Rus dilinin zəngin, çoxşaxəli və gözəl bir dil olması heç bir savadlı insanda şübhə doğurmur. Eləcə də, rus ədəbiyyatının olduqca zəngin və hətta Çingiz Abdullayevin sözləri ilə desək, dünya ədəbiyyatının bir tərəfində rus ədəbiyyatı, başqa tərəfində isə qalan ədəbiyyat durur. Digər tərəfdən, son iki yüz il ərzində bu dilin Şimali Azərbaycan yazı mədəniyyətinə göstərdiyi mühüm təsir və ziyalılarımızın da yaradıcılığında buraxdığı silinməz iz, əlbəttə ki, danılmaz faktdır. Təkcə bunu qeyd etməyə kifayət edər ki, bu gün danışıq dili ilə bərabər, ədəbi Azərbaycan dilində də rus mənşəli sözlər yer almaqdadır. Lakin rus dili haqqında olan bütün bu faktlar bu dilin kökünün, mənşəyinin araşdırılması zamanı ortaya çıxan qaranlıq məqamları və bunlarla bağlı yaranan sualları aradan götürmür. Və bu səbəbdən, məqaləmizin birinci hissəsində ortaya qoyduğumuz həmin sualların hələlik birincisini cavablandırmağı çalışacağıq.
1. Necə olur ki, XVIII əsrdən əvvəl heç bir rus ədəbiyyat əsərinə rast gəlinmir? Yəni əsrlər boyunca Rusiyada heç bir şair, yazıçı və ümumiyyətlə, yazılı ədəbiyyat olmayıb? Və yaxud fərqli bir dil olub?
Bu suala, təbii ki, sanballı tarixi mənbələrə istinad etmədən, dolğun cavab vermək qeyri-mümkündür. Həmin mənbələr isə müəyyən siyasi və iqtisadi səbəblərdən sadə Azərbaycan oxucusu üçün, əfsuslar olsun ki, hələ də əlçatmazdır. Lakin müstəqil müəlliflərin araşdırmaları ilə tanışlıq, obyektiv yanaşma və sağlam məntiqi rəhbər tutaraq, bu suala müəyyən aydınlıq gətirmək mümkündür.
Belə ki, təbiətdə olduğu kimi, tarixdə də boşluq olmur. İlk baxışda boşluq və ya qaranlıq məqam olaraq görünənlərin isə öz məntiqi izahı vardır. Məlum tarix də aşağıdakı faktları söyləyir: Kiyev Rus Xaqanlığı (bəli, bəli, Xaqanlığı - Kiyev Rusiyasının rəsmi adı xaqanlıq, baş hökmdarın tutulu isə məhz xaqan adlanırdı ki, bu da arif oxucu üçün açar ola bilər) adlanan ilk rus dövləti müəyyən tarixi dövrdə feodal parçalanması mərhələsini yaşamış və onlarca xırda knyazlıqlara bölünmüşdür. Bu faktı da qeyd etmək xüsusilə vacibdir ki, Kiyev Rusiyasının təməli Skandinaviya əsilli hökmdarlar ilə qoyulmuş, saray və mədəniyyət dili də qədim alman dili olmuşdur. Xalqın (etnik tərkibinə əsasən, slavyan tayfaları əhalinin yalnız üçdə bir hissəsini, qalan qismini isə fin-uqor və müxtəlif türkdilli etnoslar təşkil edirdi) danışdığı dil isə bölgələrə görə qarışıq olmuşdu. Belə ki, dövlətin şimal və şərq bölgələrində fin-uqor və qismən slavyan ləhcələri üstünlük təşkil etdiyi halda, paytaxt Kiyevin olduğu mərkəz, qərb və cənub bölgələrdə türk şivələri (peçeneq, tork, xələc, xəzər, qıpçağ və s.) hökm sürürdü. Knyazlıqlar isə bir-birlərilə vuruşaraq, lap kiçik qurumlara parçalanır, daha da zəifləyir və nəticə etibarilə XIII əsrdə tatar-monqollar tərəfindən işğal olunur. Əslində, bu, işğaldan daha çox konfederativ əsaslarla həyata keçən hərbi-siyasi əməkdaşlıq idi (məsələn, Avstriya-Macarıstan kimi). Hər halda rus dövləti 300 il müddətə türk-monqol dünyasının birbaşa təsiri altına düşür.
