“Mən” olmağın tarixçəsindən
Niyazi MEHDİ
http://edebiyyatqazeti.az/news/muzakire/5302-moskva-dostlarim-haqqinda
Qadınlarla ilgili xatirələrimi iki qızla tamamlayım, çünki ikisi də yaşamım üçün önəmli oldu. Birincisi yaraşıqlı alman qızı İnqaborq Rula idi. Biz tanış olanda mən buna yüngül sevgi macərası kimi baxırdım. İnanmıram, İnqa başqa cür baxaydı. Ancaq bir neçə ay sonra dedi ki, hamiləyəm. Mən indi abort məsələsinə lap katoliklər kimi ciddi yanaşıram. O çağlar isə qanmazdım. Dedim istəyirsən, pul tapım abort elə. Qayıtdı ki, Almaniyaya gedib ata-anamla məsləhətləşməliyəm. Getdi və gələndə söylədi ki, uşağı saxlayacam. Bundan sonra İnqaya dedim ki, gəl onda münasibətlərimizi dəyişdirək, hər gün səninlə gəzintiyə çıxmağa hazıram ki, uşaq sağlam doğulsun. Elə də etdik.
Almaniyaya getməmişdən qabaq İnqa soruşdu ki, bəlkə evlənək? O, evlənmək üçün çox yaxşı qız olsa da deyə bilməzdim, axı, mən yalnız azərbaycanlıyla evlənmək istəyirəm. Onun üçün də söylədim ki, mən Almaniyada, sən Azərbaycanda yaşaya bilməzsən. Uşaq doğulanda məktubda soruşdu ki, adını Ştefan qoymaq istəyirəm, razısan? Deməyəcəkdim ki, "Elturan" qoy, razılaşdım. Sonra bir məktub da gəldi ki, atasını səni yazım? Dedim yaz. Məktub gəldi ki, səni yazsam aliment verməli olacaqsan. Yazdım ki, İnqa, mənim maaşım müəllim maaşıdır (deyəsən, 120 rubl idi). Bunun alimenti qəpik-quruşdur. Əvəzində səsi böyük çıxacaq. Deyəcəklər ki, fəlsəfədən dərs deyən Niyazi Mehdiyev Almaniyaya aliment göndərir. Beləcə, atamı başqa qadınla evləndiyi üçün uzun sürə ürəyimdə qınayan mən oxşar davranışı etməklə özüm də ayıb bir iş gördüm. Dilarəyə evlənənəcən İnqaya sevgi dolu məktub yazırdım ki, tək uşağı böyütdüyü üçün təskinlik tapsın. Sözsüz, Almaniyada təkcə uşaq böyütmək Azərbaycanda təkcə uşağı böyütməkdən qat-qat asan idi, ancaq bu da mənim hərəkətimi uşaq baxımından doğrultmur. Evlənəndən sonra İnqaya qabaqlar yazdığım sevgi məktublarını yazmaq mənə ikiüzlülük kimi ağır gəldi, sadə məktub yazmaqsa ona travma olardı. Ona görə də yazmağı dayandırdım. Güman daha yaxşı variant tapmaq olardı, ancaq buna kişiliyim, mərdliyim çatmadı. İndi keçmişə baxanda bunu aydın görürəm.
Ştefanın 4-5 yaşı olanda kasıbçılıqdan başqa bir ayıb işim oldu. İnqa uşaqla Moskvaya gəlmişdi ki, mən də gedib onu görüm. Pulum olmadığından getmədim. Bundan sonra İnqa məndən lap incidi. Bəxtimdən o çağ anam, qardaşım Mehdi Moskvada Elçinin yanında idilər, onlar Ştefanı gördülər, şəkil çəkdirdilər.
90-cı illərin birinci yarısında İnqa ilə Elçinin Latviyadakı xanımı Elianora telefonla danışırdı, sonra ilişgiləri kəsildi. Elçin mənə söylədi ki, deyəsən, İnqagil başqa şəhərə köçüblər. Ancaq 2000-ci iləcən və sonra da kiçik oğlum Toğrul (Toto) tez-tez soruşurdu. mənim "alman" qardaşım haradadır, niyə onu tapmırsan? Tapmaq üçün "Google"-da yazmışdım, bir şey çıxmamışdı. Köməyə dostum gözəl filosofumuz Əli Abbasov çatdı. Onun oğlu Almaniya vətəndaşı idi. Məktubdakı ünvana zəng vurub İnqa ilə danışdı, Ştefanın elektron poçt ünvanını soruşdu. İnqa söylədi ki, özündən icazə alım, razı olsa, verərəm. Razılıq verdiyi üçün 2006-cı ildə Ştefana birinci məktubu yolladım. Normal mehriban məktub yazmışdım, normal nəzakətli cavab aldım. İkinci məktubda fotosunu istədim, içimdə soru məni oyurdu, görəsən, necədir, yaraşıqlıdır, yoxsa yapışıqsızdır? 35-36 yaşlı Ştefan mənə 24-25 yaşının şəklini yolladı. Görünürdü ki, əlinə nə keçib onu yollayıb, mənə yaxşı, maraqlı görünməyi vecinə almadan ən zay şəklini yollayıb. Bu foto məni ruhdan saldı, surətpərəst olmasam da, bir az heyifsiləndim - mənim psixolojimdə olan axmaqlığın, nankorluğun nəticəsi, - elə bil qızıma oğlan seçirdim, onun üçün heyifsilənirdim.
