Pirayə xanıma
Günlərin bir günü
hindli əsgərlərlə
dost oldu Kərim.
Bunlar -
qəribə işdir -
türkcə bilməyən
və
qara saqqalları,
qara gözləri,
əllərinin üstü qəhvəyi,
içi ağ,
məftil hasarların üstündən
Kərimə
qutularda biskivit
atan
əmilərdi, dayılardı...
Bu əmilərin,
dayıların
yepyekə bir anbarları vardı.
Kərim
bu anbarda oynayırdı hər gün.
Yan-yana düzülmüş
noxud çuvalları,
paxla, quru üzüm kisələri -
təəccüblü şeydir -
hamısı qatırları yemləmək üçün,
bir də
yeşiklər vardı,
silahlarla dolu.
Bir gün
dayısı Kərimə dedi:
- Anbardan
silah oğurlayıb gətir,
gavurlarla döyüşən
zeybəklərə göndərəcəyəm.
Anbardan
silah oğurladı
Kərim,
bir dəfə,
beş dəfə,
on dəfə!
Aldatdı hindli dostlarını,
zeybəkləri
həddindən ziyadə sevdiyi üçün.
Amma
çox çəkmədi ki,
qara saqqallı
əmilər, dayılar
çıxıb getdilər,
Kərim
stansiyaya qədər
ötürdü onları.
Ertəsi gün
zeybəklər
Lefka körpüsünü keçib,
Əskişəhərə girəndə,
dayısı
tanış etdi onu
yenilməz döyüşçülərlə...
Və
budur,
o gündən bu günə
Kərim
bir qəhrəmanlıq türküsüdür,
dildə-ağızda.
Zeybəklər onu
Əskişəhərdən alıb,
"Qocaeli dəstəsinə" -
paşanın yanına apardılar.
Çatıqqaşlı,
üzügülməz
bir paşaydı bu.
Kərim
çox tez öyrəndi
ata minməyi,
meşədə gizlənməyi
və
bu fərasəti ilə
ölümə
neçə kərə
bir güllə mənzili
yaxınlaşaraq,
düşmənin içindən xəbər gətirməyi.
Ad-sanlı
bir komutan kimi
ona hörmət etdi zeybəklər.
Və
bir fidan kimi düz,
bir fidan kimi cəsur,
bir fidan kimi gələcəyi olan
bir uşağın
sevinclə oynadığı
bu dəhşətli oyun
sürdü
hicri tarixi ilə
min üç yüz otuz yeddinci
ilə qədər...
Qocaeli meşəsinin ağacları
sıx
və hündürdür.
Nə qədər baxsan da,
göy üzünü görməzsən.
Sakit bir gecə idi.
Narın yağış yağmışdı
bir az əvvəl,
ancaq islanmamışdı
yerə tökülmüş yarpaqlar.
Qaranlıqda
xəzəli xışıldada-xışıldada
irəliləyirdi Kərimin atı.
Solda,
təpənin ətəyində
tonqal yanırdı,
yəqin,
"təknəçilər" -
gavur partizanları
qalamışdılar.
Budaqlardan
damcılar düşürdü
Kərimin üzünə.
At
get-gedə
daha qatı bir qaranlığa
qərq olurdu.
Kərim
İpsiz Rəcəbin
yanından qayıdırdı.
Məktub aparıb,
məktub gətirirdi
zeybəklərə.
Birdən-birə dayandı at,
daş bir heykəl kimi -
yəqin,
"təknəçi"lərin tonqalını
görmüşdü,
sonra
qəfildən şahə qalxdı,
özünü itirdi Kərim,
yüyəni buraxdı,
qucaqladı atın boynunu -
dəli kimi götürüldü heyvan.
Ağacların budaqları
qamçılayırdı üz-gözünü
Kərimin,
palıdları
və şamları ilə meşə
qapqara bir külək kimi
keçirdi iki yandan...
Kim bilir,
neçə saat ötdü belə,
meşə qurtardı birdən-birə.
Hər yan aydınlıq idi.
Təbii ki, Ay doğmuşdu.
Və
Kərim
eyni sürətlə getdiyi yerdə
Armaşanın altında,
Beşdəyirmanlara çataçatda
at yıxıldı birdən-birə,
Kərim
özünü saxlaya bilməyib,
yumalandı yerə...
Dərhal da qalxdı.
Və
ağlına gələn ilk şey
saatına baxmaq oldu,
qırılmışdı şüşəsi.
Yenə ata mindi.
