İnsan mənzərələri - Nazim HİKMƏT

Pirayə xanıma

Əvvəli burada

Heybə sahibi

                  solda,

                      ən başda,

                             küncdə əyləşib.

Bic,

     iri,

        yırtıcı bir quş kimi

fetr papağı başında,

çiynində paltosu,

qara şalvarı

       hamar qatlarla

                     sallanmış.

Çıxarmış

        kətan-rezin ayaqqabılarını,

söykənəcəksiz skamyanın üstündə

ağ yun corablı ayaqları,

əlləri qədər yaxın,

əlləri qədər canlı...

Danışanları,

elə bil, tük basmış

            qulaqları ilə deyil,

ayaqları ilə dinləyir.

Haldan-cindən söhbət düşmüşdü.

Sarı Seyfəddin -

Adabazarında Çərkəz kəndinin muxtarı -

uzun boğazının

            qırtlağını oynada-oynada

                           nağıl edirdi:

"Bismillahsız

                        paltarını çıxartma!

Hər işin əvvəli bismillahdır,

Yoxsa, paltarını

                   cinlər aparıb

                              düyünləyərlər."

Arabaçı Səlim -

           Əskişəhərli,

                  əlli yaşında, daz -

Seyfəddinin sözünə

                           qüvvət verdi:

"Atları da elə,

gecə axura

          bismillahsız bağlasan,

cinlər minib,

        çaparlar dan yeri

                  sökülənə qədər,

yalını da

       xırdaca-xırdaca

                         hörərlər -

neçə dəfə başıma gəlib:

səhər-səhər girmişəm tövləyə,

bağladığım

             yerdəcə durub heyvan,

amma tər içində,

əlini vursan,

               suyu çıxar,

                           köpük-köpük,

yalı da

         gəlin saçı kimi

                           hörük-hörük,

açmaq da olmur,

          kəsməkdən başqa

                            çarəsi yox...

Cinlər

        gecələr atlara minib

                  hara gedirlər belə,

                                 Ay işığında?

Vallah,

         insanın dərdi

                          özünə yetər,

Bismillahı unutduq deyə,

Allah

    cinləri

                        başımıza bəla göndərdi.

Bu cin dediyimiz

                           necə şeydir, görəsən?

İnsana oxşayırlarmı?

Amma

                  xasiyyətləri

                        eynən adam xasiyyətidir:

oğrudular,

                   kefləri istəyəndə

                        yamanlıq da eləyirlər…

Qapının

          yanında əyləşən

                        tatarsifət adam

(Bursa kəndlərindəndir,

                   yun fabrikində

                           qarovulçudur)

cavab verdi  Səlimə:

- Mən

        rast gəldim

                       bir dəfə,

gözümə göründülər -

altı həftə gecə-gündüz.

Saza görə oldu olanlar.

Deyim də,

        sazların padşahı

                 doqquztelli cürədir.

Harda

        bir söz ustasının

                       sorağını alsam,

qış olsun,

qiyamət olsun,

lap yeddigünlük yol olsun,

atın tərkinə alıb,

                 gətirərdim kəndə.

Amma

       yenə də

              öyrənə bilmədim

                        cürə çalmağı.

Məşhur bir cürəçi vardı,

özü də qaraçı.

Adı Alış.

Mənə dedi ki:

Barmaqlarına lənət enməsə,

bacara bilməyəcəksən

                                  bu işi.

Yaxşı, dedim,

barmaqlarıma

                lənət necə enəcək?

Dedi,

     gərək Allahından dönəsən,

Qədir gecəsi

    natəmiz bir yerə girəsən,

                       tərsinə oturasan,

çalasan,

         çalasan,

                   çalasan...

Alışın

          dediyi kimi elədim,

Qədir gecəsinə də

                            az qalırdı.

Abdəstxanaya girdim,

tərsinə oturdum.

Toxundum tellərə -

səs çıxmadı,

aşıqları burdum,

əbəs yerə.

