“Mən” olmağın tarixçəsindən
Niyazi MEHDİ
Link: http://edebiyyatqazeti.az/news/incesenet/5338-vuruldugum-qadinlar
Moskvada dissertasiya ilə bağlı mənim ciddi problemim vardı. Xəttim elə pis idi ki, özümdən başqa heç kim oxuya bilməzdi. Gözümün qabağında dağ kimi sorular dururdu: necə yazacam, qabaqca dilimizdə, sonra ruscaya tərcümə edəcəm? Pis xətli yazımı makinaçı oxuya biləcəkmi? Bax, bu dəhşətli vəziyyətdə makina alıb birbaşa rusca yazmaq ağlıma gəldi. Bunu heç kim mənə deməmişdi, özüm tapdım. Bunu, tutalım, bəzi dostlar tapmamışdı, indiyənəcən əllə yazırlar. Deməli, asan ağıla gəlsəydi, onların da ağlına gələrdi.
Mənim elmi rəhbərim Vladimir Semyonoviç Sokolov və kafedradakı Novikova adlı professor qadın təklənmişdilər - ikisi də orada ən istedadlı alim idi. (Yaxınlarda Sokolovu "Google"da yazdım, urvatlı heç nə çıxmadı. Yalnız Kinematoqrafiya İnstitutunun bir tələbəsinin qeydini oxudum ki, çox ağıllı və gəncləri sevən adam idi, kino və montaj konusunda əla dərslər deyirdi. 1999-cu ildə dünyasını dəyişmişdi).
Kafedranın müdiri Ovsyannikov Aslan müəllimlə yaxın olduğundan mənə də normal baxırdı. Elmi rəhbərim qovğadan sonra çıxdı getdi, "yetim" qaldım. Mən öz dünyamda olduğum üçün anlaqlı deyildim, bilmirdim ki, yeni elmi rəhbər tapmalıyam və s. Kafedranın yubileyini restoranda keçirəndə məni də çağırmışdılar. Ora getməmişdən qabaq Zeynal mənə əla bir tost verdi (hayıf ki, yadımdan çıxıb). Məclisdə bu tostu bəzəyib deyəndə mətn qafqazlı imici ilə birləşib güclü effekt yaratdı. Kafedranın bir dosenti vardı, Arnold Aramoviç Oqanov, Bakı ermənisi idi. Bu tostdan sonra dedi ki, sənə elmi rəhbər olaram.
Oqanov indi də mənim üçün əziz adamdır. O bizimlə aspiranturada oxuyan Krımdan gəlmiş Xangəldiyeva adında erməni qızla evləndi. Yaxşı ki, o qızla flört yapmamışdım. Deyəsən, o da mənim xətrimi istəyirdi. Dağlıq Qarabağda olaylar başlayanda qulağıma çatdı ki, Oqanov Moskvadakı erməni icmasının tədbirlərində iştirak edir. Ürəyim ondan sındı. Sonra Litvada bir konfransda görüşəndə soyuqluğumu gizlətsəm də ürək söhbətimiz alınmadı. Zaman keçib indi ona hirsim soyuyub. Çox güman ki, o da bəzi Moskva erməniləri kimi (Şahnəzərov, Kurginyan kimi) Qarabağ ermənilərini primitiv dəstəkləməkdən uzaqlaşıb, çünki heç yerdə adını görmədim.