Vəziyyət dostum Fəxrəddin Bağırlı fotoya baxanda dəyişdi. Əli ilə Ştefanın üzünün aşağı yarısını örtüb dedi: gör necə Orxana oxşayır?!
Oxşartı məni şoka saldı, qaşları, yanaqları, alnı.
Ştefana növbəti məktubum daha geniş oldu. Sonrası məni şaşırtdı. Bir həftə, iki həftə gözlədim cavab gəlmədi. Bir məktub da yazdım yenə cavab gəlmədi. Düşündüm ki, deyəsən, ona maraqlı deyil yazışmanı davam etmək. Bir aydan sonra elektron poçtuma nəzakətli məktub gəldi, anladım ki, elə-belə yazışmanın həvəskarı deyil. Mən də bu ritmi tutdum. İsveçrəyə konfransa hazırlaşanda yazdım ki, filan vaxtda Cenevrədə olacam, istəsən, gəl görüşək. Dedi gələrəm, ancaq gəlmədi, heç nədənini də yazmadı. Mən də soruşmadım. 2011-ci il dostum Kamalın sayəsində Mayntsda konfransa gedəndə Ştefan Berlindən ora gəldi və ilk dəfə görüşdük. Görüşümüz qəribə oldu, qucaqlayıb öpməyi qondarma saydığımdan əllə salamlaşdım. Üç dörd günü bir yerdə keçirib xeyli söhbət etdik. Bizim görüşümüz konfrans iştirakçıları üçün hadisə oldu, çünki bildilər ki, 35 yaşında oğlumla ilk görüşümdür. Hamının başında incəsənət tarixində min cür oynanmış "bir-birini tapmış ata-bala" paradiqması işə düşdü. Şöhrətpərəstliyim mənim də mutluluğuma bu paradiqmanı qatırdı, Ştefanın isə heç bir allüziya vecinə deyildi. Sadəcə, nə adam olmağımı bilmək istəyirdi. Sağ olsun Kamal, Mayntsda yaşayan azərilər, fürsət düşəndə ona sezdirirdilər ki, atan yaxşı, sayılan adamdır.
Bundan bir az sonra o, 3 günlük Bakıya, - yanıma gəldi (qardaşlarının, onların anasının nə adam olduğunu görməliydi, axı). Sonrakı illərdə hər il birhəftəliyə gələndə ata-bala siqaret çəkə-çəkə ləzzətlə söhbət edirik. İndi artıq Ştefanı bala kimi duyuram və görürəm ki, o da məni atası kimi çox istəyir. Bax, bu ata-bala ilişgisindən keçmişə baxanda necə öz günahlarımı görüb utanmayım, hərçənd mən İnqanı aldatmamışdım.
O biri önəmli sevgi əhvalatım İnqadan sonra Bolqarıstan türk qızı Eylüldə ilə oldu. O, sentyabrda doğulduğu üçün atası (vəkil idi) bu adı vermişdi. Eylüldə sarısaçlı, bədənində hər şey yerində olan "dünya gözəli" idi. 20 yaşı olardı və Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyurdu. Yadımda deyil kim onu mənimlə tanış etmişdi. Qardaşım Elçin deyir, mən. Ağlabatandır, çünki Eylüldə onun yaşadığı yataqxanada olurdu. Mənim Eylüldəyə vurulmağım təkcə gözəlliyinə görə deyildi. Moskvada dünyanın hər yerindən o qədər gözəllər vardı ki, gözəlliyin sarsıdıcı etgisi zəifləyirdi. Onun məhz türk qızı olması mənim kimi türkçü üçün "sarsıdıcı zərbə" idi və gözəlliyi bundan sonra gəlirdi. Eylüldə Bolqarıstanda bolqarca oxuyub bolqarca əla bilsə də türkcə təmiz danışırdı. Danışığında, davranışında naz-qəmzə olmayan mərd qızların cizgiləri vardı.
Cin Şinoda Bolen belə bir kitab yazmışdı: "Hər qadında özünü göstərən Tanrıçalar". O, Yunqun analitik psixolojisindən "arxetip" (ilkin tip) anlayışını götürərək yunan tanrıçalarının hər birini ayrıca arxetip kimi açmışdı. Daha sonra dünyadakı qadın xarakterlərinə uyğun tanrıça arxetipinin işığından baxmışdı. Bu baxışlardan yanaşsaq, deyə bilərik ki, tutalım, Məhsəti Gəncəvi Afrodita tanrıçasını təcəssüm (sufi termini ilə desəm, təcəlli) etmişdi. Çünki bu tanrıça gözəllik və yaradıcılığı özündə birləşdirən ilahə idi.