Bu təsir, əlbəttə ki, ictimai həyatın bütün sahələrində, o cümlədən dil və mədəniyyətdə özünü göstərməyə bilməzdi. Üstəlik, bu təsir hal-hazırda rəsmi rus tarixində ötəri açıqlanan güclü miqrasiya prosesləri ilə yanaşı cərəyan edirdi. Belə ki, keçmiş Kiyev Rusiyasının şimal və şərqində məskunlaşan slavyan tayfaları onun Litva və Polşanın hakimiyyəti altına keçmiş qərb hissəsinə doğru, yəni canlarını tatar əsarəti və bundan daha betər yerli əyanların zülmündən indiki Ukrayna və Belarusun ərazisinə kütləvi halda köçürdülər. Nəticədə, müasir Rusiya ərazisində sayı onsuz da az olan slavyanlar azalır və əksinə, fin-uqor və türk dillərinin daşıyıcıları çoxalırdı. Bir sözlə, orta əsrlərdə indiki Rusiyanın qərb, yəni Avropa qitəsinə aid olan hissəsində yaşayan əhali əsasən, türk dilində danışırdı. Təbii ki, burada hər bir normal cəmiyyətdə olduğu kimi yazı mədəniyyəti də mövcud idi ki, bu da rus, yəni slavyan dilində deyildi. Son yarım əsr ərzində Rusiyanın mərkəzi rayonlarında aparılan arxeoloji qazıntılar zamanı tapılmış artefaktlar, habelə "tatar məzarlıqları" adlanan və türk maddi mədəniyyətinə aid çoxsaylı və çox vaxt ictimaiyyətdən gizlədilən tapıntılar bunun əyani sübutudur.
Daha bir sübut budur ki, hal-hazırda Rusiyada rus millətinin "kazak" adlanan etnoqrafik qrupun doğma dili cəmi 150-200 il öncə türk dili imiş. Belə ki, məşhur Razin və Puqaçov üsyanlarının əsas qüvvəsini təşkil edən kazaklar öz aralarında türkcə danışmış və yazışmışlar. Bundan əlavə, məşhur rus səyyahı, XV əsrdə yaşamış Afanasiy Nikitinin bütün səyahət yazıların əsilləri qıpçağ türk dilindədir.
Yuxarıda qeyd edilən vəziyyət XVII-XVIII əsrlərədək davam etdi. Belə ki, XV əsrdə rus knyazlıqları monqol işğalından qurtularaq birləşib, yeni və qüdrətli Rusiya dövlətinin əsasını təşkil etsələr də, bu dövlət hələ də qonşu türk ölkələrinin (Krım, Kazan, Həştərxan, Sibir xanlıqları və Osmanlı İmperiyası) güclü təsirinə məruz qalır və əhalisinin böyük qismini hələ də türk etnosları təşkil edirdi. Ancaq pravoslav kilsəsi vasitəsilə yunan mədəni təsirin güclənməsi, çar İvan Qroznıdan sonra Rusiya çarlığının siyasətində artıq imperialist tendensiyaların üzə çıxması və əlbəttə ki, dövlətində getdikcə möhkəmlənməsi iki nəticəyə gətirib çıxarır: 1) Rusiyanın tədricən zəifləyən türk dövlət qurumlarının əraziləri hesabına şərqə və cənuba doğru ekspansiyası və sahəsinin genişlənməsi və 2) Beynəlxalq aləmdə özünü qüdrətli geosiyasi bir varlıq olaraq tanıtması məqsədilə Rusiya daxilində yunan və katolik təsirlərinin köməyi ilə türk izlərinin getdikcə silinməsi. Bu proseslər 1613-cü ildə hakimiyyətə gəlmiş Romanovlar (soyadın kökü belə "Roma" sözündən gəlir) sülaləsi dövründə daha da sürətlənir. Məhz bu dövrdən etibarən çirkin etnosid siyasəti hesabına türk dilləri daşıyıcıların yaşayış arealının kəskin şəkildə daralması və slavyan ləhcələrinə qarşı marağın oyanması təsadüfi deyildir. Çünki Romanov ailəsinin əslən katolik Polşadan olması rus dili və ümumiyyətlə, Rusiyanın tarixindəki bir çox qaranlıq məqamlara aydınlıq gətirir.
