Pirayə xanıma
Qatarlar
gələrlər sallana-sallana…
510 nömrəli ümumi vaqon.
Jandarmalarla
dustaqlar bir yerdədilər.
Bu neçə gündə,
bir dəfə də olsun,
çavuşun üzünün güldüyünü
görən olmayıb.
Mauzerlə - rəfdə,
qollar - qandalda.
Fərqli
şeylər düşünür
jandarma ilə dustaqlar.
Kitab oxuyur
qolları qandallı Xəlil.
O qədər ustalaşıb ki,
çevirərkən
dizinin üstündəki
kitabın vərəqlərini
çətinlik çəkmir daha…
Kitab
və qandalla keçib
on üç ili.
Beşinci dəfədi
dəyişirlər yerini.
Gözlərinin
altında çizgilər,
saç-saqqalında
az-maz ağ…
Qocalıb…
Qocalıb bir az…
İnsan qocalar,
amma
kitab, qandal
qocalmaz…
Və
indi ürəyi
hər zamankından
daha ümidlidi…
Kitab oxuyarkən
bir şey gəldi ağlına:
"Səndən
kotan düzəldəcəyəm,
qolumun qandalı…"
Və
bu fikir
o qədər
gözəl gəldi ki, ona,
yenə
birdən-birə
canı sıxıldı
şeir yazmaq bacarığı
olmadığına…
Qəbzə stansiyasından
qalxan qatar
hündür,
dəmir körpünün
üstündən keçdi.
Sağda
yer birdən-birə
bəlkə yüz,
bəlkə yüz əlli metr
aşağıya düşdü.
Orda - dibdə
Əskihasar kəndi,
Əskihasar qalası,
ensiz,
uzun yolla gedən
iki atlı,
bir də,
bir də zeytun ağacları
və gəmisiz-qayıqsız dəniz...
Görünənlər
uzaqda və dərində
olduqlarından,
qatar getdikcə,
çox sürətlə arxada
qaldıqlarından,
yaz gününün aydınlığında
qutudan
yeni çıxarılmış
oyuncaqları
xatırladırdılar -
xırda,
rəngli
və tərtəmiz...
Fuad
baxdı o iki atlıya,
və böyük şəhərə doğru
uzanan yola -
özlədi
gözlərindən
yavaş-yavaş
itən İstanbulu...
Birdən-birə
başladı ailələri haqqında
danışmağa:
- Mənim babam
bir əcaib adam idi,
Bəhriyyədə işi-gücü...
mayor rütbəsi...
Evimizdə bir şəkli qalıb:
uzunşüllə fəs,
fəsin altında
ülgüclə dibindən
qırxılmış baş...
Çox mürtəce idi.
Düşünün ki,
məşrutə olanda,
Sultan Həmidə
andı var deyə
nikahı təzələmiş,
üç il sonra da təqaüdə çıxmış,
Qulaqsızda baqqal olmuşdu...
Hicri tarixi ilə
1338-ci ilin oktyabrında,
yəni,
İstanbulun qurtuluş günündə
ölmüşdü...
Meyitini
mətbəxdə
dolabın yanında
tapmışdılar.
Uşaqlar
bu zaman küçədə
marş oxuyurmuşlar...
Süleyman
ilişdi Fuada:
- Sənin
ictimai mənşəyin
çox qarışıqmış:
mürtəce,
militarizm
və kiçik əsnaf...
Fuad
fikir vermədən
davam etdi:
- Hələ də
gözümün önündədi atam.
Uzun,
sarı barmaqlı bir adam idi.
Gəmi təmiri zavoduna aid
dülgərxanada işləyirdi -
yaxşı oymaçı idi.
Köhnə xarratları xoşlayırdı.
Hər səhər
bayram yerindən
gələrdi verdiyi əzan səsi,
küsdü,
bir daha oxumadı
ərəbcə yasaq
olduqdan sonra.
35 yaşında vərəmdən öldü.
Süleyman soruşdu:
- Bəs anan?
- Doğuş vaxtı keçinib.
Mən dülgərxanada -
atamın alətlərini yığdığı
yaşıl sandıqda böyümüşüm...
510 nömrəli ümumi vaqon.
Dəhliz.
Dəhlizdə
bir universitet
tələbəsi gəzişir.