Elə bil,

     yer üzündə

           səs deyilən şey

                   yoxa çıxmışdı.

Atdım

    gilas qabığından

         düzəltdiyim təzənəni,

var gücümlə

                  çəkdim telləri -

nə qırılır, nə səs verir...

Eləcə

         rezin kimi

                 yığılır, açılır.

yetiş,

      Alış,

            dadıma yetiş,

bu necə işdir,

      dəli olacağam deyəndə -

göründülər.

Kimisi mərciməkdən balaca,

kimisi minarə boyda.

Paltarları

         bizim paltarlara

                            oxşayırdı,

papaqları vardı:

      qırmızı, yaşıl, uzunşüllə...

Hamısı da süvari.

Qılıncları siyirib,

                  üstümə gəlirdilər.

Özümü çölə atdım...

Altı həftə

      gecə-gündüz getmədilər.

Babam

      cürə sazını

          çilik-çilik eləyib,

                              yandırdı.

Evin zirzəmisində

              məni zəncirə vurdu,

xeyri olmadı.

Axırda Alışı gətiriblər.

Qaraçı Alış

öz cürəsini verib mənə,

başlamışam çalmağa.

Çaldıqca ağlım başıma gəlib,

çaldıqca ağlım başıma gəlib...

Amma birdən

     özümdən gedib yıxılmışam...

Ayılanda

     gördüm ki,

           nə süvarilər var,

                 nə siyrilmiş qılınclar.

Və o gündən

                bu günə

məndən usta

                 cürə çalan yoxdur

                        bütün Bursa vilayətində.

Susdu tatarsifət adam.

Arabaçı Səlim

            tərs-tərs baxdı ona.

Heybə sahibi

iki ağ quzunu

            sığallayırmış kimi

sığalladı yun corablarını.

Kötək yemiş

                        küçük zingiltisi kimi

incə bir səs gəldi

                        qarşı tərəfdən:

"Mənim

        qarnımdakı su da,

              yəqin, onların işidir."

Danışan

ufacıq bir adam idi,

bəlkə də,

            xəstəlikdən sonra

                        bu kökə düşmüşdü.

Bürüşmüşdü

            yanaqlarının

                        namnazik, sapsarı dərisi,

ovurdları

            batmış sifətində

                        işıldayırdı gözləri.

Çox vaxt

ölüm

                        insan üzündə

almacıq sümüklərinin

                           aydın görünməsi

                                   ilə başlar

bu ölüm

Sakaryalı Şakirin üzündə

başlamışdı artıq…

"Mənim də

    qarnımdakı su

     onların işidir…"

Qarnına

                        su yığılmışdı

                                               Şakirin.

"Mən

        bildiyimi bilirəm,

həkim on vedrə

su çıxartdı

 qarnımdan,

üç gün ərzində yenə yığıldı.

Çətin sağalaram.

Cinlər qarnıma dolub.

Bilirəm,

öləcəyəm.

Dedim,

həkim,

xəstəxanadan çıxarmayın məni,

necə döyüşdə

  vətən uğrunda

           yaralanmışam,

bir

   yaylı çarpayıda ölsəm,

                        dünya dağılmaz ki…

Sözümü dinləmədi.

Yəqin,

        yaylı çarpayıda

                        bir başqasını -

ümid kəsmədiklərini

                        yatırdacaqlar.

Məndə

       gözü açılmış yara var,

                        ümid yox…

Bələdiyyə verdi yol pulumu.

Dönürəm geri.

Nə pis bəxtim varmış,

bu qədər

                        adamın içində

                                   məni tapdı

zəhrimar xəstəlik…

 

Hərəkə stansiyasında

                                   dayandı qatar.

Sürücü Ələddin

                        endi paravozdan,

baxdı,

              görsün necədir

                        arxa oxlar?