Heyvan axsayırdı bir az.
Kərimin də
sol qulağı
qanamışdı...
Yavaş-yavaş yola düzəldilər.
Sapanca
ilə Arifiyyə
arasındakı
Kirəzçiyə gəldilər.
Kərim atı saxladı.
Bir az çətin nəfəs alırdı.
Səhəri gün,
axşam Keyvəyə gəldi,
beli
elə ağrıyırdı ki,
enə bilmədi atdan,
endirdilər...
Kərimi
içinə saman döşənmiş
bir arabaya mindirib,
Adabazarına apardılar.
Sonra
bəlkə on,
bəlkə on beş
araba dəyişdilər,
sonra
nəfəs daralması,
sonra
Yaxşıxan,
Konya,
Şilə nahiyəsi -
burda
şikəst hərbiçilər üçün
taxma qol,
ayaq düzəldirdilər -
və
nəhayət,
Xətcəxan kəndindən
sınıqçı Vəli Usta...
Hələ də
yuxularında görür
onu Kərim:
uzaq yoldan gələn,
üzü çiçəkdən
çopur-çopur olmuş
bir adam
qatırdan enər-enməz
əyilir üstünə...
Usta Vəli
ovdu Kərimi
özündən gedənə qədər,
sonra
təpitmə qoydu
qaməti budaq kimi sınmış
uşağın bədəninə.
İyirmi gün keçdi aradan,
sonra
bir ikindi vaxtı
Kərimi
təpitmənin içindən çıxardılar,
beli əyilmiş halda...
Kərimin
İstiqlal medalı ola bilərdi,
olmadı.
Kərim
beliəyri olmaya bilərdi,
amma oldu.
Və
indi, 1941-ci ildə
vaqonun pəncərəsindən
girərkən bahar
Kərim düşünür:
"Bəlkə bir ay keçməz,
həbsxana dəftərinə
düşər adım... "
Çünki illərdir
teleqram işçisidi Kərim
və
günlərin bir günü
yüz səksən lirə mənimsədi
dövlətdən.
Baxmayaraq ki,
altı il
bundan əvvəl
can üstə olan
bir dostuna
versə də o pulu,
həbsxanada yatacaq...
Dərincəyə
yaxınlaşır qatar.
Bəsri,
Kərimə baxır
və
yekə burnunun altında
qırpıq bığı ilə gülümsəyərək,
"Qozbel fələk! - deyə düşünür.
Kim bilir,
necə mərdimazar imiş ki,
Allah bu hala salıb."
Əyribel Kərim
baxır Bəsriyə və düşünür:
"Nə gülərüz adamdı,
bəlkə də,
çox cəza verməz mənə,
belə bir hakimin
önünə çıxsam."
Açıldı kupenin qapısı.
Girdi içəri Nuri Öztürk -
qocalar evinin mühasibi.
Durduğu yerdən
səsləndi çölə:
- Burada boş yer var.
Pəncərəsi də örtülü deyil.
Gəlin, bəyim.
Hər halda,
kupedəkilər də
təmiz adamlardır.
Universitet tələbəsinin
səsi gəldi dəhlizdən:
- Siz əyləşin,
mən bir azdan gələrəm.
Nuri Öztürk
Kərimə baxdı.
Kərim
anladı bu baxışların
mənasını -
çəkilib,
pəncərənin sol tərəfində
yer elədi.
Kərim
illərdi alışmışdı
insanlarla
təmasda macəra axtarmağa,
yəni,
məsələn,
hər istənəni verməyə
və
qarşı tərəfdən
heç nə istəməməyə...
Dövlət pulunu
mənimsədiyi gündən bəri
dəhşətlə böyüyürdü
ağzının içində
bir küfr,
elə bir küfr ki,
heç zaman söylənilməmiş
və söylənilməyəcək...
Dəhliz.
Dustaq Süleyman
çıxdı dəhlizə
dustaq Məlahətlə bərabər.
Məlahət qarabənizdi.
Boynu
quş boynu kimi
uzun və nazlıdı.
Dodaqları
alqırmızı
və boyasızdı.
Fəqət
ayaqları çox iridi
və əlləri kişi əllərinə
bənzəyir.
Universitet tələbəsi
yol verdi,
gülümsəyərək -
hər halda, Məlahətə...
Məlahət keçdi.
Süleyman
gənc tələbəylə danışdı,
bir az üstüörtülü,
bir az kobud!
- Xanımı kiməsə oxşatdınız?
- Yox...