Deməli, artıq elmi rəhbərim vardı. İndi dissertasiya yazmalıydım. Dissertasiyanı yazmalı olmağıma bir olay məni zorunlamışdı. Onu da danışım. Bakı Universitetinin rektoru Faiq Bağırzadə universitetdən Moskvaya göndərilmiş aspirantlarla Azərbaycan Elçiliyində görüşə gəlmişdi. Zalda olanları qaldırıb nəsə soruşurdu. Görünür, mənim saqqallı üzüm onu qıcıqlandırıb diqqətini çəkmişdi. Qaldırıb aspiranturanı necə oxumağımı soruşdu. Sonra illik hesabatımdan danışmağımı istədi. Mən isə aspirant üçün illik hesabatın nə olmasını hələ bilmirdim, gop eləməyə isə istedadım çatmadığından Faiq Bağırzadə narazı qaldı. Bakıya qayıdanda Aslan müəllimi çağırıb hirsini onun üstünə tökdü: bu nə oğlandır Moskvaya yollamısan, biabırçılıqdır və s. Deyəsən, yanında olan aspirantura şöbəsinin müdiri də onu fitilləmişdi. Bu adamın adı yadımda deyil, bəlkə də Vaqif idi. Deyirdilər ki, şöbəsinə işi düşənlərdən pul qırpmaqdan utanmırdı. Moskvada görüşdən sonra mənim otağıma gəlib dəm vəziyyətdə ağzı tüpürcəklənə-tüpürcəklənə rus qızları ilə macəralarından danışıb sonra soruşmuşdu, bəlkə bura qız gətirəsiniz?
İndi Faiq Bağırzadə də, o da haqq dünyasındadırlar. Faiq müəllimdən məzəli əhvalatlar qalıb, heç biri də qəzəb doğurmur. Bəs o birisindən nə qalıb? Bu sualı tarixdə min dəfə veriblər, çoxları veclərinə almayıb yaramazlıqlarını ediblər. Unudublar ki, Süleymana qalmayan dünya sənə də qalmaz.
Rektorun qəzəbli sözlərindən sonra Aslan müəllim məni təcili Bakıya çağırdı. Saqqalımı qırxıb getdim. Universitetdə özümü göstərməyim üçün seminar düzənlədilər. Aslan müəllim məni rektorun yanına aparıb dedi ki, seminar keçiririk, orada Niyazi sənətdə invariantlar, variantlar mövzusunda çıxış edəcək. İngilis dilini də bilir. Rektor məzələnərək ingiliscə bildiyi "necəsən?" sualını verdi, seminarasa gəlmədi. Deyəsən, qəzəbi soyumuşdu. Seminarda mən çıxış etdim, ancaq heç kim başa düşməsə də gördüm ki, çıxışımı qondarma çətinlik saymayıblar, sayıblar ki, nəsə dərin məsələlərdən danışıram. Başa düşməmələrində, sözsüz, mənim də suçum vardı, düşüncələrimi populyar formada deyə bilmirdim.
Moskvaya qayıdanda, yadımdadır ki, məni saqqalsız görəndə İnqanı gülmək tutdu. Saqqalsız Niyaziyə heç cürə öyrəşə bilmirdi.
Bakıya hesabat vermək üçün çağırılandan sonra elə bil ayıldım, qandım ki, dissertasiyanı yazmalıyam. Aspiranturada il ərzində fəlsəfədən, kinodan, semiotikadan hansı kitabları isə alırdım, hansıları isə oxuyurdum. Ancaq yazmaq məsələsi ciddiləşəndə kitabxanaya getmək qərarına gəldim. Dostum Sokoloviç də mənimlə getmək istədi. Beləcə, bir ay ora gedib dissertasiyam üçün bütün əsas ədəbiyyatı oxudum. Bundan sonra özümə reqlament qoydum: gündə makinada 3 səhifə yazacam. Bu, 20 gündə 60 səhifə edir. Dissertasiya 150 səhifə olmalıdır. Fasilələrlə yazsam 2-3 aya işi bitirə bilərəm.
O çağlar kinonun semiotikasından Sovetlərdə bir kitab yazılmışdı, o da ünlü alim Lotmanınkı idi və onun başqa kitablarına baxanda ən zəifi bu idi. Dünyada da kinonun semiotikasından az yazılmışdı, 5-6 məqalə.
Mən bir ay fasilələrlə yazandan sonra yazdıqlarımı Oqanova apardım, o yazıq isə oxuyub orfoqrafiyasını, qrammatikasını düzəltməklə məşğul oldu. Qaranlıq yerləri soruşurdu, nə demək istədiyimi anladırdım, uyğun düzəliş edirdi. Beləcə, yazdıqlarımı anlayıb ciddi araşdırma kimi bəyənirdi. Mən ilk dəfə dissertasiyanı yazanda özümü düşüncələrdən hörümçək toru salan intellektual kimi duydum, qızları "bişirəndə" sözdən sözlərə çıxıb səyahət etdiyim kimi, burada da düşüncədən düşüncələrə çıxaraq bütün kino müstəvisi üzrə gəzinti yapırdım,
Dissertasiyanın müzakirəsi gələndə bir gənc və intellektual müəllim orasından-burasından oxuyub, yaxşı dəyərləndirdi. Axırda Ovsyannikovun hiddətli çıxışı oldu: burada hər şey var, fəlsəfə də var, məntiq də var, bircə estetika yoxdur.