Paravoz saz və səbirsizdir,

sanki canlıdı,

                        ürəyi, sinirləri

                                       varmış kimi

  eyni zamanda

                   bir yarış heyvanıtək

                                   yaraşıqlı idi…

Hərəkə stansiyası

                   qəşəng və kiçicik

                                        bir yerdir.

Əsas Hərəkə

                    xeyli yuxarıdadır,

                              baxanda görünmür,

getmək istəsən,

                                 bir saatlıq yoldur.

Stansiyada gilas satırlar.

Gilasları

                    qırmızı sırğalar kimi

                                   nazik çubuqlara

                                                    taxıblar.

Zatən,

     yolboyu hara baxsan,

                        zeytunluq və gilaslıqdır.

Stansiya ilə üzbəüzdə -

                        dənizdən azca aralıda

                                 çit fabrikası var.

Qatardan baxanda

                        adama elə gəlir ki,

                                   içini görəcək…

Başını

      pəncərədən çıxarıb,

                              gilas aldı Süleyman,

Tələbə oğlan

                            bulaqdan su içib

                                               qayıdan zaman

qatar tərpənmişdi artıq.

Bunu görən Süleyman:

"Qatarı

əldən çıxaracaq, məlun" -

deyə sevindi.

Ancaq

            tələbə oğlan

                        atılıb mindi qatara…

Dənizi

            gah itirə-itirə,

                        gah tapa-tapa

Yarımçaya doğru

                                    şütüyür qatar.

510 nömrəli vaqonda,

                        beşinci bölmədə

müharibədən söhbət edirlər.

Heybə sahibi

qara saqqalının

                        üstünə sallanmış

bıçaq sapı kimi burnunun

hərdən

                 ucundan çəkə-çəkə

                         deyilənlərə qulaq asırdı.

Əskişəhərli

                        arabaçı Səlim:

- Almanların axırı puçdu, - dedi, -

Əvvəl-axır

                        bir yerdə büdrəyəcəklər.

Əli bıçaqlı,

                        vuran-tutan adamın

axırı

                  ya it kimi ölməkdi,

                  ya qurumsaqlıqlı,

      ya da küçə süpürməkdir.

Etiraz etdi

                        Sarı Seyfəddin -

Çərkəz kəndinin muxtarı:

- Almanları

            deyə bilmərəm,

amma

             vuran-tutan adam

                        qurumsaq olmaz…

Arabaçı Səlim

                                   özündən çıxdı:

- Ondan da betər olar.

Zindanqapılı

                              Hüseyn ağa

çox məşhur bir adam idi.

Bıçağı ilə

                   bizim bütün əskişəhərliləri

                                                  qorxutmuşdu.

Həm də

            əli qızılla oynayırdı.

Axırı nə oldu?

Üç quruşa dəyməyən

                        əyyaş Şərif     

fahişəxanada

                        ağzını boş qoydu,

bu da vurub onu öldürdü.

Məmləkətdə qala bilmədi,

köçüb getdi.

Sonra

                 eşitdik ki,

                        bir xəndəkdə

                                 tapıblar meyitini.

Heybə sahibi dilləndi -

səsi pambıq kimi

                            yumşaq və qabarıqdı -

almanlar qalib gələcəklər.

Mən

      böyük yerdən eşitmişəm,

deyirlər,

                        Hitler gavur nədi,

                                   müsəlmandı,

ancaq

      hərif dinini gizlədir.

Yoxsa,

      bu qədər dövlətin

                        ona gücü niyə çatmasın?

Arabaçı Səlim

                        nəsə demək istədi.

Sarı Seyfəddin

                 şəninə toxunan

                            bu təhqirə

                           cavab verirmiş kimi

qürurla baxdı

                                   Səlimin üzünə:

- Bəli,

    vuran-tutan adam

                             qurumsaq olmaz!

Heybə sahibi

                            davam etdi sözünə:

- Bir paşa var.

Köhnə kişilərdəndir.