510 nömrəli lüks vaqon.
Balıq,
limon,
ağ pendir,
çörək,
şüşələr...
Kişi,
qadın... içirlər...
Milli opera qastrola gedir -
səkkiz artist
və
məşhur bəstəkar
Məhəmməd Əli...
510 nömrəli ümumi vaqon.
Gülür
qolları qandalı
Fuad
gah
universitet tələbəsinin
qapı şüşəsindən
Məlahətə göz qoymağına,
gah da
qolları qandallı Süleymanın
acıqlı-acıqlı ona baxmağına.
Qolları qandalsız Məlahət
nazik,
qansız biləklərinin
azadlığı ilə qürurlanır -
əllərini
sərbəst tərpədə bildiyi üçün
kefi kökdü,
alma yeyir.
Universitet tələbəsi
yenə də oğrun-oğrun
süzür Məlahəti.
Dözmədi Süleyman,
qaldırdı səsini.
Jandarma Heydər
haqq verdi Süleymana,
endirdi
şüşəli qapının pərdəsini.
Və
dustaqlarla
kəndli jandarmaların
dostluğu beləcə başladı.
Qolları qandallı Xəlil -
bu baş verənləri
duyurdu, duymurdu,
bəlli deyil -
ayırdı gözlərini
dizinin üstündəki kitabdan
və soruşdu jandarmadan:
- Sizin kənddə neçə ev var?
- Əlliyə qədər
- Neçəsinin
ikidən çox öküzü var?
- İkisinin.
- Bəs bir oküzü
olanlar nə qədərdi?
- Təxminən on beş.
- Öküzü heç olmayanlar?
- Beş-altı.
- Deməli, geri qalanların...
- İki öküzü var...
- Səndə...
- Məndə də iki...
Süleyman soruşdu:
- Torpağı
olmayanlar varmı?
Jandarma cavab verdi:
- Niyə yoxdu ki?.. Var...
Fuad da
qoşuldu söhbətə.
Arada
xoş ünsiyyət yarandı
və
şübhədən və hökmdən üstün
elə bir an oldu ki,
kəndli jandarmalar
yüksək səslə
zarafatlaşa-zarafatlaşa
mühüm
və
ürəkaçan bir iş
görürmüşlər kimi
açdılar
dustaqların qollarından
qandalları...
Dəhliz...
Universitet tələbəsi -
o baş-bu başa
var-gəl edir.
Bir yolcu gəldi
beşinci bölmədən -
qısaboy,
şişman,
plaşlı...
Tər içindədi,
narahat halda
açdı bütün pəncərələri,
və
başını çölə çıxarıb,
üç dəfə dərindən
nəfəs aldı.
Sonra
qəflətən
dabanı üstə
döndü geri -
alnı dar və uzunsovdu,
sifəti enli və kökdü,
armudu xatırladır
çiyinlərinin
tən ortasındakı
iri başı...
Gömgöy,
çəp gözləri
sataşdı
universitet tələbəsinə,
dedi:
- Bəyim,
boğulacaqdım az qala,
bizim kupe
doludu ayılarla,
tər,
üfunət,
pəncərəni də açmırlar.
Şübhəsiz, tələbəsən...
Bəllidi, bəlli -
Papağındakı bozqurddan.
Doğrudur,
bəzi
tərbiyəsiz oğlanlar da
belə papaq qoyurlar -
eşitmişəm,
görməyinə
görməmişəm.
Mənim
belə işlərlə
aram yoxdur.
Ancaq
desəm ki,
heç məşğul olmamışam,
yalan olar.
İngilislər
İstanbula gələndə
dar balaqlı şotland oğlanları...
Yazıq iranlıların
adı çıxıb....
Ümumiyyətlə,
insan hər şeydən dadmalıdır.
Yaşamaq -
zövq almaq deməkdir.
Amma
gərək pulun olsun.
Eşq-meşq,
həyat-məyat -
boş şeydi,
İndi
gəl bunu
o içəridəki ayılara
başa sal.
Zalım uşağı
pəncərəni də açmırlar.
Qulaq as,
məndən sənə
bir ata nəsihəti:
insanın səhhəti
hər şeydən əzizdir.
Səhhətinə yaxşı bax!
Səhərlər
mütləq təzə yumurta ye!