Ürəyim düşdü ki, dissertasiyanı qəbul etməyəcək. Ancaq görünür, Ovsyannikovun Aslan müəllimlə dostluğu dadıma çatdı. Söylədi ki, tənqidimə baxmayaraq hesab edirəm ki, işi qəbul edə bilərik.
Müzakirədə bütün aspirantlar iştirak edirdi. Sonralar eşitdim ki, onların bəziləri arasında söz gəzir ki, dissertasiyanı mənim üçün yazıblar. Xoş oldu. Deməli, işimin ciddiliyini anlayıblar.
Qızlarla, dostlarla bağlı əhli-kef yaşamımı görünür, qıraqdan görüb düşünürmüşlər ki, bu saqqallı qafqazlı gədəsi dissertasiya yaza bilməz.
Gördüyünüz kimi, bütün Moskva xatirəli boyu mən elmlə bağlı vecsiz keçən yaşamımı gizlətmirəm. Niyə açığını yazıram, blef yapıb özümü gəncliyindən səhər-axşam oxuyan, araşdıran gənc görüntüsündə göstərmirəm?
Birincisi, ona görə ki, insan taleyinin qəribə naxışlarını, səbəb-nəticə sxeminə sığmayan qəribəliklərini göstərmək üçün. Tələbə olanda da, aspirant olanda da məndən çox çalışan o qədər gənc filoloq vardı ki. Bəs nədən onların heç birində semiotikaya, struktur metoda maraq oyanmamışdı?! Haradan məndə marjinallıq "ibnəsi" yaranaraq Sovetlərdə ən çox söyülən metodun tərəfinə keçməyə itələmişdi məni?! Bilmirəm. Bu, güman psixikanın dərinlərində bulunan gizlinlərdən gəlirdi.
İkincisi, istədim "çox oxusan, yaxşı alim olarsan" determinizmini dağıdım. Burada da insan taleyi qəribə naxışlar cızır. Mənim öz üzərimdə ciddi işləməm xeyli sonralar, aspiranturanı bitirib Bakıya qayıdandan sonra başladı (bu haqda 80-ci illər xatirəsində yazacam). Bəs nədən tələbəlikdə və aspiranturada keçirdiyim 8 il məni korlamadı, itirilmiş illər olmadı? Bilmirəm. Nədən elə həmin və sonrakı illərdə də içki düşkünü olmağım alkaşlıqla bitmədi?! Bunu da bilmirəm. Bilmədiyim üçün də bu sualların cavabını qəribəliklər sırasına salıram.
***
Beləcə, mən aspiranturanı bitirib Bakıya qayıtdım. Ömrüm boyu unutmayacağım bir parlaq olay qayıdanda oldu. Mən, Kamal, Zeynal bir kupedə qatarla yola düşdük. İki gün yarım taqqa-tuqla yol getməliydik. Yol boyu biz o qədər bir-birimizi şaqqa çəkib güldürən, bir-birimizdən, dostlardan, özəlliklə, aspiranturada oxuyan Kamalın uzaq qohumu Arifdən zarafatlar etdik ki, vaxtın necə keçdiyini bilmədik. Qonşu kupedə Niyazi adında bir adaşım vardı, sonralar onu Mədəniyyət Nazirliyində işləyən gördüm. Bizim zarafatlarımızın ağıl əmsalı, kulturoloji allüzaları onu elə tutmuşdu ki, bu üç Moskva təhsili almış "ağıllı-məzəli" uşaqlara ləzzətlə baxırdı. Bir də mən daha heç vaxt iki gün yarım çəkən gülüş dünyasında olmadım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!