BMT-nin altı əsas iş dillərindən biri, dünyanın altıda bir hissəsində yaşayan az qala 300 milyona yaxın insan üçün doğma olan, Yer kürəsində ən yayılmış dillər sırasında duran, Puşkin, Tolstoy, Dostoyevski, Çexov və bir sıra dünya klassiklərinin dili və ən nəhayət, cəmiyyətimiz üçün son iki yüz ildə ikinci danışıq dilinə çevrilən - böyük və qüdrətli rus dili. Amma bu dilin nə dərəcədə böyük və qüdrətli olması müəyyən araşdırmadan sonra şübhə doğurur. Və o qədər ki, hətta bu möhtəşəm dilin süni mənşəli olması fikrinə də gətirib çıxarır. Rus dilinin qeyri-slavyan, əsasən də türk, fin-uqor, yunan və latın mənşəli sözlərlə, qrammatik konstruksiyalarla zəngin olması - məlum faktdır. Ancaq bu dilin müstəqil bir danışıq dili olaraq, özü də leksik fondunun yarısından çoxunun qıpçaq türk sözlərinin olduğu bir dil kimi hansısa 300-350 il bundan əvvəl meydana gəlməsi fərziyyəsi ilk baxışda absurd görünsə də, bəzi diqqətəlayiq məqamlar buna haqq qazandırır.
Bəli, nə qədər qəribə olsa da, amma bu mülahizəyə əsas verən bir sıra məntiqi faktları səthi nəzərdən keçirmək kifayətdir. Məlumdur ki, rus dili hind-Avropa (ari) dil ailəsinin, slavyan qolunun şərqi slavyan qrupuna aiddir və Ukrayna, Belarus kimi dillərin lap yaxın qohumudur. Amma bu, ilk baxışda belədir. Belə ki, həmin dillərlə rus dili arasında ilkin müqayisə sonuncunun nə qədər fərqli və daha çox rafinə (rafinirovannıy) olunmuş kimi göründüyünü ortaya çıxarır. Qulağa sanki həddən artıq bəzədilmiş süslənmiş kimi gəlir. Bu da təsadüfi deyil. Gəlin, bir sıra tarixi faktlara üz tutaq.
Dünya elmində ümumi qəbul olunmuş fərziyyəyə əsasən, müasir rus, Ukrayna və Belarus dillərinin kökü IX-XIII əsrlərdə mövcud olmuş tarixi Kiyev Rusiyası dövlətinə söykənir. Belə ki, hər üç slavyan xalqının tarixi vətəni sayılan və zamanına görə Avropanın ən inkişaf etmiş və mədəni bir ölkələrindən sayılan həmin dövlətdə rəsmi danışıq dili qədim rus adlanan bir dil olub. Və həmin dövlət Bizansdan gələn pravoslavlığı və kiril əlifbasını qəbul edərək, zəngin rus mədəniyyətinin təməlini qoymuşdu. Tarixi faktları kənara qoyaraq, sırf dil ilə bağlı yalnız bir neçə məqama diqqət yetirək:
1. Necə olur ki, XVIII əsrdən əvvəl heç bir rus ədəbiyyat əsərinə rast gəlinmir? (Əlbəttə, tək-tük misalları göstərmək olar, amma bunlar ümumi ab-havanı dəyişmir). Yəni yüz illər boyunca Rusiyada heç bir şair, yazıçı və ümumiyyətlə, yazılı ədəbiyyat olmayıb? Və yaxud tam fərqli bir dil olub?
2. Bunu hansı məntiqlə izah etmək olar ki, rus yazı dilinin əsası olan kiril əlifbası Rusiyada yalnız XVIII əsrdən başlayaraq, daha doğrusu, 1708-ci ildə çar I Pyotrun fərmanından sonra tətbiq olunmağa başladı? Halbuki rəsmi Rusiya tarixinə əsasən, bu əlifbadan Rusiyada ta X-cu əsrdən istifadə olunurdu. Üstəlik, necə olur ki, həmin əlifbanın baniləri sayılan bolqar mütəfəkkirlər Kirill və Mefodiy özləri pravoslav olaraq, katolik kilsəsinin müqəddəsləri elən ediliblər? Axı xristianlığın katolik və pravoslav cərəyanları arasındakı düşmənçilik buna necə yol verib? Və nəhayət, XVIII əsrədək yazıda kirill ilə yanaşı istifadə olunan və qlaqolitsa adlanan əlifbanın əski türk əlifbasına şübhəli dərəcədə oxşarlığı?!
3. Bunu nə ilə əsaslandırmaq olar ki, rus dilinin qrammatikasına aid ilk əsər yalnız 1618-ci ildə, özü də Rusiyanın özündə deyil, ona düşmən olan Polşada katolik rahib Meletiy Smotritskinin yazdığı "Qrammatika" və onu tamamlayan, 1638-ci ildə yenə də Polşada (Krements şəhərində hansı ki, indi Qərbi Ukraynaya aiddir) işıq üzü görmüş "Qrammatika ili pismennitsa slavenska" kitabları olub? Yəni bu vaxta qədər böyük rus dilinin danışıq və yazı qaydalarına aid heç bir kitabı olmayıb?
4. Və sonuncu sual - Necə olur ki, vaxtilə Kiyevdə aparılan arxeoloji qazıntılar zamanı bir dənə də olsun qədim rus yazı nümunəsinə təsadüf edilməyib, lakin çox sayda əski türk və skandinaviyalı run yazıları tapılıb? Tapılan və qədim slavyan yazı dil nümunələrinə aid edilən artefaktlar isə türk dilini bilmədən heç oxunmur? Hələ yüzlərlə və bəlkə də minlərlə qəsdən itirilmiş, gizlədilmiş, məhv edilmiş və türk yazı mədəniyyətinə aid olan nadir tarixi tapıntıları qoyaq bir kənara. Yəni elə çıxır ki, əsrlər boyu indiki Rusiya ərazisində xalq tamamilə başqa dildə və ya dillərdə danışıb və yazıb-yaradıb. Təəssüf ki, bunlar hələ də qaranlıq qalan, cavabları tapılmayan bir suallardır.
Bu suallar yalnız aysberqin başıdır və özləri ilə daha yeni sualları ortaya çıxarırlar. Əlbəttə, rus dili çətin, lakin zəngin və gözəl dil olması aydın məsələdir. Amma bu gözəlliyin və zənginliyin nəyə əsaslanması və qadın dəb jurnallarının üz qabığı kimi həddən artıq parlaq olması bir şübhə, tərəddüd doğurmurmu? Bu sözlərin müəllifi özü də çox vaxt rusca yazır və bəlkə də bu dili yaxşı bilməsi onu bu fikirlərə yönəldir. Kim bilir? Hər halda dili süni olan xalq və dövlətin aqibətinin də nə vaxtsa heç də ürəkaçan olmayacağı rus dilinin tarixindən fərqli olaraq, gün kimi aydın məsələdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!