Amma...
Sizdən bir şey soracaqdım...
Yoldaşlarımızdan biri,
Xəlil bəy,
mühərrir Xəlil bəy deyilmi?
- Bəli, odur,
nə olub ki...
Xəlil bəyi tanıyırsınız?
- Hə...
Yazılarından
və şəkillərindən...
Özüylə
söhbət edə bilsəydim...
Süleyman düşündü:
"Görəsən, polisdi?
Çox hiyləgərdi,
həm də şorgözdü...
Bəlkə?"
Sonra
birdən-birə
qərar verdi:
"Polis də deyil...
hiyləgər də deyil...
şorgözlüyü də yoxdur...
Sadəcə,
şöhrətli adamlar
maraqlısıdı..."
Sakitcə dedi:
- Olar.
Bir azdan buyurun.
Amma içəri girəndə,
unutmayın ki,
salam verdikdən sonra
dərhal çavuşun yanına çöküb,
hamıya
siqaret təklif etməlisiniz.
Bu çox mühümdür,
unutmayın!
Kəndli jandarma
kəndliyə zülm edər,
onu biclikdə suçlayar,
şəhərlidən isə,
olsa-olsa, şübhələnər...
Məlahət qayıtdı.
Universitet tələbəsindən
ayrıldı Süleyman,
Qartallı Kazımla
bir-birinə baxdılar.
Dayandı qatar.
Dərincə stansiyası.
Gənc
bir zabit düşdü
ikinci vaqondan.
Bu vaxt
bir hamilə qadın mindi
üçüncü vaqona.
Sonra fit səsi gəldi.
Hərəkət etdi qatar.
510 nömrəli ümumi vaqon.
Dəhliz.
Bir adam
birinci pəncərədən
ətrafı seyr edir -
durmadan gəlib,
durmadan keçir
yol üstündəki hər şey...
Pəncərədən
ətrafı seyr edən
adam düşünür:
"Bizim kənddəki qovaqlardan
teleqraf dirəyi
çıxarmı, görəsən?"
Amma
İstanbulda
tramvay dirəkləri dəmirdəndi.
Dünyanı
nə qədər gəzsən də
İstanbul kimi
şəhərə rast gəlməzsən...
İyirmi beş istədi,
otuz verdik,
başa düşdümü, görəsən?
İpək köynək geyinmişdi
dilini yediyim,
qismət olaydı,
bir dəfə də gedəydik...
Atlıya bax, atlıya,
maşallah, gözəl atdı.
Birgünlük yolu
beş saatda
gedə bilərmi, görəsən?
At qatara çatmaz.
Qatarla avtomobil
bəhsə girsə,
hansı ötər?
Doktor bəy
yenə işə saldı avtomobili.
Doktor olduğuna görə
sürməsinə izn vermişlər.
Doktor bəy
bizim kəndə gəlsə,
Molla Təhsin
kənddən çıxarmı, görəsən?
Nə sürətlə
gəlib keçir
yolun qırağındakılar...
Bizim kənddəki qovaqlardan
teleqraf dirəyi
çıxarmı, görəsən?
Doktor bəyin anası -
böyük xanım
sarayın bağçasında
gəzir bu saatlarda.
Əkdiyi balqabaqları
şaxta vurarmı, görəsən?
Səndən razıyam, dedi,
doktor bəy mənə,
qayıdanda gəl,
işə götürərəm yenə.
Əcəba, götürərmi, görəsən?
Gün keçə, sabah ola,
insan
sabahını bilə bilərmi,
görəsən?
Ora bax, ora!
Nə qədər qoyun-quzu var!
Keçi də xeylidir!
İtə bax, itə,
lap canavara oxşayır,
gör necə soxulur adama?
Bir ikən, iki oldular...
İtilin burdan!
O yana,
bu yana baxdı,
sanki daş axtarırdı.
Özünü yığışdırdı, güldü.
Gülərkən bürüşdü sifəti.
Qaranlıq ağzına
işıq salırmış kimi
parladı seyrək, bəyaz dişləri...
Bu adam xəstədi,
amma,
di gəl ki, xəbərsizdi
mübtəla olduğu mərəzdən...
Baxır gülümsəyərək,
masmavi göydə
rahat-rahat,
tənbəl-tənbəl
uçan quşa...
Bir doktorun
bağçasında muzdurluq etmək
anlada bilməz çankırılı Durmuşa
İstanbulda
xəstəliyə tutulduğunu,
otuz quruşa...
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!