Mənim
evimdə üç sıpam var,
Hər səhər
adama üç yumurta
içirlər.
Mənim
evimdə bir qayda da var:
işdən gələndə
gizlicə analarından soruşuram:
uşaqlar
özlərini yaxşı aparıblar,
yoxsa dəcəllik eləyiblər?
Və cavaba görə
quş bəzi şeylər gətirir
pəncərəyə:
ya alma,
ya portağal,
ya şokalad!
Təbii ki,
quş gətirmir,
mən gətirirəm.
Fəqət
mənim ən balaca sıpam
bir axşam
anlamış bu işi.
Ertəsi gün
anasına demiş ki,
o quş
eynilə atama oxşayır...
Ümumiyyətlə,
mən bu qənaətdəyəm:
adam
gərək uşaqlarının
şüurunu müəyyən etsin.
Mən
hər zaman
müəyyən edirəm.
Məşhur əhvalatdır:
bir padşah
rəml atmağı
öyrətmək istəmiş
oğluna...
Universitet tələbəsi
gülümsədi:
- O əhvalatı bilirəm.
Və
sonra laf olsun deyə soruşdu:
- Məmursunuz?
- Düzünü axtarsan...
məmur sayılıram...
İstanbulda,
Bakımevi dəftərxanasında
mühasibəm.
Nuru Öztürk.
Maaş cədvəlində adımız var.
Vaxtilə Salacaqda
bir balaca
məmurluğumuz da olub.
Əsnaflıq,
tüccarlıq da etmişik.
Hər iş görmüşük,
qovrulmuş qəhvə
satmaqdan savayı.
Gözüm bir onda qalıb.
Sürücülük də eləmişəm.
Maşın özümün idi.
Taksilərin dəbdə olduğu
vaxtlar idi.
Heç yadımdan çıxmaz,
bir yay günü,
ikindi vaxtı
bir müştərini
Ciftəhovuzlarda düşürdüb,
geri qayıdırdım.
Qabaqda bir qadın gedirdi,
əynində qara palto.
Baldırları dəydi gözümə,
sürahi kimi.
Yanına çatanda
saxladın maşını,
üzünə baxdım,
ailə qadını, kübar.
Çox böyük,
qapqara gözləri var.
Şeytan məni qıdıqladı,
qapını açdım,
"Buyurun" dedim.
İçəri keçdi.
Sürdüm maşını.
Hara gedirik?
Nə mən soruşuram,
nə o deyir.
Qabaq aynada
gözlərini gördüm,
lənət şeytana...
bayaqkı kimi yepyekə,
qapqara...
Caddəbostandan
yuxarıya qalxdıq,
Ərənköy, İçərənköy, çöl...
Saxladım maşını
bir çinarın altında.
Ətrafda ins-cins yoxdu.
Maşından düşürtdüm.
Səsini çıxarmadı.
Uzatdım torpağın üstünə.
Yenə səsini çıxarmadı.
Mən öz işimdəyəm,
öpürəm onu.
O elə bil cansız bütdür.
Nə isə,
söhbəti uzatmayaq.
Qalxdıq ayağa,
təkrar mindik maşına.
Geri dönürük.
Amma hara?
Nə mən soruşuram,
nə o deyir.
Yenə qabaq aynada
gözlərini görürəm,
lənət şeytana...
bayaqkı kimi yepyekə,
qapqara...
Qızıltorpağa gəldik.
Çarşının işıqları yandı.
Bir meyvə dükanının
önündə saxladım maşını.
Açdım qapını.
Qadın düşdü, getdi,
Tini buruldu,
gözdən itdi.
İndi, bəyim,
belə işə sən
nə deyirsən?
Ümumiyyətlə,
necə deyim,
on üç, on dörd il
keçib aradan,
amma
bu qadın
heç çıxmır yadımdan.
Eh, o zaman belə qarnım yox idi,
bığlar da
ipək kimi,
yumurta sarısı.
Kadıköyün
Paris məhəlləsini
kəsdirib durmuşdun.
Elə günlər görmüşük, bəyim,
elə keflər çəkmişik, bəyim...
İndi gəl
içəridəki ayılara
bunları anlat,
zalım uşağı
pəncərəni də açmırlar...
Ardı var...
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!