
deyə düşündü
rəhmətlik Şərif ağanın
qaxaca dönmüş arvadı,
düşündü
yeni bir hörmənin
ülgülərini düşündüyü kimi...
Enli çənəsinin altında
boğurdu onu
ağ örtüyünün
zalım və qəddar düyünü.
Şahəndə xanım
altmış yaşında olardı.
Əlləri xınalı idi.
Pəncərəyə yaxın,
üst yataq yerində
bir gilas səbəti yırğalanırdı.
Dərincədən minən
hamilə qadın
girdə gözlərini
dikmişdi səbətə.
Səbət
Şahəndə xanımın idi.
Hamilə qadının
sol tərəfində əyləşən
Əminə xanım
əmr edirmiş kimi,
bir qədər ötkəm səslə
dedi:
- Buna
bir-iki ovuc
gilas verin,
xanım nənə,
təzə-təzə yerikləməyə başlayır...
Hamilə qadın
nimdaş örpəyinin altında
qızardı
bapbalaca qulaqlarının
ucuna qədər.
Fəqət
Şahəndə xanım
yerindən qımıldanmadı.
Hamilə qadın
titrəyirdi utandığından.
Əminə xanım
əmin oldu ki,
xanım nənə kardır,
odur ki, dümsüklədi:
- Xanım nənə!..
Xanım nənə!..
Şahəndə xanım
iri sümükləri ilə
çadrasının içindən
sıyrılırmış kimi
ağır-ağır
qalxdı yerindən,
aldı səbəti
xınalı əlləri ilə
rəfin üstündən
və
açıq pəncərədən
çölə tökdü
gilasları.
Sonra da
səbəti yerinə qoyub,
iri sümükləri ilə
çadrasının içinə girib oturdu.
Nimdaş örpəyi
titrəyə-titrəyə
ağlayırdı hamilə qadın...
Əminə xanım
ipək örpəyini
arxaya atıb, -
örpəyi ilə
özünü xanım nənəyə
yaxın bilmişdi -
dedi:
- Qızım, Pərixan,
qaç,
yuxarı başda
jandarmalar var,
dustaq aparırlar,
bayaq gilas aldılar,
istə, bir az versinlər.
Əgər,
özlərində olmasa,
bir yerdən tapsınlar.
Hə,
bir də, de ki,
anamın salamı var...
Pərixan on dörd yaşında idi.
Saçları kəsik.
Corabları qısa.
Əsmər qılçaları incə, uzun
və
tufliləri lak.
Pərixan yerindən sıçradı,
bayıra çıxdı.
Əminə xanım
qızını təriflədi
hamilə qadına:
- Ağıllıdı mənim qızım.
Gələn il
orta məktəbi bitirəcək.
Fransızca
elə oxudu ki,
polkovnikin arvadı
təəccüb elədi.
Qismət olsa,
qadın həkimi
eləmək istəyirik.
Amma
atası elə də
razı deyil,
mənsə istəyirəm.
Ev işlərini də bilir:
xörək bişirsın,
naxış vurun -
əlindən gəlir...
Səkkiz yaşından bəri
qab-qacaqlarımı yuyur.
Məndən də bərk qorxur.
Bir dəfə öldürürdüm,
atası
güclə aldı əlimdən.
Polkovnikin
arvadına da dedim:
qız uşağını həm oxutmaq,
həm də
qorxu altında
saxlamaq lazımdır...
Aydının kəndlərindəndi
Əminə xanım,
atası
məşhur əfələrdən birinin
qohumu idi...
Yunanlar gəldiyi zaman
bu məşhur əfələr
birləşsələr də,
fürsət düşəndə,
bir-birilərini
vurmaqdan da çəkinmirdilər -
ad-san,
pay-puş üstündə
və
belə-belə işlərin üstündə
vurdular Əminənin atasını,
bir səhər çağı,
həyətlərində,
gözlərinin önündə.
Səkkiz yaşında ikən
yetim qaldı qızcığaz.
İndi otuz yaşındadır.
Yoğun baldırlı,
iri, sallaq döşlü
və
iri qarınlı bir qadındı.
Amma
bu eybəcər,
yaraşıqsız bədəninə rəğmən,
ipək kimi zərif sifəti vardı:
onuncu əsr İran nəqqaşlarının
rəsmlərində gördüyümüz,
Dədənin
yan tütəyində bəstələnən
divan şeirinin
tərənnüm etdiyi bir üz...
Pərixan gəldi,
incə ovucları gilasla dolu.
Əminə xanım
hamilə qadına
verdi gilası.
Hamilə qadın
acgöz-acgöz yeyərkən,
Pərixanla danışırdı Əminə xanım:
- Dedinmi jandarmalara
atanın kim olduğunu?
- Demədim,
amma özləri soruşdular.
- Jandarmalar?