Davada

                    bir o basıb

                              ingilis gavurunu.

İndi təqaüdə çıxıb.

Həm tacirlik eləyir,

                            həm də qəzetçilik.

Deyir,

      almanlarla

                        bir olmalıyıq,

ya da

       yol verməliyik

                                keçib getsinlər…

Elə-belə adam deyil,

                          paşadır bu, paşa,

                     üstəlik də qəzetçi.

Davada

            bir o basıb

                        ingilis gavurunu.

Mənə

       qənd-çay satan

                              Hacı Nuru bəy də

                                   tanıyır onu,

bir gün mənə dedi ki:

alman

       nə yunanı qoydu

                        gəlsin Balkana,

                                   nə ingilisi,

amma

                        çox şükür, müsəlmanıq,

hərif sayır bizi.

Almanlarla birləşib,

Atıldıqmı ingilislərin üstünə,

bir gündə girərik

                             Şami-şərif şəhərinə.

Qartallı Kazım,

yaxud Yayalarlı Kazım ağa

yaxud İstanbullu Kazım əfəndi

qırx beş yaşında,

                        canavara oxşayan

                                   bir adamdı,

Şakirə:

- Bir siqaret yandır, görək, - dedi.

Sakaryalı Şakir -

                 qarnından on vedrə su çıxan -

açıq yaraya

            duz basırmış kimi

                        sümürürdü siqareti,

Nə yaman

                        qorxunc imiş

yaylı

                   bir çarpayıda

                                   ölmək həsrəti -

bunu

       bir Sakaryalı

                        Şakir bilir…

Qartallı Kazım

başını kupenin

                        taxtasına dayadı,

qıyıldı sarımtıl,

                        qurd gözləri,

vaqonla

                        bir yellənir başı,

                        o yan - bu yana,

göz qoyur Şakirə,

                 "Məmədcik" - deyə düşünür,

"Məmədcik Məməd".

Və dönə-dönə

bu sözü

                     fasiləsiz təkrar edir

                            tıqqıldayan təkərlər -

get-gedə

                        daha cəld,

                                   daha sərt -

"Məmədcik Məməd",

Məmədcik Məməd".

Müharibə illəri,

Məmədciyin üzü

qaranlıqdan

                  zorla dartılıb

                         çıxarılmış kimi

uzun yol boyu

                          görünür Kazıma.

İlahi,

xoş günləri

                   xatırlamaq

nədən bu qədər asan,

bəd günləri

                   xatırlamaq

nədən bu qədər çətindir?..

Pozantıda

    əyləc nəzarətçisi idi

                         Qartallı Kazım,

hicri tarix ilə

     min üç yüz otuz üçüncü ildə...

Gecə-gündüz

               cəbhəyə gedir

                                    qoşunlar.

Hardan qalxar,

               harda dayanar

sobalarında

              şam ağacı yanan

                                  qatarlar?..

Yol boyu

           köz olmuş odun qoxusu,

yol boyu

            ölüm qorxusu -

Məmədcik Məməd,

Məmədcik Məməd...

Düz dörd cəbhədə

                   qopdu qiyamət…

Qırx adamlıqdı vaqonlar.

Amma

      hər vaqonda yüz məməd.

Məmədcik Məməd,

Məmədcik Məməd,

yoxdur aman,

yoxdur mərhəmət…

Son stansiya idi Pozantı.

Əyləc nəzarətçisi

                   Qartallı Kazım

                                soyundu,

çöməlib,

       gün altında

                 bitlənməyə başladı.

Dağ-daş məmədçik dolu.

Gedənlər - ac-susuz,

gələnlər - şikəst.

Ölüm - Allahın əmri,

                 aclıq olmasa...

Aclıq

       itdən betər edir adamı, əlbət...

Məmədcik Məməd,

Məmədcik Məməd.

Bölükbaşında da yoxdur mərhəmət -

arpanı ən çox bir ovuc verir...

Ardı var...

Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!