Mən Şinodun öyrətisi ilə 2000-ci ildən sonra tanış olmuşdum. Ancaq indi Eylüldəyə heyranlığımın nədənini düşünəndə görürəm ki, onun xarakterində çarpazlaşmış Artemida və Hestiya arxetipləri məni tutmuşdu. Artemidanın yunan mifolojisində göstəriciləri belə idi: ovçuluq tanrıçası, mərdlik, döyüşkənlik kimi xasiyyətləri özünə qatır. Artemida həm də bakirədir, o anlamda ki, kişilərdən asılı deyil. Onun elə bir iç dünyası var ki, kişilər üçün əlçatmazdır. Özü-özünə yetərli olan, yəni başqalarının rəyindən, rəğbət və nifrətindən asılı olmayan qadınlarda Artemida arxetipi güclüdür. Eylüldənin bu xasiyyəti məni tutmuşdu (yadıma salıram ki, Ağdamda Əminə xalamda da, Ellada da Artemidalıq vardı).
Bolendə Hestiya yaxşı zövcələrin tanrıçası kimi ev ocağının qoruyucusudur. Eylüldə də bu sifətlər Artemidalıqla çarpazlaşırdı. Buna görə də bir yerdə yaşayanda onun özü ilə, otaqla bağlı səliqəsi, təmizkarlığı mənim ürəyimi almışdı. Hərçənd sonra etdikləri məni şoka saldı. Aspiranturanı bitirib Bakıya gedəndə mən ona davamlı məktublar yazırdım, deyəsən, evlənməyi də eyham vururdum. Bir də gördüm daha mənə cavab vermir. Moskvaya getdim və dostlardan eşitdim ki, Eylüldəni başqa oğlanlarla görürlər. Görüşümüz oldu, eşitdiklərimi dedim. Özünü onunla təmizə çıxardı ki, qardaşının ağır xəstəliyi ona dərd olub, fikrini dağıtmalı olub. Çox axmaq, Artemida və Hestiya tanrıçalarına yaraşmaz bəhanə idi. Onunla sağollaşdım, Elçinin otağına gedib bir şüşə konyak içdim (eşitmişdim ki, dərd çəkəndə içməlisən, beləcə iki daşın arasında "dərddən içən oğlan" teatral rolunu oynadım). Ertəsi elə bir məclis qurdum ki, burada olanlar deyiləsi deyil və onun da ertəsi Eylüldənin ürəyimdə izi-tozu da qalmadı. Mən ilk dəfə özümə mat qaldım. Məntiqcə uzun sürə dərd çəkməliydim, həsrətlə Eylüldənin peşman olmasını gözləməliydim. Əvəzində dəhşətli şirinliyi, gözəlliyi olan bu türk qızının magiyası məni tam buraxdı. Qardaşım Elçin bu yaxınlarda boynuna aldı ki, o vaxt fikir çəkirdi ki, mən Eylüldənin dərdini çəkə-çəkə özümü alçaldacam və görəndə ki, elə olmadım, rahat nəfəs aldı.
Niyə mən bir günün içində Eylüldəni unutdum? Bəlkə elə incimişdim ona görə? Bilmirəm, analiz yapmağa da həvəsim yoxdur. 20 il sonra xanımımla Bolqarıstana istirahətə gedəndə öz-özümə dedim, nə olar, Eylüldə qarşıma çıxa. İndi düşünürəm ki, iridöşlu, qarınlı, kök qoca arvaddır, sağdırsa.
Artemida tanrıçasının təzahür etdiyi qadının bir özəlliyi onun iç dünyasında kişilər üçün bilinməz, anlaşmaz, əlçatmaz qalan ruh aləmidir. Bunu götürəndə belə çıxır ki, Eylüldənin mərdliyinə yaraşmaz davranışı bilmədiyim bu dünyadan doğmuşdu. Yaxşı ki ona evlənmədim.
Mən ikinci dəfə özümə mat qaldım xanımım Dilarə ilə evlənəndən sonra. Uzun sürə özümü sağalmaz şorgöz, Don Juan bilirdim. Dilarə ilə evlənəndən bir neçə il sonra gördüm ki, demə, mən bircə qadına bağlı olan adamlardanam. Niyə? İndi düşünürəm ki, o mənim üçün Boyu uzun Burla xatın təcəssümü idi, yanındakı qızlara (qohum-qardaşa, rəfiqələrə, onların balalarına, öz balalarımıza, Ştefana) qayğıkeş olan gözəl-göyçək və ərdəmli xanım!
Boyu uzun Burla xatın mənim Bolen arxetiplərinə öz əlavəmdir, məncə, qondarma əlavə deyil. Gənc qızlara məsləhətim odur ki, Bolenin tanrıçalar arxetiplərini oxuyub öz xasiyyətlərinə baxsınlar və özlərində hansı xasiyyətləri gücləndirib, hansını zəiflətməyi düşünsünlər. Oğlanlar da, pis olmaz ki, bu arxetiplərdən istədikləri qızlara baxıb, onların xasiyyətlərini bilsinlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!