- Yox,
eynəkli bəy,
kitab oxuyan,
yəqin ki, dustaqdı.
- Dustaq?
Nə dedi
atanın kim olduğunu biləndə?
- Heç nə...
Hə, soruşdu ki, haralısan?
- Deyəydin Aydındanam.
- Dedim.
- Soruşdu ki,
özündən, yoxsa kəndindən?
- Soruşdu.
- Deyəydin ki, kəndindən.
- Demədim, ana!
- Niyə demədin?
Kəndli qızı olmağı
eyib bilirsən,
donuz qızı?..
Əminə xanım güldü.
Sonra
zərif üzü
tutuldu birdən-birə.
Və
Pərixanın acığına,
kupedəkilər də eşitsinlər deyə,
ucadan dedi hamilə qadına:
- Aydındanıq, bacım.
Kəndliyik.
Jandarma çavuşudur
Pərixanın atası -
Hüsnü çavuş.
Mənim də
xalamoğludur zatən.
Mal-mülkümüz
yad ələ keçməsin deyə
evləndik.
Onun gözü başqasındaymış,
anası məcbur etmiş...
Hüsnü çavuş ilə, bacım,
gəzmədiyimiz yer qalmadı,
Qara dəniz sahillərində lazların,
Diyarbəkirdə kürdlərin arasında...
Kürdlər
çox asi,
çox yoxsul adamlardır.
Dövlətliləri də var,
amma azdı.
Hesab elə,
on beş ildə
dünyanı gəzib gördük -
kinosu,
teatrı...
Bala belə getdim,
bax, bu kalağayımla,
Diyarbəkirdə.
Sonra
kapitan arvadları ilə
poker də oynadım,
Girəsunda,
bütün qışı,
heç uduzmadım,
çox şükür.
Təyyarə piyanqosu da
çıxdı baxtıma,
üç adamla birlikdə,
pulunu bölüşdük -
min lirə düşdü hərəmizə.
Bu dünyadan
kamımı almışam.
Hüsnü çavuşun
təqaüdə çıxmağına
az qalıb...
Pərixan
internat məktəbə gedəcək,
çavuşla mən
kəndə qayıdacağıq.
Çavuş deyir,
mən daha
əkin-biçinlə məşğul ola
bilmərəm.
Dükan açacaq.
Açsın.
Əkin-biçində
mən məşğul olaram...
Qapının yanında
ufacıq bir qadın
oturmuşdu,
liliput deyildi -
liliputlar dərhal bəlli olurlar -
amma
boyu heyrət ediləcək
dərəcədə kiçik idi.
Qəmli idi
iri, ala gözləri
və çil örtmüş,
qırış-qırış
xırdaca əlləri vardı,
qəfildən
soruşdu Əminə xanımdan:
- Deməli,
hərbiçidir əriniz?
- Bəli, hərbiçidir,
jandarma çavuşudur.
- Mənim də
iki oğlum əsgərdir,
biri topçudur,
Gəliboluda.
Şey…
Soruşmaq istəyirəm…
Müharibəyə
biz də qoşulacağıq?
Mənimkilər
qoşulacağıq deyirlər…
Gənc,
avam uşaqlardı,
daha başa düşmürlər ki…
Elə
müharibə etmək də
istəyirlər, deyəsən…
Sizin əriniz düzünü bilər,
bir şey deməyib ki?
- Hüsnü çavuşun
dediyinə görə…
Hüsnü çavuş hər zaman
"müharibəyə qoşulacağıq" deyər -
çünki könlündəki də,
zatən, odur…
Balacaboy qadının
titrədi çil basmış əlləri.
- Deməli,
yalan deməyib mənimkilər,
Ay Allah…
Əminə xanım
ufacıq qadının
sözünü kəsdi:
- Yooox,
Hüsnü çavuş girəcəyik deyir,
amma
mən girməyəcəyik deyirəm,
kapitan da girəcəyik deyirmiş,
amma
arvadı girməyəcəyik deyir.
Müharibəyə girib
nə qazanacağıq?
Elə
müharibə etmədən də,
budur, çox əla yaşayırıq…
Əvvəl
bir az çəkinə-çəkinə,
sonra
qəytiyyətlə etiraz etdi
Pərixan:
- Yaxşı,
amma,
ana, bəs vətən?
Düşmən
gəlib çığnayarsa torpağımızı?
Müəllimə xanım dedi ki:
vətənin hər qarışını
qanımızla suvararıq,
türk ölər, amma əyilməz!
Sonra
unutdunmu
Cümhuriyyət bayramında
nə dedi radio?
Yoxsa bu da yalandı?
Ufacıq qadın
kədərlə baxdı Pərixana:
- Qızım, - dedi,
hələ ki, kiçiksən,
böyü,
gəlin ol,
oğlun olsun,
müharibə necədir,
onda soruşaram səndən…
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!