Həmin faciəvi prosesin bütün təfərrüat və təzahürlərini bir kənara qoysaq, sırf xronoloji olaraq aşağıdakı mənzərəyə rast gəlmək mümkündür. İlk addım 1618-ci ildə atıldı. Həmin il Polşada katolik rahib Meletiy Smotritski tərəfindən "Qrammatika" kitabı yazılmışdır. Lakin bu, natamam olduğundan 1638-ci ildə yenə də Polşada naməlum müəllifin yazdığı, slavyan dilinin qrammatik dərsliyi olan - "Qrammatika ili pismennitsa slavenska" kitabı işıq üzü gördü. Rusiya tarixinin bundan əvvəlki 700 il dövründə isə rus dilinin danışıq və yazı qaydalarına aid bir ədəd belə kitabı olmamışdır və heç ola da bilməzdi. Çünki təbiətdə belə bir dil mövcud deyildi və onu qıpçağ türklərinin dili əvəz edirdi.
Lakin büsbütün avropalı müşavirlərlə əhatələnmiş I Pyotrun hakimiyyəti illərində sözügedən proseslər daha geniş vüsət alır. Bu dövr söhbət artıq yeni dilin yaradılması, onun Rusiya əhalisinin əksəriyyətinin hələ də danışdığı türk dillərinin birdəfəlik sıxışdırılması vəzifəsindən gedirdi. Axı yeni imperiya, yeni təfəkkür və yeni dil tələb edirdi. Beləliklə, 1708-ci ildə çar fərmanı ilə yeni əlifba tətbiq olunmağa başlanır, 1726-cı ildə isə akademik Trediakovskinin "Slavyanskiy dialekt türkskoqo yazıka", yəni "Türk dilinin slavyan dialekti" adlı dərindən işlənilmiş dərslik vəsaiti çıxır. Bu kitab özülündə türk leksikonu və qrammatik konstruksiyaları olan, slavyan (əsasən, bolqar), yunan, latın və fin-uqor dil qaydalarının qarışığı olan, öz mürəkkəbliyi və eyni zamanda qəribə ahəngdarlığı ilə seçilən, xalq arasında sürətlə yayılan yeni rus dilinin başlanğıcı oldu. Demək, 1726-cı ili rus dilinin doğum tarixi kimi də hesab etmək tamamilə mümkündür.
Beləliklə, rus dilinin tarixi ilə artıq səthi tanışlıq bu dilin nisbətən cavan və ən əsası, süni olmasına dair ciddi şübhələr yaradır. Doğrudur, esperanto kimi digər süni dillərdən onu fərqləndirən cəhət təməlində slavyan tayfalarının şivələri ilə süslənmiş canlı türk dili durur. Ancaq rus dili barəsində formalaşmış olan fikirlərin köhnəlməsi və bu dilin tarixinin əlavə və yeni tədqiqatlara ehtiyac duyması artıq labüddür. Bu, ən azından, ona görə önəmlidir ki, cəmiyyətin sovet stereotiplərindən qurtulması və gənc nəslimizdə Rusiya dövlətinə, tarixinə və mədəniyyətinə, ilk növbədə rus dilinə qarşı obyektiv fikir formalaşsın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!